Əsmər Hüseyn Xan

GÜNƏŞ KİMİYDİ QADIN…

* * *

Bilsən necə ağırdı bilmək,

Bir daha olmayacağını

Döydüyüm qapının arxasında…

Zəngimə “alo” deyən o səsdə…

Doğum günümdəki təbrikdə…

“Hələlik görüşərik” kəliməsində…

Nə ağırdı bilmək olmayacağını,

Ayaqqabılarının qapının kəndarında…

Pencəyin asılı asılqanda…

Nə ağırdır bilmək olacağını

Tanımadığım, sənə bənzəyən üzlərdə…

Yarım qalmış gülüşlərdə…

Oyanmaq istəmədiyim yuxularda…

Nə ağırdır həmişə olacağını

və heç vaxt olmayacağını bilmək…

<<< Əsmər Hüseyn Xan >>

* * *

Bəs eləmir anlamağa, anlatmaq…

Çıxıb getsəm indi…

Ayaqyalın keçsəm arpa zəmilərindən,

Qızmar günəşin altında

Görsəm,

Necə olur başqa cür yanmaq…

Çıxıb getsəm indi…

Sonuncu izlərimi ləpələr udsa,

boğulsam mavi sularında dənizin

görsəm,

Necə olur başqa cür boğulmaq…

Çıxıb getsəm indi…

Bilmədiyim yollarla bilmədiyim şəhərə,

Ruhum köçsə yad bir bədənə

Görsəm,

Necə olur başqa cür doğulmaq…

Çıxıb getsəm indi…

Hopsam oxunmamış kitab səhifələrinə

Bəzən yetmir anlamağa, anlatmaq..

Görsəm,

Necə fərqli olur oxumaqla, yaşamaq…

<<< Əsmər Hüseyn Xan >>

* * *

Dalğalar kimiydi sevinclər

Şıltaq

Coşğun

Dalğalar izləri,

Sevinclər kədərləri

yuyurdu…

Qumsallar kimiydi kədərlər,

Saysız

Ağrılı

Qumsallar ayağımızı,

kədərlər sol yanımızı

yandırdı…

Sular kimiydi həyat,

Gah isti

Gah soyuq

Sular günahlarımızdan

Həyat savablarımızdan

qopardı…

Göy üzü kimiydi sevgi,

Qüsursuz

Əlçatmaz

Göy üzü dualarımızı,

Sevgi qanadlarımızı apardı…

Dəniz kimiydi qadın,

Dərin

Bənzərsiz

Dəniz onu boğurdu

Qadın, hər gün boğulduğu sahildə

yenidən doğulurdu

Günəş kimiydi qadın…

Müəllif: Əsmər Hüseyn Xan

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir