MÜBARİZ SÜLEYMANLI

MÜBARİZ SÜLEYMANLININ SÖZ DÜNYASI

Bir şeir qalacaq elin yadında

Bir koma görünür şair ocağı,
Bir şair ömrünün başlanacağı,
Ömrün bahar fəsli xoşbəxtlik çağı,
Bir elin obanın haray səsidi.

Bir tale görünür qapısı bağlı,
Bir sinə görürəm necə də dağlı,
Bir damla göz yaşı,sirli-soraqlı,
Bir çayın çağlayan zümzüməsidi.

Bir günəş bəs edir cümlə-cahana,
Bir misra bəs edir onu duyana,
Kiçik hədiyyədir Azərbaycana,
Bilsinlər şairin bu haqq səsidi.

Bir hikmət yaşayır onun adında,
Bir sevgi qüruru var inadında,
Bir şeir qalacaq elin yadında,
Ömür karvanının fəlsəfəsidi.

<<<< MÜBARİZ SÜLEYMANLININ SÖZ DÜNYASI >>>>

Mən danışdım,mən söz açdım.

Babam Mövlanə deyirdi,
Ol özüntək,qal özüntək,
Həyatdan nuru öyrənək,
Bir gün olar ömrə gərək.

Yaşamaqda gərək bizə,
Yaşatmaqda gərək bizə,
Ürək sözün vərəq-vərəq,
Boşaltmaqda gərək bizə.

<<<< MÜBARİZ SÜLEYMANLININ SÖZ DÜNYASI >>>>

Dünya

Ey insan unutma dünya belədir,
Bilin ki,heç kimə qalmayacaqdır.
Dünya insanları özü ələdir.
Dünya bir göz qırpımı, dayanacaqdır.

Bərk tutma dünyanın gen ətəyindən
Yaxşı xəyalından,kəm niyyətindən
Unutma həyatdan gedəcəyindən,
Yenidən gəlişin olmayacaqdır.

Güya ki,bilmirsən yalandı dünya,
Bir nakam ömürü,alandı dünya,
İnsanı min dərdə salandı dünya.
Bu dünya tam sirrli bir,oyuncaqdır

Deyir ki,əcəli yazanda mənəm,
Deyir ki,taleyi yozanda mənəm,
Bir ömür istəsən pozanda mənəm,
Nə cavan,nə qoca qalmayacaqdır.

Çəkir imtahana sözü bilmədən,
Yamanca ağladır düzü bilmədən
Minini öldürüb özü ölmədən
Ölüb öldürməkdən doymayacaqdır.

<<<< MÜBARİZ SÜLEYMANLININ SÖZ DÜNYASI >>>>

Arzum idi

Günəş qürüb edib axşam düşəndə,
Qalıram şəklinlə yenə üz-üzə,
Ay ilə ulduzlar,hər görüşəndə.
Baxıram atamla gül çöhrənizə,

Baxıb danışıram,özüm özümlə,
Sualı verirəm sualın üstə,
Görürəm fənanı mən gözüm ilə,
Şəklinə deyirəm canımı istə.

Bilmirsən, ay ana nələr çəkirəm,
Sən gedən o gündən mən bu dünyada.
Bilmirsən, ay ata boyun bükürəm,
Atasız uşaqtək mən bu dünyada.

Bilmirsən nə qədər ehtiyacım var,
Sənin sözlərinə ,sənin özünə,
Bəlkə də xəstəyəm bir əlacım var.
Kaş ki,mən baxaydım sənin üzünə .

Məni bu meydanda tənha qoydunuz,
Ay ata dünyayla qaldım üz-üzə
Bəlkə də siz məndən vaxtsız doydunuz.
Indi təsllisiz mən Mübarizə.

<<<< MÜBARİZ SÜLEYMANLININ SÖZ DÜNYASI >>>>

Şairin son sözü

Tabutum gələndə mənim kəndimə,
Bilirəm dağ-dərə, ağlayacaqdır,
Köçəndə, bir şair yoxdur söyləmə
Yoxluq da kövrəlib ağlayacaqdır.

Solacaq həmin gün baxçada güllər,
Xəzana qarışıb itər bülbüllər,
Dünyadan karvan tək keçən nəsillər,
Mənim xatirəmi saxlayacaqdır

Dərələr səmtini döndərəcəkdir,
Sevənlər sevgisin göndərəcəkdir,
Təsəlli çırağın söndürəcəkdir,
Bir çiçək bir gül də solmayacaqdır.

Güya ki, mən ölsəm dünya düzələr,
Güya ki, mən gülsəm gülər nəğmələr.
Bəlkə də mən ölsəm ruhum dincələr,
Bəs kimlər gözümü bağlayacaqdır.

Soracaq halımı,günəşdə ayda.
Donacaq qəlbimdə haqda-harayda,
Birisi bu tayda,biri o tayda,
Ağlayıb qəlbimi dağlayacaqdır.

Mübariz deyəndə çaşıb yanmayın,
Onunla dostluğu yalan sanmayın,
Mən getsəm dünyadan,bilin danmayın
Nə torpaq nə bölgü olmayacaqdır.

<<<< MÜBARİZ SÜLEYMANLININ SÖZ DÜNYASI >>>>

Qayıt gəl

Əl-ayağım buza dönüb vətənsiz,
Diş çatladan bulaq deyir, qayıt gəl.
Güzəranım tamam sönüb vətənsiz,
İçimdəki çıraq deyir, qayıt gəl.

Çatdığımız ocaqların şöləsi,
Kəndimizdə nər palıdın kölgəsi,
Bülbüllərin xoş avazı, nəğməsi,
Yamaclarda otlaq deyir, qayıt gəl.

Zəhər dadır inan hər gün yediyim,
Dağ-daşını canım qədər sevdiyim,
Torpağına ana, vətən dediyim,
Göy çəmənlər, qışlaq deyir, qayıt gəl.

Çox sarsılıb, hey saralıb solmuşam,
Qubarlanıb bulud kimi dolmuşam,
Həsrətindən saçlarımı yolmuşam,
Vətən deyir, torpaq deyir, qayıt gəl.

Küsüb məndən güvəndiyim dağlar da,
Gəncliyimə şahid olub çağlar da,
Bol meyvəli bağçalar da, bağlar da,
Ağaclarda yarpaq deyir, qayıt gəl.

Quzuların mələşdiyi düzənlər,
Dağ döşündə yasəmənlər, süsənlər,
Yurd yerində sona kimi süzənlər,
Qəribsəyən yaylaq deyir, qayıt gəl.

Mən dərdləri çəkə-çəkə əridim,
Öz elimdə, öz obamda ər idim,
Mübarizəm, Mübariztək nər idim,
Pıçıldayan dodaq deyir, qayıt gəl.

<<<< MÜBARİZ SÜLEYMANLININ SÖZ DÜNYASI >>>>

Dostum

Rəhbərə sədaqət, dosta sədaqət,
Tanrıya sevgidən oyanır, dostum,
Vətənə məhəbbət, elə məhəbbət,
Kök salıb qəlblərdə dayanır, dostum.

Tanındın işinlə, düz əməlinlə,
Yaşatdın dostluğu düz təməlinlə,
Halal süfrə açdın dosta əlinlə
Hər nə var düzlükdən başlanır, dostum.

Nə mənim, nə sənin olmayan dünya,
Heç kimə əbədi qalmayan dünya,
Lövbərin sahildə salmayan dünya,
Üyüdüb dənini fırlanır, dostum.

Dostluğun adını keçdiyim yolda,
Yaxşılıq toxumun biçdiyim yolda,
Dostluq şərbətini içdiyim yolda,
Mübariz ələnir, saflanır, dostum.

<<<< MÜBARİZ SÜLEYMANLININ SÖZ DÜNYASI >>>>

Dost

Məndən salam deyin əziz dostlara,
Ülfəti, ilqarı unutmayın siz,
Dostu dar ayaqda dara çəkməyin
Şəkki-şübhə ilə tanıtmayın siz.

O adda ülvilik, məhəbbət çoxdu,
Dost gözü dost üçün əbədi toxdu,
Aldatma dostunu mənası yoxdu
Çalışın bu adı yanıltmayın siz.

Dost verər dostuna canın istəsə,
Qan lazım gələrsə qanın istəsə,
Sərvətin istəsə, malın istəsə
Dostluğu işinlə sarsıtmayın siz.

“Dost dosta tən gərək” deyib atalar,
Dostluğun düz olsa, düz təməl olar,
Dost dostla dərdini bölsə azalar.
Dostlar, Mübarizi unutmayın siz

<<<< MÜBARİZ SÜLEYMANLININ SÖZ DÜNYASI >>>>

Yoruldum

Məni imtahana çəkir bu həyat
Dərd-qəmə batmaqdan yaman yoruldum,
Ömrümün rəsmidir hər ötən saat
Açıb ağartmaqdan yaman yoruldum,

Dünyanın nə çoxu, nə azı vardı,
Vallah çox yaşamaq özü bezardı,
Bugünkü dünyamız ancaq bazardı,
Belə yaşamaqdan yaman yoruldum,

Xoruzun yerinə toyuq satırlar,
Halala bolluca haram qatırlar,
Günahın içinə belə batırlar,
Günaha batmaqdan yaman yoruldum.

Pullusu, pulsuzu vallah bilinmir,
Kim necə köçəcək, billah bilinmir,
Allahsız çoxalıb Allah bilinmir?
Yuxumu qatmaqdan yaman yoruldum.

Zatıqırıqlar da yaman çoxalıb,
Dostu fürsət bilib uman çoxalıb
Meşələr seyrəlib duman çoxalıb,
Dərd qəmlə yatmaqdan yaman yoruldum.

İndi qəbir qazan havayı qazmır,
Yuxunu yozanlar havayı yozmur,
Mübariz ölsə də vallah uduzmur,
Qüruba çatmaqdan yaman yoruldum.

<<<< MÜBARİZ SÜLEYMANLININ SÖZ DÜNYASI >>>>

Şükür elə

Unutma bu dünya əbədi deyil,
Səni yaradana çalış şükr elə.
Qazancın nədirsə əbədi deyil
Sevgini bölüşüb, danış, şükr elə.

Hamıya əlini uzat, çəkinmə,
Pisliklə rastlaşsan çalış ki, dinmə,
Heç vaxt qürurlanma, coşma, öyünmə,
Başına gələnlə barış, şükr elə.

Yurdunu, elini qoru, unutma,
Özünü kimsədən ayrıca tutma
Demə ki, bu nədir çıxır baxtıma,
Dostluqda dürüst ol, alış, şükr elə.

Vətənin adını ucalt səmaya,
Layiqli övlad ol ata-anaya,
Səsin yayılsa da fani dünyaya,
Sənə deyilsə də dərviş, şükr elə.

Çox ömür sürmüşük vətəndən uzaq,
Bu dünya saxlamır əbədi qonaq
Mübariz, çağırsa bil, ”Ana”torpaq,
Üz tutub vətənə qarış şükr elə.

<<<< MÜBARİZ SÜLEYMANLININ SÖZ DÜNYASI >>>>

Unutma

Sənə pislik edəni,
Yaxşılıqla utandır,
Gör əməli pisdisə,
Çalış onu dayandır.

Səbrlə, kamal ilə,
Yola gətir nadanı,
Tanrı heç vaxt bəyənməz,
Dostluğu unudanı.

Utanıb çəkinməsə
Bil ki, pis əməlindən.
Yaxşılıq əkilməsə,
Pislik gələr əlindən.

Qiymətini bilməsə,
Əgər duzun, çörəyin.
Çalış tez onu unut,
Deyildi o gərəyin.

Dostluğa kəc baxanın,
Aqibəti bilinməz.
Düzə yalan yaxanın,
Söz yarası silinməz.

Lazım gəlsə and içər,
Dostluğun pak adına,
İnan heç kim yetişməz,
Nadanın fəryadına.

Unutma vəfasızdan,
Yarımayıb anası.
Diləmə insafsızdan,
Bil ki, yoxdu mənası.

Bil ki, zatı olmayan,
Əngəl açar başına,
Düzə meyil salmayan,
Haram qatar aşına.

Müəllif: MÜBARİZ SÜLEYMANLI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir