EHKAM – ZAUR USTAC

EHKAM
(“Qırxında öyrənən görunda çalar”)
“Susuz quyu su tökməklə sulanmaz,”
Gic doğulan, gic böyüyər, gic ölər…
Ər oğuldan, ər törəyər, mərd olar,
Soysuz doğsa, bic yetirər, bic bələr…
* * *
Heyvanın cinsi var, bitkinin kökü,
Qarışmaz, tək durar, hər kəsin tükü,
Kimsəyə yüklənməz, kimsənin yükü,
Kimi tez anlayar, kimi gec bilər…
* * *
Ustac, iki doqquz, edər on səkkiz,
Arif bu sinindən səhv etməz hərgiz,
Qanmazsa, qovalar, teylər dörd doqquz,
Qırxda qurşaq tutar, boşa güc eylər…
14.04.2019. (18:38) Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

Abdulla Cəfər – Qaytarın…

Qaytarın mənə
Uymadım yalançı şana-şöhrətə,
Alüdə olmadım mala-sərvətə.
Yurdumda dözərəm, hər bir zillətə,
Dağılmış yuvamı qaytarın mənə.

Öz qarğı atımla, gəzim oylağı,
Meşədə, çəməndə minim ulağı.
Sərin sudan içim, öpüm bulağı,
Sökülmüş komamı qaytarın mənə.

Qabarsın əllərim, zəhmət çəkərəm,
Bağ-bağca salaram, toxum əkərəm,
Odun doğrayaram, zəmi biçərəm,
Baltamı, yabamı qaytarın mənə.

Haqqı, ədaləti, həmişə danan,
Dünyaya özünü, hökmüran sanan.
Tüstüsü çıxmayan, həsrətdən yanan,
Kül basmış sobamı qaytarın mənə.

Allahım imdad et, dayanma gendə,
Beləmi yazılıb, imanda, dində?
Azacam yolumu, dumanda-çəndə,
Doğma el-obamı qaytarın mənə.

Müəllif: ABDULLA CƏFƏR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Rahim Üçoğlanlı

O DAĞLARA 
(Naxçıvanlı şair dostum Məzahir İsgəndərə)

Şair dostum qonaq eylə,
Qoşa gedək o dağlara..
Ətəyində namaz qılaq,
Dua edək o dağlara..

Yağış olub birgə yağaq,
Dərəsində çay tək axaq..
Zirvəsinə ürək taxaq,
Düşək bitək o dağlara..

Gəlim,ruhu şad eləyək,
Dərdləşək dərdi ələyək..
Şeir səpib,söz çiləyək,
Ətək-ətək o dağlara..

Mən dağımı itirmişəm,
Yerində qəm bitirmişəm..
Düzə pənah gətirmişəm,
Çətin gedəm o dağlara..

Çəkir məni hər qaya,daş,
Dərd içində itir bu baş..
Qonaq elə gəlim qardaş,
Qoşa gedək o Dağlara.!
Ağdam-17.11.2016

DAĞLARA

Kaman kimi nalə çəkib sızlaram,
Əlim çatmır,ünüm yetmir,dağlara.
Xəyalımla hər qarışıın izlərəm,
Həsrət qalıb canım getmir,dağlara.

Gözətçi tək yal yamacın gözlərəm,
Sığal çəkib daşların əzizlərəm,
Üz tutaqaq qəmli-qəmli səslərəm,
Düyün düşür səsim çatmır,dağlara.

Yana-yana qovruluram aranda,
Qibləm olur,üz çevirib duranda,
İtib gedir gün batanda,toranda,
Ah çəkirəm,ahım batmır, dağlara.

Ürəyimi həsrət üzür,qəm didir,
Ruhum olub qayasında gül,bitir.
Zalım fələk əzab verir,zülm edir,
Bir daş edib məni atmır,dağlara.
Ağdam

Müəllif: Rahim Ucoglanli

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Dağlar – Hüseyn Faxralı

Dağlar

Bu yol çəkən iki gözüm
Yollarında kökür dağlar.
Səngiməyir odum, közüm,
Hara baxır gözün dağlar ?

Nə dərdim var, nədi sərim?
Dərd sinəmdə dərya, dərin.
Nəyə büküm, hara sərim 
Dərdi – səri düzüm dağlar ?

Qalmadı, səbrim tükəndi,
Qırılar, nazik tükdəndi,
Çəkdiyim fikir, yükdəndi,
Qalmayıbdı dözüm dağlar.

Baldırğanın bal, cökəndi,
Köz üstə kömbən, kökəndi,
Azar – bezar bel bükəndi,
Bükülübdü dizim dağlar.

Kəhərlərin nal tökəndi,
Gül – çiçəyin hal sökəndi,
Hüseyn sənə qul, nökərdi,
Budur axır sözüm dağlar.

19.10.2017 (14:40)

Dağlar

Bizim yurda yaz ayları gələndə
Ömründən-günündən yarıdı dağlar.
Bülbüllü bağlarda güllər açanda
Gül üstə bal əmən arıdı, dağlar.

Qəm qəlbimin dövlətidi, varıdı,
Zara gəldi, zaman – zaman zarıdı,
Sinəm şan-şan, söz sinəmdə darıdı,
Qubar ürəyimin barıdı, dağlar.

Deməyin ki, bir atımlıq barıtdı,
Yazdı – pozdu nə yaratdı, yarıtdı ?
Hüseyn dərdi ürəyində qarıtdı,
Özü də dərd kimi qarıdı, dağlar.

14.08.2017 (23:52)

Dağlar

Gözümü açandan elə sevmişəm,
Özümü qanandan belə sevmişəm,
Sevmişəm, sevirəm, yenə sevəcəm
O eli, obanı, elatı, dağlar.

Aman da səndədi, ah da səndədi,
Muğam da səndədi, Segah da səndə,
Heyratı, Şur səndə, Dügah da səndə,
A layla, zümzümə, bayatı dağlar.

Ah çəkir, eh çəkir, candan ovsanır,
Sizləri özünə dost, həmdəm sanır,
Həsrətdən od tutub, alışıb, yanır,
Hüseynin hələ də həyatı, dağlar.

15.07.2018 (21:04)

Dağlar

Ahu kimi yanam elə,
Enəm qaynar çeşmələrə,
Dizlərimi qoyam yerə,
Bir doyunca içəm dağlar.

Səhər – səhər, şehli – şehli,
Meşələrin sərin mehli,
Könlüm qubar, dilim “eh”li,
Çəmənlərdə gəzəm dağlar.

Al yanaqlı çiyələyin
İyisini bir də alam,
Ətirindən bihuş olam,
Tapdalayam, əzəm dağlar.

Qartal kimi qalxam göyə,
Qurdu – quşu döyə – döyə,
Vətən var ol deyə – deyə
Zirvələrdə üzəm dağlar.

Şişə çəkəm kababını,
Gül ətirli gülabını,
Şərbət kimi şərabını
Qədəhlərə süzəm dağlar.

Məzəmmət etmərəm sizi,
Çox gəzirəm yerinizi,
Dəyişibdi həyat tərzi,
Mənim meyim, məzəm dağlar.

Hüseyn nəşəli, gileyli,
Bülbül Məcnun, gül də Leyli,
Bülbül gülə salar meyli,
Sözü sözə düzəm dağlar.

14.06.2018.

Dağlar

Eniş – yoxuş, yol aşırım,
Sinəm üstə çapıq, şırım,
Quruyub çeşməm, şırşırım,
Çağlamayır təbim, dağlar.

Hardasan ay buz bulağım ?
Sazsız-sözsüz sönmür yanğım,
Susuz yanır dil – dodağım,
Çat – çat olub ləbim, dağlar.

Bir bu qədər dözüm, taqət,
Sonsuz dəyər, qədir – qiymət,
Sənə min cür nazı – nemət,
Ruzi verib Rəbbim, dağlar.

Qədir bilən ellərindən,
Çəmən, çiçək çöllərindən,
Nəfəs alıb güllərindən,
Nəbatatdan Nəbim*, dağlar.

Hüseyinə loğman, təbib,
Dost-doğmasan, sənsən həbib,
Təmiz havan, tər suların,
Dərmanımdı, həbim dağlar.

18.10.2018 (13:54)

Dağlar

Bülbülün olaram, gülün olaram,

Qarşımı kəsməyib, yol açsan dağlar.

Ocağın olaram, külün olaram,

Qoynuna gələndə qol açsan dağlar.


Bakirə gözəlsən, bəkarət səndə,

Naz – nemət səndədi, bərəkət səndə,

Qürur da səndədi, qüdrət də səndə,

Sidq ilə süfrəni bol açsan, dağlar.


Böyük bir məclis qur Ləlvərlə, Löklə,

Qarşıla qonağı duzla – çörəklə,

Çıxart telli sazı köynəkdən, köklə,

Çal açığ ürəklə, rol açsan dağlar.


Təbiətin vurğunuyam əzəldən,

Gözümü çəkmərəm sən tək gözəldən,

Şeir yazar, söz qoşaram, birəldən,

Şairəm şəninə, dil açsan dağlar.


Hüseyinə
 pay – pürüşdən bağla sən,

Qovurmanı od – ocaqda dağla sən,

Gicitkandan kətə bişir, yağla sən,

Sağ əllə pay verib, sol açsan dağlar.

04.03.2019 (17:10)


Göndər dağlar

Kəklikli qayadan, xınalı daşdan

Kəkotu payımı dər göndər, dağlar.

Qoyma ki, qurusun gülü, çiçəyi,

Tər – təmiz, ətirli, tər göndər, dağlar.

Aşnam aşna olsa, halıma ağlar,

Dumduru çeşmələr gözümdə çağlar,

Dost dosta hədiyyə ətirdən bağlar,

Ağ yaylığ üstünə sər göndər dağlar.

Bir qoma bönövşə, bir qoma nərgiz,

Qalxmağa, enməyə bir təpərli diz,

Pay – pürüş gələnə saxlaram pəhriz,

Ya hə, ya da yox, xəbər göndər, dağlar.

Bir qoma quzqulaq, bir qoma yarpız,

Üstünə səpməyə bir ovuc da duz,

Quzeydən xarlamış bir qab da qar, buz,

Canıma şirə, – cövhər göndər dağlar.

Bir dəstə qırmızı, şirin çiyələk,

Yazmağa mürəkkəb, bir də bir lələk,

Bir də qəm ələyən, söz süzən ələk,

Bər – bəzək vurmağa zər göndər dağlar.

Bu yaşda qalmışam yol ayrıcında,

Çox dadmışam şirinin də, acın da,

Lazım deyil qızıl taxtın, tacın da,

Uçmağa cüt qanad, pər göndər dağlar.

Köklənmişəm kaman üstə, ney üstə,

Məlul könlüm məzə üstə, mey üstə,

İllər düşkünüdü, düşübdü xəstə,

Fikrimi çəkməyə nər göndər, dağlar.

Sazda sarı simdə “Segah”ı dindir,

“Dilqəmi”, “Kərəmi”, “Mixəyi” dindir,

“Heyratı”, ya “Rast”ı, “Rahab”ı dindir,

Ya “Şur”, ya da bir “Şüştər”göndər, dağlar.

Hüseynəm, halətdə xəstə təhərəm,

Quş kimi qəfəsdə, qəməm, qəhərəm,

Şamaxı tək çökmüş, batmış şəhərəm,

Şərbət istəmirəm, şər göndər dağlar.

12.01.2019 (23:59)

Ona gün ağla

Bir dəstə bənövşə, bir dəstə nərgiz

Özün öz əlinlə dər, qoma bağla.

Nə qədər bacarsan bir o qədər tez,

Göndər gözəlinlə, dağlar, uçağla.

Axşam Ay doğanda bir parlaq ulduz,

Birazca quzqulaq, bir çimdik də duz,

Ürəymin üstünə üşütməyə buz,

Əlinə keçəndən dağlar, pay bağla.

Daşında göyərrəm, mamıra döndər,

İstərsən leysanı başımdan əndər,

Çobanın olaram, quzuya göndər,

Əlimdə dəyənək, vallah çomağla.


Axı nə işim var yadla, yalaqla ?

Mən dağlar oğluyam, dərdim qalaqla,

Tutmaz sözüm mənim alaq – ulaqla,

Qoşa qollarınla boynum qucaqla.

 
Qatığın, qaymağın, ayranla, ağla,

Könlümə düşübdü, kətə də yağla,

A dağlar, şairlə əhd – peyman bağla,

Ömür – gün gedir nə, ona gün ağla..

13.04.2019 (13:41)

Yar ol, a dağlar

Üz tutub dərd – səri söyləmək üçün

Yaxşı ki, sən varsan, var ol a dağlar.

Səni and verirəm, Allah eşqinə,

Sənə yar olana yar ol, a dağlar.

Azğın köpək köhlən çapır binəndə,

At oynadır yağılar da sinəndə,

Köklə sazı “Yurd yeri”nə dönəndə,

Sənə yar olana yar ol, a dağlar.

Yağılar yaylağı yağıya satır,

Hər gələn qoynunda od-ocaq çatır,

Min cürə dil tökür, başını qatır,

Sənə yar olana yar ol, a dağlar.

Mənim tək həmdəmin qalıb bu yanda,

“ah”lar, “of”lar bağrım başın oyanda,

Tənha görüb dərd dərimi soyanda,

Sənə yar olana yar ol, a dağlar.

Hüseynəm, el oğlu, Aslanoğluyam,

Ürəyi, sinəsi, qəlbi doluyam,

Sazlı – sözlü Borçalının oğluyam,

Sənə yar olana yar ol, a dağlar.

12.01.2019 (15:29)

A dağlar

Zərgər kimi naxış vurram hər sözə,

Atma məni oda – közə, a dağlar.

Çırmanam, şalvarı çəkəm düz dizə,

Çiçək dərəm çöllərində, a dağlar.

Buz bulaq gəzəndə, boğanda qəhər,

Quzqulaq gəzəndə biraz turş təhər,

Şərbət içsəm yenə ağzımda zəhər,

Gözüm qalıb göllərində, a dağlar.

Bir gün olar görüşünə gələrəm,

Örüşündə quzu kimi mələrəm,

Uşaq kimi oynar, deyər – gülərəm,

Şehli – şehli çəmənində, a dağlar.

Əmliyi kəs, kababı da çək, duzda,

Əriyər qoynunda qar, qırov, buz da,

Novruzgülü gül açanda Novruzda,

Göyərəndə səmənin də, a dağlar.

Hüseyn, yox deyək gəl dərdə, qəmə,

Qaynasın qazanda bozbaş, pörtdəmə,

Qaynat samovarı, yaxşı çay dəmlə,

Ağzım yansın zəmzəmində, a dağlar.

09.01.2019 (14:10)


Sənin a dağlar

Qoynunda göyərən bir daşam mən də,

Varmı heç insafın sənin, a dağlar ?

Göynəyə – göynəyə gözüm yol çəkər,

Çəkilsin dumanın, çənin, a dağlar.

Baxarsan üzümə, alxış eylərəm,

Baxmazsan bax onda qarğış eylərəm,

İnan ki, içimdə bir ah çəkərəm,

Quruyar sünbülün, dənin, a dağlar.

Qayan parçalansın, daşın tökülsün,

Əlvan xalın ilmə – ilmə sökülsün,

Sənin də sinənə dağlar çəkilsin,

Necə ki, çəkirsən sinəmə dağlar.

Üzümə baxmasan, üzüm açılmaz,

Gözümə baxmasan, gözüm açılmaz,

Söhbətim açılmaz, sözüm açılmaz,

Üzün heç gülməsin sənin, a dağlar.

Hüseynəm, buyurram, buz bulağ olsun,

Hər yanın gülüstan, güllü bağ olsun,

Onda da deyərəm üzün ağ olsun

Gələndə qoynuna sənin, a dağlar.

29.12.2018 (11:47)

Müəllif: Hüseyn Faxralı

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şəhid – Aygün SAdiq


APREL ŞEİRLƏRİ SİLSİLƏSİNDƏN

ŞƏHİD
(Aprel qəhrəmanlarının əziz xatirəsinə )

Kimdən gileylidir narahat ruhun?
Bizə mi uzanır əllərin, şəhid?
Yenə gözümüzdən çəkilib yuxu,
Yenə qan-yaş tökür ellərin, şəhid!

Vicdan tənbeh edir səssiz-səmirsiz…
Ulus əsarətdə, o, abad deyil, 
Ruhuna rahatlıq diləsək də biz,
Yaxşı bilirəm ki, ruhun şad deyil,

Mənim səhvlərimi qapadan övlad,
Mənim günahımın bədəli sənsən,
Sağkən görünərdin soyuqqanlı, yad,
İndi bircə ovuc doğma Vətənsən…

Həyat sığışmadı böyük arzuna,
Onda tanımazdı səni adamlar,
Şəhadət düşəndən alın yazına,
İndi hər könüldə öz məkanın var.

Sən təkcə bir ovuc torpaq olmadın,
Düşmənə göz dağı, Vətənə qürur…
Təkcə məzarında deyil ki adın, 
Həm də könüllərdə yaşayıb durur…

Səndən yadigardır şərəfli adın,
Bir də, böyüdüyün bir uçuq daxma,
Mən öz torpağımı qaytarammadım,
Səni şəhid verdim, qüsura baxma!

Səni çadırlarda böyütdüm, oğul,
Göstərə bilmədim sənə Vətəni,
Sən bizə fəxarət, bizsə dərdə qul…
Bağışla, övladım… Bağışla məni…
Müəllif: Aygün Sadiq

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Dədə Ələsgər və “Dağlar”

Hər sözü köz Aşiq, hər bəndi xalıyabənzər Aşıq Ələsgər
   
   Aqillər bunu da ərz edirlər ki, hər kəs hər kəsin yaxşı cəhətlərini görməyə çalışmalıdır. Tədqiqatçılar, monoqrafiyaçılar, oçerkistlər obyektlərinin yalnız ən yaxşı işlərini, fikirlərini, ədəbi-bədii nümunələrini işıqlandırmağa çalışırlar. Bir əsrdən çox yaşamış bu Aşiq Aşıq isə heç kəsi belə bir seçim əziyyətinə məruz qoymayıb. Nə etik-insani əxlaq baxımından, nə poetik-irfani yaradıcılıq sarıdan…
   
   Bu adam müdam gözəlliyə tapınıb, yaxşılığa yürüyüb. Daim ucalıq nümunəsi olmağa çalışıb. Yerdə bəndəliyin yüzbir oyunundan çıxıb, göydəkindən kömək umanlardan fərqli olaraq, öz payına bu qədər halal-ümmət ola-ola, başqaları üçün də Tanrıya dua-səna edib:
   
   Xudam, mərdin işin salma müşkülə,
   Əhli-dili yetir sən əhli-dilə!
   Bülbülü gülə yaz, gülü bülbülə,
   Qönçənin üstündə xar oynamasın!
   
   Bu insani böyüklük onu yaradıcılıq aləminin ən qaynar, atəş nöqtələrinə atmaya bilərdimi? Belə bir qalib könül sahibi hansı məqamdasa məğlub söz deyərdimi? Məsələn, “Günüm ahnan-vaynan keçib dünyada” bəyanından sonra, bir sıra şairlər kimi, o müqəyyəd “canan”ı qınamazdımı, şikayətlənməzdimi? Onun qəlbi elələrininki sayaq döyünsəydi, “…səndən ayrı düşəli, Hicranın qəmiylə kef eyləmişəm” kimi yumoristik “qəza” baş verərdimi? Sonra da, bu əbədi ticarət, alqı-satqı dünyasına Dərd alıb, qəm satıb nəf eyləmişəm” vulkanı püskürərdimi?
   Nəyə üz tutur, nədən danışıb-deyirdisə, sanki onlar haqda deyiləsi əlavə bir söz, bir hikmət saxlamırdı sonraya, sonrakılara. Hər şeyi gülləyə-gülləyə gələcəyə bənzərsiz külliyyat yadigarı yaradırdı Aşıq Ələsgər. Gözəllərin, gözəlliklərin, vəfanın, səfanın söz “film”lərini çəkə-çəkə uzun ömrün sağlı-sollu yollarına körpü salır, hərdən də ilahi təşbehlərə, huşaparan bər-bənzətmələrə ara verib, fəhmi-əqli düşərgələrdə mənzillənirdi:
   
   Aşıq olub diyar-diyar gəzənin
   Əvvəl başda pürkamalı gərəkdi.
   Oturub-durmaqda ədəbin bilə –
   Mərifət elmində dolu gərəkdi.
   
   Xalqa həqiqətdən mətləb qandıra,
   Şeytanı öldürə, nəfsin yandıra.
   El içində pak otura, pak dura,
   Dalısınca xoş sədalı gərəkdi.
   
   Dillərdə əzbər
   
   O özü şeirlərinin yox, dərdinin “dillərdə əzbər” olduğunu deyirdi. Belə “dərd”in nə olduğu və çarəsi isə həkimlik deyil, arif oxucularlıqdır. Diqqət etsən, çox “xəstəlik”lər taparsan – başdan-başa bu Aşiq canda. Çoxu da xəlqi etimologiya və terminologiyalarda. Məsələn, bir “suçiçəyi”: “Axşam-sabah çeşmə, sənin başına, Bilirsənmi necə canlar dolanır?” Yaxud, “söz”algiya: “Gələndə ustad kəlamı, Köhnə yaram qan verir. Şahi-mərdan nökəriyəm – Dərsimi pünhan verir”. “Hərcayıdan, müxənnəsdən, nadandan Nə söz qaldı sənətkara dəyməmiş?!” “Zarafato”-terapiya: “Sənin ərin ölsün, mənim arvadım, Düşsün aramıza vay, gülə-gülə”. “Bir baş ki, ilqara qurban getməsin, Onu bir qarpıza dəyişmək olar!” “Rentgen-konspirasiya “Adını demirəm – eldən ayıbdır, Filankəsin qızı filan oynasın”.
   Məlumdur ki, yersiz ermənilərin ötən əsrin əvvəllərində törətdiyi türk müsəlman qırğınları zamanı bu böyük söz ustadı da el-obasından didərgin düşüb və bir müddət Kəlbəcərdə dəyirman işlədib. Ömrü uzunu ürəyinin hikmət yükünü diliylə üyüdüb, bütün Azərbaycanı, türkdilli xalqları təkrarsız şeiriyyətilə barındırmış bu ustad gəncliyində də az məhrumiyyətlər dadmamışdı. Üstünə telli saz basılmış o sinənin altındakı dərdləri, olsa-olsa, ayrı-ayrı fərdlər bilirdi. Qırx yaşınadək evlənməməsi kimi “patalogiya”lar onun hər sözünə, “Qazdır məzarımı çeşmə başında. Sal sinəm üstündən yol, incimərəm” kimi misralarına müştaq gözəllərin nə “vecinə” idi? O sayaq naxoş qeyri-məlumatlar “Yazıq Aşıq Ələsgəri Çəkməyə dara xoş gəldin” kimi pişvazların yanında nəydi ki?..
   Yəqin ki, öz dövrünün Leyli-Məcnun oxşarına çevrilmiş Səhnəbanı-Ələsgər sevgisinin hicran qanı hələ də qurumayıb. Əmisi “Pullu Məhərrəm”in fağır Səhnəbanını zorla öz gavur oğluna alması səbəbindən illərlə için-için ağlamış bu gənc az qala 20 il heç kəsi narahat etməyib, heç kimə heç nə deməyib – Zöhrə ilə “deyişmə”sindən savayı:
    
 Ələsgər:
   Söylə, qasid, müxtəsəri-vəssalam,
   Ərzimi canana dedin, nə dedi?
   Bülbültək asmana yetişib nalam,
   Səhni-gülüstana dedin, nə dedi?
    
   Zöhrə:
   Nakəs müxənnətin boynu vurulsun,
   Vay düşsün evinə, şivən qurulsun,
   Məhərrəmin oğlanları qırılsın,
   Qalmasın yurdunda nişana! – dedi. 
   
   Sənətkar adı, aşıq namı xətrinə yeyim-içimindən kəsib geyim-keçiminə verən bu “bəxtəvər”ə köks ötürən dövrandaşları hələ çox sonralar biləcəkdilər ki, Azərbaycan dilinin, Azərbaycan poetik fikrinin, aşiq-aşıq fəlsəfəsinin bu canlı akademiyası bir əlində saz, bir əlində çin, dəryaz, yaba yaşayıb. Hərəkəti ilə bərəkət becərən, xırman tutan bu ustad, ilhamıyla böyük sənət yaradıb, sərhədsiz şöhrət qazanıb. 
   Bu “bəxtəvər” Aşiq-Aşığın tərcümeyi-halında “Pullu Məhərrəm” kimi cəmiyyət kötüklərilə bahəm, təbiət kötüyü də olub. İllərin birində dolanışıq üçün əkdiyi taxıl zəmisini sahənin ortasındakı “Qozqara” deyilən nəhəng bir kötüyə tapşırıb şənliklərə gedən, qayıdanda isə sünbülləri yağış-doludan viran olmuş görən aşıq həmin “qaravulçu” ilə yeddi bəndlik bir “deyişmə” eləyir ki, onlardan ikisi:
    
   Kötük
   Aşıq, nə meydanı yalqız alıbsan,
   Söz deyim – sözünə barabar olsun.
   Nahaq qandı ortalığa salıbsan,
   Elə iş tut, ondan xeyir, kar olsun!
    
   Aşıq Ələsgər
   Ələsgər, başına qəhətdi peşə?
   Darı əkib yeməyibsən həmişə?
   Sazı bas sinənə, təcnisdən döşə,
   Yığ urzunu, verən əllər var olsun!
    
   Ona verən əllər az olmayıb (Allah şeir-sənət Dədəmizə yardım edib onu xəcil qoymayan babalarımızın bugünkü nəsil-nəcabətlərini var eləsin!). Amma bu nəhəng el aşığı sənətdə olduğu kimi, əmək-zəhmətdə də ad çıxarıb. Ustad aşıqlardan saz-söz, halal əkin-biçinçilərdən tər-nər dərsləri alıb, yüz beş illik ömrünü sənət və torpaq ətri ilə süsləndirib. “Xudam səni, məni yoxdan yaradıb, Sən də bircə milçək yarat, erməni!” dediyi haramzadaların təpkisilə didərgin düşən Dədə Aşığın əkib-becərdiyi, ilhamında üyütdüyü təkrarsız sənət nümunələri dünyanın bütün torpaqlarının yetirdiyindən, bütün dəyirmanlarının üyütdüyündən daha dadlı, şanlı, əbədidir. Məsələn, dünyada “dünya malı” deyilən bütün şeylər köhnəlir də, azalıb-çoxalır, ucuzlaşıb-bahalaşır da, onun “Bahalıq” müxəmməsi isə mənəvi sənət qalasının təkrarsız ornamenti kimi əbədi qalasıdır:
    
   İnnən belə başımızda
   Namərdlərin töhmətidi.
   Hansı məclisə gedirsən –
   Arpa-buğda söhbətidi.
   Kartof ilə ayranaşı 
   Süfrəmizin zinətidi.
   Buraya bahalıq salan
   Qeyri yerin millətidi.
   Nə işə əl atırıqsa,
   Oluruq peşman, bahalıq!..
    
   Nə deyibsə – yaddaşlarda…
    
   Deməyə qalsa, hamı deyib – bütün şairlər, aşıqlar, əliqələmlilər, ürəyiələmlilər. Dədə Ələsgərin müasiri olmuş bir “şair” kimi deyənlər də olub: “Ağacda oturmuş sərçə, sən nə uzunsan, ey küçə, ey qaraqaş, ey qaragöz!”
   Ələsgər Dədə isə dediyini elə deyib ki, bir kəlməsi də o yan-bu yanlıq deyil, – hamısı hikmət libasında, məna-mətləb nüvəsində. Gözəllərə dediklərini hamı bilir deyə, dağlara söylədiyi iki şeirindən nümunələri xatırlatmaq istəyirəm:
   
   Bahar fəsli, yaz ayları gələndə,
   Süsənli, sünbüllü, lalalı dağlar.
   Yoxsulu, ərbabı, şahı, gədanı
   Tutmaz bir-birindən aralı dağlar.
   
   Köçər ellər, düşər səndən aralı,
   Firqətindən gül-nərgizin saralı.
   Ələsgər Məcnun tək yardan yaralı,
   Gəzər səndə dərdli, nalalı dağlar!
   
   Növbəti “Dağlar”ı isə bugünlərimizə bir elegiya təsiri də bağışlayır:
   
   Hanı mən gördüyüm qurğu-büsatlar?!
   Dərdiməndlər görsə, ha bağrı çatlar.
   Mələşmir sürülər, kişnəşmir atlar,
   Niyə pərişandı halların, dağlar?!
   
   Hanı bu yaylaqda yaylayan ellər?!
   Görəndə gözümdən car oldu sellər.
   Seyr etmir köysündə türfə gözəllər,
   Sancılmır buxağa güllərin, dağlar!
   
   Gözəllər çeşməndən götürmür abı,
   Dad verə dəhanda Kövsər şərabı.
   Xaçpərəstlə düşdü bund inqilabı,
   Onunçun bağlandı yolların, dağlar!
   
   Həsənnənə, Həsənbaba qoşadı,
   Xaçbulaq yaylağı xoş tamaşadı.
   Arsız aşıq elsiz niyə yaşadı?!
   Ölsün Ələsgər tək qulların, dağlar!
   
   Oğul Ələsgər, ata Ələsgər, ər Ələsgər, sənətkar Ələsgər və – 
   
   Dədə Ələsgər
    
   Qələmlə yox, dili ilə “yazan” bu böyük el aşığı “şifahi nəşriyyatlar”da çap edilə-edilə hələ sağlığında bütün Azərbaycanın ustad aşığı, türk dünyasının böyük sənətkarı kimi tanındı. Turan ozanı, sənət Dədəsi oldu. Haqqında dastanlar qoşuldu, müdrik deyimlər deyildi.
   Akademik Həmid Araslı: “Aşıq Ələsgər bütöv bir xalq akademiyasıdır”.
   Akademik Yaşar Qarayev: “Peyğəmbərlərin sonuncusu Məhəmməd peyğəmbər, peyğəmbər aşıqların sonuncusu isə hələlik Aşıq Ələsgərdir”.
   Professor Hüseyn İsmayılov: “…Sazın, sözün sehrində sintezləşən, Tanrı dərgahına ucalan musiqinin, səsin, sözün, dünyanı estetik biçimdə dərk və ifadə edən fikrin ən möhtəşəm daşıyıcısı Aşıq Ələsgərin adı önündə işlənə biləcək epitetlərin ən uğurlusu Dədədir. Əgər orta çağ Oğuzu onun adına kitab bağlasaydı, onu hökmən “Dədəm Ələsgərin kitabı” adlandırardı: eynilə “Kitabi-Dədə Qorqud” kimi…”
   Və… bəndəniz: Aşıq Ələsgər Nizami, Füzuli, Nəsimi dənizinə bütöv bir xalq çayı kimi axdı və aşıq, el-ağız ədəbiyyatımızda yeni dirçəliş yaradaraq, bayraqdarı olduğu böyük sələfləri və xələflərilə birgə bu dənizi okean etdi…
    
   Tahir Əhmədalılar

İLKİN MƏNBƏ: (medeniyyet.az )MƏDƏNİYYƏT

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İldırım Əkbəroğlu – Dağlar.

DAĞLAR

Mənim həsrətimi duydumu belə?-
Sübh-tezdən, üfüqdən göründü dağlar.
Uzatdım əlimi, çatmadı deyə,
Yenə, buludlara büründü dağlar.

Vurğunun saçı tək saçı düm-ağdı,
Sənsizlik, qəlbimdə sən boyda dağdı.
Mənim üstümə qəm, sənə qar yağdı,
Ağsaçlı qocaya, tay, döndü dağlar.

Nə vaxt özgə yurdda saray tikilib,
Sonra kərpic-kərpic uçub, sökülüb.
Sənə göz tikənin gözü tökülüb,-
Yanar çırağı da, tam, söndü, dağlar!

Sağalmaz xəstəlik, yaradı düşmən,
Ömründə, yetişməz murada düşmən.
Tikanlı məftildir arada düşmən,
Ününə yetməli bir gündü, dağlar!

İldırım,vədədir, tay, dava bitsin,
Əlimiz Qarabağ ərzinə yetsin.
Gəlirəm…, qoy, yağı rədd olub getsin,
Bu mənim, daha, son ünümdü, dağlar!

Müəllif: Ildırım Akberoğlu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Vahid ƏZİZ – KÖVRƏK…


KÖVRƏK…

Arabir qar düşür şeirlərimə,
daha həyatımın kövrək çağıdır,
qayıda bilmirəm körpəliyimə,
ixtiyar amansız qocalığındır.

Elə sızıldayır dizlər-elə bil
köhnə arabanın təkərləridir,
ürək ağrıları artır ilbəil,
vaxtın əqrəbləri üstüynən gedir.

Şəbnəmlər içində qayğılı gözlər,
saçlara qoşulub qaşlar ağarır,
xəyal yuxularda kimisə səslər,
kimlərsə qəlbimi anıb çağırır.

Vaxtın əqrəbləri qaçaraq gedir,
zamanın qulpu yox-geriyə qurum,
qarşıda görünən ruhun yeridir,
arxada-məzartək dərin bir uçrum.

Uzaq körpəliyim,qayıt görüşək,
məni də binəva zaman unudar,
sinəmin üstündə mamır bitəcək,
amma,ətrafımı çiçəklər tutar.

Arabir qar yağar şeirlərimə,
daha həyatımın kövrək çağıdır,
qayıda bilmirəm körpəliyimə,
saxlayan amansız qocalğımdır.
19.01.2019.

Müəllif: VAHİD AZİZ

USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================