MUSA ƏLƏKBƏRLİ

<<<< MUSA ƏLƏKBƏRLİ “ÜÇ YARPAQ” RUBRİKASINDA >>>>

MƏSLƏHƏT

Xain yolunu bağladı
Onu axmağa qoymadı.
Bu ünvanda batan bulaq
Başqa ünvanda qaynadı.

O bulağın yolu üstə
Qəfil salınan çiləkən.
Oldu yeni şəffaflığa,
Duruluğa bir pilləkən.

Meydan açın yaxşılığa,
Pislik yoluyla getməyin.
Bulaq kimi qaynayanı
Batırmağa cəhd etməyin!

Noyabr 2019

<<<< MUSA —— ƏLƏKBƏRLİ >>>>

ÜZÜNDƏ AY HÜSNÜ, GÜN ŞÖLƏSİ VAR

Sənintək mələklər doğulur tək-tək,
Sovrulub gözümə kül, görməmişəm.
Belə gözəllikdə zərif kəpənək,
Belə təravətdə gül görməmişəm.

İncəlik tapıbdır özünü səndə,
Lətiflik, şirinlik dilə yaraşıq.
Axı necə çəkim gözümü səndən,
Mən haçan görmüşəm belə yaraşıq?!

Üzündə ay hüsnü, gün şöləsi var,
Göylər özü səni seçib xəbərsiz.
Yanıl yanağında dağ laləsi var,
Xalı ürəyimə köçüb xəbərsiz.

Qaymaq dodaqların şehli qızılgül,
Ona dodağımın ərki çatarmı?!
Şəhidlik yoluna çıxıb bir könül,
Heç bu müsibətdən xəbərin varmı?!

Tutub gözlərini başımın çəni,
Nələr çəkdiyimi duyub Allahım.
Sənintək bəlalı bir möcüzəni
Dünyada tək mənə qıyıb Allahım!

<<<< MUSA —— ƏLƏKBƏRLİ >>>>

MƏHƏBBƏT

Ömrümü-günümü dada gətirdi,
Bu dünyanın dadı, duzu məhəbbət.
Qəlbimi özünə ruzu elədi,
O tanrı qisməti, – ruzu məhəbbət.

İllərcə çəkdiyim qəmi itirdi,
Bir xoş təbəssümlə müjdə yetirdi.
Qışın oğlan çağı qönçə bitirdi,
Əritdi sırsıra buzu məhəbbət.

Mən can qıyıramsa mehrü-ülfətə,
Yer vermə sən yersiz sözə, söhbətə.
Qurban olmalıyıq biz məhəbbətə,
Məhəbbət yaradıb bizi, məhəbbət.

Heç zaman yaxşını, yamanı seçmir,
Dərya aciz qalır, ümman da ölçmür.
Niyə olduğutək dilimə köçmür,
Qəlbimin közərən közü məhəbbət.

Mən ondan bu yaşda nə gördüm axı,
Ürəyim əlində nanə yarpağı.
Yaşıla qərq edir dərəni, dağı,
Laləynən yandırır düzü məhəbbət.

Könlümün ilahi butası istək,
Anası sevgidir, atası istək.
Göydə mələklərə çatası istək,
Tanrının yerdəki sözü – məhəbbət.

Əlimin-qolumun çəpəri yoxdu,
Eşqim bir qaladı sipəri yoxdu.
Qəlbimin canavar təpəri yoxdu
Köksümə sığınıb quzu məhəbbət.

Gözlərim tor görür, gözünü yeyim,
Bəlkə yüz kitaba sığmaz gileyim.
Ondan nə danışım, ondan nə deyim,
Məni zəlil etdi düzü, məhəbbət.

Dedim bu istəyi heç kəs bilməsin,
Sənin birdən-birə yadlaşdı səsin.
Bir zaman başına dolanan kəsin
Adı Musa olub, özü məhəbbət.

Müəllif: MUSA ƏLƏKBƏRLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir