NƏZMİ ŞAH VƏ YA KƏMALƏDDİN QƏDİM

NƏZMİ ŞAH VƏ YA KƏMALƏDDİN QƏDİM

               (On doqquzuncu yazı)

Salam olsun, ey dəyərli insan, əziz və çox hörmətli oxucum. Dünyadakı kəlmələrin sayı qədər uca Yaradana şükürlər olsun ki, yeni bir söhbəti bizə ərmağan etdi. Sizlərlə yeni bir görüş şansı verdi, bizlərə… Bu dəfə işığına yığışıb, hənirtisinə isinəcəyimiz sözün-söhbətin sahibi, səbəbkarı tanınmış söz adamı, sevimli şairimiz sözü də özü kimi qədimi-qayim olan Kəmaləddin Qədimdir. And olsun uca Yaradana ki, mən bu kişini min illərdir tanıyıram (…bəziləri birisi haqqında söhbətə başlayanda deyir ha, mən bu adamı 5-6 ildir filan yerdən tanıyıram, məhz onlar üçün…), ruhum ruhunu, sözüm sözünü, fikrim fikrini tanıyır… Eyni coğrafiyada yaşayıb, eyni havanı uduruq, eyni suyu içirik, eyni dərdi çəkirik…  Yuxarıda əbəs yerə qeyd etmədim ki, sözü də özü kimi qədim. Sözün bu yerində qısa bir haşiyəyə çıxmaq istəyirəm. Ümumiyyətlə hansısa bir məclisdə söz düşəndə, və ya kimsə şəxsən müraciət edib məsləhət istəyəndə  mən həmişə adların insanın həyatında (hətta cansız əşyaların da məsələn kitabın, hər hansı ixtira olunmuş cihazın və s.) mühüm rol oynadığını qeyd edir və xüsusi ilə gənclərə öz övladlarına ad verəndə diqqətli olmağı tövsiyə edirəm. İndi qayıdaq söhbətimizə. Bəli Kəmalədin Qədimin  sözü-söhbəti çox qədim, zəngin və rəngarəng, eyni zamanda zamansız, ümumbəşəri və aktualdır. Bu qədimlik və  kamillik heç də təsadüfi deyil. Bütün mövcudatın bir səbəb və məqsədi olduğu kimi bu göz önündə olan “Qoca palıd”-ın torpağın altında qalan kökləri də var əlbət. Qəhrəmanımızın, böyüyüb boya başa çatdığı coğrafiyaya, mühitə, aldığı təlim-tərbiyəyə, təhsilə, yiyələndiyi  ixtisasa baxaq… Daşıdığı ada, özünə götürdüyi əslindən, nəslindən əsrlərdən bəri süzülüb gələn təxəllüsə baxaq (…bir daha vurğulamaq istəyirəm ya adlar bizi axtarıb tapır, ya biz adlara görə inkişaf edirik-uyğunlaşırıq…) Kəmaləddin Qədimin dünyaya göz açdığı məkan, qədəm basıb yeridiyi torpaq Adəmin keçdiyi, Nuhun endiyi, “Mağara əhlin” uçduğu, Arazın min illərdir bütün bunları sakitcə seyr etdiyi (… suyun lal axanı…), Günəşin yandırıb yaxdığı, amansız şaxtaların dondurduğu bəşəriyyətin və dünya alimlərinin qədim bilib, müqəddəs hesab etdikləri bir yerdir. Mən istənilən şəxsin  xüsusi ilə uşqalıq ilərini – təxminən 6-7 yaşa – məktəbə gedənə qədər hansı mühitdə, necə keçirməyinin, ətrafdakı  yaşlı insanlardan nələr əxz etdiklərinin onun bütün gələcək həyatının tam yarısını formalaşdırdığına əminəm. Əsldən-nəsldən gələnləri bura əlavə etsək, üstəgəl dünyanın mədəniyyətlərin birləşib qovuşduğu, bəlkə də yaranıb paylaşıldığı, Qərbin Şərq üçün qapı hesab etdiyi, Şərqin Qərbə pəncərə bildiyi nöqtəsində yaradıcı şəxsiyyət kimi formalaşdığını göz önünə gətirib, yuxarıda qeyd olunan fikirləri  bir daha həqiqət çırağında şüurun süzgəcindən keçirib əminliklə söhbətimizə davam etmək istəyirəm.

Sözü-söhbəti qədim söz adamının yazdıqlarına gəlincə, hal-hazırda mənim iki dəfə tam sıfırlanıb  (dağılmış-tam paylanmış), dəfələrlə seyrəldilmiş (ən azı üçdə ikisi paylanmış) kitabxanmda Kəmaləddin Qədimin “Burdan ayrılıq keçib”, “Günahı yazan mələk”, “Yolu ürəyimin üstdə gedirəm” adlı kitabları var. Bunu qeyd etməkdə qəsdim, yəni min illərdir bir-birimizi tanısaq da yazdıqları ilə də kifayət qədər tanışam. Bugünkü söhbətimizi uca Yaradanın izni və yardımı ilə bu yaxınlarda işıq üzü görmüş, yeni olan “Yolu ürəyimin üstdə gedirəm”  adlı kitabının daha doğrusu bu kitaba daxil edilmiş şeirlərinin üzərində qurmağa çalışacam. Söz-söhbət yenə özünü çəkir ad məsələsinin üstünə. Əslində kitabın adı artıq içindəkilər barədə oxucuya kifayət qədər informasiya ötürür (necə deyərlər, “arifə bir işarə bəs eylər”). Sözsüz ki, bu müəllifin ən başlıca uğurudur. Kitaba daxil edilmiş ilk şerin hər bənddə təkrarlanan bir sətrin həmin şeirə başlıq seçilməsi, sonra kitabın üzünə çıxarılması, ad seçilməsi heç də təsadüfi deyil və bu şeirdəki, bu misradakı fikir, qayə demək olar ki, heç yolundan  sapmadan kitabın sonuna qədər davam edir (onu qeyd edim ki, başqa-başqa şeirlərdən ibarət olub, ayrı-ayrı zaman və məkanlarda qələmə alınmış nəzm əsərlərindən ibarət bir kitabda bunu gözləmək elə də asan məsələ olmayıb, hər müəllifə də nəsib olmur ), kitabın sonundakı adsız şeirdə “…yenə səni düşünürəm…” deyən şair, yolun davam etdiyini, axtarışda olduğunu bildirir. Məncə bu arayış haqq aşiqinin ömrü boyu davam edir və hətta belə insanların özləri cismani olaraq həyatda olmadıqları zamanlarda belə, cismən var olan başqaları onların sözlərində haqqı aramağı davam edirlər. Bizim bəxtimiz onda gətirib ki, şairin sağlığında onun sözü haqqında söz demək qismətimiz olub. Hansı məsələ onu qane etmirsə və ya hansı fikirlə razı deyilsə iradları qəbul etməyə və dinləməyə hazırıq. Ümumiyyətlə, düşünürəm ki, bu qəbildən olan yazılarda biz nə qədər çalışsaq da söz sahibinin nə demək istədiyini yüzdəyüz aça bilmirik məhz bu səbəbdəndir ki, kimsə nə vaxtsa üç bəndlik bir şeir yazır, əsrlər boyu digərləri onu anlamağa, anlatmağa çalışır. Rübailəri, bayatıları çözələməyə çalışırıq. Xalı-xalçalarımızdakı naxışları öyrənirik… Yer üzündə müqəddəs amalına doğru addımlayan haqq aşiqi  bu yolda ayağını qoymağa yer tapmır. Onun bu yolu “Bu dərd-Vətəndi”, “Çəkilər Tanrının verdiyi cəza”,”Axirətin bayram olsun”,”Məddah”,”Mənə də Vətən verin”,”İllər yorğunu qadın”,”Gedirəm, dur yola sal”, “Ölürsəm…,” misrası ilə başlayan adsız şeirlərində ümidləndiyi enişli,ümidsizliyə qapıldığı  yoxuşlu dağlardan, qəfil haqlamış yaz yağışnda islanıb yuyunduğu, ruhu arındırıb, qəlbi fərahlandıran yamaclardan, buz bulaqlarından içib rahatlıq tapdığı yaylaqlardan, pis fikirləri dondurub yox edən qarlı-şaxtalı düzlərdən keçir. Alatoranda sanki, göyüzündən asılmış kimi görsənən sağda, solda sıralanmış leylək yuvalarının arasından keçən bu yol sonda öz xeyməsinə çatır. Cism məkanı qəbul edib rahatlıq tapsa da,  ruh dincəlmir,  zamana – məkana sığımır. Aramaqda, düşünməkdə davam edir. Məhz bu arayış yaşadır insanı, söz adamını. Aramaqda davam edin. Ata sözlərinin əhəmiyyəti böyükdür: “Axtaran tapar”

“Yolu ürəyimin üstdə gedirəm”  kitabındakı şeirləri oxuduqca, yuxarıda qeyd etdiyim kimi, şeirlər müxtəlif adlarla adlandırılmasına və adsız olaraq sıralanmasına baxmayaraq, ilk misradan sonadək sözün əsl mənasında ayağımız yerə dəymədən şairin fikir dünyasının yaratdığı çəkisizlik şəraitinə düşür, necə deyərlər əlimiz-ayağımız yerdən-göydən üzülür, sanki, ruh kimi söz dünyasının ənginliklərində süzürük… Bu boyda (…əlbətdə nisbi olaraq…) dünyada nəinki ayağını qoymağa bir qarış yer tapmayan , hətta baş barmağının  ucunda  belə gəzməyə hazır  olsa da, fəqət Yer üzündə belə bir nöqtə olmadığından yox olan varları yüklənib, varmış kimi görsənən əslində yox olan yoxluqda bizi öz ardınca səyahətə aparır. Şairin ayaq izlərinə basaraq addımladığımız bu yolda nələri görmürük, İlahi??? Film kimi seyr etdiyimiz səhnələrdə yayın istisində, qışın soyuğunda azyaşlı pinəçi uşağın gün ərzində qazandığı qəpik-quruşla, polisi, dilənçini, dönərçini, aptekçini, sonda qoca gülsatanı və nəhayət məhəllə dükançısını sevindirdikdən sonra üzündəki xüsusi nəşə ilə qaça-qaça evlərinə girib anasını da necə sevindirdiyini görürük. Ancaq, yolun o biri tərəfində müştərisindən indicə bir milyon ödəniş alıb, onu gözləyən borclu olduğu iş ortaqlarına yüz min, iki yüz min, beş yüz min elə ordaca paylayıb, çatmayan ortağına utana-utana, and-aman edə-edə iki yüzü uzadıb sən Allah bir az səbr et indi gətirəcəklər onda verərəm deyib, on dəqiqə ərzində üç başqa-başqa yeniyetmə  varlı dayı ovçusundan gələn zənglərə hə canım, hə balam, deyə-deyə cavablarla razı salıb, fırladan  yaşı altmışı çoxdan keçmiş, artıq nəfdən yaşayan  adı milyonçu iş adamı, digər tərəfdə bu iş adamının pullu xala ovuna çıxmış yeniyetmə ilə mazaqlaşan  halalca zövcəsinin səsi deyib gülsə də üzündəki, gözündəki kədər… Bu yolla getdikcə sanki, gah doxsanıncı illərdən əvvəlki dünyanın insanları, gah da müasirlərimizlə rastlaşırıq… Heç nəyi olmayıb, kasadlıq içində xoşbəxt olan insanlar və hər şeyi olub, boluq içində  bədbəxt, kədərli görünən insanlar keçir gözümüz önündən… Kəmaləddin Qədim sözünün qüdrəti ondadır ki, bu görüşlər lokal, məhəlli xarakter daşımır. Bu fikirlər necə ki, Suriya, Livan, və s. Şərq ölkələrinə aiddir, Böyük  Britaniya, Fransa və başqa irəlidə olduğu söylənlən bu kimi Qərb ölkələrinə də şamil etmək olar. Yəni insan dünyanın harasında olursa olsun, insandır və şairin qaldırdığı problemlər hər yanda mövcuddur. Sanki, dünya insanının dünyadan əli üzülüb, sadəcə oturub sonun çatmasını, cənabi Əzrailin zühurunu gözləyirlər… Belə götürəndə yəni insan vətəndə vətənsiz, dünyada dünyasız qalıb və bunun yeganə günahkarı da məhz insan özüdür. Şairin bütün kitab boyu demək istədiyini qısa şəkildə  şəxsən mən özüm üçün belə ümumiləşdirirəm.

Kəmaləddin Qədim sözünün gücü yuxarıda qeyd etdiyimiz mənbələrdən əlavə, sözsüz ki, onun yaşadığı zamanın iki əsrin ən keşməkeşli kəsmlərindən keçməsi ilə əlaqəli ola bilər. Hər halda bu qeyd etdiklərimiz bizim mülahizələr və tamamilə subyektiv fikirdir. Ancaq, bütün bunlarla belə bizim və sizin nə düşünməyimizdən asılı olmayaraq, Nizami sözü nə qədər nizamlı, Dədə  sözü nə qədər ürfanidirsə, Vurğun sözü nə qədər Azərbaycana vurğunluqdan qaynaqlanırsa, Kəmaləddin Qədim sözü də o qədər qədim və düşündürücüdür. Xüsusi ilə indi yazan yoxdur deyib, nümunə gəzən  gənclərə tövsiyəm odur ki, Kəmaləddin Qədimi oxuyanların hamısı ondan razıdır. Baxmayaraq ki, ondan razı olanlar bir-birlərindən narazıdırlar.

Sona qədər həmsöhbət olduğunuz üçün dərin təşəkkürlərimi bildirir, uca Yaradanın dünyanın bəzəyi olan insana bəxş etdiyi ən dəyərli nemət olan zamanınız bu sətirləri oxumağa həsr etdiyinizə görə minnətdar olduğumu nəzərinizə çatdırır, qarşınızda baş əyirəm. Var olasız. Yeni-yeni görüşlər ümidi ilə. Hələlik.

08.03.2019-cu il . Bakı.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2019. Bakı.

İLKİN MƏNBƏ: YAZARLAR.AZ BURADA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru