Rasimə Könül

RASİMƏ KÖNÜLÜN SÖZ DÜNYASI

TƏKİ VƏTƏN VAR OLSUN!

Qalx ayağa,vətən oğlu,zamandı!
Bəsdir daha yurdun-yuvan talandı!
Ulu xalqım bu durumdan usandı!
Qov yağını vətənimdən, xar olsun!
Şəhid olsaq, təki vətən var olsun!

Yurdlarımı min hiyləylə aldılar.
Ellərimi yurddan qaçqın saldılar.
Xainliklə yuvamıza doldular.
Qov yağını vətənimdən ,xar olsun!
Təki anam Azərbaycan var olsum!.

Qorxu nədir bilməyib mərd babalar.
Qanlarını daşıyır qurd balalar.
Qalxıb vətən qisasını alarlar.
Qov yağını vətənimdən,xar olsun!
Təki Bütöv Azərbaycan var olsun!

Qafqazların vüqarını qaytaraq.
Elin gözəl növrağını qaytaraq.
Girov vətən torpağını qaytaraq!
Qov yağını vətənimdən,xar olsun!
Qazi olaq, təki vətən sağ olsun!

Qulaq asaq ruhumuzda fəryada.
Ana vətən qalmaz yağıya-yada.
Başı uca yaşamaqçün dünyada,
Qov yağını vətənimdən ,xar olsun!
Elim-obam-yurdum-yuvam var olsun!

Qorxu bilməz Mübarizə bənzəyək!
Fuad kimi doğru sözə bənzəyək!
Elə Nadir babamıza bənzəyək!
Qov yağını vətənimdən, xar olsun!
Təki Bütöv Azərbaycan var olsun!

Azad olsun Qarabağ şikəstəsi.
Eşidilsin Xarı Bülbül naləsi!
Oyatsın Şuşamı azanın səsi!
Qov yağını vətənimdən,xar olsun!
Təki anam Azərbaycan var olsun!

Yer, dünyaya göz açınca yurd olar.
Azərbaycan igidləri mərd olar.
Qorumasaq vətənsizlik dərd olar!!!
Qov yağını vətənimdən,xar olsun!
Təki azad Azərbaycan var olsun!

<<<< RASİMƏ KÖNÜLÜN SÖZ DÜNYASI >>>>

BİZİM SEVGİMİZ.

Sandım,unudaram sənli günləri …
Sandım,o günlərə dönmərəm daha .
Qəlbimi yaxsa da xatirələri …
Ürəyim yansa da dinmərəm daha …

Bilməzdim ,bu sevda hopub qəlbimə,
özümdən xəbərsiz yaşayacaqmış …
Bilməzdim,gözümdə çevrilib nəmə ,
Qəlbimə naxışlar toxuyacaqmış …

Bu sevda gül üstə səhər şəbnəmi ….
Bu sevda düzülüb kipriklərimə …
Bu sevda yaşadır ,həyatda məni ,
dönərək könlümdə nəğmələrimə …

Xoş arzular imiş,bizim sevgimiz ..
Kül altda qor imiş, bizim sevgimiz ..
Əbədi var imiş bizim sevgimiz …
Bir dünya dar imiş ,səninlə-mənə…

Ulduzumuz yenə barışacaqmı ?
Ruhumuz göylərdə qovuşacaqmı ?
Mələklər bu eşqdən danışacaqmı ?
Baxıb məhəbbətin əfsanəsinə …

<<<< RASİMƏ KÖNÜLÜN SÖZ DÜNYASI >>>>

ANA DEDİM

Ana dedim, uçan quşlar dayandı.
Laylasıyla gecəm nura boyandı.
Ay da gəlib pəncərəmə boylandı.
Sehirli bir sədası var ANANIN!

Ana dedim,tumarlandı tellərim.
Hənirləndi buza dönmüş əllərim.
Ana sözü bəzəyidir dillərin.
Qulağımda duası var ananın.

Ana dedim, dilə gəldi təbiət.
Küləklər də etdi mənimlə söhbət.
Bu üç hərfdə dünya boyda məhəbbət.
Tükənməyən sevdası var ananın!

Qəlbimizdə-ruhumuzda yaşayır.
Həyat elə analardan başlayır.
Xoşbəxt olan ana adı daşıyır.
Bir sehirli dünyası var ananın!

Söz çatammaz bəzəməyə adına.
Od çatammaz istisinə-oduna.
Hamımıza həyat verən qadına,
Dünya boyda sevdası var hamının!

<<<< RASİMƏ KÖNÜLÜN SÖZ DÜNYASI >>>>

SÖZ

Bircə hecası var,min-bir mənası.
Ağıl-düşüncədir sözün xanası.
Yersiz deyilərsə bircə dənəsi,
Ocaqsız-tüstüsüz yandırandı söz.

Söz var qaranlığa çıraq kimidir.
Söz var hikmətli bir kitab kimidir.
Söz var çağlayan bir bulaq kimidir.
Hicranı-həsrəti söndürəndi söz.

Ağıllı baxışlar gözüdür sözün.
Gözəli,doğrusu-düzüdür sözün.
Sevgi ləzzətidir-duzudur sözün.
Kədəri-sevincə döndərəndi söz.

Könül dediyini söz deyə bilsə,
Bütün dil-dodaqlar düz deyə bilsə,
Ağıl həqiqəti yaz, deyə bilsə,
Bütün mətləbləri qandırandı söz.

Nəfsi ədalətə kölgə salanlar.
Qalmasa danışan inan, yalanlar.
Olardı doşt-qardaş-doğma, insanlar.
Dünyanı cənnətə döndərərdi söz

<<<< RASİMƏ KÖNÜLÜN SÖZ DÜNYASI >>>>

NƏ SUALA ÇƏKİRSƏN?

Yenə məni nə suala çəkirsən,
Ruhumu cismimdə ağladan könül?
Çəkdiyimi gözlərimə köçürsən,
Nələri görərsən aynadan, könül!

Bu fani dünyanın uyma halına,
Uyma gərdişinə,cah-cəlalına,
Qalan deyil vəfalıya-zalıma,
Hamsı köç eyləyir dünyadan,könül!

O gördüyüm sıra-sıra dağları,
Gəzdiyim çiçəkli göy yaylaqları,
Suyundan içdiyim buz bulaqları,
İndi seyr edirəm röyadan,könül!

Yetim qalan bir obam var uzaqda.
İsti yuvam olub qışda-sazaqda,
Yadlar cövlan edən doğma oylaqda.
Xəyalım üşüyür şaxtadan,könül!

Bahar ayaq açır yenə dağlara,
Dağlar çiçəklənər,dönər gülzara.
Sinəmdə həsrətdən açılan yara,
Sağalar bir keçsəm oradan, könül!

Ruhumuz doğmaykən tək yaradana.
Nədən qənim olub insan-insana?
Qayıda xoş günlər,dönə zəmanə,
Ayrılıq köç edə aradan ,könül!

<<<< RASİMƏ KÖNÜLÜN SÖZ DÜNYASI >>>>

BİRLƏŞİN!

Ürəyi yara vətənim.
Çəkilir dara,vətənim!
Bu para-para vətənin,
Tökülür qanı,birləşin!

Pərən-pərən düşüb elim.
Gülüstanda solur gülüm!
El iğidim,el gözəlim,
Pirim-cavanım, birləşin!

Miaçum! Deyən yağılar,
Xanın kəndinə yığılar!
Qarabağ cihad çağırar!
Dərya-ümmanım,birləşin!

Xan Arazım aşar-daşar,
İki sahil qucaqlaşar!
Bütöv Azərbaycan yaşar!
Deyən insanım,birləşin!

Arazın o yan- bu yanı.
Tanı sərhəddini, tanı!
Yazmağa zəfər dastanı,
Dağım-aranım,birləşin!

Qarabağsız yoxdu vətən!
Şəhidlərə bayraq kəfən!
Vətən üçün candan keçən,
Südü halalım,birləşin!

<<<< RASİMƏ KÖNÜLÜN SÖZ DÜNYASI >>>>

BİRİ VARDI, BİRİ YOX.

Bir şirin nağıldı həyat.
Noğultək dağıldı həyat.
Körpədi,ahıldı həyat.
Biri vardı, biri yox…

Bu ömrü sevgi yaşadır
Sevgisiz ömür boşadır.
Sevinc-kədərlə qoşadır.
Biri vardı, biri yox.

Deməyək boşa yazılıb.
Taleydir,başa yazılıb.
Sirlər- sirdaşa yazılıb.
Biri vardı, biri yox.

Xəyallarımız yol gedər.
Beşikdən məzara qədər.
Arzu bitməz,ömür bitər…
Biri vardı, biri yox.

Müəllif: RASİMƏ KÖNÜL

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aida Adıgözəl

AİDA ADIGÖZƏL “ÜÇ YARPAQ”-DA

Təsəlli

Sıxma ürəyini gözünə qurban,
mən nələr itirdim, sən nələr tapdın ?!
Həyat da bu imiş ..gözəl deyilən
bacarırsan yaşa, bəxtdən nə qapdın.

Olar çiçək açar ömrün payızı ,
olar çiçək bitməz təpə , dağında .
Payızda yağışa həsrət qalarsan ,
bircə toxum bitməz yazda bağında.

Olar sevinərsən xoşbəxtəm deyə ,
olar dərdlənərsən bu nə bəxt , yazı ?!
Görərsən əlində olsa da qələm ,
sənlik deyil imiş bu yazı , pozu .

Bircə ürəyim var əlimdə qalan ,
o da paramparça , sınıb tökülmüş .
Demirəm tikiş at ,demirəm sağalt ,
bir azca təsəlli , evi tikilmiş …

Sıxma ürəyini gözünə qurban ,
mən nələr itirdim ,sən nələr tapdın ?!
Həyat də bu imiş …gözəl deyilən ,
bacarırsan yaşa , bəxtdən nə qapdın !
03.12.2014

<<<AİDA ADIGÖZƏL>>>

Özündən qaçış

Bir gün yıxılarsan ürəyin üstə ,
acı etirafdan :- “sevmirəm səni”…
o gündən taparsan dərdi, kədəri,
canından çıxmayan qəmi qüssəni .

anlarsan…
Sevmək də dəhşətmiş , sevilməmək də !

Sınıb dağılarsan qaranlıqlara ,
hər qırıq bağrında min yara açar ,
inamın yıxılar , güvənin itər ,
daha şübhələrin min yerə qaçar .

anlarsan…
Unudulmaq dəhşətmiş , unutmamaq da !

Özünü aldadıb inandırmağa
tapıb yapışarsan saman çöpündən ,
ömrün uzadarsan xəyallarının ,
çıxmaq istəməzsən yalan gölündən .

anlarsan …
Getmək də dəhşətmiş , gedəmməmək də !

Uduzmaq ağırmış ,həzm etmək çətin ,
ölmək istəyərsən dəyərin üçün ,
bir gün anlayarsan demə dəyməzmiş ,
səni istəməyən birisi üçün .

anlarsan…
Ölmək də dəhşətmiş, öləmməmək də !
05.12.2019

<<<Aida Adıgözəl>>>

Tanış hekayələr

Sənlə rastlaşanda payız gəlmişdi ,
sənin saçlarına nə qədər qırov
mənim gözlərimə sazaq düşmüşdü .
Biz üşüyürdük !

İkimiz ağ saçlı , gözü eynəkli ,
soyuqlar düşəndə canı ağrıyan ,
ümidsiz sevgidən qəlbi göynəkli…
Biz tanış idik !

Bəlkə şeir idi bizi bağlayan ,
bəlkə misraların tilsimindəydik ,
bəlkə sözlər idi bərk əfsunlayan ?
Biz sözə aşiqdik !

İndi qarşımızda bir fincan tünd çay ,
gözümüz yumulu barmaqlar qatdaq ,
görüş günümüzü hesabla say, say …
Biz darıxırdıq !

Qarışmış bu ara bir az duyğular ,
pərdə arxasında qara kölgələr ,
ortalıq qarışıq , artıb qayğılar
Biz uzaqlaşırdıq !
05.12..2019

Müəllif: AİDA ADIGÖZƏL

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Səyahət davam edir

Rövşən Abdullaoğlu South Pole, Antarctica adlı yerdədir.

 Amundsen-Scott South Pole Station, Antarktida · 

Adaya düşməmişdən əvvəl xüsusi tozsoranlar vasitəsilə üzərimiz təmizlənir, sonra da başdan-ayağa dezinfeksiya olunur. Bununla üzərimizdə ola biləcək hər hansı bir toxum, mikroorqanizm, mikrob və s. in adaya düşmə ehtimalının qarşısını alırlar. Gəmiyə qayıdanda da eyni prosedur təkrarlanır.

Bu yerlərin özünəməxsus flora və faunası var, bizim üçün adi olan hər hansı bir bitki və ya bədənimizdə oraya daşıya biləcəyimiz mikrob yayılaraq oranın təbiəti üçün təhlükəli ola bilər. Ona görə də bu qaydalara çox həssaslıqla riayət olunur. Dünyanın istəyi Antarktidanın təbii flora və faunasını olduğu kimi qoruyub saxlamaqdır.

Rövşən Abdullaoğlu South Pole, Antarctica adlı yerdədir.

23 saat · Amundsen-Scott South Pole Station, Antarktida · 

Antarktida sahilləri boyunca üzürük. Hər dəfə fərqli sahilə yan alaraq quruya çıxacağıq. Hər tərəf qarla örtülüdür; iqlim, heyvanat aləmi, dağlar – hər şey çox fərqlidir. Hər dəfə sahilə yan almadan öncə təlimlər olacaq. Bizi nə gözlədiyi, necə davranmalı olduğumuz barədə məlumat veriləcək. Təlimdə iştirak etməyənlərə sahilə enməyə icazə verilmir.

Hazırda yenidən təlimlərə başladıq. İştirakçıların siyahısı tutuldu, bu siyahı üzrə də bizi sahilə buraxacaqlar. Sərnişinləri komandalara böldülər, hər komandanın bir rəhbəri var. Rəhbərlər xüsusi təlim görmüş bələdçilərdir. Hazırda qaydalar izah edilir. Antarktidaya ayaq basan hər kəs beynəlxalq qaydalara əməl etməlidir. Bununla bağlı hər birimiz yazılı sənəd imzaladıq.

Sizin üçün maraqlı ola biləcəyini düşündüyüm bəzi qaydaları qeyd edim:

Sahildə bələdçilərin təyin etdiyi hərəkət trayektoriyasından çıxmaq qəti qadağandır. Bəzən buzlaqların arasında çatlar əmələ gəlir, lakin bu çatların üzəri qarla örtüldüyündən biz onları görmürük. Hərəkət traektoriyasından çıxdıqda bir göz qırpımında bu yarğanlardan birinə yuvarlana bilərsən ki, bunun da sonu heç yaxşı qurtarmaz.

Gəmidən sahilə heç bir qida aparmaq olmaz. Sahildə rastımıza çıxan heyvanlara yaxınlaşmaq, onları yemləmək, ürkütmək, ümumiyyətlə, hündürdən danışmaq qadağandır, heyvanlara qartopu atmaq da olmaz. Pinqivinlərin arxasınca düşməyə də icazə yoxdur, əgər yolunuz kəsişərsə, onların keçməsinə imkan yaratmalısınız.

Sahili heç bir səbəblə çirkləndirmək olmaz. Səyyahlar təbii ehtiyaclarını belə yalnız və yalnız gəmidə təmin etməlidirlər. Çıxılmaz hallarda gəmidən gətirilmiş xüsusi dəmir qablardan istifadə olunur ki, bu qablar sonradan gəmiyə geri aparılır və yalnız orada təmizlənir.

Ümumi qaydalara əməl etməyənləri də təlimdə iştirak etməyənlərlə eyni aqibət gözləyir. Onlar gəmiyə qaytarılır, sahilə çıxışları məhdudlaşdırılır və ya tamamilə ləğv edilir.

Uğurlu yollar!!! Səfər boyu məlumat verəcəyik.

Mənbə: Rövşən Abdullaoğlu / Rovshan Abdullaoglu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru