Aida Adıgözəl

AİDA ADIGÖZƏL “ÜÇ YARPAQ”-DA

Təsəlli

Sıxma ürəyini gözünə qurban,
mən nələr itirdim, sən nələr tapdın ?!
Həyat da bu imiş ..gözəl deyilən
bacarırsan yaşa, bəxtdən nə qapdın.

Olar çiçək açar ömrün payızı ,
olar çiçək bitməz təpə , dağında .
Payızda yağışa həsrət qalarsan ,
bircə toxum bitməz yazda bağında.

Olar sevinərsən xoşbəxtəm deyə ,
olar dərdlənərsən bu nə bəxt , yazı ?!
Görərsən əlində olsa da qələm ,
sənlik deyil imiş bu yazı , pozu .

Bircə ürəyim var əlimdə qalan ,
o da paramparça , sınıb tökülmüş .
Demirəm tikiş at ,demirəm sağalt ,
bir azca təsəlli , evi tikilmiş …

Sıxma ürəyini gözünə qurban ,
mən nələr itirdim ,sən nələr tapdın ?!
Həyat də bu imiş …gözəl deyilən ,
bacarırsan yaşa , bəxtdən nə qapdın !
03.12.2014

<<<AİDA ADIGÖZƏL>>>

Özündən qaçış

Bir gün yıxılarsan ürəyin üstə ,
acı etirafdan :- “sevmirəm səni”…
o gündən taparsan dərdi, kədəri,
canından çıxmayan qəmi qüssəni .

anlarsan…
Sevmək də dəhşətmiş , sevilməmək də !

Sınıb dağılarsan qaranlıqlara ,
hər qırıq bağrında min yara açar ,
inamın yıxılar , güvənin itər ,
daha şübhələrin min yerə qaçar .

anlarsan…
Unudulmaq dəhşətmiş , unutmamaq da !

Özünü aldadıb inandırmağa
tapıb yapışarsan saman çöpündən ,
ömrün uzadarsan xəyallarının ,
çıxmaq istəməzsən yalan gölündən .

anlarsan …
Getmək də dəhşətmiş , gedəmməmək də !

Uduzmaq ağırmış ,həzm etmək çətin ,
ölmək istəyərsən dəyərin üçün ,
bir gün anlayarsan demə dəyməzmiş ,
səni istəməyən birisi üçün .

anlarsan…
Ölmək də dəhşətmiş, öləmməmək də !
05.12.2019

<<<Aida Adıgözəl>>>

Tanış hekayələr

Sənlə rastlaşanda payız gəlmişdi ,
sənin saçlarına nə qədər qırov
mənim gözlərimə sazaq düşmüşdü .
Biz üşüyürdük !

İkimiz ağ saçlı , gözü eynəkli ,
soyuqlar düşəndə canı ağrıyan ,
ümidsiz sevgidən qəlbi göynəkli…
Biz tanış idik !

Bəlkə şeir idi bizi bağlayan ,
bəlkə misraların tilsimindəydik ,
bəlkə sözlər idi bərk əfsunlayan ?
Biz sözə aşiqdik !

İndi qarşımızda bir fincan tünd çay ,
gözümüz yumulu barmaqlar qatdaq ,
görüş günümüzü hesabla say, say …
Biz darıxırdıq !

Qarışmış bu ara bir az duyğular ,
pərdə arxasında qara kölgələr ,
ortalıq qarışıq , artıb qayğılar
Biz uzaqlaşırdıq !
05.12..2019

Müəllif: AİDA ADIGÖZƏL

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aida Adıgözəl – Söz

Aida Adıgözəlin söz dünyası

Sənsizliyin rəsmi

Yadımdadır soyuq payız gecəsi ,
sən gedəndə köç edirdi durnalar.
Ta o gündən boylanıram yollara ,
görən çatıb , çatmayıbsa hardalar ?

Üzüm göyə … bircə ümid lələyi ,
durnalarsa uzun yolun hayında .
Mən onunçun göydən nöqtə kimiydim ,
onun fikri yolçuların sayında.

Dumanda çıxmışdım durna yoluna
onlar ümid çırağımı qırdılar.
İndi yenə soyuq payız səhəri …
mən gələndə köç edirdi durnalar.
30.11.2019

<<<<AİDA ADIGÖZƏLİN SÖZ DÜNYASI>>>>

Darıxan ruh

Küləyi danla , tənbeh et
əliuzunluq edir
saçımı qarışdırır.
Mehi biraz utandır
başıma dörd dolanır
yanaqlarımı öpür ,saçlarımı oxşayır.
Xəzri bağrına basır,
deyir hələ sənsənmiş
guya sənin yerinə mənim qoxumu alır.
Eşitdim tufan gəlir ,
guya qəlbindən əsir
mənimçün darıxırmış
guya lap peşman olub … yağışa danışırmış .
Qasırğa söyləyibmiş
tufan məni tapmasa
özü gəlib mənimçün bağrımda öləcəkmiş.
Yeri göyü dağıdıb
sonra susub qovuşub
qayıdıb gedəcəkmiş…
25.11. 2019

<<<<AİDA ADIGÖZƏLİN SÖZ DÜNYASI>>>>

Bakı eşqim

Yenə əziz Bakı , doğma divarlar
əlimdə sevinir metro kartı da .
Sanki darıxıbmış sevimli şəhər ,
ayağımı öpür eskolator da .

Vaqonlar qapısın taybatay açıb
üstümə atılır doğması təki.
Yenə sıralanır stansiyalar ,
hə … bu da Əhmədli , o doğma səki.

Bağrıma basıram köhnə dostlar tək ,
duz tək yalayıram tacı -taxtımı .
Hər daşı qaldırıb altına baxıb
orda axtarıram sınmış baxtımı.

Əlini sıxıram …dərdləşmək üçün
çəkilib gizlinə, köşə bucağa .
Köhnə sevgili tək nəfəs nəfəsə ,

mehribancasına , qucaq qucağa .
01.12.2019

Müəllif: AİDA ADIGÖZƏL

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru