ZAUR İLHAMOĞLU

AZƏRBAYCAN BAYRAĞI

Qan qoxulu o illərin hər dəhşətli anıyla,
Neçə-neçə məzlumların sipər olan canıyla,
Saya gəlməz şəhidlərin töküldüyü qanıyla,
Qazandığım hürriyətim – Azərbaycan bayrağı!
Mübarizəm, şücaətim – Azərbaycan bayrağı!

Gəzib dolan bu dünyanı bayraq macərasında
Varmı belə gözəl bayraq bayraqlar arasında?
Millətimin bir millət tək millətlər sırasında
Varlığıma zəmanətim – Azərbaycan bayrağı!
Mən olmağım, şəxsiyyətim – Azərbaycan bayrağı!

Səma rəngim – Türk olmağım, Türklüyümdən var nişan,
Qırmızı rəng – mən azadam, qul olmaram heç zaman.
Yaşıl rəngim – dinim İslam, Allahım – tək Yaradan.
Hər rəngim bir əlamətim – Azərbaycan bayrağı!
Adım-sanım, şan-şöhrətim – Azərbaycan bayrağı!

Sənə olan bu sevgimin ölçüsü yox bəşərdə,
Səndən ötrü düşsəm, xoşdur min bəlaya, min dərdə.
Təki dalğalansın mənim bayrağım zirvələrdə,
Sarsılmayan məhəbbətim – Azərbaycan bayrağı!
Öz eşqimə sədaqətim – Azərbaycan bayrağı!

Mən bu yurdun övladıyam, bircə arzum var mənim:
Şəhid olum bayraq üstə, bayraq olsun kəfənim!
Nə qədər ki, bayrağım var, var olacaq Vətənim.
Dağ vüqarım, şax qamətim – Azərbaycan bayrağı!
Qürur yerim, fəxarətim – Azərbaycan bayrağı!

Müəllif: Zaur Ilhamoglu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir