“Missiya” kitabının təqdimatı keçirilib – Aynurə Əliyeva

Professor Mahirə Hüseynovanın ümummilli lider Heydər Əliyev şəxsiyyətinə mənəvi borcun və ehtiramın bariz nümunəsi olan “Missiya” kitabının təqdimatı keçirilib.

Bu gün – yanvarın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın ümummilli lider Heydər Əliyevin çoxşaxəli ictimai-siyasi fəaliyyətinə, xüsusilə Azərbaycan dilinin qorunması və inkişafı, onun dövlət dili səviyyəsinə qaldırılması, xalqın ədəbiyyat və mədəniyyətinə, həmçinin ədəbiyyat və mədəniyyət xadimlərinə qayğısı ilə bağlı böyük bir dövrü-1969/87-ci illəri əhatə edən “Missiya” kitabının təqdimatı keçirilib.
Kitabın elmi redaktoru və ön sözün müəllifi akademik İsa Həbibbəyli, elmi məsləhətçisi tarix elmləri doktoru, professor Cəfər Cəfərov, rəyçiləri filologiya elmləri doktorları Himalay Qasımov və Buludxan Xəlilovdur.​ 
ADPU-nun Heydər Əliyev adına Lektoriyasında baş tutan təqdimatda universitet rəhbərliyi, professor və müəllim heyəti, AMEA-nın Ədəbiyyat İnstitutundan gələn qonaqlar iştirak edib.
Giriş sözü ilə tədbiri açıq elan edən ADPU-nun rektoru professor Cəfər Cəfərov ilk olaraq tədbir iştirakçılarını salamlayıb. Daha sonra Mahirə Hüseynovanın “Missiya” kitabının məziyyətlərindən söz açan professor Cəfər Cəfərov “iki ictimai-siyasi quruluşda Azərbaycana rəhbərlik edən” Heydər Əliyevin Azərbaycan iqtisadiyyatını möhkəmlətdiyini, onun şöhrətini, nüfuzunu yüksəklərə qaldırdığını​ tarixi faktlar və əsaslı dəlillərlə oxucuya çatdırılmasında müəllifin ustalığını nəzərə çatdırıb. O qeyd edib ki, professor Mahirə Hüseynova həyatın bütün sahələrində Ümummilli Liderin fəaliyyətini dialektik vəhdətdə götürür. Bir siyasi rəhbər kimi Heydər Əliyev strategiyasının uğurunu onun əvvəl dövlət yaratması, daha sonra​ ​ şəxsiyyətin mənəvi dəyərlərini uca tutmasında görür.​ 
Mahirə Hüseynova kitabda​ ümummilli lider Heydər Əliyevin ölçüyəgəlməz xidmətlərinin miqyasını və əhəmiyyətini uğurlu şəkildə təqdim edir və onun vahid ümumi məqsədə yönələn çoxşaxəli fəaliyyətinin əsas şaxələrindən birinin, Azərbaycanda elmin və təhsilin, ədəbiyyat və mədəniyyət mühitinin inkişafında oynadığı rolu faktlarla göz önündə canlandırır. Bu da həmçinin müəllifin Heydər Əliyev irsinə bağlılığından, bələdliyindən və sevgisindən irəli gəlir.​​ 
Professor Cəfər Cəfərov nəzərə çatdırıb ki, kitab gənc nəslə Azərbaycanın görkəmli dövlət xadimi, ümummilli lideri Heydər Əliyevin daha yaxından tanıdılması istiqamətində mühüm rol oynayacaq.​ 
ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov milli ideologiyamızın yaranması və formalaşmasında Ulu Öndər Heydər Əliyevin xidmətlərindən geniş bəhs edib. O, professor Mahirə Hüseynovanın böyük siyasi rəhbərin ictimai fəaliyyətinə dərindən bələd olduğunu və odur ki, məqama uyğun olaraq müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin həyatından anoloji epizodlara yer verməklə gənc nəslə hər bir xalqın ali siyasi iradəsinin təzahürü olan dövləti qorumağın nə qədər​ həyati bir məsələ olduğunu xüsusi vurğulayır.
​ Müəllif dövlət xadimi və ədəbiyyatımızın layiqli nümayəndəsi Nəriman Nərimanova Bakının ən görməli yerində möhtəşəm abidə ucaltdıran Heydər Əliyevin​ heykəlin açılışında söylədiyi nitqini​ xatırlatmaqla ümummili liderin ədəbiyyata və ədəbiyyat xadimlərinə münasibətini, həmin münasibəti şərtləndirən qayğısını ölməz əməllərindən biri kimi diqqətə çəkir.
Çıxışının sonunda Asəf Zamanov qeyd etdi ki, “Missiya”​ Ümummilli Liderin siyasi-ictimai fəaliyyətindən bəhs edən uğurlu və faydalı bir kitabdır, bu münasibətlə o, professor Mahirə Hüseynovaya, həmçinin kitabın ərsiyə gəlməsində əziyyəti olan hər kəsə dərin təşəkkürünü bildirdi.​​ 
Sonra söz AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, dosent Əlizadə Əsgərliyə verilib. O çıxış edərək “Missiya” kitabını bir neçə gün öncə əldə edib çox diqqətlə oxuduğunu, ümumi məlumat aldığını qeyd etdi. Əlizadə Əsgərli kitabın uğurlu alındığını bildirərək Mahirə Hüseynovanı təbrik etdi və kitab haqqında fikirlərini təqdimat iştirakçıları ilə bölüşdü.
Kitabın gənclik üçün elmi və mənəvi qaynaq olduğunu qeyd edən Əlizadə Əsgərli yeni nəslin belə kitabları öyrənməklə, onlardan qidalanmaqla özlərinin dövlətçilik, idarəetmə bacarıq və biliklərini zənginləşdirəcəklərini, məhz bu yolla gələcəkdə dövlətçiliyimizin idarə edilməsində layiqli yerlərini tutacaqlarına inandığını bildirdi. Kitabın gənclik üçün əhəmiyyətinin böyük olduğunu vurğulayan Əlizadə Əsgərli “Missiya” kitabının müəllifi Mahirə Hüseynovanın uğurunun bütövlükdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin uğuru olduğunu və bu münasibətlə Universitet əməkdaşlarını təbrik etdiyini söylədi.
ADPU Yeni Azərbaycan Partiyası təşkilatının sədri professor Himalay Qasımov isə çıxışında elmi yaradıcılığı ilə bədii yaradıcılığı üzvi sintez təşkil edən Mahirə Hüseynovanın Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişafı ilə bağlı fəaliyyətinin elmi-metodoloji yanaşmasına münasibət bildirib. Onun “insan qəlbinin mühəndisləri” olan​ zümrəyə – şairlərə, yazıçılara tövsiyəsini rəhbər missiyasının tutduğu yol kimi qiymətləndirən Himalay Qasımov çıxışında vurğulayıb ki, dünya türklərinin lideri sayılan Heydər Əliyev təkcə Azərbaycan dilinin qayğısına qalmaqla kifayətlənməmiş, müasir türk xalqlarını yaxınlaşdırmaq,​ onlar arasında mənəvi, mədəni, iqtisadi​ bağlılığı daha da dərinləşdirmək üçün çox işlər görmüşdür. Mahirə Hüseynova bu mənada Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dönəmdə olduğu kimi, müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə də Azərbaycan dilinin qorunub saxlanılması ilə yanaşı, onun inkişafı məsələsinə xüsusi önəm verməsini diqqətə çəkmişdir ki, bu da əsərin yüksək məziyyətlərindən sayılır.
Tədbirdə professor Zahid Xəlil, professor Yaqub Babayev, professor Elman Quliyev, dosent Nazilə Abdullazadə, dosent Bilal Həsənli çıxış edərək Ulu Öndərsiz yaşadığımız bir dövrdə Heydər Əliyevin xalqına həsr olunmuş həyat yolunun hələ çox səhifələrinin araşdırılması, hərtərəfli öyrənilməsi, siyasi-ictimai fəaliyyətinin ayrı-ayrı məqamlarının işıqlandırılmasına ehtiyac olduğunu, ümummilli liderin şəxsiyyəti və ruhu qarşısında müstəqil filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Missiya” kitabını sədaqət və fədakar xidmətin bariz nümunəsi adlandırıblar.
Tədbirdə müəllif – professor Mahirə Hüseynova çıxış edərək təqdimatda iştirak edən və kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib, Ulu Öndərin şəxsiyyətinə mənəvi borcun və ehtiramın bariz nümunəsi olan “Missiya” kitabının geniş oxucu kütləsi tərəfindən maraqla qarşılaşacağına və gənc nəslə faydalı olacağına inandığını vurğulayıb.
Tədbirin sonunda təqdimat iştirakçılarına müəllifin imzası ilə “Missiya” kitabı hədiyyə edilib və xatirə şəkli çəkdirilib. Tədbirdən fotolar:

Mənbə: Aynurə Əliyeva

“WWW.USTAC.AZ” BURADA : >>>>>>>>  WWW.USTAC.AZ

Qeyd:

Keçid tam təhlükəsiz və pulsuzdur: >>  WWW.USTAC.AZ