Zamin Rüstəmov – Ana şeiri

Zamin RüstəmOV ANA ŞEİRlərİ

Ana.
(Bütün analara ithaf edirəm.)
Indi dərk edirik, nələr çəkdiniz
Hansi əzablardan, keçdiniz ana.
Dərd əkib, dərdləri necə bicdiniz
Neçə zülümlərdən, keçdiniz ana.

Saçlarda bir dənə qara görmədik
Səhəri axşami, belə bilmədik.
Gözünün yaşini, silə bilmədik
Dərdləri ürəkdə, əkdiniz ana.

Argisa başiniz, heç vaxt demədiz
Bircə loxma belə, bizsiz yemədiz
Fərq qoyub bizləri, fərqli sevmədiz
Sevməkdən yoruldum, demədiz ana.

Necə xelq eyləyib yaradan sizi
Zülmət gecələrin,sizsiz ulduzu
Daima gosterdiz bizə düz yolu
Bizi duz yollara, cəkdiniz ana

Görəsən olarmi, yadlardan ana
Kimsə bənzəyərmi, görəsən ona
Kim özünü verər, qurban balaya
Amma siz bizlerə, verdiniz ana.

Görəsən sizlərə, biz nələr verdik
Bircə gecənizə, görən dəydimi
Yüzcə can kəlmənə, bir can demədik.
Görəsən Yaradan, bunu bildimi?
Qaldi umidimiz, tək baş daşına
Hayif ki dünyadan, köçdünüz ana.

08 09 2019

ZAMİN RÜSTƏMOV ANA ŞEİRLƏRİ

Cənnəti-Gülşəndir Ana

Yerin, Göyün Məhvəridi.
Sözmü catar yazaq ona?
Yer üzünün Mələyidi
Cənnəti-Məkandır Ana.

Laylasıyla bəslər bizi
O can deyib, səslər bizi
Yoxdur bizlərdən əzizi
Bizə verən, Candır Ana.

Özləri Cənnət quşudur
Görən varmı taymı ona
Üzük bizik, o qaşıdır
Bizə Şöhrət- Şandır Ana.

Yer üzünün Şah sarayi
Həm Sultani, Xanı ana!
Qucagi Cənnət bucagi
Cənnəti Gülşəndir ana.

09 09 2019 – Naxçıvan.


Müəllif: ZAMİN RÜSTƏMOV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NAZİM YAQUBOĞLU

Nazim YaquboĞLUNDAN BİR ŞEİR

QORQUD ƏMANƏTİ

Tarixi bilinməz Ulu Xalqımın ,
Yenilməyən gücü , qüvvətidir saz .
Minlərlə mədəni sərvət içində ,
Xalqımın ən böyük sərvətidir saz .
****
Sehri hüdudsuzdur , mənası dərin ,
O candan əzizdir , həm baldan şirin .
Dədə Ələsgərin , Dədə Şəmşirin ,
Sonsuz əzəməti , qüdrətidir saz .
****
Yetmiş iki dildə düşün , qan deyir ,
Döyüşə girəndə qana – qan deyir .
Sevən aşiqlərə alış , yan deyir ,
Sevilən qızların ismətidir saz .
****
Qorqud babamızın əmanətidir ,
Xalqımın müqəddəs , saf niyyətdir .
Leylinin , Məcnunun ülviyyətidir ,
Tomrisin , Babəkin qeyrətidir saz .
****
” Ruhani ” , ” Gəraylı ” , ” Dilqəmidir ” , bil ,
Xəstə könüllərin məlhəmidir , bil !
Qəribin sevimli Sənəmidir , bil ,
Babam Koroğlunun şöhrətidir saz .
****
Tarın , kamançanın doğma qardaşı ,
Aşıq Ədalətin könül sirdaşı ,
Qərib qocaların axan göz yaşı ,
Nakam cavanların həsrətidir saz .
****
Ağsaqqal öyüdü , ata qayğısı ,
Qardaş ləyaqəti , ana laylası ,
Nazim , ruhumuzun qeyrət qalası ,
Xalqın keçmişınə hörmətidir saz .

Müəllif:NAZİM YAQUBOĞLU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Məzahir İsgəndərin Söz dünyası

Məzahir İsgəndəRİN SÖZ DÜNYASI

Mən məndən küsülü, məndən gileyli

Hələ də mən məndən küskün,gileyli,
Hələ də mən məni sevib,bəyəmməz.
Hələ də mən məndən ayrı,aralı,
Mən mənim əlimə dəyib,dəyəmməz.

Hələ də mən məndən ayrı,aralı,
Hələ də səsimi özüm eşitməz.
Mən məni səsləyər,mən məni özlər,
Bir məndən bir mənə səsim yetişməz.

Hələ də səsimi özüm eşitməz,
Mən mənə məftunam,mən mənə yağı.
Mən məni tərk edib,mən məni gəzib,
Dolannam dünyanı dəlisayağı.

Mən mənə məftunam,mən mənə yağı,
Mən mənə sipərəm,mən mənə oxam.
Bir an əvvəl bütün dünya mənimdi,
Bir an sonra min ildi ki mən yoxam…

Mən mənə sipərəm,mən mənə oxam,
Bir an sevincimdi,bir an kədərim.
Nə edim,alnıma belə yazılmış,
Belə yaşamaqmış mənim qədərim.

Nə edim,alnıma belə yazılmış,
Yazılan yazıya olmam naşükür.
Allahım,razıyam bu yazıdan mən,
Min şükür!..Min şükür!..Sənə min şükür!..

…Allahım,min şükür!..Min şükür Sənə,
Salmışam qələmə,şeirə meyli.
Bəs nədən,bəs nədən hələ gəzirəm,
Mən məndən küsülü,məndən gileyli?

<<<<MƏZAHİR İSGƏNDƏRİN SÖZ DÜNYASI>>>>

Ya tamamlan,Azərbaycan,
Ya tamam yan,Azərbaycan!
M.Şəhriyar


Mən məndən aralı özüm deyiləm

Mən məndən aralı özüm deyiləm,
Mən məndən aralı kimsəsiz,yetim!
Bir mən gülü burnundaca solan yaz,
Bir mən də şaxtayıq,qarıq,ayazıq.

Mən məndən aralı kimsəsiz,yazıq,
Mən məndən aralı axı,kiməm,kim?
Nə əlacı,nə təbibi olmayan
Bu məchul bəlanı necə mən çəkim?

Mən məndən aralı axı,kiməm,kim?
Bir gözüm yerdədi,biri göydədi.
Bir mən orda,bir mən burda verdi can,
Nə o buna,nə bu ona göynədi.

Bir gözüm yerdədi,biri göydədi,
Sağ əlim sol əli sıxıb,barışmaz.
Fikrim də,hissim də,duyğularım da
Haçaıamıb,bir-birinə qarışmaz.

Sağ əlim sol əli sıxıb,barışmaz.
Aralanıb bir-birindən dırnaq,ət.
Çəkilibdi öz qınına dilim də,
Bir sorammır:”Axı, nədi vəziyyət?”.

Aralanıb bir-birindən dırnaq,ət,
Bədən bir yandadı,baş bir yannadı.
Ay Allah!..Ay Allah,qan buz bağlayıb,
Damar od tutubdu,lap büryandadı…

…Dünənki atəşim,dünənki odum,
Ocağım,alovum,közüm deyiləm.
Mən məndən aralı kimsəsiz,yetim,
Mən məndən aralı özüm deyiləm…

<<<<MƏZAHİR İSGƏNDƏRİN SÖZ DÜNYASI>>>>

Hər gün fitnə,hər gün ölüm,hər gün qan,
Kəsilmədi haray-həşir,nə əfğan…


H A R D A S A N, A L L A H

Dünyadan yaxşılıq olub didərgin,
Mələklər ağlayıb,gözünü tökər.
Üzlərdə bir qəzəb,baxışlarda kin,
Şeytanlar,iblislər hökmə qol çəkər.

Xəyanət göylərdə ulduzlar sanı,
Dünya məhvərindən olub,oynamış.
Yeyir də qurd kimi insan insanı,
Yerlər də,göylər də qana boyanmış.

Ah çəkib qönçələr,çiçəklər ağlar,
Dağlar da daşlar da qan olub,ey vah!
Çaylarda insanın qanıdı çağlar,
Hardasan,insanı yaradan Allah?

Hardasan,insanı yaradan Allah?
Qan olub ürəklər,gözü qan tutub.
Beşikdə qan qusub körpələr də ah,
İnsan insanlığın,adın unudub.

Qan olub fikirlər,düşüncələr də,
Qan içib,qan yeyər lap yeddi qat da.
Səhərlər,axşamlar,lal gecələr də
Çapıb qan,əl çalar qanadlı atfa.

Qan olub məsləklər,əqidələr də,
Etiqad inam da,ilham da qandı.
İblislər oynaşan əqidələrdə
Saatı haqqın da durdu,dayandı.

Doğulan kim var,içir öz qanını,
Vəfa yox,əhdi-sədaqət pozulub.
Qandı!..Qan!..Qandı tutub dprd yanını,
İnsanın yaddaşına qan yazılıb.

Sönəcək ah,nə zaman bəsdi,deyib,
İnsanın qanda olan qan həvəsi?
Soyunub,don yerinə qanı geyib,
Qandı!..Qan!..Qandı səsi,həm nəfəsi!..

…Hardasan,insanı yaradan Allah?
Qan olub ürəklər,gözü qan tutub.
Beşikdə qan qusur körpələr də ah,
İnsan insanlığın,adın unudub.

<<<<MƏZAHİR İSGƏNDƏRİN SÖZ DÜNYASI>>>>

V ə t ə n m ə n ə o ğ u l d e yir, h ə l ə d ə (yeni)

Vətən mənə oğul desə,nə dərdim?
Mamır olub,qayasında bitərdim!
M.Araz

Oğul olub,bir oğulluq etmədim,
Harayına,nə hayına yetmədim,
Mamır olub,qayasında bitmədim,
Vətən mənə oğul dedi,hələ də!

Hanı Şuşam,hanı dağlar maralı?
Gül bülbüldən,bülbül güldən aralı,
Vətən məndən,mən Vətəndən aralı,
Vətən mənə oul dedi,hələ də!

Nəydi Laçın,Kəlbəcərin azarı?
Eşitmədik nə bu ahı,bu zarı,
Şum edildi babaların məzarı,
Vətən mənə oğul dedi,hələ də!

Kim ağladı,kimin gözü çay oldu?
Kimin anı,kimin günü ay oldu?
Zəngilan da Zəngəzura tay oldu,
Vətən mənə oğul dedi,hələ də!

Gəlini,qızı da yadın əlində,
Qızda qızlıq,nə gəlinlik gəlində…
Bir görmədi məni atın belində,
Vətən mənə oğul dedi,hələ də!

Quşum o quş,de,yuvam o yuvamı?
Boğmalandı,”caz”a döndü muğamım,
Qurulmamış sənin, mənim divanım,
Vətən mənə oğul dedi,hələ də!

Ürək qabar-qabar,zol-zol olmadı,
Əl ələ yetmədi,qol qol olmadı,
Vətəndən vətənə bir yol olmadı,
Vətən mənə oğul dedi,hələ də!

<<<<MƏZAHİR İSGƏNDƏRİN SÖZ DÜNYASI>>>>

Hər şeir yazmağa başlayanda mən

Şeirsiz,qələmsiz ruhum boğular,
Yanar da kül olar cismim,sovrular,
Hər şeir yazmağa başlayanda mən,
Ömrümdən saydığım günlər doğular.

Kükrəyər,köpürər,dənizlər daşar,
Dil açar,daşlar da mənlə danışar,
Sevincim,qəmim də başımdan aşar,
Hər şeir yazmağa başlayanda mən!

Bu yolun əvvəli,ya sonu hara?
Eşq edib,özümü çəkərəm dara,
Doğransam,dağlansam,bilmərəm yara,
Hər şeir yazmağa başlayanda mən!

Şeirdi əzəldən damağımda dad,
Şeirsiz anlarım min nalə,fəryad,
Məcnunam,Kərəməm,gah da ki Fərhad,
Hər şeir yazmağa başlayanda mən!

Qorxutmaz,hürkütməz məni hədələr,
Açılar üzümə hədlər,sərhədlər,
Yas tutar namərdlər,sevinər mərdlər,
Hər şeir yazmağa başlayanda mən!

Şeirdi ruhum da,cismim də,buyam!
Bir sirli kahkəşan,ulduzam,ayam,
Olar öz aləmim,olar öz dünyam,
Hər şeir yazmağa başlayanda mən!

Tən eyləyib,kimi məni qanacaq,
Kimi unudacaq,kimi anacaq,
Gəzib də özümü taparam,ancaq,
Hər şeir yazmağa başlayanda mən!

Karvanam,sevincim,qəmimdi sərban,
Üz tutub,haqq səmtə olmuşam rəvan,
Dünyadan qocayam,cavandan cavan,
Hər şeir yazmağa başlayanda mən!..

Şeirsiz, qələmsiz ruhum boğular,
Yanar da kül olar cismim,sovrular,
Hər şeir yazmağa başlayanda mən,
Ömrümdən saydığım günlər doğular…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sona Abbasəliqızı təbrik edir

sona abbasəliqızı təbrik edir:

“SPERO” hospitalın Sığorta şöbəsinin rəhbəri, gözəl insan, əsl həkim dostlarım Natavan xanım Babayevayanı və Rəna doktoru təbrik edirəm. Hörmətlə: Sona Abbasəliqızı

Ümid bağlamışam

Xəyalım gümana sarılır tez -tez,
Canım ağrıları bir hökümədir.
Mənim də canımın ağrısı artıb,
Ümid Natavan tək bir həkimədir.

Sadədi,alidi, ucadı adı,
Yoxdur bu məkanda tən o həkimə.
Əlin şəfalıdır Natavan xanım,
Ümid bağlamışam sən,tək həkimə.

Heç vaxt büdrəməsin ömür yolunda,
Dərd-qəm oturmasın daşının üstə,
Onun həkim əli mənə can verir,
Allah özü dursun başının üstə.

<<<SONA ABBASƏLİQIZI TƏBRİK EDİR:>>>

GÜL ÜZLÜ HƏKİM

Ruhunda gözəllik təravəti var,
Könüllər oxşayan məlahəti var.
Şəfalı qəlbinin şəfaəti var,
Dərmandır hər sözü Rəna həkimin.

Bahara döndərir elə bil qışı,
Ümid soraqlıdır doğma baxışı.
Bəxtini bəzəyir sevgi naxışı,
Nur saçır gül üzü Rəna həkimin.

Dərdin dağlarını yerə sindirir,
Mürgülü bəxtləri o diksindirir.
Üşüyən ümidi çox isindirir,
Sönməz odu,közü Rəna həkimin.

Həyat yollarında çəksə də cəfa,
Hippokrat andına eyləyib vəfa.
Xəstələr əlində tapdıqca şəfa,
Daim gülüb gözü Rəna həkimin.

Geydiyi ağ xalat ümid rəngidir,
Şəfalı bir ömrün xoş ahəngidir.
Ömrə ömür qatır dərdi ləngidir,
Gecəsi- gündüzü Rəna həkimin.

Bir mələk sağdadır, bir mələk solda,
Sona,o gəncləşir hər bir sağolda.
Xeyirxahlıq adlı şərəfli yolda,
Qalacaqdır izi Rəna həkimin.

Müəllif: SONA İSMAYILOVA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏSƏD CAHANGİR YAZIR

Əsəd Cahangir: –  “Ədəbi gənclik nə istəyir?”

Dördüncü hissə    

Daha çox sevgi mövzusuna meyl edən xanım yazarlar Göydəki Kişi yox, yerdəki kişilərə münasibətdən yazırlar. Bu hekayələri oxuya-oxuya ünlü italyan tradisionalisti Yulius Evolanın “Cinsin metafizikası” adlı özündən də ünlü əsərində dediyi “Qadınlar Allaha birbaşa yox, kişi (ata, qardaş, ər, sevgili- Ə.C.) vasitəsilə bağlanırlar” fikrini xatırladım.  

 Şahanə Müşfiqin “Çat” hekayəsində atası tərəfindən atılmış məktəbli qızın ürəyində ataya qarşı nifrət və sevgi əvəzlənmələrinin yaratdığı çatdan söz gedir. Mən bunu müstəqillik dövrü gəncliyinin Allah-ataya münasibətindəki ziddiyyət və tərəddüdlərin ifadəsi kimi də yoza bilərdim, amma yozmayacam, çünki subyektivizmə yol verəcəyimdən ehtiyat edirəm. “Çat”, əlbəttə, gənc yazar üçün pis başlanğıc deyil. Amma mən tez-tez bu və ya digər mükafata layiq görülən, ümumən diqqət və qayğıyla çevrələnən Şahanədən o diqqət və qayğıya uyğun daha ciddi şeylər gözləyir və inanmaq istəyirəm ki, ədəbi camiənin ona olan etimadında çat əmələ gəlməyəcək.   

 Şəfaqət Cavanşirin ər, arvad və məşuq triosu üstündə qurulmuş “Gecikmiş qisas” hekayəsi, freydist terminlərlə desək, “doğma kişi” yox, artıq “özgə kişi”lərdən danışır. Bu, ailədəki soyuqluq üzündən başqasına meyl edən və üstündən 23 il keçəndən sonra əri tərəfindən qətlə yetirilən bir qadının kədərli hekayətidir. Şəfaqət özü trionun hər üç tərəfini “başa düşdüyü”  kimi, oxucunu da qəhrəmanları “anlamağa” çağırır. Amma işin üstü açılanda səssizcə aradan çıxan məşuqa gizli ironiya müəllifin həlledici anda öz qadın qəhrəmanıyla həmrəylik göstərən xanım yazar olduğunu göstərir. Daha ciddi və daha gizli müəllif ironiyası ləkələnmiş namusunun qisasını nələrisə mülahizə edib on illərlə ləngidən ərə qarşıdır. Lakin istənilən halda Şəfaqət şərq qadınının yaşam haqqı və seçim hüququndan maraqlı tərəf kimi danışmır və açıq feminist  mövqe sərgiləmir. Onun hədəfi bu və ya digər tərəfdən daha çox, qadını xəyanət, əri cinayətə sövq edən sosial-psixoloji durumdur. O, hökm verməkdən daha çox, sual verir: Biz, axı, niyə bu gündəyik?!    Kriminal və erotikanın kəsişdiyi süjet, oxucunu intizarda qoyan konflikt, təbii açılış, gözlənilməz final, real insan surətləri, obyektiv müəllif mövqeyi…  Hər hansı bir əsərə yaxşı demək üçün daha nə lazımdır ki? Bəs, niyə  hekayəni oxuyub başa vuranda biz içimizdə bir boşluq duyur, özümüzü süfrədən ac qalxan adam kimi hiss edirik? Şəfaqətin söz süfrəsində çatışmayan o eliksir nədir?       Biz hekayədə qəhrəmanların bədənini az qala bütün çılpaqlığıyla görür, amma könlünü bütün dərinliyi ilə görə bilmirik. Onların sümüyü, əti, qanı, ehtirası, hətta ürəyi də var, amma könlü sanki yoxdur. Bu, bizi autsayder durumuna – mətndənkənar vəziyyətə salır. Çünki könlünü bizə açmayan  qəhrəmanlara biz də könül açmır, özümüzü onlarla eyniləşdirmir, hadisələrin iştirakçısı yox, kənar müşahidəçisinə çevrilirik. Nəticədə qəhrəmanlar bir-birini, biz isə onların heç birini  sevmirik. Amma məsələnin kökü nə qəhrəmanlar, nə də oxucu yox, müəllifin özündə – onun birtərəfli “sevgi” anlayışındadır. Sevgi həm könül, həm də bədənlə bağlı mürəkkəb duyğudur. Şəfaqətin nəzərində isə o ancaq bədənlə bağlıdır və sadəcə ehtiras deməkdir. Hekayədə çatışmayan eliksir  də məhz sözün əsl anlamında sevgidir.             Erotik səhnələrin açıq təsviri Şəfaqətin  hekayəsinə yeni dönəmin verdiyi sərbəstlik hesabına daxil olur. Amma  istənilən halda o, ailə-məişət intriqaları üstündə qurulmuş belletrist əsərlərin müəllifi, sovet dönəminin populyar yazıçıları  Xalidə Hasilova və Əzizə Əhmədovanı yada salır. Deyəsən, elə yazıçılar indi yoxdur, varsa da üzdə deyillər. İri həcmli janrlara keçmək şərtilə onların yerini tutmaq şansını yaşıdları arasında ən çox Şəfaqətdə görürəm. O oxunan, sevilən, populyar bir romançı ola bilər. Əlbəttə, ürəklə bədəni, sevgiylə ehtirası qarışıq salmamaq şərtilə.  

 Çinarə Nüsrətlinin “Şaxta həkim” hekayəsində də klassik sevgi üçbucağı öz yerində qalır, sadəcə, əri nişanlı əvəz edir. Hər iki hekayədə Leyla var, amma Məcnun yoxdur. Hər ikisi kinoserial sənətiylə bağlı  bu xanımlar öz hekayələrində ünlü Hollivud rejissoru Mel Gibsonun “Qadınlar nə istəyir?” sualına sanki cavab verirlər – sevgi! Hər iki yazarın yerdəki kişidən küskün qadın qəhrəmanı Göydəki Kişinin yanına gedir – birincidə qətl, ikincidə intihar yoluyla! Amma realist Şəfaqətdən fərqli Çinarə daha elit modern üsluba iddialıdır. Bu üslub artıq Xalidə və ya Əzizə xanımı yox, onların batılı çağdaşı Fransuaza Saqanı xatırladır. Daha ciddi fərq isə gənc yazarların sevgiyə münasibətindədir: Şəfaqətin ayaqlarını yerə möhkəm dirəmiş qəhrəmanının eşqi real, ehtirasla dolu, cismanidir; Çinarənin xəyalı efir boşluqlarında süzən qəhrəmanının sevgisi isə romantik, ehtirasdan arınmış, platonikdir.           Siz, yəqin ki, qış günü qar üstünə düşən günəş şüalarının necə göz qamaşdırdığının fərqinə varmısınız. “Şaxta həkim” məndə   həmin assosiasiyanı doğurdu. Hekayəni oxumağımdan bir neçə ay keçib, süjet, qəhrəman, personajlarla bağlı bəzi təfərrüatları artıq unutmuşam, zamanla yəqin hələ çox şeyi unudacam.   Amma əminəm ki, hekayəni oxuyanda duyduğum daxili işıqlanma yaddaşımda ömürlük qalacaq.  O, müəllifin ürəyinin işığıdır. O işıq Çinarə və onun qəhrəmanı kimi, mənə  də imkan vermədi ki, dəhşətli intihar ağrısını zərrə qədər də olsa, hiss eləyim. Elə bil ki, psixotrop dərman qəbul eləmişdim. Halbuki, eyni və ya yaxın səbəbdən intihar edən Emma, Anna və Təhminənin ölüm ağrılarını ən küt oxucu belə bütün kəskinliyi ilə duyur. Çünki Flober, Tolstoy və Anarın qəhrəmanından fərqli  Çinarənin qəhrəmanı məxluqu qoyub, Xaliqi, ölümlünü qoyub, ölümsüzü seçir və nəticədə ölüm körpüsündən qorxu-hürküsüz, quş kimi keçir!     Eşq ölümdən güclüdür! Çinarə təkcə oxucunu  yox, özünü də yüzilləri keçib gələn bu irfani həqiqətə yenidən inandırmaq istəyir. Amma, məncə,  qəhrəmanın “Leyli və Məcnun”a birbaşa istinad etməsinə ehtiyac yoxuydu. Çünki hadisələrin özünün daxili inkişaf məntiqi onsuz da Füzuli deyəni təsdiq edir, bir tərəfdən də qəhrəmanın qayıdıb çılpaq sitatçılıq eləməsi süni görünür və oxucuya etimadsızlıq təsiri bağışlayır.        Mən ölümün estetik fenomen ola biləcəyini ilk dəfə “Mahnı dağlarda qaldı” tamaşasının finalında (rejissor Ə.Ələkbərov) sevgilisinin tüfəngiylə özünü ürəyindən vuran və dünyaya son dəfə bir qu kimi oxuya-oxuya göz yuman Şahnazın ölümündə görşüməm. Ölüm bu qədər şahanə ola bilərdimi?! Yox, bu ölüm deyildi – sevgi, gözəllik və sənətin qovuşduğu ölümsüzlüyün özü idi! Sonralar “Yeddi oğul istərəm” (rejissor T.Tağızadə) və “Hamlet” (rejissor Q.Kozintsev) filmləri, “Çar  Edip” (rejissor B.Osmanov) tamaşasında ölümün “gözəlliyi” ilə təkrar-təkrar qarşılaşdım. Səhranın məchul sonsuzluğuna doğri getdikcə anbaan kiçilib bir nöqtəyə dönən Humay, göz yaşı kimi dumduru, lal sulara bir sona kimi qərq olan Ofeliya, göyərçin qanadlarını xatırladan əllərini çırparaq pillə-pillə səhnənin arxasına enən və tüstülər-dumanlar içində yoxa çıxan İokasta… Çinarənin dan yeri sökülməmiş ağ   örtüyə bürünüb xəstəxana pəncərəsindən quş kimi süzən qəhrəmanı bu hissi mənə yenidən yaşatdı. Amma necə olursa-olsun, ölüm elə ölümdən, onun estetik təsviri isə ağrıkəsici dərmandan başqa bir şey deyil. Gəlin, özümüzü aldatmayaq, Şahnaz  haqlıdır – “o mahnılar artıq dağlarda qalıb!”       Düzünü deyim ki, Çinarənin ssenarisi əsasında çəkilmiş teleseriallara baxmamışam. Məsələ Çinarədə deyil, ailə-məişət dedi-qodularına köklənən bu janra ayrılan vaxtı ümumən itki sayıram. Amma maksimalist də deyiləm, başa düşürəm ki, Çinarə də daxil olmaqla hamı evinə bir tikə çörək aparmalıdır. Buna baxmayaraq, “Şaxta həkim” hekayəsi müəllifinin serialdan ciddi nəsrə keçmək imkanını aydın görürəm. Bunu görə-görə də imkanım ancaq sual verməyə çatır: serial, yoxsa sözün həqiqi mənasında nəsr? Bu dilemmanı necə çözmək artıq Çinarənin haqqıdır. 

     Öz adaşından fərqli Çinarə Ömray kişisiz qadın yox, qadınsız kişidən danışır. Çinarənin Qarabağ davasında evini, ailəsini itirib, ağır sarsıntı keçirən və dəlixanaya düşən qəhrəmanı vaxtaşırı ona baş çəkməyə gələn yazıçıya başına gələnləri danışa-danışa sanki ömürlük yuxudan ayılır və öz durumuna dözməyib intihar edir (“Məcnunxana”)     Qaçqın bölgəsindən olması, davada əzizlərini itirməsinə baxmayaraq, Çinarənin məqsədi müharibə əleyhinə yazmaqla qurtarmır. “Bəlkə, dəlilər ağıllı, ağıllılar dəlidir?”, mütləq həqiqətin  ölçüsü yoxdur, hər şey nisbidir  kimi bu gün dəbdə olan relyativist ideya da onun son qayəsi deyil. Çinarənin fikrincə, həqiqət nə din, nə mif, nə elm, nə də mistika yox, həyatın özündə, müharibənin dəhşətlərindədir. Və əgər biz bu amansız dünyada həqiqəti görsək, yaşaya bilmərik. Odur ki, bircə yol var – həqiqətdən qaçıb, yalana sığınmaq! Yaşamağın bir üsulu var – yalan!   Amma, görəsən, gənc yazar bu mövqeyində israrlıdırmı? Məncə, yox. Bu, onun hekayəsinə postmodernist ikibaşlılıq gətirir. Qəhrəmanla yazıçı, gerçəklə yalan, həyatla sənət, tragizmlə gülüşün qarışması isə bu çaları bir az da gücləndirir. “Məcnunxana” antologiyadakı hekayələr arasında postmodernizmə meylli, yəqin ki, yeganə mətndir. 

Qafar Rüstəm “Su pərisi” hekayəsini qadın həmrəyliyi göstərən xanım yazarlara sanki bir cavab kimi yazıb. Anasız böyümüş balıqçı oğlu atasının ölümündən sonra su pərisiylə evlənir, amma azadlığını itirməsiylə barışmayan dənizlər gözəli bir gün ərindən xəbərsiz dalğaların qoynuna qayıdır. Balıqçının körpə oğlunu da anasız böyümək əzabı gözləyir. O, mərhum atasının “Qadın şeytan kimi bir şeydir, onun cazibəsinə qapılsan, özünü bədbəxt edərsən” – sözlərini yada salır. Amma müəllif bu patriarxal fikri elə də həvəslə bölüşmür.     Klassik, səliqəli nəsr dilində yazılmış hekayənin fantastik romantikası fonunda daha bir realist fikir su pərsindən gəlir  – sevgi azadlığı boğur! Qafar bu maksimalist fikrə də şübhəylə yanaşır. Müəllif də, onun balıqçı qəhrəmanı da daha çox bu fikrin üstündə durur: insan daim “Sevgi, yoxsa azadlıq?” dilemması önündədir; həyat, bəlkə də, elə bu çözümsüz dilemmadan ibarətdir.     Amma mətnin alt qatından daha bir fikir də boylanır – son ünvanın həqiqət yox, mif (su pərisi!) olduğu yerdə hətta ən romantik sevgi belə məhvə məhkumdur. Bir addım da irəli atsaq, hekayə “qadına (insana!) sevgi mifdir, yalnız ilahi eşq əbədidir”  fikrini diktə edir.  Əlbəttə, Qafarın evdən qaçmış su pərisini geri qaytarmaq üçün dənizə üz tutan qəhrəmanı məcnunluqdan uzaqdır.  Bəs, müəllif buna nə deyir? Hekayənin mətni bu barədə susur. Məncə, bu sükut  Qafarın sufi düşüncəsiylə dialoqunun dərin şüuraltı qatda getməsinin göstəricisidir. Onun şüuru dərinlikdən gələn səs dalğalarını, olsun ki, tutmur.   Bəlkə də tutur, sadəcə, mən bunu tuta bilmirəm.    Bütün bunlar gözəl! Amma öz qəhrəmanını Santyaqo adlandıran Qafarın “Qoca və dəniz” müəllifi Heminqueylə dialoq çabası mənə bir az formal, səthi,  hətta lüzumsuz təsir bağışladı. Lakin hər ziyanın bir xeyri var –  deməli, gənclərimiz milli bədii ənənələrə dərin, qərbin təsirinə isə dayaz tellərlə bağlıdır. Bunlardan birincisi həqiqi intellektin, ikincisi isə intellektual görünmək istəyinin göstəricisidir.  

Pərviz Seyidli alleqorik məzmunlu “Dibçəyin intiharı” hekayəsini trio üstündə qurur: atadan qalan biznesi  təkbaşına idarə edən gənc və gözəl qızı iki  oğlan sevir – biri onun özünü, ikincisi isə pulunu.  Qız öncə yanılır, amma olayları izləyən və bizə danışan kaktusun ikinci mərtəbənin pəncərəsindən dibçəkqarışıq məkrli adaxlının başına düşüb, onu öldürməsi nəticəsində qəflətdən ayılır və  bu dəfə əsl seçimini eləyir.    Qafardan fərqli olaraq, Pərviz qadın-kişi məsələsində xanım yazarlara alternativ mövqe sərgiləmir, amma onlarla həmrəylik də nümayiş etdirmir. O həm saxtakar, həm də həqiqi aşiq obrazı yaratmaqla iki tərəfə də vurur:   kişilərin içində, əlbəttə, nalayiqləri var; amma namusluları da az deyil; baxır adamına. Lakin bu ikibaşlılıq alt qatdan göz vuran antifeminist müəllif ideyasını gizləyə bilmir – qadınlar çox vaxt həqiqini saxtadan ayıra bilmirlər.        İlk baxışda elə görünür ki, hekayənin aktuallığı ilə onun arxaik təsir bağışlayan alleqoriyası arasında ziddiyyət var (Ümumən, alleqoriya mənə həmişə bədii nəsrin başlanğıc dönəmini – “Kəlilə və Dimnə” erasını yada salır) Lakin müəllifin məqsədi məhz bu ziddiyyəti nəzərə çarpdırmaq olduğundan hekayənin “zəif” tərəfi onun gücünə çevrilir, forma ideyanın daha qabarıq ifadəsinə xidmət edir. Pərviz bizə “görün, insan ağlını nə qədər itirib  ki, Allahın dilsiz-ağızsız bitkisi dilə gəlir” demək istəyir və alleqoriyaya da , məncə, bu üzdən müraciət edir.     “Dibçəyin intiharı!” Pərviz öz hekayəsinin adına yenidən baxmalı olacaq. Çünki hekayədə özünü pəncərədən atan dibçək yox, kaktusdur. Digər yandan kaktus özünü yox, başqasını öldürmək istəyir və deməli, burda intihardan  söhbət getmir. Mən ehtiyatda olan adlardan ilk ağlıma gələnləri təklif edirəm: “Dibçəyin ölümü”; “Kaktusun fədakarlığı”; “Məkr və məhəbbət”…    Yeri gəlmişkən, dramatik konfliktə,  melodramatik məzmuna, aktual problematikaya malik bu hekayənin  peşəkar insenirovkası gənclər tərəfindən maraqla qarşılanacaq bir tamaşaya səhnə həyatı verə bilər. Pərvizin ixtisasca rejissor olması və çalışdığı litseydə tamaşalar hazırlamasını nəzərə alanda isə bu ideya elə də fantastik görünmür. Məncə, nəticədən asılı olmayaraq, böyük səhnəyə çıxmağa ən azı cəhd etmək olar.      

 Günel Şamilqızıdaözünün “Balaca qara corab” hekayəsini alleqorik üslubda yazıb. Amma əgər Pərviz bitkini dilləndirirsə, Günel  bir addım “dərinə” atıb, cansızların (corab) dilini açmağa iddia edir. Ona görə “dərinə” deyirəm ki, bitkilərə baxanda cansızlar bizdən daha uzaqdır və deməli, onları dilləndirmək daha çətindir. “İddia edir”i isə ona görə  deyirəm ki, Günelin alleqoriyasını coraboloji  dildən insan dilinə çevirmək mənə bir az zor gəldi. Hekayənin ara-sıra hansısa cümləsindən göz vuran mesajlar kələfin ucunu tapacağıma ümid oyatsa da, hər dəfəsində bu eləcə ümid olaraq da qaldı. Çünki bu mesajlar birləşərək sonrakı öncəkini davam etdirən, tamamlayan və açıqlayan bədii sistem yaratmır, bütün mətni vahid ideya məcrasına salan düşüncə axarına çevrilmirlər  (Əslində, normal, standrat həcmdə olan hekayə yəqin buna görə bir az uzun təsir bağışlayır) Bəlkə, əksinə, mənim deşifrə qabiliyyətim zəifdir, fəhmim yetərli deyil? Bu fikirlə razılaşmır, hekayəni bir də, bir də oxuyur, üçüncü oxunuşdan sonra özümün də tam əmin olmadığım bir qərara gəlirəm – deyəsən, burda söhbət kütləni sevən, amma kütlə tərəfindən sevilməyən insandan gedir. Söhbətin şlyapadan yox, corabdan getməsi isə göstərir ki, bu şəxs özü də corab kütləsiylə birlikdə sosial nərdivanın ən aşağı pilləsində (ayaqda) qərar tutur. Amma öz aralarında ümimi dil tapmamaq corabların ayaqdan başa keçməsinə imkan vermir.  Onlar corab taleyinə sadəcə məhkum yox, həm də layiqdirlər. Lakin, görəsən,  bunlar mənim filoloji fantaziyamdan doğan subyektiv yozumlarım deyil ki?      Günel, təbii ki,  özünün hər alleqorik cümləsiylə oxucuya nəsə sətiraltı mesaj ötürmək istəyir. Amma o, öz fikrindəkilərdən oxucunu da tam (!) agah edə bilirmi? Təəssüf ki, onun bu yöndəki uğurundan birmənalı danışa bilməyəcəm.  Lakin bunun səbəbini Günelin bacarıqsızlığı yox, əksinə, özünü qədərindən artıq gizləmək bacarığında görürəm.    Yazıçılar mətndə özlərini gizləmək baxımından bədiilik ölçüsünü iki cür aşır – ya bunu qədərindən artıq eləməklə ifrata, ya da əksinə eləməklə təfritə yol verirlər. Məncə, Günel birincilərdəndir. Amma maraqlıdır – senzuranın 20 il öncə aradan qalxdığı, azad, suveren, demokratik bir ölkənin gənc yazarı  kimdən, nəyi və niyə gizləyir?    Mən bunun səbəbini hansısa amillər yox, müəllifin özünün xarakterindəki çəkingənlik, müsəlman-şərq ölkəsində yazar olmağın gənc bir xanım üçün yaratdığı sosial maneə və psixoloji komplekslərdə görür və etiraf eləyim ki, məhz bu üzdən Günelə özəl sayğı duyuram. Günel ümumən öz ziyalı mədəniyyətiylə rəğbətəlayiq bir yazar, öz davranışıyla hörmətəlayiq bir xanımdır. Baxın, adi bir geyim növünə münasibətindən onun xarakteri, evdarlığı, ailəsinə olan qayğısı – bir sözlə, öz evinin həm xanımı, həm də qulluqçusu olması necə aydın görünür! Təkcə əşyalar yox, sözlərə də ana-bacı nəvazişi, qadın qayğısı duyulan bu hekayəni, məncə, saqqallılar kateqoriyasından olan heç bir yazar yaza bilməzdi. Hazırda bu imicdə xanım yazarlara ədəbiyyatın da, ədəbi mühitin də tələbatı, özü də böyük tələbatı var. Sözün onlarla sevgilisi olan yerdə, bir-iki nəfər də ana-bacısı olmalı deyilmi? Amma oxucunun da öz tələbi var – o yazıçını düzgün və axıracan başa düşmək istəyir. İnanıram ki, Günel də keçmiş müəlliminin bu qeydlərini düzgün başa düşəcək, onun sözlərindən həmişə olduğu kimi yenə də müsbət nəticə çıxaracaq.    

 Pərvin Nurəliyevanın çoxsaylı ödüllərə layiq görülən və öz müəllifinin ədəbi kimliyinə çevrilən “Balerina” povesti qadın və kişi yox, insan və sənət probleminə həsr olunub. Pərvinin həqiqəti din, mif, elm, mistika yox, sənətdədir. Bu onun povestinə aşırı bir estetizm aşılayır. Fiziki qüsuru üzündən balerina ola bilməyən qadın öz istəyini qızının timsalında gerçəkləşdirmək istəyir, amma eyni səbəbdən bu arzu da baş tutmur. Qızcığaz televiziyada uşaq verilişlərinin aparıcısı kimi sınaqdan uğurla keçir. Ən yaxşısı həyatda məhz sənə məxsus olan yeri tapmaqdır. Böyük Nizami demişkən, “kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan.” “Balerina” bu ən ümumi ideya yönündən “Dantenin yubileyi” (Anar) povestiylə səsləşir. Təbiidir ki, bir neçə fərqlə – Anarın tragikomizmini burda lirodramatizm, teatrı balet, aktyoru “balerina”, şikəst oğulluğu qüsurlu qız   əvəz edir.    Amma Pərvinin dialoqu təkcə Anar və sadəcə nəsrlə məhdudlaşmır. Povest özünün süjet və ideyası etibarilə italyan neorealist rejissorlarından De Sikanın  “Ən gözəl” (1951), rənglər və insan psixologiyası arasındakı əlaqə yönündən isə Antonioninin “Qırmızı səhra” (1964) filminə mesaj göndərir.  “Balerina”nı kinopovest kimi nəzərdə tutan müəllifin dünya kinosunun ünlü isimləriylə dialoq çabaları məntiqidir. Pərvinin hadisəni danışmaqdan daha çox  göstərməyə meyl etməsi də ekran effekti yaratmaq istəyindən xəbər verir və ən ümumi şəkildə götürəndə o buna nail olur. Özəlliklə də, povestin başlanğıcında qəhrəmanın duyğularıyla rənglər arasındakı ahəngin metaforik ifadəsi uğurlu alınıb. Bu impressionizm şeirimizdə  R.Rzanın “Rənglər” silsiləsində təxminən 60 il öncə öz ifadəsini tapmışdı, amma nəsrimizdə, mənim bildiyim qədər, ilk  belə cəhddir. Povestin hər yeri eyni uğurla işlənməsə də, bəzi yerlərdə hissin və fikrin inkişafında pauzalar yaransa da, əsər başladığı templə bitməsə də, Pərvin başlanğıc hissəni, ümumən  bəzi epizodları sanki yazmır, çəkir. Belə rəssamlıq işinin nəsrimizdə gözəl örnəklərindən biri A.Məsudun “İzdiham” povestidir. Bir fərqlə ki, A.Məsud sürrealist, Pərvin isə impressionist “rəssamlıqla” məşğuldur.  Amma onların hər ikisini özündə birləşdirən bir cəhət var –  metaforizm, nəsrlə şeirin sintezi. 

   Söz şeirdən düşmüşkən, artıq nəsrlə vidalaşıb şeirə keçməyin, gənc şairlər haqqında danışmağın vaxtı deyilmi?  

(…ardı var… – V hissə)

Müəllif: Esad Cahangir

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

GƏRAY GÖYYURD

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün ( 7 Sentyabr 1964 ) gözəl insan, dəyərli dostumuz, tanınmış şair Gəray Göyyurdun doğum günüdür. Ad gününüz mübarək, Gəray müəllim!!! Uca Yaradandan Sizə uzun ömür, can sağlığı, bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik. Uğurlarınız bol olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏBÜLFƏZ ÜLVİ

ƏBÜLFƏZ ÜLVİNİN SÖZ DÜNYASI

HƏMİN AN

Nə qədər kreslo altmda idi,
Görürdüm taleyim yoxdan güc alır.
Görəsən bu çürük ənənə nədir,
Niyə uca insan altdan ucalır?

Yaman çoxalmışdı dostum, həmdəmim,
Bığımın altından keçirdi çoxu,
Ömrümdə bir dəfə içməyən mənim,
Lüm-lüm sağlığəma içirdi çoxu.

Növbəyə dururdu haqqımda bəhslər,
Canımı salama doyururdular.
Özünü qoruya bilmyən kəslər,
Mənim şərəfimi qoruyurdilar.

Çıxdım təqaüdə, burda nə vardı?
Qaçdı görmək üçün məni ləlilkər.
Elə ki, bağımdan ərik qurtardı,
Sanki azarladı salaməliklər.

Heyrətdən saçıma qar tökülüb, qar,
Üzür ürəyimi bir fikir yaman.
Niyə təqaüdə çıxan adamlar,
Sanki adamlıq dan çıxır həmin an.
05.09.2019.

ƏBÜLFƏZ ÜLVİNİN SÖZ DÜNYASI

UNUTMALIYDIM

Səndən xəyanəti görməmək üçün,
Mən səni vaxtında unutmalıydım.
Bu ağrı-acından ölməmək üçün,
Mən səni vaxtında unutmalıydım.

İndi şah əhdimiz taxtsız sayılır,
Ömür gülməyəndə bəxtsiz sayılır,
Daha bu unutma vaxtsız sayılır,
Mən səni vaxtında unutmalıydım.

Çən düşür, dilini çənin bilmirəm,
Nədən qaynaqlanır “mən”in, biımirəm,
Unutma vaxtını sənin bilmirəm,
Mən səni vaxtında unutmalıydım.

Dəyişik salanda görüş vaxtını,
Onda yazmalıydım “nifrət” aktını,
Səndə də vardırsa göstər, faktını,
Mən səni vaxtında unutmalıyıdım.

Ülvi dedikıəri nə şər, nə şərtdi,
Səninlə ötüşən hər anı pərtdi,
Vaxtsız unutmağım ikinci dərddi,
Mən səni vaxtında unutmalıydım.
03.09.2019.

ƏBÜLFƏZ ÜLVİNİN SÖZ DÜNYASI

YAXŞIDIR

( Şəbi Hicran adı ilə “FB”də dostluğumda olan bir aqil insanın hikmət toplusundan.)

Ürəkdə olmayan, yaddaşda qalmaz,
Hər kəs bu hikmətə baxa, yaxşıdır.
Söz vardır:- ucuzdan bahası ölmaz,
Yer də var, ucuzdan baha, yaxşıdır.

Gen olmaz, dost dosta, əgər təndisə,
Dağıt ətrafını, ətraf çəndisə,
Eyibli göstərən pencəkdəndisə,
Eyibsiz göstərən çuxa yaxşıdır.

Elə al, sinəni bəzəsin nəfəs,
Ərə ər deiilir, nakəsə nakəs,
El haqda hərcayi çıxış edən kəs,
Elin yaddaşınan çıxa yaxşıdır.

Kədər gətirirsə at yarağını,
Məhəbbət gətirsin qoy sorağını,
Sevən, sevən qəlbə eşq bayrağını,
Əllə yox, ürəklə taxa yaxşıdır.

Ülvi, haqqı yaşat daim qanında,
Bivecə yer vermə əziz canında,
Ağlı qalmayanın sənin yanında,
Özü qalmaması , daha yaxşıdır.
03.09.2019.

ƏBÜLFƏZ ÜLVİNİN SÖZ DÜNYASI

ÇƏKSİN

Adımız sevdaya tən yazılıbsa,
Yol verməz bu yazı pozunu çəksin,
Mənim taleyimə sən yazılıbsa,
İnanma özgə bir yazını çəksin.

Şərait yaratma sözün utansın,
Ocağın qəm çəksin. közün utansın,
Elə iş görmərəm üzün utansın,
Özünə qırmızı pazını çəksin.

İnamı qəlbimə elə eylə həkk,
Ona əsir olsun daim şübhə, şəkk,
Sən mənim şəklimi tək qəlbinə çək,
Mənim bütöv canım nazını çəksin.

Ey gül, sən gülsənsə, gəl gül bağçama,
Mehrindən, sehrindən sər tül, bağçama.
Səni gətirirəm bülbül bağçama,
Bəlkə qazsevərlər, qazlnı çəksin.

Hicran süzdürməsin qoy gözün, qaşın,
Vüsala yer vardır gəlsə min maşın,
A canım, elə əz həsrətin başın,
Ülvi öz əliylə ağzını çəksin.

01.09.2018.

ƏBÜLFƏZ ÜLVİNİN SÖZ DÜNYASI

DÜŞÜB

Səni gözüm tutdu, yer yox şəkk üçün,
Qəlbimə eşqinin havası düşüb.
Hansı çox sevdiyin bildirmək üçün,
Ürəklə gözümün davası düşüb.

Elə rişə atıb kökün könlümə,
Qoymayır intizar yükün könlümə,
Sənə yer ayırmaq üçün, könlümə,
Əvvəlcə Tanrının duası düşüb.

Güllər elə gülür, qaynayır qanım,
Bilmirəm bu sirri mən necə anım ?
Sanki gülüşünə onların, canım,
Sənin gülüşünün şüası düşüb.

Elə sehrləyib həya birçəyi,
Ətrində rol alıb iydə çiçəyi,
Elə bil üzünə lalə ləçəyi,
Həm də ulduzıarın boyası düşüb.

Sənsiz ünüm batar, ruihum diz çökər,
Söz var qərib quşun evin Rəbb tikər,
Sənin də talenə, ay dili şəkər,
Yuvaslz birinin yuvası düşüb.

Qoyma Ülvi ilə həsrət əylənə ,
Məni Məcnun etdin, çevril Leylimə,
Niyə öldürürsən, yoxsa meylinə,
Könlünə mərasim halvası düşüb?
30.08.2019.

Müəllif: ƏBÜLFƏZ ÜLVİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Müzəffər Məzahim

MÜZƏFFƏR MƏZAHİmin söz dünyası

HAQQA LAYİQ OL

El içində saf dolan , pak adla xoş niyyət qazan,
Ol ləyaqət timsalı , səksiz səlahiyyət qazan.

Olma şöhrət , var əsiri , çünki yoxdur faydası,
Axirət dünyasına hazırla yük , xeyrət qazan.

At əda hisslərini , ol sadə Allah bəndəsi,
İnsan ol , insanlara hörmət elə , biət qazan.

İstəsən könlün firavan , ömrün olsun çox rahat,
Ol şirindil , qəlbi saf hər kəslə ünsiyyət qazan.

Ömür Allahdan mükafatdır , Müzəffər , düz yaşa,
Haqqa layiq ol , döyüş nəfsinlə , hürriyyət qazan.

==== Müzəffər Məzahimin söz dünyası ====

MƏNİM ÜRƏYİMDƏ

Qışa, payıza dönübdür,
Yazlar mənim ürəyimdə.
Daha isinib əriməz,
Buzlar mənim ürəyimdə.

Əldən çıxan son fürsətin,
Məğlubiyyət xəcaləti,
Əl çatmayan yurd həsrəti,
Sızlar mənim ürəyimdə.

Əlacsızdır dərdlərimiz,
Əhilləşib qurdlarımız,
Qərib düşən yurdlarımız,
Bozlar mənim ürəyimdə.

Qız həyalı qarıyan bəxt,
Qismətini arayan bəxt,
Başqasına yarıyan bəxt,
Nazlar mənim ürəyimdə.

Sevdilər, sevilmədilər,
İçimdən qəm silmədilər,
Xoşbəxt ola bilmədilər,
Qızlar mənim ürəyimdə.

Pıçıldayar su yanıqlı,
Haray çəkər qu yanıqlı,
İnildəyər bu yanıqlı,
Sazlar mənim ürəyimdə.

=== Müzəffər Məzahimin söz dünyası ===

SAZIN

Bir həzin yaz axşamı,
Olduq qonağı sazın.
Aşığın yanağını,
Öpdü yanağı sazın.

Axdı nəğməli sellər,
Coşduqca coşdu dillər,
Dedik alışıb tellər,
Yanar çanağı sazın.

Bir duyğulu ürəkdir,
Buluddan da kövrəkdi,
Bizi tarıma çəkdi,
Belə sınağı sazın.

Sığındıq mehrinə biz,
Dözdük hər “qəhrinə” biz,
Bələndik sehrinə biz,
Bu dastan, nağıl sazın.

Müəllif: Müzəffər Məzahim

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Məmməd Qədir – Ana şeiri

Məmməd Qədir Ana şeiri

Ay ana

Hər gün yuxun şirin olsun deyərdin,
Yuxularım zəhər dadır, ay ana.
Şirin-şirin oyadardın, öyərdin,
İndi məni qəm oyadır, ay ana.

Ah, canımda nə göynəyir can yeri,
Gözlərimdən rəngin alır dan yeri,
Gecələrim hərb meydanı, qan yeri,
Anasızlar necə yatır, ay ana.

Yatmadım ki, sənsiz görəm yuxu mən,
Anlamıram bu əcaib yoxu mən,
Sənsizlikdə necə sağam axı mən,
Canım yanır çatır- çatır ay ana.

Eşitmirsən, ürək yaxan çağrımı,
Didib- tökür, parçalayır bağrımı
Yer götürmür, torpaq tutmur ağrımı,
Ahu-naləm göyə çatır, ay ana!

Görünməyən köylərdəsən, bilirəm,
Bağrı yanıq neylərdəsən, bilirəm,
Əlim çatmır, göylərdəsən, bilirəm,
Off, dərgahın nə ucadır, ay ana?!

Allah bilir sənsizlikdə nə çəkdim,
Sənə qurban olmağıma gecikdim,
Sənsiz ömrüm bir misradan kiçikdi,
Məmməd Qədir bir hecadı, ay ana!
Ah, dərgahın nə ucadı, ay ana…

Müəllif: Məmməd Qədir

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Eldar İsmayıl BÖYÜKTÜRK

Eldar İsmayıl Böyüktürk Ana şeiri

ANAMI AXTARIRAM

Könlüm intizardadı,
Gözlərim yollardadı.
Görən anam hardadı?
Anamı axtarıram!

Günəş nurun yaxanda,
Eyvanıma axanda…
Mən otaqdan çıxanda
Anamı axtarıram!

Üstümdən yel əsəndə,
Soyuq məni kəsəndə…
Bacılarım küsəndə
Anamı axtarıram!

Ağlayanda, güləndə,
Göz yaşımı siləndə…
Axşam evə gələndə
Anamı axtarıram!

Bu dağların qaşında,
Baharında, qışında…
Bulaqların başında
Anamı axtarıram!

Kədərlər tufanında,
Həsrətlər ümmanında…
Atamın hicranında
Anamı axtarıram!

Ömrümün hər anında,
Ürəyimin qanında…
Anaların yanında
Anamı axtarıram!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru