“MAKLER – VİP” N- 006

“MAKLER – VİP” N- 006 (0006) 20.06.2019 – BAKI.

AFİQ GÖYÇƏLİSƏN KİMSƏN ???

Hürüməkdən ala itə dönmüsən
Soxum sənin gic başını yerə mən
Ağzın başın seliklidir a çaqqal
Yaramadın nə xeyirə, şərə sən

Gəlməmişdən ağzına söz sığmırdı
Dağ üstünə dağ qoyacam dedin gəl
Di gəlmişəm, dillən ay qıllı beçə
Qırılda bir, qohumuna uzat əl

De sən kimsən, toyuqsanmı ya cücə?
Qıqqıldayıb, ordan burdan boylanma
Nə yad oldun, nədə qohum ay fərə
Yağmırsansa, guruldama, banlama

20.06.19

Müəllif: AFİQ GOYCELİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“MAKLER – VİP” N- 005

“MAKLER – VİP” N- 005 (0005) 09.06.2019 – BAKI.

NAZİM YAQUBOĞLU

BİZİM KƏNDİN KƏNDXUDASl
( Ünvanlı )

Söz çatdırır ondan ona , 
Bizim kəndin kəndxudası .
Girir gündə əlli dona ,
Bizim kəndin kəndxudası .
****
Aralığı qatsın deyə ,
Hey durtülür dar dəliyə .
Heç sığmayırr yerə – göyə ,
Bizim kəndin kəndxudası .
****
Tutduğu yol şər yoludur ,
O iblisin sağ qoludur ,
Alçaqlığın simvoludur ,
Bizim kəndin kəndxudası .
****
Geno ilə qardaş olub , 
Vartan ilə sirdaş olub ,
Hayar ilə yoldaş olub , 
Bizim kəndin kəndxudası .
****
Əhalinin ətin didib ,
Çoxlarına sitəm edib .
Yardım satıb , həccə gedib ,
Bizim kəndin kəndxudası .
****
Dil tökərək hiylə ilə ,
Bir rəzili alır ələ .
Rəvac verir fitnə – felə ,
Bizim kəndin kəndxudası .
****
Aralığı qarışdırır ,
Nifaq odun alışdırır ,
Qohumlarl dalaşdırır ,
Bizim kəndin kəndxudası .
****
Qurşanıbdı ən son yola ,
Məmur görcək dönür qula .
Mənliyini satır pula ,
Bizim kəndin kəndxudası .
****
Nöyüt satır bala – bala ,
Nadanlıqda qalmlr dala .
Köpək kimi hürür yala 
Bizim kəndin kəndxudası .
****
Marıqda dayanır hazır ,
Tədbir tökür , plan cızır .
Ayaq altdan quyu qazır 
Bizim kəndin kəndxudası .
****
Sərəfsizdir , biqeyrətdir ,
Elə , obaya töhmətdir .
Xudayardan bədheybətdir 
Bizim kəndin kəndxudası .
****
Arayışı on manata ,
Satır avam camaata .
Kəndi böldü sata – sata ,
Bizim kəndin kəndxudası .
****
Sıpıxaraq tindən – tinə ,
Söz gəzdirir sinə – sinə 
” Sadiqdir ” öz adətinə ,
Bizim kəndin kəndxudası .
****
Parçalayıb tirə- tirə ,
Kəndi böldü necə yerə .
Bölgü saldı xeyir – şərə 
Bizim kəndin kəndxudası 
04 . 02 . 2019 .

Müəllif: NAZİM YAQUBOGLU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAKLER – VİP N : 004

“MAKLER – VİP” N- 004 (0004) 08.06.2019 – BAKI.

EY BƏNİ – ADƏM…

(Güllələnən küçə itlərinin dilindən)

Ey bəni – adəm, nə çabuq unutdun?

Sultani Nəzmi Seyidin öyüdün*.

Düz deyiblər: – “barı olmaz söyüdün…”

Ay başıküllü özünə yaxşı bax,

Sonra gəlib, başımıza güllə çax…

* * *
Qudurmuşam? – quduz sənin atandı…

Sən kimisin əkib, doğub atandı…

Sizin kimi bir-birinə atandı…

Ay başıküllü özünə yaxşı bax,

Sonra gəlib, başımıza güllə çax…

* * *
Hürüşməkdə dərsi  sizdən  almışıq,

Didişməkdə sizdən geri qalmışıq,

Ad bizimdi, həp sizə əl çalmışıq….

Ay başıküllü özünə yaxşı bax,

Sonra gəlib, başımıza güllə çax…

* * *

Balasını zibilliyə atan sən,

Anasını üç qəpiyə satan sən,

Ley-pey olub kol dibində yatan sən…

Ay başıküllü özünə yaxşı bax,

Sonra gəlib, başımıza güllə çax…

* * *

Yalmanmaqda sizə çata bilmərik,

Ar-namusu heçə sata bilmərik,

Sizin qədər pisə bata bilmərik…

Ay başıküllü özünə yaxşı bax,

Sonra gəlib, başımıza güllə çax…

* * *

Harda gəldi yalaq tutdun özünə,

Qarın üçün bəzək vurdun sözünə,

Səni görüm, kor şiş batsın gözünə…

Ay başıküllü özünə yaxşı bax,

Sonra gəlib, başımıza güllə çax…

* “ İt demə, ol dəxi bizim birimiz,
Belə ölmüşlərə fəda dirimiz.” S.Ə.Ş.

08.06.2019  (09:03) Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

MAKLER – VİP N: 003

“MAKLER – VİP” N- 003 (0003) 08.06.2019 – BAKI.

DƏDƏN ÖLƏR, QOYMAZ SƏNİ ƏSGƏRƏ…

(Allah sənə qəni-qəni rəhmət eləsin, Sabir…)

İstəyirlər, aparsınlar əsgərə,

Dədən ölər, qoymaz səni əsgərə…

* * *

Saxlatmışam, bu da mənə sağoldu,

Başıküllü, səki bu da oğuldu,

“Pavestkanı” görən kimi boğuldu,

İstəyir ki, ini gedə əsgərə,

Dədən ölər, qoymaz səni əsgərə…

* * *

Noğul bala, cobbalanma üstümə,

Gir “qəttana”, qapaq qoyum üstünə,

Bütün aləm mat qalıbdı şəstimə,

Heç qoyaram, gedəsənmi əsgərə,

Dədən ölər, qoymaz səni əsgərə…

* * *

Nə əsgərlik bazarıdır, ay bala…

Get siqaret, zadını sat ay bala,

Zad ki, dedim, adını sat ay bala,

Özünü mən qoymaram ki, əsgərə,

Dədən ölər, qoymaz səni əsgərə…

* * *

Vay, ay aman, gör döyülən qapımı???

İndi harda bəs gizlədim balamı???

Gir tövləyə, ordan çıxar yabını…

Ya, gir dama, aman vermə itlərə,

Dədən ölər, qoymaz səni əsgərə…

* * *

Qurtarmışam, di gəl, yenə gəzirlər,

Pulluları bircə-bircə bilirlər,

Deyirlər ki, yavaş-yavaş gəlirlər,

Hər tıqqıltı bizi salır hinlərə,

Dədən ölər, qoymaz səni əsgərə…

* * *

Vicdan nədi, namus nədi, ar nədi…

“Vayenkom” var, elə bil ki, gürzədi,

Amma ki bu, hər nə versən qanedi,

Nəyim vardı, doldurmuşam ciblərə…

Dədən ölər, qoymaz səni əsgərə…

* * *

Bala, bizdən əsgər olmaz ölkiyə,

Biz yaxşıyıq, fırıldağa, bicliyə,

Qurban olum, o yüzlüyə, minliyə…

Tülkü olub, biz gedərik alverə,

Adam kimi, ta getmərik əsgərə…

15-16. 01. 1993. Ağdam, Yusifcanlı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

MAKLER-VİP N: 002

“MAKLER – VİP” N- 002 (0002) 08.06.2019 – BAKI.

YEKƏ MƏKTƏBİN YEKƏ DƏRDİ və ya ZAMANIN GİZLƏTDİYİ RƏSM

On il get-gəldən sonra, axır ki, kənd məktəbindən güc-bəla canımı qurtardım. Bir xeyli avaralandıqdan sonra bu qənaətə gəldim ki, gərək mən də yekə məktəb oxuyam. Bu fikir-xəyal ilə gəldim Bakiyə… Aradım, axtardım sonda lap o yekə məktəbi tapdım. Məktəb, nə məktəb… Dağ boyda… Başı buludlara dəyir… Bu mənim lap xoşuma gəldi, məni yaman sevindirdi, əlqərəz çox xoşhal oldum… Elə doqqazdan içəri keçmək istəyirdim ki, gözüm sataşdı, sol tərəfdəki divarda olan rəsmə… Bu rəsm də çox xoşuma gəldi… Şəklə az baxmışam, çox baxmışam onu deyə bilmərəm… Şəkil də nə şəkil… Gördüm şəkildə şikil kimi bir oğlandı durub. Əli də cibində. Deməli, tam olaraq mənzərə belədir, bir əlində kitab tutub, o biri əlini də qoyub cibinə. Cib də ki, az qalır partlasın… Buradan məndə belə bir yəqinlik hasil oldu ki, yəni əgər oxumaq istəyirsənsə, vacibdir ki, əlin mütləq cibində ola… Necə deyərlər, “arifə bir işarə bəs eylər…” Mən də ki, arif adam. Çar-naçar qayıtdım geri, mən də ciblərimi hörüb təzədən gəldim məktəbə…(öldü var, döndü yoxdu – oxuyajam) Əlimi də qoymuşam cibimə – biliyim tökülməsin… Elə, içəri girmək istəyirdim ki, keçərətdəcə məni yekə qarın, yekə burun, başının ortası yox, burnunun altında güvə yemiş, sapsarı naftalin iyi verən cıqqılıca bığı, boynunda nazik, uzun qarnının üstünə Yer kürəsin ikiyə bölən yaşıl zolaq kimi aşırdığı xaltası olan bir “kişi” saxladı:

– A bala, hələ bir dur görək, belə qaranəfəs hara gedirsən, May da ha döyülü deyəm gilasın sezonudu – iyuldu deməli, hələm gilasın sezonuna da çox var… Görürəm, diribaş uşağa oxşuyursan, amma bir əması var. O gördüyün şikil çoxdan köhnəlib. Daha cib zəmanəsi döylü, bala… Vallahi də döylü, Billahi də… Tay cibişdan zəmanəsi çoxdan ötüb… İndi oxumaq istəyənin yedəyində gərək diplom atı olsun, diplom atı…

Matım-qutum qurudu qaldım belə… İndi məni dərd götürüb, mən yazıq, borc-xərc bu diplom atın aldım, bəs onun yükünü necə tutacam???

29.07.1991. Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

EH MARALLAR, MARALLAR…

“EV BAZARI” və “MAKLER – VİP” N- 001 (0001) 08.06.2019 – BAKI.

Qasım bəy Zakir – Əbdürrəhim bəy Haqverdiyev yanaşması, Seyid Əzim Şirvani – Cəlil Məmmədquluzadə fikri və tam fərqli Mirzə Ələkbər Sabir düşüncə tərzinə böyük hörmətlə “Ev bazarı” və ya “Makler -VİP” buraxılışlarında müasir sirli kölgələrə işıq salmağa çalışacağıq…

XATIRLATMA:

Dəqiq bilirəm ki, Əbdürrəhim bəy sağ olsaydı belə deyərd: – Eh marallar, marallar milyon illərin təkamülü sizdən yan keçir…

və ya

Rəhmətlik Mirzə Cəlil belə xitab edərdi: – Ey dirisi ilə rusca, ölüsü ilə ərəbcə danışmağa məhkum binəvalar, indi də qarnınız üçün ingiliscə danışmağa məcbursuz, vay o günə ki, firəngcə öyrənməyə möhtac olasız… Allah bizi o gündən saxlasın, Amin, Amen…

BİRİNCİ BURAXILIŞ – RƏHMƏTLƏ ANIRIQ…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru