Musa Yaqub

YAY VAXTINDAN QIŞ VAXTINA

Yayın qızmarında nəfəs təngidi,
Payız yağışında torpaq səngidi.
Axşamlar tələsdi,sabah ləngidi,
Keçdik qış vaxtına il ömrümüzün.

Hələ ki,şax saxlar özünü qəsdən,
Payızlı talalar düşməz həvəsdən.
Çiçəklər üşüyər soyuq nəfəsdən,
Saralır saplağı gül ömrümüzün.

Daha o zirvələr gümüşü tacdı,
Çiçəyi çəkildi,durnası qaçdı.
Payızla üz-üzə duran ağacdı,
Tökər yarpağını yel ömrümüzün.

Göyləri gurladı,şimşəyi çaxdı,
Dərədən qaynadı,zirvədən axdı.
Axır ki,ram olub yatağa sığdı,
Buzlanır qabağı sel ömrümüzün.

Baharın nəşəsi qalıb gümanda,
İndi o göy çəmən bir boz dumanda.
Arısı pətəkdə,ruzusu şanda,
Süzülür cövhəri bal ömrümüzün.

Gah o axındaydı,gah bu axında,
Ümid uzaqdaymış,mənzil yaxında,
Axır ki,zamanın ağalığında
Yatırıldı üsyanı qul ömrümüzün.

Müəlli: MUSA YAQUB

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir