Rahim Üçoğlanlı Rzayev

ADAMIN

Görəsən sevginin qüdrəti nəymiş,
Bir anlıq sönməyir közü, adamın.
İllərlə şəninə dastan deyirsən,
Tükənmir, söhbəti sözü, adamın.

Odur şad eyləyib, bağrı yaranda,
Kafir də eşq deyir əhli Quran da..
Yar çıxıb qarşına bir söz soranda,
Bəs nədən titrəyir, səsi adamın.?

Rahim, şirinliyin çox insan dadıb,
Duyğusuz olan kəs qafildir, yatıb..
Tanrı məhəbbətin saf eşqin qatıb,
Mələkdən baş olub, özü, adamın..

Ağdam-14.01.2020.


Müəllif: RAHİM ÜÇOĞLANLI RZAYEV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mustafa Müseyiboğlu

Bu gün (29.12.2018) Mustafa Müseyiboğlunun (Məşədi Mustafa) anım günüdür. Mustafa Müseyiboğlu 2018 – ci ildə xəstəlik səbəbi ilə Bakı şəhərində vəfat etmişdir. Allah rəhmət eləsin. Ruhuna Fatihə:

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Qasımov Şahin

  Qasımov Şahin Həsən oğlu haqqında

Qasımov Şahin Həsən oğlu 1950-ci ildə Ağdam Rayonu Yusifcanlı kəndində anadan olmuşdur. 1957-ci ildə Yusifcanlı kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1967-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 01.09.1967-ci ildən 20.11.1970-ci il tarixədək Ağdam rayon Yusifcanlı kənd orta məktəbində kitabxanaçı vəzifəsində işləmişdir. 1970-ci ilin noyabr ayından 1972-ci ilin aprel ayına kimi Sovet ordusunun sralarında hərbi xidmət etmişdir. 1969-cuildə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenlı Azərbaycan Dövlət Universitetinə daxil olmuş 1976-cı ildə Kitabxanaçı və bibloqrafiya ixtisası üzrə həmin Universiteti bitirmişdir. 24.04.1972-ci il tarixdən 30.12.1974-cü il tarixədək Yusifcanlı kənd klubunda müdir, 30.12.1974-cü il tarixdən 22.03.1976-cı il tarixədək Yusifcanlı kənd Mədəniyyət evinin müdiri vəzifəsində işləmişdir. 22.03.1976-cı il tarixdən 21.07.2000-ci il tarixədək Ağdam rayon Mədəniyyət şöbəsinin inispektoru vəzifəsində işləmişdir. 21.07.2000-ci il tarixdən 01.11.2016-cı il tarixə kimi Ağdam rayon Mədəniyyət və Turizm şöbəsinin  müdiri vəzifəsində işləmişdir.  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 iyun tarixli 2978 nömürəli sərəncamı ilə Dövlət qulluğunda fərqlənməyə görə Medal ilə, 30.11.2016-ci ildə isə Respublika Fəxri Mədəniyyət işçisi döş nişanı ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasınin  Ağdam rayon Təşkilatının şura üzvüdür.   05.01.2017-ci il tarixdən Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin Ağdam rayon üzrə nümayəndə Baş məsləhətçisi vəzifəsində çalışır.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Vahid Çəmənli – Şahmar Əkbərzadəyə şeir yazdı

ŞAHMAR ƏKBƏRZADƏNİN AD GÜNÜDÜR

Bu gün (28 dekabr 1941) Şahmar Əkbərzadənin doğum günüdür. Ustad sənətkarın ruhu şad olsun. Şahmar müəllim sözü elə bir ucalığa qaldırıb ki, onun sözü haqqında söz demək olduqca çətin və məsuliyyətlidir. Ancaq, sözünü vəsf etməkdə və yaxud şəxsinə ihafda bulunmaqda bir işkal yoxdur. Şairin bu əziz günündə bir daha ruhu qarşısında baş əyir Hacı Vahid Çəmənlinin şəxsən tanıdığı, dəfələrlə ünsüyyətdə olduğu ustad sənətkara ithaf etdiyi şeiri təqdim edirik:

“Ay qapımın açar yeri”

(Şahmar Əkbərzadənin xatirəsinə həsr olunur.)

Ay qapımın açar yeri,

Ay dilimin naçar yeri,

Ay bəlamın düçar yeri,

«Səni hardan alım indi?»

***

Ay ömrümün qışı, yazı,

Ay könlümün duzu, nazı,

Ay atamın telli sazı,

«Səni hardan alım indi?»

***

Gözlərinə gözüm düşən —

Özü kövrək, qəlbi şüşəm,

Bir qom yaralı bənövşəm,

«Səni hardan alım indi…
***

Qarabağım, qəm otağım,

Qəza – qədər öz ortağım,

Ay sinəsi dağlı dağım,

«Səni hardan alım indi?»
***

Ay qəlbimin qubar tacı,

Çəmənimin bahar taçı,

Çəmənlimin Şahmar tacı,

«Səni hardan alım indi»?..


Bakı, 09 oktyabr 2001.

Müəllif: VAHİD ÇƏMƏNLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şahmar Əkbərzadə

Şahmar Əkbərzadə haqqınada

Tanınmış şair, jurnalist Şahmar Əkbərzadə — 28 Dekabr 1941-ci ildə Ağdam rayonunun Çəmənli kəndində ziyalı ailəsində anadan olmuşdur.

1958-ci ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra həmin il Şuşa Pedaqoji Texnikomuna daxil olub və 1960-cı ildə texnikomu bitirmişdir. Elə həmin il M.F.Axundov adına Dillər İnstitutunun Rus dili və ədəbiyyatı şöbəsinə daxil olmuş, 1960-cı ildə Rus dili müəllimi ixtisasını bitirmişdir.

Bir neçə il Çəmənli kənd orta məktəbində müəllim işləmiş, 1968-ci ildə Bakı şəhərinə köçüb “Azərbaycan gəncləri” qəzetində jurnalist kimi fəaliyyətə başlamışdır. Sonralar həmin qəzetdə şöbə müdiri vəzifəsində çalışmışdır. “Kommunist” qəzetində müxbir və şöbə müdiri olmuşdur.

1990-cı ildə “Mədəniyyət” qəzetini təsis etmiş və ömrünün sonunadək qəzetin baş redaktoru olmuşdur.

Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində dünyasını dəyişmişdir.

10 fevral 2014-cü ildə adını daşıyan “Şahmar Ədəbi Məclisi” (ŞƏM) təsis olunmuşdur.

YARADICILIĞINDAN NÜMUNƏLƏR:

Qarabağsız Qarabağlı

Utanım yerinə ay bulud sənin,
Allahın altında ağ eyləyirsən..
Alışır ciyəri çölün, çəmənin,
Yağışı dənizə səpələyirsən..

Utanım yerinə sənin, ay dəniz,
Susuzlar qoynunda yetmir kamına..
Çayların başını kəsib tər-təmiz,
Dönmüsən suların qəbristanına..

Bu da ki, min illik Türk qəbristanı,
Analar kor oldu ağı deməkdən..
Utanım yerinə, Türk yatağanı,
Gözlərin doymadı Türkü yeməkdən..

Utanım yerinə Misri qilincım,
Tufəng çıxan kimi qınına girdin..
Utanıb-qızarıb sənə güvəncim,
Sən öz qanımıza yerikləyirdin..

Utanım yerinə qoç Koroğlu, din!
Düşmənin kimiydi? – Həsən paşaydı..
“Leş bir yana, baş bir yana” -deyirdin,
Qalağa vurduğun qardaş başıydı..

Utanım yerinə Əmir Teymurum,
Əzdin Bəyazidi, qırdın Tatarı..
Sənin zəfərinlə sındı qürurum,
Yadlara qul oldu yurd balaları..

Şah babam Xətayi, ey Sultan Səlim,
“Çaldıran” deyəndə odlanıram mən..
Əsrlər keçsə də düzəlmir belim,
Sizin yerinizə utanıram mən..

Utanım yerinə ey insan oğlu,
Bir yandan əcəldən fəryad edirsən..
O biri yandan da zirehli, zağlı,
Ölüm silahları icad edirsən..

Bir utanc qurumu qurardım hökmən,
Egər olmasaydı məni qınayan..
Yerlərdən, göylərdən utanıram mən,
Utanım yerinə, ay utanmayan..!

AĞALAR BAYRAMOVUN İFASINDA:

DAYANIN!

Mənə əl eləyən əllər dayanın,
Boynuma dolanan qollar dayanın,
Çiçəklər dayanın,güllər dayanın,
Məni ötürməyə tələsməyin siz !

Hələ ocaqlardan od əmməmişəm.
Dərdimi Araza göməmməmişəm,
Vüsalın ətrinə bələnməmişəm,
Məni ötürməyə tələsməyin siz!

Dərddən hayıf çıxmamışam doyunca
Onu daşa çaxmamışam doyunca
Ərk qalama baxmamışam doyunca
Məni ötürməyə tələsməyin siz.

Qoyun sevincimi selə döndərim,
Günümü uzadıb ilə döndərim ,
Dəli həsrətimi külə döndərim ,
Məni ötürməyə tələsməyin siz!

Səttərxanın məzarını öpməmiş,
Torpağını gözlərimə səpməmiş,
Ayrılığa dəli nərə təpməmiş,
Məni ötürməyə tələsməyin siz !

Təbriz 1992

ÖZÜN ÖZGƏNİN

Sənin tilsimindən çıxa bilmirəm,
Neyləyim bu eşqi boğa bilmirəm,
Yolundan gözümü yığa bilmirəm,
Gözdağın mənimdir, gözün özgənin.

Öz sevdan özünü qarğışa salıb,
Ömrün qara qalıb, yağışa qalıb,
Taleyin tüstünlə baş-başa qalıb,
Tüstün mənimkidir, közün özgənin.

Şahmara vəfandan cəfan nurludur,
Baharın şaxtalı, yayın qarlıdır,
Həsrətin özündən etibarlıdır,
Həsrətin mənimdir, özün özgənin.

Qrimləyir

Dolanır boynuma doğmalıq mehi,
Hardasa bir dəli həsrət inləyir.
Sükutu ilahi bülbül cəh-cəhi,
Mənim varlığımı qəm qrimləyir.

Şəfəqlər zülmətin kəsir başını,
Bəyaz dan yerini qan qrimləyir.
Sübh yeli meşəni, şeh bənövşəni,
Məğrur zirvələri çən qrimləyir.

Şirin mürgülərdən ayrılır güllər,
Göylər yer üzünü nura bələyir.
Dənizdən sahilə çıxır gözəllər,
Mərmər sinələri gün qrimləyir.

Tökülür dənizə nazlar, qəmzələr
Bəxtəvər suları naz qrimləyir.
Leyli-Məcnunları sərin gölgələr,
Məcnun söyüdləri yaz qrimləyir.

Gündüzü-günəşli loğman havalar,
Gecəni Krımda Ay qrimləyir.
Yalları bulaqlar, yolları çinar,
Zümrüd vadiləri yay qrimləyir.

Hanı gözəllikdə Krıma tay yer?
Hanı əzizlikdə Krıma əvəz?
Hər şey bu yerlərdə qrim götürər,
Bircə faciələr qrim götürməz.

Dolanır boynuma ayrılıq mehi,
Hardasa bir dəli həsrət inləyir.
Kiminin bəxtini bülbül cəh-cəhi,
Kiminin bəxtini qəm qrimləyir.
1985

YOLLAR

Ayaqla torpağın öpüşməsindən
Doğulub böyüyür yollar həyatda.
Tapdana-tapdana min illər boyu,
Ömür qazanıbdır ayaqlar altda.

Gəlimli-gedimli yol nəsillərin,
ölməz abidəsi, əmanətdir.
Tapdanmaq – insanın şərəfsizliyi,
Tapdanmaq – yolların ləyaqətidir.

İnsan qədəminə tamarzı qalmaq,
Yolların bağrına çəkilən dağdır.
Dünyada ayaqlar altda yaşamaq,
Bircə yollar üçün alçalmamaqdır.
(1968)

Təzə nağara

Sitəm görəcəksən ulduzlar sanı,
Bir azdan başına od ələnəcək.
Dodaqlar öpəcək qara zurnanı,
Səninsə sifətin sillələnəcək.

Hələ təpər topla, dözüm yığ hələ,
Qanları coşdurub qaynatmalısan.
Üzünə çırpılan sillələr ilə
Toya gələnləri oynatmalısan.

Bir azdan üstünə düşəcək əllər,
Səni nağaraçı yesir edəcək.
Ağrından həzz alıb süzən gözəllər
Fəryadın üstündə yallı gedəcək.

Bu alın yazındı, nə küs, nə inci,
Çırtma çatlayacaq qaşında sənin.
Dərdə bax, hamının toyu, sevinci
Qapaza dönəcək başında sənin.

Alın yazısından qaçmayıb heç kim,
Sitəmə sinə gər, qəmə qələm çək!
Yediyin sillələr qorxma əzizim,
Şəninə əskiklik gətirməyəcək.

Qoşa şapalağa dözəcək dərin,
Nalən musiqiyə dönəcək hökmən,
Qəm yemə, nağara, döyülənlərin
Bütün yer üzündə xoşbəxti sənsən.

Bəxtəvər başına, sillələn nə qəm,
Sillələr ömrünə nur ələyəcək.
Dərd mənim dərdimdir, sabah bilmirəm
Kimlər taleyimi sillələyəcək!

Allah amandır!

Adamlar itirir adamlığinı,
Adam təlxək olur, Allah amandır!
Kələklə gələnlər küləklə getmir,
Kələk pələng olur, Allah amandır!

Sürülər mələşir, qoçlar həlləşir
Çaqqal qurda dönür,tülkü şirləşir
Cüllüt qartallaşir,milçək filləşir,
Fillər milçək olur, Allah amandır!

Bülbülün yurduna quzğun tökülür,
Güllərin gözünə millər çəkilir,
Qədim gülüstana sitəm əkilir,
Sitəm çələng olur, Allah amandır!

Səyi bəy eyləyən dastançıya bax,
Bostan tanımayan bostançıya bax,
Pulla böhtan deyən böhtançıya bax,
Böhtan çörək olur, Allah amandır!

Quru didişmədə vaxt batıb gedir,
Hamı xalq-xalq deyir, xalq batıb gedir,
Haqsızın əlində haqq batıb gedir,
Haqlı “xərçəng”olur, Allah amandır!

Hesab çəkiləndə əyri düz çıxır,
Üzü üzlər görən qarı qiz çıxır,
Həqiqət bir anda dönüb fıs çıxır,
Yalan gerçək olur, Allah amandır!

Namərdlər birləşir, mərdlər əyişir,
İmanlar, məbədlər, pirlər dəyişir,
Məqamlar dəyişir, yerlər dəyişir,
İblis mələk olur, Allah amandır!

Hanı

Xoş gördük a yerlər a göylər salam
Gəldim o yerlərdən bir salam alam.
Danış bənövşəli, laləli talam
Ölüb dirildiyim o anım hanı.

İlk eşqin qisməti gətirməyirsə
Talada görməsin günahı kimsə
Andına eşqinə dönük mənəmsə
Bəs əhdinə vəfalı olanım hanı.

Tutulub göylərin qaşı qabağı
Dindirə bilmirəm şahid qovağı
Soruşa bilmirəm ayrılıq çağı
Arxamca gözləri dolanım hanı.

Sənsiz bu yerlərdə şirin avazam
Kövrələ-kövrələ axan Arazam
“Yanıq Kərəm”yə köklənmiş sazam
Dindirənim hanı, çalanım hanı.

Laçınlı Şahverdi dədəyə

Çoxdandır burnumun ucu göynəyir
Şirin söhbətindən, sözündən ötrü.
Söhbət bəhanədir, vallah, ay dədə,
Özüm divanəyəm özündən ötrü.

Könlümdə bir dəli həsrət kişnədi,
Bu dünya gözümdə sənsiz heç nədir.
Özüm də bilmirəm niyə təşnədi,
Gözüm Gözbulağın gözündən ötrü?!

Küsməyə haqqı var o dağların da,
Lilparlı, yarpızlı bulaqların da,
Bir il yarımdır ki, dodaqlarımda
Bir öpüş göynəyir üzündən ötrü.

Bahar yal-yamaca gül ələyibdir,
Xəyalım o yerə iməkləyibdir,
Sinəmdə qəm-qüssə çiçəkləyibdir
Başyurdun çiçəkli düzündən ötrü.

Mıxtökən zirvəsi göz diksin bizə,
O dağlar nəriylə duraq üz-üzə,
Dədə-bala bardaş quraq diz-dizə,
Dizim həsrət çəkir, dizindən ötrü.

Hövcələm tükənib ajı il sayır
Hər gün görüşünə ümid bağlayır.
Mərmər səkilərdə izim ağlayır
Şehli çəməndəki izindən ötrü.

Üşüdü

Sənsiz salamımı almadı dağlar,
Həmdəmim, həyanım olmadı dağlar,
Elə köks ötürdü gülgəz yaylaqlar
Yamaclar üşüdü, qaşlar üşüdü.

Məni sənsiz görüb süsən saraldı,
Nərgiz pörşələndi, lalə qaraldı,
Göyü bulud basdı, yeri qar aldı,
Dərələr ah çəkdi, döşlər üşüdü.

Məni sənsiz görüb ürpəşdi otlar
Əsdi titim-titim titrəşdi otlar,
Bəyaz yaylığını sıxdı buludlar,
Məni sənsiz görüb quşlar üşüdü.

Üzümə baxmadı gədiklər, gülüm,
Mələşdi talada əliklər, gülüm,
Elə oxudu ki, kəkliklər, gülüm,
Qayalar səksəndi, daşlar üşüdü.

Məni sənsiz görüb çağladı bulaq,
Könlümü min yerdən dağladı bulaq,
Körpə cüyür kimi ağladı bulaq,
Gözümün içində yaşlar üşüdü.

KİRPİYİMİ QƏDƏMİNƏ SƏRİM QOY!

(Mələk Baharlıya)

Məndən küsmə, gül nəfəsin töyşüyər,
Səni görüb bənövşələr pörşüyər,
Dayan gülüm, ayaqların üşüyər,
Kirpiyimi qədəminə sərim qoy!

Əl verirəm, əsdirmirsən əlimi
Gül verirəm, küsdürürsən gülümü,
Yavaş yeri, yel dağıtmış telini
Ürəyimin tellərinə hörüm qoy!

Həsrətimin çiçəkləri xallanıb,
Ədaların şan bağlayıb, ballanıb,
Dodağında küsüşmələr barlanıb,
O barları dodağımla dərim qoy!

Heç bilmirəm ulduz nədir, Ay nədir!
Bürcüm nə bürc, günüm nə gün, ay nədir?
Baxışların taleyimə aynadır
Ayaq saxla, taleyimi görüm qoy!

Şahmar yazıq hardan alsın dözümü?
Nazın, qəmzən sındırıbdır dizimi.
Yana-yana kül elədim özümü,
Sürmə olum, gözlərinə girim qoy!

BİLMƏYİM

Bir gün ünvanıma gələcək ölüm!
Zərrəcə eynimə gəlmir ölməyim!
Elə utanıram, gələsən, gülüm,
Sənin ayağına dura bilməyim!

Namərddir ölümdən üşənib qorxan!
Bir şərbət nədir ki, içə bilməyəm?!
Elə utanıram, adi yağışdan
Sənin göz yaşını seçə bilməyəm!

Elə utanıram gəlib-gedəsən,
Sənin gəlişini duya bilməyəm!
Üstümə səpdiyin çiçəkləri mən
Gözümün üstünə qoya bilməyəm!

Elə utanıram, utanıram mən,
Ayılam, könlünü ala bilməyəm!
Dərdim təzələnə, xəcalətimdən
Ölmək istəyəm mən, ölə bilməyəm!

“Poçt şerləri” silsiləsindən

Qismətim gümandan gümana düşüb,
Köksümdən perikib könlüm haçandır.
Məhəbbət çəmənim tufana düşüb,
Çırtlamır çiçəyim, gülüm haçandır.

Haçandır ürəyim dağlanır köz-köz,
Dəstəkdən üstümə od ələnibdir.
Könlümün həsrətlə gözlədiyi söz
Telefon xəttində çiliklənibdir.

Gör harda qırıldı telefon teli,
Qismətim çətin ki, isinə daha.
Qəzaya uğrayıb eşqimin feli,
Qanadı qırılmış isiməm daha.

Xətlər ümidimi veribdir bada,
Taleyim o sözü öpəsi idi.
O söz gümanımı öldürüb, ya da
Üstümə səadət səpəsi idi.

Görən tapılarmı söz qırıqları?!
Tutubdur üzünü ellərə könlüm.
Baş alıb sinəmdən Gəncəyə sarı,
Düşüb dəli kimi çöllərə könlüm.

Telefon telini bağrına basıb,
Çalıb oxuduğu “Yanıq Kərəm”di.
Neyləsin “sev”-çatıb, sözün arxası
Bilmir ki, “-irəm”di, yoxsa”-mirəm”di?!

Bitməsin

Apar məni o günlərə,o aya
Göz baxmaqdan,üz yanmaqdan doymaya,
Əllərimi əlin yaxin qoymaya,
Nəfəsimdə də nəfəsinə yetməsin,
Bu sevdamin ömrü-günü bitməsin!

Apar məni ilk görüşə,üşənim,
O görüşün ayaqina döşənim,
Biraz gecik,üşüm-üşüm üşüyüm,
Qoy ürəyim titim-titim titrəsin
Bu sevdamin ömrü günü bitməsin!

Apar məni o bahara gəl,gülüm,
Cicək olum əllərinlə üzülülm,
Bircə-bircə tellərinə düzülüm,
Xəyalimdan özgə xəyal ötməsin,
Bu sevdamin ömrü-günü bitməsin!

Apar məni o yerlərə,gəzək bir.
Anan səni şişə cəksin,dözək bir,
Bəhanə tap,inciyək bir,küsək bir.
Durub gedim,ayaqlarim getməsin,
Bu sevdamin ömrü-günü bitməsin!

Apar məni o günümə baxim mən,
Qizillari yandirim mən,yaxim mən,
Öz eşqimi barmaqina taxim mən,
Bir üzüyə yenə gücüm yetməsin,
Bu sevdamin ömrü-günü bitməsin!

Daş-qaş nədir,sən qüdrətdən süslüsən,
Göydən enməz mələklərin mislisən,
Bu dünyada bir od mənəm,bir od sən,
Alov varmi,mənə qibtə etməsin?
Bu sevdamin ömrü-günü bitməsin!

AYIRAR BU DÜNYA BİZİ NƏ VAXTSA

Burax inadını, ay ömrüm, günüm
Çəkilər göylərə harayım, ünüm.
Dolaşar qəfildən ömür düyünüm,
Ayırar bu dünya bizi nə vaxtsa.

Dağlayar qəlbini, dağlayar dağ-dağ,
Sinəmdə əcəlin çatdığı ocaq.
Tüstüsü gözünü yandırar ancaq,
Üşüdər qəlbini közü nə vaxtsa.

Ha səslən, dağılmaz əbədi yuxum,
Burnunun ucunu göynədər qoxum.
Çarpaz dağlar çəkər sənə yoxluğum,
Çiləyər yarana duzu nə vaxtsa.

Düşər xatirələr yadına bir-bir,
Yanarsan günlərin oduna bir-bir.
Əsər əsim-əsim, titrəyər tir-tir,
Sınar qürurunun dizi nə vaxtsa.

Bəxtin gözlənilməz günlə rastlaşar,
Odun da, közün də Şahmarsızlaşar,
Dadın da, duzun da Şahmarsızlaşar,
Ayırar bu dünya bizi nə vaxtsa.

ƏLVİDA

Çatdı halallaşmaq vaxtı, a yerlər.
Yamaclar əlvida, yollar əlvida!
Hər yarpaq mehriban bir ələ bənzər,
Mənə əl eyləyən əllər, əlvida!

Dərdimi heç kimə aça bilmədim,
Hicranın əlindən qaça biımədim,
Zülmün sədlərini keçə bilmədim,
Çəmənlər əlvida, çöllər əlvida!

Bir ocağın odu-közü olmadım,
Saza dönüb “Yanıq Kərəm çalmadım,
Toza dönüb qoynunuzda qalmadım,
Cığırlar əlvida, yollar əlvida.

Kükrəyə-kükrəyə qabarmadınız,
Həsrətin bəndini qoparmadınız,
Yuyub dərdlərimi aparmadınız,
Yağışlar əlvida, sellər əlvida!

Hələ bu dünyada qalmaq payım var,
Bəxtimin üzünə gülmək payım var,
Azadlıq yolunda ölmək payım var,
Obalar əlvida, ellər əlvida!

TƏBRİZ. 1992

Səni

Arzumun yoluna çıxan həyatsan,
Dönmərəm köksümdə tonqal da çatsan…
Bilsəm ki, yandırıb-yaxsan bir odsan
Yenə gözüm üstə qoyaram səni

Gülüm, könlüm hara, şikayət hara?
Sevinər çəkdiyin çarpaz dağlara
Gündə baxışından alsam min yara
Xeyirxah mələyim sayaram səni.

Ölüncə yanında əsir qalaram
Verdiyin əzaba layla çalaram,
Vaxt gələr çevrilib torpaq olaram
Gəlsən hənirtindən duyaram səni.

* * *

Bu gecə nə gözəl gecədir, könül,
Bu gecə ay necə bədirlənibdir.
Dünya süd gölündə çimir elə bil,
Elə bil üfüqlər yerə enibdir.

Gecə ağ duvaqlı nazlı gəlin tək,
Açıb saçlarını yuyur sularda.
Yaylıq tək asılıb ağacdan külək,
Dünya nə gözəlmiş bu ilk baharda…

Bəlkə ikimizik dünyada oyaq,
Bəlkə bu gecənin gəlişi haqdır.
Sən mənə səhərin gözləriylə bax,
Bəxtim günəş kimi doğulacaqdır.

Ulduzlar torpağa tökülür dən-dən,
Çiçək yağışında yuyulur gecə.
Torpağın əliylə yazıla bilən
Gözəl şer kimi duyulur gecə.

Uzansın bu gecə… Sökülməsin dan,
Bu gecə huşumu başımdan almış,
Utansın bu gecə yanaqlarından,
Bu gecə üzündə bir qara xalmış…

İLKİN MƏNBƏ: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Hacı Əkbər Rüstəmov

HACI ƏKBƏR RÜSTƏMOV TƏLTİF OLUNDU

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən uzun illər Bədən Tərbiyəsi üzrə mütəxəssis kimi çalışmış Hacı Əkbər Rüstəmovun əməyi yüksək qiymətləndirilərək təltif olunmuşdur. Əkbər müəllimi bu münasibətlə təbrik edir, uzun ömür, can sağlığı və bütün işlərində müvəffəqiyyətlər arzu edirik!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BAYRAM BAYRAMOV – 101

11 DEKABR ONUN DOĞUM GÜNÜDÜR

(Ruhu şad olsun. Allah qəni-qəni rəhmət eləsin.)

Sovet dövrünün gəncləri olan bizlər onu “Arakəsmələr”, “Xəzinə”, “Bəlalı sevgim”, “Fəhlə qardaş”, “Yarpaqlar”, “Cıdır düzü” romanları ilə tanıdıq, sevdik. Və kitablarını sevdiyimiz kitabların yanına qoyduq, özünü isə sevdiyimiz ədiblərimizlə bərabər tutduq. 

Söhbət görkəmli nasir, Xalq yazıçısı Bayram Bayramovdan gedir. Sevilən yazıçımızın keçdiyi həyat və yaradıcılıq yoluna nəzər salaq:” Bayram Salaman oğlu Bayramov1918-ci il dekabrın 11-də Qarabağ bölgəsinin Ağdamın rayonunun (o vaxtkı Yelizavetpol quberniyasının Şuşa qəzası) Şivənd kəndində anadan olub. 1934-1938 –ci illərdə Yeddiillik kənd məktəbini bitirib Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirib. 1938-1942-cı illərdə Tərtər rayonundakı Qusanlı kənd natamam orta məktəbində müəllim , Müsəlmanlar kəndində natamam orta məktəbin tədris hissə müdiri, Xoruzlu kənd yeddiillik məktəbində məktəb müdiri işləyib. 

1942-ci ildə Böyük Vətən müharibəsində Mozdok uğrunda döyüşlərdə iştirak edib, ağır yaralanıb . Hərbi xəstəxanada sağaldıqdan sonra altı ay Yevlax rayonunun Qoyunbinəsi kənd yeddiillik məktəbində müdirlik edib. 1943-cü ilin aprelində yenidən Sovet Ordusu sıralarında qulluğa yola düşüb. 1944-1945-ci illərdə tərxis olunub doğma kəndlərinə qayıdarkən burada pedaqoji fəaliyyətini davam etdirib yeddiillik məktəbin müəllimi işləyib. 1945-1971-ci illərdə ADU-nun fılologiya fakültəsində təhsil alıb. Sonra N.K.Krupskaya adına kitabxanaçılıq texnikumunda müəllim , Azərbaycan radiosunun ədəbi dram verilişləri redaksiyasında məsul redaktor, “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi işləyib. Dövlətnəşrkomda sədr müavini kimi çalışıb. 1984-cü ildə Azərbaycan Xalq yazıçısı fəxri adına, 1990-cı ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb. 1988-ci ildə Qarabağ hadisələri başlayanda fəal ictimai mövqeyi ilə seçilib. Qarabağa Xalq Yardımı Komitəsinin sədri vəzifəsində fəaliyyətini davam etdirərək Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990) seçilib. Bədii yaradıcılığa 1950-ci ildə “Azərbaycan gəncləri” qəzetində çıxan “Körpü” adlı ilk hekayəsi ilə başlayıb. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib. “Arakəsmələr”, “Xəzinə”, “Bəlalı sevgim”, “Fəhlə qardaş”, “Yarpaqlar”, “Cıdır düzü” və s. romanların müəllifidir. Sovet dövründə ən çox oxunan yazıçılardan biri olub. Əsərləri SSRİ-də, eyni zamanda xarici ölkələrdə tərcümə və nəşr olunub. Dilinin sadəliyi, axıcılığı, əsərlərində yeniliyin hər dəfə mühafizəkarlığa qalib gəlməsi onu oxuculara sevdirən başlıca cəhətlərdən biriydi. Bayram Bayramovun 80-ci illərin axırlarında “Azərbaycan” jurnalında “Üzlü-astarlı günlər” adlı avtobioqrafik romanı çap olundu. Həmin romanı gənclər çox maraqla oxuyurdu. 

Yazıçı bu əsərdə özünün məşəqqətli və əzablı həyat yolu haqqında oxucuya məlumat verməklə yetinmir, həmçinin 30-40-50-ci illərin ictimai-siyasi, mənəvi mənzərəsini göstərir. Yazıçının “Karvan yolu” romanı xalqımızın ən işıqlı simaları Cəlil Məmmədquluzadənin və onun həyat yoldaşı, əslən Qarabağdan olan ziyalı, maarifçi Həmidə xanım Cavanşirin həyat və fəaliyyətlərinin əzablı, müsibətli dövründən bəhs edir. Bayram Bayramov həmçinin “Mən ki gözəl deyildim” “Firəngiz” “Onun bəlalı sevgisi” filmlərinin ssenari müəllifidir.

Müəllif: Əntiqə Rəşid

İlkin mənbə:Bayram Bayramov doğum günüdür – 101 yaş

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru


Vahid Çəmənli və Zaur Ustac

Şair Vahid Çəmənli və şair – publisist Zaur Ustac xoş bir günün xatirəsi. (Vahid Çəmənli “USTACIN QONAĞI” layihəsində)

Bakı ş. 08.12.2019 – cu il.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustacdan yeni layihə

“İldırım Əkbəroğlu” kitabı işıq üzü görüb

Tanınmış şair-publisist Zaur Ustacın layihə rəhbəri və eyni zamanda baş redaktoru olduğu “İldırım Əkbəroğlu” seçmə şeirlərdən ibarət yeni almanax nəşr olunub. Kitab “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında, Azərbaycanın Milli Qəhrəmanı  Rövşən Hüseynovun xatirəsi əbədiləşdirmək məqsədi ilə həyata keçirilən “25 YARPAQ” layihəsi çərçivəsində ərsəyə gəlib. Kitabda böyük oxucu kütləsinin rəğbətini qazanmış, lakin hələ kitab şəklində çap olunmamış İldırım Əkbəroğlunun özünün seçdiyi və bir kitab halında görmək istədiyi 25 şeiri  yer almışdır. Yeni toplu haqqında Zaur Ustacın fikri belə oldu:

“İşin gedişində şeirləri oxuduqca belə bir layihə üçün İldırım Əkbəroğlu yaradıcılığına müraciət etməkdə heç də yanılmadığımız bir daha aydın oldu. İldırım müəllimin bütün şeirləri Vətən və onun bir nömrəli problemi olan Qarabağ ağrı-acısından bəhs edir.  Əslində o, özünü, Vətəni, Qarabağı misal  götürərək bütün dünyaya, insanlığa məsaj  verməyə çalışır… Müasir dövrün  problemlərindən söhbət  açır. Ümumilikdə kitabda yer alan bütün şeirlər arzuları yarımçıq qalmış tələbə-döyüşçülərin uğrunda şəhid olduqları amalın ruhuna tam uyğun gəlir.”  Biz də yeni kitabın geniş oxucu kütləsinin rəğbətini qazanacağına inanır, həm müəllifə, həm də yaradıcı heyyətə yeni-yeni uğurlar arzu edirik.

İLKİN MƏNBƏ:HAFTA.AZ – “İldırım  Əkbəroğlu” kitabı işıq üzü gördü

Söhbətləşdi: Qələndər Xaçınçaylı

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mustafa Müseyiboğlu

Bu gün (01.12.1952 – 29.12.2018) Mustafa Müseyiboğlunun doğum günüdür. Ruhu şad olsun. Allah qəni-qəni rəhmət eləsin. Amin.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru