BAYRAM BAYRAMOV – 101

11 DEKABR ONUN DOĞUM GÜNÜDÜR

(Ruhu şad olsun. Allah qəni-qəni rəhmət eləsin.)

Sovet dövrünün gəncləri olan bizlər onu “Arakəsmələr”, “Xəzinə”, “Bəlalı sevgim”, “Fəhlə qardaş”, “Yarpaqlar”, “Cıdır düzü” romanları ilə tanıdıq, sevdik. Və kitablarını sevdiyimiz kitabların yanına qoyduq, özünü isə sevdiyimiz ədiblərimizlə bərabər tutduq. 

Söhbət görkəmli nasir, Xalq yazıçısı Bayram Bayramovdan gedir. Sevilən yazıçımızın keçdiyi həyat və yaradıcılıq yoluna nəzər salaq:” Bayram Salaman oğlu Bayramov1918-ci il dekabrın 11-də Qarabağ bölgəsinin Ağdamın rayonunun (o vaxtkı Yelizavetpol quberniyasının Şuşa qəzası) Şivənd kəndində anadan olub. 1934-1938 –ci illərdə Yeddiillik kənd məktəbini bitirib Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirib. 1938-1942-cı illərdə Tərtər rayonundakı Qusanlı kənd natamam orta məktəbində müəllim , Müsəlmanlar kəndində natamam orta məktəbin tədris hissə müdiri, Xoruzlu kənd yeddiillik məktəbində məktəb müdiri işləyib. 

1942-ci ildə Böyük Vətən müharibəsində Mozdok uğrunda döyüşlərdə iştirak edib, ağır yaralanıb . Hərbi xəstəxanada sağaldıqdan sonra altı ay Yevlax rayonunun Qoyunbinəsi kənd yeddiillik məktəbində müdirlik edib. 1943-cü ilin aprelində yenidən Sovet Ordusu sıralarında qulluğa yola düşüb. 1944-1945-ci illərdə tərxis olunub doğma kəndlərinə qayıdarkən burada pedaqoji fəaliyyətini davam etdirib yeddiillik məktəbin müəllimi işləyib. 1945-1971-ci illərdə ADU-nun fılologiya fakültəsində təhsil alıb. Sonra N.K.Krupskaya adına kitabxanaçılıq texnikumunda müəllim , Azərbaycan radiosunun ədəbi dram verilişləri redaksiyasında məsul redaktor, “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi işləyib. Dövlətnəşrkomda sədr müavini kimi çalışıb. 1984-cü ildə Azərbaycan Xalq yazıçısı fəxri adına, 1990-cı ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb. 1988-ci ildə Qarabağ hadisələri başlayanda fəal ictimai mövqeyi ilə seçilib. Qarabağa Xalq Yardımı Komitəsinin sədri vəzifəsində fəaliyyətini davam etdirərək Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990) seçilib. Bədii yaradıcılığa 1950-ci ildə “Azərbaycan gəncləri” qəzetində çıxan “Körpü” adlı ilk hekayəsi ilə başlayıb. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib. “Arakəsmələr”, “Xəzinə”, “Bəlalı sevgim”, “Fəhlə qardaş”, “Yarpaqlar”, “Cıdır düzü” və s. romanların müəllifidir. Sovet dövründə ən çox oxunan yazıçılardan biri olub. Əsərləri SSRİ-də, eyni zamanda xarici ölkələrdə tərcümə və nəşr olunub. Dilinin sadəliyi, axıcılığı, əsərlərində yeniliyin hər dəfə mühafizəkarlığa qalib gəlməsi onu oxuculara sevdirən başlıca cəhətlərdən biriydi. Bayram Bayramovun 80-ci illərin axırlarında “Azərbaycan” jurnalında “Üzlü-astarlı günlər” adlı avtobioqrafik romanı çap olundu. Həmin romanı gənclər çox maraqla oxuyurdu. 

Yazıçı bu əsərdə özünün məşəqqətli və əzablı həyat yolu haqqında oxucuya məlumat verməklə yetinmir, həmçinin 30-40-50-ci illərin ictimai-siyasi, mənəvi mənzərəsini göstərir. Yazıçının “Karvan yolu” romanı xalqımızın ən işıqlı simaları Cəlil Məmmədquluzadənin və onun həyat yoldaşı, əslən Qarabağdan olan ziyalı, maarifçi Həmidə xanım Cavanşirin həyat və fəaliyyətlərinin əzablı, müsibətli dövründən bəhs edir. Bayram Bayramov həmçinin “Mən ki gözəl deyildim” “Firəngiz” “Onun bəlalı sevgisi” filmlərinin ssenari müəllifidir.

Müəllif: Əntiqə Rəşid

İlkin mənbə:Bayram Bayramov doğum günüdür – 101 yaş

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir