Etibar Etibarlı – Ədəbiyyatı şouya döndərmək günahdır…

Bu gün çağdaş Azərbaycan ədəbiyyatının son iyirmiillik ümümi mənzərəsi heç də birmənalı qarşılanmır. Bir oxucu kimi mən də bu qənaətdəyəm. Narahatlıq doğuran  problemin həm obyektiv, həm də subyektiv səbəbləri var. Axı “tarixən müəyyən zaman kəsiyində mövcud olan ictimai-iqtisadi quruluş qəflətən dağılanda onun diktə etdiyi ideologiya çərçivəsində ( yaxşı, ya da pis—fərqi yoxdur) formalaşan cəmiyyətdə istər-istəməz   xaotik vəziyyət yaranır. Cəmiyyətin ayrı-ayrı fərdlərinin taleyi gözlənilmədən qopan tufanın, qəzəbli qasırğanın daşa –divara çirpdığı xəzəllərə bənzəyir və bu qəfil “zəlzələ” bütövlükdə cəmiyyətin mənəvi dünyasında  elə dərin bir “boşluq” yaradır ki,  həmin “boşluğu”  doldurmaq kimi ağır bir yük yazıçıların öhdəsinə düşür. Belə bir taleyi xalqımız da yaşadı. Təəssüf  ki, sovet dönəmindən sonra arada əmələ gələn müvəqqəti “ boşluğun” gətirdiyi sərbəstlik  “sərməstliyə” rəvac verdi. “Mən ədəbiyyat yaradıram” deyə-deyə dil boğaza qoymayanlar meydanı boş görüb “qələmə sarıldılar”…”(kursiv E.E) və nəticədə qəribə bir mənzərə yarandı. Lakin bədbin olmağa dəyməz , çünki gec-tez ZAMAN hər şeyi yerbəyer eləyir. Artıq ideya, məzmun, dil və bədii dəyər baxımından seçilən xeyli əsər meydana çıxıb, demək “bulanmış sular durulmaqdadır”. 

    Yazıçı olmaq böyük şərəfdir, yazıçılıq həm də çox böyük məsuliyyət yükünü daşımaq deməkdir. O, cəmiyyətin fövqündə dayanan, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik, özündən əvvəlki tarixi,  yaxud yaşadığı dövrü bədii obrazlarla canlandırıb, oxucuya haqq-ədalət, insanlıq təlqin etməyi bacaran müdrik şəxsiyyətdir.  Lakin bu, həmişə belə olmur. Qələm adamlarımız  arasında özündənmüştəbehlik, “dahilik azarı”na tutulmaq, bir-birinin kölgəsini qılınclamaq, xal qazanmaq xatirinə    dediyi sözün məsuliyyətinin fərqinə varmadan sosial şəbəkələrdə, efirlərdə yerli-yersiz danışmaq, “öz gözündə tiri görməyib, özgəninkində tük axtarmaq, “təftişçilik” kimi zərərli meyllərin daşıyıcılarını görəndə təəssüflənməyə bilmirsən. Hərdən öz-özümə düşünürəm: “İlahi, bu azar hardan qaynaqlanır? Bəlkə günah elə genimizdədir?” Maraqlısı da odur ki, belə arzuolunmaz xüsusiyyətlər müstəqilliyimiz dövründə, yaradıcılıq üçün sərhədsiz meydan açılandan  sonra daha qabarıq şəkildə özünü büruzə verdi. Görünür, azadlığın da həddi-hüdudu olmalıymış–ifrat azadlıq isə mənəviyyatı cılız olanlar üçün özbaşınalığa aparan ən qısa yol imiş. (Son illər “Ulduz” jurnalı, “Kaspi”, “525-ci qəzet, “Bütöv Azərbaycan” qəzetləri və digər mətbu orqanlarında ədəbi-tənqidi yazılarımda, yeri gəldikcə, belə ürəkağrıdan problemlərə toxunmuşam və bir daha bəzi məqamları xatırlamaq istədim.) İş o yerə çatıb ki, hələ nöqtənin, vergülün yerini bilməyən, əli qələmə yatmamış, bütövlükdə Vətəninin tarixini demirəm, hətta Azərbaycan ədəbiyyatı tarixindən söz düşəndə gözünü döyən bir gənc də, hətta az qala yarı yaşını haqlamış bəzi “ağıllılar” da ömrünü –gününü yazmaq kimi əzablı bir peşəyə həsr etmiş, müxtəlif janrlarda dəyərli ədəbi nümünələr yaratmış ağsaqqal  yazıçıları ( Yazıda “yazıçı” sözü nasir, şair, dramaturq kimi ümümiləşdirilmiş mənada işlənir.) heç bir ədəb-ərkan çərçivəsinə sığmayan küçə jarqonuyla ittiham edir. Görəsən, bu yazıçılar hansı günahın sahibidirlər? Bəlkə onlar gözləməliydilər ki, XXI əsrin 90-cı illərində “dahilər” doğulacaqlar, böyüyəcəklər və “səhvən yaşanmış” bir tarix haqqında “monumental” əsərlər yaradacaqlar? Gülünc deyilmi?

    Məni ağrıdan odur ki, istər postsovet məkanı olsun, istər Avropa, Amerika , Asiya  ölkələri, ayrıca bütün türk dünyası ədəbiyyatlarında bizdəki kimi anormal münasibətə rast gəlmək mümkün deyil. Əlinə təzəcə qələm alan ən gənc rus şairindən heç vaxt  S. Yesenin, V. Mayakovski, M. Şoloxov, K. Simonov, S. Vasilyev, A. Prokofyev,  A. Tvardovski, P. Antokolski, Y.Smelyakov, R.Kazakova… bir sözlə, sovet dövründə yazıb-yaratmış, artıq dünyasını çoxdan dəyişmiş,  yaxud hazırda yaşayan ağsaçlı ədiblər haqqında bir kəlmə nalayiq söz eşitməzsən. (Yaddan çıxarmayaq ki, Rusiyanın M. Şoloxovu varsa, bizim də Süleyman Rəhimovumuz var.) Uzun illər aparılmış əks təbliğata, qadağalara baxmayaraq, Türkiyədə bügünkü gənc yazarlar  böyük türk şairi Nazim Hikmətin xatirəsini əziz tuturlar. Nazimin vaxtında da Türkiyədə kapitalizm idi, indi də. Qırğız yazıçıları böyükdən kiçiyə bir nəfər kimi Çingiz Aytmatovla fəxr edirlər. Orxan Pamuk deyərmi ki, Rəşad Nuru Güntəkin, Suat Dərviş, Orxan Kamal, Əziz Nesin və s. yazıçı deyil, cızmaqaraçıdır? Heç vaxt! Dağıstanda hansısa bir gənc, yaxud cavan  bir yazar Rəsul Həmzətov haqqında nalayiq söz danışarmı? Xeyr. Bəs biz niyə beləyik? Biz sovet dövrü deyilən bir zaman kəsiyində yaşamışıq, yaxşısını da görmüşük, pisini də. Bu , bizim bir xalq kimi taleyimizə düşən qismət idi. Belə  çıxır ki, yetmiş ilin üstündən qara bir xətt çəkməliyik. Bəs onda biz harada və necə yaşamışıq? Tariximizdəki ağ ləkələr bəs deyil, bəlkə yetmiş illik bir səhifə də əlavə edək? Ötən əsrdə ədəbiyyatımızı zənginləşdirən gözəl ədəbi nümunələr yaradılıb: “Araz”,  “Qilinc və qələm”, “Dumanlı Təbriz”, “Studentlər”, “Qızlar bulağı”, “Şamo”, “Saçlı”, “Mehman”,  “Ağbulaq dağlarında”, Turaclıya gedən yol”, “Budağın xatirələri”, “Komsomol poeması, “İnsan”, “Azadlıq dastanı”,  “Abşeron”, “Qaradaşlar”, “Yeraltı çaylar dənizə axır”, “Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə”, “Közərən ocaqlar”, “Müharibə”, “Dünya qopur”, “İnsan məskən salır”, “Cəbhədən cəbhəyə”, “Körpüsalanlar”,, “Üçatılan”, “Məhv olmuş gündəliklər”, “Sən həmişə mənimləsən”, “Qızılgül olmayaydı”, “Cənub nəğmələri”, “Karvan gedir”, “General”, “Ayrılan yollar”, “Dəli Kür”, “Yanar ürək”, İdeal”, “Tütək səsi”, “Qış gecəsi”, “Mənim nəğməkar bibim”, “Vicdan susanda”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Baladadaşın ilk məhəbbəti”, “Qarlı aşırım”, Qətl günü”, “Üç atlı”, “Şəbi-hicran”, “Etiraf”, “Qiymət”, “Dahilərin divanı”, “Dağlar dağımdır mənim”, “Kiçik təpə”, “Xatirə”, “Qərbi Berlin”, “Kimdir günahkar”, “Üç oğul anası”, “Atamın kitabı”… və s. və i. minlərlə irihəcmli əsərlərlə (romanlar, povestlər, pyeslər, poemalar) yanaşı, saysız –hesabsız forma və məzmun baxımından bir-birindən dəyərli şeirlər yazılmış, həmçinin dilimiz cilalanmış, büllurlaşmış, onun zənginliyi bənzərsiz  çalarlarıyla üzə çıxmışdır.  Butün bunlar qiymətsiz  bir xəzinə deyilmi? Bir məqamı da unutmaq insafsızlıq olardı ki,  bədii obrazlar vasitəsiylə ötüb-keçən yaşantılarımızın canlı mənzərəsini əks etdirən belə əsərlər senzuranın at oynatdığı bir dövrdə yaranıb. Görəsən, indi özünü qəhrəman sayanlar o vaxt yaşasaydılar belə mükəmməl əsərlər yarada bilərdilərmi? Çətin! Dünyanın bu düz vaxtında—senzura yox, nəşriyyatların qapıları taybatay açıq, yazdıqlarınızı mürəkkəbi qurumamış çap etdirmək imkanlarınız geniş. Daha nə istəyirsiniz? Buyurun, yazın, yaradın! Vaxtınıza heyfiniz gəlsin. Əgər daxilinizdə yazmaq yanğısı yoxdursa, bu məşəqqətli yola çıxmağa dəyməz. (İndiki gənclər xoşbəxtdirlər,çünki onlar o dövrün  nəşriyyatlarının pərdəarxası oyunlarını görməyiblər, şeir, nəsr  qovluqlarını rəflərdə toz basmayıb, tematik plana düşsə də ildən ilə ötürülüb və nəhayət,  bir çox istedadlı gənclərin əli qələmdən soyuyub, küsgünləşib və uzaqlaşıblar.)  Əgər kimsə sizin yazdığınız gözəl bir əsərə qərəzlə, nihilistcəsinə yanaşsa, narahat olmayın, həmişə olduğu kimi, ona cavab verəcək ədalətli bir qələm adamı tapılacaq.  Hələ ki, ortaya barmaqla sayılası ədəbi nümunələr çıxır. İstedadlılar üçün həmişə çətin olub, istedadsızlar isə həmişə vəziyyətdən çıxmağı bacarıblar, çünki belələri  sənəti olmayan, onun-bunun “bostanına daş atmaqla” gündəmdə qalmaq istəyən bəzi üzdəniraq müğənnilərə bənzəyirlər.

    Ədəbiyyatı şouya döndərmək günahdır. Artıq dünyasını dəyişmiş yazıçıların ruhunu incitmək kimə və nəyə lazımdır? Bu, bəlkə də ən böyük ədalətsilikdir. Onlar (son ana qədər öz saf əqidələrinə sadiq qalanlar) bir insan kimi də seçilmişlərdir–  bilərəkdən, yaxud bilmədən buraxdıqları səhvləri də yaşadıqları zəmanənin suçu kimi qəbul etmək daha ədalətli olardı. Hələ ki, qələmi əlindən yerə qoymayan, zamanın isti-soyuğunu görən,istedadına güvəndiyimiz, bu gün bizimlə nəfəs-nəfəsə yaşayan  qocaman yazıçıları  rəncidə etməklə nə qazanırıq? Onlar nə yazsalar, yaxşı yazacaqlar və bu, ümumən ədəbiyyatımızın xeyrinədir. 37-də kommunust rejiminin (sosializm nəzərdə tutulmur) qaymaqlarımızı fizki terrorla əlimizdən alması bəs deyil, indi də özümüz-özümüzə qənim kəsilib, mənəvi terrora məruz qoyuruq…  Bu gün xəstəliyin cəngində canıyla əlləşən, artıq ümidləri sozalan yazıçılarımız da var ki, bir kəlmə səmimi sözə, xoş münasibətə hava-su kimi ehtiyac duyurlar. Qocalıqla dilbir olan namərd xəstəliklə çarpışmağın nə qədər ağır bir dərd olduğunu unutmaq naşükürlükdür. İnsan fiziki mənada əbədi olmadığı kimi, heç kəs də qəfil xəstəlik deyilən bir bəladan sığortalanmayıb. Lakin bütün bunlar o demək deyil ki, yaşlı nəsil toxunulmazdır. Yalnız təhqir yolverilməzdir. ƏGƏR YAŞINDAN ASILI OLMAYARAQ, KİMSƏ BU XALQIN MİLLİ HEYSİYYATINA TOXUNAN, ONU AŞAĞILAYAN NƏSƏ YAZIBSA, O ZAMAN NƏİNKİ TƏNQİDÇİ, HEÇ SADƏ OXUCU DA SUSMAMALIDIR.

Qəribədir, elə bil “təftişçilik” azarı qanımızdadır. Bu gün ədəbiyyat tariximizdən xəbəri olan da , olmayan da  37-dən ağızdolusu, pafosla danışır. Filankəslər niyə Leninə, Stalinə şeirlər həsr eləyib? Filankəslər niyə repressiya olunmayıb? Filankəs niyə filankəsin üzünə durub? Əlbəttə, belə yersiz suallara cavab verməyə dəyməsə də,  dinməmək də olmur. ŞƏZSİYYƏTƏ YAŞADIĞI DÖVRÜN PRİZMASINDAN BAXIB QİYMƏT VERMƏK LAZIMDIR. Zəhmət çəkib 30-cu illərin “Kommunust” və “Ədəbiyyat” qəzetlərini vərəqləyin. Onda görərsiniz ki, yazıçılardan nələr tələb olunurdu. Bir kəlmə etiraz bəs idi ki, özünü DTK-nın məşum zirzəmilərində görəsən və ağılasığmaz işgəncələrə məruz qalasan, sonra da haqsız-sübütsuz güllələnəsən, ailən də Sibirə sürgün olunsun. S. Vurğun, R.Rza və S.Rüstəmdən tutmuş M.Araza qədər hamı partiyaya da, Leninə də, Stalinə də əsərlər həsr ediblər və hər bir əsər özlüyündə çox gözəl sənət nümunələri idi, çünki onları əsl sənətkarlar yazmışdılar. Lakin həmin əsərlər yazıçıların əlində bir qoruyucu bəlgə idi. Əgər belə olmasaydı, bu gün bizə yadigar qalan, milli dəyərlərimiz saydığımız əsərləri yaza bilməzdilər və itirən ədədbiyyatımız olardı. İndi danışmağa nə var ki! Qol-qabırğası qırılan, bir torba ətə,sümüyə çevrilən, ağlını itirən bir adam, nəinki şahidliyə, öz ölüm hökmünə də qol çəkər. Axı, dözümün də həddi var?! Yaxud sağ qalanları ittiham edirlər. Belə çıxır ki, hamı qırılmalı imiş. Belə özündənrazı adamların bircə barmağını qapı arasna qoyub sıxsan, Allah bilir hansı hökmələrə qol çəkərdilər. Hərdən çox sevdiyim, nakam şairimiz  Müşfiqi xatırlayanda, inanın, ürəkağrısıyala deyirəm ki, nə yaxşı bu söz sərrafı 50-60 il yaşamayıb, yoxsa bu gün ona da utanmadan bir əmma qoşardılar.

     Yerigəlmişkən etiraf edək ki, indi yeni çeşid “mədhiyyəçilər sürüsü” meydana çıxıb. Bəs nə əcəb hansısa məmura şit, bayağı, əttökən,  söz yığınından ibarət, təmmənalı  “şeirlər” həsr edən “şairlərə” gözün üstdə qaşın var deyən yoxdur? Heç kəs itihaf şeiri yazmağın əleyhinə deyil, məqsədli, həm də son dərəcə zəif yazmaqdan söhbət gedir. Tarixən klassiklərimiz də qəsidələr yazıblar. Ancaq yazanda da ürəkdən,  və yüksək sənətkarlıqla yazmaq lazımdır. Düşünməyə dəyməzmi?  

    Bəzi ədəbiyyatçıların tutduğu mövqe də təəccüb doğurur. Görəsən, XIX əsr ədəbiyyatını heçə sayan, onu “aqoniya” adlandıran ədəbiyyatçını belə düşünməyə nə vadar edir? Başqalarını demirəm, təkcə adını fəxrlə çəkdiyimiz M.F.Axundov kimi görkəmli filosofun, maarifpərvər bir yazıçının qoyub getdiyi qiymətli ədəbi-fəlsəfi irsin üstündən necə xətt çəkmək olar axı? Özgələr öz “qarışqasını” fil eləmək üçün dəridən-qabıqdan çıxdığı halda, biz öz nəhəngimizi kiçiltməyə çalışırıq. Səbəb nədir? Bəlkə bilən var?!  Digər bir məqam: yaxşı tanıdığım, istedadlı bir ədəbiyyatşünas  kimi rəğbət bəslədiyim, səlis nitqə malik bir alimin “Sabir dahi şairdir, mən nədənsə  satiranı sevmirəm” deməsi məni qəlbən incitdi. İlk baxışda bu cümlə nəzəri cəlb etməyə bilər, çünki hərənin öz zövqü var. Lakin bu fikri tanınmış bir alimin dilə gətirməsi heç də xoşagələn hal deyil. Əgər sabah-birigün Nizamini “təftiş” eləməyə başlasalar, təəccüblənmərəm—bizdən nə desən çıxar.

    Ən ağrılı, bəlkə də ən təhlükəli cəhət bəzilərinin eybəcər “hümanizmi”, çürük əqidəni yaradıcılıq amalına çevirməsidir. Biri “hümanist erməni” obrazını “yaradıb”, onu utanmadan anoloqu olmayan ədəbi kəşf kimi oxucuya sırıyır. Bu erməni o etnosun nümayəndəsidir ki, dünya işığını görməmiş körpəni ana bətnindən çıxarıb süngüyə taxır. Dünyada elə bir xalq yoxdur ki, belə vəhşilik törətmiş olsun. Digəri satqına, vətən xaininə, yaxud insanlığını itirmiş bir qatilə haqq qazandırır- o da sanki yeni  “bəşəri əxlaq norması”nı yaratmasıyla fəxr edir. Elə faciə də ondadır ki, belələri  pinti bir dillə yazılan bu cızmaqaraya “roman” yarlığı da yapışdırmaqdan belə çəkinmirlər. Adama qəribə gəlir ki, görəsən onlar bu səfsəsəni kimdən əxz eləyiblər. Yüyənsiz at kimi hara gəldi çapmağın axırı dibsiz uçuruma yuvarlanmaqdır. Belə ideyasız, məzmunsuz “əsərləri”in “bumu” gec də olsa  “Azərbaycan “jurnalında “Dəyirmi masa” ətrafında müzakirəyə səbəb oldu. Deyəsən, doğrudan da artıq “həyacan təbili” çalmağın vaxtıdır. 

     Sevindirici haldır ki, bu gün dünya ədəbiyyatı nümunələri dilimizə birbaşa tərcümə olunur.(Bədii tərcümənin keyfiyyətli, yaxud səviyyəsiz olması ayrı bir söhbətin mövzusudur və bu sahədə ciddi problermlər də az deyil.) Lakin məsələ ondadır ki, sovet dövründə tərcümə edilməmiş bəzi əcnəbi yazıçıların bu gün büt kimi qəbul olunması qəribə təəssürat yaradır. Guya vaxtilə kütləvi şəkildə (rus dilindən tərcümə olunan ) oxunan Balzak, Mopassan, Drayzer, C. London, Rollan…və s. kimi görkəmli yazıçıların yaratdıqları yüksək səviyyəli əsərlər deyilmiş. Bu gün Markes, Kamyu, Bulqakov, Zoşşenko, Pasternak, Soljenitsın … dəbdədir—oxuyanın da, bələd olmayanın da dilindən düşmür. Deyəsən, “QƏRBƏ  İNTEQRASİYA MARAFONUNDA” bizə çatan olmayacaq. Sən demə,  böyük ədədbiyyatı yalnız Qərb yazıçıları yaradırmış– xəbərimiz yoxmuş xəbərdən. Gör, nə günə qalmısan, başıbəlalı, qoca Şərq!

    Bəri başdan deyim ki, Kamyu da, Markes də nəhəng yazıçılardır. Onlardan da, digər böyük sənətkarlardan da nəsə öyrənməyə dəyər və lazımdır. Adlarını çəkdiyim yazıçılar—Balzakdan Markesə qədər hər birinin əsərlərində həyat həqiqətləri, o cümlədən “kiçik adamları”ın faciəsi mükəmməl obrazlar vasitəsilə, real bədii boyalarla və dinamik şəkildə canlı həyat səhnəsində təsvir olunur.( “Kiçik adamlar”ın taleyi hələ XIX əsrdə — rus ədəbiyyatının İntibah dövründə əsas mövzulardan biri idi.) Bulqakovla  Zoşşenkonun nəsrində və  Pasternakın poeziyasındakı  ideyalar  kommunist ideologiysına uyğun gəlmir, sosializm relizminin tələblərinə cavab vermirdi. Sosalizm realizminin (mən ona “kommunist realizmi” deyərdim.) tələblərinə görə insan xoşbəxt məxluqdur,çünki, hər şey onun özündən asılıdır, həmişə xeyir şərə qalib gəlir, sonda ədalət qələbə çalır. Əslində, real həyat qabaqcadan yazılmış düsturla qurulmur, həmçinin  “düz xətt” boyunca getmir. Həmin yazıçıların əsərləri qadağan olunmuşdu və oxucu kütləsi onlardan  xəbərsiz idi. İdeologiyanın təbliğat maşını isə öz işini görürdü. SSRİ yazıçılarının plenumunda, xüsusilə Jdanovun məruzəsində onlar “zərəli meylləri”i təbliğ edən, “sovet adamı” adına ləkə gətirən yazıçılar kimi çığdaş olunmuşdular. Əlahəzrət  ZAMAN isə əsl həqiqəti  öz halal yerinə qoydu. Öz sələflərinin yolunu davam etdirən Soljenitsın da böyük yazıçıdır, lakin onu da etalon kimi  göylərə qaldırmağa lüzum yoxdur, çünki Soljenitsın Bulqakov deyil!

    MİLLİ  OLMAYAN  HEÇ  NƏ  DÜNYƏVİ  OLA  BİLMƏZ!  Bu prinsip birbaşa ədəbiyyata, həmçinin icəsənətin bütün növlərinə aiddir. Lakin bu gün kimisə bütə döndərib, ona səcdə etməklə yaxşı nəsə yaratmaq məsələsinə inanmıram. Balzakdan Markesə qədər qeyd etdiyim yazıçıların yaşayıb yaratdıqları mühit kapitalizm mühiti olub.  Onların heç birinin əsərlərindəki obrazlar kənardan gəlməyib—hərə mövzunu öz xaqının həyatından götürüb, obrazlar da öz xalqının nümayəndələridir. Onların sənətkarlıq qüdrəti də ondadır ki, bəşəri problemləri, insanın mənəvi dünyasında acımasız mühitin yaratdığı təlatümləri   həmin çərçivədə məharətlə canlandıra biliblər. Bu da oxucunu inandırır və belə əsərlər sərhədləri maneəsiz keçib dünyəviləşir. Lakin dünyəvilik ( dünya miqyasında tanınmaq) baxımından çağdaş ədəbiyyatımızda mövcud anormal yanaşma tərzi məni səksəndirir. Belə getsə, deyəsən, özgəni bütləşdirənlər öz “əsərlərində” baş qəhrəmanın adını Dantes,  Fernando, Ernest , Vartan …və s. qoyacaqlar ki, bəlkə dünya onları yazıçı kimi tanısın. Neyləsinlər axı?! Əgər öz doğma yer-yurdlarından yazsalar, baş qəhrəman da sadəlövh Novruzəli, ya da saf ürəkli, Allah adamı  Həsənqulqu olsa, Nobel mükafatına yaxın düşə bilməzlər. Yəqin ki, sözümü qəribçiliyə salanlar da olacaq. Olsun!

     Çağdaş poeziyamızın ümümi mənzərəsi istənilən səviyyədə olmasa da  ümidsiz olmağa da əsas vermir, çünki ədəbiyyata yeni istedadlar, yeni nəfəslər gəlməkdədir. Təbii belə olmalıdır, əks halda çox şey itirmiş olarıq. Gələcək gəncliyindir və bu, aksiomadır. Lakin bu “təntənəli simfonoyanın” ümumi ahənginə xələl gətirən xaric səsələr də var ki, az qala adamın qulağını deşir. Mən kiminsə yazdıqlarını təhlil etmək fikrində deyiləm, yalnız ümumi müşahidələrimin yaratdığı təəssüratı bölüşmək istəyirəm. Uzun illər xəstə olduğum üçün yeganə təsəllim televizora baxmaqdır və aydın məsələdir ki, ədəbi verilişlər maraq dairəmdədir. Məni ağrıdan məsələ bəzi kanalların ədəbiyyata ciddi yanaşmamasıdır. Məncə, bu “ipucunu” da onlara özümüz öz əlimizlə vermişik. Şit, bayağı şou yaratmaq üçün mövzu istənilən qədərdir. Bəs niyə onlar bəzən bu şounun “qəhrəmanını” yazarların içindən seçirlər? Çünki onlar sosial şəbəkələri izləyirlər və ağzına gücü çatmayan birinin boş damarını tutub, dəvət edirlər ki, qalmaqal yaradıb reytinq qazansınlar. Özünü əməlli-başlı bir “ədəbiyyat adamı” sayan  yazar da efirdə görünmək xatirinə əlüstü razılaşır və aparıcının “drijor çubuğunun” cızdığı dairənin içərisində özünü gülünc günə qoyur. Sizcə,  tamaşaçıda hansı təəssürat yaranar? 

    Bu yaxınlarda bir şou -proqramda gördükələrim məni haldan-hala saldı. Başında panama, əynində dama-dama köynək, cins şalvar, ayağında idman ayaqqabısı, divana yayxanmış vəziyyətdə , bir əlində mikrofon, o biri qolu divanın “çiynində”, ayaqlarını bir-birindən bir metr aralı qoyan bir gənc şair əl-qol ata-ata  məhəbbət şeirlərini oxuyurdu. Lakin kənardan baxanda  oturuşu-duruşu, danışığı birbaşa küçədən tutulub efirə gətirilmişə bənzəyirdi. Axı, efir mədəniyyəti deyilən bir anlayış var! Axı, sən milyonların ağıl umduğu bir ziyalı təbəqəni təmsil edirsən! ? Daha bir nüans: utancaq, istedadlı şairələrimizlə yanaşı, şou-bizneslə əlaqədar dadsız-duzsuz verilişlərdə efirdən düşməyən bir neçə “uzunsaçlılarımız”da  var. (Hər halda aparıcılar onları “məşhur” və “son dərəcə istedadlı şairələr” kimi təqdim edirlər.)  Ancaq mən bilmirəm onlar aşıqdırlar, yoxsa şairə!

     Bəzən maraqla izlədiyimiz ciddi ədəbi proqramlara da  (Bütövlükdə bu verilişlər təqdirəlayiqdir) dəvət olunmuş, yaşı 50-60-ı haqlamış şairlərin şeirləri ilk məhəbbətdən təsirlənib şeir quraşdıran bir gəncin  ilk qələm təcrübələrini xatırladır. Qarşısındakı stolun üstündə də onun cild-cild kitabları nümayiş etdirilir. Düşünürsən ki,görəsən,  hansı məziyyətlərinə görə onu efirə çağırıblar? Yaxud sovet dövründə bir dəfə də olsun imzası görünməyən bu adam indiyədək harada imiş? Belələri anlamalıdırlar ki, efirdə görünməklə deyil, təqdim etdikləri əsərlərlə yadda qala bilərlər. “Şair və şeir bumunun” yaranmasında” divar qəzeti kimi iki ayda bir dəfə işıq üzü görən “qəzetlər” də az rol oynamır. Səhifə-səhifə maneəsiz “şeir” çap etdirən bəziləri elə zənn edirlər ki, nadir poeziya nümunələri yaradıblar. İş o yerə çatır ki, öz adını yazanda səhv buraxanlar, sözə dəxli olmayan müxtəlif peşə adamları pensiyaya çıxan kimi “şeir” yazmağa başlayırlar. Bir də görürsən kişinin qoltuğunda beş-altı cild nəfis tərtibatlı kitab Yazıçılar Birliyinin pilləkənlərini şəstlə qalxır. M.Araz demişkən indi “…Hamı deyən olub,  yazan olubdur. İlhama sarılmaq, qələm götürmək, papiros çəkməkdən asan olubdur”. Acınacaqlı bir problem də, artıq səslənməkdə–üzə çıxmaqdadır. “Qızdırmalı pulu” olanların (yazıçı kimi tanınsın deyə) başqasına bədii əsər yazdırması, kitab buraxdırması” kimi xəbərləri eşidəndə nitqim quruyur, hətta inanmağım gəlmir. Hələ sovet dövründə özünə diplom işi, namizədlik, doktorluq dissertasiyaları yazdıranlar barədə eşitmişdim. 70- ci illərdə Şamaxıda Şıxəli adında çox savadlı, lakin sadə olduğu qədər də sadəlövh bir aqronom var idi. Görünür, saf insan olduğuna görə  sovxozda da öz vəzifəsindən “barınmadığı” üçün üz-gözündən, üst-başından da kasıblıq tökülürdü. Deyirdilər ki,  o, Gəncədəki keçmiş Kənd Təssərüfatı İnstitutunun tələbələri üçün diplom işi yazır, əvəzində qəpik-quruş alır. Cəhənnəmə ki… Belə şeylər bir dəfə yazılır. Bədii yaradıcılıq isə ardıcıllıq tələb edir və hər yazıçının özünəməxsus üslubu olur.  İlahi, görəcəkli günlərimiz varmış!  Ona görə də “Əədəbiyyat təəssübu çəkən” bəzilərinə demək istəyirəm: ”Şəxsi münasibətlər  zəminindəmi, yaxud “ ilanı Seyid Əhməd əliylə tutmaq istəyən”, lakin  üzdə görünməyən birisinin təhrikiyləmi peşəkar bir qələm adamlnl  nüfuzdan salmaq, haqq-nahaqq  təhqir etmək əvəzinə, nə əcəb “qondarma yazıçıları” ifşa etmirsiniz? Digər bir xoşagəlməz məqam da nəyinsə xatirinə zəif əsərlərə, xüsusilə köçdən qalmamaq naminə yazılan mənzum parçalardan ibarət  kitablara tanınmış ədəbiyyatşünas alimlərin bəh-bəhlə “sözönü” yazmasıdır. Bu, isə onsuz da özünü şair sayan binəvanı bir daha bədbəxt eləmək deməkdir. Ədəbiyyatımız bir yana, heç olmasa, imzanıza hörmət edin, alim qardaşlar!  Kitabın titul vərəqində  görüntü xatirinə redaktor kimi adı yazılanlar məgər bilmirlərmi ki, redaktor həmin kitaba ən azı yazıçının özü qədər məsuliyyət daşıyır?! Bu da laqeydliyin təptəzə forması!…

    Tək-tük təsadüfi “qonaqları” nəzərə almasaq,  son illər ciddi ədəbi proqramlarda, həmçinin telemüsahibələrdə Anar, Elçin, Ç.Abdullayev, F.Qoca, F.Sadıq, N.Həsənzadə, S.Rüstəmxanlı, M.Yaqub, V. Səmədoğlu, Ə. Əhməd, Z.Yaqub, N. Hacızadə, V.Yusifli, V. Məmmədəliyev,  N.Cəfərov, E.Hüseynbəyli, R.Rövşən, Ç. Əlioğlu, V. Bəhmənli, B. Vəziroğlu, A. Cəmil, M.Ələkbərli, A.Həsənli, İ. Etibar, Ə.Əmirli, T. Taisoğlu, Ə. Ol, V.Aslan, S. Babullaoğlu, Ə. Qoşalı, Q. Nəcəfzadə, N.Gün, Şövkət, X. Rza, Fərqanə…və s. kimi yazıçılar, şairlər, ədəbiyyatşünas alim və  tənqidçilərin maraqlı söz-söhbətləri, şeirləri, oturuşu-duruşu   tamaşaçının ürəyindən olmaya bilərmi?  Bu da  gənclər üçün bariz nümunə!

    Poeziyamizin ən yaralı yeri aydın fikir, qayə, obrazlı dil problemidir. Bu problem hər dövrdə mübahisə mövzusu olub. Əllaməlik etmək, bilərəkdən, yaxud bilmədən “tapmaca” yazmaq, heç bir çərçivəyə sığmayan formalar icad etmək  kimə və nəyə lazımdır? Deyəsən,  çoxları “Ədəbiyyat nəzəriyyəsi” adlı kitabı vərəqləməyi özünə rəva görmür. Yəqin ki, onu da köhnəliyin qalığı sayırlar. Ona görə də belələri öz ədəbiyyat tarixini bilməyi də artıq bir şey  hesab edirlər. Bəs onda yazıçı nəyi bilməlidir?  Bir gənc şairin “Mən doqquz milyon üçün yox, 9 nəfər üçün yazıram” deməsi qəribə mühakimə deyilmi? Şeirdə əsas qayə aydın olmalı, obrazlı dil, forma ona xidmət etməlidir. “Obrazlı dil” “quş dili” deyil. Dünyada təxminən 2500 danışıq dili mövcuddur. Hələ ki,  elə bir dil yoxdur. Əfsanəyə görə, yalnız Süleyman peyğəmbər heyvanların, quşların dilini bilirmiş. Yoxsa peyğəmbərlik iddiasında olan da var? Bəlkə Azərbaycanımızın, geniş mənada Yerin dərd-səri qurtarıb,  kiminsə könlünə başqa  planetlərin “qara sevdası” düşüb, daha ona “küçə dar gəlir”? Yəqin “Azərbaycan şairi tituli işə  yaramır. Ay şairi, Mars şairi, Yupiter şairi yarlığı necə? Hər planetin də öz dili! Əcəb təntənəli səslənir!

    Yazarlar arasında mənim ən çox nifrət etdiyim regionçuluğun və müxtəlif qruplaşmaların olmasıdır. Bəlkə əvvəlcə  bir “ədəbi xəritə” tərtib edək. Bakı, Şəki, Şirvan, Qarabağ, Mil-Muğan, Talış… və s. kimi bölgələri, sonra da şəhərləri və kəndləri bir-birindən ayıraq, olaq filan bolgənin, şəhərin, yaxud kəndin “şairi.” Faciə deyilmi? Şahliqlara, xanlıqlara bölündük, qanımızı axıtdılar,  itirə-itirə gəldik, Dədəmiz Qorqud demişkən, şükür ki, qırılıb qurtarmadıq, nəhayət, yenə müstəqil bir dövlət qurmaq qismətimiz oldu. Görəsən, başımıza gətirilən bəlalardan niyə dərs almaq, nəticə çıxarmaq, ibrət götürmək istəmirik?  Əgər SÖZÜMÜZ bölünsə, bax, onda vay halımıza! Yazmaq üçün hökmən qruplaşma lazımdırmı? Nəyi və necə yazmağı kim kimə qadağan eləyir ki? Əruzda da, vəznli-vəznsizdə də, sərbəstdə də, nə bilim nöqtəsiz-vergülsüz də, ağ şeir də, mənsur şeir də, nəsr əsərləri də, bir sözlə, hansı janrda, hansı ölçüdə olur olsun, nə istəyirsinizsə yazın, təki əqidə təmiz, fikir aydın, dil səlis olsun. Təki min beş yüzillik tarixə malik Azərbaycan poeziyası müasir dünyada da ən qüdrətli poeziya kimi tanınsın.     

    Poeziynın yazılmamış, təkzibolunmaz bir qanunu var: şair öz ürəyinin səsini dinləsə, öz ürək çırpıntıları üstdə köklənsə, o zaman yaranan gözəl şeir özünə yaraşan “libasda” (formada) gələcək və başqalarını da ovsunlayacaq. Yerigəlmişkən,    müəyyən qədər təcrübə qazanmış cavan şairlərin poema kimi irihəcmli əsərlərə meyl göstərməməsi də problemin digər tərəfidir. Yalnız qanında-canında təvazökarlıq, əsərlərində səmimiyyət olan yazıçılar asanlıqla oxucu rəğbəti  qazanırlar.

    Ədəbi tənqid ədəbiyyatın istiqamətverici mayakıdır. Müəyyən zaman kəsiyində yaranan çaşqınılığı yalnız ədəbi tənqid aradan qaldıra bilər. Qınamalı deyil: tənqid deyəndə hamı səksənir, çünki sovet dövründə mövcud olan ideologiyanın “Domokl qılıncı” yada düşür. Artıq zaman o zaman deyil. Böyük tənqidçi Belinski məşhur  “Qoqola məktub”nu yazanda da, Dobrolyubov Turgenevin yaradıcılığı ilə əlaqədar “O gün nə vaxt gələcək” adlı məqaləsini qələmə alanda da Rusiyada kapitalizmin tüğyan eləyən vaxtı idi. Tənqid üçün həmişə meydan var, demək, quruluş və məkan anlayışı nisbi xarakter daşıyır.  

    Tənqidçi yaradıcılıq yolunda büdrəyən, dumana düşən adam kimi yolun səmtini itirən yazıçıya böyük ədəbiyyat naminə  kömək əlini uzadan xeyirxah xilaskar olmalıdır. Çox güman ki, belə də olacaq.  Bununla yanaşı, əvvəlki yazılarımın birində dediyim bir fikri təkrar etmək istəyirəm:” Tənqidimiz hələ ki “tərif dövrünü” yaşayır. Əgər bu “keçid dövrü” uzansa, həqiqətin yolu uçuruma dirənə bilər…”  

 Azərbaycan Yazışılar Birliyi 90-cı illərin əvvələri ilə müqayisədə indi nəhəng və  işlək bir quruma çevrilib, eyni zamanda  hər kəs də yaxşı bilir ki, Birlik Anarın şəxsi nüfuzu hesabına bu səviyyəyə çatıb.O da gizli deyil ki, ədəbi nəşrlər dövlət hesabına maliyyələşən kimi, bəzi sosial məsələlərin həlli gündəmə gələndə axın başlayıb. İndi bu qarşısıalınmaz axın öz məcrasına sığmır. Çay daşanda isə sel hər nə desən gətirir.    Belə getsə, doqquz milyonluq əhalinin yarısı rəsmi “şair statusu” alacaq və bu da həlli müşkül problemə çevriləcək. Lakin Birlik bəlkə də yeganə qurumdur ki, burada dəvənin ovsarı ulağın quyruğuna bağlanmayıb. Çox şükür. (Bu ifadəyə görə üzr istəyirəm.) Birincisi ona görə ki, Anar nəinki podsovet məkanında, hətta bütün türk dünyasında,  eləcə də bir sıra Qərb ölkələrində görkəmli  yazıçı və  ictimai xadim kimi tanınır. Biz  gəncliyimizdən üzü bəri (yaşıdlarımı nəzərdə tuturam) Anarın da, F. Qocanın da  əsərlərini sevə-sevə oxumuşuq. Onlar gözümüzün qabağında saç ağardıblar. Əgər bu gün Birlik dünya ölkələrinin ədəbi qurumları arasında sayılıb seçilirsə,  bu məsələdə də sədrin şəxsi nüfuzu çox böyük rol oynayıb deməsək, insafsızlıq olar, çünki bu, faktdır.

    İdarəçilik məsələsinə gəlincə: əgər AYB ən böyük missiyası haqq-ədalət olan  y a z ı ç ı l a r ı n  təşkilatıdırsa, orada ƏDALƏTSİZLİYƏ  yer olmamalıdır.  Vəssalam!

BAKI,  31.05– 4.06.  2014.                                                  

     SÖZARDI. Yazıda bəzilərinin qeyri-əxlaqi davranışları,  efirdən düşməyən istedadsızların sanki bilərəkdən  təbliğ olunması, ədəbiyyatdan xəbərsiz imkanlıların “yazıçılıq sevdası” və s. kimi məqamlarda  səsləndirdiyim fikirlər filologiya elmləri doktoru, görkəmli  tənqidçi  Vaqif Yusiflinin “Ədəbiyyat” qəzetinin 6. 06. 2014-cü il tarixli nömrəsində şair Sərvaz Hüseynoğluna verdiyi geniş müsahibəsində ürəyimdən xəbər verən mülahizələri ilə qismən də olsa üst-üstə düşür.  Demək, mən tək deyiləm. Göründüyü kimi, çağdaş ədəbi mühitimizdəki mövcud problemlər çoxlarını düşündürür.       

 6.  06.  2014.                

İLKİN MƏNBƏ:

Etibar Etibarlı – Ədəbiyyatı şouya döndərmək günahdır

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

DAHİLƏR VƏ QAHİLƏR və ya SU DÜNYAYA AÇILAN BİR PƏNCƏRƏDİR – ZAUR USTAC

DAHİLƏR VƏ QAHİLƏR

və ya

SU DÜNYAYA AÇILAN BİR PƏNCƏRƏDİR

(İyirmi ikinci yazı)

Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana bütün yaranmışların ünsiyyətlərindəki səslərin, dillərindəki kəlmələrin  sayının min qatı qədər şükürlər olsun ki, belə vacib və faydalı mövzuda sizlərlə həmsöhbət olmaq da qismətdə var imiş. Son günlərdə olduqca bəsit və gülünc iddialarla istər sosial şəbəkələrdə, istərsə də necə deyərlər ucuz reklam xatirinə onlara “yel verən” KİV (EKİV)-də yer almış cızma-qara sahiblərinə kiçik bir xatırlatma məqsədi ilə qələmə aldığım bu yazı “Həftə içi” qəzetində dərc olunmaqla bərabər eyni zamanda  “Yaradanla baş-başa” adlı məqalələr toplusuna (ikinci hissə) daxil olacaq iyirmi ikinci yazıdır. Söhbətə başlamazdan əvvəl onu qeyd edim ki, bu “qəhrəmanları” Qadir Allahın bəxş etdiyi nemətlərin ən əzəli, öndəgələnlərindən olan ünsiyyət vasitəmiz  dili (yazılı) yaxşı məqsədlə istifadə etmədiklərinə görə onları şiddətlə qınayır və əlbəttə onlar üçün adi olan, əslində olduqca faydalı, ibrətamiz, misilsiz  digər bir nemət olan suyun misalında yaranışın, nizamın  düşündükləri  qədər bəsit olmadığını açıqlamağa çalışacağam.

DAHİLƏR VƏ QAHİLƏR

“Elm stəkanından içilən ilk qurtum insanı ateist edir, lakin stəkanın dibində onu Allah gözləyir.”

Bu müdrik kəlam heç də indi bəzilərimizin düşünə biləcəyi  kimi Şərq üləmalarına məxsus deyil. Əksinə, tam tərsi ilahiyyatla heç bir əlaqəsi olmayan Qərbin dəqiq elmlər üzrə alimi Verner Karl Heyzenberqə aiddir.

QISA ARAYIŞ:

Verner Karl Heyzenberq (alm. Werner Heisenberg, 5 dekabr 1901, Vürzburq – 1 fevral 1976, Münhen) – görkəmli alman fiziki, matriks kvant mexanikasının yaradıcısı, 1932-ci il fizika üzrə Nobel mükafatı laureatı. 1976-cı ildə xərçəng xəstəliyindən vəfat etmişdir.

Verner Karl Heyzenberqdən əlavə bu siyahını Qərbin müsəlman olmayan digər dəqiq elmlər üzrə dahi Pifaqordan üzübəri tanınmış alimləri İsaak Nyuton, Albert Eynşteyn, Mixail Vasilyeviç Lomonosov, Dmitri İvanoviç Mendeleyev,   eyni zamanda Lev Nikolayeviç Tolstoy, Vintsas Kreve kimi məşhur yazarları və başqa onlarca, bəlkə yüzlərcə bəsirət gözü açıq olan dahilərin (Nikola Tesla ilahi qüdrətə bir az başqa cür don geyindirirdi) hesabına uzatmaq da olar. Hətta Ziqmund Freydin timsalında dinin VI əsrdə ilişib qalanlar üçün lazım olduğunu iddia edən bizim bu  “qəhrəmanlar” özləri də bilmədən Allahın varlığını mülahizələri ilə sübuta yetirmiş olurlar. Ziqmund Freydlə bağlı başıma gələn bir hadisə haqqında ibrətamiz qısa haşiyəyə çıxmaq istəyirəm (Ziqmund Freyd – Ziqmund Freud, Sigismund Şlomo Freyd – mənim şəxsiyyətinə, əzminə, iradəsinə, elminə hörmət etdiyim, tapa bildiyim kitablarının hamısını oxuduğum, fikir və mülahizələrini çoxunu bəyənib qəbul etdiyim həkim-psixoloq, özünəməxsus araşdırma və analiz qabiliyyəti olan alim, söz adamıdır.):

HAŞİYƏ

Əgər, səhv eləmirəmsə, 2013 – cü ilin payızı, oktyabr ayı idi. Şamaxıda idim. Əlimdə ağ paketdə Ziqmund Freydin “Totemlər və tabular” kitabı, bir də həmişə özümlə gəzdirdiyim qara dəri balaca əl çantam var. Cümə günü, günortadan xeyli keçmişdi. Şamaxı Cümə Məscidi olan əsas küçə ilə yuxarıdan aşağı – avtovağzal istiqamətində heykəllərin şəklini çəkə-çəkə üzüaşağı düşürdüm. Məscidin yanından keçəndə qərara gəldim ki, girim həm məscidi ziyarət edim, həm də iki rükət namaz qılaram. Məscidin həyətinə girib, düz dəstəmazxanaya getdim. Əlimdəki kitab olan ağ paketi yerə qoyub (orda asılqandan başqa kətil, dolab olmadığına görə) qara dəri çantanı da üstünə qoydum. Dəstəmaz alıb, məscidə getdim. Məscidin girişində yenə ayaqqabılarımı çıxarıb, onlar üçün nəzərdə tutulmuş rəflərə qoydum və içəri keçdim. Namazımı qıldım, xeyli dua etdim. Təxminən 45 ‘ – 1 saat vaxt keçmiş olardı. Qalxdım, gəldim ayaqqabılarımı geyinib çıxanda baxıram ki, əlimdə ancaq qara əl çantası var. Bəs ağ paket hanı? – Əvvəl elə bildim içəridə unutmuşam. Ayaqqabılarımı çıxarıb yenidən məscidə daxil oldum, gedib əl çantasını qoyduğum yerə baxdım. Yox idi. Düşünə-düşünə gəlib ayaqqabılarımı geyinib, ayaqqabılar olan rəfə də baxdım. Bəlkə, bura qoymuşam. Yox idi. Lap əvvəldən xatırlamağa çalışdım… Dəstəmazxanaya girib kitab olan paketi döşəməyə, qara çantanı da onun üstünə qoyub dəstəmaz almağa getmişdim…  Bu düşüncə ilə dəstəmazxanaya girdim. Paket elə ordaca dururdu… Paketi döşəmədən qaldırdım, tüklərim biz-biz olmuşdu… Nə qədər düşündüm, necə ola bilər ki, dəstəmaz alandan sonra üstündə olan çantanı götürəsən, paket özü unudula – əslində necə olmuşdusa mən heç paketi görməmişdim, sanki, o heç olmamışdı… Dəstəmaz alandan, ta ziyarət və ibadəti tamamlayıb məsciddən çıxana qədər onun haqqında məlumat yaddaşımdan tamam silinmişdi. Bir də məsciddən çıxanda xatırladım və nəql etdiyim kimi gedib tapdım… İndi də o hadisəni xatırlayanda bu qənaətə gəlirəm ki, Qadir Allah (ƏL – QƏDİR) bu kitaba onun evinə girməyə izin vermədi və o ehtiva etdiyi məlumatlarla birlikdə məni yalnız həmin yerdə gözləyə bilərdi…

Özlərini ağıllı sayanlar (stəkanı hələ indi-indi uzaqdan görənlər) “olmayandan (yoxdan) danışmaq olmaz” tezisini unudaraq sərsəm fikirlərlə gündəmə gəlməyə çalışırlar… Bu barədə çox dərinə getmədən sadəcə yazıqlar olsun deməklə kifayətlənirəm… Və əlbəttə deyildiyi kimi, “…vay o kəslərin halına ki, …” Yəqin o şəxslər özləri də yaxşı bilirlər ki, onlar nəinki  yuxarıda adları çəkilən müdrik  şəxslərdən ağıllı deyillər, hətta çoxları onların bir çoxunu heç tanımırlar belə… Ümidvaram ki, bu yazıdan sonra tapıb, oxuyub, öyrənəcəklər. İnanıram ki, əgər, bu qafillər heç olmasa stəkana yaxından baxa bilsələr, dibi haqqında onlarda ilkin təsəvvürlər formalaşa bilər.  Belələri haqqında hələ keçən əsrin axırlarında “Dostum” adlı bir şeir yazmışdım. Elə o vaxt da birmənalı olmayan fikirlər çox səslənirdi. (maraqlananlar “Google” axtarış sistemində Zaur Ustac “Dostum” şeiri yazıb, oxuya və dinləyə bilər – bura əlavə edib yer tutmaq istəmədim.) İki hissəli bu yazımın birinci hissəsini məhz belə yekunlaşdırmaq istəyirəm, qahilərdən olmaq istəmirsinizsə, dahiləri tanımaq lazımdır.

KEÇİD

Yuxarıda yəni birinci hissədə bilərəkdən ancaq qeyri-müslimlərdən misallar çəkdim. Ancaq, bu demək deyildir ki, bizim özümüzün sitat gətiriləcək dahilərimiz  yoxdur. Mövcudatın qarşılıqlı olduğunu (gecə-gündüz, dağ-dərə və s.), təsirin əks təsirə bərabər olduğunu nəzərə alsaq qahilərin bizdə Qərbə nisbətən daha çox olduğunu iddia ediriksə deməli şübhəsiz ki, dahilər də bizdə – Şərqdə  daha çoxdur… Yəni, stəkan hələ icad olmazdan, hörmətli alman fiziki Verner Karl Heyzenberq elmi bir su misalında ona doldurmazdan çox əvvəl Şərqdə Şeyx Nizami Gəncəli suyu belə vəsv etmişdir:

 “Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir su da.”

Müəllif: Nizami Gəncəli

Tərcümə edən: Səməd Vurğun

Dahi Nizaminin yazdğı dildə bu misraların hansı fikri ifadə etdiyini bir kənara qoyub, sevimli şairimiz Səməd Vurğunun şirin dilində ifadə etdiyi məna üzərindən iki istiqamətdə fikir yürüdərək  dahiliyə və qahiliyə müasir (sirr dolu) insanın baxış açısından qısa izahda aydınlıq gətirməyə çalışacağam.  “su çox incə bir varlıqdır” – bu bizə ulu əcdadlarımızdan  – dahilərdən –kodlaşdırılmış, şifrəli şəkildə ötürülmüşdür. Müasir “dahi”(əslində o qahidir) bu məlumatı götürür, ikinci -“dərd verən” tərəfini araşdırmağa başlayır və məlum olur ki, bəli su nə qədər faydalı olsa da həddindən artıq çox qəbul edildikdə, bir o qədər də zərərli ola bilər. Beləki, orqanizmin təbii ehtiyacı olmadan (belə söz var – ürək istəmədən) həddən çox su işdikdə ilkin olaraq kəskin baş ağrıları ilə müşayət olunan “su zəhərlənməsi”, sonra maddələr mübadiləsinin pozulması (əlbəttə, onu da yaxşı bilir ki, hal-hazırda içməli su konkret olaraq yoxdur) nəticəsində bədəndə artıq suyun yığılmasına, bu maye yığıntısının qarın boşluğunda özünə yer etdikcə tədricən artaraq digər vacib orqanların fəaliyyətini məhdudlaşdırdıqca, həyati əhəmiyyətli orqanlarda  xəstəliklərin əmələ gəlməsinə səbəb olur ki, bu xəstəliklərin müalicəsində olduqca bahalı, “çətin tapılan” (bu status onların vacibliyini və dəyərini artırır) xarici dərmanlardan istifadə olunur. Müəyyən (qahiliyə bəs edəcək qədər) psixoloji bliklərə də malik olan “dahi” daha çox insanın oxuya biləcəyi, məlumatlanacağı  bütün imkanlardan (sosial şəbəkələr, KİV, TV və s.), vasitələrdən istifadə edərək təxmini bu məzmunlu yazılar tirajlamağa başlayır, “…baxın, filankəs hər gün sadəcə su içməklə nələrə nail oldu…”, bilir ki, bir dəfəyə orqanizm tələb etmədən çoxlu su içmək çətindir. Odur ki, “…ilk günlər çətin olsa da, sonra tədricən öyrəşmək olur, gör filankəs altı ayda nələr etdi…” və s. bu qəbildən olan təhrikedici cümlələrlə qabaqlayıcı önləmlər alır. Bu məqamda o məşhur deyim yada düşür, “ayının min oyunu bir qozun üstündə gedir…” – mətbuatı (növündən və vasitələrindən asılı olmayaraq) boş yerə hakimiyyətin  növlərindən  biri hesab etmirlər. Xüsusi ilə sürətli məlumat yaymağın asanlaşdığı  müasir dövürdə bu öz gücünü daha qabarıq şəkildə göstərir. Bəli suyun  “faydası”  haqqında yazılıb, mümkün qədər bütün vasitələrlə yayılan yazınını bircə məqsədi var. Daha çox adam xəstələnib, Hippokrat babalarının cəddinə dönə-dönə and içmiş,  dərman firmaları ilə əvvəlcədən müqavilə bağlayaraq onlarda qeydiyyatdan keçmiş nömrəli reseptlərlə və ya təşviqedici reklam xarakterli blanklarla təchiz olunmuş, qahi həkimlərə müraciət etsin ki, bahalı dərmanlardan daha çox satılsın… Söhbətimiz obyekti su olduğuna görə mən sudan misal gətirirəm. Yoxsa, heç kimə sirr deyil ki, indi hər yan bu tip təhrikedici yazılarla doludur. Belə yazılara, söhbətlərə ümumiyyətlə “qulaqdandolma”  məlumatlara inanmayın onlar qahilərin sözüdür. Ələxsus sağlamlıq – həkim məsələlərində ən etibarlı, sınanmış şəxslərə müraciət etmək olar…  İndi demək olar ki, dünyanın aparıcı şirkətləri səbəbi və nəticəni bir əldə cəmləməyə nail olublar. Məsələn, dünyaca məşhur şirkət uşağın ağlı kəsəndən reklam edə-edə bahalı, ləzətli ancaq, zərərli  şokaladı və digər şirniyyat, qənnadı məmulatlarını şirin-şirin 30-40 yaşına qədər ona yedirdib, içi şəkər qarışıq müxtəlif sağalmaz xəstəlikləri (hansı ki, bu xəstəliklərin müalicəsində istifadə olunan dərmanları da özü istehsal edir…) onun orqanizmində yaradır, yenə həmin şirkət istehsal etdiyi bahalı dərmanları reklamla qazandırdığı xəstəlikləri müalicə edir adıyla ömrünün qalan hissəsini bu şəxsə almağa məcbur edir… İkisində də onlar qazanır, biz itiririk… Bu gözlə görünən, hər gün ətrafımızda olan, hamımızın hiss edə biləcəyi maddi misalları çəkməkdə iki əsas məqsədim var idi. Birinci publisistika kimi günümüzün acı həqiqətlərini bir daha xatırlatmaq, ikincisi isə  bu maddi timsalda digər yazıların əslində mənəvi – ruh aləmimizə, insanlığa nə qədər sağalmaz yaralar vurduğunu gözlər önünə sərməkdən ibarət idi… Bu müqəddəs torpağın yetirdiyi dahilər təkcə Şeyx Nizami ilə məhdudlaşmır. Bu siyahını cəlal sahibi, Alim Allahın (Əl – Əlim) elmindən kifayət qədər agah olan, Bəhmənyar, Nəsrəddin Tusi, Nəsimi, Xətai, Füzuli, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy,  Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu,  Əbdürrəhim bəy Haqverdiyev kimi mütəfəkkirlərin,  eyni zamanda Qurbani, Sarı Aşıq, Aşıq Ələsgər  və digər adını qeyd etmədiyim xalq içərisindən çıxmış saz-söz adamlarının hesabına uzatmaq olar. Yaxud da heç uzağa getmək lazım deyil, müasirlərimiz dünyaca məşhur Çingiz Abdullayevin, ölkəmizdə kifayət qədər tanınmış  Əsəd Cahangirin fikirləri bu, bir ovuc qahinin tutarlı cavabı ola bilər. Müasirlərimiz  olan elm adamlarından gənc alim-yazar Sadıq Qarayevin dünya-aləm, kainat-yaranış haqqında olan düşüncələri maraqlıdır.

SU DÜNYAYA AÇILAN PƏNCƏRƏDİR

Yuxarıda, “DAHİLƏR VƏ QAHİLƏR”  və  “KEÇİD” bölümlərində qoyulmuş problemi mümmkün qədər dünyaca məşhur şəxslərin adı, misalları anlatmağa çalışdım. Ancaq, digər əvvəlki yazılarla tanış olan oxucu bilir ki, bu o qədər də xarakterik hal deyil. Mən adətən bütün yazılarımda məsələnin əsas mahiyyəti “mən” deyə gətirdiyim misallarla açır və fikrimi təsdiq edirəm. Bu heç də təvəzökarlıqdan uzaq “mənəm-mənəm” – lik iddiası deyil, əksinə tam tərsi özümün tam əmin olmadığım fikri, doğruluğuna inanmadığın hadisəni başqasına anlatmağın düzgün olmaması qənaətindən irəli gəlir. Odur ki, mən yazılarımın böyük əksəriyyətində praktik məsələləri öz həyatımdan, gördüklərimdən, dəqiq bildiklərimdən, şahidi olduqlarımdan misal gətirməklə əsaslandırmağa çalışıram. Yenə həmişə gözümüzün önündə olan, gün ərzində dəfələrlə təmasda olduğumuz su haqqında misallarla dinin bəzi hökmləri ilə əlaqəli şəkildə tanış olacaq, fikrimizi əsaslandırmağa çalışacağıq. Bu təfsilata keçməzdən öncə hamımızın diqqət etməli bir neçə məlumat nəzərinizə çatdıracağam. Onu da qeyd etmək istəyirəm ki, yazının bu hissəsində sonra fikir – açıqlama (izah) kimi təqdim edəcəyim məlumatlar “NİYƏ BELƏDİR?” – sualına uzun illər axtarıb, araşdırıb tapdığım cavablardan ibarətdir:

DİQQƏT!!!

Azanın vaxtı elə təyin olunub ki, Yer üzərində (daha dəqiqi sonsuz fəzada – kosmosda Yerdən daim azan səsi gəlir) fasiləsiz olaraq azan səsi gəlir, Allahın kəlamları oxunur. Müsəlmanların Ay təqvimindən istifadə etməsi, təbii Günəş və Ay saatlarının nəzərə alınması ilə bu mümkün olmuşdur.

Əgər, insan onun orqanizmi üçün təyin olunmuş qaydada hər gün Günəş doğmazdan öncə oyanıb, dəstəmaz alıb, günə ibadətlə (şükrü-səna, arzu-niyazla) başlayaraq, yalnız günün işıqlı vaxtı (Günəşi gördüyü vaxt) oyaq olub, hava qaralanda – gecə düşən kimi yenə qüsul-dəstəmazın həll etdikdən sonra ibadətini (şükrü-səna, arzu-niyazla) yerinə yetirib yatarsa, yəni “Günəşlə oyaq ol, Ayla yat…” göstərişinə əməl etsə, insan bu gün düçar olduğu bir çox bəlalardan uzaq olardı… Bunun səbəbi insan orqanizminin  təbii Günəş və Ay saatlarına görə ayarlanmasıdır.

Hər söhbətə, yeməyə başlayanda  “BİSSMİLLAH”, qurtaranda isə “ƏLHƏMDÜLİLLAH” demək boğaz (udlaq -qırtlaq) üçün faydalıdır. Beləki, bu sözləri işlətmək  ağız boşluğunu sonrakı fəaliyyət üçün hazırlayır. Bunun səbəbi hər iki sözün tərkibində olan “ALLAH” kəlməsini tələffüzü ilə bağlıdır.

Namaz qılarkən “TƏKBİR”-də əllər sürətlə qulaq bərabərinə qalxıb düşür. Bu hərəkətin düzgün icra olunmasında  insan orqanizmi üçün böyük fayda var. Beləki,  hərəkət nəticəsində barmaqların ucundakı xırda kapilyarlar silkələnir və qan damarlara daha sürətlə qayıdır. Eyni zamanda ürəyə giriş –çıxış damarları dartılıb hərəkət etdiyinə görə, bu hərəkəti hər gün müntəzəm şəkildə dəfələrlə təkrar edən adamda (bunu namaz qılanda düşünmədən edirik – avtomatik) damar kirəcləşməsi, bu səbəbdən infarkt olma riski sıfıra bərabərdir.

Bu sadaladığım misallar ən adi, hər gün istifadə etdiyimiz, içində olduğumuz misallardır. Belə sadə misalları çəkməkdə məqsədim  “din VI – VII əsrlərdə ilişib qalanlar üçündür” deyənlərə Böyük Allahın əzəmətinin ən xırda – bizim bilmədiyimiz – bir detalda, məqamda, hərəkətdə ola biləcəyini xatırlatmaqdan ibarətdir. Və din hansısa zaman üçün deyil, insan – insanlıq üçündür.

 SU – ALLAHIN BİR LÜTFÜDÜR

Aşağıda sadalayacağım misalların qaynağı, qüsul və dəstamaz qaydaları, namazın evimizdən axan çaya bənzədilib, gündə beş dəfə orda paklanmalı olduğumuzun tövsiyə olunması, şərab içənin ibadətinin qırx gün qəbul görməyəcəyinin xəbərdar edilməsi və başqa bu kimi ibrətamiz məlumatları öyrəndikdən sonra “NİYƏ BELƏ OLMALIDIR?” sualına uzun illərin araşdırmaları, öz üzərimdə sınaqdan keçirdiyim təcrübələrin nəticələridir. Onu qeyd edim ki, mən gözümü açıb evdə nənəmi, babamı ibadət edən görsəm də ilk olaraq namazı və sonra böyüdükcə digər şərtləri kitablardan müxtəlif informasiya vasitələrindən əlbəttə eşidib, görüb, bildiklərimi  də göz önündə tutaraq on beş yaşım olar-olmaz müstəqil öyrənməyə başlamışam və bu son nəfəsə qədər davam edəcək. Hədis məlum. Su məsələsində yenə iki məsələ qabarıq görsənir:

-Birinci onun xarici təmizlik üçün istifadə olunması, qüsul və dəstəmazın həqiqətən də orqanizmə  cism və ruh olaraq ayrı-ayrılıqda bir çox cəhətdən müsbət təsiri göz önündədir. Bu təkzibedilməz  faktdır.

-İkinci isə suyun birbaşa insanın orqanizminə daxildən təsiri, qəbul olunub, qana sorulması prosesi ilə bağlıdır. İnsan bədəninin  həyatverici – daşıyıcı qüvvəsi qanının nisbətdə yarıdan çox hissəsinin su olmasını nəzərə alsaq hər su içmə prosesi sanki, insanın özünə qayıdışı, özünü tanıması, ətraf aləmlə vəhdət təşkil edib, tamlığa qovuşması hadisəsidir. Əlbəttə çiy (qaynamamış, qatqısız), pak, saf içməli sudan söhbət gedir…

Başlayaq qüsuldan, niyə bütün hökmlərdə israrla cünub halda yatmağın, ümumilikdə qüsulsuz qalmağın zərərli olduğu buyurulur? Tibbi və sağlamlıq tərəfi, əlaqədən sonra həmən çimib, qüsul aldıqda ən azından tərəflərdə olan parazitlərin yumurtalarının (törədicilərinin) bir-birinə ötrülməsi ehtimalı azalır, digər bir çox infeksion xəstəliklərin yayılmasının qarşısı alınır və s. Mənəvi – ruh tərəfi gecə rahat, sakit və dərin yuxu ilə yatmaq mümkün olur. Oyandıqda yeni gün daha bərəkətli və faydalı olur. (Məsələn, istənilən tacir, ticarətlə məşğul olan adam, iş adamı eyni obyektdə işlədiyi qüsullu günü ilə qüsulsuz günün nəticələrini analiz edib, alacağı  inanılmaz dərəcədə fərqli nəticənin şahidi ola bilər)Pak və dualı bir iş günü olduqca xoş əhval-ruhiyyədə keçməklə yanaşı, həmdə adi günlərdən çox fərqlənəcək dərəcədə bərəkətli olur.

HAŞİYƏ

Parazitlərlə bağlı kiçik bir haşiyəyə çıxmağa ehtiyac duydum. Bu haşiyə həm yazının birinci hissəsi ilə ikinci hissəsi arasında əlaqəni möhkəmləndirəcək, həm də parazitlər haqqında qısa məlumat verəcək. Beləki, hal-hazırda qahilər  parazit (insan orqanizmindəki müxtəlif qurdlar) mövzusunu əldə bayraq edərək, bundan da qazanc məqsədi ilə istifadə edirlər. Parazitlər mövzusunda “USTACNAMƏ” kitabının dördüncü bölümündə ətraflı məlumat olduğuna görə bu yazıda çox dərinə getməyərək, sadəcə onu bildirmək istəyirəm ki, insan bir bədən, cism, orqanizm olaraq digər bütün yaradılmış canlılar kimi, parazitlərlə birgə yaşamağa məhkumdur və bu bəzi kənara çıxmaları – xarakterik olmayan yoluxmaları –nəzərə almasaq təbii haldır. Onları qahilərin iddia etdikləri (reklam edib, pul qazandıqları) üsullarla bədəndən təmizləmək mümkün deyil və buna ehtiyac da yoxdur. Bədənimizdə yaşayıb, bizim hesabımıza parazit həyatı sürən orqanizmlərin qahilər  iddia etdiyi kimi tam təmizləmək mümmkün olsaydı, şübhəsiz ki, bu əməlin zərəri faydasından çox olacaqdı. Çünki, bizimlə birgə yaşayan yad orqanizmlərin çoxu Alim  (Əl – Əlim)  və Qadir (ƏL – QƏDİR) olan Böyük Allah tərəfindən görəvləndirilmiş təbii likvidatorlardır. Bu canlılar da digər bütün canlılar kimi təbii Günəş və Ay saatlarına uyğun yaşam tərzi sürür, bəlli zamanlarda insan oqrqanizminin dəri səthinə açılan bütün dəlik və kanallarından (ağız, göz, burun, qulaq da daxil olmaqla) xaricə çıxaraq yumurtalarını qoyub, geri qayıdırlar. Müntəzəm sadəcə su ilə və ya bəzi təbii sabunlardan istifadə edərək təmiz yuyunmaqla bu törədicilərin yenidən orqanizmə qayıdıb düşməsini azaltmaq olar. Tez-tez bədəni tam yuyub qüsul almaqda bu baxımdan fayda var.

İkinci dəstəmaz məsələsi dəstəmaz suyunun şərtləri və qaydaları məlum olduğuna görə burada ona yer ayırmayıb, mətləbə keçirəm. Mən bütün qaydaları müstəqil öyrəndiyimə görə lap uşaqlıqdan namazda təkbirə görə  və dəstəmaz alanda ayağa məsh çəkəndə həmişə böyüklərdən –qocalardan iradlar alardım və cavanlıq iddiası ilə niyə elə olmaz və ya niyə elə olmalıdır, harda belə yazılıb sualları verərdim… Və ya məni ən çox düşündürürdü; niyə isti su ilə dəstəmaz almaq olmaz, niyə qurulamaq olmaz… bir yeri niyə iki dəfədən artıq yumazlar… və digər qocaların qoyduğu maraqlı qadağalar…  İndi keçək cavablara:

-dəstəmaz alarkən bədənin sonluqları – orqanizmin bir-birindən ən ucqar, uzaq nöqtələri otaq temperaturundakı (qızdırılmamış, təbii ətraf mühit temperaturunda) suyla yuyunduqda və ya məsh olunduqda yenə bu kapilyarların oyanmasına və bir başa qan dövranına təsir edir. Su mühitin təbii temperaturundan isti olduqda bu effekt olmur və dəstəmazın bu cəhətdən orqanizmə heç bir faydası olmur. Üz-gözümüz, qolumuz sulu qaldıqda ibadət əsnasında təbii şəraitdə yavaş-yavaş quruduqca bədənin sonluq səthlərinin soyuması davam edir. Dəstəmaz qurulandıqda bu effekt olmur. Su nə qədər soyuq olsa da iki dəfədən artıq bədənə vurmanın efekti olmur, üçüncü artıq israfçılıqdır. İki dəfəyə dəri tam oyanır və üçüncünü hiss etmir… Kişilərin ayaqlarına baş barmağın ucundan üstə doğru məsh çəkmələri onların daxili orqanlarının, xüsusi ilə piylənmə vəziyyətinə görə qadınlardan fərqli olduğuna görədir. Bu səbədən qadınlar ayaqlarının içinə doğru, kişilər isə üstünə doğru məsh çəkirlər. Ayağa məsh çəkdikdə kapliyarların oyanma effekti yumaqdan daha artıq olur.

SU İÇDİKDƏ NƏ BAŞ VERİR?

Yuxarıda bu haqqda kəsədən daxilə çiy, pak, saf, qatqısız  su qəbulunun insanın özünə qayıdışı, təbiətlə vəhdət yaratması anlamına gəldiyini qeyd etmişdik. Çiy su ilə, qaynanmış və ya qatqılı suyun orqanizm üçün nə fərqi və ya ümumiyyətlə bunu  ibadətlə nə əlaqəsi var? Bu sualın cavabı şərab içənin ibadəti qırx gün qəbul olunmaz məzmunlu hökmdə gizlənib. Çiy su, qaynanmış su,  qatqılı su, şərab bu dörd vacib informasiya üzərindən mühakimə yürüdərək belə nəticəyə gəlirik ki, bu dörd varlığın fərqi yalnız ölü və diri olmasındadır. Diri kimi yalnız çiy, saf suyu qəbul edirik. Niyə şərab içmiş insanın ibadəti qəbul olunmur? Çünki, Allah kəlamı ona təsir etmir. Niyə təsir etmir? Bu onun qanındakı qatqılı mayeyə görədir. Nəinki şərab içənə, hətta daim qaynanmış su, çay, kompot və digər şirələr içən adamla müqayisədə  müntəzəm olaraq çiy, saf su qəbul edən adama (indiki reallıqda çətin olsa da…) azanın, avazla oxunan quranın təsiri tam fərqlidir!!! – İNANMAYANLAR ÖZ ÜZƏRİNDƏ YOXLAYA BİLƏRLƏR – 40 GÜN ƏRZİNDƏ NƏTİCƏ ALMAQ MÜMKÜNDÜR. Məncə, bu insan orqanizminin cox hissəsini su təşkil etməsi ilə əlaqədar hadisə olub, damarlarımızda axan qanın cox hissəsi saf, pak, diri su olduqda Allah kəlamı bütün digər canlılara təsir etdiyi kimi damarlarımızda olan suya da təsir etdiyindən və su molekulları

ƏR-RAİ, ƏR-RƏQİB, ƏŞ-ŞƏHİD, ƏL-MUSSƏVVİR, ƏL-VƏHHAB, ƏL-XƏBİR, ƏL-MÜHİT kimi gözəl adların sahibi Böyük Allahın şirin avazlı müəzzin tərəfindən düzgün oxunan sözlərinə qarşı biganə qalmadığının bariz göstəricisidir…

XATIRLATMA

Ey qahilər, istəyirəm biləsiz ki, mövzuya uyğun xatırlatdığım, daim gözümüzün önündə olan, hamımızın görüb, hiss edə biləcəyi  bu misallar Böyük Allahın yaradılmışlara lütfünün çox kiçik bir qismi, bəlkə də heç milyonda biri də deyil… Ancaq, inanclı insanlar bu qazanc – xeyirlər naminə  ibadət etməzlər. Onlar sadəcə vacib buyrulmuş əməlləri yerinə yetirdiklərinə görə, əvvəlcədən vəd olunmuş səvaba-faydaya qovuşarlar, bu qədər.

Sonda din geridə qalmışlar üçündür məzmunlu fikirlər səsləndirən münafiqlərə (bəli, onlar əsl münafiqlərdir) sözüm budur: -bir damla suyun ən zəif, ən xırda, parçalanmış, yaralı bir molekulu qədər hissiyyatınız, qabiliyyətiniz olsun… Onlara bir xatırlatma da etmək məcburiyətindəyəm: – bilin ki, İslam sonuncu və ən kamil olan dindir və  bu din sizin inkişaf etmiş Avropa adlandırdığınız  (əsrlər boyu  Şərqdən oğurluq edən, öyrənib öz adına çıxan) Qərbdə heç bir zor-güc olmadan, ən bilikli, savadlı, hər tərəfli imkanlı, dünyanı, əsl tək olan elmi anlayan qabaqcıl insanlar arasında sürətlə yayılmaqdadır… Və orada bəziləri bundan bərk narahatdırlar… Bəlkə də sizinkimilər  elə belələrinin qarmağı ilə suya düşürlər… Nə qədər gec deyil, bu yoldan çəkinin… O sürüşkən qarmaqla  endiyiniz çirkab gölməçədən çıxın, üstündə içi  pak su dolu  stəkan olan masaya  yaxınlaşın, diqqətlə baxın, ibrət alın. Ən azından çiy su içməyə başlayın… “Bir damla su” tam anlamı ilə bütün mənalarda (insan özünün də bir damla “su”-dan necə əmələ gəldiyini və sonrakı bütün inkişaf mərhələrini –  hansı ki, bu barədə də ən xırda təfsilatı ilə  müqəddəs kitabımız “Quran”-da  məlumat verilmişdir –  unutmamalıdır…) əsl  insan üçün  həqiqətən  də dünyaya  açılan  pəncərədir,  sadəcə bunu görüb, dərk etmək lazımdır…

Qeyd:

  “Qahi” – qəhr olmuş, “Qahilər” – qəhr olmuşlar deməkdir.

27.04.2019. Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

HƏRB MÖVZULU YAZILAR

            HƏRB  MÖVZULU  YAZILAR

                                 və  ya

            DÜNYANIN  BİR  RƏNGİ  VAR…

                        (On yeddinci yazı)

Salam olsun, çox dəyərli oxucum. Min şükür Uca Yaradana ki, Sizlərlə yeni bir görüş də qismətdə var imiş hələ… Bu dəfəki söhbətimizin mövzusu hərflər, sözlər, kitablar silsiləsindən olan, müasir dövrümüzdə bəlkə də ən vacibi, ən yaralı yerimiz, xüsusi diqqət və qayğıya ehtiyacı olan sahə hərb mövzulu yazılardır. Günümüzdə – yeniyetmə və gənclərimizin bu qədər informasiya bolluğu içində itib-batdığı bir vaxtda bizim bundan vacib mövzumuz ola bilməz deyə düşünməkdəyəm. Məncə, gəncliyin lazımlı-lazımsız, çox vaxt zərərli məlumatlarla istər-istəməz yükləndiyi vaxtda bu məsələyə xüsusi diqqət göstərilməlidir. Bundan əvvəlki yazılarda bir çox tanınmış və hələ bir o qədər də tanınmamış yazarlardan çoxlu misallar gətirərək, nələrin, hansı istiqamətlərin bizə faydalı ola biləcəyi barədə mülahizələr irəli sürmüşdük. Ancaq, indi vəziyyət  tamam fərqlidir. Ümumi yazılardan, standart romançılıqdan fərqli olaraq, hərb mövzulu yazılar yazardan xüsusi dəqiqlik tələb edir ki, yazıçı müəyyən kriteriya və dəyərlərə ciddi əməl etməli, bu işə səthi yanaşmamalıdır. Əgər, ehtiyac yaranarsa mütləq peşəkar hərbçilərdən, mütəxəssislərdən məsləhət və tövsiyələr almalı, bunu özünə eyib saymamalıdır. Əks təqdirdə, yəni öz bildiyi kimi,  bir az hissə qapılıb, bir az da eşitdiyi real vəziyyəti əks etdirməyən şişirdilmiş söhbətlərdən bəhrələnərək qələmə alınan yazılar, povest, roman (indi dəb halını almış sənədli romanlar da daxil olmaqla) deyil, olsa-olsa nağılvari publisistika şəklində, çox gülünc formada təzahür edir. Və əlbəttə, bunu çox az sayda oxucu kütləsi, o kütlə ki, onlar işin əsli ilə maraqlanır, bu yeni kitabı oxumaq üçün büdcələrindən pul ayırır, alır, oxuyur və gülür… Acı-acı gülür… Bilirsiz, daha yaxşı anlaşılan olması üçün belə bir misal çəkim, hərb mövzulu yazılar əslində məsələn, tibbə, coğrafiyaya, idarəetməyə və s. konkret obyekti olan, dəqiq məsələ və terminlərdən istifadə olunan yazılardan heç nə ilə fərqlənmir. Nəsə xırda bir qeyri-dəqiqlik olsa, təxminən hamımızın sevə-sevə dəfələrlə izlədiyi “Bəxtiyar” flimindəki o məşhur səhnəni  (“10 metr – 5 metr ” məsələsi) xatırladan gülünc vəziyyət ortaya çıxır. Hansı ki, xüsusi ilə son dövrlər Birinci  Qarabağ Müharibəsindən bəhs edən yazılmış əsərlər belə səhvlərlə zəngindir. Bu qəbildən olan qeyri-müəyyənliklər əsasən subardinasiya məsələlərində və döyüş səhnələrini təsvir edərkən  məlumatsızlıqdan baş verir. Bu proses bir yandan təbiidir, çünki, məşhur yazarların da belə problemləri olub. Məsələn, dünyaca məşhur Remarkın (Erich  Maria  Remarque) əsərləri bu tip çatışmazlıqlarla doludur və onun fikirləri, təxəyülü bir tərəfli olub, gənc əsgər düşüncələrindən o yana keçə bilmir…  Halbuki, ordu, müharibə təkcə əsgərlərdən ibarət olmayıb, daha mürəkkəb quruluşa malik bir təsisat və hadisədir. Hələlik bizim  Remarkla heç bir işimiz yoxdur. Misalı sadəcə ruh düşkünlüyünə qapılmağa əsas olmadığını göstərmək məqsədi ilə çəkdim. Bir də axı biz hal-hazırda müharibə vəziyyətində yaşayan ölkənin vətəndaşlarıyıq. Hardasa, az qala hamımızın ətrafında döyüş yolu keçmiş qazilərimiz, haliyədə hərbi xidmətini davam etdirən hərbçi dost-tanışlarımız var. Sadəcə bu məsələdə bir balaca diqqətli və məsuliyyətli olmaq tələb olunur. Bütün şübhəli məqamlarda təxəyülün məhsulunu və ya real hadisəni kağız üzərinə köçürüb, tarixin yaddaşına atmazdan əvvəl mütləq “dosta ganaşmaq” lazımdır. Necə deyərlər,  – “məsləhətli don gen olar”. Bir cümləni yazarkən düşünün ki, nə vaxtsa bu sətirləri saatlarla qızmar Günəşin istisində qanlı döyüşün od-alovunu unudan və ya şıdırğı yağışın altında islanıb, çim su mundirdə ayağını qoymağa bir barmaq quru yer axtarışında soyuq güllənin hər an bəxş edə biləcəyi buz kimi ölümü unudaraq, ilan-çayınlı, qarlı-şaxtalı, çovğunlu-boranlı məşəqqətli yollar keçərək sağ qalmış əsgərlə yanaşı, həmin döyüşləri təşkil edən, tək-tək əsgərləri deyil, yüzlərlə, minlərlə  nəfərlərdən ibarət bölmələri şahmat taxtasındakı fiqurlar kimi döyüş sahəsinə düzən və hər nəfərinə görə məsuliyyət daşıyan, döyüşlərə rəhbərlik edən, müharibələri udan, bəzən uduzan – bu qaçılmazdır – generallar da oxuya bilər…  Düşünürəm ki, hərb mövzulu yazının uğurlu alınmasının birinci şərti  yazarın hadisələrə reala yaxın  təfəkkürlə baxmasından, və qəti olaraq hissə qapılmamasından ibarət ola bilər.  Bu yazıdan əvvəlki on beşinci və on altıncı yazılardakı prinsipə sadiq qalaraq, yenə böyük əksəriyyətimizə məlum olan yazarlar və onların əsərləri üzərindən mühakimə yürüdərək bu məsələyə aydınlıq gətirməyə çalışacağam. Bu söhbətə başlamazdan əvvəl kiçik bir haşiyəyə çıxmaq istəyirəm:

HAŞİYƏ

Bəşər övladı əlinə qələm alan gündən  onu əsas iki məsələ; döyüş və eşq düşündürüb. Demək olar ki, lap qədimdən üzübəri yazı nümunələri ya döyüş və ov səhnələri ilə zəngin müharibələrdən, ya da eşqi, sevgini tərənnüm edən məhəbbət dastanlarından ibarət olub. Ən uğurlu nümunələr bu iki mövzunun birlikdə işləndiyi, hadisələrin həmahəng inkişaf etdiyi əsərlərdir. Belə nümunələr lap qədim zamanlardan mövcuddur və günümüzdə də var. Bu hadisə öz-özlüyündə onu göstərir ki, dünya nə qədər rəngarəng, hadisələrlə zəngin görsənsə də əslində onun bircə rəngi var, bizim onu hansı məqamda, hansı rəngdə görməyimizdən asılı olmayaraq, dünya qırmızı rəngdədir. Dünya müharibələrin qırmızı qanı, eşq məclislərinin qırmızı şərabı rəngdədir. İddia edirəm ki, dünyada tək bircə əsl rəng var  o da qırmızıdır, al-qırmızı… Yerdə qalan ağdan qarayadək olan rənglər sadəcə qırmızının ağa doğru solğunlaşmasından,  nəhayətdə “AĞ”dan – XEYİR  (GÜNDÜZ) – və qaraya doğru tündləşməsindən  sonda “QARA” dan – ŞƏR  (GECƏ) – ibarətdir. Al-qırmızı rəng bu spektrin düz mərkəzində dayanır və həyat mənbəyi rolunda çıxış edir. Yəqin ki, bəşər övladının kəşf edib, adlandırdığı ilk rəng də məhz qırmızı, al-qırmızı olmuşdur. Bu proses çox sadə – insanın  özü yaralandıda və ya ovladığı ovun axan qanı ora-bura bulaşdıqda (yəqin ki, insan əlini ocaq qalamazdan əvvəl yaralayıb) baş verə bilərdi… Çox güman ki, insan oğlu ilk müharibənin başlaması xəbərini də, elə ilk sevgi məktubunu da məhz öz qanı ilə, qırmızı rəngdə yazmışdır…

Yuxarıda, haşiyədə tanış olduğumuz məlumatlar üzərindən belə bir mühakimə yürütmək olar ki, qırmızı elə, mükəmməlliyin rəngidir. Al-qırmızı rəng əslində elə, mükəmməllikdir. Özündə sevgi ilə nifrəti, savaşla barışı, sülh ilə müharibəni birləşdirən vəhdətin, birliyin, tamlığın, bərabərliyin  simvoludur, qırmızı… Bəli, məhz tamlığın, mükəmməlliyin rəmzidir, qırmızı… Yerdə qalan rənglər onun çalarları, sadəcə bu rəngin mövcudluğunu göstərmək, mütləq hakimliyini sübut etmək üçündür.

Mətləbdən uzaqlaşmayaq, əlbəttə,yazılı nümunələrin içərisində misal göstərmək üçün belə bir əsər var. Hansı ki, onu böyük əminliklə qırmızı, mükəmməl adlandırmaq olar. Bu, dahi Lev Tolstoyun “Hərb və sülh” əsəridir. Əslində əsərin adı artıq özü barədə tam məlumat  verir. Ancaq, bu sadəcə təsadüfi belə seçilimiş maraqlı, cəlbedici ad da ola bilərdi. Əsərlə tanış olanlar bilir ki, bu belə deyil.  “Hərb və sülh” yuxarıda sadalanmış və sadalanmamış bütün vacib kriteriyalara, meyarlara tam cavab verən mükəmməl  bir əsərdir. Olduqca geniş spektrli müşahidə qabiliyyətinə, vacib biliklərə, dərin dünyagörüşünə malik olan böyük sənətkar döyüş səhnələrindəki ən xırda detalları, rütbə və statuslardan asılı olmayaraq hərbçilərin hiss və fəaliyyətlərini, mülki həyatda olan münasibətləri, sevgi məsələlərini elə yüksək zərgər dəqiqliyi ilə təqdim etmişdir ki, sadəcə deməyə söz tapmırsan. Bu əsərdən bütün insanlığa tövsiyə ola biləcək bir vacib məsaj da çıxır. Qərarsızlıq, elə yoxluğun özünə bərabərdir. “Etməyib peşman olmaqdansa, et peşman ol…” – deyir mütəfəkkir. Bəli, dahi Lev Tolstoyun, məşhur “Hərb və sülh”- ü mükəmməldir. Ancaq, görək, bu əsər müasir azərbaycan oxucusunun tələblərinə cavab verirmi? Mən deyərdim ki, çox az bir qisim oxucu kütləsi  bu cür iri həcmli əsərlərə maraq göstərib oxuyur. Nə qədər dəyərli və mükkəmməl olsa da  ilk baxışda müasir gənclərin olduqca böyük əksəriyyəti üçün “KİM  OXUYACAQ???” baryeri yaradan belə vacib əsərlər günümüzdə rəflərdə qalmağa məhkumdur. “Hərb və sülh”-ü misal çəkməkdə məqsədim sadəcə böyük əksəriyyətimizə məlum olan, tanıdığımız  belə bir əsərin varlığını xatırlatmaqdan ibarətdir. “Hərb və sülh” ümumi bir əsər olsa da, sırf hərb mövzulu yazılar üzərində işləyən yazarlarımız  bu, məlum və məşhur əsərdən faydalana bilərlər. Sual ola bilər ki, bu əsər təkdirmi? Yəni heç alternativ variant yoxdurmu? Bu suala böyük əminliklə belə cavab verərəm ki, Miladi ilə 19 fevral  2019 – cu il saat 13:31 – ə qədər mənə ikinci belə bir variant məlum deyil. İndi fikrimi əsalandırmaq üçün yenə böyük əksəriyyətimizə məlum, məşhur nümunələrdən istifadə etməklə  qısa açıqlama verəcəyəm.  Başqa –başqa nümunələrə keçməzdən əvvəl ümumi olaraq onu qeyd etmək istəyirəm ki, sovet ədəbiyyatı döyüş yolu keçmiş müxtəlif rütbəli zabit memuarlarından tutmuş, olduqca dəyərli sovet yazıçılarının müharibədən, qələbədən bəhs edən əsərləri ilə zəngin idi. Sovet dönəminin kitabxanaları xidmət etdiyi ideologiyadan asılı olmayaraq hərb mövzulu əsərlərlə yetərincə, tam təmin olunmuşdular. Və biz istər-istəməz bu nümunələrlə tanış olurduq. Sovet yazıçılarından əlavə rus dilinə çoxlu tərcümələr də olurdu. Yəni bizim şəxsiyyət kimi formalaşdığımız dövrdə hərb mövzulu yazıların qıtlığı olmayıb. Ayrı-ayrı  məşhurlara gəldikdə, gənclər arasında yayğın şəkildə mütaliə olunan Remark  tam birtərəfli yazıb.  Onun haqqında dördüncü yazıda ətraflı yazmışam. Remarkın  yazdıqlarının nəinki, bizim gəncliyə faydası var, hətta düzgün başa düşülmədikdə zərəri ola bilər. Sonra, məsələn vaxtında rus dilində belə bir əsərlə tanış olmuşdum (öz dilimizdə rast gəlməmişəm və adı tərcümə edəndə də çox uyğunsuzluq yarandığına görə belə qeyd edirəm – əvvəlcədən üzr istəyirəm) müəllifi  Кирст Ганс  olan  “Фабрика офицеров”. Məşhurdur ancaq yenə birtərəfli, çatışmazlıqlarla dolu olan əsər. Ümumiyyətlə istər qərb, istər sovet – rus ədəbiyyat nümunələrində ya xidmət etdiyi ieologiyadan dolayı, ya sadəcə məlumatsızlıqdan natamam hərb mövzulu əsərlər çoxdur.

Ümumi olaraq keçid üçün bundan əvvəl “Yazarlar və yazılar” adlı on beşinci yazıda da adlarını çəkdiyim Vasiliy Yan və  Tarle, eyni zamanda onların yazdıqları bir neçə əsər haqqında qısa fikir bildirmək istəyirəm.   Vasiliy Yan və onun digər əsərləri ilə yanaşı xüsusi ilə diqqət çəkən, faydalı ola biləcək “Çingiz Xan” ,  “Kurqanlardan gələn işıq” tarixi –müharibələrlə dolu romanları. Tarle (Евге́ний Ви́кторович Та́рле) və onun da müharibə mövzulu digər əsərləri ilə yanaşı “Napoleon” əsəri. Tarle bu əsərində Napoleonun  timsalında çəlimsiz, cılız lakin, olduqca çalışqan  bir uşaqdan ölkələr fəth edən, papanı hüzuruna gətirən, tirana qədər inkişaf etmiş, anında mühüm qərarlar verməyi bacaran, müharibə qərarları alanda qətiyyətli sərkərdə, döyüşdə öndə gedən, cəsur, qələbəyə susamış əsgər, sevgidə aciz və  eyni zamanda odlu – atəşli  aşiq, idarəetmədə incə, adi  detalı da unutmayan, dərin düşüncəli, sonunda baş əymədən təslim olmağı bacaran insan obrazı yaratmağı bacarmışdır. Bu iki yazardan və onların yazdıqlarından bəhrələnmək olar.

Qismən nümunə ola biləcək, yəni müəyyən məqamlarda  faydalanmaq  mümkün olan Ernest  HeminqueySent-Ekzüperi  barədə onu qeyd edə bilərəm ki, bu yazarların təsvirləri, ifadə vasitələri güclüdür.

Belə ümumi baxışdan sonra dünya ədəbiyyatından üç yazar və üç əsər timsalında fikirlərimi daha dəqiq formada Sizə çatdırmağa çalışacağam. Bu əsərlərin birində hərbçinin mülki həyatda hissləri və istəkləri, ikincisində həm mülki, həm də xidmətdə olan hissləri və fəaliyyəti,  üçüncüsündə isə həm mülki, həm xidməti, həm də döyüşdə başına gələnlər, düşdüyü real vəziyyətlər, həyat həqiqətləri oxucunun gözləri önündə canlanır…

Birinci, dünyaca məşhur, kolumbiyalı yazıçı, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı  Qabriel  Qarsiya  Markesin  1956-1957-ci illərdə yazdığı  və ilk dəfə 1961-ci ildə dərc etdirdiyi “Polkovnikə məktub yoxdur” povesti – hamını özünə borclu bilən bir hərbçinin xidmətdən (bütün həyatını nəyinsə və ya kiminsə uğruna xərclədikdən) sonra keçirdiyi hisslər…

İkinci, yenə məşhur, görkəmli İtaliya yazıçısı Dino Bussatinin ilk romanı olan “Tatar çölü”. Bu roman haqqında bir az ətraflı yazmaq  istəyirəm. Romandan və qəhrəmandan söhbət açmazdan  əvvəl bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. İnanın ki, əgər bu romanın adını dəyişib məsəl üçün “Gözlərimiz üfiqdə”, “Səngərlərdən sonra”, “Qarşı duran dağlar” və s. və i…  qoysaq və Covanni Droqonu  Məlikşah adlandırıb, bəzi adları, təbir və terminləri müasirləşdirib, özümüzünküləşdirsək, hadisə və hisslər atəşkəsdən sonra, son iyirmi beş ildə bizim orduya və hərbçilərə elə uyum sağlayır ki, sanki, bu yazı iyirmi il Azərbaycan ordusunda, Haramı düzündə və ya digər bir bölgədə – təmas xəttində xidmət etmiş zabitin qələmindən çıxıb… Bu dərəcədə oxşardır vəziyyətlər…

Dino Bussatinin  “Tatar çölü” əsərinin qəhrəmanı Bastiani qalasında xidmət edən Covanni Droqonun bütün həyatı, gənc zabit kimi seçim qarşısında qalması, ümidlərlə dolu xidməti, mülki həyatla ordu  həyatı arasında çırpıntılar, dünyadan istədikləri, ala bildikləri, nələrin uğrunda nələrdən vaz keçdikləri və son… Hamısı elə ustalıqla təqdim olunub ki, yazarın ustalığına heyran olmamaq mümkün deyil. Və onu qeyd edim ki, heyran olmaq azdır, nümunə götürmək, əxz etmək lazımdır… Və nəhayət üçüncü,  Emmanuil Kazakeviç və onun 1948 – ci ildə qələmə aldığı “Двое в степи” povesti

     ( Эммануи́л Ге́нрихович Казаке́вич, “Двое в степи”). Təəssüfki, bu povestin dilimizdə olan tərcüməsinə rast gəlməmişəm. Kazakeviçin bu povestdən başqa da hərb mövzulu  bir-birindən maraqlı əsərləri var.  Kazakeviç  İkinci Dünya Müharibəsinin sovetlər birliyində yaşayanlar üçün Böyük Vətən Müharibəsi adlanan əsas və həlledici hissəsinin başlandığı ilk gündən qələbəyədək döyüşən ordunun tərkibndə, olduqca müxtəlif cəbhələrdə şərəfli döyüş yolu keçmiş, tanınmış sovet yazıçısıdır. Görkəmli yazarın həyat və fəaliyyəti ilə tanış olduqda görürsən ki, həqiqətən də o fərqlidir və bütün xüsusiyyətlərinə görə  öz müasirlərindən fərqlənir… Bu fikri onun öz müasirləri səsləndiriblər. Onun haqqında hələ sağlığında belə bir deyim olub: “Kazakeviç başqaları kimi isti kabinetlərdə, orda-burda, küncə-bucağa qısılıb yazmayıb…” Kazakeviçin yaratdığı Oqarkov obrazı dahi Lev Tolstoyun, məşhur Qabriel  Qarsiya  Markesin,   görkəmli Dino Bussatinin  qəhrəmanlarından nümunə  ola biləcək dərəcədə fərqlənir. Əlinə qələm alıb hərb mövzusunda nəsə yazmaq istəyən şəxsin Emmanuil  Kazakeviçin yaradıcılığı ilə, ələxsus bu povesti ilə tanış olması olduqca faydalı ola bilər deyə düşünməkdəyəm. Povestdəki  istər döyüş səhnələri, insan taleləri, qəbul olunan qərarlar istərsə də əsərin qəhrəmanı gənc zabit Oqarkovun başına gələnlər, onun ən müxtəlif;  həm döyüş, həm şəxsi münasibətlər zəminində aldığı doğru qərarlar ibrətamizdir. Əgər fikir verdinizsə, Lev Tolstoyun “Hərb və sülh” əsərindən başqa misal gətirdiyim və əslində ən faydalı ola biləcək əsərlər sırasında adı hallanan nümunələr ikisi povest, biri isə o qədər də böyük həcmli olmayan roman oldu. Bu nümunələr xarici – dünya ədəbiyyatından seçmələr idi. Bəs görək bu qəbildən özümüzün olan, milli, nəyimiz var?

Və əlbəttə, yenə keçid üçün  tarixilik baxımından İsa Hüseynovun (İsa Muğanna), İsmayıl Şıxlının adlarını çəkib onların ekranlaşdırılmış əsərlərini misal göstərmək olar. Sırf hərb mövzusunda (şəxsi münasibətlərin inkişafı, döyüş tapşırıqlarının yerinə yetirilməsi səhnələrinin təsviri baxımından) mükəmmələ yaxın, yəni, qırmızımtıl olan yeganə nümunəmiz var.  Bu, ötən əsr, 50-ci illərin əvvəllərində İmran Qasımovla Həsən Seyidbəylinin birgə qələmə alıb, nəşr etdirdikləri  “Uzaq sahillərdə” əsəridir. Kitab az vaxt içərisində geniş oxucu kütləsinin rəğbətini qazanır və əldən-ələ gəzir. Xalqımızın qəhrəman oğlu Mehdi Hüseynzadənin Böyük Vətən müharibəsində (1941-1945) əfsanəvi igidlikləri barədə oxuculara geniş məlumat verən əsərin populyarlığı onun filmə çevrilməsinə səbəb olur. Aradan uzun müddət keçməsinə, cəmiyyətdə və ictimai şüurda müəyyən dəyişikliklər olmasına baxmayaraq, görkəmli rejissor Tofiq Tağızadənin quruluşu, H.Seyidzadə ilə İ.Qasımovun ssenarisi əsasında 1958-ci ildə lentə alınan eyni adlı film  Azərbaycan kinosunun nadir incilərindən biri olaraq qalmaqdadır. Əgər diqqətinizdən qaçmayıbsa, yuxarıda sovet və dünya ədəbiyyatından adı çəkilən nümunələrin də əksəriyyəti ekranlaşdırılıb. Elə əsərlər var ki, dövrün tələbinə görə dəfələrlə təkrar-təkrar müraciət olunub.  Bu faktın özü həmin əsərlərin vacibliyinin  və tərbiyəvi  əhəmiyyətinin  hansı dərəcədə yüksək olmasının bariz nümunəsidir.

Bütün bunlarla bərabər bizim bir sevimli yazarımız da var ki, tarixiliklə müasirliyi yaradıcılığında böyük ustalıqla birləşdirməyi bacarıb. Onun “Batmanqılıncı” nə qədər tarixidirsə, “Dolu” – su da o qədər müasirdir. Bu şəxs doğru olaraq, “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” deyən Aqil Abbasdır. Aqil Abbasın “Dolu” romanı da eyni adlı ekran əsəri olaraq tarixin yaddaş səhnəsində öz yerini almışdır. İstər roman kimi, istərsə də film kimi  “Dolu” yuxarıda sadaladığımız tələblərin çoxuna cavab verən, faydalana biləcəyimiz nümunələr sırasına daxildir. Ancaq, bütün bunlara rəğmən, nə dünya, nə sovet, nə müasir ədəbiyyatımızda elə bir nümunə yoxdur ki, bundan əvvəlki – on beşinci –  “Yazarlar və yazılar” adlı yazıda “Əli və Nino” kimi misal gətirib, nümunə göstərəsən. İndi mükəmməl yazı ortaya qoymaq istəyən yazar, “Hərb və sülh”-dən, “Двое в степи” – dən, “Uzaq sahillərdə”-dən,  “Dolu”-dan eyni dərəcədə bəhrələnib, təxminən 70 – 80 səhifə həcmində iri həcmli povestlər və ya yığcam romanlar ortaya qoymaqla dövrümüzün standartlarını yaratmalıdırlar.

Demək olmaz ki, heç bir iş görülməyib, əksinə çox iş görülüb. Müxtəlif yaş təbəqələrindən olan çoxlu yazarlarımız öz səyləri, vəsaitləri hesabına nələrsə etməyə çalışırlar. Hələ ötən əsrin 90-cı illərindən başlayaraq, müharibə, onun gətirdiyi problemlər, cəmiyyətdə törətdiyi fəsadlar haqqında hekayələr, povestlər, romanlar, publisistik yazılar yazılmağa başlayıb. Son on illikdə (2010-cu ildən), xüsusi ilə Mübarizdən və Aprel hadisələrindən (2016-cı il) sonra silsilə əsərlər ortaya qoyulub ki, əslində bu yazının yaranma səbəblərindən biri, bəlkə də birincisi elə bu yazılar olmuşdur.  Son illər nəşr olunmuş bəzi əsərlərlə tanış olduqda yazarın ən elementar məlumat və biliklərdən xəbərsiz olduğu ortaya çıxır. Yuxarıda buna aid “Bəxtiyar” filmindən  “qazmaçı” 

  “yoldaş oynayanlar”-in vəziyyətini misal gətirmişdim. İnanın, elə misallar var ki, rəqqaslar onların yanında toya getməlidir. Rast gəlinən ən çox və yolverilməz səhvlərə aşağıdakılardır:

– Subardinasiya məsələlərinin pozulması (buna maksimum  Aqil Abbasın “Dolu”-sundakı “Komandir” xitabı səviyyəsində icazə verilə bilər ki, bu da Birinci Qarabağ Müharibəsi və hal-hazırda bəzi döyüş postlarındakı təcrübədən qaynaqlanır),

-Rütbələrin və vəzifələrin qarışdırılması (X – XI sinif səviyyəsindəki hərbi bilikdir),
-Bölmə (bölük, tabor və s.) adlarının səhv salınması, -Döyüş səhnələrinin təsvirində adı keçən silah-sursatın texniki göstəricilərinin bilməməzlik ucbatından nəzərə alınmaması (çox gülünc mənzərlər ortaya çıxır ki, əgər qiyaslasaq,  heç nağıllarımızda belə söhbətlər  olmayıb)  və s. bu qəbildən olan digər məsələlər.

Unutmayaq  ki, həkimlik, rəssamlıq, memarlıq, coğrafiyaşünaslıq, mühəndislik, hesabdarlıq  kimi,  hərb işi də spesfik  bir sənətdir. Və sadaladıqlarımın hamısından çətin, məsuliyyətli, dəqiq olduğu qədər də yaradıcılıq tələb edən bir işdir. Yuxarıda nümunə göstərdiyimiz əsərlərin müəlliflərinin həyatına bir də qısa nəzər salaq:

-Həm Lev Tolstoy, həm də  Emmanuil Kazakeviç müharibədə iştirak etmiş, real qanlı döyüş səhnələrinin və bütün digər proseslərin canlı şahidi olmuş peşəkar zabit  idi.

-Həsən Seyidbəyli və İmran Qasımovun  ömürlərinin yeniyetməlik-gənclik çağları, təhsil illəri, demək olar ki, şəxsiyyət kimi formalaşdıqları vaxtlar müharibənin ən amansız, qızğın dövrlərinə təsadüf edir. Məncə, bu nəsil yaradıcı insanlar üçün  “onlar müharibənin şinelindən çıxmışdılar” ifadəsi vəziyyəti tam izah edir. Üstəgəl bu şəxslər daim yazdıqlarını ilk öncə bir-birlərinə oxuyur, cavabdeh qurumların qarşısına çıxmazdan əvvəl dost-tanışdan məsləhət  alırdılar.

-Müasirimiz  Aqil Abbas – Qarabağ həsrəti-dərdi ilə qovrulan həsas, şair ürəkli qələm adamı və eyni zamanda Birinci Qarabağ Müharibəsinin  başlandığı ilk gündən istər-istəməz daim baş verən hadisələrin tən ortasında qalmış, bütün baş verənlərdən az-çox xəbəri olan ictimai-siyasi xadim.

Məncə, müəlliflərin keçdiyi həyat yolu və onların yaratdıları əsərlərlə tanış olduqdan sonra  bu məsələdə qaranlıq heç nə qalmır.

Son söz: – müharibə, hərb mövzusunda yazdıqda, xüsusi ilə əgər orda döyüş səhnələri varsa, mütləq bu işdən anlayışı olan bir nəfərlə məsləhətləşin, verin ilk oxucunuz dəyərli qazilərimiz olsun, şübhəli məqamları peşəkarlarla dəqiqləşdirin, yox əgər bunların heç birini etmək istəmirsizsə,  “Google” dostumuzun xidmətindən yararlanın (internetdə istənilən məlumatı tapıb dəqiqləşdirmək olar). Əvvəlki yazılarda da mütəmadi olaraq bu barədə qeydlər edirəm. Ümumiyyətlə, onu unutmayaq ki,  indi nə yazırıqsa, sabahkı gənclik bizim bu günümüzdən xəbərdar olmaq üçün böyük acgözlüklə o yazıları tapıb oxuyacaqlar. Gəlin elə yazaq ki, onları aldatmayaq… Baxmayaraq ki, biz çox aldanmışıq… Qoy onlar aldanmasınlar…

Sona qədər həmsöhbət olduğunuza görə təşəkkürlərimi bildirir, fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm. Uğurlarınız bol olsun. Bu yazının ilk sözündən sonuna qədər bir məqsədi olub – faydalı olmaq, uğura xidmət etmək…

19.02.2019. Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ