Rasimə Könül

RASİMƏ KÖNÜLÜN SÖZ DÜNYASI

TƏKİ VƏTƏN VAR OLSUN!

Qalx ayağa,vətən oğlu,zamandı!
Bəsdir daha yurdun-yuvan talandı!
Ulu xalqım bu durumdan usandı!
Qov yağını vətənimdən, xar olsun!
Şəhid olsaq, təki vətən var olsun!

Yurdlarımı min hiyləylə aldılar.
Ellərimi yurddan qaçqın saldılar.
Xainliklə yuvamıza doldular.
Qov yağını vətənimdən ,xar olsun!
Təki anam Azərbaycan var olsum!.

Qorxu nədir bilməyib mərd babalar.
Qanlarını daşıyır qurd balalar.
Qalxıb vətən qisasını alarlar.
Qov yağını vətənimdən,xar olsun!
Təki Bütöv Azərbaycan var olsun!

Qafqazların vüqarını qaytaraq.
Elin gözəl növrağını qaytaraq.
Girov vətən torpağını qaytaraq!
Qov yağını vətənimdən,xar olsun!
Qazi olaq, təki vətən sağ olsun!

Qulaq asaq ruhumuzda fəryada.
Ana vətən qalmaz yağıya-yada.
Başı uca yaşamaqçün dünyada,
Qov yağını vətənimdən ,xar olsun!
Elim-obam-yurdum-yuvam var olsun!

Qorxu bilməz Mübarizə bənzəyək!
Fuad kimi doğru sözə bənzəyək!
Elə Nadir babamıza bənzəyək!
Qov yağını vətənimdən, xar olsun!
Təki Bütöv Azərbaycan var olsun!

Azad olsun Qarabağ şikəstəsi.
Eşidilsin Xarı Bülbül naləsi!
Oyatsın Şuşamı azanın səsi!
Qov yağını vətənimdən,xar olsun!
Təki anam Azərbaycan var olsun!

Yer, dünyaya göz açınca yurd olar.
Azərbaycan igidləri mərd olar.
Qorumasaq vətənsizlik dərd olar!!!
Qov yağını vətənimdən,xar olsun!
Təki azad Azərbaycan var olsun!

<<<< RASİMƏ KÖNÜLÜN SÖZ DÜNYASI >>>>

BİZİM SEVGİMİZ.

Sandım,unudaram sənli günləri …
Sandım,o günlərə dönmərəm daha .
Qəlbimi yaxsa da xatirələri …
Ürəyim yansa da dinmərəm daha …

Bilməzdim ,bu sevda hopub qəlbimə,
özümdən xəbərsiz yaşayacaqmış …
Bilməzdim,gözümdə çevrilib nəmə ,
Qəlbimə naxışlar toxuyacaqmış …

Bu sevda gül üstə səhər şəbnəmi ….
Bu sevda düzülüb kipriklərimə …
Bu sevda yaşadır ,həyatda məni ,
dönərək könlümdə nəğmələrimə …

Xoş arzular imiş,bizim sevgimiz ..
Kül altda qor imiş, bizim sevgimiz ..
Əbədi var imiş bizim sevgimiz …
Bir dünya dar imiş ,səninlə-mənə…

Ulduzumuz yenə barışacaqmı ?
Ruhumuz göylərdə qovuşacaqmı ?
Mələklər bu eşqdən danışacaqmı ?
Baxıb məhəbbətin əfsanəsinə …

<<<< RASİMƏ KÖNÜLÜN SÖZ DÜNYASI >>>>

ANA DEDİM

Ana dedim, uçan quşlar dayandı.
Laylasıyla gecəm nura boyandı.
Ay da gəlib pəncərəmə boylandı.
Sehirli bir sədası var ANANIN!

Ana dedim,tumarlandı tellərim.
Hənirləndi buza dönmüş əllərim.
Ana sözü bəzəyidir dillərin.
Qulağımda duası var ananın.

Ana dedim, dilə gəldi təbiət.
Küləklər də etdi mənimlə söhbət.
Bu üç hərfdə dünya boyda məhəbbət.
Tükənməyən sevdası var ananın!

Qəlbimizdə-ruhumuzda yaşayır.
Həyat elə analardan başlayır.
Xoşbəxt olan ana adı daşıyır.
Bir sehirli dünyası var ananın!

Söz çatammaz bəzəməyə adına.
Od çatammaz istisinə-oduna.
Hamımıza həyat verən qadına,
Dünya boyda sevdası var hamının!

<<<< RASİMƏ KÖNÜLÜN SÖZ DÜNYASI >>>>

SÖZ

Bircə hecası var,min-bir mənası.
Ağıl-düşüncədir sözün xanası.
Yersiz deyilərsə bircə dənəsi,
Ocaqsız-tüstüsüz yandırandı söz.

Söz var qaranlığa çıraq kimidir.
Söz var hikmətli bir kitab kimidir.
Söz var çağlayan bir bulaq kimidir.
Hicranı-həsrəti söndürəndi söz.

Ağıllı baxışlar gözüdür sözün.
Gözəli,doğrusu-düzüdür sözün.
Sevgi ləzzətidir-duzudur sözün.
Kədəri-sevincə döndərəndi söz.

Könül dediyini söz deyə bilsə,
Bütün dil-dodaqlar düz deyə bilsə,
Ağıl həqiqəti yaz, deyə bilsə,
Bütün mətləbləri qandırandı söz.

Nəfsi ədalətə kölgə salanlar.
Qalmasa danışan inan, yalanlar.
Olardı doşt-qardaş-doğma, insanlar.
Dünyanı cənnətə döndərərdi söz

<<<< RASİMƏ KÖNÜLÜN SÖZ DÜNYASI >>>>

NƏ SUALA ÇƏKİRSƏN?

Yenə məni nə suala çəkirsən,
Ruhumu cismimdə ağladan könül?
Çəkdiyimi gözlərimə köçürsən,
Nələri görərsən aynadan, könül!

Bu fani dünyanın uyma halına,
Uyma gərdişinə,cah-cəlalına,
Qalan deyil vəfalıya-zalıma,
Hamsı köç eyləyir dünyadan,könül!

O gördüyüm sıra-sıra dağları,
Gəzdiyim çiçəkli göy yaylaqları,
Suyundan içdiyim buz bulaqları,
İndi seyr edirəm röyadan,könül!

Yetim qalan bir obam var uzaqda.
İsti yuvam olub qışda-sazaqda,
Yadlar cövlan edən doğma oylaqda.
Xəyalım üşüyür şaxtadan,könül!

Bahar ayaq açır yenə dağlara,
Dağlar çiçəklənər,dönər gülzara.
Sinəmdə həsrətdən açılan yara,
Sağalar bir keçsəm oradan, könül!

Ruhumuz doğmaykən tək yaradana.
Nədən qənim olub insan-insana?
Qayıda xoş günlər,dönə zəmanə,
Ayrılıq köç edə aradan ,könül!

<<<< RASİMƏ KÖNÜLÜN SÖZ DÜNYASI >>>>

BİRLƏŞİN!

Ürəyi yara vətənim.
Çəkilir dara,vətənim!
Bu para-para vətənin,
Tökülür qanı,birləşin!

Pərən-pərən düşüb elim.
Gülüstanda solur gülüm!
El iğidim,el gözəlim,
Pirim-cavanım, birləşin!

Miaçum! Deyən yağılar,
Xanın kəndinə yığılar!
Qarabağ cihad çağırar!
Dərya-ümmanım,birləşin!

Xan Arazım aşar-daşar,
İki sahil qucaqlaşar!
Bütöv Azərbaycan yaşar!
Deyən insanım,birləşin!

Arazın o yan- bu yanı.
Tanı sərhəddini, tanı!
Yazmağa zəfər dastanı,
Dağım-aranım,birləşin!

Qarabağsız yoxdu vətən!
Şəhidlərə bayraq kəfən!
Vətən üçün candan keçən,
Südü halalım,birləşin!

<<<< RASİMƏ KÖNÜLÜN SÖZ DÜNYASI >>>>

BİRİ VARDI, BİRİ YOX.

Bir şirin nağıldı həyat.
Noğultək dağıldı həyat.
Körpədi,ahıldı həyat.
Biri vardı, biri yox…

Bu ömrü sevgi yaşadır
Sevgisiz ömür boşadır.
Sevinc-kədərlə qoşadır.
Biri vardı, biri yox.

Deməyək boşa yazılıb.
Taleydir,başa yazılıb.
Sirlər- sirdaşa yazılıb.
Biri vardı, biri yox.

Xəyallarımız yol gedər.
Beşikdən məzara qədər.
Arzu bitməz,ömür bitər…
Biri vardı, biri yox.

Müəllif: RASİMƏ KÖNÜL

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

One thought on “Rasimə Könül”

  1. Yazarlarımız işğalda qalan girov yurdlarımızdan,onun azadləğı uğrunda canlarından keçən mərd oğul və qızlarımız haqda yazmalıdır .
    Xalqımızı torpaqlarımızən azad edilməsi üçün birliyə səsməlidirlər
    Hər birimizin üzərinə çətin bir vəzifə düşür.Vətənimizi azad etmək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir