Damət Salmanoğlu

Damət Salmanoğlunun söz dünyası

Könlümə səpdilər islamın ətrin

Uca dərgahından aldım ilhamı,
Ruhuma səpildi islamın ətri.
Quranı oxudum izninlə ALLAH,
Mənə qüvvət verdi onun hər sətri.

Onunla öyrəndim haqq ədaləti,
Qəlbimə islamın günəşi doğdu.
Öyrəndim saflığı səmimiyyəti,
Ayələr məndəki nifrəti boğdu.

Hidayət yoluna yol aldım, şükür
Dinim islam dini, əvəzi yoxdur.
Sadiq ol ey insan, taparsan xeyir,
Bu dinin səninçün səfası çoxdur!

<<< Damət Salmanoğlunun söz dünyası >>>

“BİZİM DOST İTİRƏN VAXTIMIZ DEYİL”

Ey məndən inciyib, küsən dostlarım,
Salamı sarsıdıb, üzən dostlarım,
Uzaqdan uzağa gəzən dostlarım,
Uymayın şeytana, olmayın zayıl…
“Bizim dost itirən vaxtımız deyil.”

İllərdir sınandıq, biz gələ gələ,
Qoymadıq dosluğa bir xələl gələ,
Ayırmaz bizləri min nakəs gələ
Bir xain sözündən gözləmə xeyir…
“Bizim dost itirən vaxtımız deyil.”

Cəsarət,qüvvəti dostluqdan alaq,
Dosluqdan əl çatmaz bir qala quraq,
Hər çətin işlərə bir zərbə vuraq,
Ayrılıq dostluğun qamətin əyir…
“Bizim dost itirən vaxtımız deyil.”

Saxlamaq olmur ki, ömür qatarın,
Yaş üstə yaş gəlir qocalır canın,
Birdə görəcəksən yoxdur zamanın,
Bəlkə də, sözlərim xətrinə dəyir…
“Bizim dost itirən vaxtımız deyil.”

<<< Damət Salmanoğlunun söz dünyası >>>

Ürək
Bu gün yenə ağrıyırdı ürəyim
Sordum dostum bu nə ağrı, nə təlaş.
Söz vermişdin dözəcəksən hər yükə,
Dayağınam, arxayın ol, gəz, dolaş.

Yorulsan da… Hələ sənin nə yaşın,
Yol yoldaşım sızıltını kəs daha.
Çox acının biz belini bükmüşük,
Yenə dözək, ümid artsın sabaha.

Verdiyin sözlərə naxələf çıxma,
Canını dişinə sıx yenə dayan.
Ağrını közərdib, sinəmi sıxma,
Ana sevgisi tək ol mənə həyan.

Gəl ağlatma bizi sevən kəsləri,
Büdrətmə laylana möhtac bu canı.
Əvvəlki tək ,təmiz duyğular ilə,
Sev ay ürək bu dünyanı, cahanı.

Saçlarıma sıgalı çək yenidən,
Nə olsun ki, həyat ona səpib dən.
Altmış yaşım tamam olduğu gündən,
Gözünü qorxudan nədir ay ürək?

Yol yoldaşı, iş yoldaşı olmuşuq,
Sirdaş olduq, söhbətimiz alındı.
Sənsiz ömür yetim qalan uşaq tək,
Başı açıq, ayaqları yalındı.

Sadiq oldun, yorulmadan döyündün,
Çox dözmüsən, əvvəlki tək döz, hələ
Gəl yenə dostlaşaq, yol gedək ürək,
Səninlə birlikdə gələn illərə!

<<< Damət Salmanoğlunun söz dünyası >>>

Ruhum sənsiz darıxa bilər

Gedirsən ruhumu özünlə apar,
Yoxsa, ruhum sənsiz darıxa bilər.
Yarımcan bir ömür nəyimə gərək,
Ayrılıq anında yıxıla bilər.

Dözmərəm bircə gün intizarına,
Kədərlə yerini dəyişər vüsal.
Dənizin dərdini bir yana atıb,
Bizim sevdamıza ağlayar qumsal.

Gözümün önündən getməz xəyalın,
Gündüzüm ağlayar,gecəm ağlayar.
Dəyərin itirər dünya gözümdə,
Yoxluğun ah çəkər, sinə dağlayar.

Qanadı qlrılmış bir quş olaram,
Qıyma şikəst olsun ülvi sevgimiz.
Sənə yaxın ikən sənsiz olaram,
Birlikdə ucadır bizim eşqimiz.

MÜəllif: Damət Salmanoğlu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Elçin Məlhəmli (Bagirov)

EŞQ ÜMMANIM


(Ömür-gün yoldaşımın yubileyinə şeir hədiyyəm.)

Həyatın qaranlıq, soyuq anında,
Ömrümə günəş tək doğulanımsan.
Ruhumun sərgərdan bir zamanında,
Seçdiyi məkanı-cismim, canımsan.

Mənim gül ətirli göy çəmənimsən,
Süsənim, nərgizim, yasəmənimsən,
Ömür bağçasında eşq gülşənimsən,
Könül sarayımda öz sultanımsan.

Sevgiyə köklənmiş ruh bəstəsiyəm,
Nəğmə çələngiyəm, söz dəstəsiyəm,
Ürək bimarıyam, yar xəstəsiyəm,
Dərdimə çarəsən, tək dərmanımsan.

Ey mənim işıqlı, nurlu cahanım,
Hissimi, duyğumu mən necə danım?
Gündüzlər günəşim, göy asimanım,
Gecələr ulduzlu kəhkəşanımsan.

Başımda dolanır sevgi havası,
Yalnız məhəbbətdir ruhun dəvası,
Elçinəm, olmuşam eşqin qəvvası,
Gözəlim, sən mənim eşq ümmanımsan.

Müəllif: Elçin Məlhəmli (Bagirov)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru