YARADICILIQ

“Ö” HƏRFİNİN ŞEİRİ

“ Ö “

Çıxıb qunun önünə

Özünü öydü ördək,

Göldə məndən gözəli

Varmı, bir deyin görək!?

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

===========================================================

ZAUR USTAC – GÖZÜN GÖZÜ

Gözün gözü

Gülən gözün gözəlliyi gözəldir,
Gülən gözü görünməyən göz görər….
Gözün gülür, gözün gözü gülməyir,
Gözdə gözü görünməyən göz görər….

* * *
Gözü gözdən gözün gözü gizlədir,
Gözdə gözü gözün gözü gizlədir,
Gözün gözü gözümüzdə gizlidir,
Gizli gözü görünməyən göz görər….

* * *
Göygöz giryan, gözü gülməz, gülümsər,
Gülən gözün gözü gözdən gülümsər,
Gülməyən göz, gözə gözdən gülümsər,
Giryan gözü görünməyən göz görər……

21.09.2015 / Bakı

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

===========================================================

“SARI AŞIQ” adına saz-söz ədəbi məclisi növbəti dəfə toplanıb

16 dekabr 2018-ci il tarixdə Badamdar qəsəbəsi “BƏYOĞLU” -şadlıq sarayında “SARI AŞIQ” adına saz-söz ədəbi məclisinin növbəti (üçüncü) görüşü baş tutub. 

MƏCLİSDƏN FOTOLAR:

Tanınmış şair, əvəzolunmaz pedaqoq (saz müəllimi) Adil Cəfakeş açılış nitqi deyərkən.

“SARI AŞIQ” adına saz-söz ədəbi məclisinin növbəti toplantılarında görüşmək ümidi ilə. Sağ olun. Var olun.

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

Xalidə Nuray “Xəyallarımın göz yaşı”adlı kitabını təqdim etdi

Bu gün, 16 dekabr 2018-ci il tarixində “Azərkitab – Kitab Təbliğatı Mərkəzi”ndə, Xalidə Nurayın  “Xəyallarımın göz yaşı”adlı yeni kitabının təqdimat mərasimi baş tutub.  Olduqca maraqlı keçən tədbirdə tanınmış söz adamları  Nəcibə İlkin, Rəfiqə Abbasova, Qəmər Ana, Aləmzər Sadiqqızı, Mərziyə Sarvan, Aysel Xanlarqızı, Gülnarə Əhmədova və başqaları iştirak etmişlər.

Sonda müəllif öz hisslərini belə ifadə edib: “Dəyərli dostlarım bu günü, 16 dekabr 2018-ci il tarixini, ürəklərindən süzülüb gələn, yaralara məlhəm olan misralarına və payız ömrümə bahar ətri gətirən çiçəklərin ləçəklərinə yaddaqalan xatirələr bəxş etdilər. Hər kəsin üzündə cevinc, fərəh duyulurdu. Dostlarımın bu səmimiyyəti məni bu aləmdən ayırıb, cənnət abı-havalı bir aləmə aparmışdı. Bütün bunlar üçün “Xəyallarımın göz yaşı”adlı kitabımın redaktoru, dəyərli şairəmiz Nəcibə İlkinə və hər an sevgilərini hiss etdiyim səmimi dostlarıma ailəmə, doğmalarıma təşəkkür edirəm.”

“Yazılan söz yadigardır” – Xalidə Nuray kitab imzalayarkən.

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

ZAUR USTAC – ƏLİŞ VƏ ANNA

                                                                      

Zaur  Ustac

“ƏLİŞ  VƏ ANNA

(Poema)

Poema  görkəmli memar Şamaxılı Əliş bəySübhan oğlu Kərəmli-Şirvaninin  anadanolmasının 700 illiyi münasibəti ilə qələmə alınmışdır.

                                                              07.06.2018. (19:00)  Bakı.

                          ŞÜKRANLIQ

Salam olsun Sənə, ey gözəl insan,

Min şükür Haqqa ki,  haqqa çatmısan.

Hələ görünməyib, olsun belə hal,

Bir kitab oxuyan görə qeylü-qal.

Bütün ürfan əhli bu rəydə yekdil,

Kitab sayəsində zənginləşir dil.

Şükür Yaradana qılıbdır imkan,

Belə bir görüşü edib ərmağan.

Hər yeni fürsəti mənə verəndə,

İlkin şükrü-səna bitir dilimdə.

Əlində tutduğun bir yığın kağız,

Kitab olacaqdır dindikcə ağız.

Qutlu yaranışın əşrəfi insan,

Ali olduğunu xatırla hər an.

And gəldi qələmə, qələm tutana,

Qafillər oyana, bəlkə utana.

Oxumaq öyrətdi, yazmaq öyrətdi,

Quruca taxtadan bir dil ürətdi.

Kağızı müqəddəs bilmişik hər vaxt,

Üstündə canlı söz yaşayır həyat.

Şükür bu nemətə, şükür qismətə,

İstərəm bu paydan hamıya yetə.

Şükür Yaradana, neçəki sağam,

Onun sarayında Sizə qonağam.

Mən yazım, bulaqlar süzülsün gölə,

Mirvari kəlmələr düzülsün dilə.

Min şükür Haqqa ki, dil verib bizə,

Sizinlə görüşə yol verib bizə…

                                 TÖVHİD

Uca Yaradanın tək olduğuna,

Nə badə qəlbində şübhə oyana.

Çün, əgər olsaydı xilaf qeyrisi,

Bunu anlayardı mütləq birisi.

Günəşin saatı, ayın saatı,

Çox dəqiq döndərir, tüm kainatı.

Elə qurulub ki, nizam məhvəri,

Gecəylə gündüzün səhv düşməz yeri.

Zərrədən ən böyük ulduza qədər,

Bir “ol”- a bağlısa, onda nə kədər…

Həmd olsun Allaha, tanırıq onu,

Hər kəlmə başında anırıq onu.

Təkdir ehtiyacsız, biz ona bağlı,

Bunca dərk eyləyər, insanın ağlı…

                                      ƏDL

Şükür Yaradanın ədalətinə,

O Adil Allahın mərhəmətinə.

Elə bölüşdürüb, elə paylayıb,

Hamı qismətindən çox razı qalıb.

Duyuram içini şübhə gəmirir,

Xəyalın hardasa narazı gəzir.

Gəl, tamam  səmimi olaq bu ara,

Ağlından razıdır hər bir avara.

Ağlı elə bölüb, verib Yaradan,

Heç kim öz ağlından deyil bədgüman.

İlahi hikmətin qüdrətinə  bax,

Ağıldan kəmlər də deyilmiş axmaq.

Arif işarədən anlar hikməti,

Heç kim bu xüsusda yeməz möhnəti…

                                      NÜBÜVƏT

Salam olsun Sənə, ey “Haqqın səsi”,

Cəlal sahibinin seçkin bəndəsi.

Məhəmməd Mustafa(s.o), Haqqın nəbisi,

Bütün kainatın son əfəndisi.

Haqqın yer üzünə müjdəsi, andı,

Haqqın yer üzündə qoşa qanadı.

Salam olsun Sənə, kitab sahibi.

Salam olsun, Sənə sonuncu nəbi.

“Qurani –Kərimi”  bizə gətirən,

Haqqın kəlamını bizə yetirən,

Xatəmül-Ənbiya hökm edibdi Haqq,

Höküm sahibinə məxsus höküm, haqq.

Salam yer üzünün işığı, nuru,

Ey höküm sahibi, bu nuru qoru.

                                     İMAMƏT

Nübüvət odundan nur alan işıq,

Atadan, babadan belə duymuşuq.

Rəsulun dizinin dibindən çıxan,

Çeşmədir heç kimə gəlməyib ziyan…

Nümunə olubdur cümlə cahana,

Əlbətdə, aiddir arif olana.

İmamət cığırdır Haqqa aparır,

Əlbət, qaynağını Haqqımdan alır.

Dəmiri dəmirçi oğlu bilən tək,

Bu elmi ən doğru yoldan öyrənək…

İstəməm bu yolda çaşqınlıq ola,

İncəcik bir fidan nahaqdan sola.

Elmin şəhərinin təkdir qapısı,

Bu işin belədir təməl, yapısı…

Salam olsun Sənə ey Əhli-beyt,

Allahım bu yolu daha rəvan et…

                                      MƏAD      

Müəllim verdiyi dərsi soran tək,

Əlbətdə, imtahan günü gələcək.

Sanma, kainatın yoxdu sahibi,

Boşuna gəlməyib bu qədər nəbi…

Hələki dəvət var, açıqdır qapın,

Dərk eylə dünyanı, Allaha tapın.

Həqiqi elmdən bir damla dadan,

Heç zaman dönməyib, bu doğru yoldan.

Bu yolun mənsəbi, elə mənbəyi,

Burda kəsilibdir elmin göbəyi…

Haqq ilə batilin mayası eyni,

İkiyə bölünmüş bir yolun sonu…

Qəzavü-qədəri qılma bəhanə,

Faili-muxtar tək gəldin cəhanə…

                                      NAMAZ

Namaz fərz əməldir,  bizə faydalı,

Dəstəmaz vacibdir, mütləq olmalı.

Namaz bənzədilib evmizdə çaya,

Gərəkdir beş kərə girək bu suya…

Ruhumuz arınsın, pak olsun bədən,

Təkbirdə əlləri asmayaq göydən.

Qüsulu, abdəsti, tam əməlləri,

Mat qoyub dünyada  tüm alimləri.

Heç nə əksik deyil, yox bircə artıq,

Namazdan həyatın dərsin alırıq.

İmkan et, xərcləmə boşa zamanı,

Həyat elə zaman, zamanın anı.

Çalış ki, ötürmə bircə azanı.

Ac qoyma nə ruhu, nə də əzanı…

                                           ORUC

Oruc bir əmrdir,  Haqqu – Təaladan

İnsanı qoruyar, min cür bəladan.

Elə ki, yetişdi Şahi – Ramazan,

Gərəkdir nəfsini duşaqlayasan…

Cismini, ruhunu səfərbər eylə,

 Ağzını, gözünü pəhrizkar eylə…

Dilindən çıxmasın fitnə, ya küfür,

Çevrəni sarısın xoş niyyət, zikir…

                                      ZƏKAT

Əgər istəyirsən ruzi – bərəkət,

Gərəkdir vaxtında verilə zəkat..

Bilirəm, burada qaçdı dodağın,

Düşündün ki, şair çıxartdı ağın…

Ancaq, tam səmimi, gəl, mənə inan,

Kimsəyə fayda yox zəkatsız maldan…

Sən verdin, vermədin çıxacaq o mal,

ÖZÜN ƏLİNLƏ VER, SAVABINI AL…

                                         XÜMS

Zəkatla malını qoruyan  insan,

Xümslə canını qorumalısan.

Zəkat mala paklıq gətirdiyi tək,

Xüms də canını hifz eyləyəcək…

Sonra loğman, təbib gəzməsin deyə,

LAZIMDI, HEÇ KİMSƏ XÜMSÜ YEMƏYƏ…

                                        HƏCC

Haçansa  ibrətə  duysan  ehtiyac,

İlahi əmr var – yolun olsun hac…

Dünyanın mərkəzin ziyarət eylə,

Könül sarayını imarət eylə.

Zəm-zəm çeşməsində yuyulsun üzün,

MƏAD SƏHNƏSİNƏ ALIŞSIN GÖZÜN…

                                        CİHAD

Cihad bizimlədir dandan qüruba,

Çoxunun dilində bitibdi  “toba”.

Yaradan dərs verər insan oğluna,

Min rəhmət diləyək Ağaoğluna…

Ruhu neçə kərə olub qonağı,

Edim, etməyimlə dolub  otağı…

Bu bir nümunədi, hamımız belə,

Cihad qadağadır, nəfsə, dilə…

Cihad eşidən tək, qavğa düşünən,

CİHADDA  ÖZÜNLƏ  DÖYÜŞMƏLİSƏN…

                                    ƏMR-BƏ-MƏRUF

Şükür Yaradana, Sən hikmətə bax,

Xeyir əməllərə daim tut çıraq.

Vacib buyurulub hər müsəlmana,

Gərəkdir xeyirə vəsilə ola.

Yaxşılıq əlindən gəlmirsə əgər,

Pislik də eləmə, başına gələr…

Fəqət, bu vacibdir, gərək biləsən,

Xeyirə çağırıb, dəvət edəsən.

Bu vacib əməldir, gərəkdir bilək,

Xeyirə çağıraq, xeyir öyrədək…

                                NƏHY-ƏZ-MÜNKƏR

Vicdanın yerini əzada gəzən,

Haqqa inananın ümidin üzən,

Bu vacib əməli unutma heç vaxt,

Əbədi deyildir, heç bir tacü – taxt…

Özünü müsəlman tanıdan kəsin,

Gərəkdir yanında pislik olmasın.

Pis işdən çəkinsin, həm çəkindirsin,

Bunu bilən yoxsa, qoy belə bilsin…

Yoldan ötəni də qoruyun şərdən,

Özünüz haqda da düşünün hərdən…

                                      TƏVƏLLİ

Allahın dostları dostun olmalı,

İlk əvvəl Allahın dostların tanı.

Cəlal sahibinə şərik qoşmayan,

Nəbiyə, İmama şəksiz inanan,

Müslimi  müslimin qardaşı bilən,

Mübarək İslamın yoluyla gedən…

Oturub –durduğun olsa bu şəxslər,

Kimsəyə toxunmaz səndən bir xətər.

Çevrəndə dostların dinsə elmdən,

Hər dəm dürr tökülsə  əgər dilindən,

Nə xoş halımıza, bəxtəvərik biz,

Allahın dostların dost seçərik biz…

                                         TƏBƏRRİ

Cəlal sahibinə şərik qoşanlar,

Onun dostlarına pis yanaşanlar,

Əndazəni pozub, həddin aşanlar,

Yersiz  körüklənib, coşub daşanlar,

Belə adamlardan uzaq dolan, gəz,

Hədsizdən kimsəyə bir xeyir gəlməz…

Bu Haqqın əmridir, qarşı gəlmərik,

Allahın düşmənin düşmən bilərik…

                                      MÜNACAT

Şükürdən güc alıb sözüm, söhbətim,

Səndən gizli deyil, şəksiz niyyətim.

Qəlblərdə olanı görüb, bilənsən,

Kimə nə lazımdı onu verənsən.

Yazar, ancaq yazar demişəm hər dəm,

Əgər söz sahibi eyləsə hərdəm.

Qələmə and içən uca Yaradan,

Münacata çıxıb bu qələmtutan…

Əllərim göydədir, dilim duada,

Dua eyləyirəm qohuma, yada…

Şamaxı torpağı qədimdən qədim,

Xaqanisi mənim, Nəsimi mənim…

Başqa bir dühanı gəzirəm burda,

Tarixin kələfin çözürəm burda…

Üstündə durduğum bu köhnə körpü,

Yüz  illər  əvvələ  atacaq  törpü…

Yazda da gəlmişəm, qışda da bura,

İçimdə bir ocaq möhtacdır qora.

Hər şey çin-çin durub ruhun rəfində,

Kəlmələr sıraya durub dilimdə…

Bir türlü “Bismillah” edə bilmirəm,

Yeddi yüz əqdəmə gedə bilmirəm…

Ruhuma qanad ver Adil Allahım,

Bir kərə o günə gedim qayıdım…

Bu köhnə körpünün daşı danışsın,

Otların qurusu, yaşı danışsın.

Düz yeddi əsrdir şahidlik edən,

Bu körpü bir namə versin himindən…

Ey bütün gizlindən agah Allahım,

Dağları, daşları yandırıb ahım.

Xeyirə yozulu  nişan ver mənə,

Şübhəsiz bəllidir hamısı Sənə…

Nə, harda, kimindir tək bilən Sənsən…

Kimə nə lazımdır onu verənsən…

                                  ÜSULİ-İLTİMAS

Səndən istəmirəm nə şöhrət, nə şan.

Səndən istəmirəm beş günlük ad-san.

Var dövlət, saraylar deyil şakərim,

Öz əlim, ayağım olsun nökərim…

Niyətim bəllidir, istəyim dəqiq,

Ustac heç istəməz nə altun, əqiq…

Mustafa oğlunun istəyi təkdir,

Zaurun arzusu dəqiqdir, yekdir…

Nurundan ruhuma çilə bir mərrə,

İynənin yıldızı olsun pəncərə.

Zərindən zərrəcik düşsün qəlbimə,

Aydınlıq, fərahlıq versin əqlimə.

Ərmək istəyirəm, həmin günlərə,

Varmaq istəyirəm, uzaq dünlərə…

Elmin qapıların üzümüzə aç,

O güllü bağçandan bir az ətir saç.

Ruhumuz məst olsun, olsa da anlıq,

Dili tərk etməsin bir an şükranlıq…

                                DƏDƏM  QORQUD

Sinəmdə Qopuzum yoxdu, neyləyim,

Simlərə toxunub, mədət umardım…

Dədəm Qorqud ruhu, kömək ol mənə,

Qopuzun namına, Sazın xətrinə…

Bir xışma torpağın, daşın xətrinə,

Yanmayan qurunun, yaşın xətrinə…

Ərlərə ad verib, san saylamısan,

Boylara yol verib, boy boylamısan…

Kamanın xətrinə, oxun xətrinə,

Əslində var olan yoxun xətrinə,

Bir ümid çırağı yandır bu axşam,

Mələklər bilir ki, xeyli bihuşam…

Bilirəm o yolçu obandan keçib,

Bəlkə məzarbaşı qonağın olub…

Bilirəm, söhbətin olub onula,

Nəyi bölüşmüsüz, bölüş mənimlə…

                         ŞAH  İSMAYILA  RƏHMƏT

Ruhuna min rəhmət Şeyx oğlu Şahım…

Sinəmi dağlayır köksümdə ahım…

Nə qədər çəksək də əzab, əziyyət,

Sözsüz, bir gün doğar, Şəmsi – fəzilət.

Param-parça olub Türkmən elləri,

Min şükür yaşayır yenə dilləri…

Hər dəfə rəhmətlə anırıq Sizi,

Duyduqca şipşirin öz dilimizi…

Qurduğun səltənət bu gün də yaşar,

Könül əngəl bilməz, sərhədi aşar…

Kərkükdə bir əsgər qardaş deyirsə,

Pakistan  paşası sirdaş deyirsə,

Bunun təməlində sənin əlin var,

Ariflər adını rəhmətlə anar…

                                 ƏCDADI  ANMAQ

Ustaclıyam, əlim ərşi-əlada,

Bu nə sitəm, millətim nə bəlada!?

Ta Şamdan, Sivasa oylağım olub,

Qaradağ, Qarabağ oymağım olub…

Araza heç məhəl qoymayıb onlar,

Ərdəbil, İrəvan yol sürüb onlar…

Qarqarın yatağı olub yurd yeri,

Əcdadın otağı olub qurd yeri…

Qutlu əcdadların övladıyıq biz,

Dünyanın dörd yanı olub evimiz…

İndi yurd yerinin daşı ağlayır…

Gözsüz qurd pirimin başı ağlayır…

Ey qutlu əcdadın qutlu övladı,

Gərək qoruyasan bu şanlı adı…

                                    HÜRRİYYƏT

Min şükür hürriyyət ocağımız  var,

Kölgəlik bir fidan ağacımız var…

Ey uca Yaradan Sən qoru bizi,

Daim, qaim eylə hürr elimizi.

Binə çadırları daş otaq eylə,

Özün bu ulusu min budaq eylə…

Nə qədər xalqlar var yox bir mətəsi,

Çoxunun dili yox kəlmə ötəsi…

Bizim söykənəcək dayağımız var,

Hələ yol alacaq oylağımız var…

                              NƏSİMİNİ ANMAQ

Gəzdikcə  şəhəri məst olur insan,

Hər tində, döngədə duyğulanırsan…

Adi mamırlı daş, ya paslı dəmir,

Ruhunu dincəldən bir ümid verir.

Bu  şəhrin  havasın udub Nəsimi,

Mütləq bu məsciddə olub Nəsimi…

Bu daşı, divarı görüb gözləri,

Yəqin o gümbəzə hopub sözləri…

Ruhuna min rəhmət, ya Seyyid Əli,

Yol açdın Ustaca, olmadı dəli…

Bu Cümə Məscidi qədimdən qədim,

Kitabı yazılı, söyləyir elm…

On iki yüz illik qoyub arxada,

Kimlər gəlib-keçib hamı ortada…

                                   ƏHLİ-QƏLƏM 

Şairlər şəhəri, təbiblər eli,

Yurda çıraq tutan ülama əli…

Nə qədər alimi, sənətkarı var,

Şamaxı  həmişə  olub  ziyadar…

Əfzələddin Xaqanisi bir düha,

İmadəddin Nəsimidən yox daha,

Seyid Əzim Şirvanidir, tək ancaq,

Kim nə bilir,  bir də Sabir olacaq?

Abbas Səhət, ya da Hadi bu yerdə,

Könüllərin fatehidir zirvədə…

                                    QİSSEYİ-KİTAB

Görklü Nəbi Xatəminin (s.o) eşqinə,

Əhli-beyt, Dədəm Qorqud eşqinə,

Şah İsmayıl Xətainin eşqinə,

Azadlığın, Nəsiminin eşqinə,

Bu torpağın, üləmanın eşqinə,

Sazın – sözün, qələm – kağız eşqinə,

Yaradanım cığır açdı, yol açdı,

Arzu tutan qönçələrim gül açdı.

Mehriban Allahın  Əziz adıyla,

Söhbətə başladım söz muradıyla.

Doqquz  mərtəbəsi var bu söhbətin,

Əzəldən bilinə gərək niyyətin.

Nə qədər dəqiqsə arzu və istək,

Həyata  o qədər asan keçəcək.

Bir həyat başlayıb, bitirəcəyik…

Dünyaya bir ibrət göstərəcəyik…

                               BİRİNCİ  FƏSİL

                                FƏSLİ  BAHAR

Miladın  1322 – siydi.

Bahar bayramından bir ay keçirdı.

Bir uşaq doğuldu Sübh azanıyla,

Hamı axışırdı göz aydınlığa.

Atası Sübhanın kefi kök idi.

Uşaq nur topu tək bir oğlan idi.

Əli kömək olsun etdilər alqış,

Atası adını söylədi Əliş.

Azan, İqaməsi söyləndi bir-bir,

Əli kömək olsun, adın Əlişdir.

Əlişin adına kəsildi qurban.

Qamu təncərəyə düşdü bu paydan.

Sübhanın yuxusu çin olmuşdu, çin.

Pay-ürüş paylandı hər qapı üçün.

Hamı dua etdi körpə balaya,

Dualar da yetdi Haqqu-Talaya.

Günlər bir-birini əvəz eylədi.

Əliş də böyüdü, pərvaz eylədi.

Dərsi-təlimini kamal eylədi.

Məntiqdə, hesabda birinci idi.

İslamı, ürfanı tamam-kamaldı.

Onu düşündürən bircə amaldı.

Qurub yaratmaqdı əzmi, amalı.

Məqsədi bir idi, memar olmalı.

Qəlbində niyyəti, dilində Allah,

Amalı yolunda etdi Bismillah.

Təbrizi, İraqı gəzdi, dolandı.

Dəməşqdə, Bağdadda  ad-san qazandı.

Ömür vəfa etdi, döndü Vətənə.

Yaradan heç kimi  salmaz çətinə.

Baharda doğuldu, yaz tək yaşadı.

Uğur onun dostu, yol yoldaşıydı.

Dünyanın dörd yanı namını duydu.

Əliş  Kərəmliydi, Sübhanoğluydu.

Dövrünün ətrafda tək memarıydı.

Xəbəri Şimalda Knyaz da aldı…

                                 İKİNCİ FƏSİL

ŞİRVANŞAH  ŞEYX  İBRAHİMİN  HÜZURUNDA

Moskva Knyazı duyunca namı.

Gözünün önündə ucaldı damı.

Çoxdan arzusuydu daş qala tikmək.

Ancaq lazım idi bu işi bilmək.

Hər işi odundan, taxtadan olan,

Yoxdu  məmləkətdə daşdan anlayan.

Knyaz Kərəmlini soraqlayarkən,

Gördüyü işləri varaqlayərkən…

Əliş Şamaxıda ocaq başında,

Hər axşam qonaqdı bir dost-tanışda…

Qırx dörd yaşının içində idi.

Günləri beləcə rəvan keçirdi.

Qarlı qış kəsmişdi, qapını çoxdan,

Üç, dörd gün keçərdi Böyük Çillədən.

Əliş bəyə xəbər çatdı saraydan,

Elçilər yoldadır çıxıblar çoxdan…

Çiçəyi çıtladı, sevindi bir az.

Düşündü zaval yox, ta heç nə olmaz.

Qırxına keçəndə, qırxından sonra,

Rəqəmlər çəkirdi Əlişi dara…

Qırx dörddən qalmışdı lap səksəkədə,

İki dörd salmışdı onu kəməndə…

İşindən, gücündən əli soymuşdu.

Doğma şəhərində yuva qurmuşdu.

İndi eşidəndə gavırdan xəbər,

Düşündü yəqin ki, ordadır zəfər…

Düz,  Böyük Çillənin 15-i günü,

Elçilər sarayda açdı yükünü.

Başda Qafur bəy, Baratinski,

10 da atlı idi Knyaz elçisi.

Xəbər alan kimi Şeyx İbrahimdən,

Yollandı saraya Kərəmli həmən.

Qafur bəy söhbətə oldu tərcüman,

Elçi danışırdı Knyaz adından.

Şirvanşah tərəddüd içində idi,

Əlişi göndərmək heç istəmirdi.

Bir az Kərəmlinin xoşhal ovqatı,

Əsas da Knyazın dost zəmanəti…

Azdırdı Şirvanşah Şeyx İbrahimi,

Gizlətdi bir anlıq İlahi fəhmi…

Qərara alındı olacaq səfər,

Şirin dil altında gizlənər zəhər…

Səfərə hazırlıq başladı o gün,

Qafilə hazırdı, yetişdi o gün…

20-ci günüydü Böyük Çillənin,

Şəhər yola saldı öz elçilərin…

Qarlı bir gün idi, Günəşsə parlaq,

Gərək biz o günü heç unutmayaq…

                                  ÜÇÜNCÜ FƏSİL

KNYAZ   DİMİTRİ  İVANOĞLU  İLƏ  ƏQD

Yorğun yolçuluğu vurdular başa,

Hamı Kərəmliyə deyirdi “yaşa”…

Dəstə Moskvaya çatmışdı çoxdan,

Kərəmli hesabın tutmuşdu yoxdan…

Bahar Bayramına  yeddi gün qala,

Əqd imzalandı İvanoğluyla…

Miladın 1367-si,

14-ü mart idi, daha kəsəsi.

Knyazın marağı tək vaxtda idi,

Dörd il Əlişin vaxtı var idi…

Knyaz bu vaxtın müqabilində,

Sərhəd tanımırdı istəklərində…

İşi vaxtından tez bitirsin deyə,

Əliş tam ixtiyar  aldı özünə…

Knyaz Dimitri dedi: – “Ey Boyar,

Bu gündən olmusan külli-ixtiyar”

Şamaxılı “Bəy”, “ Ər” olmuşdu “Boyar”,

İşində ağaydı, külli-ixtiyar…

Əqdi dörd ilə bağlasalar da,

Kərəmli üç ili tutdu hesabda.

Aylıq məvacibi üç yüz qızıl pul,

Əgər sonunda iş olsa qəbul,

Zəhmət haqqını tam alacaqdı,

Haqq-hesab  Üsuli-Şərq olacaqdı.

Hər iş yüz ölçülüb, bir yol biçildi,

Mənzil Annagilin evi seçildi.

Knyaz bütün xərci boynuna aldı.

Annanın atası narazı qaldı.

Əlişi qorumaq məsələsində,

Knyaz istəmirdi güzəştə gedə.

Yeddi seçmə əsgər verdi Əlişə,

Əlişsə güvəndi təkcə Buliçə.

Elə ki, hər işə aydınlıq gəldi,

Kərəmli “Qurana” and içib dedi:

-“Kərəmli Qalası inci olacaq,

Bu şəhri min illər  o  qoruyacaq”…

                             DÖRDÜNCÜ FƏSİL

KƏRƏMLİ  QALASININ  TİKİNTİSİ

Bütün vacibləri salıb sahmana,

Kərəmli yerləşdi öz otağına.

Knyazın bacısı eviydi bura,

Əri Bobrokov da  sahib  onura.

Annayla otağı eyni qatdaydı,

Kərəmli bu haldan ehtiyatdaydı.

Elə birinci gün duymuşdu bunu,

Anna gizlin-gizlin seyr edir onu…

Bu işi almayıb elə ciddiyə,

Kərəmli yollandı tez tikintiyə.

Bütün işçiləri tək-tək o seçdi,

Min ölçdü, yüz ölçdü, bircə yol biçdi…

Bütün işçilərlə eylədi söhbət,

İşin mükafatı olacaq əlbət.

Bahar bayramını qeyd etdi Əliş,

Annanı heyrətə salmışdı bu iş…

Anna çox cavandı, qızı yerində,

Süzərdi Əlişi heyrət içində…

Tikinti işləri tamam hazırdı,

Sadəcə ilk daşı qoymaq qalırdı,

Bahar bayramından dörd gün keçəndə,

Knyazın özünün dediyi gündə.

Blaqoveşeniye,  25 –i mart,

Bütün şəhər əhli tamam qaldı mat…

Müsəlman Kərəmli kilsəyə getdi,

Məryəm Anaya dualar etdi…

O da hamı kimi şam yandırmışdı,

İsa Məsihdən söhbət açmışdı.

Kilsədən gəldilər qala yerinə,

Knyaz təməl daşın qoydu yerinə.

Yepiskop  “İncil”-dən oxudu bir az,

Kərəmli “Quran”-dan ucaltdı avaz…

Belə xeyir-dua söylədi hamı,

Yaradan bol etsin işdə ilhamı…

                                  BEŞİNCİ FƏSİL

                                  ƏLİŞ VƏ ANNA

İşlər vüsət alıb, lap qızışmışdı,

Kərəmlinin  başı bərk qarışmışdı…

Süfrədə, dəhlizdə, iş otağında,

Bir cüt göz gəzirdi daim yanında…

Anna gözlərini çəkmirdi ondan,

Baxmaq istəyirdi elə yaxından…

Hərdən baxışları toqquşan zaman,

Əliş lap çaşırdı utandığından…

Qırx beşin içində olsa da hələ,

Saçından bir tük də verməyib yelə.

Zil qara saçları, şəvə bığ-saqqal,

Boy-buxun yerində, sifəti xoşhal.

Zirəklik, çeviklik işdə məharət,

Annanı büsbütün eyləmişdi məst…

Aşkarda, gizlində olmuşdu kölgə,

Son vaxtlar Kərəmli gəlmişdi təngə…

Bilmirdi nə etsin, nədədi çözüm,

Bitmişdi canında ta taqət, dözüm…

Kərəmli gülərüz, mehriban idi,

Bu halı Annaya ümid verirdi…

Cavabsız olsa da eşqi Annanın,

Köləsi olmuşdu artıq qalanın…

Hər gün Kərəmlinin yanında idi,

Sanki, ruhu onun canında idi…

Əliş də qaladan söhbət edərdi,

“Kərəmli Qalası”  yekdir deyərdi…

Əliş danışdıqca baxardı Anna,

Onun gözlərində axardı Anna…

Beləcə günləri çatıb baş-başa,

Sonunda işləri vurdular başa…

                              ALTINCI FƏSİL

KƏRƏMLİ  QALASI  HAZIRDIR

Qala hazır oldu, gəldi münsiflər,

Hamı alqış dedi, var olsun əllər…

Gizlədə bilmirdi heç kim heyrətin,

“Kərəmli” incidir, tayı yox, çətin…

Knyaz alqışları qəbul eylədi,

Hamı çox sevindi, bayram eylədi…

                                 YEDDİNCİ FƏSİL

                     BÖYÜK  KNYAZIN  HİYLƏSİ

Ya orda, bəlkə də ondan çox əvvəl,

Knyazın vədini daladı zaval…

Şübhə toxumları düşdü qəlbinə,

Qorxdu tay tikilə onun “Kremli”-nə…

Düşünüb, daşınıb verdi qərarı,

Dedi: – “Sabah  yola, salaq memarı”

Tapşırdı bir gözəl məclis  qurulsun,

Sonunda  memarın boynu vurulsun…

                         SƏKKİZİNCİ FƏSİL

                          QANLI  ZİYAFƏT

Miladın 1371-iydi,

Məclis İyunun 22-siydi…

Hamı təriflədi, dedi sağlıqlar,

Məclisdə qalmadı daha sayıqlar…

Əliş müsəlmandı içmirdi şərab,

Annanın baxışı verirdi əzab…

Məclis sona çatdı dikəldi Knyaz,

Hesab tam ödəndi nə çox, nə də az…

Anna da göz yaşı tökdü nə qədər,

Knyaz sağollaşıb gedənə qədər.

Annanın anası yaxına gəldi,

Əlişlə yaşıddı, ya az böyükdü.

Yolun açıq olsun, salamat yaşa,

Annamın ilk eşqi toxunub daşa…

Bəlkə getməyəsən, qalasan burda,

Anna sənə baxıb özün ovuda…

Son vaxtlar Əliş də düşmüşdü tora,

Şeytana lənətlə çatmışdı bura…

Yenə də bir lənət dedi şeytana,

Bu vaxt dəli kazak girdi meydana…

Qılıncı siyirib çapdı arxadan,

Var güclə bir nərə çəkdi ataman…

Əlişin bədəndən ayrıldı başı,

Annanın durmadı bir an göz yaşı…

Hər şey elə ani, qəfil oldu ki,

Əlişin özü də olmuşdu iki…

Biri başsız bədən qalmışdı yerdə,

Biri bədənsiz baş uçurdu göydə…

Sərxoş, sərsəm kazak xurcun eşirdi,

Anna saçın yolub, şivən edirdi…

Havadan asılı qalmışdı Əliş,

Elə bil Annanı indicə görmüş…

İstədi Annanı sakit eləsin,

Getmirəm, qalıram, burdayam desin…

Heyhat, kim eşidər tay onun səsin,

Elə bir yerdədir gedər, gəlməzsin…

Nəhayət anladı bunu Kərəmli,

İndi çox uzaqdan gördü “Kremli”…

                            DOQQUZUNCU FƏSİL

                               ANNA  SƏDAQƏTİ

Anna saçın yolub, edirdi şivən,

Əliş çalışırdı tutsun əlindən…

Əlindən tuturdu duymurdu Anna,

Üzündən öpürdü görmürdü Anna…

Talada hay-həşir qopmuşdu yaman,

Yox idi Əlişi bir kimsə duyan…

Talandı karvanı, soyuldu nəşi,

Belə naqisliyin olmayıb eşi…

Knyaz da qayıtdı, sanki, xəbərsiz,

Əliş dəfn olundu, qüsul-kəfənsiz..

Anna saçın yolub verdi yellərə,

Getdi ibadətə qürbət ellərə…

Məzarı başına gələrək hərdən,

Hədiyyə gətirdi güldən, çiçəkdən…

Uzun zaman oldu çəkdilər həsrət,

Bir-birin duymayıb etdilər söhbət…

Vüsal da var imiş demə qismətdə,

Bir gün anlaşdılar qəfil söhbətdə…

Hər dəfə Annaya yazıq deyənlər,

Cansız bədənini yolda gördülər…

Moskva-Smolensk, 9-cu verst,

Yolun kənarında bitmişdi həyat…

O vaxt ki, Kərəmli duymuşdu onu,

Həyatın onunçün çatmışdı sonu…

İndi həmin yerdə hər il qumrular,

İyunda, iyulda nəğmə oxurlar…

                                     KAMİLLİK

Yaradan ağılı verib bərabər,

Kamillik axtaran zəka cücərdər.

Dərsi başqasının səhvindən alan,

İnsanlar içində ən kamil olan.

Belə söyləmişdir sevimli müdrik,

Təcrübə bir daraq, kəlsək, neynirik…

“Rəbbi zədni ilmən “-deyən dillərə,

Xoş ətir, rahiyə yayan güllərə,

Ey uca Yaradan yardım et hər dəm,

Adın duamızda yaşasın müdəm…

                                      HƏQİQƏT

Yaşamın mənası, qayəsi təkdir,

Bizə məlum olan həqiqət yekdir.

Kəşf etmək, olanı tapmaq deməkdir.

Tapmaq, var olana yetmək deməkdir…

Təsadüf istəklə görüş anıdır,

Zərurət arzunun qol-qanadıdır…

Qəza da, qədər də bizimlə yaşar,

Taledən istəyən, qismətdən alar…

Ustac bu sözləri demir boşuna,

Baxmayın heç onun cavan yaşına…

Bir bilsən ruhunun kim olub dostu,

Bu üzdən başının tacı da usdu…

                                 NƏSİHƏTNAMƏ

İşin heç çətini, asanı yoxdu,

Qəlbi saf olanın gözü də toxdu.

Bir “Ol” – a bağlısa, dünya da nə var,

Bir düşün çətinlik bəs nədə olar?

Uca Yaradanın güçü sınırsız,

Nəyi istəyirsiz, onu alırsız…

Həyat dediyinin düsturu budu,

Nə istəyirsən, aldığın odu…

Məqsəd aydın olsun, niyyət də təmiz,

Zəhmətin bəhrəsin görəcəksiniz…

                             MÜNACAT  VƏ  SON

Zaurun əlləri boşda qalmadı,

Arzusu qələmdə güldü, ağladı…

Uslu-uslu neçə dastan bağladı,

Razıdır,  min şükür Yaradan haqdı…

Ustac babalardan alıb mirası,

Sevən  seviləcək, olmayın ası…

Təvəqqem şükr edin, eyləyin alqış,

Arzu, istəyiniz olmasın qarğış…

Cəlal sahibinə sığının hər an,

Məqama güvən yox heç vaxt, heç zaman…

                            ZAMAN  VƏ  MƏKAN

Uca Yaradanın verdiyi güclə,

Qəlbimdə   açdığı  cığırla,  izlə…

Zaman  qeyd olundu əlbət,  Miladi.

Məkan Bakı şəhri  qeyri-iradi.

7-si iyunda, axşam 7-də,

2018 olundu siftə…

Girişdən birinci fəsilə kimi,

Hamısı yazıldı elə o günü…

Sonra ötən günlər naz etdi qələm,

Oturub gözlədim nə edə billəm?

Bir də 20-si axşam 7-də,

Qələm felə keçdi, mən də bihudə…

Fəsillər də bitdi, gəldik buracan,

Qaldı bir şükranlıq, bir zaman, məkan.

2018 Miladi ilə,

21-i iyun Sübh azanıyla,

Qələm də ayrıldı həmən kağızdan,

Şükür, həmdü-səna qopdu ağızdan…

21-i iyun doğmuşdu Günəş,

Qələmin canında yeni bir atəş…

İndi bu sözləri vərəğə yazır,

Cism bu masada, ruh yolun azır…

Yeddi yüz əvvəlin bu çağlarında,

Moskva yolunda, yol qırağında…

Bitmiş bir ömürün dastanın yazır,

Bitmişdir bu əsər, artıq tam hazır…

                                    ŞÜKRANLIQ

Min şükür Yaradan, şükür hikmətə,

Başladıq, son verdik qəmli söhbətə…

Əlişin, Annanın ruhu şad olsun,

Oxuyub, dinləyən payidar olsun…

                          21.06.2018. (11:00) Bakı.

                                           ZAUR  USTACIN   KİTABLARI:

1.«GÜNAYDIN“ («AĞÇİÇƏYİM”),

 2.“İSTƏMƏZDİM ŞAİR OLUM HƏLƏ MƏN”,

3.“GÜLZAR”,

4. “ŞEHÇİÇƏYİM”,

5.“MƏHDUD HƏYDTIN MƏCHUL DÜŞÜNCƏLƏRİ”,

6.“MUM KİMİ YUMŞALANDA”,

7.“BAYATILAR”,

8.“BALÇİÇƏYİM”,

9.“BƏRZƏXDƏ”,

10.“GÜLÜNÜN ŞEİRLƏRİ”,

11.“SEVİN Kİ, SEVİLƏSİZ…”,

12.“QƏLBİMİN  AÇIQCASI”,

13.“USTADNAMƏ”,

14.“NİŞANGAH”,

15.“ÇƏHRAYI  KİTAB”,  

16.“OTUZ İLDİR ƏLDƏ QƏLƏM”, 

17.“USUBCAN  ƏFSANƏSİ” (məqalələr toplusu), 

18.“ ORİYENTİR ULDUZU” (povest),

19. .“ƏLİŞ  VƏ  ANNA”  (poema).

                                        HAQQINDA YAZILAN  KİTABLAR:

1. Hacıxanım AİDA    “ÖMRÜN ANLARI ”  Bakı – 2018.

2.HacıxanımAİDA    “OTUZ ŞEİR, OTUZ FİKİR ”  Bakı – 2018.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

===========================================================

Rahim Üçoğlanlı Rzayev – DARIXIRAM YAMAN …

DARIXIRAM YAMAN ÇƏKİR EL MƏNİ

Kaş ki bu an vətən səni görəydim,
Asta-asta gül bağına girəydim..
Dəstə tutub bircə çələng hörəydim,
Darıxıram,yaman çəkir el, məni..

Qəribliyin hər bir günü ağırmış,
İndi bildim ruhum niyə fağırmış..
Dərdin əli hər tərəfdən sıxırmış,
Ovutmayır burda şirin dil, məni..

Rahim, uçub için-için sökülür,
Dərya kimi sinəm qalxır, çəkilir..
Əriyirəm, şux qamətim bükülür,
Əssə yıxar,bir xəficə yel, məni.!


Tehran-15.12.2016

Müəllif: RAHİM UCOGLANLİ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================


Boluslu Anar Əlioğlu – Qəm Olacaqdır…

Qəm Olacaqdır

Ha bəslə,əzizlə şirin canını,
Bir gün o qurd-quşa yem olacaqdır.
Həyatda dərd-qəmsiz ha xürrəm yaşa,
Şad günün çevrilib qəm olacaqdır.

Qulağı kar olan eşidərmi səs,
İnsan boş-boşuna yaranmır əbəs.
Kiminsə gözünü ağlar qoyan kəs,
Çox çəkməz,gözləri nəm olacaqdır.

Candan əskik olmaz “can”deməklə can,
Bir də saf olarmı ləkəli vicdan?
Zamanın hökmüdür,ağıllı insan,
Ağlın azalaraq,kəm olacaqdır.

Dünyada insan ki,tutmasa qərar,
Səhəri bilinməz,amma bu gün var.
Əcəlin vaxtını bilmirsən,Anar,
Bir gün öz başında cəm olacaqdır.

Müəllif: ANAR ƏLİYEV

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

ƏJDƏR ƏLİZADƏ – VƏTƏNİM MƏNİM…

VƏTƏNİM MƏNİM…
(Kamil bəhri)

Gözü yaşlıyam, başı daşlıyam, sinə dağlıyam, Vətənim mənim, 
Ürəyim mətin, yaşamaq çətin, saçım ağlıyam, Vətənim mənim.

Gələ bilmirəm, gülə bilmirəm, silə bilmirəm gözümün yaşın…
Demə küsmüsəm, əlim üzmüsəm.., sənə bağlıyam, vətənim mənim.

Vətənin satıb, dedilər qaçıb Qarabağlılar… Nəyi satmışam?
Düzə düşmüşəm, qəmə dözmüşəm, Qarabağlıyam, Vətənim mənim.

Topu atdılar, odu çatdılar, ara qatdılar, kama çatdılar,
Qacaqaç olub, bənizim solub, çöl otağlıyam, Vətənim mənim.

Üzə söz deyən, sözü düz deyən.., tükənən deyil sözü Əjdərin,
Belə qəm çəkəm, qəmi cəm şəkəm, nədən ağlıyam, Vətənim mənim.

15.12.2018 

Müəllif:ƏJDƏR ƏLİZADƏ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

SONA AMAL – GÖZƏLDİR

GÖZƏLDİR

(Bir aşiqin dilindən)

Pəncərədən mənə boylanan gözəl,
Camalına qonan xal nə gözəldir?!
Baxışın dil açıb, söyləyir: “Gəl!Gəl!”,
Yanağına çökən al nə gözəldir?!

Sanıram, həyatda tapdım tənimi, 
Silərəm gözümdən kədər, qəmimi,
İzin ver, darayım ipək telini,
Başına saldığın şal nə gözəldir?!

Fərəhdən köksümə sığmayır könlüm,
Bilmirəm ağlayım, bilmirəm gülüm,
Dodağına qonan təbəssüm, gülüm,
Dilindən süzülən bal nə gözəldir?!


15. 12. 2018-ci il.

Müəllif: SONA TEYMURBEYLİ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

 

ARZU GÖYTÜRK – DAŞ ADAM

DAŞ ADAM

Mən özüm sevmişdim o daş adamı,
O “Daş” əzir məni qınayammıram…
Mən “kədər qadınam” xoşbəxt olanda,
Güzgüdə özümü tanıyammıram…

Əynimə gen olur sevinc libası,
İztirab boyuma biçilib mənim.
Dünya yaratmışdım o “Daş adamdan”,
Dünya gözlərimdə kiçilib mənim…

Tanrıya bənzəyir sevgim…nə cismi,
Nə rəngi,nə də ki qoxusu yoxdur.
Gözümü dəyişdim başqa göz ilə,
İndiki gözümün yuxusu yoxdur…..

Müəllif: ARZU GÖYTÜRK

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================