NƏZMİ ŞAH VƏ YA KƏMALƏDDİN QƏDİM

NƏZMİ ŞAH VƏ YA KƏMALƏDDİN QƏDİM

               (On doqquzuncu yazı)

Salam olsun, ey dəyərli insan, əziz və çox hörmətli oxucum. Dünyadakı kəlmələrin sayı qədər uca Yaradana şükürlər olsun ki, yeni bir söhbəti bizə ərmağan etdi. Sizlərlə yeni bir görüş şansı verdi, bizlərə… Bu dəfə işığına yığışıb, hənirtisinə isinəcəyimiz sözün-söhbətin sahibi, səbəbkarı tanınmış söz adamı, sevimli şairimiz sözü də özü kimi qədimi-qayim olan Kəmaləddin Qədimdir. And olsun uca Yaradana ki, mən bu kişini min illərdir tanıyıram (…bəziləri birisi haqqında söhbətə başlayanda deyir ha, mən bu adamı 5-6 ildir filan yerdən tanıyıram, məhz onlar üçün…), ruhum ruhunu, sözüm sözünü, fikrim fikrini tanıyır… Eyni coğrafiyada yaşayıb, eyni havanı uduruq, eyni suyu içirik, eyni dərdi çəkirik…  Yuxarıda əbəs yerə qeyd etmədim ki, sözü də özü kimi qədim. Sözün bu yerində qısa bir haşiyəyə çıxmaq istəyirəm. Ümumiyyətlə hansısa bir məclisdə söz düşəndə, və ya kimsə şəxsən müraciət edib məsləhət istəyəndə  mən həmişə adların insanın həyatında (hətta cansız əşyaların da məsələn kitabın, hər hansı ixtira olunmuş cihazın və s.) mühüm rol oynadığını qeyd edir və xüsusi ilə gənclərə öz övladlarına ad verəndə diqqətli olmağı tövsiyə edirəm. İndi qayıdaq söhbətimizə. Bəli Kəmalədin Qədimin  sözü-söhbəti çox qədim, zəngin və rəngarəng, eyni zamanda zamansız, ümumbəşəri və aktualdır. Bu qədimlik və  kamillik heç də təsadüfi deyil. Bütün mövcudatın bir səbəb və məqsədi olduğu kimi bu göz önündə olan “Qoca palıd”-ın torpağın altında qalan kökləri də var əlbət. Qəhrəmanımızın, böyüyüb boya başa çatdığı coğrafiyaya, mühitə, aldığı təlim-tərbiyəyə, təhsilə, yiyələndiyi  ixtisasa baxaq… Daşıdığı ada, özünə götürdüyi əslindən, nəslindən əsrlərdən bəri süzülüb gələn təxəllüsə baxaq (…bir daha vurğulamaq istəyirəm ya adlar bizi axtarıb tapır, ya biz adlara görə inkişaf edirik-uyğunlaşırıq…) Kəmaləddin Qədimin dünyaya göz açdığı məkan, qədəm basıb yeridiyi torpaq Adəmin keçdiyi, Nuhun endiyi, “Mağara əhlin” uçduğu, Arazın min illərdir bütün bunları sakitcə seyr etdiyi (… suyun lal axanı…), Günəşin yandırıb yaxdığı, amansız şaxtaların dondurduğu bəşəriyyətin və dünya alimlərinin qədim bilib, müqəddəs hesab etdikləri bir yerdir. Mən istənilən şəxsin  xüsusi ilə uşqalıq ilərini – təxminən 6-7 yaşa – məktəbə gedənə qədər hansı mühitdə, necə keçirməyinin, ətrafdakı  yaşlı insanlardan nələr əxz etdiklərinin onun bütün gələcək həyatının tam yarısını formalaşdırdığına əminəm. Əsldən-nəsldən gələnləri bura əlavə etsək, üstəgəl dünyanın mədəniyyətlərin birləşib qovuşduğu, bəlkə də yaranıb paylaşıldığı, Qərbin Şərq üçün qapı hesab etdiyi, Şərqin Qərbə pəncərə bildiyi nöqtəsində yaradıcı şəxsiyyət kimi formalaşdığını göz önünə gətirib, yuxarıda qeyd olunan fikirləri  bir daha həqiqət çırağında şüurun süzgəcindən keçirib əminliklə söhbətimizə davam etmək istəyirəm.

Sözü-söhbəti qədim söz adamının yazdıqlarına gəlincə, hal-hazırda mənim iki dəfə tam sıfırlanıb  (dağılmış-tam paylanmış), dəfələrlə seyrəldilmiş (ən azı üçdə ikisi paylanmış) kitabxanmda Kəmaləddin Qədimin “Burdan ayrılıq keçib”, “Günahı yazan mələk”, “Yolu ürəyimin üstdə gedirəm” adlı kitabları var. Bunu qeyd etməkdə qəsdim, yəni min illərdir bir-birimizi tanısaq da yazdıqları ilə də kifayət qədər tanışam. Bugünkü söhbətimizi uca Yaradanın izni və yardımı ilə bu yaxınlarda işıq üzü görmüş, yeni olan “Yolu ürəyimin üstdə gedirəm”  adlı kitabının daha doğrusu bu kitaba daxil edilmiş şeirlərinin üzərində qurmağa çalışacam. Söz-söhbət yenə özünü çəkir ad məsələsinin üstünə. Əslində kitabın adı artıq içindəkilər barədə oxucuya kifayət qədər informasiya ötürür (necə deyərlər, “arifə bir işarə bəs eylər”). Sözsüz ki, bu müəllifin ən başlıca uğurudur. Kitaba daxil edilmiş ilk şerin hər bənddə təkrarlanan bir sətrin həmin şeirə başlıq seçilməsi, sonra kitabın üzünə çıxarılması, ad seçilməsi heç də təsadüfi deyil və bu şeirdəki, bu misradakı fikir, qayə demək olar ki, heç yolundan  sapmadan kitabın sonuna qədər davam edir (onu qeyd edim ki, başqa-başqa şeirlərdən ibarət olub, ayrı-ayrı zaman və məkanlarda qələmə alınmış nəzm əsərlərindən ibarət bir kitabda bunu gözləmək elə də asan məsələ olmayıb, hər müəllifə də nəsib olmur ), kitabın sonundakı adsız şeirdə “…yenə səni düşünürəm…” deyən şair, yolun davam etdiyini, axtarışda olduğunu bildirir. Məncə bu arayış haqq aşiqinin ömrü boyu davam edir və hətta belə insanların özləri cismani olaraq həyatda olmadıqları zamanlarda belə, cismən var olan başqaları onların sözlərində haqqı aramağı davam edirlər. Bizim bəxtimiz onda gətirib ki, şairin sağlığında onun sözü haqqında söz demək qismətimiz olub. Hansı məsələ onu qane etmirsə və ya hansı fikirlə razı deyilsə iradları qəbul etməyə və dinləməyə hazırıq. Ümumiyyətlə, düşünürəm ki, bu qəbildən olan yazılarda biz nə qədər çalışsaq da söz sahibinin nə demək istədiyini yüzdəyüz aça bilmirik məhz bu səbəbdəndir ki, kimsə nə vaxtsa üç bəndlik bir şeir yazır, əsrlər boyu digərləri onu anlamağa, anlatmağa çalışır. Rübailəri, bayatıları çözələməyə çalışırıq. Xalı-xalçalarımızdakı naxışları öyrənirik… Yer üzündə müqəddəs amalına doğru addımlayan haqq aşiqi  bu yolda ayağını qoymağa yer tapmır. Onun bu yolu “Bu dərd-Vətəndi”, “Çəkilər Tanrının verdiyi cəza”,”Axirətin bayram olsun”,”Məddah”,”Mənə də Vətən verin”,”İllər yorğunu qadın”,”Gedirəm, dur yola sal”, “Ölürsəm…,” misrası ilə başlayan adsız şeirlərində ümidləndiyi enişli,ümidsizliyə qapıldığı  yoxuşlu dağlardan, qəfil haqlamış yaz yağışnda islanıb yuyunduğu, ruhu arındırıb, qəlbi fərahlandıran yamaclardan, buz bulaqlarından içib rahatlıq tapdığı yaylaqlardan, pis fikirləri dondurub yox edən qarlı-şaxtalı düzlərdən keçir. Alatoranda sanki, göyüzündən asılmış kimi görsənən sağda, solda sıralanmış leylək yuvalarının arasından keçən bu yol sonda öz xeyməsinə çatır. Cism məkanı qəbul edib rahatlıq tapsa da,  ruh dincəlmir,  zamana – məkana sığımır. Aramaqda, düşünməkdə davam edir. Məhz bu arayış yaşadır insanı, söz adamını. Aramaqda davam edin. Ata sözlərinin əhəmiyyəti böyükdür: “Axtaran tapar”

“Yolu ürəyimin üstdə gedirəm”  kitabındakı şeirləri oxuduqca, yuxarıda qeyd etdiyim kimi, şeirlər müxtəlif adlarla adlandırılmasına və adsız olaraq sıralanmasına baxmayaraq, ilk misradan sonadək sözün əsl mənasında ayağımız yerə dəymədən şairin fikir dünyasının yaratdığı çəkisizlik şəraitinə düşür, necə deyərlər əlimiz-ayağımız yerdən-göydən üzülür, sanki, ruh kimi söz dünyasının ənginliklərində süzürük… Bu boyda (…əlbətdə nisbi olaraq…) dünyada nəinki ayağını qoymağa bir qarış yer tapmayan , hətta baş barmağının  ucunda  belə gəzməyə hazır  olsa da, fəqət Yer üzündə belə bir nöqtə olmadığından yox olan varları yüklənib, varmış kimi görsənən əslində yox olan yoxluqda bizi öz ardınca səyahətə aparır. Şairin ayaq izlərinə basaraq addımladığımız bu yolda nələri görmürük, İlahi??? Film kimi seyr etdiyimiz səhnələrdə yayın istisində, qışın soyuğunda azyaşlı pinəçi uşağın gün ərzində qazandığı qəpik-quruşla, polisi, dilənçini, dönərçini, aptekçini, sonda qoca gülsatanı və nəhayət məhəllə dükançısını sevindirdikdən sonra üzündəki xüsusi nəşə ilə qaça-qaça evlərinə girib anasını da necə sevindirdiyini görürük. Ancaq, yolun o biri tərəfində müştərisindən indicə bir milyon ödəniş alıb, onu gözləyən borclu olduğu iş ortaqlarına yüz min, iki yüz min, beş yüz min elə ordaca paylayıb, çatmayan ortağına utana-utana, and-aman edə-edə iki yüzü uzadıb sən Allah bir az səbr et indi gətirəcəklər onda verərəm deyib, on dəqiqə ərzində üç başqa-başqa yeniyetmə  varlı dayı ovçusundan gələn zənglərə hə canım, hə balam, deyə-deyə cavablarla razı salıb, fırladan  yaşı altmışı çoxdan keçmiş, artıq nəfdən yaşayan  adı milyonçu iş adamı, digər tərəfdə bu iş adamının pullu xala ovuna çıxmış yeniyetmə ilə mazaqlaşan  halalca zövcəsinin səsi deyib gülsə də üzündəki, gözündəki kədər… Bu yolla getdikcə sanki, gah doxsanıncı illərdən əvvəlki dünyanın insanları, gah da müasirlərimizlə rastlaşırıq… Heç nəyi olmayıb, kasadlıq içində xoşbəxt olan insanlar və hər şeyi olub, boluq içində  bədbəxt, kədərli görünən insanlar keçir gözümüz önündən… Kəmaləddin Qədim sözünün qüdrəti ondadır ki, bu görüşlər lokal, məhəlli xarakter daşımır. Bu fikirlər necə ki, Suriya, Livan, və s. Şərq ölkələrinə aiddir, Böyük  Britaniya, Fransa və başqa irəlidə olduğu söylənlən bu kimi Qərb ölkələrinə də şamil etmək olar. Yəni insan dünyanın harasında olursa olsun, insandır və şairin qaldırdığı problemlər hər yanda mövcuddur. Sanki, dünya insanının dünyadan əli üzülüb, sadəcə oturub sonun çatmasını, cənabi Əzrailin zühurunu gözləyirlər… Belə götürəndə yəni insan vətəndə vətənsiz, dünyada dünyasız qalıb və bunun yeganə günahkarı da məhz insan özüdür. Şairin bütün kitab boyu demək istədiyini qısa şəkildə  şəxsən mən özüm üçün belə ümumiləşdirirəm.

Kəmaləddin Qədim sözünün gücü yuxarıda qeyd etdiyimiz mənbələrdən əlavə, sözsüz ki, onun yaşadığı zamanın iki əsrin ən keşməkeşli kəsmlərindən keçməsi ilə əlaqəli ola bilər. Hər halda bu qeyd etdiklərimiz bizim mülahizələr və tamamilə subyektiv fikirdir. Ancaq, bütün bunlarla belə bizim və sizin nə düşünməyimizdən asılı olmayaraq, Nizami sözü nə qədər nizamlı, Dədə  sözü nə qədər ürfanidirsə, Vurğun sözü nə qədər Azərbaycana vurğunluqdan qaynaqlanırsa, Kəmaləddin Qədim sözü də o qədər qədim və düşündürücüdür. Xüsusi ilə indi yazan yoxdur deyib, nümunə gəzən  gənclərə tövsiyəm odur ki, Kəmaləddin Qədimi oxuyanların hamısı ondan razıdır. Baxmayaraq ki, ondan razı olanlar bir-birlərindən narazıdırlar.

Sona qədər həmsöhbət olduğunuz üçün dərin təşəkkürlərimi bildirir, uca Yaradanın dünyanın bəzəyi olan insana bəxş etdiyi ən dəyərli nemət olan zamanınız bu sətirləri oxumağa həsr etdiyinizə görə minnətdar olduğumu nəzərinizə çatdırır, qarşınızda baş əyirəm. Var olasız. Yeni-yeni görüşlər ümidi ilə. Hələlik.

08.03.2019-cu il . Bakı.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2019. Bakı.

İLKİN MƏNBƏ: YAZARLAR.AZ BURADA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZARLAR.AZ – IN BİR GÜNÜ

“Ustac.az” “yazarlar.az”-ın statistika bölməsindən götürülmüş real foto-surətlərə əsasən www.YAZARLAR.az – ın bir gününün aktivlik dərəcəsin izləyicilərinə çatdırır. Beləki, foto-surətdən də aydın göründüyü kimi 04.03.2019-cu il tarixdə izləyici sayı 1.020 nəfər , baxış sayı isə 1.419 olmuşdur. Ən çox ziyarətci təbii ki, həmişə olduğu kimi ölkəmizin vətəndaşları 1.375 baxış – əsasən ibtidai sinif müəllimləri və ibtidai sinif şagirdlərinin valideyinləridir. Ən çox axtarılan kəlmə Zaur Ustac hərf şeirləri, hər hərfə bir şeir və ana şeirləridir. Foto – surətləri təqdim edirik:

04.03.2019-cu il tarixdə izləyici sayı 1.020 nəfər , baxış sayı isə
1.419 olmuşdur.

Ən çox ziyarətci təbii ki, həmişə olduğu kimi ölkəmizin vətəndaşları 1.375 baxış

Ən çox axtarılan kəlmə Zaur Ustac hərf şeirləri, hər hərfə bir şeir və ana şeirləridir.

Qeyd:

Biz bu nəticəyə heç bir reklamsız, heç bir sosial şəbəkədə paylaşmadan, yalnız və yalnız müxtəlif axtarış sistemləri üzərindən əsasən yuxarıdakı açar sözlər vasitəsi ilə Sizin sayənizdə nail olmuşuq. Təşəkkürlər. Var olasız. Ən vacibləri Sizə çatdırmaqda davam edəcəyik.

İLKİN MƏNBƏ: YAZARLAR.AZ BURADA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“İmadəddin Nəsimi – 650” adlı metodik vəsait hazırlanmışdır.

Milli Kitabxana tərəfindən respublikanın kütləvi və ixtisaslaşdırılmış kitabxanaları, Mərkəzləşdirilmiş Kitabxana Sistemləri üçün “İmadəddin Nəsimi – 650” adlı metodik vəsait hazırlanmışdır. 
Təqdim olunan metodik vəsaitdə ölməz şairin həyat və yaradıcılığı haqqında məlumatlar, 650 illik yubileyi çərçivəsində kitabxanalarda keçiriləcək tədbirlər haqqında tövsiyələr, görkəmli şəxslərin şair haqqında fikirləri və digər məlumatlar verilmişdir. PDF burada:
http://anl.az/down/NASIMI650nesriyyat.pdf

İLKİN MƏNBƏ: AZƏRBAYCAN MİLLİ KİTABXANASI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Xocalı soyqırımına həsr edilmiş “TARİXİN QAN YADDAŞI” mövzusunda tədbir keçrildi

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu  Qadınlar Şurasının təşkilatçılığı ilə  22 fevral 2019-cu il tarixində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Xocalı soyqırımına həsr edilmiş “TARİXİN QAN YADDAŞI” mövzusunda tədbir keçrildi

        AMEA-nın Mərkəzi  Elmi  Kitabxanasında baş tutan tədbir, Xocalı faciəsini və Qarabağ müharibəsinin dəhşətlərini öz gözləri ilə görən, hər bir şəhidin faciəsini içdən yaşayan “Qarabağ  Həqiqətlərini Beynəlxalq  Aləmə Tanıtma” İ.B. sədri Əlövsət  Qasımovun , “general Əli bəy”-in Xocalıda şəhidlərimizin təcavüzə məruz  qalmış fotolarından ibarət sərgisi ilə başlandı.

       Sərgidən sonra tədbiri AMEA-nın Zoologiya İnstitutunun Qadınlar Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Mahmudova açdı və Xocalı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi.

       27 il əvvəl ermənilərin keçmiş sovet qoşunlarının köməyi ilə Xocalıda xalqımıza qarşı törətdikləri soyqırım bəşər tarixinin ən dəhşətli faciələrindən biridir. Bu soyqırıma  təzə-təzə siyasi ad verməsələr də məhz ümummilli liderimiz  H.Əliyev tərəfindən bu hadisələrə siyasi və hüquqi qiymət verildi. Bu fikiri Xocalı soyqırımına həsr edilmiş “Tarixin qan yaddaşı“ mövzusunada tədbirdə Zoologiya İnstitutunun direktoru fizika-riyaziyyat üzrə fəlsəfə doktoru,dosent Elman Yusifov bildirdi. E.Yusifov xalqımıza qarşı törədilən qətliamların dünya ictimayyətinə çatdırılmasında dövlət səviyyəsində görülən əməli tədbirlərdən danışıb. H.Əliyev fondunun əhəmiyyətli layihələri çərçivəsində Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdikləri  soyqırımla bağlı dünyanın bir sıra dövlətlərində silsilə tədbirlərin keçrildiyini vurğulayıb.

       Zoologiya İnstitutunun Qadınlar Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Mahmudova Azərbaycanın xarici siyasətində Xocalı soyqırımının beynəlxaq səviyyədə  ictimayyətdə tanınmasına dair mühüm işlərin aparıldığını qeyd edib. H.Əliyev fondunun vitse prezidenti Leyla Əliyevabın rəhbərlik etdiyi “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kompaniyasının bu soyqırımın dünyada tanınmasında gordüyü işlərdən danışıb. Y.Mahmudova dünyada  2  ölkənin  Xocalıda  baş  verənləri soyqırım, 11  ölkənin soyqırımı  parlament  səviyyəsidə  tanımalarından, ABŞ-da  isə 22  ştatda   Xocalı  qətliamı  haqqında  sənəd  qəbul  etdiyini  qeyd  edib.

         AMEA-nın Qadınlar Şurasının sədri fəlsəfə üzrə elmlər doktoru, professor Rəna Mirzəzadə çıxışında bildirdi ki, Xocalı soyqırımına siyasi qiyməti ümummilli lider H.Əliyev verib. Dünya ictimayyətinə çatdırılmasında isə möhtərəm prezidentimiz İ.Əliyevin gördüyü işlər hamımızın diqqət mərkəzindədir. R. Mirzəzadə çıxışında Xocalıya elan edilməmiş müharibə nəticəsində ermənilərin törətdiyi vəhşilikdən bəhs etdi. Faciə ilə əlaqədar keçirilən tədbirlərdən akademiyanın yüksək statuslu rəhbərlərinin Qadınlar Şurasına bu məqsədlə göstərdikləri dəstəkdən danışdı.

       Həmin hadisələrin real şahidi olan “Qarabağ  Həqiqətlərini Beynəlxalq  Aləmə Tanıtma” İ.B. sədri, qəhrəman Qarabağ  döyüşçüsü,   cəbhədə göstərdiyi misilsiz xidmətlərinə görə   “Müharibənin canlı ensiklopediyası”, “Erməni vandalizmi”, “Başsız meyit”, “Sonsuz erməni vandalizminin iç üzü” adlı kitabların qəhrəmanı, Əlövsət Qasımov da tədbirdə iştirak edib. Ə.Qasımov 1992-ci ildə erməni şovinistləri tərəfindən Xocalıda tanınmaz hala salınmış, min bir işgəncəyə məruz qalmış , şəhidlərimizin fotolarını  çəkərək erməni vandalizmini ifşa edən çox qiymətli fotoşəkillərdən ibarət , öz hesabına “Şəhidlər Muzey”-i yaratdığindan və döyüş meydanında 950 şəhidin şəklini çəkdiyini və onlardan 31 nəfərinin körpə uşaq olduğunu böyük ürək ağrısı ilə vurğuladı. Ə.Qasımov nəzərə şatdırdı ki,  o dövürdə xalqın sevimli oğlu ulu öndər H.Əliyevin həmin dövürlər hakimiyyətdə olmamasına baxmayaraq, onların səsinə səs verərək, vertolyotla göndərdiyi silah-sursat yardımı haqqında tədbir iştirakçılarını məlumatlandırdı.

        Qərbi Azərbaycandan olan Beynəlxalq Diaspora Mərkəzinin sədri, BMT yanında “İnsan Haqları Bürosunun Azərbaycan üzrə  komissarı general mayor  İsmayıl  Ağayev, müxtəlif illərdə deportasiyalardan danışaraq , son erməni şovinistlərinin torpaqlarımızı işğalı zamanı bir milyondan artıq insanın el-obasından didərgin düşdüyünü, ana və bacıların əsirlikdə çəkdikləri əzab- əziyyətlərini xatırlatdı. H. Əliyev hakimiyyətdə olsaydı biz uduzmazdıq – deyən İ.Ağayev faciənin dünya dövlətlərinə çatdırılmasında Dünya Azərbaycanlılarının vəhdətindən və H.Əliyev fondunun vitse- prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kompaniyasından danışdı.

       BMT yanında İnsan Haqları Bürosunun Beynəlxalq Əlaqələr Departamenti- nin sədr müavini general mayor Firdovsi  Ələkbərov, çıxış edərək Xocalı həqiqətlərinin  dünyada tanınması istiqamətində gördükləri işlərdən danışaraq, çıxışının sonunda təşkilatları vasitəsi ilə BMT-də bu məsələni yenidən qaldırmaqla, işğal altında olan ərazilərə  azərbaycanlıların qaytarılması məsələsi haqqında təkliflə çıxışını bitirdi. ,     

       Çıxışını-  “ Bu gün Ana fəryadıdır-gələcək nəsillər  bunları bilməlidir“- sözləri ilə başlayan Çexiya-Azərbaycan Ticarət Palatasının sədri Zaməddin Musayev Xocalı faciələrinə qədər baş verən hadisələri vertalyot qəzasını, erməni qəsibkarlarını Xocalını işğal etməkdə məqsədini və mənfur niyyətini xatırlatdı. Köməksiz xocalını qoruyan yalnız polis işçilərindən və yerli könüllülərdən ibarət olduğunu , əhalidən ov tüfənginin belə yığıldığını və necə çətin şəraitdə şəhərin müdafiəsindən danışdı. Xocalı soyqırımının ölkə hüdudlarından kənara çıxardılmasından, dünyaya, gələcək evladlarımıza vətənimizi, xalqımızı daha çox sevdirməyi tövsiyə etdi. Çıxışının sonunda  Z.Musayev Xocalı soyqırımını Azərbaycanın hüdudlarından kənarda Xocalının haqq səsinin dünyaya çatdırılmasında   görəcəkləri işlərdən danışdı .

       Tədbirdə həmçinin Zoologiya İnstitutunun şöbə müdiri,b.ü.f.d.,dosent Adil Əliyev, a.e.i, b.ü.f.d.,dosent Təvəkkül İsgəndərov, “Azərbaycan Qadınları Respublika Cəmiyyəti”İ.B.-nin kadrlar şöbəsinin müdri Yeganə Ələkbərova, AMEA-nın Zoologiya İnstitutunun elmi işçisi Sevinc Rəcəbova və digər qonaqların çıxışları maraqla dinlənilərək Xocalı hadisələrinin beynəlxalq terror aktı olduğunu vurğulayaraq, bu hadisənin günahkarlarının layiqli cəzalarını alacaqlarına əminliklərini ifadə ediblər.

      Sonda Xocalı faciəsinə həsr olunmuş “Qəzəb” sənədli filminümayiş etdirildi.

TƏDBİRDƏN FOTOLAR:

Müəllif: Sona İsmayılova

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

“AŞUQQA” – BİR SÖZÜN İŞIĞINDA – ZAUR USTAC

(ON SƏKKİZİNCİ YAZI)
Salam olsun, çox dəyərli oxucum. Bütün düya xalqlarının dillərindəki, kəlmələrin sayı qədər uca Yaradana şükürlər olsun ki, yeni bir görüş qismətimiz oldu. Bu gün Ana dili günüdür. Söhbətə başlamazdan əvvəl bütün səmimiyyətimlə etiraf etmək istəyirəm ki, bu coğrafiyada doğulduğuma, belə şirin, axıcı, elastik, olduqca zəngin və qədim bir dilin təbii daşıyicısı olduğuma görə qürur duyur və hər dəfə dilimizdəki səslərə uyğun işarələr (hərflər), kəlmələr barədə düşünəndə (ON BİRİNCİ YAZI “SÖZLƏR VƏ HƏRFLƏR” daha ətraflı burada: SÖZLƏR VƏ HƏRFLƏR – Zaur Ustac ) ulu əcdadlarımızla fəxr edir, hər bir işarə (hərf), söz (kəlmə) üçün ilk öncə onlara təşəkkür, sonra isə uca Yaradana şükürü-səna göndərirəm. Doğma ana dilimi təşkil edən hər bir söz mənim üçün çox dəyərli və olduqca qiymətlidir. Dilimdəki hər kəlmə evimin divarındakı bir daş kimidir mənim üçün… Xüsusi ilə köhnəlmiş sayılan, indi elə də yayğın şəkildə işlənməyən sözləri özümə daha doğma bilir, ya onların mənə ehtiyacı olduğunu, ya da mənim onlara möhtac olduğumu həmişə özlüyümdə hiss edirəm… Adətən belə sözləri qeyri-iradi işlədir sonra haqqında araşdırma aparıram. Belə sözlərdən biri də “AŞUQQA” sözüdür. Bu sözü mən bir dəfə “BİLSİN” şeirində “aşuqqalar düzü bilsin” şəklində işlətmişəm və o şeirin yer aldığı kitabda bu kəlmə barədə qısa məlumat vermişəm. Lakin, müxtəlif yaş təbəqələrindən olan, olduqca müxtəlif peşə sahiblərinin bu söz barədə o qədər sualları olmuşdur ki, bir daha bu barədə belə bir gündə daha geniş və anlaşılan şəkildə yazmağı özümə borc bildim… Bəli dilimizdəki hər bir kəlmə evimizin divarındakı öz yeri və funksiyası olan vacib bir daş kimidir, sözsüz ki, bu daşların bir-bir düşməsinə heç kim razı olmaz… Beləliklə bir daha qeyd etmək istəyirəm ki, “AŞUQQA” sözü çox qədim, bizim ana dilimizə məxsus sözdür. Mən bu sözü ilk dəfə lap kiçik yaşlarımda (yazıb-oxumağı bacarmadığım vaxtlarda) Qrabağda; Ağdam rayonu, Yusifcanlı kəndində eşitmişəm. Bu sözü xüsusi ilə yaşlı qadınlar, “səhv düşmüş”, “çaşmış”, bəzən də “naxələf”, “anlamaz” mənasına gələn vəziyyətlərdə işlədirdilər. Belə yaşlı qadınların bu sözü Rus dilindəki “ошибка” sözünün təhrif olumuş forması kimi işlədirlərmiş fikri heç bir əsasla qəbul edilə bilməz. Ancaq, əlbətdə tamamilə əksini fərziyə etmək mümkündür. Bu arada onu da qeyd etməyi özümə borc bilirəm ki, (tam aydınlıq hasil olması üçün) mən təbii daşıyıcısı olduğum dili öyrəndiyim insanlar – əcdadlarım Şam, Ərdəbil, Göyçə, Sivas aralığı qədər ərazilərdə, xanlıqlar vaxtı təxminən Qaradağ, Qarabağ, İrəvan xanlıqları sərhədlərində yaşamışlar. Haqqında söhbət açdığımız “AŞUQQA” sözü bizim ana dilimizə məxsus qədim sözdür. İşlənmə arealı Şərqi Türküstandan fakt Qarabağa qədər olduqca geniş bir ərazidir. Demək olar ki, bütün Türk xalqlarının danışığında rast gəlmək mümkündür. Rus dilinə də çox güman ki, Orta Asiyada yaşayan Türk xalqlarının dilindən keçib. Yəqin ki, dəfələrlə qonşularına qarşı anlaşılmaz hərəkətlər, naxələflik etdiklərinə, tez-tez çaşıb, yollarını azdıqlarına görə çox eşitmiş və hal-hazırda dillərində işlətdikləri “ошибка” formasında və ya başqa, bizim indi bilmədiyimiz bu sözə keçid ola biləcək hər hansı bir təhrif olunmuş ilkin formada dillərinə qəbul etmişlər. “AŞUQQA” sözünün bu gün, bizim yaşadığımız dövrdə ifadə etdiyi anlam, “səhv”, “səhv düşmüş”, “çaşmış”, “anlamaz”, “naxələf”, “namərd”, “yolunu azmış” və digər buna oxşar hal və vəziyyətlərdən ibarətdir. Əlbətdə, “AŞUQQA” sözü təmsili, misal olaraq seçilmiş bir sözdür. Dəyərini bilməli olduğumuz olduqca qədim və zəngin dilimizdə o qədər belə sözlər, kəlmələr vardır ki, … Gəlin ana dilimizi öyrənək, qoruyaq və heç olmasa bizə gəlib çatmış şəkildə gələcək nəsillərə ötürməyə çalışaq, bunu nə qədər bacaracağıq onu zaman göstərəcək… Sona qədər həmsöhbət olduğunuza görə təşəkkür edir, yeni-yeni görüşlər üçün uca Yaradandan möhlət istəyirəm. Sağ olun. Var olun.

21.02.2019. Bakı.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac

Zaur Ustac – USUBCAN ƏFSANƏSİ

İKİNCİ  YAZI

USUBCAN  ƏFSANƏSİ                                                              

Salam, dəyərli oxucum bu yazını həm Gülünün xahişi üzərinə, həm də bir növ onun mənə xatırlatdığı borc kimi dəyərləndirərək, qələmə aldım. Yazım Azərbaycanın, Qarabağın, dilbər guşələrindən olan qədim tarixə malik Yusifcanlı (Sufcalı, Usubcanlı) kəndi, onun tarixi, yerləşdiyi ərazi, adət-ənənələri, insanları haqqındadır. Yusifcanlı kəndinin yerləşdiyi ərazinin lap qədimdən, yəni Miladdan öncədən də yaşayış məntəqəsi olması müzakirə mövzusu belə ola bilməz – bunu kədin öz ərazisi daxilində yaşayış üçün əlverişli olmasına baxmayaraq, dəfələrlə yer dəyişməsi, ən qədim inancların 1993-cü ilin yayına kimi ilk günlərdə (ibtidai dövrlərdə – Adəm oğullarının indiki Təbriz şəhərinin olduğu ərazidən  Ağrı  dağı istiqamətində hərəkətə başladığı ilk vaxtlarda – hansı fikrə inanmağımızdan asılı olmayaraq) olduğu kimi təzə-tər qutsal şəkildə yaşaması, qədim “Elçi yolu” adlanan karvan yolunun üzərində yerləşməsi, bu günümüzdə də demək olar ki, bütün ərazidən addımbaşı müxtəlif dövrlərə aid maddi-mədəniyyət nümunələrinin tapilmasıdır. Əsasən 1950-60-cı illərdə kəndin ətraf ərazilərində eləcə də daxilində qazıntılar zamanı tapılmış küplərin dəqiq İslamdan qabaqkı dövrə aid olduğu sübut olunmuşdur. Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnsitutunun əməkdaşlarının 1950-də “Kültəpə”, 1960-da isə “Çalağantəpə”də bir çox qədim maddi-mədəniyyət nümunələri tapılmışdır ki, bunların içərisində 7 – min illik tarixi olan daşlaşmış. kömürləşmiş buğda dənələri olmuşdur. Yusifcanlı kəndinin zəngin və olduqca qədim özünəməxsus tarixinə bir də inancalr bölməsində sadə xalqın təbii, tərəfsiz və qatqısız baxışları fonunda nəzər salacağıq. Bu bölmədə qısaca deyə bilərik ki, dövrümüzdə də hamı Nüşiravanlığı, Şah İsmayılı, Şah Abbası, Nikolayı, Lenini, Müsavatı- Hürriyətçiliyi, Stalini bütün gavur (kafir)-müsəlman, sünni-şiə, erməni-müsəlman (türk), dünya müharibələrin dildən-dilə, ağızdan-ağıza yaxşı xatırlayır və bütün bu tarixi hadisələr Azərbaycanın bütün torpaqları kimi həmişə Yusifcanlını da ətkiləmişdir. Özəllik ondadır ki, həmişə bütün hadisələrin tam ortasında qalmağına baxmayaraq, xüsusi ilə 1970 – ci ildən sonra – bu fakt olaraq belədir – böyük siyasətçi Heydər Əliyev 1969-da hakimiyyətə gələndən sonra Yusifcanlı böyük bir sıçrayışla inkişaf etmiş, 1990-cı illərdə sözün əsil mənasında ən parlaq – briliyant dövrünü yaaşamışdır, məhz briliyant- bunu ancaq və ancaq belə adlandırmaq olar. Bütün dövrlərdə əsas göstərici iqtisadi vəziyyət olmuşdur. Tam əminliklə qeyd edirəm ki, öz təmiz əməyi, zəhməti ilə yaşayan Yusifcanlı kəndində 1993-cü ilin yayında bir ailəni belə kasıb adlandırmaq olmazdı. Məsələn, orta statistik ailə hərbi xidmətdə olan varsa var, yoxsa hamı ailədə- kəndədir. Hamı işləyir. Həyətin meyvəsi, mal-qaraya da baxmaq lazımdır. Əsgərə nişanlanıb gedir, gələn kimi heç bir problemsiz ev tikilir toy edilir. Bütün aillələrin ən azı bir minik avtomobili və bir-neçə kənd təsərrüfatı texnikası var idi(adı savxozun olsa da). İnsanlar lap qədimdən bu tarixə qədər- 1993- cü ilin yayının o gününə səhər saat 10:00 – a qədər qurub yaratdılar. Hətda o gün də hamı səhər-səhər adi qaydada durub, işə getmişdi, ancaq daha heç  kim işdən öz evinə qayıda bilmədi. Bu sətirləri sözlə yazmaq çox asandır, ancaq dərk etməyə baş lazımdı – bir anın içində əsrlərdən bəri ata- babaların qurub yaratdıqlar bir göz qırpımında məhv olur yerində bu quru sözlər (hələ şükür, min şükür ki, biz Azərbaycan kimi bir ölkədə yaşayırıq) bir də nə vaxtsa mütləq bu torpaqlara qayıtmaq  ümidi  qalır…

Yusifcanlı kəndinin böyük bir hissəsi 1994-cü il aprelin 12-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur, kiçik bir hissəsi isə ordumuzun nəzarəti altındadır.

Tez-tez Ermənistan silahlı qüvvələri Yusifcanlı kəndinin işğal olunmuş hissəsindən Azərbaycan ordusunun üzbəüz mövqelərini atəşə tutur. Bütün hallarda  Azərbaycan Silahlı Qüvvələri  cavab atəşi ilə qarşı tərəfi susdurur.

Usubcan əfsanəsi

Əfsanənin kökləri Şah İsmayılın zamanından şox əvvəllərə gedib çıxır; deyilənə görə çox-çox qədimlərdə yəni, Şah İsmayıl  toy-büsatla bu yerlərdən keçib Təbrizə getməmişdən çox əvvəl Qarqarçayla Qobu arasındakı qalın olduqca sıx, keçilməz meşənin ortasında yerləşən bu kənddə Usubcan adlı çox güclü bir gənc yaşayırmış bir ucu Ərdəbildə, Təbrizdə bir ucu Bərdədə, Gəncədə, İrəvanda, Makuda bu ətrafda bunun kürəyini yerə vuran yox imış. Usubcandan əvvəl kəndin yəqin ki, hansısa adı olub, ya bəlkə də heç olmayıb. Nəsə əfsanəyə görə Usubcanın şöhrəti artdıqca kənd də tanınmağa başlayıb. Şah İsmayılın padşahlığı başlayandan sonra kənd Təbrizdən gəlib Gəncədən keçib gedən “Elçi yolu”-nun üstündə qalması ilə sonralar ətraf şəhərlərdən belə adamların köçüb gəlməsi(Qaladan zaman-zaman daha çox köçüb gələn olub- bu da yenə köç yolunun üzərində olması ilə əlaqəli olub yəqin) ilə daha da böyüyən kənddən ətrafa gediş- gəliş artıb; hardan gəlmisən sualının cavabı sözsüz ki, həmişə Usubcanın kəndindən olub. Bu minvalla sonralar aşağı (Təbrizə, Araza tərəf), yuxarı (Gəncəyə, Kürə tərəf) sülh vaxtı tacirlər, müharibə vaxtı əsgərlər yolüstü kəndin adın “Usubcanlı”, “Sufcanlı” deyə yaymağa başlamışlar. Günümüzdə də “Yusifcanlı” ancaq sənədlərdə yazılır, yəni siz bu kənddən olan bir nəfərdən soruşsaz ki, hardansan cavab ” Sufcanlı” olacaq.

Kəndin sayılıb seçilən ağsaqqalları olub:

  • Hacı İsmayıl,
  • Hüseyin Qara ,
  • Abış Kişi ,
  • Məşədi Mustafa ,
  • Vəli Kişi ,
  • Talış Kişi,
  • Məşədi Əzim ,
  • Cümşüd Kişi ,
  • Molla Mürşüd,
  • Alagöz Kişi və başqaları bu kənddə həmişə ağsaqqal sözü eşidilib, hörməti saxlanılıb. Bu yerdə özümün şəxsən müşahidə etdiyim  maraqlı bir məqamı diqqətinizə çatdırmağı özümə borc bildim. Deməli, son günlərədək, yəni şəhid xəbərləri, yas mərasimləri toyları səsiz edənə qədər heç kim cürət edib toy-düyün və digər şadyanalıq  şölənlərində süfrəyə sipirtli içki qoya bilməzdi. Cavanlar (içmək istəyənlə) gizlin bir yolun tapıb içərdilər. Ümumiyyətlə kənd camaatı çox dindar və adət -ənənələrə sadiq idi. Əsrlərdən bəri süzülüb gələn Şiəlik mövcud olmuş  atribut və tədbirləri  ilə bütün dönəmlərdə fasiləsiz şəkildə nəsildən nəsilə (babadan – nəvəyə)  ötürülmüşdür. Novruz bayramı “Qarqara çıxılan gün” , “Çilə günü”, “Çilə bayramı” (“Novruz”-dan başqa çox adlarla) çox zəngin adət və tədbirlərlə, oyunlarla həmişə,  bütün dövrlərdə fasiləsiz olaraq qeyd olunmuşdur. Qarqara çıxılan gün (21 mart)  bütün ətraf bölgələrin camaatı da “Sufcanlı”-ya bayramı qeyd etməyə, bəlkə də daha çox Kəndirbaza baxmağa, Dirədöymə oynamağa yığışardılar. Kəndə bayram tədbirləri fevralın axırında yanan yalançı çərşənbə ilə başlayar, qalan dörd gerçəkci  çərşənbələrin hamısı yelləncək günü kimi qeyd olunardı. Bu günlər  (dörd çərşənbə boyunca) evdə heç kim qalmaz hamı kəndin kənarında yellənck ağaclarında  (iki-üç yerdə) qurulmuş yelləncəklərin  ətrafına toplaşar, yumurta döyüşər, dirədöymə oynayardılar. Bayram şöləni hava tam qaralana qədər yelləncəklərin ətrafında, sonra məhlələrdə ki, çərşənbələrin başında, çox vaxt səhərə qədər evlərdə davam edərdi. Axırıncı çərçənbə məxsusi olaraq “Çilə gecəsi” adı ilə qeyd olunar, sübhə qədər hamı oyaq qalardı. Bütün yaş qrupunda olan insanlar dəstə-dəstə toplanar əvvəcədən hazırlıq görüb, seçilmiş evlərdə Çilə keçirərdilər. Bu gecələr çox maraqlı idi. Ən birinci hamı bu gecəni ilboyu səbirsizliklə gözləyərdi ki, Dağdağan ağacının altında niyyət edib, budağından gözmuncuğu düzəltmək üçün kəsəcək.  Kosa gedilər, torba atılar, cavalar niyət tutub dinləməyə gedərdilər. Maraqlı oyunlar oynanılırdı. Sübh olanda sonucu tonqal qalanar. (Sübhdən.) Kəhriz üstə gedilər, yol boyu arxların üstündən hoppanır, tənəyin altından keçərdilər. Qayıdanbaş kəhrizdən su gətirərdilər. Həmin gün martın neçəsinə düşürdüsə, o gündən 21-i matra (Qarqara çıxılan günə) qədər hər gün bayram olardı. Adamlar bir-birlərinə gedib gələrdi. Bu gün nə qədər çox olsa uşaqlar o qədər də sevinirdi. Kəndimiz adından əlavə Çöpçülər (boğazda qalan çöpü çıxardan türkə-çara təbiblər), Mollalar, Seyidlər adları ilə də tanınmışdı. Günü bu gün də (14 mart 2014) baxmayaraq ki, bütün kənd camaatı  bütün dünyaya səpələniblər, baş tutan məclislərdə – adətən toylarda ilk söz mütləq seyidlərə verilir.

Seyidlər:

  • Seyid Məmməd,
  • Seyid Əhməd,
  • Seyid Həşim ,
  • Seyid Mirəliş (Seyid Əliş) və başqaları gənclər…

Mollalar:

  • Molla Məmmədbağır ,
  • Molla Fərrux,
  • Molla Qulu ,
  • Molla Məhərrəm ,
  • Molla Məmməd və başqaları gənclər…

Sənətkarlar:

  • Təlifçi Pöhrüz ,
  • Dəllək Fəqan ,
  • Dəllək Allahyar ,
  • Usta Hümbətalı ,
  • Usta Fazil ,
  • Usta Şahin ,
  • Usta Yamən və başqaları gənclər… Deməli təlifçilər xeyir və şər mərasimlərində atın belində məhlə-məhlə gəzərək, bütün evləri bir-bir sabahkı və ya bir-neçə gündən sonra olacaq tədbirə (toy-düyün, yas məclisi;3,7, 40, il) dəvət edərdi. Təlifçinin mətni təxminən belə idi: “ Məhəmməd, Məhəmməd sabah Əhməd oğluna toy edir, ora dəvətlisiz…”  Dəlləklər həm təraş həm də sünnət işinə baxırdılar. Digər ustalar ev tikmədən tutmuş, müxtəlif xirda işlərə qədər bütün məsələri həll edərdilər.

İnanclar:

Yuxarıda qeyd etdik ki, Yusifcanlı kəndinin ərazisində lap qədimlərdən yaşayış olmuşdur. Təbiidir ki, mədəniyyət də müxtəlif və zəngin olacaqdır. Günümüzdə kəndin əhalisi bir mənalı olaraq şiə-müsəlman Azərbaycan-Türklərindən ibarət olub, bir dildə Azərbaycan Turkcəsində danışırlar. Bu tərkib Şah İsmayılın zamanından bəri belə formalaşıb və illər ötdükcə daha da möhkəmlənib, yekcinsləşib. Ancaq bunula belə ən qədim Totemizmdən üzü bəri Atəşpərəstlik-oda sitayiş və xristianlıq İslamla(Şiəlik) birlikdə yaşamış, hamısının varlığı sübut olunmuşdur. Zamanla demək olar ki, Xristianlıq öz izlərini qoyub tam ərimişdir, yəni Albaniya dövründən sonra, xüsusi ilə də İslamın qəbulundan sonra həm də kənd camaatının qatı dindar olması səbəbindən Xristianlıq öz izlərini bir neçə məsəldə və islamdan əvvəlki dövrə aid küplərin dibindən tapılmış şərab, üzüm çəyirdəyi qalıqlarında qoyub bir dəfəlik zamanın arxivinə keçmişdir.

Günümüzədək ağaca inam Totemizmi özünü qoruyub saxlamış və onu qeyd edim ki, Dağdağan ağacı müqəddəs sayılmaqla bərabər kəndin ərazisindəki xüsusi bir Dağdağan ağacı var ki, onun hörməti son günlərə qədər kənd məscidinin hörmətindən çox olub ki, az olmayıb. Bu ağacla bağlı rituallarda kifayət qədər Şamanizm əlamətləri də olub.

Atəşpərəstlik-Oda sitayiş də həmişə İslamla qoşa addımlayıb. Belə ki, sadə insanlar, yəni xalq, əsas elektarat bir dəfə Allaha and içəndə beş dəfə də Oda, Günəşə and içib həmişə: “o, Gün haqqı”, “o, İşıq haqqı”, “o, isti zindan haqqı” hətta daha müasir formada, “o, peç haqqı” od-ocaq həmişə müqəddəs sayılıb.

Adətlər:

  • Yellənçək (bayram adəti) ,
  • Çilə çıxartmaq (bayram adəti) ,
  • Qarqara çıxmaq (bayram adəti) ,
  • Ciyar axşamı (toy adəti) ,
  • Kəmləşmək (toy adəti) ,
  • Kosa getmək (bayram adəti) və başqa unutduqlarım ola bilər, baxmayaraq ki, çalışmışam heç nə yaddan çıxmasın..

Bayramlar- bir bayram var idi o da bahar bayramı;

  • Qarqara çıxılan gün

Oyunlar:

  • “Topaldıqaç”,
  • “Huydurma ağac”,
  • “Dirədöymə”,
  • “Mətə-mətə”,
  • “Ənzəli”,
  • “Çilikağac” və başqa unutduqlarım ola bilər…

Şəhidləri- bu qanlı- qadalı ilər bizim kəndən də yan keçmədi, əksinə tam ortasında qaldı, ən anlaşılmaz (bu gün-14 mart 2014, cavabsız suallar çoxdur…) məqamlar yaşadı. Canlar aldı və hələ də almaqda davam edir….

“Ustaclıyam, əlim ərşi – əlada,

Bu nə sitəm, Millətim nə bəlada???!!!…”

  • Vahid Abbasov Muxtar oğlu
  • Knyaz Abbasov Əliqulu oğlu
  • Əliyev Zəfər Düşgar oğlu
  • Tağıyev Həmzə Tağı oğlu
  • Hüseyinov Hüseyin Əkbər oğlu
  • Mejdunov Etiraz Oruc oğlu
  • Xəlilov Elbar Eldəniz oğlu
  • Seyidov Abuzər Rəsul oğlu
  • Rüstəmov Sərdar Böyükkişi oğlu bu siyahının bitməsini daha uzanmamasını arzu edirəm….

İtginlər – şəhidlərimizdən əlavə səsi-sorağı olmayan oğullarımız da var:

  • Quliyev Heydər Qurban oğlu,
  • Rüstəmov Azad Həsənqulu oğlu,
  • Əliyev Kamil Hidayət oğlu,
  • Quliyev Mübariz Ramiz oğlu, bitsin bu siyahılar…..

Tarixi abidələri:

  • Yataq təpəsi ,
  • Cənnətalı məscidi,
  • Mahmudun körpüsü ,
  • Hacı İsmayıl məscidi ,
  • Su dəyirmanı ,
  • Hacılar Od dəyirmanı (motorla işləyən) ,
  • Qayabaşı Od dəyirmanı (motorla işləyən) , çalışmışam heç nə yaddan çıxmasın, ola bilər mənə məlum olmayanlar da ola bilər…

Meydan və küçələr:

  • Həbibin evinin dalı (baş meydan) ,
  • Dükanın qabağı ,
  • Poçtun qabağı ,
  • Daş yol (əsas yol ),
  • Dar yol (aralıq yol da deyilir), çalışmışam heç nə yaddan çıxmasın, ola bilər mənə məlum olmayanlar da ola bilər…

Toponimlər:

  • “Elçi yolu” ,
  • “Köhnə Qarqar” ,
  • “Təzə Qarqar” ,
  • “Qışlaq arxı” ,
  • “Təzə arx” ,
  • “Yataq təpəsi” ,
  • “Təpə-təpələr” ,
  • “Üzərlik təpəsi”,
  • “Öküzçü” ,
  • “Daşlıq aralığı” ,
  • “Kərpicli” ,
  • “Quzeydən” , çalışmışam heç nə yaddan çıxmasın, ola bilər mənə məlum olmayanlar da ola bilər…

Bağları:

  • Vəlinin narlığı ,
  • Hərifin palıdlığı ,
  • Mahmudun bağı ,
  • Böyük bağ ,
  • Kiçik bağ ,
  • Saqqızlq ,
  • Şıx Həsən,
  • Hacılar qırması, çalışmışam heç nə yaddan çıxmasın, ola bilər mənə məlum olmayanlar da ola bilər…

Məhəllələr:

  • “Sivişdili” ,
  • “Ənbərdə” ,
  • “Hacılar” (Hajılar) ,
  • “24-lər” ,
  • “Şəhrili” ,
  • “Təzə məhlə” ,
  • “Aşağı məhlə” ,
  • “Yuxarı məhlə” , çalışmışam heç nə yaddan çıxmasın, ola bilər mənə məlum olmayanlar da ola bilər…

Aydınları:

  • Kərbəlayi Əşrəf (1895 – 1959) -din alimi ,
  • Sadıqov Hümbət (1922) – tanınmış müharibə veteranı, şair,
  • Zeynalov Qurban (1926 – 1941) – publisist, müəllim,
  • Əhməd Qasımov (1927 – 1998) – ictimai xadim, jurnalist,
  • Şahnəzər Hüseyinov(… – 2004) – alim,
  • Abbasov Zeynal (… – …) – alim,
  • Xəlilov Allahqulu(… ) – hərbiçi, polkovnik,
  • Əmirov Həsən (….) – hərbiçi, polkovnik,
  • Salam İbrahimoğlu (1950) – rəssam, şair,
  • Şahin Qasımov (1951) – mədəniyyət işçisi ictimai xadim və başqa digər onlarla gənclə bu siyahını uzatmaq olar…

Coğrafiyası və iqlimi:

Bu kənd Ağdam  şəhərindən 12 km cənub şərqdə, Qarqarçayın  sağ sahilindəki ərazidə yerləşir. Əslində, kəndin özü indiki Qarqarın yox, çayın ən qədim yatağı olan Köhnə Qarqarın sağ sahilində yerləşir. Ərazi çox da böyük olmayan yastıdüzənlik olan Qarqarçayın Kaynozoy erasının dördüncü dövr gətirmə süxurlarından ibarətdir. Üzəri isə qalın gil-torpaq qatı ilə örtülmüşdür. Bu qat suvarma əkinçiliyi üçün çox əlverişli olub, məhsuldardır. Ərazinin əsas problemi su məsələsidir (yerin 120-150 metr dərinliklərində keyfiyyətli sular kifayət qədərdir). Kəndin suya olan təlabatı bir kəhriz, bir neçə arteizan, həyətlərdəki çoxlu sayda fərdi su quyuları, mövsümdə sel olarsa Qarqarçaydan  götürülən sular və Tərtərçaydan,  Mərzili çölünəqədər çəkilmiş Ağdam kanalından götürülən suların hesabına ödənilir.

Kəndin torpaq sahəsi Qarqarçayın  sağ sahili boyunca qərbdən şərqə doğru 4 km, şimaldan cənuba isə 4 km-dən az uzanır. Göstərilən bu ölçülər daxilində kəndin ümumi sahəsi 15 kvadratkilometrə qədərdir ki, bu da 1500 hektara qədər torpaq sahəsi deməkdir. Bu qədər sahənin 700-800 hektarı əkin üçün yararlı, o cümlədən 450-500 hektarı isı üzümlüklərdir.

Kənd ərazisinin şimal hissəsində Qarqarçay  özü təbii sərhəd təşkil edir. Qərbdə Novruzlu kəndi ilə Yusifcanlı arasından “Qobu” deyilən “Quru çay” dərəsi keçir ki, o da öz suyunu Qarqarçaydan götürüb. Qobudan əlavə “Qışlaq arxı” (Qışdı arxı) və “Köndələn arxı” da suvarmada istifadə olunub. “Köndələn arx” qonşu Mərzili kəndi ilə təbii sərhəd təşkil etməklə uzanıb şərq qonşumuz Ağcabədi rayonunun Qiyaməddinli kəndinin ərazisinə qədər gedir. Şərqdən Ağcabədi  rayonunun Qiyaməddinli kəndi ilə sərhəd təşkil edir ki, o isə başqa kəndlərə nisbətən daha yaxında yerləşir. Qarqarın sol sahilində Əfətli və Acarlı kəndləri ilə qonşudur. Yusifcanlı kəndininbir hissəsi olan “Quzeydən” massivi Mərzili tərəfdədir. “Qızlar” arxı da buradadır. Yusifcanlı-nın coğrafi kordinatları aşağıdakı kimidir: 39 dərəcə, 58 dəqiqə, şimal enliyi isə 47 dərəcə, şərq uzunluğu, yəni, kənd Bakıdan 3 dərəcəlik məsafədədir. Bu da hava xətti ilə 256 km edir.3 dərəcəlik məsafə isə 12 dəqiqə vaxta bərabərdir. yəni Bakıda 8 tamam olanda kənddə 8 – ə hələ 12 dəqiqəqalır. Günəş Yusifcanlı-da Bakıdan 12 dəqiqə sonra çıxır.

Digər məsafə və ölçülər: Yusifcanlı-dan İran sərhəddinə,Araz çayına qədər olan məsafə hava xətti ilə 110 km-dir.Kənddən ekvatora qədər olan məsafə 4450km, şimal qütbünə qədər isə 5565 km-dir. Coğrafi kordinatlardan da göründüyü kimi Yusifcanlı nəinki Azərbaycanın, habelə dünyanın ən gözəl və mənzərəli yerinin düz ortasında yerləşir. İqlimi mülayim, quru subtropik iqlimə malikdir. İllik maksimum temperatur 39-40 dərəcə, minimum temperatur isə 10-13 dərəcə təşkil edir. İllik yağıntının miqdarı minimum 250-300 mm, maksimum isə 550 – 600 mm miqdarında olur. Buxarlanma çox olduğundan süni suvarmaya ehtiyac var.

Flora və faunası:

Kəndin əsas təbii sərvətləri – gözəl ( olduqca mülayim ) iqlim şəraiti, münbit torpaqları, bu torpaqların dərinliyindəki subartezian suları, illik günəşli günlərin çox olması, kəndətrafı ucaboylu bağların varlığı, palıd meşəsinin yayılması ola bilər. Bu bağlar və palıdlıqlar hələ çox qədimlərdə təbii meşəliklər olub. Bitki örtüyü zəngindir. Onlardan palıdı, qaraağacı, qozu, qovağı, tut ağacını, yabanı nar, saqqız ağacı, dağdağan, habelə cır üzüm, böyürtkan və qaratikan kollarının dibində bənövşə və qulançarı göstərə bilərik. Çollər xüsusi əhəmiyyətli biyan – la başdan-başa örtülür.

Bu zəngin bitki aləminin içərisində heyvanlardan canavar, çaqqal, tülkü, meşə pişiyi, vaşaq, köstəbək, kirpi, porsuq, ilanlar, tısbaöa, qurbaöa, quşlardan – çalağan, qaraquş, qara qarğa, boz qarğa, saxsağan, qaratoyuq, göyərçin, sərçə, alabaxta, köç vaxtı vağlar və digərləri də yaşayır.Əziz və çox dəyərli oxucum, əgər bu sicilləmə baş alıb gedən – tam səmimi olaraq onu qeyd edim ki, bir təhər qısa-qısa danışıb güclə yekunlaşdırdım…. Yazdıqca yada düşür və səndə yazmaq istəyirsən. Ancaq əvvəldədə qeyd etdim yazının bəlli bir nəqsədi var və Gülü xanımın istəyi, tələbi. Onun qoyduğu çərçivə daxilində yazmağa çalışdım. Yazı zamanı, əsasən gördüklərimə və eşitdiklərimə ( dədə – babadan, tarix müəllimim  Əbdüləli müəllimdən – ruhu şad olsun…) əsaslandım.  Bəzi yerlərdə -əsasən coğrafi məlumatlarda dəqiqliyi gözləmək xatirinə öz coğrafiya müəllim Yusif müəllimin  və yuxarıda qeyd etdiyim kimi,  hamımızın fəxri olan    Şahin müəllimin həmmüəllif olduqları  kitabdan(Yusif Əkbərov, Şahin Qasımov “Qarabağda bir kənd var – Yusifcanlı”. Bakı. 2004)

İstifadə etdim. Qızıldan qiymətli vaxtınızı ayırıb bu yazını oxuduğunuza görə təşəkkür edirəm… Həqiqətən də belə getsə,  gücümüz  ancaq “Qarabağda bir kənd vardı…” deməyə çatacaq… Bu məsələ çox uzandı… Torpaqlara qayitmaq vaxtı çoxdan çatıb….. Kimsə ümid edir ki, vaxt ötdükcə  torpaqlar  unudulacaq  yanılır. Bu yazı elə bunun ən bariz sübutudur, Bakıda doğulmuş Ağdamı, Yusifcanlını söhbətlərdən tanıyan Gülü belə bir yazı tələb edirsə, yenə Bakıda anadan olmuş heç söhbətlərdən də bir şey anlaya bilməyən 5 yaşlı Tuncaydan soruşanda ki, “ə, sən haralısan?” – Xüsusi bir ədayla, şəstlə cavab verirsə ki, – “Ağdamlıyam” –  demək bu söhbət bitməyib… Sadəcə biz böyüklər çalışmalıyıq  ki, atalardan bizə miras qalan bu problemlər indiki “Ağdamlıyam”, “Qarabağlıyam”  deyən körpələrin çiyinlərinə yükləməyək… Görürsənmi, dəyərli oxucum sağollaşandan sonra da söhbət bitmir ki, bitmir……

14.03.2014. Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

===========================================================