MÜBARİZ HÜSEYN (BORÇALI)

ÖMRÜNÜN PAYINI QIŞ YAZA VERƏ

Heyif, o bəyə ki, gəda əlində,
Ömrünü zay edib güdəza verə.
Heyif, O, gəncə ki, sevən qəlbını.
Əyləncə düşkünü bir qıza verə.

Bəxtin qaralığı çox tale didər,
Ömrü min sınağa çəkib incidər.
Dünya hey can atar, yeni bir kədər
Hamıdan atılmış yalqıza verə.

Qəriblər bənd alar, mərdin sərinə
İgidlər, can qıyar, özgə yerinə
Bahara tələsən el xatirinə
Kaş, yarı ömrünü qış yaza verə.

Nələr arzuladım, qaldı gözümdə,
Can üzən əzaba, dözmür dözüm də!
Hər zaman demirəm qüssədə, qəmdə
Omrünün payını çox aza verə.

<<<< MÜBARİZ HÜSEYN (BORÇALI) >>>>

EHTİYATLI OL

Kim yan ötür, kim ınciyir, kim küsür.
Onlar ilə ehtiyatlı dolan sən.
İşləriniz olsa əgər, kəm – kəsir,
Olacaqsan bil ki, tənha qalan sən.

Şirin dillə laf edənə inanma,
Etibarı ürəyindən gəlməsə.
Yalanını pərdələyir, çin anma,
Gen dur, olan yaxşılığı bilməsə.

Nə vaxtdan ki, görünmürdü gözünə,
Birisiylə incik düşsən, gəldisə,
Bil kı, güdüb qazanc gəzir özünə,
Silahıdır, səndən nəyi, bildisə.

Qürurlu kəs anla, heç vaxt sürünmür,
Yad sözüylə vurma mərdə yara sən.
Desələr ki, dostun pisdi, görünmür,
Bəlkə, xəstəhaldı onu ara sən.

<<<< MÜBARİZ HÜSEYN (BORÇALI) >>>>

FƏLAKƏT

Gurlayaraq, uca göydə cəng edib,
İldırımlı şimşək çaxır, fəlakət.
Zərbəsiylə ormanları incidib,
Yandıraraq oda yaxır, fəlakət.

Güc qüvvəsi hey bəşəri çaşdırıb,
Əsdirəndə, ümmanları daşdırıb,
Pak suyu da, əməliylə çoşdurub
Kükrəyərək, sel tək axır, fəlakət.

Güc toplayar, dünyanın bəd şərindən.
Məchul sirrdi, ha öyrənsək dərindən.
Silkələsə dağ oynadar yerindən,
Göydələni yerə yıxır, fəlakət.

Parçalayır ulduzu əlləriylə,
Gah yaranır insan əməlləriylə,
Ayrı salır xalqını elləriylə
Pusqu qurub hər an baxır, fəlakət.

<<<< MÜBARİZ HÜSEYN (BORÇALI) >>>>

BƏXT YOLU

Tələsdirmə heç vaxt, nail olmağa
Səadətin, qənşər gəlsə üzünə.
Səbr edən ol, istəkdən kam almağa
Çıxma yoldan düşübsənsə izinə.

Yanan nurun, ziyasına doğru get
Tez görərsən, ilişməyə nə varsa.
Məqsədini, taleyinə bəyan et,
Əqlə güvən inam razı olarsa.

Ay da düşər məhvərindən çıxarsa.
Bu dünyanın qanunu var, hər işdə.
Bəxt yolunda sağa, sola gedərsə
Büdrəyən kəs tez yıxılar gedişdə.

Demə, gələn vüsala güc göstərəm.
Qeyb edərsən, bəlkə çatım tez, deyə.
Halallığın, doğru yolun istərəm,
Nümunə tək tey çəkilsin özgəyə.

<<<< MÜBARİZ HÜSEYN (BORÇALI) >>>>

DÜNYAYA SUAL

Dünya, etdin insanı,
Yaş payından, kəsəni.
Aparır qəm nöqsanı,
Həyatından küsəni.

İncikliyi salmısan,
Tale, bəxt arasında.
Kama çatan olmusan
Ürəklər yarasında.

Təbiətdə gerçəklər,
Fəlakətə bürünür.
Yox olur gül, çiçəklər,
Hər yanda qan görünür.

Kəmənd atıb, durmadan,
Artırırsan dərd, ahı.
Qətl edirsən sormadan,
Nədir bəşər günahı.

Dağ ki, çəkirsən bizə,
De:- küsməzmi oğul, qız?
Üz tutsa başqa ərzə,
Darıxmazsanmı yalqız?

<<<< MÜBARİZ HÜSEYN (BORÇALI) >>>>

EY CAN!

Ədavət yarası, qaysaq bağlasa,
Kinayəli sözlə qaşıma, Ey can!
Gülmə, get düşmənin evində, yasa
Qoy hörmət qoyulsun yaşıma, Ey can!

Ağacı sev yenə, dərilibsə, o.
Qolunda güc artır gərilibsə, o.
Hansı ümid ilə verilibsə, o.
Qorunmayan adı daşıma, Ey can!

Anla, yolçususan qərq olan köçün.
Yanana, yanaraq hey için – için,
Özgəni ağ günə çatdırmaq üçün
Bəyazlıq gətirdin başıma, Ey can!

Demə ki, edərdim O, bilən olsa.
Əməlin gözlərdən yaş silən olsa
Qəmli görüşünə bir gələn olsa
Ah çəksin baxanda daşıma, Ey can!

Müəll: MÜBARİZ HÜSEYN (BORÇALI)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir