YARADICILIQ

MAYIL DOSTU – KƏNDİM GİRMİŞDİ YUXUMA…

KƏNDİM GİRMİŞDİ YUXUMA

Kəndim girmişdi yuxuma — Sırxavənd. Özü də indiki viran, xaraba qalmış kəndim yox, davadan qabaqkı firavan, qayğısız, şəhidsiz kəndim… Dünyanın düz vaxtı, qurdun özünü quzuya yazıq kimi sırıdığı zaman, hamı işində – gücündə, əkin-biçinində, ənənəvi kənd qayğılarının içində yaşadığı vaxt. Həmişəki qaydada Günəş Fərrux dağının arxasından dairəvi nəhəng qırmızı şar kimi dan yerini sökür, Ballı Qayanın arxasında qürub edir. Kəndimi əhatə edən Ulbab, Ballı Qaya, Dmirçi Güneyi, Gərdən, Arıkəsilən, Çinarlı, Babaların Şişi, Dıqqının Yalı kimi yüksəkliklər də həmişəki kimi yerindəydi. Kəndimin altındakı əkin yerləri və biçənəklərin ətəyindən axıb keçən Xaçın çayı da həmişəki kimi Aran Qarabağa tələsir…
Zəhərini içində gizlədən ilanla — erməniylə bir oturub – durduğumuz, bir yerdə işlədiyimiz vaxtdır.Qonşu erməni 
kəndi Ballı Qayadan olan Armen, Zador, Roma, Arşaq, Babken, Mişa kəndimdə bənnalıq, dülgərlik edirlər. Çıldıranlı Tevos taxta qaşıq və çömçə ilə dolu heybəsi çiynində kəndimin ortasında “qaşıq, çömçə” deyə bağırır… Sovxozun sürücüsü Aharon kəndimdə xeyir və şər işlərdə kəsilən bütün heyvanların baş–ayağının təmənnasız və şəriksiz müştərisidi ( sonralar bu adamın evi daşnak yuvası olacaq və haqlı olaraq, özü və oğlu güllələnəcək). Vazgen kəndimizin klubunda “indeyski”, rayon mərkəzindən səyyar kinofilmlər gəzdirən Sarxan “müharibə” kinoları göstərirlər, Erməni toylarında cavanlarımız gəlinin bəyin yanında rahat oturmasına imkan vermir, ortalığa salıb şıdırğı oynadırlar. Dəcəl xoruzlarımız qaçıb qonşu erməni damında banlayır… Qartımış Nikolay, Sərkican və Siraqanın çəkdikləri tut arağını tərifləyə — tərifləyə gillədirik… Ağdamdan Stepanakertə dəmir yolu çəkməmişik… Ağdamın başının üstündə yerləşən, iki min nəfər erməni əhalisi olan Əsgəran kəndini rayon etməmişik hələ… 
***Bu o vaxtdır ki, erməni quldurları qan donduran vəhşilyi 
törətməyiblər — Novruz İmanov oğlu Mahalla, Qəzənfər Həsənov oğlu Vaqiflə biçənəkdən maşınla ot gətirərkən, cəlladlar tərəfindən pusquya salınıb güllələnməyib və maşınqarışıq meyidlərə od vurulmayıb hələ;
***Yelmar Cəfərov, Nazim Ağayev, Allahverdı Həsənov yük maşını ilə Ağdam bazarına gedərkən, səhərin alatoranında qarşıları kəsilib güllələnməyiblər hələ;
*** Qurban İmanov kənddən aralı örüşdə qoyun- keçisini otararkən, oturub çörəyini yediyi vaxt, pusquda dayanmış quldurlar tərəfindən ödürülərək, meyid üzərində vəhşi hərəkətlər edilməyib hələ;
***Gənc müəllim, 3 körpə atası Səməd Fərzəliyev səngərdə snayperlə başından vurularaq, qətlə yetirilməyib hələ;
*** Hücuma keçərək, kəndin başında bir neçə evi yandırmağa nail olmuş düşmənlə üzbəüz vuruşmada, yağının çoxlu sayda itki verərək geri çəkilməsində müstəsna xidməti olmuş, kənd özünümüdafiə batolyonunun komandiri Məmmədv Bəhmən qəhrəmancasına şəhid olmayıb hələ;
*** Elə həmin döyüşdə, yaxınlıqdakı evdə mühasirədə qalan və ağır yaralanmış Qardaşxan Mehdiyev xilas etmək üçün ona tərəf sürünərkən, quduz düşmən atəşilə öldürülən İslam kişi olayı yoxdu hələ;
*** Orta məktəbi yeni bitirmiş, səngərdə vuruşarkən düşmən gülləsinə tuş gələn İntizam Bəşirov ölməyib hələ;
*** Kəndin samballı ağsaqqallarından olan Süleyman Bayramov evinin kandarında qətlə yetirilməyib hələ; 
*** İş başında qəfil atılan düşmən mərmisindən gənc Məzahir Həsənov öldürülməyib hələ;
*** Bığ yerləri yeni tərləmiş, həyatın şirinliyini dadmamış, kəndin və Ağdərənin müdafiəsində qəhrəmanlıq göstərmiş 3 nəfər igid polis oğulumuz —Seymur Quluyev, Natiq Əliyev, Nuru Ağayev şəhid olmayıblar hələ;
*** Bir çətən külfətin başçısı İnqilab Əliyev idarə etdiyi yük maşınında düşmənin qurduğu minaya düşərək həlak olmayıb;
*** Mərzili kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən Elmidar Abdullayev itkin düşməyib hələ;
*** Ağdərə və Ağdam uğurunda gedən döyüşlərdə müstəsna xidməti olan, Milli Qəhrəman Nadir Əliyev şəhid olmayıb hələ….
İlahi, bir gecəlik (əslində bir neçə saniyəlik) yuxuda necə xoşbəxt idim! 30 ilin o tərəfində yuxarıda adlarını çəkdiyim günahsız adamlar, 27 illik yurd həsrətinə tab gətirməyərək, “kəndim, yuvam” deyə-deyə əzabla can verən yüzlərlə ellim o vaxt necə bəxtəvər idilər…. 
Oyandım, qan– tər içindəydim. Mənə doğma və əziz şəhidlərin nigaran baxışlı ruhları dikilmişdi üzümə. Mənə nə isə demək istəyirdilər, amma deyə bilmirdilər… İLAHİ, GÖRƏSƏN, NƏ DEMƏK İSTƏYİRDİLƏR?

07. 12. 2018

Müəllif:MAYİL DOSTU

ƏLAQƏLİ VİDEOLAR: 

WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar


Təvəkkül Goruslu – SƏNİN DƏLİNƏM

SƏNİN DƏLİNƏM

Sevgindi qəlbimdə çatılan ocaq,
Atəşli sevdayla açdınsa qucaq.
Qoyma ki, soyuyam, qoyma ilinəm,
Mən sənin dəlinəm, sənin dəlinəm!

Tufanam, leysanam, yaz yağışıyam,
İldırım çaxışı, od çaxışıyam.
Çağlayan, gurlayan, eşqli selinəm,
Mən sənin dəlinəm, sənin dəlinəm!

Sevda budağında saralan yarpaq,
Düşdüsə yerlərdə olacaq torpaq.
Qoyma ki, yox olam, qoyma silinəm,
Mən sənin dəlinəm, sənin dəlinəm!

Həsəd eyləyənlər nə çoxdu, gülüm,
Leylilər, Məcnunlar eşq yaxdı , gülüm.
Bilirsən çılğınam…qoyma bilinəm,
Mən sənin dəlinəm, sənin dəlinəm!

 07.12.2018.

Müəllif: Təvəkkül Goruslu Məmmədov

WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

ADİL CƏFAKEŞ – NURİDƏ MİSİR

NURİDƏ MİSİR

( Adil Cəfakeşdən gözəl bir təcnis )

Hüsnündə Kəlbəcər təravəti var, 
Bir dağ çiçəyisən, Nuridə Misir. 
Çox gözəl yaraşır, sənin adlnda, 
İki ad birləşib : – Nuridə, Misir.

Dağda gəzdik, çıxıb gəzək bağda da, 
Ətrindən məst olub, gəlsin bağ dada. 
Sorağımız gedib çatsın Bağdada, 
Qoy lap xəbər tutsun Nuridə, Misir.

Nəfəsin yaramdan hav alandı ki, 
Havasız can evim havalandı ki. 
Cəfakeş eşqindən havalandı ki, 
Məhəbbətmi sirdi, Nuridəmi sirr ?

Müəllif: ADİL CEFAKES

WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

İNDİ UZAQDADIR

Abdulla Cəfərdən bir şeir

İndi uzaqdır…
Əllərim hər gecə saçını hördü,
Gözlərim dünyanı gözündə gördü,
Bütün fəsillərim bir qışa döndü,
Hər an yaxın olan indi uzaqdır

Elə bil, ruhumu götürüb gedib,
Quş kimi uçaraq gözümdən itib,
Tükənməz bildiyim ümidim bitib,
Hər an yaxın olan indi uzaqdır.

Daha kökdən düşüb könlümün tarı,
Qanayan yaramı, gəl, özün sarı,
Acı, zəhər dadır bağımın barı,
Hər an yaxın olan indi uzaqdır.

Ətrafım işıqdır, içim qaranlıq,
Şəfəq saç qəlbimə özün bir anlıq,
Uca dağlar başı artıq dumanlıq,
Hər an yaxın olan indi uzaqdır.

Sevib-sevilmək də sanki bir yuxu,
İtirdiyi zaman anlayır çoxu,
Yay çəkib, sinəmə sacılıb oxu,
Hər an yaxın olan indi uzaqdır.

Buludlar ağladı, çiçəklər açdı,
Göz yaşım suladı, kədər gül açdı,
Ölmək istəyirdim, əcəl də qaçdı,
Hər an yaxın olan indi uzaqdır.

Müəllif:  Abdulla Cəfər  

WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

ZAUR USTAC – DÜŞÜNÜRƏM

DÜŞÜNÜRƏM…

Soy, o soydur, kök, o kökdür, qan, o qan…
Lap, bir-iki bicbalanı qat gözə.
Boy, o boydur, qol, o qoldur, can, o can…
Təkəm-seyrək, kəm-kəsiri sat sözə.
Sual doğur, onda nədir çatmayan???
Cavab budur: – “Atillanın öfkəsi”!!!
Bizdə çatmır, dədələrin hikkəsi!!!
* * *
Çay, o çaydır, göl, o göldür, dan, o dan…
Ufaq-təfək olmayanı keç bizə.
Toy, o toydur, çöl o çöldür, xan, o xan…
Biraz böyük, biraz kiçik, keç sözə.
Qürub da o, onda nədir çatmayan???
Cavab sadə: – “Çingiz xanın öfkəsi”!!!
Bizdə çatmır, dədələrin hikkəsi!!!
* * *
Hay, o haydır, rum, o rumdur, biz, o biz…
Tərliyinə yapışanı ver yelə.
Say, o saydır, qom, o qomdur, diz, o diz…

Tutuşanda aşmayanı ver belə.
Bəs beləsə, onda nədir çatmayan???
Cavab təkdir: – “Sultan Fateh öfkəsi”!!!
Bizdə çatmır, dədələrin hikkəsi!!!
* * *
Rey, o Reydir, Şam, o Şamdır, yol, o yol…
İnsan həmin, adamlar o, düş düzə.
Köy, o köydür, kənd, o kənddir, el, o el…
Əsl qədim, tarix zəngin, xoş bizə???
Haqlı sual, onda nədir çatmayan???
Cavab birdir: – “Xətainin öfkəsi”!!!
Bizdə çatmır, dədələrin hikkəsi!!!
* * *
Mey, o meydir, cam, o camdır, din, o din…
Əyri-müyrü düzəlişi yaz düzə.
Pay, o paydır, yem, o yemdir, hin, o hin…
Zaval gəlməz doğru sözə, yaz düzə…
Fəqət sual, onda nədir çatmayan???
Cavab yekdir: – “Şah Qacarın öfkəsi”!!!
Bizdə çatmır, dədələrin hikkəsi!!!

* * *
Ley, o leydir, sar, o sardır, vağ, o vağ…
Yarasanı mixi xətlə yaz mizə.
Huy, o huydur, gül, o güldür, bağ, o bağ…
Dəmi boş ver, onu kəsir yaz bizə.
Sual həmin, onda nədir çatmayan???
Cavab netdir: – “Atatürkün öfkəsi”!!!
Bizdə çatmır, dədələrin hikkəsi!!!

15.03.2018. Bakı. (9:19 – 19’)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

LİLPAR CƏMŞİDQIZI

 

Zülfüvə, qoyma, yetişsin əli bu şanələrin

Zülfüvə, qoyma, yetişsin əli bu şanələrin,
Bir də incitməyəsən könlünü divanəlırin.

Bu nə aləmdi ki həsrət qəmi öldürdü məni
Nədən olmaz ki, Xuda sahibi qəmxanələrin.

Çəkirəm həsrətini,gör necə mən şamü- səhər,
Alışan şəm’i mənəm, hər gecə pərvanələrin.

Elə əfğan eləyir, ah bu könül, çarəsi yox,
Nə çəkir, hər birisi, dəhrdə peymanələrin.

Yazıram hər sözümü məndə bu əsrimdə bu gün,
Çəkirəm surətini mən yenə əfsanələrin.

İçərəm eşq şərabın, yenə sərməst olaram,
Mən özüm sakini ollam elə meyxanələrin.

Yenə Cəmşidqızını kimdi salan eşq oduna?
Yazaram ismini bir-bir, mənə həmxanələrin.

Müəllif: Lilpar Cəmşidqızı

WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

SONA AMAL – OLSUN

Deyirəm, əməlin kaş əməl yeri,
Həyatda sözün də söz yeri olsun.
İnsanın qəlbində düşmənin ayrı, 
Vəfalı dostunsa, öz yeri olsun.

Nələr görməmişəm mən bu həyatda,
Namus da, şərəf də görünər zatda,
Ay ellər, əyrinin eldə, elatda,
Yeri yox, düzünsə düz yeri olsun.

Sev, sevil həyatda sən doğru, düzgün,
Taleyin üzünə güləcək bir gün,
Oduna yananı çox etmə üzgün,
Ərkin ərk, nazın da naz yeri olsun.

05. 12. 2018-ci il.

Müəllif:  Sona Teymurbeyli

WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Qərib Həsənovdan yeni kitab

14 dekabr 2018 – ci ildə AYB-in Natavan zalında Qərib Həsənovun “SƏNİ SEVMƏKDƏN DOYMARAM” adlı yeni şeirlər kitabının təqdimat mərasimi olacaq. Tədbirə bütün kitabsevərlər dəvətlidir. Təqdimat ASKEF  Azərbaycan İdarə Heyyətinin təşkilatçılığı ilə baş tutacaq.

USTAC.AZ

WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

 

MAYIL DOSTU – G Ü L Ü M

 

G Ü L Ü M

Hər yetənə naz satılmaz,
Nazı ucuz düzmə, gülüm.
Könül sevən çirkin olmaz,
Sonalayıb bezmə, gülüm.
***
Gülüş becər, qəzəb əkmə,
Üzün gülsün, qüssə çəkmə,
Qaş – qabağı belə tökmə,
Dodağını büzmə, gülüm.
***
Yaz qoxulu bir çiçəksən,
Şeh düyməli tər ləçəksən,
Şeir kimi çox göyçəksən,
Yaraşıqsan nəzmə, gülüm.
***
Eşq günahsa, günahım ol,
Bu günüm ol, sabahım ol,
Bir ömürlük pənahım ol,
Ümidimi üzmə, gülüm.
***
Sən Mayılın diləyində,
Ələnirsən ələyində,
Oturmusan ürəyində,
Özgə yerdə gəzmə, gülüm.

Müəllif:  Mayil Dostu

WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar