YARADICILIQ

Zaur Ustac – USUBCAN ƏFSANƏSİ

İKİNCİ  YAZI

USUBCAN  ƏFSANƏSİ                                                              

Salam, dəyərli oxucum bu yazını həm Gülünün xahişi üzərinə, həm də bir növ onun mənə xatırlatdığı borc kimi dəyərləndirərək, qələmə aldım. Yazım Azərbaycanın, Qarabağın, dilbər guşələrindən olan qədim tarixə malik Yusifcanlı (Sufcalı, Usubcanlı) kəndi, onun tarixi, yerləşdiyi ərazi, adət-ənənələri, insanları haqqındadır. Yusifcanlı kəndinin yerləşdiyi ərazinin lap qədimdən, yəni Miladdan öncədən də yaşayış məntəqəsi olması müzakirə mövzusu belə ola bilməz – bunu kədin öz ərazisi daxilində yaşayış üçün əlverişli olmasına baxmayaraq, dəfələrlə yer dəyişməsi, ən qədim inancların 1993-cü ilin yayına kimi ilk günlərdə (ibtidai dövrlərdə – Adəm oğullarının indiki Təbriz şəhərinin olduğu ərazidən  Ağrı  dağı istiqamətində hərəkətə başladığı ilk vaxtlarda – hansı fikrə inanmağımızdan asılı olmayaraq) olduğu kimi təzə-tər qutsal şəkildə yaşaması, qədim “Elçi yolu” adlanan karvan yolunun üzərində yerləşməsi, bu günümüzdə də demək olar ki, bütün ərazidən addımbaşı müxtəlif dövrlərə aid maddi-mədəniyyət nümunələrinin tapilmasıdır. Əsasən 1950-60-cı illərdə kəndin ətraf ərazilərində eləcə də daxilində qazıntılar zamanı tapılmış küplərin dəqiq İslamdan qabaqkı dövrə aid olduğu sübut olunmuşdur. Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnsitutunun əməkdaşlarının 1950-də “Kültəpə”, 1960-da isə “Çalağantəpə”də bir çox qədim maddi-mədəniyyət nümunələri tapılmışdır ki, bunların içərisində 7 – min illik tarixi olan daşlaşmış. kömürləşmiş buğda dənələri olmuşdur. Yusifcanlı kəndinin zəngin və olduqca qədim özünəməxsus tarixinə bir də inancalr bölməsində sadə xalqın təbii, tərəfsiz və qatqısız baxışları fonunda nəzər salacağıq. Bu bölmədə qısaca deyə bilərik ki, dövrümüzdə də hamı Nüşiravanlığı, Şah İsmayılı, Şah Abbası, Nikolayı, Lenini, Müsavatı- Hürriyətçiliyi, Stalini bütün gavur (kafir)-müsəlman, sünni-şiə, erməni-müsəlman (türk), dünya müharibələrin dildən-dilə, ağızdan-ağıza yaxşı xatırlayır və bütün bu tarixi hadisələr Azərbaycanın bütün torpaqları kimi həmişə Yusifcanlını da ətkiləmişdir. Özəllik ondadır ki, həmişə bütün hadisələrin tam ortasında qalmağına baxmayaraq, xüsusi ilə 1970 – ci ildən sonra – bu fakt olaraq belədir – böyük siyasətçi Heydər Əliyev 1969-da hakimiyyətə gələndən sonra Yusifcanlı böyük bir sıçrayışla inkişaf etmiş, 1990-cı illərdə sözün əsil mənasında ən parlaq – briliyant dövrünü yaaşamışdır, məhz briliyant- bunu ancaq və ancaq belə adlandırmaq olar. Bütün dövrlərdə əsas göstərici iqtisadi vəziyyət olmuşdur. Tam əminliklə qeyd edirəm ki, öz təmiz əməyi, zəhməti ilə yaşayan Yusifcanlı kəndində 1993-cü ilin yayında bir ailəni belə kasıb adlandırmaq olmazdı. Məsələn, orta statistik ailə hərbi xidmətdə olan varsa var, yoxsa hamı ailədə- kəndədir. Hamı işləyir. Həyətin meyvəsi, mal-qaraya da baxmaq lazımdır. Əsgərə nişanlanıb gedir, gələn kimi heç bir problemsiz ev tikilir toy edilir. Bütün aillələrin ən azı bir minik avtomobili və bir-neçə kənd təsərrüfatı texnikası var idi(adı savxozun olsa da). İnsanlar lap qədimdən bu tarixə qədər- 1993- cü ilin yayının o gününə səhər saat 10:00 – a qədər qurub yaratdılar. Hətda o gün də hamı səhər-səhər adi qaydada durub, işə getmişdi, ancaq daha heç  kim işdən öz evinə qayıda bilmədi. Bu sətirləri sözlə yazmaq çox asandır, ancaq dərk etməyə baş lazımdı – bir anın içində əsrlərdən bəri ata- babaların qurub yaratdıqlar bir göz qırpımında məhv olur yerində bu quru sözlər (hələ şükür, min şükür ki, biz Azərbaycan kimi bir ölkədə yaşayırıq) bir də nə vaxtsa mütləq bu torpaqlara qayıtmaq  ümidi  qalır…

Yusifcanlı kəndinin böyük bir hissəsi 1994-cü il aprelin 12-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur, kiçik bir hissəsi isə ordumuzun nəzarəti altındadır.

Tez-tez Ermənistan silahlı qüvvələri Yusifcanlı kəndinin işğal olunmuş hissəsindən Azərbaycan ordusunun üzbəüz mövqelərini atəşə tutur. Bütün hallarda  Azərbaycan Silahlı Qüvvələri  cavab atəşi ilə qarşı tərəfi susdurur.

Usubcan əfsanəsi

Əfsanənin kökləri Şah İsmayılın zamanından şox əvvəllərə gedib çıxır; deyilənə görə çox-çox qədimlərdə yəni, Şah İsmayıl  toy-büsatla bu yerlərdən keçib Təbrizə getməmişdən çox əvvəl Qarqarçayla Qobu arasındakı qalın olduqca sıx, keçilməz meşənin ortasında yerləşən bu kənddə Usubcan adlı çox güclü bir gənc yaşayırmış bir ucu Ərdəbildə, Təbrizdə bir ucu Bərdədə, Gəncədə, İrəvanda, Makuda bu ətrafda bunun kürəyini yerə vuran yox imış. Usubcandan əvvəl kəndin yəqin ki, hansısa adı olub, ya bəlkə də heç olmayıb. Nəsə əfsanəyə görə Usubcanın şöhrəti artdıqca kənd də tanınmağa başlayıb. Şah İsmayılın padşahlığı başlayandan sonra kənd Təbrizdən gəlib Gəncədən keçib gedən “Elçi yolu”-nun üstündə qalması ilə sonralar ətraf şəhərlərdən belə adamların köçüb gəlməsi(Qaladan zaman-zaman daha çox köçüb gələn olub- bu da yenə köç yolunun üzərində olması ilə əlaqəli olub yəqin) ilə daha da böyüyən kənddən ətrafa gediş- gəliş artıb; hardan gəlmisən sualının cavabı sözsüz ki, həmişə Usubcanın kəndindən olub. Bu minvalla sonralar aşağı (Təbrizə, Araza tərəf), yuxarı (Gəncəyə, Kürə tərəf) sülh vaxtı tacirlər, müharibə vaxtı əsgərlər yolüstü kəndin adın “Usubcanlı”, “Sufcanlı” deyə yaymağa başlamışlar. Günümüzdə də “Yusifcanlı” ancaq sənədlərdə yazılır, yəni siz bu kənddən olan bir nəfərdən soruşsaz ki, hardansan cavab ” Sufcanlı” olacaq.

Kəndin sayılıb seçilən ağsaqqalları olub:

  • Hacı İsmayıl,
  • Hüseyin Qara ,
  • Abış Kişi ,
  • Məşədi Mustafa ,
  • Vəli Kişi ,
  • Talış Kişi,
  • Məşədi Əzim ,
  • Cümşüd Kişi ,
  • Molla Mürşüd,
  • Alagöz Kişi və başqaları bu kənddə həmişə ağsaqqal sözü eşidilib, hörməti saxlanılıb. Bu yerdə özümün şəxsən müşahidə etdiyim  maraqlı bir məqamı diqqətinizə çatdırmağı özümə borc bildim. Deməli, son günlərədək, yəni şəhid xəbərləri, yas mərasimləri toyları səsiz edənə qədər heç kim cürət edib toy-düyün və digər şadyanalıq  şölənlərində süfrəyə sipirtli içki qoya bilməzdi. Cavanlar (içmək istəyənlə) gizlin bir yolun tapıb içərdilər. Ümumiyyətlə kənd camaatı çox dindar və adət -ənənələrə sadiq idi. Əsrlərdən bəri süzülüb gələn Şiəlik mövcud olmuş  atribut və tədbirləri  ilə bütün dönəmlərdə fasiləsiz şəkildə nəsildən nəsilə (babadan – nəvəyə)  ötürülmüşdür. Novruz bayramı “Qarqara çıxılan gün” , “Çilə günü”, “Çilə bayramı” (“Novruz”-dan başqa çox adlarla) çox zəngin adət və tədbirlərlə, oyunlarla həmişə,  bütün dövrlərdə fasiləsiz olaraq qeyd olunmuşdur. Qarqara çıxılan gün (21 mart)  bütün ətraf bölgələrin camaatı da “Sufcanlı”-ya bayramı qeyd etməyə, bəlkə də daha çox Kəndirbaza baxmağa, Dirədöymə oynamağa yığışardılar. Kəndə bayram tədbirləri fevralın axırında yanan yalançı çərşənbə ilə başlayar, qalan dörd gerçəkci  çərşənbələrin hamısı yelləncək günü kimi qeyd olunardı. Bu günlər  (dörd çərşənbə boyunca) evdə heç kim qalmaz hamı kəndin kənarında yellənck ağaclarında  (iki-üç yerdə) qurulmuş yelləncəklərin  ətrafına toplaşar, yumurta döyüşər, dirədöymə oynayardılar. Bayram şöləni hava tam qaralana qədər yelləncəklərin ətrafında, sonra məhlələrdə ki, çərşənbələrin başında, çox vaxt səhərə qədər evlərdə davam edərdi. Axırıncı çərçənbə məxsusi olaraq “Çilə gecəsi” adı ilə qeyd olunar, sübhə qədər hamı oyaq qalardı. Bütün yaş qrupunda olan insanlar dəstə-dəstə toplanar əvvəcədən hazırlıq görüb, seçilmiş evlərdə Çilə keçirərdilər. Bu gecələr çox maraqlı idi. Ən birinci hamı bu gecəni ilboyu səbirsizliklə gözləyərdi ki, Dağdağan ağacının altında niyyət edib, budağından gözmuncuğu düzəltmək üçün kəsəcək.  Kosa gedilər, torba atılar, cavalar niyət tutub dinləməyə gedərdilər. Maraqlı oyunlar oynanılırdı. Sübh olanda sonucu tonqal qalanar. (Sübhdən.) Kəhriz üstə gedilər, yol boyu arxların üstündən hoppanır, tənəyin altından keçərdilər. Qayıdanbaş kəhrizdən su gətirərdilər. Həmin gün martın neçəsinə düşürdüsə, o gündən 21-i matra (Qarqara çıxılan günə) qədər hər gün bayram olardı. Adamlar bir-birlərinə gedib gələrdi. Bu gün nə qədər çox olsa uşaqlar o qədər də sevinirdi. Kəndimiz adından əlavə Çöpçülər (boğazda qalan çöpü çıxardan türkə-çara təbiblər), Mollalar, Seyidlər adları ilə də tanınmışdı. Günü bu gün də (14 mart 2014) baxmayaraq ki, bütün kənd camaatı  bütün dünyaya səpələniblər, baş tutan məclislərdə – adətən toylarda ilk söz mütləq seyidlərə verilir.

Seyidlər:

  • Seyid Məmməd,
  • Seyid Əhməd,
  • Seyid Həşim ,
  • Seyid Mirəliş (Seyid Əliş) və başqaları gənclər…

Mollalar:

  • Molla Məmmədbağır ,
  • Molla Fərrux,
  • Molla Qulu ,
  • Molla Məhərrəm ,
  • Molla Məmməd və başqaları gənclər…

Sənətkarlar:

  • Təlifçi Pöhrüz ,
  • Dəllək Fəqan ,
  • Dəllək Allahyar ,
  • Usta Hümbətalı ,
  • Usta Fazil ,
  • Usta Şahin ,
  • Usta Yamən və başqaları gənclər… Deməli təlifçilər xeyir və şər mərasimlərində atın belində məhlə-məhlə gəzərək, bütün evləri bir-bir sabahkı və ya bir-neçə gündən sonra olacaq tədbirə (toy-düyün, yas məclisi;3,7, 40, il) dəvət edərdi. Təlifçinin mətni təxminən belə idi: “ Məhəmməd, Məhəmməd sabah Əhməd oğluna toy edir, ora dəvətlisiz…”  Dəlləklər həm təraş həm də sünnət işinə baxırdılar. Digər ustalar ev tikmədən tutmuş, müxtəlif xirda işlərə qədər bütün məsələri həll edərdilər.

İnanclar:

Yuxarıda qeyd etdik ki, Yusifcanlı kəndinin ərazisində lap qədimlərdən yaşayış olmuşdur. Təbiidir ki, mədəniyyət də müxtəlif və zəngin olacaqdır. Günümüzdə kəndin əhalisi bir mənalı olaraq şiə-müsəlman Azərbaycan-Türklərindən ibarət olub, bir dildə Azərbaycan Turkcəsində danışırlar. Bu tərkib Şah İsmayılın zamanından bəri belə formalaşıb və illər ötdükcə daha da möhkəmlənib, yekcinsləşib. Ancaq bunula belə ən qədim Totemizmdən üzü bəri Atəşpərəstlik-oda sitayiş və xristianlıq İslamla(Şiəlik) birlikdə yaşamış, hamısının varlığı sübut olunmuşdur. Zamanla demək olar ki, Xristianlıq öz izlərini qoyub tam ərimişdir, yəni Albaniya dövründən sonra, xüsusi ilə də İslamın qəbulundan sonra həm də kənd camaatının qatı dindar olması səbəbindən Xristianlıq öz izlərini bir neçə məsəldə və islamdan əvvəlki dövrə aid küplərin dibindən tapılmış şərab, üzüm çəyirdəyi qalıqlarında qoyub bir dəfəlik zamanın arxivinə keçmişdir.

Günümüzədək ağaca inam Totemizmi özünü qoruyub saxlamış və onu qeyd edim ki, Dağdağan ağacı müqəddəs sayılmaqla bərabər kəndin ərazisindəki xüsusi bir Dağdağan ağacı var ki, onun hörməti son günlərə qədər kənd məscidinin hörmətindən çox olub ki, az olmayıb. Bu ağacla bağlı rituallarda kifayət qədər Şamanizm əlamətləri də olub.

Atəşpərəstlik-Oda sitayiş də həmişə İslamla qoşa addımlayıb. Belə ki, sadə insanlar, yəni xalq, əsas elektarat bir dəfə Allaha and içəndə beş dəfə də Oda, Günəşə and içib həmişə: “o, Gün haqqı”, “o, İşıq haqqı”, “o, isti zindan haqqı” hətta daha müasir formada, “o, peç haqqı” od-ocaq həmişə müqəddəs sayılıb.

Adətlər:

  • Yellənçək (bayram adəti) ,
  • Çilə çıxartmaq (bayram adəti) ,
  • Qarqara çıxmaq (bayram adəti) ,
  • Ciyar axşamı (toy adəti) ,
  • Kəmləşmək (toy adəti) ,
  • Kosa getmək (bayram adəti) və başqa unutduqlarım ola bilər, baxmayaraq ki, çalışmışam heç nə yaddan çıxmasın..

Bayramlar- bir bayram var idi o da bahar bayramı;

  • Qarqara çıxılan gün

Oyunlar:

  • “Topaldıqaç”,
  • “Huydurma ağac”,
  • “Dirədöymə”,
  • “Mətə-mətə”,
  • “Ənzəli”,
  • “Çilikağac” və başqa unutduqlarım ola bilər…

Şəhidləri- bu qanlı- qadalı ilər bizim kəndən də yan keçmədi, əksinə tam ortasında qaldı, ən anlaşılmaz (bu gün-14 mart 2014, cavabsız suallar çoxdur…) məqamlar yaşadı. Canlar aldı və hələ də almaqda davam edir….

“Ustaclıyam, əlim ərşi – əlada,

Bu nə sitəm, Millətim nə bəlada???!!!…”

  • Vahid Abbasov Muxtar oğlu
  • Knyaz Abbasov Əliqulu oğlu
  • Əliyev Zəfər Düşgar oğlu
  • Tağıyev Həmzə Tağı oğlu
  • Hüseyinov Hüseyin Əkbər oğlu
  • Mejdunov Etiraz Oruc oğlu
  • Xəlilov Elbar Eldəniz oğlu
  • Seyidov Abuzər Rəsul oğlu
  • Rüstəmov Sərdar Böyükkişi oğlu bu siyahının bitməsini daha uzanmamasını arzu edirəm….

İtginlər – şəhidlərimizdən əlavə səsi-sorağı olmayan oğullarımız da var:

  • Quliyev Heydər Qurban oğlu,
  • Rüstəmov Azad Həsənqulu oğlu,
  • Əliyev Kamil Hidayət oğlu,
  • Quliyev Mübariz Ramiz oğlu, bitsin bu siyahılar…..

Tarixi abidələri:

  • Yataq təpəsi ,
  • Cənnətalı məscidi,
  • Mahmudun körpüsü ,
  • Hacı İsmayıl məscidi ,
  • Su dəyirmanı ,
  • Hacılar Od dəyirmanı (motorla işləyən) ,
  • Qayabaşı Od dəyirmanı (motorla işləyən) , çalışmışam heç nə yaddan çıxmasın, ola bilər mənə məlum olmayanlar da ola bilər…

Meydan və küçələr:

  • Həbibin evinin dalı (baş meydan) ,
  • Dükanın qabağı ,
  • Poçtun qabağı ,
  • Daş yol (əsas yol ),
  • Dar yol (aralıq yol da deyilir), çalışmışam heç nə yaddan çıxmasın, ola bilər mənə məlum olmayanlar da ola bilər…

Toponimlər:

  • “Elçi yolu” ,
  • “Köhnə Qarqar” ,
  • “Təzə Qarqar” ,
  • “Qışlaq arxı” ,
  • “Təzə arx” ,
  • “Yataq təpəsi” ,
  • “Təpə-təpələr” ,
  • “Üzərlik təpəsi”,
  • “Öküzçü” ,
  • “Daşlıq aralığı” ,
  • “Kərpicli” ,
  • “Quzeydən” , çalışmışam heç nə yaddan çıxmasın, ola bilər mənə məlum olmayanlar da ola bilər…

Bağları:

  • Vəlinin narlığı ,
  • Hərifin palıdlığı ,
  • Mahmudun bağı ,
  • Böyük bağ ,
  • Kiçik bağ ,
  • Saqqızlq ,
  • Şıx Həsən,
  • Hacılar qırması, çalışmışam heç nə yaddan çıxmasın, ola bilər mənə məlum olmayanlar da ola bilər…

Məhəllələr:

  • “Sivişdili” ,
  • “Ənbərdə” ,
  • “Hacılar” (Hajılar) ,
  • “24-lər” ,
  • “Şəhrili” ,
  • “Təzə məhlə” ,
  • “Aşağı məhlə” ,
  • “Yuxarı məhlə” , çalışmışam heç nə yaddan çıxmasın, ola bilər mənə məlum olmayanlar da ola bilər…

Aydınları:

  • Kərbəlayi Əşrəf (1895 – 1959) -din alimi ,
  • Sadıqov Hümbət (1922) – tanınmış müharibə veteranı, şair,
  • Zeynalov Qurban (1926 – 1941) – publisist, müəllim,
  • Əhməd Qasımov (1927 – 1998) – ictimai xadim, jurnalist,
  • Şahnəzər Hüseyinov(… – 2004) – alim,
  • Abbasov Zeynal (… – …) – alim,
  • Xəlilov Allahqulu(… ) – hərbiçi, polkovnik,
  • Əmirov Həsən (….) – hərbiçi, polkovnik,
  • Salam İbrahimoğlu (1950) – rəssam, şair,
  • Şahin Qasımov (1951) – mədəniyyət işçisi ictimai xadim və başqa digər onlarla gənclə bu siyahını uzatmaq olar…

Coğrafiyası və iqlimi:

Bu kənd Ağdam  şəhərindən 12 km cənub şərqdə, Qarqarçayın  sağ sahilindəki ərazidə yerləşir. Əslində, kəndin özü indiki Qarqarın yox, çayın ən qədim yatağı olan Köhnə Qarqarın sağ sahilində yerləşir. Ərazi çox da böyük olmayan yastıdüzənlik olan Qarqarçayın Kaynozoy erasının dördüncü dövr gətirmə süxurlarından ibarətdir. Üzəri isə qalın gil-torpaq qatı ilə örtülmüşdür. Bu qat suvarma əkinçiliyi üçün çox əlverişli olub, məhsuldardır. Ərazinin əsas problemi su məsələsidir (yerin 120-150 metr dərinliklərində keyfiyyətli sular kifayət qədərdir). Kəndin suya olan təlabatı bir kəhriz, bir neçə arteizan, həyətlərdəki çoxlu sayda fərdi su quyuları, mövsümdə sel olarsa Qarqarçaydan  götürülən sular və Tərtərçaydan,  Mərzili çölünəqədər çəkilmiş Ağdam kanalından götürülən suların hesabına ödənilir.

Kəndin torpaq sahəsi Qarqarçayın  sağ sahili boyunca qərbdən şərqə doğru 4 km, şimaldan cənuba isə 4 km-dən az uzanır. Göstərilən bu ölçülər daxilində kəndin ümumi sahəsi 15 kvadratkilometrə qədərdir ki, bu da 1500 hektara qədər torpaq sahəsi deməkdir. Bu qədər sahənin 700-800 hektarı əkin üçün yararlı, o cümlədən 450-500 hektarı isı üzümlüklərdir.

Kənd ərazisinin şimal hissəsində Qarqarçay  özü təbii sərhəd təşkil edir. Qərbdə Novruzlu kəndi ilə Yusifcanlı arasından “Qobu” deyilən “Quru çay” dərəsi keçir ki, o da öz suyunu Qarqarçaydan götürüb. Qobudan əlavə “Qışlaq arxı” (Qışdı arxı) və “Köndələn arxı” da suvarmada istifadə olunub. “Köndələn arx” qonşu Mərzili kəndi ilə təbii sərhəd təşkil etməklə uzanıb şərq qonşumuz Ağcabədi rayonunun Qiyaməddinli kəndinin ərazisinə qədər gedir. Şərqdən Ağcabədi  rayonunun Qiyaməddinli kəndi ilə sərhəd təşkil edir ki, o isə başqa kəndlərə nisbətən daha yaxında yerləşir. Qarqarın sol sahilində Əfətli və Acarlı kəndləri ilə qonşudur. Yusifcanlı kəndininbir hissəsi olan “Quzeydən” massivi Mərzili tərəfdədir. “Qızlar” arxı da buradadır. Yusifcanlı-nın coğrafi kordinatları aşağıdakı kimidir: 39 dərəcə, 58 dəqiqə, şimal enliyi isə 47 dərəcə, şərq uzunluğu, yəni, kənd Bakıdan 3 dərəcəlik məsafədədir. Bu da hava xətti ilə 256 km edir.3 dərəcəlik məsafə isə 12 dəqiqə vaxta bərabərdir. yəni Bakıda 8 tamam olanda kənddə 8 – ə hələ 12 dəqiqəqalır. Günəş Yusifcanlı-da Bakıdan 12 dəqiqə sonra çıxır.

Digər məsafə və ölçülər: Yusifcanlı-dan İran sərhəddinə,Araz çayına qədər olan məsafə hava xətti ilə 110 km-dir.Kənddən ekvatora qədər olan məsafə 4450km, şimal qütbünə qədər isə 5565 km-dir. Coğrafi kordinatlardan da göründüyü kimi Yusifcanlı nəinki Azərbaycanın, habelə dünyanın ən gözəl və mənzərəli yerinin düz ortasında yerləşir. İqlimi mülayim, quru subtropik iqlimə malikdir. İllik maksimum temperatur 39-40 dərəcə, minimum temperatur isə 10-13 dərəcə təşkil edir. İllik yağıntının miqdarı minimum 250-300 mm, maksimum isə 550 – 600 mm miqdarında olur. Buxarlanma çox olduğundan süni suvarmaya ehtiyac var.

Flora və faunası:

Kəndin əsas təbii sərvətləri – gözəl ( olduqca mülayim ) iqlim şəraiti, münbit torpaqları, bu torpaqların dərinliyindəki subartezian suları, illik günəşli günlərin çox olması, kəndətrafı ucaboylu bağların varlığı, palıd meşəsinin yayılması ola bilər. Bu bağlar və palıdlıqlar hələ çox qədimlərdə təbii meşəliklər olub. Bitki örtüyü zəngindir. Onlardan palıdı, qaraağacı, qozu, qovağı, tut ağacını, yabanı nar, saqqız ağacı, dağdağan, habelə cır üzüm, böyürtkan və qaratikan kollarının dibində bənövşə və qulançarı göstərə bilərik. Çollər xüsusi əhəmiyyətli biyan – la başdan-başa örtülür.

Bu zəngin bitki aləminin içərisində heyvanlardan canavar, çaqqal, tülkü, meşə pişiyi, vaşaq, köstəbək, kirpi, porsuq, ilanlar, tısbaöa, qurbaöa, quşlardan – çalağan, qaraquş, qara qarğa, boz qarğa, saxsağan, qaratoyuq, göyərçin, sərçə, alabaxta, köç vaxtı vağlar və digərləri də yaşayır.Əziz və çox dəyərli oxucum, əgər bu sicilləmə baş alıb gedən – tam səmimi olaraq onu qeyd edim ki, bir təhər qısa-qısa danışıb güclə yekunlaşdırdım…. Yazdıqca yada düşür və səndə yazmaq istəyirsən. Ancaq əvvəldədə qeyd etdim yazının bəlli bir nəqsədi var və Gülü xanımın istəyi, tələbi. Onun qoyduğu çərçivə daxilində yazmağa çalışdım. Yazı zamanı, əsasən gördüklərimə və eşitdiklərimə ( dədə – babadan, tarix müəllimim  Əbdüləli müəllimdən – ruhu şad olsun…) əsaslandım.  Bəzi yerlərdə -əsasən coğrafi məlumatlarda dəqiqliyi gözləmək xatirinə öz coğrafiya müəllim Yusif müəllimin  və yuxarıda qeyd etdiyim kimi,  hamımızın fəxri olan    Şahin müəllimin həmmüəllif olduqları  kitabdan(Yusif Əkbərov, Şahin Qasımov “Qarabağda bir kənd var – Yusifcanlı”. Bakı. 2004)

İstifadə etdim. Qızıldan qiymətli vaxtınızı ayırıb bu yazını oxuduğunuza görə təşəkkür edirəm… Həqiqətən də belə getsə,  gücümüz  ancaq “Qarabağda bir kənd vardı…” deməyə çatacaq… Bu məsələ çox uzandı… Torpaqlara qayitmaq vaxtı çoxdan çatıb….. Kimsə ümid edir ki, vaxt ötdükcə  torpaqlar  unudulacaq  yanılır. Bu yazı elə bunun ən bariz sübutudur, Bakıda doğulmuş Ağdamı, Yusifcanlını söhbətlərdən tanıyan Gülü belə bir yazı tələb edirsə, yenə Bakıda anadan olmuş heç söhbətlərdən də bir şey anlaya bilməyən 5 yaşlı Tuncaydan soruşanda ki, “ə, sən haralısan?” – Xüsusi bir ədayla, şəstlə cavab verirsə ki, – “Ağdamlıyam” –  demək bu söhbət bitməyib… Sadəcə biz böyüklər çalışmalıyıq  ki, atalardan bizə miras qalan bu problemlər indiki “Ağdamlıyam”, “Qarabağlıyam”  deyən körpələrin çiyinlərinə yükləməyək… Görürsənmi, dəyərli oxucum sağollaşandan sonra da söhbət bitmir ki, bitmir……

14.03.2014. Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

===========================================================

Vahid ƏZİZ – Bir yarpaq:

ETİBARSIZ YOLLAR…

Fələk sındırarmı uznsa qollar,
o qolun əlləri taparmı məni?
Görən nə oldu ki,bu doğma yollar
bəxt gedən tərəfə aparmır məni!?

O qədər keçmişəm keçə biləndə…
doğmadır hər daşı,hər döngəsi də,
yollar da nəyinsə məngənəsində,
bir cürdür hər kəsin düşüncəsində.

Kim deyir:”Hər şeydən çıxış yolu var,
doğru yol canları qurtaran olur?”,
mən elə bilirdim-işıqlı yollar
hər vaxt səadətə aparan olur.

Nə ümid zlmətdə gedən qatara,
kimdir fənərləri yollara düzən?
Onlar bir–birinə göz vura–vura,
gedər–gəlməzlərə aparar bəzən!

İtirdim; günlərdi, yollarda keçdi,
üstülə karvanlar, dövranlar keçir,
yollar–etibarsız, yollar bivecdi,
bəxtə ləngiyəni yol gecikdirir.

Çıxmışam həyatın çətin yoluna,
sonluğu səsləyib, harasa dartır,
hasarlar çəkilsin yol kanarına–
ağac dözlülərin sayları artır…

22.01.2019.

Müəllif: VAHİD AZİZ

USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

ƏJDƏR ƏLİZADƏ

HƏSRƏTİN AYINDAN, İLİNDƏN DANIŞ…

Şair, yaxına gəl, uzaqda durma,
Mənə vətənindən, elindən danış.
Yalandan, filandan nağıllar qurma,
Millətimin gözəl dilindən danış…

Bir az Xan Əminin zənguləsindən,
Arif Babayevin şirin səsindən,
Baba Mirzəyevin gen nəfəsindən,
Qədir Rüstəmovun zilindən danış…

Paramparça olmuş ləl torpağımdan,
Sinəmə vurulmuş çarpaz dağımdan,
Tapdaq altda qalmış Qarabağımdan,
Ölkəmin Muğanı, Milindən danış…

Vətəndə yurduma qalmışam həsrət,
Şe’rini qaçqına, köçkünə həsr et.
Nə qədər çəkəcək, söylə, bu həsrət,
Həsrətin ayından, ilindən danış…

Yaşamaq saymadım mən bu həyatı,
Nənələr ağlasın, desin bayatı.
Əjdər tərk edəcək bu kainatı,
Yurda uzanıqlı əlindən danış…

31.01.2019.

Müəllif: ƏJDƏR ƏLİZADƏ

USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

Zaur Ustac – Qarabağ Atı

QARABAĞ ATI

Anası Günəşdi, atası Aydı,
“Qıratdı”, “Düratdı” Qarabağ Atı!!!!
Tanrı ərmağanı,  butadı,  paydı,
Baratdı, muraddı, Qarabağ Atı!!!!
* * *

Rəngini veribdi, ana-atası,

Hələ görünməyib, ola xatası,

Telinin əksikdi,  şana, fatası,

Namusdu, iffətdi, Qarabağ Atı!!!!
* * *

Cahanı edibdi, özünə heyran,

Utanar baxmağa üzünə ceyran,

Tüm aləm səkməyən gözünə qurban,

Hörmətdi, izzətdi, Qarabağ Atı!!!!

* * *

Qumralı, səkili, məxsus qaşqası,

Bu dərdi anlamaz, əfsus başqası,

Gəzir oylağında donuz çoşqası,

Küskündü, incikdi, Qarabağ Atı!!!!

* * *

Bir  dünya incisi çəkir əziyyət,

Əriyir, yox olur, itir məziyyət,

Ustaca tanışdır təbir, vəziyyət,

Köçkündü, qəribdi  Qarabağ Atı!!!!

21.07.2016. 23:45(15′) . Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

===========================================================

Söz hikmətdir…

Qələndər Xaçınçaylı

Söz hikmətdir, Tanrının yaratdığı gözə görünməyən bir varlıqdır. O varlığı hər adam görüb, onu dərk edə bilmir. Söz də Quran kimi müqəddəs, bayraq kimi ucadır. Sözün ucalığını söz sahibləri, sözdən qala tikənlər, çələng hörənlər bilər. Söz əsl yazarların, söz ustadlarının əlində mum kimi mütəhərrik bir şeydir.

Hansı yana, hansı mərrtəbəyə istəsə, onu o istəqamətə yönəldə bilər. Sözlə tarixi keçmişimizi, vətən-torpaq yolunda canlarından keçən igid oğuların əfsanəvi qəhrəmanlığını, eləcə də gözəl sənət adamlarını qələmə alır, sözlə tarixə çevirib onu yaşadır. Bədii obrazlarla onu nağıllaşdırır… Bu tarixi qəhrəmanlar, tarixi şəxsiyyətlər poetik dillə gəlıcək nəsilərə çatdırılır. Tanınmış şair və publisist Zaur Ustac da məhz söz qədrini bilən ziyalılarımızdan. Söz sahiblərindən biridir. Onu qısa vaxtlarda tanısam da, amma yaradıcılığına çöxdan bələdəm. Zaur Ustacın özünə məxsus poetik düşüncəsi, yaradıcılığı var. Nənələrimiz milli ənənəllərimizi ilmə-ilmə xalçalarda toxuduğu kimi, şairlərimiz də hər bir sözü ilmə edib öz gözəl əsərlərini yazıb ortaya qoyurlar. Zaurun bir şair kimi digərlərindən fərqləndirən cəhət onun sözə qənaətlə yanaşmasıdır. Vətənə, torpağa olan hədsiz məhəbbətini sözə, poetik obraza çevirib qələmə almasıdır. O ən çox tarixi hadisələrə müraciət edir. Onun 18 kitabı nəşr olunub. Əsərləri Qarabağ döyüşlərində qəhrəmanlıqla şəhid olan Mübariz İbrahimov kimi qəhrəman oğullarımızın keçdiyi döyüş yollarından və Qarabağ ağrılarından bəhs edir. Eləcə də Azərbaycanın tanınmış tarixi şəxsiyyətlərinin, incəsənət adamlarının və memarlarının keçdiyi həyat yolunu bədii obraza çevirib sadə dillə oxuculara çatdıra bilir.

Qeyd edim ki, təzəcə işıq üzü görmüş”Əliş və Anna” poeması da şairin 19-cu kitabıdır. Xatırladım ki, adıçəkilən kitab görkəmli memar Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınıb. Kitab yubley tədbirləri çərçivəsində nəşr olunub. Qısa şəkildə desək, bu kitab memarın keçdiyi həyat yolundan, Moskvanın, Kremilin tikintisindən və eləcə də Əliş bəylə Annanın arasında mövcud olmuş nakam məhəbbətindən bəhs edir.9 fəsildən ibarət olan bu kitab iki dildə Azərbaycan və fars dilərində çap olunub. Bu əsər tamamilə klasik fikirlərə, Ulu Yaradanın böyüklüyünə, Insani dəyərlərə söykənir. Bir memarın əl işləri, yaratdığı Kreml kimi böyük bir sənət əsəri poemada geniş yer alır. Memar Əliş bəy bir Azərbaycanlı balasının böyük sənətkarlığından, yüksək memarlığından xəbər verir. Əsərdə Əliş bəylə Annanın saf məhəbbəti. onların nakam sevgiləri ustalıqla qələmə alınıb. Bu əsərdə sevginin böyüklüyü, heyrətəmizliyi, sevgi müqəddəsliyi Tanrı zirvəsinə qədər yüksəlir. Elə şairin yaradıcılığındakı üstün cəhət, böyüklük ondadır ki, dahi Nizaminin, Füzulinin, Xətainin yaradıcılığından bəhrələnməklə böyük bir sənət yolu keçməsidir, bir sözlə çağdaş ədəbiyyatımızın memarına çevrilməsidir. Bir müqqəddəs şəxsiyyət. söz adamı kimi onlara daim sitayiş edib, sözün böyüklüyü qarşısında baş əyir, ən əsası odur ki, müqəddəsliyi qoruyub saxlaya bilib. İnanıram ki, bu kitab neçə-neçə oxucunun qəlbinə yol tapacaq.

Yeri gəlmişkən qeyd edim ki, Zaur Ustac həm də xeyriyyəçiliklə məşğul olur. Ona görə də Zaur Ustac bu il Milli Qəhrəman Mübariz İbrahimovun 31 yaşı tamam olması ilə əlaqədar fevral ayında “Mübariz-31” anım-tanıtım xeyriyyə tədbirləri çərçivəsində biri cəbhə bölgəsində, biri rayon mərkəzlərinin birində, digəri isə paytaxtın tanınmış məktəblərinin birində olmaqla- 3 məktəbdə tədbirlər keçirəcək. Tədbirlər çərçivəsində Zaur Ustacın bizi Qarabağa səsləyən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun keçdiyi döyüş yolundan yazdığı “Oriyentir ulduzu” kitabının 5-ci nəşrin əsasında təkrarən nəşr olunmuş kitabı şagirdlərə, tədbir iştirakçılarına və həmin məktəblərin kitabxanasına hədiyyə ediləcək.

Qeyd:
 #keremli700#Mubariz31 

Müəllif və İlkin mənbə: Qələndər Xaçınçaylı

USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

İlham Qazaxlı – BARIŞMAZ

BARIŞMAZ

“Gədədən bəy olmaz “-deyib atalar,
Namərdə əyilmək mərdə yaraşmaz .
Vicdanlar susanda artar xətalar,
Haqqı tapdanan xalq bəxtlə barışmaz !

Olmasa bir xalqda inad, qətiyyət,
Çəkər ömrü boyu işgəncə – zillət,
Getsə də əlindən nə varsa, fəqət,
Şərəfi uğrunda heç vaxt vuruşmaz…

Hər kəs öz yerini bilsə həyatda,
Mənasız yaşanmaz bircə saat da,
İnsanlıq inləməz ayaqlar altda,
Şərin fitnəsilə dünya qarışmaz…

Sönər əsir yurdun yanan çırağı,
İtər köçkün elin səsi-sorağı,
Qazaxlı, el olsa elin dayağı,
Yurduna yağılar qurdtək daraşmaz…
29.01.2019.

Müəllif: ILHAM QAZAXLİ

USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

SONA AMAL – QALIBDIR

QALIBDIR

Məni tərk eylədin vaxtsız, vədəsiz, 
Qəlbimdə nə qədər sözüm qalıbdır.
Hey qoşa dolaşdıq, bu yerləri biz,
Səninlə hər yerdə izim qalıbdır.

Qəlbimdə əbədi yuva bağladın,
Gedərkən ömrümü qarsdın, dağladın,
Gizlincə sızladım, gizlin ağladım,
Odum çoxdan sönüb, közüm qalıbdır.

Sənsizlik çətinmiş, axı nə danım?!
Açılmır sabahım, sökülmür danım, 
Əhd-peyman bağlayıb, sözdən dönənim, 
Səbrim tükənsə də, dözüm qalıbdır.

Amalam, qəlbimi həsrətdir didən,
Qalmışam baş-başa xəyalınla mən,
Ay mənim ömrümdən əbədi gedən,
Sən gedən yollarda gözüm qalıbdır.
28. 01. 2019-cu il.

Müəllif: SONA TEYMURBEYLİ

USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

Nuranə Nihan – Bayraq

Bayraq

Hilal kimi doğdun mavi səmada,
Yurdumuz nuruna boyandı, bayraq!
Tayın bərabərin yoxdur dünyada,
Milyonlar hüsnünə heyrandı, bayraq!

Zirvələr fəth etmiş şanın, şöhrətin,
Gözəl görünüşün, şux əzəmətin.
Qürur qaynağısan hər an millətin,
Göy rəngin türklüyə nişandı, bayraq!

İllərdir çəkirsən göylərin nazın,
Köksünə bəzəkdir ayın, ulduzun.
Rəmzi müasirlik olan qırmızın,
Elə bil bağrında al qandı, bayraq!

Yaddaşın silinməz izlə doludur,
Tarixin şanlıdır, yaşın uludur.
Yolun uğurludur- haqqın yoludur,
Yaşılın islamdı, imandı, bayraq!

2015.

Müəllif: Nuranə Nihan

USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

TAPA BİLMƏDİM …

TAPA BİLMƏDİM

Qəlbimin telləri titrədi, əsdi,
Sənsizlik can aldı, nəfəsmi kəsdi,
Elə tənha oldum, ümüdsüzləşdim,
Mən səni aradım, tapa bilmədim.

Mənə sevgi verib saldın seyrinə,
Canımsan,canınam deyirsən mənə,
Könlüm güvənmişdi bu taleyinə,
Mən səni aradım, tapa bilmədim.

Demək,can deməklə can ola bilmir,
Əlimi uzatsam əl ala bilmir,
Dözsəm də bu ürək bil, qala bilmir,
Mən səni aradım, tapa bilmədim.

Könlüm küsəyəndi, bir də aramaz,
Qollarım sarılıb, bir də saramaz,
Məni məcbur etdi ürək yaramaz,
Mən səni aradım, tapa bilmədim.

27.01.2019.

Müəllif: HƏQİQƏT HƏQİQİ

USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================