Kamal Camalov

BİOLOGİYANIN TƏDRİSİ ŞAGİRDLƏRİN MƏNƏVİ SİMASININ FORMALAŞDIRILMASINA XİDMƏT EDİR

İnsanın təbiətlə və ətraf mühitə olan münasibətləri özünün yaranışı qədər qə­dim­dir. Təbiət və cə­miy­yət arasında bir sıra problemlərin yaranması XIX əsrdən baş­la­yaraq bə­şə­riy­yəti məşğul və bu haqda düşünməyə vadar etmişdir. Bu gün ətraf mü­hit şə­rai­tinin fəlakətli vəziyyəti təbiət məsələlərini öyrənən mütəxəssisləri, o cümlə­dən föv­qəladə hallar və kənd təsərrüfatı mütəxəssislərini, ictimaiy­yə­ti, ictimai-siyasi xa­dimləri, eləcə də daim gələcək nəslin qayğısına qalan müəl­lim­ləri və bütün vətən­daş­ları narahat etməkdədir.

Yeni paradiqmalar, konsepsiyalar, innovasiyalar, investisiyalar, dövlət stan­dart­­­ları, alternativ tədris planları, müasir tipli məktəblər yaradılır. Təlim prose­si­nin in­­­ten­­siv və ekstensiv yolla təkmilləşdirilməsi, sinif işinin diferensiyası və fərdiləş­di­ril­­­­­mə­si hesabına təlim keyfiyyətinin yüksəldilməsi nəzərdə tutulur. Bu baxımdan Vüsalə İsmayılovanın «Biologiyanın tədrisi prosesində təlim-tərbiyə məsələlərinə komp­leks yanaşma» adlı dərs vəsaiti böyük maraq doğrurur, elmi-nəzəri və prak­tik əhəmiyyəti ilə seçilir. Burada şa­gird­­lərin təbiəti qorumağının formalaş­dırıl­ması, tə­lim-tərbiyə prosesinin məhsul­dar­lı­ğı, daxili ehtiyatlar – təbiəti mühafizə mate­rial­la­rı­nın səmərəli tədrisi hesabına həyata keçirilir.

Ümumtəhsil məktəblərində biologiyanın təd­ri­sivasitəsi ilə şagirdlərin mə­nə­vi cə­­hətdən formalaşdırılmasının müasir dövrdə çox böyük aktuallıq kəsb et­di­­yini zən­gin mən­bə­­lər, tarixi qaynaqlar, faktlar və dəlillərlə əsaslandıran təd­qi­­qatçı müəllim öncə möv­zu­­ya geniş yer ayırır, qarşıya qoyduğu məq­sədə uyğun olaraq işçi fərziy­yə müəy­yən­ləş­­dirir, vəzifələri, metodları, elmi ye­niliyi, nəzəri və prak­tik əhəmiyyəti sə­ciy­yə­lən­di­­rir, müdafiəyə təqdim etdiyi müd­dəaları şərh edir. Onun təqdim etdiyi müddəalar el­­mi istiqamətinə, ümu­mi­ləşdirmə səviy­yə­sinə və inandırıcılığına görə diqqəti cəlb edir.

Dərs vəsaiti 3 fəsil, 17 yarımfəsil, tapşırıqlar və istifadə olunmuş ədə­biy­yat si­ya­­hısından ibarətdir. «Təlim-tərbiyə prosesinin və biologiyanın tədrisinin inkişaf ta­ri­xi» kimi adlandırılan I fəsildə biologiya dərslərində şagirdlərdə yüksək mənəviyyat for­­malaşdırmaq üçün onlarda can­lı təbiətə dərin hörmət hissi, flora və faunanın hər bi­rinə huma­nist, diqqətli, müha­fi­zə­kar münasibət inkişaf etdirmək kimi məsələlər müəy­­yən­­ləş­di­rilmiş, problemlə bağlı möv­cud elmi-metodik ədəbiyyat araşdırıl­mış, mü­­­qayisəli təhlillər aparılmış, elmi ədə­biyyata tənqidi müna­si­­bət bildiril­miş­dir. «Mü­tə­­fəkkirlər təlim-tərbiyənin formalaşdırılması haqqında», «Biologiya elminin inkişaf ta­­rixi», «Azərbaycanda biologiyanın tədrisinin inkişaf tarixi» an­la­yış­larının ma­hiy­yə­ti açıqlanmış, gör­kəm­li insanların, tarixi şəxsiyyətlərin, müasir təd­qi­qatçı alimlərin prob­lemlə bağlı fikirləri saf-çürük edil­miş, bu kimi struktur kom­po­nent­ləri təhlil ob­yek­tinə çevrilmişdir.

Ümum­təh­sil məktəblərində biologiyanın təd­ri­sində məktəbli­lərin mənəvi tər­bi­yə­sinin formalaşdırılması üzrə işin sistemini bir vasitə kimi təhlilə cəlb edən təd­­­qi­­qat­çı məktəb təcrübəsində bu işin vəziyyətini ətraflı öyrənmiş, bu sahə­də­ki çatış­ma­­­ma­z­lıq­­ların səbəblərini müəyyənləşdirmiş, onları aradan qaldırmaq üçün xüsusi me­to­dika iş­­ləyib hazırlamışdır. Məktəbdə mövcud vəziyyəti öy­rən­­­məklə tədqi­qat­çı­nın məq­sə­di ay­rı-ayrı müəllimlərin təlim prosesində şa­gird­­­lərin təbiətdən, eko­lo­gi­yadan necə is­ti­fa­­də etdiklərini müəyyənləşdirməsi, si­nifdənxaric tədbirlərdə tə­biə­ti mühafizəyə aid ma­­teriallardan mənəvi tərbiyə məq­sədləri baxımından necə is­ti­fadə olunduğunu ay­dın­­­laş­dırmasından, məktəb rəh­bər­lərinin bu məsələyə qayğısı, kö­mə­yi və nəzarəti ilə ta­nış olmasından ibarət ol­muş­dur. Dərs vəsaitində biologiya dərs­lə­rində məktəblilərin mə­nə­vi tərbiyəsi işinin tanış­lıq səviyyəsini aşkara çıxarmaq üçün nümunələrdən də is­tifadə olun­­muşdur.

Didaktik prosesi səmə­rə­li idarə etmək, mövcud şəraitdə op­ti­mal nə­ti­cələrə nail ol­maq diaqnostikasız müm­kün deyil. Diaqnostikanın məq­sə­di tə­lim-tərbiyə pro­se­si­nin baş vermə şəraitini, onun nəticələrini dəqiq üzə çıxar­maq, qiy­mətləndirmək və təh­­lil et­mək­dir. Dərs vəsaitində bu məsələlərə tədqi­qatçı xüsusi diq­qət yetirmiş, nə­za­rə­­ti, yoxlamanı, qiymətlən­dir­mə­ni, statistik məlumat­la­rın top­lan­masını, onların təh­li­li­ni, hadisələrin sonrakı inkişa­fı­nın proqnozlaş­dı­rı­l­ma­sını reallaşdıra bilmişdir.

Dərs vəsaitinin «Müasir biologiyanın tədrisində təlim metodları» adlı ikinci fə­sli 7 ya­rım­­­fəsildən ibarətdir. Burada biologiya dərslərində məktəblilərin mənəvi tər­bi­yə işi­nin təşkili imkanları üzə çıxarılmış, tədris proqramları, dərsliklər problem baxı­mın­­dan təhlil edilmiş, biologiya dərslərində şagirdlərin mənəvi tərbiyəsi üzrə işin ma­hiy­­yə­­tinin müasir elmi – nəzəri fikir baxımından xüsusiyyətlərini xarakterizə etmiş, şa­girdlərin tərbiyə olunmasında digər fənlərlə yanaşı biologiya  dərslərinin təşkiledici və­zifəsini, yeri və rolunu aşkarlamış və  biologiya fənlərinin tədrisi prosesində şa­gird­­­lərin mənəvi tərbiyəsi üzrə mövcud vəziyyəti müəyyənləşdirilmişdir.

Tədqiqatçı müəllim təcrübə və müşahidələri əsasında belə qənaətə gəlmişdir ki, şa­­gird­­lərin biologiya fənninin tədrisi zamanı şagird şəxsiyyətini for­malaşdırmaq üçün dərs­də mənəvi tərbiyənin bütün prinsip və qaydaları optimal nisbətdə həyata ke­çi­ril­mə­­­li­dir, şagirdlərin maraq, meyl, qabiliyyət və tələbatları nəzərə alınmaqla onların id­rakı fəaliyyəti üçün lazımi şərait yara­dıl­ma­lı­, fənlərarası və fənlərdaxili əlaqə təmin edil­­­mə­li, şagirdlərin nail olduqları inkişaf səviyyəsinə istinad edilməli və nəhayət hər bir dərs diqqətlə diaqnozlaşdırılmalı, proqnozlaş­dı­­rılmalı, layihə­lən­­dirilməli və plan­laş­­­dı­rılmalı­dır. Şagirdlərdə biologiya fənnində mənəvi tərbiyənin təd­ri­si zamanı dər­sin tər­biyəedici imkanları, nail olunacaq real tərbiyə məqsədləri müəyyənləşdiril­mə­li­dir. Biologiya fənninin materiallarının məqsəd və məzmu­nun­dan irəli gə­lən tərbiyə və­­zi­fə­ləri qoyulmalı və bu şagird şəxsiyyətini forma­laş­dı­r­maqla üzvi su­rətdə əla­qə­lən­­­di­ril­məlidir. Müəllifin gəldiyi elmi qənaətlə biz də həmfikirik ki, fənlə bağ­lı ke­çi­ri­lən hər bir dərs tərbiyəedici, təhsilverici və inkişafetdirici funksiyaları ye­rinə yetir­mə­li­dir. Ancaq belə olan halda şagirdlərdə təbiəti sevmək və onu qorumağı for­malaş­dır­­maq olar. Unutmaq olmaz ki, təlim, tərbiyə və inkişaf  ara­sın­da üzvi əla­qə var və on­­lar bir-birinə qarşılıqlı təsir göstərir. Orta əsr Şərq təsəv­vür­lə­rinə görə, tərbiyə ver­mə­­yən bilik odunsuz ocağa bənzəyir, bilik verməyən tərbiyə isə bə­dən­siz ruha ox­şa­yır.

Dərs vəsaitində tərbiyə prosesində şagirdlərdə təbiəti mühafizə material­la­rın­dan is­tifadə etməklə əxlaqi biliklərin əxlaqi əqidələrə çevrilməsi, bu əqidələrin sis­te­minin ya­­ra­dılması, sabit əxlaqi hisslər, əxlaqi keyfiyyətlər, əxlaqi adətlərin for­ma­­laşdırıl­ma­sı ilə bağlı diqqəti cəlb edən maraqlı nəzəri fikirlər, elmi ümumiləş­dir­mə­lər, zən­gin təc­rübi materiallar və müəllimlərə tövsiyələr vardır.

Vəsaitdə biologiya dərslərində tədris ekskursiyalarının keçirilmə mexanizmi və on­ların şagirdlərə təbiəti sev­məyin aşılan­ma­sı,  forma­laş­masında oynadığı rol da ge­niş təhlil olunur. Müəllif haqlı olaraq belə bir elmi qə­naətə gəlir ki, təbiəti mühafizə fəaliyyəti işləri məktəbin həyatla əlaqəsini möh­­kəm­ləndirir, məktəblilərin səxsiyyət kimi formalaşmasında mühüm va­­sitə rolunu oy­­nayır, bütövlükdə təlim prosesinin həyatı və yerli faktlarla zəngin­ləş­­məsinə şə­rait ya­­radır, məktəbliləri həm­çi­nin mənəvi tərbiyə baxımından axtarıcılıq, təd­qi­qat­çılıq və ya­radıcılıq işlərinə qo­şur. Bu tədbirlər şagirdlərin öz-özlüyündə biologiya fənnində mə­nəvi tərbiyəyə aid mate­rial­lar top­la­ma­­sına, onları öyrənməsinə şərait yaradır. Feno­loji müşahidə, yay tap­şırıqlarının ye­ri­nə yetirilməsi, təbiətə qayğılı münasibət, təbi­ətə ekskursiyalar, prak­tik işlər, şa­gird­lər­də estetik, fiziki, ekoloji mədəniyyətin for­malaşmasına kömək edir.

«Biologiyanın tədrisi prosesində tərbiyə məsələri» adlanan üçüncü fəsil də 7 yarımfəsildən ibarətdir. Bu fəsildə biologiya fənn kurikulumunda şagirdlərin məntiqi təfəkkürünün, fənlə bağlı həyati bacarıqlarının inkişaf etdirilməsi, inteqrativlik, sadədən mürəkkəbə doğru inkişaf, məzmun və fəaliyyətin qarşılıqlı əlaqəsinin təşkili, fənnin tədrisində yeni texnologiyaların tətbiqinin təmin edilməsi məsələləri nəzərdə tutulur. Kurikulumda canlıların hüceyrədən biosferədək təşkili səviyyələri, canlılar aləminin kimyəvi və bioloji təkamülü, irsi dəyişikliklərin qanunauyğunluqları, ekoloji problemlər, onun dərkedilməsi və həlli yolları sadədən mürəkkəbə doğru istər mərhələlər, istərsə də siniflər üzrə şaquli və üfiqi inteqrasiya nəzərə alınmaqla təqdim edilir. Ekoloji problemlər və davranış vərdişlərinə aid elmi, əxlaqi – mənəvi, hüquqi fikir və mülahizələr estetik fikirlərlə vəhdətdə, sıx əlaqədə inkişaf edir. Əgər mənəvi mahiyyətdə olan fikirlər şagirdlərə yaxşı və pisi fərqləndirmək və qiymətləndirmək im­kanıdırsa, estetik mahiyyətdə olan fikir və mühakimələr isə ətraf aləmə gözəllik və çir­kinlik yanaşmasını ifadə edir. Ətraf aləmə çirkin münasibətlərə qarşı şagirdlərdə həs­saslıq yaratmaq, təbii mühitə ziyan vuranlarla mübarizə aparmaq səylərini güc­lən­dir­­mək, onlarda gözəlliyə adət, meyil, arzu və həvəs oyatmaq nəinki ekologiyada, ümu­milikdə biologiyada eyni şəkilə, eyni məzmuna malik problemlərdir.

Tədqiqatçı müəllim Vüsalə İsmayılova sonda belə nəticəyə gəlir ki, ümum­təh­sil məktəblərində şagirdlərin təlim fənləri üzrə əldə etdikləri bilik, bacarıq və vər­diş­lər yetişən nəslin müxtəlif elm sahələri üzrə anlayış və qanunauyğunluqlar haqqında zeh­­ni səviyyəsini formalaşdırmaqla məhdudlaşmır. Bilik faktlar, hadisələr, rəqəmlər yı­­­ğımı deyil. O, insanda dünyagörüşü, ətraf aləmə, insanlara, cəmiyyətə, özünə mü­əy­­­­yən normalar daxilində münasibət formalaşdırır, mənəvi simanı traktovka etmək im­kanına malikdir. Məktəbdə öyrədilən digər fənlər kimi biologiya dərsləri də şa­gird­lə­rin intellektual səviyyəsini və mənəvi simasını formalaşdırmaq funksiyasını yerinə ye­­tirir. Belə bir yüksək məzmun keyfiyyətlərinə – bilik və mənəvi tərbiyə im­kan­­larına ma­lik biologiyanın bütün bölmələrinin pedaqoji əsaslarını üzə çıxarmaq, təc­rübi işdə on­dan istifadə etmək yetişən nəslin insan, vətəndaş kimi formalaşması məqsədinə əhə­miyyətli dərəcədə təsir göstərə bilər.

Pedaqogika üzrə fəlsəfə doktoru V.İsmayılova ciddi elmi-nəzəri ümu­mi­ləş­dir­mə­­lər, uzunmüddətli təc­­rübə və müşahidələr və apardığı eksperimentlərin köməyi ilə sübut et­miş­dir ki, şagird şəxsiy­yə­­tinin formalaşdırılmasında mənəvi tərbiyə mühüm rol oy­na­yır. O, göründüyü kimi, dərs vəsaitində məqsədinə nail ol­muşdur. Biologiya fən­ninin təd­ri­sində məktəbli­lərin mənəvi tərbiyəsinin forma­laş­dı­­rılması üzrə işin sis­te­mini qurmuş, mükəmməl nəzəri kon­sep­siya hazırlamışdır. V.İsmayılovanın gəldiyi nə­­ti­cə­lər, elmi qənaətlər pedaqoji nəzəriyyəni zənginləş­dir­­mək baxımından maraq do­ğur­­maq­la yanaşı, həm də yüksək praktik əhəmiyyətə malikdir.

«Biologiyanın tədrisi prosesində təlim-tərbiyə məsələlərinə kompleks ya­naş­ma» adlı dərs vəsaitini sonda təhlil süzgəcindən keçirən zaman belə qənaətə gəlirik: Mək­­təbdə tərbiyə prosesinin ümummədəni məzmun aspekti və biologiya dərs­lərində şagirdlərin mənəvi simasının formalaşdırılması ilə bağlı sosial – fəlsəfi, pedaqoji və metodiki ədəbiyyatlar öyrənilmiş; biologiya dərslərində şagirdlərin mənəvi tərbiyəsi üzrə işin mahiyyətinin müasir elmi-nəzəri fikir baxımından xüsusiyyətləri xarakterizə edilmiş; şagirdlərin tərbiyə olunmasında digər fənlərlə yanaşı biologiya dərslərinin təşkiledici vəzifəsləri, yeri və rolu aşkarlanaraq ümumtərbiyə sisteminin tərkib hissəsi olduğu açıqlanmış; biologiyanın tədrisi prosesində şagirdlərin mənəvi tərbiyəsi üzrə mövcud vəziyyət öyrənilərək, bu sahə üzrə işin səmərəliliyini yüksəltmək məqsədi ilə əsas istiqamətlər müəyyənləşdirilmiş; bu fənnin (biologiya fənninin) sosial fay­da­lı­lı­ğı­na əsaslanmaqla şagirdlərin mənəvi tərbiyəsinin forma və metodları, vasitə və  üsul­ları aşkar edilmiş; bioloji məzmun istiqamətinə malik sinifdənxaric işlər və mək­təb­­dənkənar tədbirlər zamanı şagirdlərin mənəvi tərbiyəsi üzrə imkanları üzə çı­xa­rıl­mış və nəhayət biologiya dərslərində şagirdlərin mənəvi tərbiyəsi üzrə əsas fəaliyyət növ­­lə­ri təcrübi – eksperimental yollarla üzə çıxarılmış və təsdiq edilmişdir.

Aqillər deyir ki, insan zəhmətə qatlaşmaqla hər bir arzusuna çata bilər. «Adam axtardığını zəhmət qarşısında tapar», «Hər kəs öz bəxtinin dəmirçisidir» kimi aforistik ifadələr zəhmətkeş insanların sanki fəaliyyət proqramıdır. Vüsalə İs­ma­yı­lo­va­nın da «Biologiyanın tədrisi prosesində təlim-tərbiyə məsələlərinə kompleks ya­naş­ma» adlı dərs vəsaiti gərgin zəhmətin və çalışqanlığın bəhrəsidir. Ömrünün ən məh­sul­dar çağlarını yaşayan pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vüsalə İs­ma­yı­lo­va­ya yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

                            KAMAL CAMALOV

                            Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

                            Azərbaycan Respublikasının Əməkdar müəllimi

                            Azərbaycan Yazıçılar Birliyinin üzvü

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir