TOFİQ QƏBUL – “63”

gəldi “63”

Keçdi aram-aram, keçdi illərim,
Altmışı adladım sakit çay kimi.
Ömrü yavaş-yavaş içdi illərim,
Gəldi altmış üç də şirin pay kimi.

Yolum yoxuş oldu, ağrıdı dizim,
İllər hərdən-hərdən söylədi mənə;
-”Qəlbini sıxma sən, sıxma, əzizim,
Sabaha gedərkən boylan dünənə.

Ötdü uşaq çağım, ötdü gəncliyim,
Sanki kərpic-kərpic hördüm illəri.
Bəzisi sükutum, hərdən dincliyim,
Bəzisi andırır coşqun selləri.

İlim var, taleyim onun əlində,
İlim var, Günəşi qəlbə gətirib.
İlim var, şeirlər bitib dilimdə,
İlim var, eşqimi salıb itirib.

İlim var, azadlıq bayrağı kimi.
İlim var, Qarabağ oduna düşüb.
İlim var, ömrümün bıçağı kimi.
İlim var, həmişə yadıma düşüb.

İllərim dağ oldu, zirvəsində mən.
Həyat məktəbindən dərs ala-ala.
Min-min sınaq gördüm, min-min imtahan.
Üzü ağ yaşadım, şükürlər ola.

Ömür zirvəsində yaşamaq çətin,
Şaxtası, çovğunu, min əzabı var.
”Ağsaqqal” sözünün ağır siqlətin
Yaşın çoxluğu yox, ağıl daşıyar.

Keçdi aram-aram, keçdi illərim,
Altmışı adladım sakit çay kimi.
Ömrü yavaş-yavaş içdi illərim
Gəldi altmış üç də şirin pay kimi.

26.10.2019.

Müəllif: TOFİQ QƏBUL

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏQVİMDƏ BU GÜN

Təqvimin bu günü çox dəyərli şair dostlarımız;

Tofiq Qəbulun,

İqbal Nehmətin və

Füzuli Soltanının doğum günüdür. Bu əlamətdar gün münasibəti ilə onları təbrik edir və yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru