Aynur Haqverdi

* * *

Gözlərimin buludlara dolmağı,
Yağışlara yağmağı öyrətdiyi
Günlərdə yazıram sənə.
Gözlərim çəkən yollarda
Səni gəzib azıram yenə.
Küləklərdən dilənirəm qoxunu.
Elə atmısan ki, zalım həsrətin oxunu
Gündüzlərimdən Günəşi,
Gecələrimdən Ayı
Parçalayıb töküb yerə.
Dualarım da çatmır ulu göylərə
Ki, görəydim səni barı bir kərə.
Xatirələr xatırlanıb şeir olur.
Gecələrim uzanıb ömür olur.
Darıxanların içdiyi su da zəhər olur.
Ağı deyir qəlb atışım,
Nakam ölən sevincimə, ümidimə.
Bu qos-qoca təkliyimi
öldürtmək istəmirəm
səndən özgə birinə.

Müəllif: Aynur Haqverdi

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Cəza yeri

CƏZA YERİ

Dünya malı, bu dünyada qalandı,
Süleymanın hekayətin sal yada.
Kimi qurdu, kimlər çapdı, taladı
Elə qazan, elə ye ki, bal dada.
* * *
Canfəşanlıq, fitnə-fəsad faydasız,
Tamahkarlıq, hiylə, büsat faydasız,
Riyakarlıq, qorxu, həsəd faydasız,
Şirindil ol, yeri gəlsə, al “qada”.
* * *
Ustac desin, bircə kəlmə, dinlə sən,
Adəm bura niyə gəldi, biləsən,
Həmən yerdi– cəza yeri, anla sən,
Rəvamıdır, verə ömrü, mal bada!?

16.11.2019. (19:06)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Solmaz Qəribel

solmaz qəribelin söz dünyası

Fələk

Sənə uzanan əlimi,
Zalım olub kəsdin Fələk
Doğru deyən haqq dilimi
Oğru olub kəsdin Fələk

Bu ömrü heçə caladın,
Köç saldın, köçə caladın
Boş olan içə caladın
Rüzgar olub əsdin Fələk

Nə günahım, söylə bilim,
Hüzuruna suçsuz gəlim.
At oxunu ,səsiz ölüm
Kəndirindən asdın Fələk,

Günəş” doğmur” batıb artıq,
Mərd -namərdə çatıb artıq
Dərd dərdindən yatıb artıq
Daha bəsdir, bəsdir ,Fələk!!!….

15.11.19.

<<<SOLMAZ QƏRİBELİN SÖZ DÜNYASI>>>

Yuxuma narahat mələklər gəlib

Yenə yuxularım qarışıb yaman,
Yuxumda dolaşır narahat ruhum
Gözümün önündə uçur mələklər,
Nədənsə onlar da narahat bu gün.
Baxıram birinin qanadı sınıq ,
Birinin qanadı al-qan içində,
Qanadın çaıdıqca üşüyür qəlbim,
Kim salıb, görəsən onu bu dərdə?
O ki, bir elçidir günahı yoxdur,
Göylərdə dolaşır ,yuvası yoxdur.
Durub pəncərənin önündə baxır,
O ,elə baxdıqca qəlbimi yaxır,
Gizləyib gözümü onun gözündən,
Günahkar-günahkar yerə baxıram
Onun üzündə ki, sualı görüb,
Narahat yuxumdan yaman qorxuram.
Bir az yaxınlaşıb mən ona sarı,
Yaxın gəl, yaranı sarıyım dedim,
Gözündə bir gilə göz yaşı donub,
yaxın gəl, gözünün yaşını silim
Üzündə təbəssüm ,o qanad çaldı
Əllərim uzalı havada qaldı
Səslədim bir dayan ,getmə uzağa ,
O nə geri döndü, nə mənə baxdı,
Dünyanın günahı, çiynimdə qaldı….

12.11 19.

<<<SOLMAZ QƏRİBELİN SÖZ DÜNYASI>>>

+ + +

Nəyimə lazımdır bu dünya mənim
Sevinci zəhərə dönür sonunda
Qəlbimdə sevgidən tonqal qalayır,
kül olur ocağı sönür sonunda.

Nəyimə lazımdır bu dünya mənim,
Əhdinə vəfasız, gümanı sönük
Qorxaq yalanından qorxub and içir,
Vicdanın itirib, imanı dönük…

14.11.19.

<<<SOLMAZ QƏRİBELİN SÖZ DÜNYASI>>>

Xəstədi dünya

Dünyanın nəbzini tapa bilmirəm,
Nəbzi asta vurur, xəstədi dünya
Dərdini arayıb, tapa bilmirəm,
Nəbzi asta vurur , xəstədi dünya.

Durub qəmli baxır yenə uzaqdan,
Ona da , dar gəlir, yatdığı qucaq.
Xəbəri yoxdur ki, çoxdan xəstəyəm
Yandırıb dünyamı çatdığı ocaq,

Hönkürür, dünyanın dərdinə qəlbim
Dərdini-dərdinə calayıb susur,
Dünya çarəsizdir, yoxsa insafsız?
Ömrümü ,günümü talayıb susur…

09.11 .19.

Müəllif: SOLMAZ QƏRİBEL

.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏBÜLFƏZ MUXTAROĞLU

SÖZÜN QÜDRƏTİ – SƏSİN SEHRİ ƏBÜLFƏZ MUXTAROĞLU YARADICILIĞINDA

Mənəviyyat insanın mənəvi şüuru ilə mənəvi davranışı arasında möhkəm əqidə ya­­­­­radan, onları tənzimləyən, hərəkətə gətirən, idarə edən daxili mənəvi tələbatıdır, in­sa­nın həyatda yerinə yetirməyə cəhd etdiyi idealın həqiqətə çevrilməsinə dərin inam, möh­­­­­­­kəm baxışlar sistemidir. Əqidəli adam prinsipial, sadə, təvazökar və humanist olur. Be­­lə prin­si­pi­al, sadə, təvazökar və humanist insanlardan biri də mənə ali təhsil ocağında mü­­­hazirələr oxuyan müəl­lim, alim, şair və bu gün də əziz dostum Əbülfəz Muxtaroğludur.

Ədəbiyyatın, incəsənətin, xüsusilə poeziyanın vurğunu, alim, şair-pedaqoq Əbülfəz Muxtaroğlu mənalı ömrünü gənc nəslin təlim-tərbiyəsinə, Azərbaycan dilçiliyinin təd­ri­si­nə həsr etmiş, çoxlu elmi məqalə, monoqrafiya, dərs vəsaiti və ümumilikdə doqquz (9) ki­tabı işıq üzü görmüşdür. Əbülfəz müəllim ali məktəb müəllimi, təhsil işçisi kimi elmi əsər­lərində də tərbiyə məsələlərinə daha çox yer vermişdir.

Müasir ədəbiyyatımızın görkəmli tədqiqatçı alimləri akademik İsa Həbibbəyli, Kam­­­ran Əliyev, Cəlal Qasımov, Sevindik Vəliyev, Akif Axundov, Məhərrəm Cəfərov, Nə­­­zakət İsmayılova, Abbas Hacıyev və b. Əbülfəz Muxtaroğlunun yaradıcılığı barədə çox dəyərli fikirlər söyləmiş, elmi-tənqidi araşdırmalar aparmışlar. Lakin Əbülfəz müəl­li­min yaradıcılığı elə zəngin mənəvi sərvətdir ki, o, daim tədqiq olunmağa layiqdir və mə­nə­­vi ehtiyac vardır. Çünki Əbülfəz müəllimin çox zəngin şeir dünyası hər saat, hər gün çağ­layır, yeniləşir, dolğunlaşır, fəlsəfi-estetik məzmun kəsb edir. Şair yazıb-yaratmaq eş­qiy­lə yaşayır, ömrünün mənalı dəqiqələrini günümüzün söz inciləri axtarışına həsr edir. Ye­ni misra qoşmaq, cilalamaq istəyi yuxusuna haram qatır. Əbülfəz müəllimin şeir­lə­rin­də qeyd etdiyimiz kimi, estetik və əxlaqi-tərbiyəvi mahiyyət vəhdətdədir. Şeirlərinin bə­dii və tərbiyəvi təsiri oxucusunu ovsunlayır, düşündürür, ona yüksək əxlaqi sifətlər aşı­la­yır.

Əbülfəz Muxtaroğlu bu dəfə də oxucularının görüşünə “Ömürdən qalan izlər” adlı şeir­lər ki­ta­bı ilə gəlmişdir. Kitabı vərəqləyib “Azərbaycan”, “Naxçıvan”, “Soruşdumu?”, “Mil­lət im­­­tana çağırır səni”, “İzimiz bizim”, “Ata arzusu”, “El arana qayıdanda”, “Qey­rət”, “Dün­­­ya”, “Haray”, “Cəngi” vaxtıdır”, “Şikayətim var”, “Hayıfdı” və s. şeirləri oxu­duq­­ca gö­rürük ki, Əbülfəz Mux­ta­roğ­lu­nun yaradıcılıq diapazonunu şəxsiyyətin mənəvi zən­­gin­li­yi, vətən-yurd sevgisi, övlad sevgisi, saf sevgi, mənəvi saflıq, estetik hiss və zövq, mə­­ri­fət, təvazökarlıq, mərdlik, dostluğa sadiqlik kimi əxlaqi-mənəvi dəyərlər, həm­çi­nin, düş­­mə­nə nifrət, lovğalıq, yüngüllük, paxıllıq, vəfasızlıq, xəbislik kimi mənfi xü­su­siy­­yət­lə­rə qə­zəb, nifrət hissi də təşkil edir.

Əbülfəz Muxtaroğlu xüsusi pedaqoji əsər yazmamışdır, lakin onun istər fəlsəfi şeir­­lərində, istərsə də bədii təfəkkürünün heyrətamiz nümunələrində haqqında danışdımız  mə­­­sələlər geniş yer tutur. Şairin yaradıcılığını dərindən təhlil edən akademik İsa Hə­bib­bəy­­­li haqlı şəkildə belə qənaətə gəlmişdir ki, “Əbülfəz Muxtaroğlunun şeirlərində ma­arif­çi­­lik­dən gələn müəyyən didaktika da var… Əbülfəz müəllimin maarifçi didaktik şeir­­lə­rinə quru nəsihətçilik notları yox, poetik bir müdriklik ruhu hakimdir” (Bax: səh.12). Fi­k­ri­mi­zi möhkəmləndirmək üçün Əbülfəz Muxtaroğlunun maarifçilik, əxlaqi də­­­yərlər haqqında fikirlərinin şərhinə keçək.

Əbülfəz Muxtaroğlunun əxlaqi görüşlərində vətənprvərlik hisslərinin inkişaf et­di­ril­­­məsinin zəruriliyi diqqət mərkəzində dayanır. O, vətənpərlik və xalqpərvərlik uğ­run­da ma­­­­lından, canından keçməyi əsirgəməyən, vətəninin və xalqının mənafeyi və azadlığı uğ­run­­da çalışan və hər cür əzab-əziyyətə qatlaşan şəxsləri patriot (vətənpərvər) adlandırır.

                                               Bir qulaq ver ana Vətən,

                                               Ürəyimdən gələn səsə…

                                               Yeri gəlsə keçərəm mən

                                               Hər arzumdan, diləyimdən.

                                               Əgər qanım azlıq etsə,

                                               Qan verərəm ürəyimdən.

                                               Yaşayaram bu ürəklə

                                               Sağında mən, solunda mən.

                                               Yeri gəlsə, yolunda mən

                                               Bu ürəkdən keçmək üçün [1, 18].

Doğma torpağın ecazkar, füsunkar gözəlliyindən vəcdə gələn şair gəncliyi vətəni sev­­məyə, vətənpərlik nümunəsi göstərməyə, doğma torpağın maddi və mənəvi sər­vət­lə­ri­ni­ qorumağa səsləyir. Şair deklarativ şəkildə “Vətəni sevin!” demir, lakin “Vətənin qum­sal, boz torpağı da güllü çəməndir”, “daşı da Vətənimdir” deməklə doğma torpağın mü­qəd­­­­­dəsliyini, toxunulmazlığını, böyüklüyünü orijinal misralarla dərk etdirir, hafizələrə hop­­durur. Vətənpərvərlik, əməyə, torpağa və xalqa bağlılıq, mənəvi kamillik, bəşərilik və hu­manizm motivləri şairin yaradıcılığının qabarıq məziyyətlərini təşkil edir.

                                               Gözümü açandan vurğun olmuşam

                                               Dərənə, düzünə, daşına sənin.

                                               Pərvanə olsaydım, səni şam bilib

                                               Dönüb dolanardım başına sənin.

                                               Dahilər yetirən ey şanlı torpaq,

                                               Sənət bulağının gözü səndədir.

                                               Ana məhəbbəti – “Mömünə Xatun” –

                                               Memar Əcəminin izi səndədir [1, 71].

Vətəndaşlıq – vətənə sakinlik etmək deməkdir. “Əsil vətəndaş” dərin fəlsəfi mənalar da­­şısa da, yeniyetmələrin, gənclərin dərk edə biləcəyi, həyat idealına çevirəcəyi bir an­la­yış­­dır. Bü­tün dinlərdə və səmavi kitablarda vətən kəlməsi tez-tez səslənir, onu əziz və mü­­­qəddəs tutmağın zəruri olması göstərilir. Dünyanı və insanlığı dərindən və hərtərəfli dərk edənlər və gələcəyi görənlər peyğəmbərlərdir. İlahiyyatşünaslıqda, o cümlədən is­lam­­şünaslıqda do­­­­ğulub boya-başa çatılan yerə, yəni vətənə məhəbbət və onu qorumağın mü­­qəddəsliyi qeyd olunur və göstərilir: uşağa doğma olan iki şey var: onun biri anadırsa, ikin­­cisi və­tən­dir. 30-35 il bundan qabaqkı Azərbaycan ailələrində aparılan tərbiyə işində əsas yeri mil­li­lik, özünüdərk, milli vətənpərvərlik deyil, beynəlmiləlçilik təşkil edirdi. Bu işin nəticəsi bi­zə çox baha başa gəldi, nəticədə erməni təbliğatı çoxlarını çaşdırdı, ona ina­­nan­­lar da ta­pıl­dı, türk soyumuzla fəxr etmək kimi mənəvi bor­cu­muzu az qalmışdıq ki, unu­­daq. Və bü­tün bunlar da ermənilərin Qarabağı əli­miz­dən qoparmaq iştəhasını real­laş­dır­­maqda və Qa­rabağ müharibəsində bizim tam əleyhimizə işləmiş oldu.

Azərbaycan ailələrində yeniyetmələrlə, gənclərlə söhbətlərdə tariximizdən da­nış­maq məqsə­də­uy­ğun bilinmirdi. Unutqanlıq “əxlaqi” keyfiyyət hesab olunurdu. Elə bu mə­nada da Əbül­fəz Muxtaroğlu yaradıcılığının əsas cəhətlərini bu istiqamətə yönəldir və və­­tən­pər­vər­­­lik ruhunda şeirlərilə­ xalqı mübarizəyə səsləyərək deyir ki, Azərbaycan tor­pa­ğı hər bi­ri­­­mizin son kəfəni olmalıdır. Əbülfəz Muxtaroğlu Azər­bay­­canı düçar edildiyi bə­la­lardan qo­­rumaq, xilas etmək və yaşatmaq üçün hamıdan qa­baq Azərbaycanın özünü var gü­cü ilə “cəngi” etməyə, döyüşə çağırır. Qisas alınmalıdır. Özü də necə?! Azərbaycan öv­ladları bir nəfər kimi silaha sarılacaq, hücuma keçəcək, erməniləri öz ərazimizdən tə­miz­ləyəcək və beləliklə, 26 fevral Xocalı faciəsində şəhid gedənlərin qanını alacaqlar. Hələ 1990-cı ildə qələmə aldığı doq­quz bənddən ibarət olan “Cəngi” adlı şeirində şair hiddətini, qəzəbini belə ifadə edirdi:

                            Başımıza nə gəlmədi “sarı”dan,

                            Qovduq darvazadan, aşdı barıdan.

                            Yalvarmaqla donuz çıxmaz darıdan,

                            Götür qardaş, gəl tüfəngi vaxtıdır,

                            “Cəngi” çalın, bu gün “Cəngi” vaxtıdır.

                            Düşmənləri tanıyır haçandır,

                            Ermənilər qan gördümü qaçandır.

                            Gəlin kəsək bu xərçəngi, vaxtıdır,

                            “Cəngi” çalın, bu gün “Cəngi” vaxtıdır.

                            Xocalının intiqamın almasaq,

                            Bağışlamaz bizi bu daş, bu torpaq.

                            İynə batırana biz batırmasaq,

                            Avazımaz yağı rəngi, vaxtıdır,

                            “Cəngi” çalın, bu gün “Cəngi” vaxtıdır.

                            Haray salın bütün kəndə, şəhərə,

                            Bircə yol var, qələbəyə, zəfərə.

                            Mərd ərənlər süvar olsun yəhərə,

                            Qırılmasın qoy üzəngi, vaxtıdır!

                            “Cəngi” çalın, bu gün “Cəngi” vaxtıdır [1, 106-107].

Göründüyü kimi, şair Əbülfəz Muxtaroğlu milli köklərdən, ənənələrdən qüvvət və cəsarət əldə edərək yeni-yeni cığırlar salır.

Əbülfəz Muxtaroğlunun şeirlərinin şah damarı qoynunda boya-başa çatdığı tə­bi­ət­dir. Təbiət lövhələrinə həsr olunan şeirlərini oxuduqca düşünürsən ki, əgər şair qəlbindən qo­pan hər bir misra, hər bir bənd, hər bir söz oxucunu torpağa, təbiətin seyrinə çəkə bi­lir­sə, saflığa, duruluğa qaytarmağı bacarırsa, bu sənətkar ömrünün ən uca mükafatıdır.

                                      Bürüyüb dərəni, təpəni, düzü,

                                      Ürəklər oxşayan ətri güllərin,

                                      Qızların örtdüyü şala bənzəyir,

                                      Kənardan baxanda çətri güllərin.

                                      O göz qamaşdıran bulaq daşları,

                                      Sanmışam ən parlaq daş-qaşlarıdır.

                                      Durnagöz bulaqlar qarlı dağların

                                      Sevincdən tökdüyü göz yaşlarıdır.

                                      Gah çoban olmuşam, tütək çalmışam,

                                      Dinləmiş çəmənlər, çiçəklər məni.

                                      Gecələr ulduzlar laylay deyibdir,

                                      Səhərlər oyadıb küləklər məni [1, 60].

Saf, sağlam duyğulu şairin misra-misra, bənd-bənd açıqladığı “Tanrıyla söhbət”ini eşidib, anlayanlar da elə Tanrısına tapınan duyğulu insanlar olmalıdırlar – zənnindəyik. Elə buna görə də hər bir şeirini oxuyarkən, elə bil, şairin ürək çırpıntılarını eşidirsən, qeyb­­­dən gələn bir səslə qulaq-qulağa dayanırsan, bu mülayim səsin bəzən küskün, bəzən inam­lı, bəzən sakit, bəzən coşğun axarında bir-birindən oynaq, bir-birindən zərif, bir-bi­rin­dən mənalı söz sənəti gözəlliklərinə qərq olursan. İncə lirizm, axıcılıq, ürəkdən, can­dan yaşanan səmimi duyğulardan qopan həyatilik, təbiilik şeirləri oxucuya elə doğ­ma­laş­dı­rır ki, dönə-dönə oxuyub, hər birini öz duyğularında yaşatmağa başlayırsan – insana sev­gi, yaşantıya ehtiram, taleyə şəriklik yanğısı kimi. Çünki bu şeirlər xalq yaradıcılığı ənə­nələrindən, şair ruhu, xalq ruhundan qidalanır.

                                      Pozulubdur təbiətin naxışı,

                                      Kədərlidir qayaların baxışı.

                                      Ağı dedi bulaqların axışı,

                                      Yerimdən oynatdı məni, ay Allah!

                                      Bu dağlar ağlatdı məni, ay Allah!

Yaxud:

                                      Qonaqgörməz əziz qonaq görmədi,

                                      Qız-gəlinlər əvəliyin hörmədi.

                                      Nəmi qurub, südü qaymaq sərmədi,

                                      Kim belə alçaltdı məni, ay Allah!

                                      Bu dağlar ağlatdı məni, ay Allah!

Yaxud da:

                                      Tanrı, məni salma düşmən girinə,

Mehriban et xalqımı bir-birinə!

                                      Qurbanım var ulu Qırxlar pirinə,

                                      Bu arzuma çatdır məni, ay Allah!

                                      Bu dağlar ağlatdı məni, ay Allah! [1, 77]

  • deyən şair sevgi dünyasının istili-bürkülü, buzlu-şaxtalı aləminə baş vurur, nikbin ar­zu­la­rıy­la bir xoş tale, qismət axtarır. Elə buna görə də kitabdakı şeirlər rəngarəngdir, əlvandır. Müəl­lifin özünəməxsus deyim tərzi, yığcam, oynaq ifadə üsulu, hiss və duyğuların poetik tə­rənnümündəki obrazlılıq onu oxucusuna sevdirir. Həm də ona görə ki, lirik tə­rən­nüm­dən yoğrulmuş bu şeirlərin qəhrəmanı sevincini, kədərini, həsrətini, nisgilini mərdliklə ya­şa­yan ülvi bir insandır.

Əbülfəz Muxtaroğlunun şeirlərində bəzən uzun müddət torpaq qoxusundan, əkindən, biçindən, dağdan-daşdan, təbiətdən uzaq düşən, onun xiffətini çəkən, onun həsrətini yaşayan bir şair də görürük. Gözəl yaylaqları, təmiz havalı və şirin çeşməli yurdu və məkanı, könülaçan və ruhtəzələyən xoş hava və şəfalı yerləri özləmişdir. Şair ümid edir ki, uşaqlıq və gənclik illərini birlikdə keçirdiyi dostları, həmçinin, Şahbuzun hər bir dağı, dərəsi, al yamacı, çayı, gölü, laləsi, nərgizi, bənövşəsi, kəkliyi, turacı, yaşılbaş sonaları da onu özləyir. Şair həsrət dolu anılarını poetik dillə yurdundan gələn bir oğlandan belə xəbər alır:

                                               Batabatdan gələn oğlan,

                                               Göz yaşımı silən oğlan,

                                               El dərdini bilən oğlan,

                                               Ellər məni soruşdumu?

                                               Təzələyib donun meşə?

                                               İnanmıram yolum düşə.

                                               Lalə, nərgiz, tər bənövşə –

                                               Güllər məni soruşdumu?

                                               Gözəllikdir suda quşlar,

                                               Oda tutar qəlbi daşlar.

                                               Qanadlandı yaşılbaşlar,

                                               Göllər məni soruşdumu?

                                               Ot çalımı başlar haçan?

                                               Göz oxşayan, könül açan,

                                               Kərənti ağzından qaçan,

                                               Güllər məni soruşdumu?

                                               Abdulla dedi nəyindən?

                                               Yarasının göynəyindən.

                                               Saz çıxanda köynəyindən,

                                               Tellər məni soruşdumu [1, 26]

Əbülfəz Muxtaroğlu öz təbirincə desək gül balaların da şairdən küsməmələri üçün  uşaq şeirləri yazmışdır. Uşaq­lar üçün də yazılan şeirlər cəlbedici və öyrədicidir. Əbülfəz Muxtaroğlunun uşaq şeir­­­lərini iki qrupa və ya daha artıq qrupa ayırmaq olar: Təbiətə sevgi, insana sevgi, milli-mə­­nəvi dəyərlərə sevgi və s. “Gözəl bir fəsildi qış”, “Niyə soyuq dəyməyir”, “Bahar gəl­di” və s. adlı şeirlərdə şair gül balalara hər bir fəslin biri-birindən gö­zəlliyini və özəlliyini tə­­rənnüm edir. Budur, balaca Dilbər babasına qışı sevmədiyini bildirir. Bu fəsildən giley-gü­­zarı da olduqca çoxdur: Qışda qar yağır, yağış yağır, günlər qısa olur, günəş tez çıxır, tez batır, uşaqlar tez yatır, soyuqdan əli üşüyür, buz üstünə çıxanda sürüşüb yıxılır, quşlar da üşüyür, yemək tapa bilmirlər və s. Babası balaca nəvəsini gülə-gülə dinlədikdən sonra sa­də deyim tərzi ilə qı­şın gözəlliyini belə təsvir edir:

                                               Qışda çıx yağmasa qar,

                                               Bax, quruyar budaqlar.

                                               Quruyar axan çay da

                                               Məhsul bol olmaz yayda!

                                               Qar torpağın canıdır,

                                               Ən isti yorğanıdır,

                                               Qışda çox yağmasa qar,

                                               Məhsul verməz tarlalar.

                                               Qarğaya, sərçəyə sən

                                               Hər gün dən verməlisən.

                                               Sənin kimi uşaqlar

                                               Gərək qoymasın onlar

                                               Korluq çəksin acından.

                                               Heç çıxarma yadından.

                                               Çox yağsa da qar, yağış,

                                               Gözəl bir fəsildi qış [1, 167].

Fikrimizcə, uşaqlar üçün şeir yazmaq heç də asan deyil. Şərt o deyil ki, şeirdə təh­ki­­yə, qafiyə uyğunluğu, ritmik sürət, təmtaraq, elitarlıq və s. olmalıdır, xeyr, uşaq qəlbinə yol tap­­maq üçün həm də gərək da­ha həssas emosionallığa, uşaq psixologiyasında olan rən­­garəngliyə, estetikliyə, daha iti ustalığa, sənətkarlığa malik olasan. Əbülfəz Mux­­ta­roğ­lu­­nun uşaq­lar üçün yazdığı şeirləri oxuduqca görürük ki, şair uşaq ruhunun bi­li­ci­si kimi uşaq qəlbinə yol tapmağı bacarır. Fəsillərin gözəlliyi dəqiqliklə, oynaq, lakonik mis­ra­lar­la qulaqdan süzülüb ürəyə belə axır:

                                               Şirin-şirin töhfələrlə

                                               Budur, gözəl bahar gəlir.

                                               Al günəşli səhərlə

                                               Budur, gözəl bahar gəlir.

                                               Dağ başında əriyir qar,

                                               Bağça, bağlar gətirir qar,

                                               Noruzgülü bizə nubar,

                                               Budur, gözəl bahar gəlir [1, 174].

Ümumiyyətlə, Əbülfəz Muxtaroğlu təkcə balaca balaların təfəkkür imkanlarını, ma­raq dairələrini əhatə edən mövzulara toxunmaqla kifayətlənmir, bu şairdə sözün özünü bə­­dii ifadəni, deyim tərzini uşaq hafizəsinin, uşaq emosiyasının və psixologiyasının tə­ləb­lə­­rinə uyğunlaşdırmaq bacarığı güclüdür. Əbülfəz Muxtaroğlu uşaq şeirlərində pri­mi­tiv nə­­sihətçilikdən, sözçülükdən və deklarativ ibarəpərdazlıqdan uzaqdır. Əbülfəz Mux­tar­oğ­lu­­nun bu yanaşması ilə bağlı hələ vaxtilə V.Q.Belinski “Yeni ilə hədiyyə” adlı mə­qa­lə­sin­də yazırdı: “…Başlıca iş – sentesiyalardan, nəsihət və tərbiyəpərdazlıqdan imkan da­xi­lin­də qaçmaqdır: onları böyüklər də xoşlamır, uşaqların isə sadəcə zəhləsi gedir”.

Fikrimizcə, uşaq şeirləri yazmaq üçün şairin bədii dili zəngin olmalıdır, təbiiliyi, axar­­lığı olmalıdır. Bunlar, uşaq şeirləri yazmaqda xüsusi əhəmiyyət daşıyır. Əbülfəz Mux­­­­taroğlunun uşaqlar üçün yazdığı şeirlərin dili sadədir, rəvandır, axınaqlıdır, la­ko­nik­dir və estetik tərbiyəvi əhəmiyyəti ilə də zəngindir.

Oxucularıyla görüşə “Ömürdən qalan izlər” şeirlər kitabı ilə gə­­­lən Əbülfəz Mux­­taroğlunun ömründən qalan izlərini belə ümimiləşdirə bilərik: Əbülfəz Mux­­­taroğlu ömür yolunun zirvəsinə kamil qədəmlərlə addımlayan, sevimli müəllimim və həmkarımızın həyat akkordları barədə sonsuz sayda fikir və şərafət, erudisiya və ziyalılıq, şəfqət və qay­ğı, elmilik və fəzilət, milli-mənəvi irsə dərin məhəbbət, xalqımızın elm və sənət adam­larına ehtiram hissi – Əbülfəz Mux­­taroğlunun həyat, yaradıcı qayəsidir. Elmə, şeirə, cə­miyyətə və təbiətə yüksək milli və bəşəri duyğularla bağlanan Əbülfəz Mux­­ta­roğ­luya Ulu Tanrıdan bəşəri nemət olan can sağlığı və yeni-yeni yaradıcılıq uğurları ar­zu­la­yırıq.

                                     KAMAL CAMALOV

                                     Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

                                     Azərbaycan Respublikasının Əməkdar müəllimi

                                     Azərbaycan Yazıçılar Birliyinin üzvü

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru