Soy, o soydur, kök, o kökdür, qan, o qan… Lap, bir-iki bicbalanı qat gözə. Boy, o boydur, qol, o qoldur, can, o can… Təkəm-seyrək, kəm-kəsiri sat sözə. Sual doğur, onda nədir çatmayan??? Cavab budur: – “Atillanın öfkəsi”!!! Bizdə çatmır, dədələrin hikkəsi!!! * * * Çay, o çaydır, göl, o göldür, dan, o dan… Ufaq-təfək olmayanı keç bizə. Toy, o toydur, çöl o çöldür, xan, o xan… Biraz böyük, biraz kiçik, keç sözə. Qürub da o, onda nədir çatmayan??? Cavab sadə: – “Çingiz xanın öfkəsi”!!! Bizdə çatmır, dədələrin hikkəsi!!! * * * Hay, o haydır, rum, o rumdur, biz, o biz… Tərliyinə yapışanı ver yelə. Say, o saydır, qom, o qomdur, diz, o diz…
Tutuşanda aşmayanı ver belə. Bəs beləsə, onda nədir çatmayan??? Cavab təkdir: – “Sultan Fateh öfkəsi”!!! Bizdə çatmır, dədələrin hikkəsi!!! * * * Rey, o Reydir, Şam, o Şamdır, yol, o yol… İnsan həmin, adamlar o, düş düzə. Köy, o köydür, kənd, o kənddir, el, o el… Əsl qədim, tarix zəngin, xoş bizə??? Haqlı sual, onda nədir çatmayan??? Cavab birdir: – “Xətainin öfkəsi”!!! Bizdə çatmır, dədələrin hikkəsi!!! * * * Mey, o meydir, cam, o camdır, din, o din… Əyri-müyrü düzəlişi yaz düzə. Pay, o paydır, yem, o yemdir, hin, o hin… Zaval gəlməz doğru sözə, yaz düzə… Fəqət sual, onda nədir çatmayan??? Cavab yekdir: – “Şah Qacarın öfkəsi”!!! Bizdə çatmır, dədələrin hikkəsi!!!
* * * Ley, o leydir, sar, o sardır, vağ, o vağ… Yarasanı mixi xətlə yaz mizə. Huy, o huydur, gül, o güldür, bağ, o bağ… Dəmi boş ver, onu kəsir yaz bizə. Sual həmin, onda nədir çatmayan??? Cavab netdir: – “Atatürkün öfkəsi”!!! Bizdə çatmır, dədələrin hikkəsi!!!
Zaur Ustacın “ƏLİŞ və ANNA” poemasında ƏXLAQİ-MƏNƏVİdəyərlər “Əliş və Anna” poeması Zaur Ustacın yaradıcılıq pasportudur
Zaur Ustac “Günaydın” (“Ağçiçəyim”), “İstəməzdim şair olum hələ mən”, “Gülzar”, “Şehçiçəyim”, “Məhdud həyatın məchul düşüncələri”, “Mum kimi yumşalanda”, “Bayatılar”, “Balçiçəyim”, “Bərzəxdə”, “Gülünün şeirləri”, “Sevin ki, seviləsiz”, “Qəlbimin açıqcası”, “Ustadnamə”, “Nişangah”, “Çəhrayı kitab”, “Otuz ildir əldə qələm” şeir kitablarının müəllifi, “Qızıl qələm” mükafatı laueratıdır.
Zaman keçdikcə nəsillər bir-birini əvəz edir, dünyaya gələn hər yeni nəsil öz keçmişinə, tarixi yaddaşına nəzər salır. Zaur Ustac da keçmişə, tarixi yaddaşa nəzər salaraq “Əliş və Anna” poemasını görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin anadan olmasının 700 illiyi münasibətilə qələmə alıb (Bakı: Ustacaz.nəşr, 2018, 67 səh.). Öncə qeyd edək ki, poemada mənəvi-əxlaqi kamilliyə, insani davranışa çağırış və əxlaqi keyfiyyətlərin təbliği ilə bağlı mövqe müəyyənləşdirilib. “Əliş və Anna” poeması öz bədii-emosional və əxlaqi-estetik məziyyətləri ilə seçilir. Həmçinin, əsərin dili təbii, aydın və səlisdir.
Poemanı oxuyan zaman Zaur Ustacı dini və dünyəvi elmlərə dərindən bələd olan bir şair kimi tanıyırıq. Belə ki, poemada Dədə Qorqudun, Şah İsmayıl Xətainin, İmadəddin Nəsiminin, ümumilikdə, əcdadların adının çəkildiyini görürük.
Doqquz fəsildən ibarət olan əsərdə ciddi fəlsəfi mülahizələrə, sirlərlə dolu olan göy haqqında dərin təsvir və müqayisələrə rast gəlirik. Göstərilir ki, Günəşin donu ağ ipəkdən, gündüzdən ibarətdirsə, Ayın donu isə qaranlıq gecədəndir. Tanrı gecəni, gündüzü elə bir hüsnlə yaratmışdır ki, ona bənzər ikinci bir yaradılış olmayıb və olmayacaq da. Gövhəri sapa necə düzürlərsə, Ulu Tanrı göyə ulduzları eləcə düzmüş, gecənin qara saçlarına sığal çəkərək, yoxluq tozunu silmiş, varlığı yaratmışdır.
Günəşin saatı, ayın saatı,
Çox dəqiq döndərir tüm kainatı.
Elə qurulub ki, nizam məhvəri,
Gecəylə gündüzün səhv düşməz yeri.
Zərrədən ən böyük ulduza qədər,
Bir “ol”a
bağlısa, onda nə kədər…
Həmd olsun
Allaha, tanırıq onu,
Hər kəlmə
başında anırıq onu (səh.4).
Şair oxucuların varlığın gizli sirləri ilə tanış olmasını istəyir. İstəyir
ki, hər insan nə üçün yarandığını, niyə yaşadığını başa düşsün, yaşam mahiyyətini
anlasın.
Adil Allahın mərəhəmətindən
bəhs edən şair yazır ki, Allah nadir dürdanəsi hesab etdiyi insana bütün
canlılardan üstün olaraq ağıl verib. Bütün başqa varlıqlardan fərqli olaraq bizə
düşünmək və dünya bilməcələrini qavramaq, anlamaq istedadı verib. Hər bir pay
sahibi də öz qismətindən razı qalır.
Şükür Yaradanın ədalətinə,
O Adil Allahın mərhəmətinə.
Elə bölüşdürüb,
elə paylayıb,
Hamı qismətindən
çox razı qalıb.
Ağlı elə bölüb,
verib Yaradan,
Heç kim öz
ağlından deyil bədgüman (səh.5).
«Nübuvvət» (Peyğəmbərlik)
adlandırılan bölmədə cəhalət qaranlığından dünyaya öz mərifət günəşi ilə işıq
saçan və kainatın son əfəndisi Məhəmməd peyğəmbəri salamlayan şair peyğəmbəri
dünya üzüyünün qaşı sayır. Bildiyimiz kimi, Ulu Tanrı Məhəmməd peyğəmbərə gələn
vəhyi (gizli səs və ya gizli danışığı) «Qurani-Kərim» adı ilə təxminən 23 il
müddətində tamamlamışdır. Şair qeyri-adi zəka qüdrətinə malik peyğəmbəri
haqlı şəkildə haqq sayır, eləcə də ona sonsuz sevgi və minnətdarlığını belə
bildirir.
Salam olsun Sənə,
ey “Haqqın səsi”,
Cəlal sahibinin
seçkin bəndəsi.
Məhəmməd Mustafa
(s.ə.v.), Haqqın nəbisi,
Bütün kainatın
son əfəndisi.
“Qurani-Kərim”i bizə gətirən,
Haqqın kəlamını
bizə yetirən,
Xatəmül-Ənbiya
hökm edibdi Haqq,
Höküm sahibinə məxsus
hökm, haqq (səh.5).
«İmamət»
(imamlıq edən, məzhəb işlərinə rəhbərlik edən) bölməsində isə Həzrəti Əlini
nübüvvətdən (peyğəmbərdən) nur alan işıq kimi mədh edir. Şair belə təsvir edir
ki, Həzrəti Əli (ə.) Peyğəmbər əfəndimizin eşsiz tərbiyəsi altında böyümüş və
onun inanc və davranışlarından dərs almışdır. Məhəmməd Peyğəmbər (s.ə.s.) Adəm
peyğəmbərin elmini, Nuh peyğəmbərin hikmətini və İbrahim peyğəmbərin həlimliyinin
Həzrəti Əlidə (ə.) cəm olduğunu qeyd edərək buyurur: “Kim istəsə ki, Adəmə (s)
– elminə görə, Nuha (s.) – hikmətinə görə, İbrahimə (s.) – hilminə görə nəzər
salsın, o şəxs Əliyyibni Əbu-Talibə baxsın”. Şair elm və hikmət, şücaət və
ülviyyət sahibi olan Həzrəti Əlini (ə.) Məhəmməd Peyğəmbərin sözlərinə əsaslanaraq
(s.ə.s.) elmin qapısı adlandırır. Rəsuli-Əkrəmin elm haqqında dürüst düsturu
belədir: “Mən elmin şəhəriyəm, Əli də o şəhərin qapısıdır. Şəhərə girmək istəyən
o qapıdan girsin”. Şair isə Həzrəti Əlinin (ə.) təlimini bəşəri mahiyyət
daşıyan təlim adlandırıraq yazır:
Nübuvvət odundan
nur alan işıq,
Atadan, babadan
belə duymuşuq.
Rəsulun dizinin
dibindən çıxan,
Çeşmədir, heç
kimə gəlməyib ziyan.
Nümunə olubdur
cümlə cahana,
Əlbəttə, aiddir
arif olana.
Elmin şəhərinin
təkdir qapısı,
Bu işin belədir
təməl, yapısı…
Salam olsun Sənə
ey Əhli-beyt,
Allahım bu yolu
daha rəvan et (səh.6).
«Məad» (qayıdış
yeri), «Namaz», «Oruc», «Zəkat», «Xüms», «Həcc», «Cihad», «Əmr-bə-məruf», «Nəhy-əz-münkər»,
«Təvəlli», «Təbərri», «Münacat», «Üsuli-iltimas» kimi bölmələrdə Zaur Ustac
haqlı olaraq elm və əxlaqa bir-birini bağlayan motivlər kimi baxır. Şair yaxşılıq,
düzlük, pislik, yalançılıq, ikiüzlülük və s. kimi mənfi və müsbət əxlaqi
keyfiyyətlər haqqında da geniş, qiymətli fikirlər söyləmiş və əxlaq tərbiyəsinin
böyük bir sistemini yaratmışdır. Z.Ustac bu təsvirlərlə hər şeyi gözəl görmək
istəyir və bunların da bərqərar olması üçün elmə, biliyə üstünlük verir.
Hamını savadlı, bilikli, xalq üçün gözəllik yaradan görmək istəyir. Buna görə də
müəllif maarifpərvər şair kimi gözəlliyin əmələ gəlməsini elmə, biliyə yiyələnməkdə
və ağılda görür.
Həqiqi elmdən
bir damla dadan,
Heç zaman dönməyib
bu doğru yoldan (səh.7).
Yaxud:
Çevrəndə
dostların dinsə elmdən,
Hər dəm dürr
tökülsə əgər dilindən,
Nə xoş halımıza,
bəxtəvərik biz,
Allahın
dostların dost seçərik biz… (səh.11).
Dini-fəlsəfi
baxışlarını real nəzərlərlə tərənnüm edən Z.Ustac qorxmazlıq, cəsurluq, iradə
sahibi olmaq, səxavətlilik, düzgünlük, “Mərifət kəsb et”mək, “Özünü bilməz
insanlardan uzaq ol”maq, “kamal sahibləri ilə dost olmaq”, dostluq, sədaqətlilik,
etibarlılıq, yoldaşlıq, “zülmə boyun əyməmək” və s. kimi əxlaqi keyfiyyətlərdən
geniş bəhs edir və tərbiyənin məqsədini “ağıllı, müdrik, kamil və əxlaqlı
insan” yetişdirməkdə görür.
Cəlal sahibinə şərik
qoşanlar,
Onun dostlarına
pis yanaşanlar,
Əndazəni pozub,
həddin aşanlar,
Yersiz körüklənib, coşub-daşanlar,
Belə adamlardan
uzaq dolan, gəz,
Hədsizdən kimsəyə
bir xeyir gəlməz… (səh.12).
Tərbiyə carçısı
Zaur Ustac oxucusuna qızıla, vara arxalanmamağı, şahlar kimi dünya malına, cəvahirata
uymamağı məsləhət görür və insana öz əməyi ilə şöhrətlənməyi tövsiyə edir. Tərbiyəçi-şair
şöhrət üçün dostbazlıq edənləri tənqid edir, çörək üçün, aş üçün əldən getmələrini,
dar gündə uzaq qaçdıqlarını, tez dost olub, tez doyduqlarını, varın olarsa dost
olduqlarını, yeyib qurtardıqdan sonra atıb getdiklərini, dostun puluna göz
tikdiklərini, yemək verəndə dostluq edənləri, verməyəndə isə düşmənçilik bəsləyənləri
və s. birbəbir təhlil, şərh edərək üzünü yaradana tutur:
Səndən istəmirəm
nə şöhrət, nə şan,
Səndən istəmirəm
beş günlük ad-san.
Var-dövlət,
saraylar deyil şakərim,
Öz əlim, ayağım
olsun nökərim…
Niyətim bəllidir,
istəyim dəqiq,
Ustac heç istəməz
nə altun, əqiq…
Mustafa oğlunun
istəyi təkdir,
Zaurun arzusu dəqiqdir,
yekdir…
Elmin qapıların
üzümüzə aç,
O güllü
bağçandan bir az ətir saç.
Ruhumuz məst
olsun, olsa da anlıq,
Dili tərk etməsin
bir an şükranlıq… (səh.14).
Z.Ustacın Dədə
Qorquda üz tutaraq ondan mədəd ummasını xüsusi qeyd etmək istərdik. Şairin
yaradıcılığında Dədə Qorqudun əxlaqi dəyərlərə yanaşması, xalqımızın milli xüsusiyyətlərini
öyməsi, vətənin – ananın müqəddəsliyi, ailəyə və dosta sədaqət, namus və ismətin
toxunulmazlığı, qopuza, saza yüksək ehtiram və s. öz əksini tapır. Görürük
ki, şairin yaradıcılığında bəşəri dəyərlər, əxlaqi keyfiyyətlər hər şeydən
öndə gəlir.
Sinəmdə Qopuzum
yoxdu, neyləyim,
Simlərə toxunub
mədət umardım…
Dədəm Qorqud
ruhu, kömək ol mənə,
Qopuzun namına,
sazın xətrinə…
Ərlərə ad verib,
san saylamısan,
Boylara yol
verib, boy boylamısan…
Kamanın xətrinə,
oxun xətrinə,
Əslində var olan
yoxun xətrinə (səh.15).
Şair Zaur Ustac
Xətaini görkəmli şəxsiyyətlərin mütərəqqi ənənələrinin nəticəsi kimi qiymətləndirirsə,
İmadəddin Nəsimini də xalqının dini etiqadlarını yaşadan ulu insan kimi tərənnüm
edir. Sanki Şamaxının hər döngəsində, tinində Nəsiminin ayaq izləri və ruhu
yaşamaqdadır. Şair, həmçinin, Şamaxını şairlər eli, təbiblər yurdu kimi tərənnüm
edir. Poetik dillə deyir ki, Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Seyid
Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd Hadi kimi görkəmli
şair və maarifçilər təkcə Azərbaycanın deyil, bütün Yaxın və uzaq Şərqin mütəfəkkirləri
olmuşlar.
Şairlər şəhəri,
təbiblər eli,
Yurda çıraq
tutan ülama əli…
Nə qədər alimi,
sənətkarı var,
Şamaxı həmişə
olub ziyadar…
Əfzələddin
Xaqanisi bir düha,
İmadəddin Nəsimidən
yox daha,
Seyid Əzim
Şirvanidir tək ancaq,
Kim nə bilir,
bir də Sabir olacaq?
Abbas Səhət, ya
da Hadi bu yerdə,
Könüllərin
fatehidir zirvədə… (səh.16).
Şair bəhs edilən
subyektin (Əlişin) mənəvi təmizlik, əxlaqi saflıq kimi keyfiyyətlərini ön
planda göstərir, digər müsbət cəhətləri də bu prizmadan oxucusuna göstərməyə
çalışır. Poemanın I fəslində oxuyuruq ki, bahar bayramından bir ay keçmişdi ki,
Sübhan kişinin ocağına böyük şadlıq üz verir. Oğul atası olan Sübhan kişinin
sevincinin həddi-hüdudu yoxdur. Körpəni görənlərin hamısı bir ağızdan “Əli (ə.)
köməyi olsun” deyərək öz xeyir-dualarını verir. Atası da uşağa Əliş adını
verir. Şair burada həm də Sübhan kişini mahir tərbiyəçi və səxavətli biri kimi
təqdim edir. Göstərilir ki, Əliş sanki anbaan, saatbasaat, günbəgün böyüyür, “pərvaz”
edir. Əliş məntiqi, hesabı və digər fənləri mükəmməl öyrənsə də, elmini,
biliyini daha da təkmilləşdirmək istəyir. Bu minvalla Təbrizə, İraqa, Dəməşqə,
Bağdada gedir. Çünki Əliş memar olmaq istəyir.
Onu düşündürən
bircə amaldı,
Qurub yaratmaqdı
əzmi, amalı.
Məqsədi bir idi
– memar olmalı.
Qəlbində niyyəti,
dilində Allah,
Amalı yolunda
etdi Bismillah (səh.18).
Poemanın bir
gözəlliyi də ondadır ki, müəllif təsvir etdiyi hadisələrə, söylədiyi fikirlərə
öz daxili hisslərini hopdurmağı bacarır. Göstərir ki, Əliş artıq 44 yaşına çatıb.
İstedadının şöhrəti Moskva Knyazına qədər gedib çatmışdır. Knyaz ilk olaraq
daşdan imarət qurdurmaq üçün elçilərini Şirvanşah Şeyx İbrahimin üstünə
göndərib ondan izin istəyir. Şirvanşah Şeyx İbrahimin tərəddüd içində
qaldığını görən Kərəmli Şeyx İbrahim Əliş təklifi dəyərləndirməyi xahiş edir və
sonda Əlişin getməsinə razılıq verilir. İmarətin (“Kərəmli Qalası”nın və ya
Kremlin) tikilərək başa çatması müqaviləsini dörd ilə imzalasalar da, üç il üzərində
tamamlanmasına çalışan Əlişin qalacağı mənzil Annanın evi olacaqdı. Əlişin
zil qara saçları, şəvə bığ-saqqalı, boy-buxunu, xoşhal, gülərüz sifəti Annanı
sanki məst edir.
Zil qara
saçları, şəvə bığ-saqqal,
Boy-buxun yerində, sifəti xoşhal.
Zirəklik, çeviklik işdə məharət,
Annanı büsbütün
eyləmişdi məst…
Aşkarda, gizlində
olmuşdu kölgə,
Zirəklik,
çeviklik işdə məharət (səh.25).
Artıq memar Əliş
imarəti tamamlamışdır. Ancaq Knyazın içinə şübhələr toxumu səpilmişdir. Ona
görə ki, Əliş belə bir bənzəri olmayan imarətdən bir başqasını da tikə bilər.
Son qərara gəlir ki, Əlişin başı bədənindən ayrılmalıdır.
Şübhə toxumları
düşdü qəlbinə,
Qorxdu tay tikilə
onun “Kreml”inə…
Düşünüb, daşınıb
verdi qərarı,
Dedi: – “Sabah
yola salaq memarı”.
Tapşırdı bir gözəl
məclis qurulsun,
Sonunda memarın
boynu vurulsun… (səh.26).
Z.Ustac Memar
Əlişin faciə dolu ölümünü və Annanın dəlilik dərəcəsinə çatdığını və sonda ölümünü
çox mahir qələm fırçasıyla gözəl təsvir edir. Faciə dolu mənzərini belə mənalandırır:
Anna saçın yolub
verdi yellərə,
Getdi ibadətə
qürbət ellərə…
Məzarı başına gələrək
hərdən,
Hədiyyə gətirdi
güldən, çiçəkdən…
Uzun zaman oldu
çəkdilər həsrət,
Bir-birin
duymayıb etdilər söhbət…
Vüsal da var
imiş demə qismətdə,
Bir gün
anlaşdılar qəfil söhbətdə…
Hər dəfə Annaya
yazıq deyənlər,
Cansız bədənini
yolda gördülər… (səh.29).
Zaur Ustacın
yaradıcılıq uğurlarından biri də Əliş və Annanı ölümsüzləşdirməsidir. Yəni
başqa bir aləmin varlığına çevirməsidir.
Əlişin başına gələn faciələr və Annanın uzun müddət çəkən iztirabları,
nəhayət, sona çatır, onların ruhları azad-sərbəst olduqdan sonra qovuşurlar. Bu
axirət səadətini – həyatın davam etməsini şair özünəməxsus bir poetik dillə
oxucusuna çatdırır. Qəmli hekayəni nikbin və ya optimist sonluqla bitirir. Qəhrəmanlar
sadəcə sözün əsl mənasında dünyalarını dəyişirlər, həyat isə davam edir:
İndi həmin yerdə
hər il qumrular,
İyunda, iyulda nəğmə
oxurlar… (səh.29).
Kövrək bir əhvalat
haqqında Zaur Ustacın hekayəsi oxucuya dərin təsir bağışlayır. Bu real hadisədə
həyat qanununa çevrilən məhəbbətin, eşqin aydın təcəssümü verilmişdir. Yaxşı əməl,
xeyirxahlıq, mənəvi saflıq, hikmət dolu sözlər və s. yüksək sosial-əxlaqi məzmunlu
məsələlərin də poemaya daxil edilməsi məqsədəmüvafiqdir.
Z.Ustac “Əliş və
Anna” adlı tarixi poemasında qeyd etdiyimiz kimi, ümumiləşdirmələri ruh yüksəkliyilə
aparmışdır. Çünki keçmişə baxaraq tariximizi öyrənmək hər bir vətəndaşın borcudur.
Sürücü irəliyə hərəkət etmək üçün avtomobilin yan güzgüsüdən arxaya baxmalı
olduğu kimi, millət də inkişaf etmək, bəşər mədəniyyətinə töhfələr vermək,
imzasını imzalar içində görmək üçün öz keçmişini, soykökünü öyrənmək, tarixini
bilmək məcburiyyətindədir. Bunsuz təşəkkül, inkişaf və tərəqqi yoxdur. Zaur
Ustac da bu tarixi əsəri yazmaqla öz keçmişinə, soykökünə sadiqliyini bir
daha sübut etmişdir.
Ümumiyyətlə,
Zaur Ustacın elm, ürfan, təlim, əql, idrak, zəka, kamillik, gözəlliyi qiymətləndirməyi
bacarmaq kimi fikirləri də vardır ki, bunların ciddi elmi-tədqiqata ehtiyacı
var.
Kamal CAMALOV,
Pedaqogika üzrə fəlsəfə doktoru,
dosent, Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Bu gün noyabrın 12-də “Kitab Evi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “İmadəddin Nəsiminin farsca şeirlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri”layihəsi çərçivəsində “İmadəddin Nəsimi – 40 qəzəl” adlı kitabın və qəzəllərin səsləndirildiyi audiodiskin təqdimatını keçirib.
Layihənin rəhbəri “Kitab Evi” İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova tədbir iştirakçılarını salamlayıb, bu məsuliyyətli layihənin uğurlu nəticəsinə sevindiyini bildirib və kitab haqqında yığcam məlumat verib.
Kitabın redaktoru və ön sözün müəllifi tarixçi alim, şair Şahin Fazil tərcümə olunan qəzəlləri yüksək qiymətləndirib, qəzəllərin orijinal mətninin, sətri tərcüməsinin və bədii tərcüməsinin bir yerdə verilməsinin məqsədəuyğun olduğunu bildirib. Sonra qəzəlləri farscadan tərcümə edən Dalğa Xatınoğlu çıxış edərək Nəsiminin hürufizmi inkişaf etdirməklə insan ruhunun kamilləşməsinə aparan yolu izah etdiyini bildirib.
Təqdimatda alimlər, şairlər, yazıçılar, media nümayəndələri, oxucular; Səfər Alışarlı, Fazil Güney, Məti Osmanoğlu, Hümeyir Əhmədov, Elçin Alıoğlu, İlqar Türkoğlu, İlahə Bayandur, Əli Şamil, Əkbər Qoşalı, Aləm Kəngərli, Mübariz Məsimoğlu, Əntiqə Qonaq, Aysel Xanlarqızı Səfərli, Narıngül Nadir, Xalidə Nuray, Süleyman Abdulla, Gülnar əhmədova və başqaları iştirak edərək, mövzu ilə bağlı çıxışlar ediblər. Onlar İ.Nəsiminin əxlaqi-didaktiv görüşlərini, dini-fəlsəfi baxışlrını tərənnüm edən qəzəllərindən bəhs ediblər, şairin əsərlərində ana xətt olan insan, kainat və bütövlükdə varlığın Allahla vəhdətdə olması ideyasından danışıblar. Tədbirdən fotolar:
HÜRRİYYƏT Min şükür hürriyyət ocağımız var, Kölgəlik bir fidan ağacımız var… Ey uca Yaradan Sən qoru bizi, Daim, qaim eylə hürr elimizi. Binə çadırları daş otaq eylə, Özün bu ulusu min budaq eylə… Nə qədər xalqlar var yox bir mətəsi, Çoxunun dili yox kəlmə ötəsi… Bizim söykənəcək dayağımız var, Hələ yol alacaq oylağımız var…
===============================
حورریی یه ت مین شوکور حریت اوجاقیمیز وار, کؤلگه لیک بیـر فیـدان آغاجیمیـزوار… ای اوجا یارالدان سه ن قورو بیـزی, داییم , قاییم ائیله حورر ائلیمیزی. بینه چادیرلاری داش اتاق ائیله, اؤزون بو اولوسو؛مین بوداق ائیله… نه قه ده ر خالقلار وار یوخ بیـر مه ته سی, چوخونون دیلی یوخ کلمه اؤته سی… بیـزیم سؤی که نه جه ک دایاغیمیـز وار, حه له یول آلاجاق,اویلاغیمیـز وار…
Foto 14 may 1993- cü ildə Yaşmada Azərbaycanın ilk yaradılan XTT-da Hərbi And İçmə günü çəkilib. Nisbətən hündür əsgər, İbrahimov Zaur (Balaxanıdan), digər əsgər isə Zaur Ustac
(Gözəl insan, kitabşünas, yazar, tənqidçi, Ustac Milli Mükafatının ilk sahibi Hacıxanım Aidaya həsr edirəm.)
Dünyanın malına hərisdi bəndə Ancaq bar şirindir bağban dərəndə. Şad olar bir kəsi sevindirəndə, Sevinci nə yerə, nə göyə sığar, Xeyirxah sərvəti alqışdan yığar.
Doydum deməz acgöz, qurtarmaz kəmi, Bu da bir müəmma, tapılmaz çəmi. Yaz günü göyərən göy çəmən kimi, Elin duaları başından yağar, Xeyirxah sərvəti alqışdan yığar.
Dünyada qalandır dünyanın malı, Çoxu son məqamda duyar bu halı. Hər kəsə sevgisi, yüksək amalı, Əl tutar köməyə, qarşına çıxar, Xeyirxah sərvəti alqışdan yığar.
İldırım, qanan az əyrini, düzü, Qılınc tək parçalar haqlının sözü. Dünyaya bağlayar bir ümidsizi, Hər kəsin qəlbində bir ümid doğar, Xeyirxah sərvəti alqışdan yığar.
Həyat dolaşıqdı yolu daş-kəsək, Axı bu dünyaya niyə gəlmişik. Gəldikki dünyadan biz bir gün gedək? Nəyi qazanmışıq,nə itirmişik, Axı bu dünyaya niyə gəlmişik.
Bağ meyvəsin qıyır,bağban qıymayır, Nadan haqsız olur kimsə saymayır, Arzular hey uçur ümüd tapmayır, Bu dünyanın biz nəyini sevmişik? Axı bu dünyaya niyə gəlmişik.
Xainlər qol açır dörd bir tərəfdə, Sənə yol göstərir adi hərifdə, İllərə qoşulur hər ötən həftə, Ayları unudub,qəmə düşmüşük, Axı bu dünyaya niyə gəlmişik.
Məmur qapısında yatıbdı kasıb, Gör neçə insanlar özünü asıb, Ürəyim bu dərddən xəstəlik tapıb, Yanaqdan nə qədər yaşı silmişik, Axı bu dünyaya niyə gəlmişik.
Bəlkədə qınayar çoxları məni, Unudur dünyada sevən,sevəni, Dünya bir fanidir udacaq səni, Doğulanda biz bunu bilməmişik, Axı bu dünyaya niyə gəlmişik.