Akif Şahverdiyev – Xatirə

SÖZ VERMİŞDİ GƏLƏCƏYƏM- GƏLMƏDİ

 AKİF Şahverdiyevin Akif Səmədlə bağlı xatirələri

 (“Sabah” qəzeti, 11 iyul- 2004-cü il)

 Ağir-ağır söz deyib dünyanın yükünü ağırlaşdırırdı. Akif Səməd dünyanın sürtülmüş üzünə sözdən bəzək vururdu. Dünya bunu təzək bildi. Kəlam deyib, kəlmə kəsdi – dünya bunu kərmə bildi.

 Çox da yollar buz, qarıymış

 Fələklər bizə yarıymış,

 Bircə qarış yol varıymış

 Adəmdən Akif Səmədə

 Bu yaxınlarda onun “Özümə yol” kitabına bir neçə söz yazıb dərc elətdirmişdim. Nəşriyyatın dəhlizində qucaqlayıb öpdü məni:

 -Adaş, yaman yazmısan, xoşuma gəldi, – dedi. – Kitabı hardan tapmısan?

 -Başqasından görmüşdüm, – dedim.

 Ağır-ağır nəfəs aldı: – Gələn dəfə gələndə sənə kitab gətirəcəm.

 Özü gəlmədi. Xəbəri gəldi: rəhmətə getdi.

 Əslində, mənim üçün o, çoxdan dünyasını dəyişmişdi. Əvvələn ona görə ki, onun ölümlə bağlı o qədər şeirlərini oxumuşdum ki…

 Sevənlər aşıq olmasa,

 Dan bircə qaşıq olmasa,

 Bu arvad-uşaq olmasa,

 Qardaş, ölüm nə mənədi?

 İkincisi də zalım oğlu meyə yaman meyilliydi. Hərdən gec görəndə fikirləşirdim ki, yəqin badəylə aşiq-məşuqluğundadır.

 Sonra görürdüm yox, budur ey, başının dəstəsi ilə oturub yeməkxanada “dünyanın dərdini başına çəkir”. Sağlamlığından şikayət eləməzdi. Amma yaxınları yaxşı bilirdi ki, o, cansız cəsəd kimidi. Ruhu çoxdan göylərdə uçur.

 Nə oxuyur bu saz, bu tar,

 Canımda qoymadı tutar,

 Canımdan-canımı qurtar,

 Canıma yazığın gəlsin.

 Rəssam dostlarımın birindən xaiş etmişdim ki, onun şəklini çəksin. Alti cür çəkmişdi şəklini. İkisini özünə verdim. Birini qəzetdə dərc elətdirdim. Üçü də özümdədi. Bütün şəkillərdə üzü-gözü gülürdü Akif Səmədin. Amma o şəkilləri kimə göstərirdim, hamı kədərlə seyr edirdi. Niyə? Kəsdirə bilmirdim.

 Hamımı azıb, babıdır?

 Çəkdiyim nə hesabıdı?

 Yaşamaq gor əzabıdı,

 Ölüm, qurtar gordan məni.

 Bir uluuq var idi canında. Bəlkə də qədimliyini övladlarında əyaniləşdirmək istəyirdi. Uşaqlarını Atilay, Ulucay, Gülənay, Gilənay adlandırmışdı. Onun adı təkcə balalarının şəxsiyyət vəsiqəsində deyil, yazdığı şeirlərində və köz basdığı ürəklərdə yaşayacaq.

 Uzun illər yaşayacaq…

 Yadındamı, qardım,

 Səhraya yağardım.

 Əvvəldə mən vardım

 Sonda da mən varam.

Müəllif: Akif Şahverdiyev

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Akif Şahverdiyev – Köç

…Bu köç bir neçə ailə yox minlərlə, on minlərlə ailədən ibarətdir. Bu köç bir başqa köçdür…

 Düşmən caynağına keçmiş qədim şəhərimizin evlərindən qalxan tüstüləri görmək adamı mənən sıxırdı, əzab verirdi. Özünün, ailəsinin canını bu oddan-alovdan götürüb qaçan, yollara sarılan bu admlara baxdıqca adamın xəyalı yüz illərin o yanına, tarixin saralmış səhifələrinə gedib çıxır. Xəyalında məcburi öz torpağından didərgin düşən, bu ana-bacılara, oğul-uşaqlara baxdıqca adamın daxilində bir ocaq yanır. Hiddət, qəzəb, nifrət adamı coşdurur. Bu səhnəni görənlərin gözlərində bircə “neyləməli” sualı və bircə “amansız düşməni yerində oturtmaq üçün birləşməli və hücuma keçməli” cavabı var.

Akif Şahverdiyev “Azərbaycan ordusu” qəzetinin 1993-cü il 14 avqust sayında dərc olunan “Köç” adlı məqalədə Ağdamdan köçkün düşən insanların aqibətindən, eləcə də bu qədim şəhərin işğal səbəblərindən ürək ağrısı ilə yazır:

 Bir vaxtlar el arandan yaylağa- dağlara köç edərdi. Köç də ibarət olardı hər ailə üçün yataq dəsti, tələb olunan qədər qab-qacaq, beş-altı uzun çadır çubuğu vəs. bu kimi xırda tələbat əşyalarından. Köç bir neçə ailədən ibarət olardı. Qoyunlu-quzulu, atlı-dəvəli bu yollarla o qədər köç olub ki…

 Bəli, o yollara ki, indi o yollarla dağlara sarı mən irəliləyirəm. Bu qədim karvan yolu, ipək yolu, tarixin səhifəsinə düşmüş, antik dövrün salnamələrində belə dönə-dönə təkrar olunan qədim Bərdə- Gəncə yolu Qarabağın şərqindən keçir. Beyləqan, Ağcabədi, Hindarxı kəndi, Ağdam, Xındırıstan, Qərvənd… Eh, saymaqla bu oylaqları qurtarmaqmı olar?! İndi matəm libası geymiş bu yerlərdə yayın qızmarında el-oba köç edir. Özü də dağlardan arana. Bu köç könüllü yox, məcburidir. Bu köç bir neçə ailə yox minlərlə, on minlərlə ailədən ibarətdir. Bu köç bir başqa köçdür. Kimisi iri yük maşınları ilə, kimisi minik maşınları ilə, kimisi arabalarla evinin paltar-palazını götürüb “Allaha pənah”la müəyyənləşdirmədiyi ünvana üz tutub.

 Səssi-səmirsiz, bir neçə günün içərisində Beyləqan, Ağcabədi, Bərdə, Goranboy, Tərtər rayonlarının, eləcə də Ağdamın şərq hissəsində olan yollara, zəmilərə, kölgəsi olan hər bir ağacın altına yayılıb, səpələnib bu adamlar. Bu adamlar indi respublikamızın mətbuat səhifələrində tez-tez “ağdamlı köçkünlər” kimi hallanan bütöv bir eldir.

 Yolboyu adamlarla söhbətimdən dəqiq bir şey öyrən bilmədim. Adamlar öz görkəmləri, yaşı, təhsili və s. bir-biri ilə necə fərqlənirsə, verilən cavablar da eləcə fərqlənir. Bəziləri deyir “Ağdamı satdılar”, bəziləri deyir “yox, satmadılar, havayı ermənilərə bağışladılar”, o biriləri deyir “Ağdam çoxdan verilmişdi ey, di gəl, erməni özü gəlmirdi”, bəziləri isə belə deyirdi: “gücümüz yoxdur, qardaş, nə gizlədək?!”.

 Beş ildən artıq davam edən bu müharibəni milyonlarla müşahidə edənlərdən biri kimi belə qənaətə gəlmişəm ki, ordumuz yaradılarkən gərək dünyada, eləcə də Rusiyada gedən ictimai-siyası proseslər diqqətlə öyrənilməli və ona əhəmiyyət verilməliydi. Əgər hadisələr diqqətlə və düzgün qiymətləndirilsəydi, əvvəlcədən respublika rəhbərliyi başa düşərdi ki, hərbi kadrlarsız ordu yaratmaq olmaz. Tez, tələm-tələsik nazirlik yaratmaq, tez-tez Baş Qərargah rəislərini və müdafiə nazirlərini dəyişməklə müharibədə dönüş etmək olmaz. Kənd və şəhərlərimizdə torpaq qeyrəti çəkən yüzlərlə, minlərlə oğullarımızı “sən könüllüsən” deyib, əlindən silahını alıb döyüşdən uzaqlaşdırmaq nə qədər uğursuz bir qərar idi. Düşmənin gücünü düzgün qiymətləndirmədən, yəni düşmən mövqeyini, fikrini, məqsədini, hərbi hazırlığını öyrənmədən, ən başlıcası, hücuma keçmək fikrində olmamaq, ancaq müdafiə ilə kifayətlənmək, əlbəttə ki, ancaq uğursuzluqlar gətirəcəkdir. Respublikada müharibə getdiyinə baxmayaraq, hakimiyyət uğrunda siyasi rəqabətlər, iqtisadiyyatda özbaşınalıq, plansız, məqsədli-məqsədsiz kadr dəyişiklikləri, xarici dövlətlərlə işi qura bilməmək və s. bizə onu deməyə imkan verir ki, müstəqil dövlətimizi elə ilk aylardan kökündəncə çürüdənlər bizim başbilənlərimiz olub.

 Artıq uğursuzluqların səbəbini anlayan, yəni torpaqların işğal olunmasının bir səbəbkarının da özünün olduğunu dərk edən sabiq dövlət başçıları məlum Gəncə hadisələrini törətdilər.

 Tarixə iyul hadisələri tək daxil olacaq bu qardaş qırğınının təşkilatçıları son məqamda Naxçıvan MM-in sədri, dünyanın özündə belə ictimai-siyasi xadim kimi tanınan Heydər Əliyevi paytaxta dəvət edərək, özləri aradan çıxdı. Belə qarışılıqdan istifadə edən düşmən özünün muzdlu ordusunu daha da hərbi texnika və sursatla gücləndirərək, demək olar ki, artıq Qarabağın bütün dağlıq bölgələrini ələ keçirmək planının son hissəsini yerinə yetirdi.

 Artıq bir neçə il idi ki, ağdamlılar aramlı-aramsız atəşlərə tutulan vaxtlardan şəhəri tərk etməyə başlamışlar. İmkanlı adamlar özlərinə müxtəlif yerlərdə yurd-yuva salmışlar. Lakin minlərlə kənd əhalisi, Ağdamda yaşayış səviyyəsi aşağı olan sadəlövh sakinlər belə güman edir və inanırdılar ki, dövlət başçılarının səyi və hərbi qüvvəlrimizin gücü ilə düşmənlərin burunları ovular və onlar öz evlərində sakit, əmin-amanlıqla yaşayarlar. Yuxarıda göstərdiyimiz səbəblərdən artıq nizam-intizamını itirmiş ordumuzun bir hissəsi Ağdam ətrafında əhəmiyyətli döyüş yüksəkliklərinin əldən getdiyini və düşmənin xeyli qüvvətli texnikasının üstünlüyünü görüb geri çəkildi. Düzdür, düşmənə qarşı hərbi hisslərimizin bəziləri və yerli adamlar müqavimət göstərmiş, son anadək döyüşmüşlər. Lakin təəssüf ki, Ağdam və ətraf kəndlər bir-iki günün içərisində tamamilə boşalmışdır.

 Düşmən caynağına keçmiş qədim şəhərimizin evlərindən qalxan tüstüləri görmək adamı mənən sıxırdı, əzab verirdi. Özünün, ailəsinin canını bu oddan-alovdan götürüb qaçan, yollara sarılan bu admlara baxdıqca adamın xəyalı yüz illərin o yanına, tarixin saralmış səhifələrinə gedib çıxır. Xəyalında məcburi öz torpağından didərgin düşən, bu ana-bacılara, oğul-uşaqlara baxdıqca adamın daxilində bir ocaq yanır. Hiddət, qəzəb, nifrət adamı coşdurur. Bu səhnəni görənlərin gözlərində bircə “neyləməli” sualı və bircə “amansız düşməni yerində oturtmaq üçün birləşməli və hücuma keçməli” cavabı var. 

DƏRC OLUNUB:

(“Azərbaycan ordusu” qəzeti, 14 avqust 1993-cü il. Akif Şahverdiyev)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

GÜLLƏLƏNƏN GENERALLAR

GÜLLƏLƏNƏN 8 AZƏRBAYCANLI GENERAL HAQQINDA

(Akif Şahverdiyevin tədqiqatı)

1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin XI Qızıl Ordu tərəfindən işğal edilməsi bölgədə yeni terror dalğasının başlanmasına səbəb oldu. Nəticədə yüzlərlə azərbaycanlı hərbçi qətlə yetirildi. Onların böyük hissəsi AXC ordusunda xidmət edən yüksək rütbəli şəxslər idilər. Nəticədə 12 general , 27 polkovnik, 46 kapitan və ştabs kapitan, poruçik və podporuçik, 148 praporşik və podpraporşik, 266 nəfər digər rütbəli hərbi qulluqçumuz qətlə yetirildi. Sağ qalan generalların bir qismi sovet ordusunda xidmətə başladılar. Onlar xüsusilə Azərbaycan SSR ordusunun yaradılmasından iştirak etdilər. Digər qisim generallar isə bolşeviklərə təslim olmayaraq, ölkənin müxtəlif yerlərində üsyanlara başladılar, amma üsyanlar yatırıldıqdan sonra mühacirətə getmək məcburiyyətində qaldılar.

Həbib bəy Səlimov

Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş qərargah rəisi olub. 1919-cu ildə general-mayor rütbəsinə yüksəlib. Muğan və Lənkəranda AXC-yə qarşı qiyamları yatırmağı bacarıb. 1920-ci il dekabrın 30-da bolşeviklər tərəfindən Nargin adasında güllələnib.

İbrahim ağa Usubov

1872-ci ildə Qazaxda anadan olub. Birinci Dünya savaşında iştirak edib. 1917-ci ildə general rütbəsinə yüksəlib. 1918-ci ildə AXC tərəfindən ölkəyə dəvət edilib. AXC-nin işğalından sonra bolşevik ordusunda xidmət edilməsi söylənsə də bu sözə əməl edilmir. Nəticədə o, 1920-ci il iyunun 16-da Nargin adasında güllələnir.

Əliyar bəy Haşımbəyov

1856-cı ildə Bakıda anadan olub. 1918-ci ildə AXC ordusunda könüllü xidmətə başlayıb. Bir müddət AXC daxili işlər nazirinin müavini işləyib. 1920-ci ilin aprelində AXC-nin işğalından sonra təqiblərə məruz qalaraq həbs edilib. Elə həmin il mayın 29-da Nargin adasında güllələnib.

Əmir Kazım mirzə Qovanlı-Qacar

1853-cü ildə Şuşada anadan olub. 1910-cu ildə general-mayor rütbəsinə yüksəlib. Sovet dövrünün rəsmi sənədlərində qeyd olunduğu kimi, 1920-ci ildə bolşeviklərin əmri ilə vəhşicəsinə doğranıb. Eyni şey onun kürəkəni Cahangir Qayıbovun da başına gətirilib.

Feyzulla mirzə Qovanlı-Qacar

1872-ci ildə Şuşada anadan olub. 1918-1920-ci illərdə AXC ordusunda xidmət edib. 1920-ci ildə Nargin adasında güllələnib.

Əbdülhəmid bəy Qaytabaşı

1884-cü ildə Tiflisdə anadan olub. 1919-ci ildə AXC ordusunda general rütbəsinə yüksəlib. 1920-ci ildə AXC-nin işğalından sonra bir müddət ordunun baş qərargah rəisi kimi çalışıb. Lakin tezliklə, iyunun 28-də bolşeviklər tərəfindən Nargin adasında qətlə yetirilib.

Murad Gəray bəy Tlexas

1874-cü ildə Kubanda anadan olub. Əslən çərkəzdir. 1918-ci ildə AXC tərəfindən general rütbəsinə yüksəldilib. Qafqaz İslam Ordusunda topçu müfəttişliyi vəzifəsini icra edib. AXC-də Bakı İstehkamçılar hissəsinə rəhbərlik edib. Ona Bakının müdafiəsinin təşkili tapşırılıb. 1920-ci ildə AXC-nin işğalından sonra bolşevik Əli Bayramovun ölümündə təqsirləndirilərək güllələnib.

Süleyman bəy Sulkeviç

1865-ci ildə Belarusda anadan olub. Əslən Krım tatarıdır. 1910-cu ildə general-mayor, 1915-ci ildə general-leytenant rütbəsinə yüksəldilib. Birinci Dünya savaşında yaradılan ilk müsəlman korpusunun komandiri təyin olunub. Krımın Rusiya tərəfindən işğalından sonra 1919-cu ildə Azərbaycana gəlib. Həmin il ordunun baş qərargah rəisi təyin edilir. 1920-ci ilin fevralına qədər bu vəzifəni icra edib. 1920-ci il 15 iyul tarixində Bayıl həbsxanasında bolşeviklər tərəfindən güllələnib.

Mənbə:GÜLƏR ELDARQIZI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru