ANA – Səbahət Lənkəranlı

Səbahət ismayilova ana şeirləri

ANA
Mənim zəhmətimi sən çox çəkmisən ,
Sənə minnətdaram hər zaman ana .
Başımın üstündə dayanıb hər gün ,
Bir layla demisən mehriban ana .

Qayğımı çəkmisən sən gecə , gündüz,
Eşqin , məhəbbətin olubdur dəniz .
Hamıdan doğmasan , hamıdan əziz ,
Qolumdan tutmusan sən hər an ana .

Gözlərin yoluma nur , işıq saçıb ,
Çöhrəni görəndə qəm , kədər qaçıb .
Sənin arzuların gül , çiçək açıb ,
Qeyrətli , namuslu , qəhrəman ana.

Başımı qoymuşam dizinin üstə ,
Gül , çiçək yığmışam mən dəstə – dəstə .
Mən nə həvəsdəyəm , sən nə həvəsdə ,
Olmuşam hüsnünə mən heyran , ana.
06.07.2019.

SƏBAHƏT İSMAYİLOVA ANA ŞEİRLƏRİ

ANA
(…anam üçün…)
Mənə həyat verib , saç ağartdın sən ,
Sinəmdə döyünən ürəyim anam.
Həyatda həmişə dayağım oldun ,
Ümidim , pənahım , gərəyim anam .

Hərarət var hər çəkdiyin nəfəsdə ,
Sənsiz bir an könlüm olmaz həvəsdə .
Min laylay çalmısan başımın üstə ,
Böyükdür zəhmətin , əməyin anam .

Eşqim ilə qanadlanıb uçursan ,
Ömrümə gül kimi ətir saçırsan .
Şirin sözlə ürəyimi açırsan ,
Sevincim , müqəddəs diləyim anam.

Təşnə ürəyimə su tək axmısan ,
Qucaqlayıb öz köksünə sıxmısan .
Dərdlərimə hər an şərik çıxmısan ,
Olmusan həyatda köməyim anam.

Can kimi bəslədin sən Səbahəti ,
Sildin ürəyimdən acı möhnəti .
Səndən öyrənmişəm arı , isməti ,
Həyatda ən böyük örnəyim anam.
19.06.2019.

Müəllif: SƏBAHƏT İSMAYİLOVA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Eldar İsmayıl BÖYÜKTÜRK

Eldar İsmayıl Böyüktürk Ana şeiri

ANAMI AXTARIRAM

Könlüm intizardadı,
Gözlərim yollardadı.
Görən anam hardadı?
Anamı axtarıram!

Günəş nurun yaxanda,
Eyvanıma axanda…
Mən otaqdan çıxanda
Anamı axtarıram!

Üstümdən yel əsəndə,
Soyuq məni kəsəndə…
Bacılarım küsəndə
Anamı axtarıram!

Ağlayanda, güləndə,
Göz yaşımı siləndə…
Axşam evə gələndə
Anamı axtarıram!

Bu dağların qaşında,
Baharında, qışında…
Bulaqların başında
Anamı axtarıram!

Kədərlər tufanında,
Həsrətlər ümmanında…
Atamın hicranında
Anamı axtarıram!

Ömrümün hər anında,
Ürəyimin qanında…
Anaların yanında
Anamı axtarıram!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Tuncay Mustafayev-Ana şeiri

Tuncay muStafayevdən ana şeiri

ANA

(Anamın ad günü münasibəti ilə)

Qayğımıza  qalan,  anadır,  ana.

Varmı bu dünyada, anadan əziz?!

Dünyanın bəzəyi, anadır, ana.

Ananın özüdür, anadan əziz…

 *   *   *

Harda bir bala var, orda ana var,

Analar olmasa, bala da olmaz!

Dünyanı sözüylə bəzər analar,

Analar olmasa, dünya da olmaz!!!

27.10.2018.

ANA,  AD  GÜNÜN  MÜBARƏK !!!

Müəllif: Tuncay Sensey

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Elçin Məlhəmli – Ana şeirləri

Elçin Məlhəmli Ana şeirləri

ANA

Ürəksiz yaşamaq olarmı görən?

Insanı yaşadan ürəkdir ana.

Soruşsan dünyada hər kəsdən əgər,

Söyləyər, “ən gözəl diləkdir ana.

Döyünən qəlbimdə fikirlər ümman,

Həyatda borcludur ona hər insan,

Hamının qəlbində yurd saldığından,

Deyirəm, ən zərif çiçəkdir ana.

13.05.1978. Şamaxı.

ANA

Sən mənə can verdin, nəfəs, qan verdin,

Sən idin ömrümə yaraşıq, ana.

Mələklər apardı səni yanına,

Itdi gözlərimdən nur, işıq, ana.

Həyətdə yıxılıb əziləndə mən,

Sən idin pənahım, köməyim mənim.

Həyatda min dəfə əzirlər indi,

De, kimin dizinə gedim söykənim?

Ən çətin vaxtımda, dara düşəndə,

Sən idin dərdimə-sərimə yanan.

Indi ağlayıram adın gələndə,

Məni bu halımda yox ovunduran.

Qurban olum torpağına, daşına,

Yorulmuşam, istəyirəm dincəlim.

Sən yanında yer hazırla, beşik qur,

Mən də dincəlməyə yanına gəlim.

02.05.1998. Bakı.

 

ANA

Sənin torpağına qurban olum mən,

Xoş gəldin yuxuma, xoş gəldin, ana.

Öpdükcə hey öpdüm yanaqlarından,

Dad bildim dünyada, dad bildim, ana.

Dinməzcə, sakitcə üzümə baxdın,

Qəlbimdə qəm evin dağıtdın, yıxdın,

Başımı sinənin üstünə sıxdın,

Sildin göz yaşımı, sən sildin, ana.

Elçinəm, dünyadan bezmişəm yenə,

Sənsən ümid yerim düşsəm çətinə,

Dedim: “Məsləhət ver, yol göstər mənə”,

Güldün gözlərinlə, sən güldün, ana.

01.10.2007. Bakı.

QURBAN OLUM

Axı nə tez köçüb getdin,
Off! Yaşına qurban olum.
Indi şəkildə gördüyüm,
Göz, qaşına qurban olum.

Həm mehriban idin, həm şən,
Hər dərdimizi bölüşən,
Kirpiyində son ilişən,
Göz yaşına qurban olum.

Ey məni anlayan, duyan,
Hər anımda oldun həyan,
Indi məni qarşılayan,
Baş daşına qurban olum.

Atamla verib baş-başa,
Bir yerdə doldunuz yaşa,
Son mənziliniz də qoşa,
Yoldaşına qurban olum.

Müəllif: Elçin Məlhəmli (Bagirov)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sevda İbrahimli – Ana şeirləri

Sevda İbrahimli ana şeirləri

Ana Sevgisi

Analıq sevgisi ,tükənməz hissidir,

Bu necə tutqudur, bu necə sirdir?

Yandırır göynədir onun sevgisi,

Atəşdən köynəkdir amma əzizdir,

Ananın övlada olan sevgisi.

Soğan qabuğundan soyulan kimi,

Sinidə qovrulan qovurqa kimi,

Suya həsrət qalan kor bulaq kimi,

Yandırır, göynədir, onun acısı,

Ananın övlada olan sevgisi.

Çəkdiyi əziyyəti yadına salır,

Haqqı itirilsə üsyan baş alır,

Gücüdə çatmasa fikirə dalır,

Saçının ağıdır övlad acısı.

Yaşadar ananı övlad sevgisi.

Çəmənzar zəmilər öz lalasını,

Qoruyar hər canlı öz balasını,

Şerdə, nəğmədə oxunan kimi,

Yaşatsın övladlar öz anasını,

Qorusun həmişə O, balasını.

03.08.2015

 Qocalmış Anam

Zaman saçlarıma ağların hörüb,

Qocalıq torlarıgözünə çöküb,

Xoş günün həsrətin çox çəkmiş anam.

Hər dərdə , cəfaya dözən olubdur,

Məfəsi gül olub ,süsən olubdur,

Uşaqlar dağılışıb , təkcə qalıbdır,

Yaşlanıb, illərdən güc almış anam.

Həyatın bağlayıb övladlarına,

Sözünü deyibdir sirdaşlarına.

Ömrünü həsr edib zalim yarına,

Oğullar böyüdüb ,ucalmış anam.

Xoş günlər keçirib barmaq sayalı,

Əziyətlər çəkibdir ,başı bəlalı.

Nəğmələr qoşmuşam ,ana laylalı,

Bu gün qonağınam ,qocalmış anam.

04.06.2016

 

Günəşim Ana

Bir həsrət nəğməsini oxur içindən,

Ömrünü şam kimi əridir ana.

Evladı yolunda hər bir cəfaya,

Hər ağrı ,əzaba dözəndir ,ana.

Sevgini, istəyi, müqəddəs hissi,

Qəlbimin içində olur sevgisi,

Ən şirin arzuyla yaşadır bizi,

Dünyaya nur saçan işıqdır ana.

Uşaqlıq illərim keçdi önümdən,

Acı xatirələr keçdi gözümdən,

Yanımda tapmadım öpəm əlindən,

Laylası həzin bir dalğasan ana,

Qəlbimdə parlayan günəşsən ana.

08.06.2014.

 

Cənnətə Qapı

Müqəddəs dünyadır, ana dünyası,

Bəşər də əyilər bir ona qarşı.

Cənnətə qapıdır ana dünyası,

Anadan qiymətli dünyada nə var?

Ağlayan körpəsi onu çox yorar,

Qolların körpəyə sarar ovudar,

Ana qoxusunu o duyar susar.

Anadan şəfqətli dünyada nə var?

Ötən günlər yada düşdü ,kül oldum,

Buğda dənəsi tək daşda ovuldum,

Onun cənnətində bir həyat buldum,

Anadan qüvvətli dünyada nə var?

Qəlbimə nur düşər ana eşqindən,

Nurdan pay səpələr, Secda könlündən,

Çöhrəmdə gül bitər onun mehindən,

Anadan hikmətli dünyada nə var?

02.07.2017

Müəllif: SEVDA İBRAHİMLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur İlhamoğl – Ana şeiri

Zaur İlhamoğlundan Ana şeiri

Ana, mənə layla de…

Görürsənmi, anacan, necə də üzülmüşəm,
Necə də sınıxmışam?
Eh,elə dolmuşam ki, axası göz yaşımı
Bəbəyimdə sıxmışam.
Körpə çağlarım təki yatım dizlərin üstə
Laylançün darıxmışam,
Ana, mənə layla de!

Dizlərin-varlığımın sığındığı tək məkan
Başımı qoyum, ana.
“Şirin balam, a layla,
Körpə balam, a layla”
Səsini duyum, ana.
Bəlkə, ruhum dincələr qoy yatım mışıl-mışıl,
Bir az uyuyum, ana.
Ana, mənə layla de!

Səhərdən axşamadək çəkdiyim acıları
Bir gecədə unudum.
İçimdəki yanğını, içimdəki atəşi
Bircə anlıq soyudum.
Kədər məngənəsində sıxılan ürəyimi
Laylan içrə ovudum.
Ana, mənə layla de!

Axı yaxşı bilirsən, sənin şirin sözlərin
Varlığıma həyandır.
Yatırt! Yatdığım zaman birdən qorxub ağlasam,
Hay ver məni oyandır.
Birdə qorxmayım deyə bıçaq qoy başım alta,
Dur, bir üzərlik yandır,
Ana, mənə layla de!

Nə olsun böyümüşəm, yaşlanmışam həyatda,
Qurban sənə, layla de.
Ehtiyacım var axı, ” Olmaz” kəlməsi demə,
Dönə-dönə layla de.
Ölüm dizlərin üstə, bəlkə, dinclik taparam,
Susma, yenə layla de.
Ana, mənə layla de!

Müəllif: Zaur Ilhamoglu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Həqiqət Həqiqi – Ana şeiri

ana haqqında növbəti şeir

ANAMDAN YAZIM

Qoy bu gün şerimi anamdan yazım,
Yazım səs-sədası dağlara düşsün.
Qoy mizrab toxunsun,dillənsin sazım,
Nəğməli dodaqlar,dillər öpüşsün.

Yazım sığal çəkən titrək əlindən,
Yazım siyah telə düşən dənindən.
Qəlbini odlayır övlad itgisi,
Yazım ürəyinin duman çənindən.

Bu gün şeirimi,anamdan yazım,
Bütün analara hədiyyəm olsun.
Ana ürəyinin qəmi silinsin,
Gözəl qəlblərinə səadət dolsun.

25.07.2019.

Müəllif: HƏQİQƏT HƏQİQİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Ana şeirləri

“ANA ŞEİRLƏRİ” LAYİHƏSİNDƏN NÖVBƏTİ ŞEİRLƏR 

#ana_şeirləri

ANA

Sönməz bir od kimi, adın qövr edər,
İçimdən atəşlə boylanar, ANA!
O, hansı duyğudur, hər şeydən uca,
Qəlbimin yağıyla qovrular, ANA?!

* * *

Nə qədər cismimdə dövr edər qanın,
Nə qədər yaşayar, bir para canın,
Özünün əmridir, Cənabi-haqqın,
Borcluyam, qarşında daima, ANA!

* * *

Ümidim, təsəllim sənin duandır,
Həmişə çin olan yuxularındır,
Ən yüksək mərtəbə analarındır,
De, səni unutmaq olarmı, ANA?!

13.04.1997. Bakı.

ANA

Beşiyim üstündə layla çalanım,
Gözümün işığı, dirəyim, ANA!
Dünyalar durduqca, yaşayasan sən,
Düşünən beyinim, ürəyim, ANA!

* * *

Dünya yaranışdan Həvva anamız,
Anadır, bacıdır qol-qanadımız,
Özün demişdin ki, deyil babımız,
Gör, nəyin dərdini çəkirsən , ANA!

* * *

Heç fikir eləmə oğul sarıdan,
Oğlunu bəxş etdi ulu Yaradan,
Mərdlərə təsəlli olmaz nigardan,
Vətənçün böyütdün oğlunu, ANA!

* * *

Vaxt olar; baharda, açanda güllər,
Yaxud da qocalar dadanda nübar,
Sənin də üzünə təbəssüm qonar,
Qayıdacaq oğlun, cəbhədən, ANA!

22.04.1995. Marağa.

ANA

Sənsən xəyalların tuşlandığı yer,
Ümdə arzuların məkanı, ANA!
Nə qədər, möcüzəli, sirli bir dünya,
Kəşf olunmamış dünyamsan, ANA!

* * *

Nə deyim, nə yazım yaraşsın sənə,
Yüksələ biləydim kaş mənsəbinə,
Dünyalar sığınar mərhəmətinə,
Özün boyda böyük dünyamsan, ANA!

* * *

Bir, şirin kəlməni eşidəydim kaş,
Kipriyim islanıb, oldu yenə yaş,
Olaydım, ayağın altda qalan daş,
Biləydim, başımın üstəsən, ANA!

* * *

Elə, kövrəlmişəm, körpə uşaq tək,
Qəlbimi yandırır odlu bir, istək,
Ay Ana, saçıma yüngül sığal çək,
Ən böyük dövlətim, qayğındır, ANA!!!

28.08.1995. Bakı.

ANA

Ey ilk sözüm, əzəl cümləm, dastanım, Ana!
İnsanların gözəli, mehribanım, Ana!
* * *
Ana, borcludur hər bir kəs önündə sənin
Səcdəyə layiqsən, ey səcdəgahım,Ana!
* * *
İlahi bəxş etmiş səni xoş günlər üçün
Ey azadə günüm, xoşbəxt dövranım, Ana!
* * *
Bil, ülviyyətin ilə sən geniş cahansan
Mənim həyat məktəbim, ilk cahanım, Ana!
* * *
Hamı istinad üçün öncə səni görür
Hər sözün mənbəyi, istinadgahım, Ana!
* * *
Dünyada sənin tək uca varlıq de hanı?
Ey müqəddəsliyin rəmzi, paklığım, Ana!
* * *
Zaurun bildiyi bu idi, bunu dedi
Bilmədiyim ucalıq, cənnəti-sultanım, Ana!

29.12.1991. Yusifcanlı.

ANA

Ana, ən ülvi insan
Çox əziz, çox mehriban.
Övladına qayğılı,
Övlad ananın balı.
Ana balasın sevər,
Hərdən tənbeh də edər.
Bu danlamaq deyildir,
Ana nəvazişidir….
Övlad üçün şalışır,
Hər zəhmətə qatlaşır.
Övladı gümrah olsun,
Paltarı təmiz olsun.
Hamıdan yaxşı geysin,
Ən ləziz yemək yesin.
Bala pis iş görəndə,
Ana bunu biləndə….
Çox da ki, kötəkləyir….
Ana məhəbbətidir.
O, övladın çox sevir.
Pis əməlin istəmir….
İstəyir yaxşı olsun,
Ləyaqətli böyüsün….
Fərsiz övlad olmasın,
Adın təmiz saxlasın.
Ana tənbeh edəndə,
Hərdən kötəkləyəndə….
O, balasın döyməyir,
Xətadan hifz eləyir.
Deyirəm, bir haləti,
Qədim bir rəvayəti;
Rəvayətdə deyilir,
Bir Ana vəfat edir….
Vəfat edərkən Ana
Deyir öz yoldaşına:
-“Sən kəs əlimi saxla,
Sonra yoldaşın olsa….
Bu əllə uşaqları,
Vursun, vuranda barı….
Mənim əlim ağtıtmaz,
Öz balamı sızlatmaz….
Axı, ananınkıdır,
Ana əli AĞRITMIR….

08.03.1990. Ağdam-Yusifcanlı.

* * *

Ay ana, adına vurğunam sənin,
Durduğun ucalıq xəyalə gəlməz…
Dünya xalqlarının lüğətlərində,
“ANA” sözünə tay söz ola bilməz!!!

08.01.1997. Bakı.

Müəllif: Zaur Ustac

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru