Nuridə Misir

<<<Nurida MisİRİN SÖZ DÜNYASI>>>

ÜŞÜDƏR SƏNİ

Toxunma saçlarıma,
Qarı üşüdər səni.
Bülbülə aşiq demə,
Xarı üşüdər səni.

Evim harda tikildi?
Gülüm harda əkildi?
Başıma kül töküldü,
Qoru üşüdər səni.

Getdinmi Qarabağa,
Baxdınmı uca dağa?
Qəbirlər parça-para,
Göru üşüdər səni…

14 noyabr 2019

<<<NURİDA MİSİRİN SÖZ DÜNYASI>>>

XATİRƏSİNƏ

Sevə-sevə parçalandıq, aralandıq.
Sevə-sevə bu sevgidən biz usandıq.
Bir də gördük,ömrümüzdən
Yarı gedib, yarı qaldı.
Bir də gördük, bu sevginin ürəyində
Qaysaqlamaz bir yaranın xalı qaldı…
Sevə-sevə ayrılanda,
Əllərimiz bir- birinə toxunanda
Üşüdük biz…
Onda bildik:
Kəfəni yox,qəbiri yox
Bir tabutmuş bu sevgimiz.
Onda bildik:
Tüstüsü yox,istisi yox,
Nə külü yox, kösövü yox
Gözlərinə yağış yağan
Bir ocaqmış bu sevgimiz.
Nə aranı, nə dağı yox bu sevginin.
O, bir boşluq, hədər imiş,
Qayəsi də, mayası da
Ələm imiş, kədər imiş.
O, səhrada gedən karvan,
Sarvanı da *Miraj* adlı bələdçiymiş
Günahkarı axtarmayaq:
Nə sən idin, nə mən idim…
Mən o zaman gözəl,göyçək,
lalələri yanağında xumarlanan çəmən idim.
Kəpənəklər uçuşardı
Çiçəklərin arasında.
Dünya da yaşıllaşardı
Gözlərimin qarasında.
İllər boyu yol gələrək
Yavaş-yavaş öldü sevgi,
İndi tənha keçən ömrə
Bir yaradı,
O yaranı iki yerə böldü sevgi…
Bu sevginin ölümünə
Cüt ağlaya bilmədik ki…
Bu ayrılıq dağlar aşdı,dərə keçdi.
Ömür zaman süzgəcindən
Ele boş-boş, bele keçdi.
Bu sevgidən bar görmədik
Nə sən, nə mən.
Bu sevgi də damcı- damcı
Axib itdi gözümüzdən.
Səndən sonra soldu, düşdü
Tənha qalan Nuridənin ürəyindən…
Nuridə Misir.
14 noyabr, 2015.

<<<NURİDA MİSİRİN SÖZ DÜNYASI>>>

DÜŞÜNCƏLƏR

Payız gələ, xəzəl öpə torpağı,
Yığıb bir bir rəngli çələng hörəsən.
Unudasan ayrılığın yolunu,
Bu payızı yaşıl bahar biləsən.

Bir yar çıxa taleyinin baxtına,
Oturasan cavanlığın taxtına.
Yetişəsən o günlərin vaxtına,
Əylənəsən, şənlənəsən, güləsən.

Çaylar daşa, sellər yuya dərəni,
Çoban yenə çala “Yanıq Kərəmi”
Ahu qaça,ovçu kəsə bərəni,
Palıd olub bir yamacda bitəsən.

Çəkməyəsən torpaq dərdi, el dərdi,
Çəmənində mor lalələr bitərdi…
Xəyalları Nuridədən betərdi,
Havalanıb Kəlbəcərə gedəsən…

10 noyabr 2019

<<<NURİDA MİSİRİN SÖZ DÜNYASI>>>

PAYIZ DÜŞÜNCƏLƏRİ

Yarpaqlar yaşıl, sarı,
Saçım-dağların qarı.
Nə olar, susun barı
Payiz düşüncələri.

Xəzanın elə bağlı,
Daraqsan, telə bağlı,
Kəmərsən, belə bağlı,
Payız düşüncələri.

Anamın laylasısan,
Atamın baş daşısan.
Ruhumun yaddaşısan
Payiz düşüncələri.

Son akkordum,son notum
Kül altda qalan odum,
Mənə qalan sən oldun
Payız düşüncələri.

Üstünü xəzəl örtən,
Yarpağına xal düşən,
Nuridəylə yol gedən
Payiz düşüncələri.

10.noyabr, 2015.

Müəllif: NURİDA MİSİR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir