ABDULLA CƏFƏR

Abdulla Cəfər – bir şeir

Dəli yoxdu

(…biz qəribə insanlarıq…)

Harama əl uzatmır,
Deyirik əli yoxdu.
Dərdi çoxdu danışmır,
Deyirik dili yoxdu.

Yolu dilik-dilikdir,
Ömrü çilik-çilikdir,
Var-dövləti bilikdir,
Deyirik ləli yoxdu.

Görmədim belə alver, 
Alır , deyir yenə ver.
Qan sorur dolanır Yer,
Deyirik zəli yoxdu.

Zəif olan büzüşür,
Güclü olan döyüşür,
Hamı tullanıb düşür,
Deyirik dəli yoxdu.

Gözlərini bağlayır,
Bəm oxuyub ağlayır.
Səsi ürək dağlayır,
Deyirik zili yoxdu.

Ətir saçır hər yana,
Qalıbdır yana-yana,
Biz baxırıq tikana,
Deyirik gülü yoxdu.

Yeyirik ətin, yağın,
Çıxardırıq lap ağın,
Bol məhsullu torpağın,
Deyirik gili yoxdu.

Bizə lazımdı rəndə…
Saf, təmiz su görəndə,
Tərslikdən sən də, mən də,
Deyirik lili yoxdu.

Kim nəyi, necə qanır?..
Şam işıq saçıb yanır,
Özünü xöşbəxt sanır,
Deyirik külü yoxdu.

Bu çayın gölü yoxdu,
Bu dağın çölü yoxdu,
Günü, aya calayıb,
Deyirik ili yoxdu.

Dərd çıxır yüzə, minə,
Yaralar alır sinə,
Boğur için-içinə,
Deyirik qəmi yoxdu…

Müəllif: ABDULLA CƏFƏR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ABDULLA CƏFƏR

GÖYDƏN ÜÇ ALMA DÜŞDÜ


Mən nağılı sevərdim-
Biri varmış, biri yox.
Dinləyib düşünərdim,
Nəyi azmış, nəyi çox?!

Böyüyüb başa düşdüm,
Göydən düşən nə imiş.
Ulu Tanrı göndərib
Sonra belə söyləmiş-
Üç alma göndərirəm,
Hərənizə bir dənə,
Birini mənə göndər.

Qəm-qüssəylə, sevinclə,
Ölüm də göndərirəm.
Sənin olsun sevinc-qəm.
Hələ ki, tələsmirəm,
“Ölümü” geri göndər.

Var-dövlət göndərirəm,
İstəsən də, nə qədər.
Hamısını yeyirsən,
Boş qabı geri göndər.

Əzrayıl göndərirəm,
Ət sənin, sümük sənin,-
Gözləmə bir bu qədər.
Sona çatsın nağılın-
Ruhunu mənə göndər.

Müəllif: ABDULLA CƏFƏR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ABDULLA CƏFƏR

İSTƏKLƏRİM NAĞILMIŞ


Toxunmayın, bulud kimi dolmuşam,
Açılmamış qonçə ikən solmuşam,
İndi bildim bu sevdaya qulmuşam,
Xəyallarım, istəklərim nağılmış.

Hələ yenə vəfasıza yazıram,
Dolandığım küçələrdə azıram.
Öz əlimlə məzarımı qazıram,
Xəyallarım, istəklərim nağılmış.

Qismətimlə barışmağa dözüm yox,
Ürəyimə hökm etməyə üzüm yox,
Daha sənə deyiləsi sözüm yox,
Xəyallarım, istəklərim nağılmış.

Gecə-gündüz gözlərini anıram,
Alovnaıb için-için yanıram.
Səbr edirəm, qayıdacaq sanıram,
Xəyallarım, istəklərim nağılmış.

Onsuz bir an, danışmıram, gülmürəm,
Bəxt ulduzum, bəlkə sönüb, bilmirəm.
Bu sevdanın sonu yoxdu, görmürəm,
Xəyallarım, istəklərim nağılmış.

Arzuların zirvəsinə çatmadım,
Zamanında bu sevdanı atmadım.
Öz sevgimi öz ağlıma satmadım,
Xəyallarım, istəklərim nağılmış.

Müəllif: ABDULLA CƏFƏR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ABDULLA CƏFƏR

Şeytana yazığım gəlir


Nədir istəyimiz bədbəxt mələkdən,
Daha başı çıxmır hiylə-kələkdən.
Taleyi qaradır, küsüb fələkdən,
Baxıram, Şeytana yazığım gəlir.

Guya, Adəm uyub Şeytan dərsinə,
Həvva da getməyib bunun tərsinə.
Tanrı qurban verib insan nəfsinə,
Baxıram, Şeytana yazığım gəlir.

Daha qalmayıbdır deyəcək sözü,
Çəkilib kənarda dayanıb özü.
Bizim əməllərdən utanır üzü,
Baxıram, Şeytana yazığım gəlir.

Uzun zaman keçib bura gələni,
Deyir, mən bilmirəm insan biləni,
Yalvarır çiynimdən alın şələni,
Baxıram, Şeytana yazığım gəlir.

Qəlbindən keçənlər gəlib dilinə,
Hər pis əməlimiz minib belinə,
İstəyir qayıtsın doğma yerinə,
Baxıram, Şeytana yazığım gəlir.

Dəyişib hiylənin modu, fasonu,
Cənnətdən qovulub bilinmir sonu.
Bəs niyə Allahım öldürmür onu?
Baxıram, Şeytana yazığım gəlir.

Müəllif: ABDULLA CƏFƏR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru