Şəhid – Aygün SAdiq


APREL ŞEİRLƏRİ SİLSİLƏSİNDƏN

ŞƏHİD
(Aprel qəhrəmanlarının əziz xatirəsinə )

Kimdən gileylidir narahat ruhun?
Bizə mi uzanır əllərin, şəhid?
Yenə gözümüzdən çəkilib yuxu,
Yenə qan-yaş tökür ellərin, şəhid!

Vicdan tənbeh edir səssiz-səmirsiz…
Ulus əsarətdə, o, abad deyil, 
Ruhuna rahatlıq diləsək də biz,
Yaxşı bilirəm ki, ruhun şad deyil,

Mənim səhvlərimi qapadan övlad,
Mənim günahımın bədəli sənsən,
Sağkən görünərdin soyuqqanlı, yad,
İndi bircə ovuc doğma Vətənsən…

Həyat sığışmadı böyük arzuna,
Onda tanımazdı səni adamlar,
Şəhadət düşəndən alın yazına,
İndi hər könüldə öz məkanın var.

Sən təkcə bir ovuc torpaq olmadın,
Düşmənə göz dağı, Vətənə qürur…
Təkcə məzarında deyil ki adın, 
Həm də könüllərdə yaşayıb durur…

Səndən yadigardır şərəfli adın,
Bir də, böyüdüyün bir uçuq daxma,
Mən öz torpağımı qaytarammadım,
Səni şəhid verdim, qüsura baxma!

Səni çadırlarda böyütdüm, oğul,
Göstərə bilmədim sənə Vətəni,
Sən bizə fəxarət, bizsə dərdə qul…
Bağışla, övladım… Bağışla məni…
Müəllif: Aygün Sadiq

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Dədə Ələsgər və “Dağlar”

Hər sözü köz Aşiq, hər bəndi xalıyabənzər Aşıq Ələsgər
   
   Aqillər bunu da ərz edirlər ki, hər kəs hər kəsin yaxşı cəhətlərini görməyə çalışmalıdır. Tədqiqatçılar, monoqrafiyaçılar, oçerkistlər obyektlərinin yalnız ən yaxşı işlərini, fikirlərini, ədəbi-bədii nümunələrini işıqlandırmağa çalışırlar. Bir əsrdən çox yaşamış bu Aşiq Aşıq isə heç kəsi belə bir seçim əziyyətinə məruz qoymayıb. Nə etik-insani əxlaq baxımından, nə poetik-irfani yaradıcılıq sarıdan…
   
   Bu adam müdam gözəlliyə tapınıb, yaxşılığa yürüyüb. Daim ucalıq nümunəsi olmağa çalışıb. Yerdə bəndəliyin yüzbir oyunundan çıxıb, göydəkindən kömək umanlardan fərqli olaraq, öz payına bu qədər halal-ümmət ola-ola, başqaları üçün də Tanrıya dua-səna edib:
   
   Xudam, mərdin işin salma müşkülə,
   Əhli-dili yetir sən əhli-dilə!
   Bülbülü gülə yaz, gülü bülbülə,
   Qönçənin üstündə xar oynamasın!
   
   Bu insani böyüklük onu yaradıcılıq aləminin ən qaynar, atəş nöqtələrinə atmaya bilərdimi? Belə bir qalib könül sahibi hansı məqamdasa məğlub söz deyərdimi? Məsələn, “Günüm ahnan-vaynan keçib dünyada” bəyanından sonra, bir sıra şairlər kimi, o müqəyyəd “canan”ı qınamazdımı, şikayətlənməzdimi? Onun qəlbi elələrininki sayaq döyünsəydi, “…səndən ayrı düşəli, Hicranın qəmiylə kef eyləmişəm” kimi yumoristik “qəza” baş verərdimi? Sonra da, bu əbədi ticarət, alqı-satqı dünyasına Dərd alıb, qəm satıb nəf eyləmişəm” vulkanı püskürərdimi?
   Nəyə üz tutur, nədən danışıb-deyirdisə, sanki onlar haqda deyiləsi əlavə bir söz, bir hikmət saxlamırdı sonraya, sonrakılara. Hər şeyi gülləyə-gülləyə gələcəyə bənzərsiz külliyyat yadigarı yaradırdı Aşıq Ələsgər. Gözəllərin, gözəlliklərin, vəfanın, səfanın söz “film”lərini çəkə-çəkə uzun ömrün sağlı-sollu yollarına körpü salır, hərdən də ilahi təşbehlərə, huşaparan bər-bənzətmələrə ara verib, fəhmi-əqli düşərgələrdə mənzillənirdi:
   
   Aşıq olub diyar-diyar gəzənin
   Əvvəl başda pürkamalı gərəkdi.
   Oturub-durmaqda ədəbin bilə –
   Mərifət elmində dolu gərəkdi.
   
   Xalqa həqiqətdən mətləb qandıra,
   Şeytanı öldürə, nəfsin yandıra.
   El içində pak otura, pak dura,
   Dalısınca xoş sədalı gərəkdi.
   
   Dillərdə əzbər
   
   O özü şeirlərinin yox, dərdinin “dillərdə əzbər” olduğunu deyirdi. Belə “dərd”in nə olduğu və çarəsi isə həkimlik deyil, arif oxucularlıqdır. Diqqət etsən, çox “xəstəlik”lər taparsan – başdan-başa bu Aşiq canda. Çoxu da xəlqi etimologiya və terminologiyalarda. Məsələn, bir “suçiçəyi”: “Axşam-sabah çeşmə, sənin başına, Bilirsənmi necə canlar dolanır?” Yaxud, “söz”algiya: “Gələndə ustad kəlamı, Köhnə yaram qan verir. Şahi-mərdan nökəriyəm – Dərsimi pünhan verir”. “Hərcayıdan, müxənnəsdən, nadandan Nə söz qaldı sənətkara dəyməmiş?!” “Zarafato”-terapiya: “Sənin ərin ölsün, mənim arvadım, Düşsün aramıza vay, gülə-gülə”. “Bir baş ki, ilqara qurban getməsin, Onu bir qarpıza dəyişmək olar!” “Rentgen-konspirasiya “Adını demirəm – eldən ayıbdır, Filankəsin qızı filan oynasın”.
   Məlumdur ki, yersiz ermənilərin ötən əsrin əvvəllərində törətdiyi türk müsəlman qırğınları zamanı bu böyük söz ustadı da el-obasından didərgin düşüb və bir müddət Kəlbəcərdə dəyirman işlədib. Ömrü uzunu ürəyinin hikmət yükünü diliylə üyüdüb, bütün Azərbaycanı, türkdilli xalqları təkrarsız şeiriyyətilə barındırmış bu ustad gəncliyində də az məhrumiyyətlər dadmamışdı. Üstünə telli saz basılmış o sinənin altındakı dərdləri, olsa-olsa, ayrı-ayrı fərdlər bilirdi. Qırx yaşınadək evlənməməsi kimi “patalogiya”lar onun hər sözünə, “Qazdır məzarımı çeşmə başında. Sal sinəm üstündən yol, incimərəm” kimi misralarına müştaq gözəllərin nə “vecinə” idi? O sayaq naxoş qeyri-məlumatlar “Yazıq Aşıq Ələsgəri Çəkməyə dara xoş gəldin” kimi pişvazların yanında nəydi ki?..
   Yəqin ki, öz dövrünün Leyli-Məcnun oxşarına çevrilmiş Səhnəbanı-Ələsgər sevgisinin hicran qanı hələ də qurumayıb. Əmisi “Pullu Məhərrəm”in fağır Səhnəbanını zorla öz gavur oğluna alması səbəbindən illərlə için-için ağlamış bu gənc az qala 20 il heç kəsi narahat etməyib, heç kimə heç nə deməyib – Zöhrə ilə “deyişmə”sindən savayı:
    
 Ələsgər:
   Söylə, qasid, müxtəsəri-vəssalam,
   Ərzimi canana dedin, nə dedi?
   Bülbültək asmana yetişib nalam,
   Səhni-gülüstana dedin, nə dedi?
    
   Zöhrə:
   Nakəs müxənnətin boynu vurulsun,
   Vay düşsün evinə, şivən qurulsun,
   Məhərrəmin oğlanları qırılsın,
   Qalmasın yurdunda nişana! – dedi. 
   
   Sənətkar adı, aşıq namı xətrinə yeyim-içimindən kəsib geyim-keçiminə verən bu “bəxtəvər”ə köks ötürən dövrandaşları hələ çox sonralar biləcəkdilər ki, Azərbaycan dilinin, Azərbaycan poetik fikrinin, aşiq-aşıq fəlsəfəsinin bu canlı akademiyası bir əlində saz, bir əlində çin, dəryaz, yaba yaşayıb. Hərəkəti ilə bərəkət becərən, xırman tutan bu ustad, ilhamıyla böyük sənət yaradıb, sərhədsiz şöhrət qazanıb. 
   Bu “bəxtəvər” Aşiq-Aşığın tərcümeyi-halında “Pullu Məhərrəm” kimi cəmiyyət kötüklərilə bahəm, təbiət kötüyü də olub. İllərin birində dolanışıq üçün əkdiyi taxıl zəmisini sahənin ortasındakı “Qozqara” deyilən nəhəng bir kötüyə tapşırıb şənliklərə gedən, qayıdanda isə sünbülləri yağış-doludan viran olmuş görən aşıq həmin “qaravulçu” ilə yeddi bəndlik bir “deyişmə” eləyir ki, onlardan ikisi:
    
   Kötük
   Aşıq, nə meydanı yalqız alıbsan,
   Söz deyim – sözünə barabar olsun.
   Nahaq qandı ortalığa salıbsan,
   Elə iş tut, ondan xeyir, kar olsun!
    
   Aşıq Ələsgər
   Ələsgər, başına qəhətdi peşə?
   Darı əkib yeməyibsən həmişə?
   Sazı bas sinənə, təcnisdən döşə,
   Yığ urzunu, verən əllər var olsun!
    
   Ona verən əllər az olmayıb (Allah şeir-sənət Dədəmizə yardım edib onu xəcil qoymayan babalarımızın bugünkü nəsil-nəcabətlərini var eləsin!). Amma bu nəhəng el aşığı sənətdə olduğu kimi, əmək-zəhmətdə də ad çıxarıb. Ustad aşıqlardan saz-söz, halal əkin-biçinçilərdən tər-nər dərsləri alıb, yüz beş illik ömrünü sənət və torpaq ətri ilə süsləndirib. “Xudam səni, məni yoxdan yaradıb, Sən də bircə milçək yarat, erməni!” dediyi haramzadaların təpkisilə didərgin düşən Dədə Aşığın əkib-becərdiyi, ilhamında üyütdüyü təkrarsız sənət nümunələri dünyanın bütün torpaqlarının yetirdiyindən, bütün dəyirmanlarının üyütdüyündən daha dadlı, şanlı, əbədidir. Məsələn, dünyada “dünya malı” deyilən bütün şeylər köhnəlir də, azalıb-çoxalır, ucuzlaşıb-bahalaşır da, onun “Bahalıq” müxəmməsi isə mənəvi sənət qalasının təkrarsız ornamenti kimi əbədi qalasıdır:
    
   İnnən belə başımızda
   Namərdlərin töhmətidi.
   Hansı məclisə gedirsən –
   Arpa-buğda söhbətidi.
   Kartof ilə ayranaşı 
   Süfrəmizin zinətidi.
   Buraya bahalıq salan
   Qeyri yerin millətidi.
   Nə işə əl atırıqsa,
   Oluruq peşman, bahalıq!..
    
   Nə deyibsə – yaddaşlarda…
    
   Deməyə qalsa, hamı deyib – bütün şairlər, aşıqlar, əliqələmlilər, ürəyiələmlilər. Dədə Ələsgərin müasiri olmuş bir “şair” kimi deyənlər də olub: “Ağacda oturmuş sərçə, sən nə uzunsan, ey küçə, ey qaraqaş, ey qaragöz!”
   Ələsgər Dədə isə dediyini elə deyib ki, bir kəlməsi də o yan-bu yanlıq deyil, – hamısı hikmət libasında, məna-mətləb nüvəsində. Gözəllərə dediklərini hamı bilir deyə, dağlara söylədiyi iki şeirindən nümunələri xatırlatmaq istəyirəm:
   
   Bahar fəsli, yaz ayları gələndə,
   Süsənli, sünbüllü, lalalı dağlar.
   Yoxsulu, ərbabı, şahı, gədanı
   Tutmaz bir-birindən aralı dağlar.
   
   Köçər ellər, düşər səndən aralı,
   Firqətindən gül-nərgizin saralı.
   Ələsgər Məcnun tək yardan yaralı,
   Gəzər səndə dərdli, nalalı dağlar!
   
   Növbəti “Dağlar”ı isə bugünlərimizə bir elegiya təsiri də bağışlayır:
   
   Hanı mən gördüyüm qurğu-büsatlar?!
   Dərdiməndlər görsə, ha bağrı çatlar.
   Mələşmir sürülər, kişnəşmir atlar,
   Niyə pərişandı halların, dağlar?!
   
   Hanı bu yaylaqda yaylayan ellər?!
   Görəndə gözümdən car oldu sellər.
   Seyr etmir köysündə türfə gözəllər,
   Sancılmır buxağa güllərin, dağlar!
   
   Gözəllər çeşməndən götürmür abı,
   Dad verə dəhanda Kövsər şərabı.
   Xaçpərəstlə düşdü bund inqilabı,
   Onunçun bağlandı yolların, dağlar!
   
   Həsənnənə, Həsənbaba qoşadı,
   Xaçbulaq yaylağı xoş tamaşadı.
   Arsız aşıq elsiz niyə yaşadı?!
   Ölsün Ələsgər tək qulların, dağlar!
   
   Oğul Ələsgər, ata Ələsgər, ər Ələsgər, sənətkar Ələsgər və – 
   
   Dədə Ələsgər
    
   Qələmlə yox, dili ilə “yazan” bu böyük el aşığı “şifahi nəşriyyatlar”da çap edilə-edilə hələ sağlığında bütün Azərbaycanın ustad aşığı, türk dünyasının böyük sənətkarı kimi tanındı. Turan ozanı, sənət Dədəsi oldu. Haqqında dastanlar qoşuldu, müdrik deyimlər deyildi.
   Akademik Həmid Araslı: “Aşıq Ələsgər bütöv bir xalq akademiyasıdır”.
   Akademik Yaşar Qarayev: “Peyğəmbərlərin sonuncusu Məhəmməd peyğəmbər, peyğəmbər aşıqların sonuncusu isə hələlik Aşıq Ələsgərdir”.
   Professor Hüseyn İsmayılov: “…Sazın, sözün sehrində sintezləşən, Tanrı dərgahına ucalan musiqinin, səsin, sözün, dünyanı estetik biçimdə dərk və ifadə edən fikrin ən möhtəşəm daşıyıcısı Aşıq Ələsgərin adı önündə işlənə biləcək epitetlərin ən uğurlusu Dədədir. Əgər orta çağ Oğuzu onun adına kitab bağlasaydı, onu hökmən “Dədəm Ələsgərin kitabı” adlandırardı: eynilə “Kitabi-Dədə Qorqud” kimi…”
   Və… bəndəniz: Aşıq Ələsgər Nizami, Füzuli, Nəsimi dənizinə bütöv bir xalq çayı kimi axdı və aşıq, el-ağız ədəbiyyatımızda yeni dirçəliş yaradaraq, bayraqdarı olduğu böyük sələfləri və xələflərilə birgə bu dənizi okean etdi…
    
   Tahir Əhmədalılar

İLKİN MƏNBƏ: (medeniyyet.az )MƏDƏNİYYƏT

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İldırım Əkbəroğlu – Dağlar.

DAĞLAR

Mənim həsrətimi duydumu belə?-
Sübh-tezdən, üfüqdən göründü dağlar.
Uzatdım əlimi, çatmadı deyə,
Yenə, buludlara büründü dağlar.

Vurğunun saçı tək saçı düm-ağdı,
Sənsizlik, qəlbimdə sən boyda dağdı.
Mənim üstümə qəm, sənə qar yağdı,
Ağsaçlı qocaya, tay, döndü dağlar.

Nə vaxt özgə yurdda saray tikilib,
Sonra kərpic-kərpic uçub, sökülüb.
Sənə göz tikənin gözü tökülüb,-
Yanar çırağı da, tam, söndü, dağlar!

Sağalmaz xəstəlik, yaradı düşmən,
Ömründə, yetişməz murada düşmən.
Tikanlı məftildir arada düşmən,
Ününə yetməli bir gündü, dağlar!

İldırım,vədədir, tay, dava bitsin,
Əlimiz Qarabağ ərzinə yetsin.
Gəlirəm…, qoy, yağı rədd olub getsin,
Bu mənim, daha, son ünümdü, dağlar!

Müəllif: Ildırım Akberoğlu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Vahid ƏZİZ – KÖVRƏK…


KÖVRƏK…

Arabir qar düşür şeirlərimə,
daha həyatımın kövrək çağıdır,
qayıda bilmirəm körpəliyimə,
ixtiyar amansız qocalığındır.

Elə sızıldayır dizlər-elə bil
köhnə arabanın təkərləridir,
ürək ağrıları artır ilbəil,
vaxtın əqrəbləri üstüynən gedir.

Şəbnəmlər içində qayğılı gözlər,
saçlara qoşulub qaşlar ağarır,
xəyal yuxularda kimisə səslər,
kimlərsə qəlbimi anıb çağırır.

Vaxtın əqrəbləri qaçaraq gedir,
zamanın qulpu yox-geriyə qurum,
qarşıda görünən ruhun yeridir,
arxada-məzartək dərin bir uçrum.

Uzaq körpəliyim,qayıt görüşək,
məni də binəva zaman unudar,
sinəmin üstündə mamır bitəcək,
amma,ətrafımı çiçəklər tutar.

Arabir qar yağar şeirlərimə,
daha həyatımın kövrək çağıdır,
qayıda bilmirəm körpəliyimə,
saxlayan amansız qocalğımdır.
19.01.2019.

Müəllif: VAHİD AZİZ

USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

Sona Abbasəliqızı – Təsəlli

Sona Abbasəliqızı
Təsəlli

Söyləsəm də unut məni, unutma,
Eşq atəşin kül eyləmə, soyutma.
Ovutmursan bu könlümü, ovutma,
Təsəlli ver, təsəllinlə yaşayım.

Şübhələrin duman kimi itəcək,
Arzuların gül olacaq, bitəcək.
Bu təsəllin imdadıma yetəcək,
Təsəlli ver, təsəllinlə yaşayım.

Başın üstən əskilməyən bir tacam,
Ocaq üstə hər gün yanan bir sacam,
Təsəllinlə, ümidinə möhtacam,
Təsəlli ver, təsəllinlə yaşayım.

Aramızdan keçə bilməz qara yel,
Gah kükrəyən,gah çağlayan dəli sel,
Ağarsa da intizardan qara tel,
Təsəlli ver, təsəllinlə yaşayım.
29.11.2018

Müəllif: SONA İSMAYILOVA

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

==========================================================

MÖVLUD AĞAMMƏD – DEYİR…

Leysan olub göz yaşım,dolmuş o ümman deyir….

Leysan olub göz yaşım,dolmuş o ümman deyir.
Məcnun olub dərdi çək, qəmdən alış-yan, deyir.
***
Gər dilədim dərdinə dərman olum,olmadım
Bimar olub, dərdinin çarəsi loğman-deyir.
***
Vədə verib,əhd edib,əhdinə sadiq qalıb 
Sultan olub taxtıma bir gecə mehman deyir.
***
Onsuz ötür günlərim daima ah-zar ilən,
Zənni yerim hər zaman külbeyi-ehsan deyir
***
Meydən uzaq olmağım çox da güman etdilər,
Könlüm evim olmuşam, Mövluda, viran deyir.

12.12.2014. Zərdabi.

Müəllif: MÖVLUD AĞAMMƏD

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

HƏRFLƏRƏ AİD ŞEİRLƏR

HƏR HƏRFƏ BİR ŞEİR, RƏQƏMLƏRƏ TAPMACA:

Salam, dəyərli oxucum. Bu səhifədə “Gülünün Şeirləri” kitabındakı hərf və rəqəmlərə aid olan bütün şeir – tapmacalar toplanmışdır. Sıralama  məktəb – liseylərin proqram ardıcıllığına uyğundur. Buyurun, oxuyun:

“ A “

A ilə Ana deyə,

Aləmə səs salırıq.

Azərbaycan sözünə

A ilə başlayırıq.

Ata, Ana tək sözlər

A-nın nəfis ilməsi

A-dan Z-yə hərflər

Allahın bir töhfəsi.

“ 1 “

Asan bir sual verim,

İnan, yoxdur beləsi.

Üçdən iki çıxanda

Söylə, qalır neçəsi?

“ 2 “

Hansı qoçaq tez deyər,

Söyləyin ay uşaqlar?

Xor-xor yatan pişiyin,

Neçə xumar gözü var?

“ 3 “

Kvadrat dörd bucaq,

Dairə bütün olar.

Üçbucağın bəs onda,

De, neçə bucağı var?

  “ 4 “

Dünyanın dörd tərəfi,

Damın dörd dayağı var.

Ən böyük, nəhəng filin

De, neçə ayağı var?

“ 5 “

Eşitdim, öyrənmisən

İndi daha saymağı,

Adamın bir əlində

Neçə olur barmağı?

“  N “

N, iyirminci hərfdir,

Düşüb qabağa amma.

Çünki, onu bilməsək,

Yaza bilmərik Ana.

N, nənəmin ninnisi,

N, nənəmin nehrəsi,

N, nənəmin şipşirin

Noğul kimi nəvəsi.

“ 6 “

Cavabını kim verər,

Belə asan sualın;

Dörd ayağı, qulağı

Neçə edər ulağın?

“ 7 “

Bazar  günü gələndə

Çox sevinir uşaqlar.

Bəs kim indi tez deyər,

Həftədə neçə gün var?

“ 8 “

At yanında balası,

Gəzirdi otlaqları.

İkisinin bir yerdə

Neçədir ayaqları?

“ T “

Tuncay topu tulladı,

Tutu, topu tut görək!

Top-top mənə yaraşmaz,

Mən tankçı olum gərək!

Tapançamı götürdüm,

Tüfəngi də ver mənə.

Tankı, topu sazlayım,

Hücum edim düşmənə!

“ 9 “

İki əldə bir yerdə

On dənədir barmağım.

Bax, birini qatladım,

Neçə qaldı qoçağım?

“ Ə “

Əlifbam əlimdədir,

Ə hərfi tanışdır.

Gözümün önündəki

Əlim  Ə – lə başlayır.

Nənədə iki Ə var

İki Ə – li nəvə də

Babam Ə – dən küsəndə,

Ona deyirəm dədə.

“ 10 “

İnan ki, çətin deyil

Düşünsən, asan olar.

Bir əldə, bir ayaqda

Cəmi neçə barmaq var?

“ L “

Lalə  dostların yenə

Topladı ətrafına,

Axı, mən nənəmgilə

Getmişdim Lənkərana!?

Orda bir ağac vardı,

Meyvələri sapsarı.

Leyla  dadına baxdı,

Büzüşdü dodaqları.

“ I “

I – nı yazmaq asandı,

Asan da yadda qalır.

Kim tanımır, tanısın

Lap çomağa oxşayır.

“ R “

Raul əlində fırça,

Yanaşdı molbertinə,

Rənglər rəngə qarışdı,

Oxşatdı raketinə.

Rəna görəndə rəsmi,

Dedi, qəşəng rəndədi

Hətta qanadı da var,

Sanki, uçacaq indi…

“ İ “

İlqar sevir, idmanı

Hey hoppanır ip üstdən,

İz axtarır bağçada,

O, tez tapır itindən.

“ B “

1 ilə  3 birləşib,

Birlikdə “B” oldular.

Bakı sözün başlayıb,

Kitabı qurtardılar.

“ Y “

Yabını yəhərləyib,

Yusif mindi, dalına

Yellətdi, yorğa getsin

Bərk yapışdı yalına.

Yabı heç tərpənmədi,

Bir az əydi boynunu.

Çəkəndə yüyənini

Oynatdı quyruğunu.

“ U “

Uğur baxıb göylərə,

Dedi, usta olacam!

Uca bir qüllə tikib,

Ulduzlara çatacam!

“ D “

Dəvənin damı damdı,

Durdu, damı dağıtdı.

Dəvətikanı dərib,

Dammayan dam düzəltdi.

“ O “

O yumuru hərfdir,

Oxşayır yumurtaya.

Yazmağı lap asandı,

Qələmi kim fırlaya.

“ X “

Çarpaz iki xətt çəkib,

Adını “X” qoydular.

Xəbər çatdı, xoruza

Dedi, gecikib onlar.

“ M “

Malik məktəbə

Bu ildən gedir.

Müəllim ona

Ancaq beş verir.

Heç bir məsələ

Deyil qaranlıq.

Malik düşünür,

Yalnız bir anlıq.

“ K “

Kirpi kələmlə bir gün

Gəldi kəllə-kəlləyə.

Dedi, çəkil yolumdan,

Kələm, güldü kirpiyə.

Sonra, gördü ciddidi

Dedi, əkil başımdan.

Bura mənim yerimdi,

Bir də keçmə qarşımdan!

Kartofla, kök dözməyib,

Yetişdilər köməyə.

Kirpi başa düşdü ki,

O, məcburdu dönməyə.

“ Q “

Qu quşu qurbağanı

Gördü göl qırağında

Qurbağa oxuyurdu,

Kefində, damağında.

Qu dedi, quruldama,

Xoşum gəlmir, qurbağa!

Matı-qutu qurudu,

Lap, karıxdı qurbağa.

“ E “

E darağa oxşayır,

Dişi tökülüb, amma.

Üçcə dişi qalıbdı,

Onunla çox oynama!

“ S “

Saatsaz saatları,

Aşıq sazı sazladı.

Saatlar işləməyə,

Aşıq sözə başladı.

Neçə saat durmadan,

Aşıq söylədi, dastan.

Saatsaz yuxuladı,

Səs gəlmədi saatdan.

“ Ş “

Şamil şamları,

Qoydu  şamdana.

Çərşənbə günü,

Qalsın axşama.

“ C “

Sancağımı bəzəyən

Hilala bənzəyirsən!

Azərbaycan sözünü

Can ilə bəzəyirsən!

Ana da balasına

Can deyə cavab verir.

Cahu-cəlal sözünə

C hərfi rəvac verir.

“ V “

Vaqifin bir vərdişi

Hər şeydən vacib idi,

Vaqonda da, evdə də

Mütləq var-gəl edirdi.

“ Ç “

Ç hərfi çobanla

Lap çoxdan dostluq edir,

Ç – li çomax həmişə

Çobanın əlindədir.

Çəməndəki keçisi,

Ç – li çayırı çeynər,

Arxacdakı çəpişlər

Çeşmələrdən su içər.

Ç – li alaçıq, çadır

Çöldə çobanın evi,

Çoban yaman çox sevir

Ona görə bu hərfi!

“ Z “

Zanbağı görən kimi,

Zümrüd  dedi, Zeynəbə

Paxıl deyilsən əgər,

Zanbağını ver mənə.

Zəhra  qarışdı  işə,

Sonra dedi, bu qədər

Tənbəl deyilsən əgər,

Zəhmət çək, özün becər!

“ Ö “

Çıxıb qunun önünə

Özünü öydü ördək,

Göldə məndən gözəli

Varmı, bir deyin görək!?

“ Ü “

Üzdüm üzümü,

Üzdüm, özümə!

İstəyirsənsə,

Gəl, üz özünə!

Üzüm qurusu

Üzümdən  dadlı,

Qaldıqca olur

Daha faydalı!

“ P “

Paşa, əlində maşa

Hücum çəkdi pişiyə,

Burda pişik özüməm

Haydı çıxdın eşiyə!

“ G “

Hər Günəşin doğması

Yeni günü başlayır,

Günəş qürub edəndə

Demək, gün başa çatır.

Günəş özü möcüzə

Sirr dolu varlığıyla,

“Bir gün” isə məsajdır

Dünyaya, insanlığa!

“ H “

Həsən çıxdı hasara,

Nə yaman hündürimiş.

Hop eləyib, hoppandı,

Hündürdən hündürimiş!

“ Ğ “

Qarğa ilə qurbağa

Getdilər qonaqlığa,

Sağsağanın toyuydu

Düşmüşdülər bolluğa.

Söz verildi qarğaya,

Sağsağan əhsən dedi.

Qurbağa başlayanda,

Bəyin  ürəyi getdi.

“ J “

Jalə aldı jurnalı

Baba, ver baxacağam!

Böyüyəndə istəsəm,

Jurnalistolacağam!

Müəllif: Zaur Ustac

BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR:

HƏRFLƏRƏ AİD ŞEİRLƏR

HƏRFLƏRƏ AİD ŞEİRLƏR

VACİB MƏLUMATLAR SİZİN ÜÇÜN:

İNGİLİS DİLİ

ANALAR ÜÇÜN

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Onu bir yazar kimi 1987 – ci ilin yayından sonra “Karvan yolu” romanı ilə tanımışam. Allah hər ikisinə rəhmət eləsin, atam – Mustafa Müseyiboğlu – həmin günü üç kitab alıb gətirmişdi şəhərdən – Ağdamdan (Püstənin kitab mağazasından). Biri “İnsaf nənə”, biri “Dədə palıd”, bir də “Karvan yolu”. İndiki kimi yadımdadı, üçünü də tez varaqladım. Nəsə birinci “Karvan yolu”-nu oxumağa qərar verdim… Bəlkə yer-yurd adlarının tanışlığından, bəlkə nəsə başqa bir doğmalıq hissi məni buna sövq etdi bilmirəm. Ancaq, dəqiq belə oldu… Aydın məsələdir ki, sonra digər kitabları da dəfələrlə oxudum (adətən belə olurdu, yeni kitablar alınana qədər ən son alınanlar təkrar-təkrar oxunurdu). Hər ikisi çox təsirli kitab idi… Bəlkə də o vaxt “Dədə palıd” mənə daha təsirli görünmüşdü, nəinki “Karvan yolu” … Fəqət, sonralar onun digər kitablarını oxuduqca istənilən mövzuda olan yazılarında yer-yurd adları, müxtəlif məkanlar barədə, insanların hissləri, hətta üz cizgiləri barədə ən xırda detalları belə təsvir zamanı nəzərdən qaçırmaması, böyük ustalıqla təqdim etmək bacarığı məni heyran edirdi…

Bu gün – 11 dekabr 2018 – ci il tarixdə 100 yaşın tamam olur, ey böyük insan… … bu “yüz illik” nədir ki… Siz min illikləri qeyd olunmalı çox az saylı şəxsiyyətlərdən birisiniz və neçə belə “yüz illik” – lər ötsə də, belə olaraq qalacaqsınız… …sözün bayram etdiyi Bayram sözündə yaşayacaqsınız… …baxmayaraq ki, bütün el-oba kimi bu sözlər də bir az qəribçilik çəkir, ancaq, inanın ki, bütün bunlar tarix üçün heç bir anlam kəsb etməyən, çox qısa bir zaman kəsiyidir… “NƏTƏR Kİ” bu xalq Sizin sözlərinizdə yaşayan el-obasından ötrü darıxır, həsrətin çəkir, xiffətini edir, eləcə də bu və digər məsələlər…. Əslində bəlkə də bu təbii haldır və heç bir mübaliğədən və şişirtmədən söhbət gedə bilməz. Çünki, bu millət o yerləri bir yuxusunda görür, bir də Sizin yaratdığınız bədii lövhələrdə tapır, xatırlayır… Ad gününüz mübarək, Bayram müəllim… Ruhunuz bilirəm ki, heç cür şad ola bilməz özümüz və sözümüz qəribçilikdə olduqca… Uca Yaradan özü bizə kömək olsun… Amin… Amen…

QISA ARAYIŞ:

Bayram Bayramov 1918-ci il dekabrın 11-də  YELİZAVETPOL QUBERNİYASI-nın (indiki Ağdam rayonunun) Şixavənd kəndində əkinçi ailəsində anadan olmuşdur. Yeddiillik kənd məktəbini bitirib Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdir (1934-1938). Tərtər rayonundakı Qusanlı kənd natamam orta məktəbində müəllim (1938-1940), Müsəlmanlar kəndində natamam orta məktəbin tədris hissə müdiri (1940-1941), Xoruzlu kənd yeddiillik məktəbində məktəb müdiri (1941-1942) işləmişdir. Böyük Vətən müharibəsində Mozdok uğrunda döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdır (1942). Hərbi xəstəxanada sağaldıqdan sonra altı ay Yevlax rayonunun Qoyunbinəsi kənd yeddiillik məktəbində müdirlik etmişdir. 1943-cü ilin aprelində yenidən Sovet Ordusu sıralarında qulluq etmişdir. Tərxis olunub doğma kəndlərinə qayıdarkən burada pedaqoji fəaliyyətini davam etdirmişdir: yeddiillik məktəbin müəllimi (1944-1945) işləmişdir. 1945-1950-ci illərdə ADU-nun fılologiya fakültəsində təhsil almışdır. Sonra N.K.Krupskaya adına kitabxanaçılıq texnikumunda müəllim (1948-1955), radionun ədəbi dram verilişləri redaksiyasında məsul redaktor (1956-1958), “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi (1958-1960), Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi (1960-1963) işləmişdir. Bir müddət yenə bütün qüvvəsi ilə yaradıcılıqla məşğul olmuşdur. Dövlətnəşrkomda sədr müavini kimi çalışmışdır (1966-1971). Qarabağa Xalq Yardımı Komitəsinin sədri vəzifəsində işləmişdir (1989-cu ildən). Azərbaycan Yazıçılar Birliyi Şurasının üzvü seçilmişdir (1991).

Bədii yaradıcılığa 1950-ci ildə “Azərbaycan gəncləri” qəzetində çıxan “Körpü” adlı ilk hekayəsi ilə başlamışdır. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib. Fəal ictimaiyyətçi, Azərbaycan KP 26 Bakı komissarı rayon Partiya Komitəsinin büro üzvü (1960), Bakı şəhər Sovetinin (1961, 8-ci çağırış) deputatı və rayon Sovetinin (1959, 7-ci çağırış), Müstəqil Azərbaycan Respukliası Milli Məclisinin deputatı olmuşdur. “Şərəf nişanı” ordeni (1968), “Xalqlar dostluğu” ordeni (1978), “Böyük Vətən müharibəsi” ordeni (1985), “Qırmızı əmək bayrağı” ordeni (1988), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı (1967) və medallarla təltif edilmişdir. Əsərləri SSRİ-də, eyni zamanda xarici ölkələrdə tərcümə və nəşr olunmuşdur.

1994-cü il noyabrın 9-da Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Qeyd:

YELİZAVETPOL QUBERNİYASI bu adı bilərəkdən belə seçilən yazmışam, yuxarıdakı tarix barədə sözümə qüvvət üçün indi hanı o ad… və digərləri… Xatırladığımız, Vaqifdir, Natəvandır…

LAYİHƏ:

Görkəmli söz adamı Bayram Bayramovun anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq, “BAYRAM BAYRAMOV – 100” layihəsi çərçivəsində gənc yazarlara kömək məqsədi ilə metodiki tövsiyə xarakterli yeddi yazıdan ibarət “Söz bayramı və ya Bayram sözü” adlı məqalələr toplusundan ibarət e-kitab hazırlanıb fəaliyyətdə olan bütün elektron kitabxana bazalarına yerləşdiriləcək. (bu kitabın gələcəkdə “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında ənənəvi qaydada nəşri də nəzərdə tutulur) Layihə və onun gedişatı barədə təfsilat saytın “LAYİHƏLƏRİMİZ” bölümündə var. Layihənin müddəti 11 dekabr 2018-ci ildən, 11 dekab 2019-cu ilədək olan dövrü əhatə edəcək və dayanıqlı məlumatlandırmanı təmin etmək məqsədi ilə sosial şəbəkələrdə #bayram_bayramov_100 haştağından istifadə olunacaq.

USTAC.AZ


WWW.YAZARLAR.AZ
 və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

===========================================================

ZAUR USTAC – YEDDİNCİ YAZI

RÖVŞƏN  ABDULLAOĞLU  KİMDİR?

Düzü Rövşən müəllimlə şəxsi tanışlığım yoxdur. Ona görə də təbii olaraq bütün bu yazıda  yazdıqlarım onun mənə məlum olan yaradıcılığına əsaslanır. Yəni, oxumuş olduğum kitablarından gəldiyim qənaət və nəticənin məhsuludur.

  Bu  müəlliflə mənim ilk tanışlığım şəhərimizin kitab dükanlarının birindən üzərinə “ARİFLƏRİN İRFANİ MƏQAMLARI” yazılmış kitabı almaqla başladı. “Ariflərin irfani məqamları” kitabı, böyük alim Şeyx Əbu Əli İbn Sinanın məşhur “İŞARAT  VƏ TƏNBİHAT” adlı əsərinin doqquzuncu bölməsinin tərcümə və ona verilən şərhindən ibarətdir. Nəzərinizə çatdırım ki, kitabı tərcümə edən və şərhlərin müəllifi Rövşən Abdullaoğlu idi. Beləcə bizim tanışlığımız başladı. Bu kitabın dili və şərhlər diqqətmi necə cəlb etdisə, heç o kitabı tamam-kamal bitirməmiş yenidən həmin dükana yollandım ki, müəllifin öz kitablarından bəlkə, nəsə tapa bildim. Ancaq, həmin dükanda tapa bilməsəm də satıcıdan öyrəndim ki, bəli, müəllifin öz kitabları da var. Bir, iki, üç növbəti dükanların birində Rövşən Abdullaoğlunun psixoloji kitablar silsiləsindən olan “HƏR BİR İNSAN HÖKMDARDIR” kitabını gördüm və həmən aldım. Kitabı həmin gün oxudum. Burada onu qeyd edim ki, bu hadisələr 2013-cü ilin təxminən yay-payız aylarında baş verib. Düzü kitab qismən mənə indiyə qədər bu mövzuda oxuduğum çoxlu sayda əsasən xarici motivasiya ədəbiyyatına daxil olan nümunələri xatırlatdı.  Bunula belə, kitabda nəsə bir fərqlilik, bəlkə şərqlilik deyərdim, ən əsası doğmalıq, ruhumuza yaxınlıq, bizə aid özünəməxsusluq hiss etdim. Qənatə gəldim ki, bu kitab müəllif haqqında heç nə demədi, sadəcə bir ipucu verdi. Ertəsi gün müəllifin yenə psixologiya və motivasiya kitabları silsiləsindən olan “ARXADAKI  KÖRPÜLƏRİ  YANDIRIN”  kitabını alıb oxudum. Təkrarçılıq etmək istəmirəm, ancaq onu qeyd etməliyəm ki, bu kitab da tam mən istəyəni vermədi.

Yəni bütün motivasiya ədəbiyyat nümunələrində eyni məqsəd, eyni yol (istər xarici, istərsə də bizim müəlliflər) dəyişik sözlər. Sonra müəllifin kitablarını gördükcə, adını eşitdikcə alıb oxuyur, elə bil, nəsə axtarırdım.  Bilirəm ki, axtardığım kitab yazılıb, var, ancaq, mən tapa bilmirəm….

 Bu fikr, əminlik  məndə kitabdan – kitaba hiss etdiyim dəyişiklik, sanki, müəllifin standart, şablon fikirlərdən  sıyrıldığını, özünəməxsus bir metodla təlqinə keçdiyini gördüyümdən, duyduğumdan yaranmışdı.

  Nəhayət, bir gün sosial şəbəkələrdə bir müəllifin yeni bir kitabını gördüm, artıq  tarix 2015 göstərirdi. RÖVŞƏN ABDULLAOĞLU  “BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR” psixoloji roman – yeni söz, yeni səs…. Kitabı yəqin ki, çoxunuz oxumusuz çünki, bunun özü də tam məntiqidir. Dəyərli oxucum, əgər Siz maraq göstərib, bu kiçik yazını oxuyursuzsa, mütləq haqqında danışdığımız o kitabı da oxumusuz. Yox əgər oxumamısizsa, deməli ya hələ belə bir kitab haqqında eşitməmisiz, ya da vaxtınız  olmayıb.

Çox xırdaçılığa getmədən, adi – orta məlumatlılıq səviyəsində  onu qeyd etmək istəyirəm ki, psixologiya bütün insanları onların mənliyindən irəli gələn hərəkət və davranışlarına görə dörd əsas qrupa bölür. Rövşən Abdullaoğlu bu romanda məhz bu qrupların birinə aid olan insanın elə ümumiləşdirilmiş surətini yaratmışdır ki, bu günə qədər Psixologiya elminin yazdığı, göstərdiyi hamısı artıqlaması ilə bu surətdə cəmlənmişdir. Qəhrəmanın surəti lap körpəlikdən yetkin yaşa qədər gözümüzün qarşısında  bizə göstərmək istədiyi tipindən irəli gələn xassiyyət və xüsusiyyətlərini elə çılpaq, həyatda olduğu kimi göstərir ki, bu barədə sadəcə MÜKKƏMMƏL!!!! – deyib kifayətlənməkdən  başqa yolumuz qalmır. Müəllifin olduqca çox böyük təvəzökarlıqla sadəcə psixoloji roman adlandırdığı bu kitab, birinci növbədə məlumatlı olub, özünü qəhrəmanın aid olduğu tipdən hesab edən hər bir şəxsin stolüstü kitabı, ikinci – indi özünüöyrətmənin geniş yayıldığı bir zamanda  melanxoliyadan əziyyət çəkdiyini zənn edən hər bir pasientin  hər zaman yanında olan psixoloqu, gələcəkdə yaxşı psixoloq olmaq istəyən, bu istiqamətdə təhsil alan hər bir tələbənin mütləq oxumalı, incələməli olduğu (konkret tip üzrə səbəbi, müalicəni və nəticəni özündə ehtiva edən) əlavə dərs vəsaiti kimi çox qiymətli və əvəzolunmazdır. Ən azından  hələlik ortalıqda analoqu yoxdur. Əgər, bu kitabdan sonra Rövşən Abdullaoğlu heç nə yazmasa da “BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR” – müəllifin sözünü, səsini bizə tam çatdırdı. Rövşən Abdullaoğlu, sadəcə kitab olsun, az-çox pul gəlsin deyə, Cenqo ordan getdi, Manqo burdan gəldi, qızın yerə düşmüş yaylığının parçasını tapıb, ordan onun ətrini alıb, gedib qızın əvəzinə Toplanı tapıb, sonra yenə onu axtaranlar, nə bilim, min cür cəfəngiyat uydurub millətin pulunu yeyib, beynini korlayanlardan deyil. Tam fərqli, özünəməxsus  yolu olan, hərtərəfli məlumatlı (istər dini, istər dünyəvi, həm şərqdən, həm qərbdən)  bir yazardır. Rövşən Abdullaoğlunun kitabları sadəcə vaxt öldürmək, gün keçirmək üçün deyil, əksinə həyatın gözəlliyinə vurulmaq, yeni bir dünya qzanmaq üçün vacib vasitədir.

Müəllifə Uca Yaradandan can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Eyni zamanda daimi oxucu olaraq, ən azından “BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR” –dan sonra, Ümumi Psixologiyanın göstərdiyi qalan üç tip insanlara da aid üç yeni psixoloji roman gözləyirik. Axı dünya təkcə melanxoliqlərdən ibarət deyil???

17.10.2016. (12:38) Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar