Almanı atdım xarala

ALMANI ATDIM XARALA

Mahnı Sözləri – Xalq Mahnısı

Almanı atdım xarala
Qaldı sarala sarala
Dağlarda döndüm marala
Ay tirmə köynək ay sarı çəpkən
Gəlin haralısan ?
Özü göyçək sözü göyçək
Hara maralısan?

Nəqarət:
Yarın bağında üzüm əsgəri
Bağın dalında həzin səs gəlir
Sağ ol gəl var ol gəl
Bir bizə mehman ol gəl…


Gəlin gedək bizim bağa
Hərə çıxaq bir budağa
Vuruldum bir gül yanağa
Ay gül yanaqlı ay ağ buxaqlı
Gəlin haralısan?
Özü göyçək sözü göyçək
Hara maralısan?

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sima Azadqızı – Ana

MÖHTƏŞƏM MƏBƏDİM, PİRİM, AY ANA!

(Anam Firuzə xanım Ələsgərovaya ithaf edirəm)

Varlığımı varlığına borcluyam,
Mövlam verən dövlət-varım, ay ANA!
Varlığımda “o varlığın” özüsən,
Zəhmətkeş zənburum-arım, ay ANA!

Eləsgər nəfəsli “Göyçə gülü”msən,
Sonası oxlanmış “Göyçə gölü”msən,
Firuzəm, yaqutum, gövhər-ləlimsən,
Tükənməz sərvətim, varım, ay ANA!

Xudadan bağ-bağat, bar istəmirəm,
Dövlət istəmirəm, var istəmirəm,
Yayın ortasında qar istəmirəm,
Baharın yüz olsun, görüm, ay ANA!

Cənnət məkanımsan, Vətən bağımsan,
Sədəflə bəzənmiş ağ otağımsan,
Uca Çalmalımsan, Ağrı dağımsan,
Quzeydə xar tutan qarım, ay ANA!

Yaradanın töhfə verən payısan,
Nəim cənnətisən, Kövsər çayısan,
İlahəsən, mələklərin tayısan,
Müqəddəs varlığım, hurim, ay ANA!

Həcərül-Əsvədim, müşk-ənbərimsən,
Hər gün baş əydiyim iman yerimsən,
Qibləm, səcdəgahım, Kəbə evimsən,
Möhtəşəm məbədim, pirim, ay ANA!

Tanrı pak yaradır qız övladını,
Əmanət göndərir hər bir qadını.
Hər ana doğrultmur ana adını!
Analar anası – pərim, ay ANA!

Adınız çəkilir Vətənlə qoşa,
Sizə səcdə qılır ağa, bəy, paşa…
Allahdan diləyir Sima: “Yüz yaşa!”,
Susmayan kamanım, tarım, ay ANA!

Müəllif: Sima Azadqızı (Göyçəli)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ramiz Həsənli – Dünya şeiri

dünya

Oğullar kiçilir papaq altında,
Duz-çörək heç olur tabaq altında,
Əyricə-üyrücə qapaq altında,
Gör nələr qaynadır qazan, a dünya.

Bir əclaf qudurub tayını yeyir,
Kiminsə haqqını, sayını yeyir.
Bir namərd yüz mərdin payını yeyir,
Beləmi yazıbdı yazan, a dünya.

Yaxşının ürəyi dərdlə dolubdu,
Doğranan, budanan mərdin qoludu.
Elə ən gözəli haqqın yoludu,
Ar olsun bu yoldan azana, dünya.

Ramiz də söyləyir talan dünyasan,
Adəmdən-Həvvadan qalan dünyasan.
Elə əzəl gündən yalan dünyasan,
Doğru demədimi ozan, a dünya.

Müəllif: RAMİZ HƏSƏNLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sima Azadqızı (Göyçəli)

Sima Azadqızı (Göyçəli) haqqında

Sima Azadqızı (Göyçəli) 1974-cü ildə Ulu Göyçə mahalının Ağkilsə kəndində müəllim ailəsində dünyaya gəlib. 11-12 yaşında “Ələsgər nəvəsiyəm” adlı ilk şeirini qələmə alıb. 1988-ci ildə ata-baba yurdundan didərgin düşüb. İbtidai təhsilini doğma Agkilsə kəndində, orta təhsilini isə Daşkəsən rayonunun Bayan kənd orta məktəbində əla qiymətlərlə bitirən Sima xanım, ali təhsil almaq istəyinə nail ola bilməmişdir. 1992-ci ildən Moskva şəhərində yaşayır. Ailəlidir, üç övladı var. Dədə Ələsgərin kötücəsi, İslam Ələsgərin nəvəsi, Firuzə Bisavadın qızıdır.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SONA YUSİF- ABBASƏLİQIZI

İNCİMƏ


Mən adına eşq xənası toxudum,
Gəlişindən sevgi ətri qoxudun.
Baxışından bir küskünlük oxudum,
Gözlərinə qurban olum incimə.

Bu ömürdü hər anı bir naxışdı,
Gah bahardı,gah payızdı gah qışdı.
Xatirələr bir-birinə qarışdı,
Gözlərinə qurban olum incimə.

Eşq mülkündə könlün qurub bir dəyə,
Ömrüm təşnə sevgi dolu, badəyə.
Söz vermişdim gecikdim o vədəyə,
Gözlərinə qurban olum incimə.

Heç vaxt enmə arzuların atından,
Sevgi qoxu gəl Sonanın adından.
İncikliyi çıxar daha yadından,
Gözlərinə qurban olum incimə…

Müəllif: SONA YUSİF- ABBASƏLİQIZI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ALLAHŞÜKÜR AĞA

DÜNYA

Dünyanınki nədir,
Get balaca uşaqla top oyna
Adını da qoy : Dünya.

Topu vur qonşunun pəncərəsinə,
Uşaqlar oyansın şüşə səsinə
Adını da qoy : Dünya.

Əlində dən tut,
bir sərçənin gözündə.
Əllərinə ensin
bir parça
göy üzü.
Adını da qoy : Dünya.

Əllərinə düşsün
bir parça bulud,
Əlində
buğda bitsin.
Adını da qoy : Dünya.

Sevdiyin qızın adı Röyadırsa,
Adını dəyiş qoy
Dünya.
Sev kərəm kimi,
Soyul Nəsimi kimi,
Bit, qurtar,
Bu da sevdiyin Dünya.

Müəllif: ALLAHŞÜKÜR AĞA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Dünyamin Məmmədov

Dünyamin MƏMMƏDOVUN SÖZ DÜNYASI

ACILARIN NƏĞMƏSİ…

(Gecə keçir,qoynundaca…)

Gecə keçir,qoynundaca
yaşandıqca var olmuşam…
Uçunuram uçum-uçum,
ağrılara yar olmuşam…

Canım sancı-sancı olub,
acılardan qaçım necə?…
Qaranlıqda necə bilim-
düşməndimi,dostmu gecə?!…

Bir ömürə sığacaqmış,
eh,nə qədər ağrım mənim…
Elə bil ki,doğranacaq,
bu acıyla bağrım mənim…

Bəlkə,elə son bu imiş,
bəlkə,hələ dözə billəm…
Durum bir az ayaq üstə,
bəlkə,hələ gəzə billəm…

Zülmətlərdən səs eşitdim,
nə bilim ki,nə səsidir…
Bu,bir nəğmə,içimdəki
acıların nəğməsidir…
14.10.2014. Ağdaş.

<<<DÜNYAMİN MƏMMƏDOVUN SÖZ DÜNYASI>>>

QIRXINCI OTAQ…

Nağıllarda 40 otaq var,
hamısında daş-qaş,almaz…
Söyləyir ki,danışanlar:
-qırxıncını açmaq olmaz!…

Dünyaya göz açır uşaq,
sevincimiz aşıb-daşır…
40 gün onu görmək yasaq,
bunu ağbirçək danışır!…

Dünyanı tərk edir insan,
40 gün olur gələn-gedən…
Bu gün,ay Dünyamin,təksən,
40-cı gün…son,adətən!..
13.01.2014. Ağdaş.

<<<DÜNYAMİN MƏMMƏDOVUN SÖZ DÜNYASI>>>

BİR OCAQDI KÖZLƏ DOLU…

İlk məhəbbət-ömür yolu,
adlayırsan,sənin olur!…
Bir ocaq ki,közlə dolu,
odlayırsan,sənin olur!…

İlk məhəbbət-yaşıl pöhrə,
açılaçaq qönçə-qönçə…
Yolumuzda gül olacaq,
bəs edəcək ömrümüzcə!…

İlk məhəbbət-tənha cığır,
bəzən getsən,azacaqsan…
O cığırda ilk nəğməni
axı özün yazacaqsan…

İlk məhəbbət-həzin nəğmə,
ilk dəfədə könül duyur…
Unudulmur,özün olur,
sözün olur ömür boyu!…

İlk məhəbbət-ilk bahar-yaz,
o,xoş nəğmə,şirin avaz…
Ömür keçər,heç bilməzsən,
ilk məhəbbət-unudulmaz!…

İlk məhəbbət-ömür yolu,
adlayırsan,sənin olur…
Bir ocaq ki,közlə dolu,
odlayırsan,sənin olur!…
26.06.14.-10.01.16. Ağdaş.

Müəllif: DÜNYAMİN MƏMMƏDOV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İldırım Əkbəroğlu

BİR PƏRİ YAŞAYIR BU YER ÜZÜNDƏ
(Nəğmə)
Gözümü dünyaya açandan bəri,
Görmədim sevincdən pay verə biri.
Yayıb düz-dünyaya Lalə ətiri,
Tanrının şəfəqi,nuru üzündə,
Bir pəri yaşayır bu yer üzündə.

Kəlamı şirindir,çağır hay verər,
Sən ulduz istəsən o,lap Ay verər.
Qəlbi şadlandırar,sevinc pay verər,
Könlünü oxşayar adi sözun də,
Bir pəri yaşayar bu yer üzündə.

İldırım,saçları gur şəlalədi,
Üzü Günəş kimi nurdu,halədi.
Tərdi,gözəllikdə,elə,Lalədi,
Xoş arzu dilində,gülüş gözündə,
Bir pəri yaşayır bu yer üzündə.

Müəllif: Ildırım Akberoğlu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Adilə Nəzər – Payız

Adilə nəzərdən bir şeir

İÇİM ÇÖLÜM PAYIZDI

Hər yerdə eyni fəsil, hər yerdə eyni hava.
İçim, çölüm payızdı,
rəngim də avazıdı…
Köç edən durnaların avazına boylanır
içimdə rəngi solan gül qoxulu ümidlər.
Çölümdə göy üzünün ətəyindən sarmaşan
o boz-qara buludlar…
Sevmələr, sevilmələr
baharda unudulan toz xatirələr kimi… –
arada yel gətirir qoxusunu burnuma,
havasını alnıma vurur, – duyuram sağam.
o an elə bilirəm,
bir qardələn qoxulu, bənovşə yüklü dağam.
Atəş düşür elə bil içimdən axan çaya,
bu gedişlə uzanır yol on üçüncü aya…
İçimdə yoruluram yorğun qəlb daşımaqdan,
çölümdə başım dönür, fırlanır yaşamaqdan.
Vaxtsız bir sevgi düşür son qismət tək qarşıma,
əyilib qaldırmağa taqətim yox, gücüm yox, –
yol yaxındı, vaxt azdı…
Hər yerdə eyni fəsil – içim, çölüm payızdı…

Müəllif: ADİLƏ NƏZƏR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Pərvanə Bayramqızı

  “Lazım
Qapının yavaş-yavaş aralandığını görüb eynəyini çıxarıb içəri kimin girəcəyini gözlədi. Amma heç kəs görünmürdü. Nəsə baş verəcəyini hiss edirdi. Gözləməyə hövsələsi çatmadı, durub qapıya tərəf getdi. Yalnız indi cəftəni tutan əli gördü. İrəli gedib əyilib kimin olduğunu yoxlamaq üçün başını dəhlizə tərəf uzatdı. Qarşısında arıq, çəlimsiz bir şəxs gördü. Təəccüblə -Sizə kim lazımdır? – deyə soruşdu. Adam boynunu büküb çiyinlərini çəkib -mənə Siz lazımsınız- dedi.
-Mən?
-Hə, Siz.
Bir anlıq özünü itirdi, həyəcandan tərlədi. Dəsmalını çıxarıb alnını o ki var sürtdü. Elə bil çirkli döşəmə silirdi. Udqundu. İstədi təzim etsin amma ağlına gəldi ki, yox bunun iri gövdəsi, gövdəsinin yarısını “təşkil edən” yekə qarnı, qoltuğunda qovluğu yoxdur. Görünür yuxarılardan gəlməyib. Sakitləşdi. Dərindən nəfəs alıb qayıdıb yerində oturdu. Yenə boyun-boğazını sildi. Adama əli ilə gəl işarəsi verdi. Bayaqdan yazıq-yazıq dayanıb onun qərarını gözləyən adam gəlib stolun qabağında durub fağır görkəmini dəyişmədən onun üzünə baxdı. Bu baxışlardan şad olmadı. Belə görkəmdə olanlar ondan yalnız iş istəyirdilər. Könülsüzcə -adınızı deyin- deyib qələmi əlinə aldı, stolun üstündəki kağıza nəsə qeyd etmək üçün adamın cavabını gözlədi. Adamsa özünü itirdiyindən dinə bilmirdi. Adının soruşulduğu ona yuxu kimi görünürdü. Müraciət etdiyi müəssisələrin qapısından həmişə ümidsiz qayıtmışdı. -Rəis iclasa gedib- deyib yanından saymazyana keçmişdilər. Bu dəfə isə rəis hesab etdiyi səlahiyyətli şəxs onu özü danışdırırdı. “Rəis” sualı yenə verməsəydi elə biləcəkdi yenə xəyallardadır.
-Lazım.-deyib susdu.
Cavabdan heç nə başa düşməyən rəis gözlərini bərəldib
-Nə lazım? – deyə soruşdu.
Utana-utana- adımı soruşdunuz -dedi. Adım Lazımdır.
-Əlbəttə adınız lazımdır, ona görə soruşuram.
-Mən Lazımam, rəis.
Ağzından rəis sözü necə çıxdığını bilmədi. Onun aləmində kabineti, stolu, eynəyi olan hər kəs rəis idi, rəislərə ancaq bunlar lazımdır.
-Nə? -“rəisin” gözləri az qala hədəqəsindən çıxsın. Elə bil kimsə ikiəllə onu boğmağa başladı. Nəfəsi təngidi. Yerindən sıçrayıb -Ay adamlar, Lazım gəlib çıxdı- deyə qışqıra-qışqıra dəhlizə qaçdı. Bir-bir bütün qapıları açıb işçiləri səslədi. Kimi onun arxasınca bayıra qaçır, kimi də yerində dayanıb mat-məətttəl baxırdı. Onun hərəkətindən heç nə anlamayan bayaqdan dirək kimi otağın ortasında dayanan fağır adam qəfil yerindən götürülüb rəisin dalınca qaçdı. İndi o da qışqırırdı. Amma rəisdən fərqli olaraq onun səsində yalvarış duyulurdu.
-Rəis, vallah mən özümdən başqa heç kəsə lazım deyiləm. Qayıdın. Qorxmayın çıxıb gedirəm. Təki siz yerinizdə rahat oturun. Qayıdın, rəis.
Rəis isə onu eşitmirdi.

Müəllif: Pərvanə Bayramqızı 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru