Təqvimdə bu gün

Bu gün Sergey Yesenin anadan olduğu gündür. O, 3 oktyabr 1895-ci ildə Rusiyanın Ryazan vilayətində doğulub. Ryazanın kənd mühiti onun uşaqlıq yaddaşında dərin izlər buraxıb. Sonradan rus şeirinin nəhənglərindən sayılacaq Yesenin qələmini ilk olaraq kənd lirikasına toxundurub. Sonradan gündəliklərində, məktublarında da o yerlərin, təbiətin onda nə qədər dərin təsir buraxacağını dəfələrlə qeyd edib.

Adı  dövrünün ən böyük şairləri – Blok, Mayakovski, Bryusovla bir sırada çəkilən Yesenin çox qısa ömür yaşasa da, sağlığında 30-a qədər şeir kitabının çapdan çıxmasına nail olub. Ümumiyyətlə, onun həyatında (həmçinin, yaradıcılığında) iki amilin çox olduğu bildirilir: şeir və qadın…

Amma bir amil də var idi ki, o sonradan bu iki məfhumu da üstələyəcəkdi: faciəvi ölüm. Günü bu gün də Yeseninin ölümü haqqında müxtəlif versiyalar irəli sürülür. Kimi onun intihar etdiyini, kimi isə qətlə yetirildiyini əsaslandırır. Uzun müddət birmənalı şəkildə Yeseninin 1925-ci il dekabrın 27-dən 28-nə keçən gecə Leninqradın “Anqleter” otelində özünü asaraq intihar etdiyi deyilirdi. Lakin 1980-ci illərin sonunda Yeseninin ölümü ilə bağlı yeni, müəmmalı fikirlər ortaya çıxmağa başladı. Müxtəlif qəzet və jurnallarda Yeseninin ölümünün yeni versiyası – onun əvvəlcə qətlə yetirilməsi və sonradan asılması haqda çoxsaylı fikirlər ildırım sürəti ilə yayıldı.

==========================================================

Tarixdə bu gün həmdə görkəmli yazar İlyas Əfəndiyevin anım günüdür. İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 26-də Qaryagində – indiki Füzuli rayonunda anadan olmuşdur.

İ. Əfəndiyev ədəbiyyata gəldiyi ilk illəri belə xatırlayır: “Qaryagində coğrafiya müəllimi işlədiyim vaxtlar yadıma düşür. Uzun qış gecəsi idi, çöldə qar-çovğun vardı. Adətim üzrə mütaliə edirdim. Darıxır, qəribə hisslər keçirirdim. Birdən elə bil ilahidən məndə bir fikir yarandı ki, buradakı həyatımı, ürəyimi əzən, sıxan düşüncələrimi şəhərdəki bir dostuma məktub formasında yazım. Bu güclü hissin qarşısında davam gətirə bilmədim. Özüm də bilmirəm nə iş idi, oturdum, bir də gördüm ki, hekayə yazıram. Növbəti gün də, ondan sonra da belə oldu. Dalbadal 9 hekayə yazdım”.

Bədii yaradıcılıq sahəsində ilk uğurlu addımlarını 30-cu illərin axırlarında atmağa başlamış İ. Əfəndiyev, bundan əvvəl bir jurnalist, mətbuat işçisi kimi qələmini sınağa çəkmişdi.

Yazıçının tərcümeyi-halında indiyə qədər qaranlıq qalmış, daha dəqiq desək, səhv işıqlandırılmış məsələlərdən biri də İ.Əfəndiyevin ilk mətbu əsərinin nə vaxt çap olunmasıdır. Bu məlumatın dəqiq olmamasının bir səbəbi də, müəyyən mənada, yazıçının özü ilə əlaqədardır. Belə ki, 1938-ci ilin son aylarından etibarən intensiv şəkildə yaradıcılığa başlamış İ.Əfəndiyevin imzası dövri mətbuat səhifələrində tez-tez görünməyə başlamışdır. Onun bir sıra məqalə, oçerk və hekayələri respublikanın müxtəlif qəzetlərində dərc olunurdu. Yalnız 1938-ci ilin sonlarında, 1939-cu ilin ilk iki ayında yazıçının “Yeni yol” qəzetində “Buruqlar arasında” adlı ilk oçerki, “Bataqlıq saldatları” kinofilminə yazdığı ilk resenziyası, “Aşağı mətbuata rəhbərliyi canlandırmalı” adlı ilk məqaləsi, “Namuslu fəhlələrin sırasını çoxaltmalı”, “Şərəf və iftixar işi” adlı yazıları işıq üzü görmüşdü. Bu illərdə “Kommunist” və “Ədəbiyyat qəzeti” də İ.Əfəndiyevin ilk yazılarına yer verirdi. Yazıçının ilk mətbu hekayəsi olan “Berlində bir gecə” əsəri də bu aylarda oxuculara çatdırılmışdır.

İ. Əfəndiyev ilk mətbu əsərilə əlaqədar yazır: “1939-cu ildə “İnqilab və mədəniyyət” jurnalında “Gözlənilməyən sevgi” adlı ilk hekayəm çıxdı. Bundan az sonra “Kənddən məktublar” kitabım nəşr olundu.” Bu qeyri-dəqiq məlumat yazıçının son illərdə dərc etdirdiyi bir sıra yazılarında da verilmişdir. Və yazıçının bu məlumatına əsaslanan jurnalist və ədəbiyyatşünaslar da həmin səhvi təkrar etmişlər.

İlk mətbu hekayəsi hesab etdiyi “Gözlənilməyən sevgi” əsərindən xeyli əvvəl, yazıçının bir sıra hekayə, oçerk və məqalələri artıq respublika mətbuatında dərc olunmuşdur ki, bu haqda yuxarıda danışılmışdır.

Kənddə coğrafiya müəllimi işləyərkən yazdığı hekayələrini götürüb Bakıya gələn İ.Əfəndiyev onları Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi işləyən yazıçı Əbülhəsənə göstərir. Hekayələri oxuyan Əbülhəsən onları bəyənir və çapını məsləhət görür. Beləliklə də yazıçının “Kənddən məktublar” adlı ilk kitabı işıq üzü görür.

İ. Əfəndiyev “Dostumuzu xatırlayarkən” adlı xatirələrində bu haqda yazmışdır: “…hekayələri mərhum yazıçımız Əbülhəsənə təqdim etdim. O, mənim təhər-töhürümə, ayağımdakı uzunboğaz çəkmələrə baxaraq soruşdu: – Nəçisən ? Nəçi olduğumu dedikdə o: – Əzizim,əzizim, – dedi – coğrafiya müəllimi hara, yazıçılıq hara?.. Mən bu barədə bir söz deməyərək soruşdum: – Hekayələrin cavabını nə vaxt ala bilərəm? – Ünvanını qoy get, vaxt olanda oxuyub cavab yazarıq. – Yox, -dedim, – xahiş edirəm mən rayona qayıdanacan oxuyasınız ki, cavabını özümə deyəsiniz. Soruşdu: – Rayona nə vaxt qayıdırsan? Dedim: – On gündən sonra. – Əzizim, əzizim, on günəcən bunları oxuya bilmərəm. Özü də əlyazmasında gətirmisən. Mən təkid elədim. O, mənim əl çəkməyəcəyimi hiss eləyib: – Yaxşı, – dedi, – on gündən sonra mənə dəyərsən. Bəlkə oxuya bildim. On gündən sonra o, məni ayrı cür qarşıladı. Gülümsəyib soruşdu: – Əzizim, əzizim, sənin hekayələrin hansı qəzet-jurnallarda çıxıb? – Heç birində – dedim. – Bunlar mənim ilk hekayələrimdi, heç birini də hələ çapa verməmişəm. – Doğrudan? Amma mənə elə gəldi ki, sən çoxdan çap olunursan. Hekayələr yaxşıdı…yaxşıdı. Xoşuma gəldi. Mən bizim sədrimizə də dedim. Gedək, o, səninlə tanış olmaq istəyir… Əbülhəsən məni Əli Məmmədova təqdim edərək dedi: – Hekayələri barədə sizə danışdığım oğlan budur. Sədr gülümsəyib mənimlə əl tutdu. Haradan olduğumu və sairə…öyrənib biləndən sonra Əbülhəsəndən soruşdu: – Neçə hekayədi? – Doqquz,- deyə Əbülhəsən cavab verdi. – Neçəsini çap etmək mümkündür? – Hamısını – deyə Əbülhəsən qətiyyətlə cavab verdi. – Elə isə göndərin Azərnəşrə, qoy kitab halında çap eləsinlər”. Beləliklə də, Əbülhəsən xeyirxahlıq edərək İ.Əfəndiyevin yaradıcılıq yolunun başlanğıcında yaşıl işıq yandırmış oldu, “Kənddən məktublar” adlı ilk kitabı İlyas Əfəndiyevə “ədəbiyyat dünyasına”, yazıçılar aləminə çıxmasına səlahiyyət verdi.

.Əfəndiyev 1938-ci ilin axırlarında Bakıya gəlir və onun yaradıcılığında mühüm rol oynamış Bakı ədəbi mühitinə qovuşur. Bakıda heç kimi tanımayan kimsəsiz gənc yazıçı İ.Əfəndiyev o vaxtlar Yazıçılar İttifaqında partkom işləyən görkəmli yazıçı Əli Vəliyevlə tanış olur və onun köməyilə “Yeni yol” qəzetində mədəniyyət və ədəbiyyat şöbəsində ədəbi işçi vəzifəsinə işə düzəlir.

Ev məsələsində isə ona Yazıçılar İttifaqının sədri Səməd Vurğun kömək edir, “Əski Şərq” mehmanxanasında bir otaq alır, yazıçı orada üç il yaşayır. Bakıda keçirdiyi ilk günləri yada salan İlyas Əfəndiyev qeyd edir ki, rayonda o qədər zülm çəkmişdik, o qədər təhqir olunmuşduq ki, burada adamlardan kömək, hörmət, insani münasibət görəndə ürəyim kövrəlirdi. Mənə elə gəlir ki, tamam yeni bir aləmə düşmüşəm. Demə səs hüququndan məhrum edilmiş tacir oğluna da kömək, hörmət olarmış…

Bakıda ilk gündən qayğıkeş və xeyirxah insanlarla əhatə olunmuş gənc yazıçı məhsuldar yaradıcılıqla məşğul olmağa və ilk mətbu əsərlərini respublikanın dövri mətbuat orqanlarında dərc etdirməyə başlayır.Yazıçı “Yeni yol” qəzeti redaksiyasında bir qədər işlədikdən sonra qəzetin nəşri dayandırılır. Bundan sonra İ.Əfəndiyev əmək fəaliyyətini əvvəlcə “Kommunist” /1939 -1940/, sonra isə “Ədəbiyyat qəzeti”ndə nəsr şöbəsinin müdiri kimi davam etdirmişdir.

Heç şübhəsiz ki, İ.Əfəndiyevin bir yazıçı kimi inkişaf etməsində və ədəbi ictimaiyyət tərəfindən tanınmasında əməkdaşlıq etdiyi həmin qəzet redaksiyalarının müəyyən xidməti olmuşdur.

İ.Əfəndiyev 1940-cı ilin yanvar ayında Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul olunmuşdur. 1990-cı ildə qələmə aldığı xatirələrindən birində bu haqda yazıçı göstərmişdir:

“Bir gün gənc tənqidçi Əkbər Ağayevlə təsadüfən küçədə rastlaşdığımız zaman mənə dedi ki: – Yazıçılar İttifaqının sədri Rəsul Rza iclasda sənin kitabın haqqında yaxşı sözlər danışdı. Deyirdi: -“…hiss olunur ki, gənc müəllif iste‘dadlıdır, ümidverəndir. Onu İttifaqa cəlb etmək lazımdır.”

İ.Əfəndiyev Yazıçılar İttifaqına daxil olmaq üçün aşağıdakı məzmunlu, həm də qəribə səslənən ərizə ilə müraciət etmişdir:

“Azərbaycan Sovet Yazıçıları İttifaqının İdarə Heyətinə, gənc yazıçı İlyas Əfəndiyev tərəfindən Ərizə.

Yazdığım hekayələrdə bir çox nöqsanlar olduğunu bilirəm. Rica edirəm məni öz sıranıza qəbul edəsiniz. Gələcək işlərimdə mənə kömək edəsiniz. İlyas Əfəndiyev”. 1939-cu il dekabr ayının 28-də yazılmış həmin ərizə, Yazıçılar İttifaqı İdarə hey‘ətinin 10 yanvar 1940-cı il tarixli iclasında müzakirə edilmiş və İ.Əfəndiyev İttifaqa üzv qəbul olunmuşdur. Gənc yazıçı bundan sonra Yazıçılar İttifaqının işlərində yaxından iştirak etməyə başlayır.

Böyük Vətən müharibəsinin başlanması bütün başqa sənətkarlar kimi İ.Əfəndiyevi də səfərbər etdi, o, da “müsəlləh əsgərə” çevrilib, qələmini silahla əvəz etdi. Yazıçı oxucularda düşmənə qarşı dərin nifrət, vətənə məhəbbət hissləri aşılamaq vəzifəsini öhdəsinə götürdü. Tarixi keçmişimizə, el qəhrəmanlarına, folklor nümunələrinə müraciət edərək bir sıra hekayələr yazdı, əsgərlərlə görüşlər, söhbətlər keçirmək üçün yazıçı briqadaları ilə bərabər Azərbaycan diviziyalarında oldu, digər tərəfdən, əsasən bir nasir kimi tanınmış ədib, ədəbiyyatın başqa bir sahəsində – dramaturgiyada qələmini sınadı. 1943-cü ildə o, yazıçı M.Hüseynlə birlikdə, mövzusu Böyük Vətən müharibəsindən götürülmüş “İntizar” pyesini qələmə aldı. Əsər 1944-cü ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının səhnəsində göstərilmiş və dramaturq İ.Əfəndiyevin Azərbaycan Milli Teatrı ilə 50 ildən çox bir müddətdə davam etmiş sıx yaradıcılıq əməkdaşlığının əsası belə qoyulmuşdu. Bundan sonra yazıçı Milli Teatrımız üçün “İşıqlı yollar” (1946) və “Bahar suları” (1947) pyeslərini qələmə aldı. İ.Əfəndiyev dramaturgiyaya gəldiyi illəri belə xatırlayır: “…Tanınmış yazıçı Mehdi Hüseyn mənə yaxınlaşıb… “istəyirsən birlikdə bir pyes yazaq” – dedi. Mehdi kimi məşhur bir yazıçının bu təklifi gənc yazıçı üçün çox xoş idi və mən razılıq verdim. Beləliklə də biz birlikdə “İntizar” pyesini yazdıq. Pyes Akademik Milli Teatrda müvəffəqiyyətlə tamaşaya qoyuldu. Bundan bir müddət sonra teatrın direktoru və baş rejissoru Adil İsgəndərov məni milli teatra də‘vət etdi. Nəsr yaradıcılığımdan xoşlandığını bildirdi və təklif etdi ki, neft həyatından teatr üçün bir pyes yazmaq barədə düşünüm… Neftçilərin həyatını öyrənməyə başladım və neft həyatından “İşıqlı yollar” adlı dram əsərimi yazdım. Əsər Akademik teatrda tamaşaya qoyulduqdan sonra Adil İsgəndərov müasir kənd həyatından da bir pyes yazmağı təklif etdi. Hətta qonorarın yarısını da qabaqcadan verdi. “Bahar suları” adlı pyesim də belə meydana gəldi. Pyesi Adil İsgəndərov özü tamaşaya qoydu, musiqisini Səid Rüstəmov yazdı. Beləliklə, mən nəsr yazmaqla bərabər dramaturgiyaya daxil oldum”.

40-cı illərin axırlarında İ.Əfəndiyev artıq özünü bir nasir və dramaturq kimi təsdiq etmişdir. Onun yaradıcılıq uğurları təkcə oxucuları deyil, eyni zamanda ədəbiyyatşünas alimləri də sevindirirdi. Yazıçının yaradıcılığı, çap etdirdiyi hər bir yeni əsəri tənqidçilərin diqqətindən yayınmırdı. Məhz bu illərdə dövri mətbuat səhifələrində onun yaradıcılığı haqqında ilk məqalələr dərc olunmağa başladı. Əkbər Ağayevin “Kənddən məktublar”, Hüseyn Şərifovun “Ümid verən yazıçı”, Mehdi Hüseynin “Bir nasir haqqında”, H.Orucəlinin “Həyata doğru”, O.Sarıvəllinin “İntizar”, M.Arifin “İntizar”, M.Cəfərin “İntizar” tamaşası haqqında” və s. məqalələr İ.Əfəndiyevin geniş oxucu kütləsinə tanıtmaqda mühüm rol oynamışdır. Bundan əlavə, Azərbaycan Yazıçılar İttifaqının xüsusi iclaslarından birində yazıçı İ.Əfəndiyevin yaradıcılıq hesabatının dinlənilməsi və burada S.Vurğunun, M.Hüseynin, Ə.Məmmədxanlının, Ə.Ağayevin, H.Orucəlinin və başqa sənətkarların çıxış edib xoş sözlər söyləmələri İ.Əfəndiyevin yaradıcılığına olan maraqdan irəli gəlirdi.

Yazıçının qayğısını çəkən qələm dostları, xeyirxah insanlarla yanaşı, onun paxıllığını çəkənlər, yüksəlməsini istəməyənlər də tapılırdı. Bu illərdə Yazıçılar İdtiifaqında çağırılmış iclasların birində “cavan yazıçı İ.Əfəndiyevin özünü yaxşı aparmadığından”, “bir sıra pozğun ünsürlərlə” əlaqə saxladığından söhbət getmiş və Yazıçılar İttifaqının Rəyasət heyəti ona ciddi xəbərdarlıq etmişdir. Lakin gənc yazıçı İ.Əfəndiyev Bakıya gəldiyi ilk gündən Əbülhəsən, Ə.Vəliyev, S.Rəhman, M.Cəfər, M.Hüseyn, S.Vurğun, S.Rəhimov, M.Arif, Ə.Ağayev, A.İsgəndərov, Adil Əfəndiyev və onlarla bu kimi sənətkarların əhatəsində olmuş, hər gün onların təsirini hiss etmiş, nəzər-diqqətindən kənarda qalmamış və yetkinləşmişdir. Yazıçı həmin xeyirxah insanları xatırlayaraq sonralar qeyd etmişdir ki, “mən ədəbiyyatımızda onların yerini boş görürəm. Yazıçılardan S.Vurğun da, Əli Vəliyev də, Mehdi Hüseyn də, Süleyman Rəhimov da o şəxslərdir ki, o zaman ədəbi gənclik,o cümlədən mən də onlara güvənirdik, onları özümüzə kömək, arxa hesab edirdik. Bir çətinliyimiz olanda müraciət edirdik, onlardan həmişə kişilik, kömək görürdük”.

Yaradıcılıq yollarında inamla addımlayayn gənc yazıçı 1941-45-ci illərdə Azərbaycan Radio komitəsində ədəbi verilişlər şöbəsinin müdiri, 1945-ci ildən Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi, daha sonra isə Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışarkən ədəbi ictimaiyyətlə bilavasitə təmasda və əlaqədə işləmiş, həyatı dərindən öyrənmiş, dünyagörüşünü daima artırmışdır. 1945-ci ildə İ.Əfəndiyevin “Aydınlıq gecələr” adlı ikinci kitabı nəşr olunur ki, burada əsasən müharibə illərində yazılmış əsərlər toplanmışdır. Əsərlərin mövzuları müharibədən götürülmüşsə də, əsas məsələ bu idi ki, Həmin hekayələrdə döyüş və sınaq illərində müasirlərimizin mə‘nəvi sifətləri və dəyanətləri qələmə alınmışdır. Həmin əsərlərdə də yazıçı canlı insan surətlərinə, onların daxili aləmlərinin təsvirinə üstünlük vermişdir. “Aydınlıq gecələr” kitabı İ.Əfəndiyevi oxuculara öz səsi, öz yazı üslubu olan orijinal bir yazıçı kimi təsdiq etdi. 1947-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrı İ.Əfəndiyevin “İşıqlı yollar” pyesini tamaşaya qoydu. Əsər Teatrın 1948-ci ildə Moskvaya qastrolu zamanı paytaxt sənətsevərlərinə göstərilmişdir. Həmin pyes yazıçının ilk müstəqil səhnə əsəri idi. Gənc dramaturq görkəmli rejissor Adil İsgəndərovun təklif və təkidilə “Bahar suları” pyesini yazır. Lakin əsərin tamaşası birmənalı qarşılanmadı, pyes haqqında müxtəlif mülahizələr irəli sürüldü.

“Bahar suları” pyesi haqqında müəllif yazmışdır: “…Dramaturgiyada “konfliktsizlik” nəzəriyyəsi ifşa olunandan sonra, bizim Akademik Dram Teatrında tamaşaya qoyulan ilk konfliktli əsər mənim “Bahar suları” pyesim oldu. Bu əsərdə müsbət obrazlarla bərabər, mənfi tiplər də var idi. Pyes Akademik Teatrda müvəffəqiyyətlə gedirdi. “Kommunist” qəzeti Əli Vəliyevin təşəbbüsü ilə böyük disput təşkil etmişdi….Disput olduqca canlı keçirdi. Çıxış edənlər tamaşaya yüksək qiymət verirdilər. Birdən bizim yazıçı yoldaşlardan o zaman məsul vəzifədə olan biri özünü qaranəfəs disputa yetirərək çıxışında sübut etməyə çalışdı ki, guya müəllif əsərdəki mənfi tipləri göstərməklə bizim cəmiyyətimizə böhtan atmışdır, bizdə Nəcəf kimi adamlar yoxdur, tək-tük varsa da, göstərmək lazım deyil…” Lakin əsərin müzakirəsində iştirak etmiş Əli Vəliyev, S.Vurğun, eyni zamanda ədəbiyyatşünaslar əsərin bir sıra məziyyətlərini göstərməklə, müəllifin düz yol tutduğunu təsdiq etmişlər.

1949-cu ildə Azərbaycanın ədəbi-mədəni ictimaiyyəti və bütün sənətsevərləri Azərbaycan Dövlət Dram Teatrının 75 illiyini təntənə ilə qeyd edərkən, səhnə sənətinin inkişafındakı xidmətləri nəzərə alınaraq İ.Əfəndiyev “Şərəf Nişanı” ordeni ilə təltif edilmişdi. 1954-cü ildə tamaşaya qoyulmuş “Atayevlər ailəsi” dramaturq İ.Əfəndiyevin yaradıcılığında irəli atılmış uğurlu bir addım idi. Müəllif ictimai həyatda rastlaşdığı qüsurları realist mövqedən, yüksək sənətkarlıqla qələmə aldığından, əsər tamaşaçı və oxucular tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Pyesi tamaşaya Tofiq Kazımov hazırlamışdı.

Sanki İ.Əfəndiyev ilə T.Kazımov bir-birini kəşf etmişdi, onlar biri digərini çox gözəl başa düşürdülər. Müasirlik duyğusu çox güclü olan bu iki sənətkarda oxşar cəhətlər, intellektual səviyyə, birgə yaradıcılıq axtarışları Azərbaycan teatrı tarixinə parlaq səhifələr yazmışdır. Yaradıcılıq intuisiyası çox geniş olan Tofiq Kazımovla, insan qəlbinin dərinliklərinə nüfuz etməyi bacaran İ.Əfəndiyev arasındakı yaradıcılıq əlaqələri uzun illər davam etmişdir.

İ.Əfəndiyev “Atayevlər ailəsi” tamaşası haqqında yazmışdır: “Atayevlər ailəsi”nin quruluşu üzərində Tofiqin ilk müvəffəqiyyəti, rolları aktyorlar arasında çox sərrast bölməsindən başladı. Hansı rolu hansı aktyorun daha təbii ifa edə biləcəyini düzgün tə‘yin etmək hissi, yaradıcılıq intuisiyası Adil kimi, Tofiqdə də çox güclü idi… “Atayevlər ailəsi” Tofiqin Akademik Teatrımızda ilk müvəffəqiyyətli quruluşu oldu”. Bu vaxta qədər bir dramaturq və xırda hekayələr müəllifi kimi tanınmış İ.Əfəndiyev 1958-ci ildə ilk dəfə iri həcmli “Söyüdlü arx” romanını oxuculara təqdim edir. Əsər yazıçıya böyük uğur qazandırdı. 1953-1958-ci illərdə İ.Əfəndiyev Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi vəzifəsində çalışarkən ədəbiyyata gələn istedadlı gənclərin inkişafını qayğı ilə izləmiş, bacardığı qədər onların yeni əsərlərinin çapına, kitablarının buraxılmasına kömək göstərmişdi.

O, 1954-cü ildən etibarən Yazıçılar İttifaqı Rəyasət heyətinin üzvü olmuş, 1958-ci ilin axırlarında Yazıçılar İttifaqı idarə heyətinin məsul katibi seçilmişdir. İttifaqın işində yaxından iştirak edən ədib, Respublika yazıçılarının II qurultayında (1954) “Azərbaycan sovet dramaturgiyası”, III qurultayında isə (1958) “Azərbaycan dramaturgiyasının inkişafı” mövzularında məruzələr etmişdir.

İ. Əfəndiyev çoxşaxəli yaradıcılıq yolu keçmiş sənətkarlardandır. Əgər biz onun həyat və yaradıcılıq yolunun hər hansı bir ilini, yaxud qısa bir dövrünü ciddi xronoloji ardıcıllıqla izləsək, maraqlı bir mənzərənin şahidi olarıq: yazıçı eyni bir qısa dövr ərzində hekayələr yazmaqla yanaşı, iste‘dadlı bir dramaturq kimi də fəaliyyət göstərir, iri həcmli roman və povestlərlə bərabər oçerklər üzərində də işləyir, publisistik məqalələr qələmə almaqla yanaşı, konfrans və qurultaylarda məruzələrlə çıxış edir. Bir sözlə, İ.Əfəndiyevə hekayədən faciəyə, romandan komediyaya, məqalədən pyesə keçmək heç də çətinlik törətmir, bu, yazıçı üçün adi bir haldır. İ.Əfəndiyev ədəbiyyatın bütün janrlarında kamil sənət nümunələri yaratmışdır ki, bu da yazıçının sənət palitrasının müxtəlif çalarlarından, dünyagörüşünün genişliyi və yaradıcılıq intellektindən xəbər verir.

1960-cı ildə Respublikanın Əməkdar İncəsənət xadimi fəxri adını almış İ.Əfəndiyevin yaradıcılığında 60-80-cı illər ən məhsuldar dövr hesab olunur. Bu illərdə onun yaradıcılığında janr rəngarəngliyi özünü göstərir, bir-birinin ardınca iri nəsr əsərləri, ciddi ictimai-siyasi problemlər qaldıran, gözəl mənəvi keyfiyyətlər aşılayan, eyni zamanda müasir Azərbaycan nəsrinin yüksək bədii-estetik səviyyəli nümunələri kimi şöhrət qazanmış “Körpüsalanlar” (1960), “Dağlar arxasında üç dost” (1963), “Sarıköynəklə Valehin nağılı” (1976-78), “Geriyə baxma, qoca” (1980), “Üçatılan” (1981) kimi povest və romanlarını dərc etdirir, eyni zamanda maraqlı dram əsərlərini qələmə alır, publisist və ədəbiyyatşünas kimi məhsuldar yaradıcılıq yolu keçir. Bu illərin məhsulu olan “Sən həmişə mənimləsən” (1964) pyesi ilə Azərbaycan səhnəsində lirik-psixoloji dramanın əsasını qoyur. Bu yolu uğurla davam etdirən dramaturq “Mənim günahım” (1967), “Unuda bilmirəm” (1968), “Məhv olmuş gündəliklər” (1969), “Qəribə oğlan” (1973), “Bağlardan gələn səs” (1976) və s. pyeslərini yazır. Ölməz sənət nümunələri kimi Azərbaycan dramaturgiyası xəzinəsini zənginləşdirən, yüksək vətəndaşlıq pafosu, incə lirizm və dərin psixoloji tapıntılarla aşılanan bu pyeslər teatr sənətimizdə yeni bir mərhələ açdı, “İlyas Əfəndiyev teatrı” yaratdı.

“İlyas Əfəndiyev teatrı”nın uğurlarından söhbət açarkən, təkcə onu göstərmək kifayətdir ki, ilk tamaşası 1968-ci ildə olmuş “Unuda bilmirəm” pyesi 1981-ci ilə qədər, yalnız Azərbaycan Milli Teatrı səhnəsində 350 dəfə oynanılmışdır. İlyas Əfəndiyev 1971-ci ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.

Əlinə qələm aldığı ilk gündən müasir mövzulara daha çox müraciət edən dramaturq, 1971-ci ildə mövzusu tarixi keçmişimizdən götürülmüş “Mahnı dağlarda qaldı” pyesini yazır. Yeni yaradıcılıq uğuru kimi qarşılanmış bu pyesə görə İ.Əfəndiyev 1972-ci ildə Respublika dövlət mükafatına layiq görülür.

1974-cü ildə Respublikamızın ədəbi ictimaiyyəti yazıçının anadan olmasının 60 illiyini təntənə ilə qeyd edir. Yubileylə əlaqədar olaraq ədib Oktyabr İnqilabı ordeni ilə təltif olunur. Azərnəşr onun dörd cildlik “Seçilmiş əsərləri”ni nəşr edir.

Görkəmli ədəbiyyat xadimi, geniş şöhrət qazanmış İ.Əfəndiyev Azərbaycan Respublikası Ali Soveti Rəyasət heyətinin 30 iyul 1979-cu il tarixli fərmanı ilə Xalq yazıçısı fəxri adına layiq görülmüşdür.

Yazıçının anadan olmasının 70 illiyi Respublikamızda qeyd olunarkən “Yazıçı” nəşriyyatı 1984-1985-ci illərdə oxucularına gözəl bir hədiyyə hazırlamış, ədibin 6 cildlik “Seçilmiş əsərləri”ni nəfis şəkildə 40 min nüsxə tirajla çap etmişdir. Ədəbiyyat sahəsindəki xidmətləri nəzərə alınan ədib həmin il Lenin ordeni ilə mükafatlandırılmışdır. 1990-cı ildə Azərbaycanın Milli Teatrı öz tarixində ilk dəfə olaraq xarici ölkəyə – Türkiyəyə qastrol səfərinə çıxmışdır. Bu səfər zamanı Teatr İstanbul və Ankara şəhərlərində teatr həvəskarlarına İ.Əfəndiyevin “Bizim qəribə taleyimiz” və “Sevgililərin cəhənnəmdə vüsalı” əsərlərinin tamaşasını göstərmişdir. Böyük uğurla qarşılanan bu əsərlər haqqında Türkiyə mətbuatı onlarla sanballı məqalələr vermişdir.

60 ildən çox yaradıcılıq yolu keçmiş İ.Əfəndiyev, 90-cı illərdə də məhsuldar bir yazıçı kimi yazıb yaradır, hər il yeni-yeni əsərlər nəşr etdirir, təzə pyeslərini tamaşaya qoyurdu. Sovet rejimi illərində, partiya qadağaları dövründə deyə və yaza bilmədiyi bir sıra mövzuları cəsarətlə ədəbiyyata gətirir, onları yeni zamanın kontekstində oxuculara təqdim edirdi. O. “Hacı Axundun cənnət bağı necə oldu” hekayəsini, “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı” povestini dərc etdirir, “Şeyx Xiyabani” (1986), “Bizim qəribə taleyimiz” (1988), “Sevgililərin cəhənnəmdə vüsalı” (1989), “Tənha iydə ağacı” (1991), “Dəlilər və ağıllılar” (1992), “Hökmdar və qızı” (1994) və s. pyeslərini tamaşaya qoydurmuş, bir sıra yeni kitablarını nəşr etdirmişdi.

Azərbaycanın ədəbi ictimaiyyəti 1994-cü ilin may-iyun aylarında Xalq yazıçısı İ.Əfəndiyevin anadan olmasının 80 illiyini təntənəli surətdə qeyd etdi. Ədəbiyyatın inkişafında xidmətlərini nəzərə alan müstəqil Azərbaycan Respublikasının Prezidenti yazıçını “Şöhrət” ordeni ilə təltif etdi. Respublikamızın sənət adamları arasında İ.Əfəndiyev birinci sənətkar idi ki, həmin ordenlə mükafatlandırılmışdı. Heydər Əliyev cənabları yazıçıya göndərdiyi təbrik məktubunda ədibin yaradıcılığına yüksək qiymət verərək yazmışdı: “Sizi-Azərbaycanın görkəmli dramaturq və nasirini 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Dünya mədəniyyətinə ölməz dahilər bəxş etmiş qədim Odlar yurdunda xalqın məhəbbətini qazanmaq, sənət zirvəsinə ucalmaq olduqca çətin və şərəflidir. Siz fədakar əməyiniz sayəsində bu şərəfə nail olmuşsunuz.

Oxucuların sevə-sevə mütaliə etdiyi nəsr əsərləriniz, Milli teatrımızın səhnəsində tamaşaya qoyulan pyesləriniz bunu parlaq şəkildə sübut edir…Sizin yaratdığınız obrazlar xalqımızın övladlarına mənəvi saflıq və vətənpərvərlik aşılanması işinə xidmət etmişdir. Əminəm ki, müstəqil Azərbaycanımızın hələ neçə-neçə nəsli bu zəngin mənbədən faydalanacaqdır”. Zəngin yaradıcılıq yolu keçmiş, həyatın acılı-şirinli günlərini yaşamış sənətkarımız İlyas Əfəndiyev 1996-cı il oktyabr ayının 3-də Bakı şəhərində dünyasını dəyişmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur. “İlyas Əfəndiyev əslinə-nəslinə yaraşan şərəfli, namuslu yazıçı ömrü sürdü. Həm də namuslu ömür sürdüyünü özü bəyan etmirdi, qələmdən ayrılmadan son günlərinəcən halal zəhmətlə, hər cür intriqalardan, həsəddən və nifrətdən uzaq bir aləmdə – sənət dünyasında yaşadığı həyatla sübut edirdi”.

İ.Əfəndiyevin insani keyfiyyətlərindən söhbət açan akademik Kamal Talıbzadə yazır: “İlyas ömrünün axırına qədər evlənmədi, baxmayaraq ki, çox cavan ikən dul qalmışdı, həm də gözəl, yaraşıqlı kişi idi… Övlad üçün özünü oda-közə vuran, onun üçün xoşbəxt gələcək haqqında düşünən narahat ata idi… Oğullar da atalarına borclu qalmadılar, atalarını sözün əsl mənasında yaşatdılar”.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mirvarid Dilbazi yad edilib

İyul ayının 12-də Azərbaycanın xalq şairi Mirvarid Dilbazi məzarı başında yad edilib. Xatırladaq ki, Mirvarid xanım 2001 – ci ilin bu günündə dünyasını dəyişib. Anım günü münasibətilə şairin ruhuna ehtiram olaraq Azərbaycanın bir qrup ziyalıları qəbrini ziyarət etdilər, gül dəstələri qoydular. Anım mərasimində xalq şairimizin qızı Xatirə xanım və yaxın qohumları, eyni zamanda prafessor Qüdrət İsaqov, şair-dramaturq Hacı Zaməddin Ziyadoğlu, “Mişov” dərgisinin təsisçisi və baş redaktoru şair-publisist Akşin Ağkəmərli, tarix instutunun direktor müavini Əli Məhərrəmov, Slavyan Universitetinin professoru Valeh Nəsibli, filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləman, şair-publisist Rəfail İncəyurt, gənc şair Nuranə Təbriz, şair Xalidə İlyas, Südabə İrəvanlı və s. çıxış edib xatirə sözlərini söylədilər. Bu günkü ziyarət Mirvarid Dilbazi Məclisinin sədri şair-publisist Güllü Eldar Tomarlının təşkilatçılığı ilə keçirildi. 
Güllü Eldar Tomarlı çıxış edərək bildirdi ki, ömrünü poeziyamızın daha da nurlanması naminə pay- paxac edən Azərbaycanın xalq şairi Mirvarid Dilbazi həm çox dəyərli bir şair, həm müqəddəs bir ana, həm də bu vətənin qürur simvolu kimi yaddaşlara yazılıb. Onun aydan arı, sudan duru poeziyası xalq ruhunun ləli- cövhəridi, şeirləri dillər əzbəri, mahnılar bəzəyi olub. Uşaq şeirləri körpə balalarımızın dilinin daha səlis olmasına kömək olub. 
Vətənpərvərlik mövzusunda yazdığı yüzlərlə şeiri Azərbaycan ordusuna ruh, ilham vermişdi. 
Bir yanı müqəddəs Hacımahmud əfəndi ( Hajəfəndi), bir yanı Dilbazilər ocağının saflılığı olan Mirvarid Dilbazi poeziya sevərlərin, din və imam əhlilərinin yaddaşına əbədi həkk olub.
Ulu öndərimiz Heydər Əliyevin sevdiyi şair olub Mirvarid Dilbazi.
Ulu öndərin sərəncamı ilə ilk “İstiqlal” ordeni ilə təltif olunanlardan biri də xalq şairi Mirvarid Dilbazi olub.
Sonda Xatirə xanım və Güllü xanım gələn ziyarətçilərə öz dərin təşəkkürlərini bildirdi.

MƏNBƏ:MİRVARİD DİLBAZİ MƏCLİSİ

Qüdrət İsaqova bu yazı üçün təşəkkür edirik:

Azərbaycanın xalq şairi Mirvarid Dilbazinin anım günüdür.

Mirvarid Dilbazi Azərbaycan tarixində Məhsəti Gəncəvi, Xanqızı Natəvan kimi böyük şairədir.

Mirvarid Dilbazi yaradıcılığının poetik diapazonuna görə Azərbaycan tarixində özündən əvvəlki, öz dövründəki və özündən sonrakı şairələrdən daha yüksək zirvədə durur.

Mirvarid Dilbazi yaradıcılığında şeirin möhtəşəmliyi ilə incəliyi, sadəliyi və axıcılığı vəhdət təşkil edir.

Mirvarid Dilbazi şeirlərinin möhtəşəmliyi ilə incəliyi, sadəliyi və axıcılığı arasındakı vəhdətə və harmoniyaya görə Azərbaycan poeziyasının klassiklərindəndir.

Azərbaycanda hamı Mirvarid Dilbazi şeirlərini sevir.

Mirvarid Dilbazi insanlara nümunə olan bir insan, analara nümunə olan bir ana, sairlərə nümunə olan bir şair idi.

Mirvarid Dilbazi el anası idi.

Mirvarid Dilbazinin şeirlərini oxuyanda insanın vətənə məhəbbəti artır. İnsan vətəni daha çox sevir. İnsan vətənin gözəlliyini daha çox duyur.

Yuxarıda göstərilən keyfiyyətlərinə görə Mirvarid Dilbazi 20-ci əsrin dahi şairləri Səməd Vurğun, Hüseyin Cavid, Mikayıl Müşfiq, Əliağa Vahid və digərlərinin  cərgəsini böyük şairə olaraq tamamlayır.

Allah Mirvarid Dilbazini bir qadın olaraq yaratsa da, onu dahi şairlərimizin cərgəsinə bir kişi kimi göndərmişdi.

Mən fəxr edirəm ki, dəfələrlə Mirvarid xanımın evində olmuşam.

Fəxr edirəm ki, Mirvarid Dilbazinin gözəl və misilsiz şeirlərini onun öz dilindən eşitmişəm.

Mən fəxr edirəm ki, Mirvarid xanımın öz əli ilə mənə verdiyi çayı içmişəm, çörəyini yemişəm.

Çıxışımın sonunda böyük şairəmiz Mirvarid xanıma Allahdan rəhmətlər diləyirəm. Məkanı Cənnət olsun!

Daha sonra Facebookda Mirvarid Dilbazi Məclisi profilini yaradan, Mirvarid Dilbazi Məclisinin sədri Güllü Eldar Tomarlı xanıma bu nəcib işinə görə təşəkkürlər edirəm, xoşbəxtlik, can sağlığı və uğurlar arzulayıram!

Prof.Dr. Qüdrət İsaqov   

İLKİN MƏNBƏ:Poeziyamızın klassiklərindən Mirvarid Dilbazini anım günüdür

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Akif Şahverdiyev – anım günü.

Vəsiyyət:

“Başdaşıma yaşadığım illəri qoyub, doğulub-öldüyüm illəri yazmayın. Bilirəm, deyəcəksiniz: Yazıq, gəldi, yaşamadı, getdi.” (Akif Şahverdiyev)

 “Hərənin qəlbində bir nisgil var. Hərənin könlündə kiminsə yeri görünən boşluğu var. Ayrılığına dözə bilmədiyimiz adamlar yadımıza düşdükcə ürəyimizdən kövrək bir istək keçir – onunla görüşmək istəyi. Lakin bu mümkünsüzlüyü bildiyimizdən həsrətini çəkdiyimiz kəsin surətini xəyalımızda canlandırıb onun özünə yanıqlı-yanıqlı bir şikayət edirik: Sənsiz yaman darıxmışam…” (Akif Şahverdiyev. 8 may 1997-ci il)

 Bəli, doğrudanda belədir. İnsan, ona əziz və doğma olan bir kimsəni həmişə xatırlayır, yoxluğuna dözə bilmir. Onunla keçirdiyi xoş günlər, saatlar bir-bir gəlib göz önündən keçir. Yaxşı insan isə heç vaxt unudulmur. Əbədi ürəklərə köçür.

 Bu gün – iyun ayının 13-ü peşəkar jurnalist, pedaqoq, yazıçı, eyni zamanda gözəl insan, böyük ürək sahibi ustad Akif Şahverdiyevin vəfatından bir il ötür. Yoxluğu, ailəsi, dostları, həmkarları və tələbələrini sarsıdır. Onun yeri elm ocaqlarının auiditoriyalarında, Nəşriyyat binasının redaksiyalarında, qohum-qonşu içində ən əsası ziyalı bir ailəsinin yanında görünür.

 Akif Şahverdiyev uzun illər Azərbaycan Milli Mətbuatında müxtəlif vəzifələrdə çalışmış, ömrünün demək olar ki, çox hissəsini bu sahəyə həsr etmişdir. Belə ki, Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin “Xəzərin keşiyində” qəzetində (13 sentyabr 1994) baş redaktor, Müdafiə Nazirliyinin əmri ilə “Azərbaycan Ordusu” qəzetində (4 yanvar 1996) baş redaktor müavini, “Azdövyerqurlayihə” İnsitutunun “Yer” qəzetində (20 may 1997) korrektor, “Ana Vətən” qəzetində (may-iyun 1998) müxbir, “Press Əks-Səda” qəzetində (iyun 1998) redaktor, “And” qəzetində (10 mart 1999) redaktor, “Ədəbiyyat” qəzetində (yanvar-may 2000) müxbir, “Nyu-Media” qəzetində (noyabr- dekabr 2000) redaktor, “Sabah” qəzetində (4 yanvar 2001) redaktor vəzifələrində çalışıb. Müxtəlif mətbuat orqanlarında 159-dan çox publisist məqaləsi, 110-a yaxın hərbi vətənpərvərlik və vətənpərvərlik mövzusunda məqaləsi, kitablar haqqında 32 rəy və resenziyası, jurnalistikaya aid 25-dən artıq məqaləsi çap edilib. Haqqında 110 məqalə işıq üzü görüb. Bədii yaradıcılığı 17 mətbuat orqanında işıqlandırılıb. 7 qəzetdə hazırlanmış xüsusi buraxılışın redaktoru olub.

 Pedoqoji fəaliyyətinə gəlincə, bir neçə universitetdə – Naxçıvan Universitetində (1 oktyabr 1999-30 iyul 2001, fakultə jurnalistika), Cənubi Rusiya Humanitar İnstitutunda (5 oktyabr 1999, baş müəllim, fakultə hüquq, iqtisadiyyat və tərcümə (linqvistika)), Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (2 sentyabr 2002, fakultə jurnalistika), Odlar Yurdu Universitetində (1 sentyabr 2003, fakultə hüquq və beynəlxalq münasibətlər (jurnalistika ixtisası üzrə)), Bakı Avrasiya Universitetində (15 sentyabr 2006, fakultə jurnalistika), Qərb Universitetində (1 sentyabr 2001-17 avqust 2015, fakultə jurnalistika) dərs deyib.

 1991-ci ilin fevralında 63 saylı seçki dairəsi üzrə XIX çağırış Sumqayıt şəhər Xalq Deputatları Sovetinə deputatlığa namizəd kimi qeydə alınıb.

 Sentyabr 1992-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.

 1994-cü ildə Jurnalistlərin ümumrespublika yaradıcılıq müsabiqəsinin qalibi olub.

 31 may 1999-cu ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitunda  “1990-2000-ci İllərdə Azərbaycanda Ali Təhsilin İnkişaf Yollarının Pedaqoji Mətbuatda Əksi ” mövzusunda dissertasiya müdafiə edib.

 Qarabağ Müharibəsi Veteranıdır. (4 may 1999-cu il. Nəsimi Rayon Hərbi Komissarlığı)

 18 sentyabr 1993-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 353/RM saylı əmri ilə ona “baş leytenant” hərbi rütbəsi verilib.

Mart 2003-cü il Mətbuat Şurasının təsis qurultayının, 24 aprel 2004-cü il Mətbuat Şurasının II Qurultayının, 21 may 2005-ci ildə isə Azərbaycan jurnalistlərinin (Mətbuat Şurasının) III Qurultayının iştirakçısı olub.

 25 mart 2005-ci ildə Rusiya Federasiyasının Cənubi Rusiya Humanitar İnstitunun sosial-humanitar intizam kaferdasının dosenti elmi adına layıq görülüb.

 1 noyabr 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyində mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin maddi-mənəvi irs bölməsinin müdiri vəzifəsinə təyin edilib.

  2006-cı ildə”Odlar Yurdu” universitetinin Elmi Şurasının qərarı ilə (Elmi Şuranın sədri professor Əhməd Vəliyev) “Azərbaycan Mətbuat Tarixi” kitabının tərtibi bu universitetin jurnalistika, dil və ədəbiyyat kafedrasının müəllimi AkiF Şahverdiyevə həvalə olunub. Akif Şahverdiyevin böyük zəhməti sayəsində ərsəyə gələn kitab Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.03.2006 tarixli 181 saylı əmri ilə təsdiq edilib. Kitab 2006-cı ildə “Təhsil” nəşriyyatında çap olunub. Giriş ön söz və beş fəsil hissədən ibarət olan kitab jurnalistika fakültəsində təhsil alan tələbələr, bu sahədə çalışan jurnalistlər və Azərbaycan mətbuat tarixi ilə maraqlananlar üçün faydalı mənbədir. Kitabın elmi məsləhətçisi Əhməd Vəliyev, rəyçilər Nizami Cəfərov və Əjdər Ağayevdir.

 Eyni zamanda A. Şahverdiyev 2009-2010 və 2011-ci illərdə Bakı Avrasiya Universiteti tələbələrinin bakalavr hazırlığı üçün müxtəlif fənlər üzrə dərs proqramları – “Hərbi Mətbuat Tarixi”, “İxtisaslaşma-Radio və Televiziya”, “Jurnalist sənətkarlığı və tələbələrin praktik yaradıcılığı”, “Azərbaycan Mətbuat Tarixi”, “Jurnalistikaya giriş”, “Radio və Televiziyada ədəbi iş”, “Ədəbi redaktə”, “Kütləvi informasiya vasitələrinin dili və üslubu”, “Nəşriyyat işinin əsasları”, “Azərbaycanda müasir KİV sistemləri”, “Tələbələrin tədris təcrübəsi”, “İnformasiyalı cəmiyyət”, “Qlobal İnformasiya Cəmiyyəti və Milli Təhlükəsizlik”, “Tələbənin istehsalat və diplomqabağı təcrübəsi” və s. hazırlayıb.

 Akif Şahverdiyev jurnalist və pedoqoji fəaliyyətilə paralel olaraq bədii yaradıcılıqla da məşğul olmuş, həm nəsr, həm də nəzmdə qələmini sinaqdan keçirmişdir. Onun ilk müəllifi olduğu kitab “Ömrə sığmayan həyat” adlı sənədli-bədii povestdir. Ön söz, yeddi fəsil və son söz əvəzi hissədən ibarət olan əsər metodist müəllim, jurnalist, tərcüməçi Natiq Yusif oğlu Səfiyevin həyat və yaradıcılığına həsr olunub. Kitabin elmi məsləhətçisi Vaqif Arzumanlı, elmi redaktoru Əjdər Ağayev, redaktoru Təranə Yaşarqızıdır. 170 səhifədən ibarət kitab 1988-ci ildə “Əbilov, Zeynalov və oğulları” mətbəsində çap olunub.

  Müəllifi olduğu “Ruhun harayı” kitabı Qazax rayonunda “Balaxanım ocağı” deyilən müqəddəs bir ailənin üzvü – Novruzova İmamirə Qədim qızına həsr olunub. 96 səhifədən ibarət olan bu kitab 2000-ci ildə “Təbib” nəşriyyatında çap olunub.

 2004-cü ildə “Təhsil” nəşriyyatında çap olunan, 154 səhifəlik “Vüsala doğru” (povest, hekayə və şeirlər) kitabında müəllif adət-ənənə və mənəviyyatla bağlı bir sıra problemlərə toxunmuşdur. Kitabın redaktoru yazıçı-ilahiyyatçı Oqtay Salamzadədir.

 Eyni zamanda Akif Şahverdiyev deyimlər və aforizmlərlə zəngin olan “Söz qalası” (“Təknur” nəşriyyatı, 2013. 122 səh. Redaktor Şahlar Göytürk (Məmmmədli)) və “Güzgü” (“Təknur” nəşriyyatı, 2016. 140 səh. Redaktor İsmayıl Kazımov. Bədii redaktor Gülər Eldarqızı) kitablarının müəllifidir. Sosial şəbəkələrdə paylaşdığı deyimlər toplanan hər iki kitabda müəllif dilimizin zənginliyini qorumaqla milli-mənəvi sərvətlərimizi qiymətləndirməyə çalışmış, gənclərə əxlaqi dəyərləri təlqin etməyə cəhd etmişdir. Kövrək hisslərlə onu da qeyd edim ki, “Güzgü” kitabı ədibin yaradıcılığının son məhsuludur.

 2018-ci ilin qış aylarında Azərbaycan cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar olaraq tədqiqat işi aparan Akif Şahverdiyev Azərbaycan Cümhuriyyətinin qurucuları, eləcə də həmin ərəfədə(1918) orduda qulluq edən 21 general haqqqında Facebook səhifəsində ardıcıllıqla oxucuları məlumatlandırıb. Təəssüf ki, Bakının Türk ordusu tərəfindən işğaldan azad edilməsinin 100 illiyi münasibətilə şəhərdə keçirilən möhtəşəm bayram tədbirlərini və hərbi paradı görmək ona qismət olmadı. O, öz Facebook səhifəsində, eləcə də müxtəlif sahələri əhatə edən yaradıcılığında tariximizi, ədəbiyyatımızı yaşadan materiallar ərməğan etdi, miras qoydu.

A. Şahverdiyevin ədəbi-bədii, publisist yaradıcılığını, eləcə də pedaqoji fəaliyyətindəki nəaliyyətlərini onun şəxsiyyətindən kənarda təsəvvür etmək olmaz. O, özünün intellektual səviyyəsi ilə həmişə sayılıb, seçilənlərdən olub. Qürur, vətəndaşlıq, humanizm, müdriklik və insanilik onun şəxsiyyətini səciyələndirən əsas amillərdir. Tərifdən, şan-şöhrətən daim uzaq qaçan təvazökar, təmənnasız bir insan idi Akif Şahverdiyev.

“Deyiln söz ömürdən qısadırsa –cahilliyin, ömür qədərsə– adilliyin, sahibindən sonra yaşayacaqsa – aqilliyin nişanəsidir” deyən ədib bu gün “aqil insan” adına layıq görülür. Bəli, onun qələmindən çıxan hər bir söz indi, öz sahibindən sonra yaşayır, aqilliyin dərəcəsinə çatır. İllər ötsə də onun adı  xələflərinin, eləcə də hər bir vətənpərvər insanın qəlbində yaşayacaq. Akif Şahverdiyevin müəllifi olduğu məqalələrdə, bədii əsərlərdə vətənə misilsiz sevgisi, ləyaqəti, əzimliyi duyulur. İnsan qəlbinin ən kövrək, incə notlarına toxunur. Şeirlərindən və sosial şəbəkədə paylaşdığı yazılarından onun dərdlə dost, yoldaş olduğu, öz şəxsi həyatındakı çətinliklərlə yanaşı doğulduğu, yaşadığı vətən torpağının da iztirabı var. O, ictimai haqsızlıqlarla, ədalətsizliklə barışa bilməyən bir ruh sahibi idi. Həyatı ilə yaradıcılığı arasında düz mütənasiblik olan müdrik ustadın silahı ancaq və ancaq mübariz qələmi idi.

Çilikləndi ürəyim,

Əl görmədi kürəyim,

Daşdan çıxdı çörəyim,

Yaşadım…

Yolum dirəndi daşa,

Dərdimlə doldum yaşa,

Ümidlə qaldım qoşa,

Yaşadım…

Əyri yola getmədim,

Arzu etdim, yetmədim,

Nəsə, ölüb-itmədim,

Yaşadım…

(Akif Şahverdiyev)

“Daşdan çıxdı çörəyim, yaşadım” – deməklə əziyyətli, dərdli-kədərli bir həyat yolu keçsə də ümidi isə heç vaxt itmir, “Ümidlə qaldım qoşa, yaşadım…”söyləyir. “İnam itər, ümid itməz” düşünərək, inamını itirsə də ümidini heç vaxt itirmir.

 “İnsan ilk dəfə gözüyumulu doğulur, gözü sonra açılır. İkinci dəfə sevəndə doğulur – açıq gözü bağlanır.

İnsan ilk dəfə sevdiyini itirəndə ölür və gözü açılır. Gözü açıq və bağlı, fərqi yoxdur, ümidini itirəndə isə, birdəfəlik ölür.” (Akif Şahverdiyev)

 Ölümündən sonra müxtəlif mətbu orqanlarda və saytlarda Akif Şahverdiyevin əziz xatirəsini uca tutan, haqqında yazılmış neçə-neçə məqalələr çap olunmuşdur. AMEA Dilçilik İnstitunun elmi işçisi Şahlar Göytürk “Ölümün çiçək açsın” məqaləsində ustadla bağlı xatirələrindən belə yazır:

“İnsanlar yuxudadır, öldükləri zaman ayılacaqlar.” Bəlkə elə buna görə bu əbədi ayrılıq mənə yuxu kimi gəlir, axirət dostum Akif müəllim! Ruhun şad olsun!

 Səninlə bir yerdə işləməyi çox arzulayırdım, çünki vaxtilə BAAU-da iş yoldaşı olmuşduq. Sənin necə dəyərli bir ziyalı, səmimi və ləyəqətli şəxsiyyət olduğunu yaxşı bilirdim. Sonra Monitorinq şöbəsi təzə-təzə yarananda iki ay təmənnasız şöbəmizə yardımçı oldun…

 İki il idi ki, işsiz idin. Direktora işlə bağlı xahiş etdim. O da razılaşdı, işə götürəcəyinə söz verdi. Sevincimiz yerə-göyə sığmırdı… Dedin ki, eşidən, bilən bütün qohum-əqrabam Dilçilik İnstitutunda işə düzəlməyim münasibətilə zəng edib məni təbrik edir. Ailəmizdə toy-bayramdır.

İşlə bağlı əmrin veriləcəyi gün gözləmədiyimiz bir cavab aldıq: “İxtisasınız uyğun deyil. Sənədləriniz burada qalsın, əlaqə saxlayarıq”.

 Ayrılanda mənə xeyirxahlıq üçün dönə-dönə təşəkkür elədin. “Bu mənim son şansım idi” – dedin…

 Direktor iki gün bundan qabaq “dostunu işə götürəcəyəm” deyəndə sevinmədim. Artıq gec idi.

Ayrılıq xəbərin məni bərk sarsıtdı. Haqq dərgahında məqamın uca olsun, Akif müəllim!

 Ölümü xatırlayan insan Tanrının sevimli bəndəsidir…

Bu Sənin sonuncu şeirin idi…

Elegiya

Daxma qışımdan çıxıb
Üzü yaza gedirəm…
Tək-tənhaca bürünüb
Bir palaza, gedirəm…

Bir yurd var ürəyimdə
Di gəl yolu uzaqdı.
Çölüm bahar ətirli,
İçim qardı, sazaqdı.

Heybəm-dolu kədərdi,
Tutub yolu gedirəm.
Ölümə tunel qazıb
Üzüsulu gedirəm.

Öz uca ölümümü
Öyə-öyə gedirəm.
Məndən qaçan əcəli
Söyə-söyə gedirəm.

Gedirəm ki, dünyanın
Qoy yeri geniş olsun.
Burda mənə iş qəhət,
Bəlkə orda iş olsun.

“Ölümün çiçək açsın”
Deməyir bircə bəndə.
Ruh da qalmaq istəmir
Bu lazımsız bədəndə.

 “Ədalət və Həqiqət” qəzetinin 2018-ci il 19 iyul-5 avqust sayında “Özü getdi, xoş xatirələri, qiymətli əsərləri qaldı. Yaradıcı insan taleyinin qanunu budur” adlı xatirəsində Daşdəmir Əjdəroğlu yazır:

 “Akif müəllimi uzun illərdir ki, tanıyırdım. Tanıyırdım dedikdə, bu böyük qəlbli peşəkar və eyni zamanda, fədakar insanın imzası ilə tanışlığımı nəzərdə tuturam.”

  “Vaxtilə çalışdığı müxtəlif mətbuat orqanlarında axtarışlarının, iti müşahidələrinin və yorulmaq bilmədən apardığı araşdırmaların nəticəsində ortaya çıxan məqalələrini maraqla

oxuyurdum. O, həmişə ölkənin iqtisadi, qaynar istehsalat həyatından bəhs edən məqalələr, oçerklər, reportajlar qələmə almışdı.”

 “İstər mətbuat sahəsində, istərsə də ali məktəb auditoiyalarında özünə dost tapdığı insanlar Akif müəllimin yaradıcılığını həmişə yüksək qiymətləndirib, onu digərlərinə nümunə göstəriblər. Həqiqətən də nümunəvi jurnalist, nümunəvi insan, vicdanlı pedaqoq, saf, təmiz müəllim olmaq onun həyatının bir parçasına çevrilmişdi.

  “Hər dəfə Akif Şahverdiyevlə həmsöhbət olanda Mövlananın bir məşhur düsturunu xatılayırdım. “Comərdlikdə “axar su”, əsəbdə “ölü”, təvazökarlıqda “torpaq”, ünsiyyətdə “dəniz” kimi ol və nəhayət, “ya olduğun kimi görün, ya da göründüyün kimi ol”. Akif müəllim də “olduğu kimi görünən, göründüyü kimi olan adam” idi…

 ‘‘Olduqca təmkinli, az danışıb çox iş görən və öz işini görən A.Şahverdiyev təmənnasız, iddiasız, halal, sadə, zəhmətkeş bir jurnalist ömrü yaşayıb, çətin bir dövrün ağır sahələrindən olan pedaqogikanın cəfakeşlərindən olub.”

“2018-ci il iyunun 14-dən Xırdalan qəbiristanlığında bir insan uyuyur… Bu, uzun illərin dostu olmuş, ömrünün aqillik dövrünə qədəm qoymağa hazırlaşmış, ziyalı ömrünü yaşamış, hər gününü axtarışlara, yaradıcılığa həsr etmiş zəngin insan olan Akif Bəşir oğlu Şahverdiyevin məzarıdır.”

 “Akif müəllim Tanrının məsləhətinə əməl elədi, taleyin son əmrini yerinə yetirdi. Özü getdi, xoş xatiələri, qiymətli əsərləri qaldı. Yaradıcı insan taleyinin qanunu budur. Lakin bir həqiqət də var ki, Akif Şahvedriyevin insan kimi ömrü və ömrünü əks etdirən yaradıcılığı taleyindən çox-çox ucadır!”

(Daşdəmir Əjdəroğlu. “Ədalət və Həqiqət” qəzeti. 19 iyul- 5 avqust 2018-ci il. Səh-13)

Hərbi-jurnalistikanın yaranması və formalaşmasında Akif Şahverdiyevin əməyi böyükdür. O, Azərbaycan ordusu sıralarında xidmətdə olduğu dövrlərdə dəfələrlə cəbhə bölgələrində olmuş, saysız-hesabsız məqalə, reportaj, oçerklər yazmışdır. “Asiman” qəzetinin 2005-ci il 24 fevral sayında dərc olunan “Siz kimsiniz” sərlövhəli müsahibədə Bakı Ali Pedaqoji Qızlar Seminariyasının magistrı Asimə Rasimqızı ilə Akif Şahverdiyev arasında maraqlı bir polemika yaranır. Vətənpərvərlik mövzusu ilə bağlı yazdığı məqalələrindən söhbət açan A. Şahverdiyevin fikirləri maraqlı olub: “1992-ci ilin Xocalı soyqırımından bir neçə ay sonra, yəni iyun ayında 3 körpə uşağımı analarına tapşırıb Respublika Müdafiə Nazirliyinə gəldim. Cəbhəyə getmək üçün ərizə yazdım. O vaxt general-mayor Nurəddin Sadıxov bir neçə gənc zabitlə birlikdə mənim də döyüş bölgəsinə – Laçına göndərilməyim üçün əmri imzalasa da, bir neçə saat sonra yanına çağırdırıb soruşdu: -Tank sürə bilirsən? -Yox. -Topdan atmısan? -Yox. -Xəritələrdən, döyüş xəritələrindən başın çıxır? -Yox. -Oğlum, onda sənin Laçında nə işin var? Yaxşısı budur, qələmini silaha çevir. O, əmri dəyişərək məni əsası 11 fevral 1992-ci ildə qoyulmuş “Xalq ordusu” qəzetinin informasiya şöbəsinin rəisi təyin etdi…” (“Asiman” qəzeti, 24 fevral, 2005-ci il. Asimə Rasimqızı)

 “ATRİBUT” qəzetinin redaktoru Mahir Nemətoğlu Akif Şahverdiyevin əziz xatirəsinə həsr etdiyi “Yaxşılardan biri də getdi” adlı xatirəsində ustadla bağlı təəssüratlarından söhbət açır:

  “Akiflə bir vaxtlar “And” qəzetində tanış olmuşduq. Heç kimə bənzəməyən bir xarakteri vardı. Yəni, sanki bu dünyanın adamı deyildi. Həddən artıq sadə, inanılmaz dərəcədə iddiasız, qərəz bilməyən, dedi-qodudan uzaq bir insan idi. Ətrafdakılara ancaq müsbət enerji paylamaqla məşğul olardu. Çoxları ona ürəyini açar, dərdini deyərdi. Heç 10-15 dəqiqə çəkməzdi ki, Akifin həmsöhbəti xoş ovqatla ayrılardı. Özünün də üzündən təbəssüm əskik olmazdı. Onu incidərdilər, di gəl özü kimsənin xətrinə dəyməzdi. Çox nikbin idi. Hətta canı ağrıyanda, xəstə olanda belə zarafatlarından, yumoristik söhbətlərindən qalmazdı.

 Çoxlarına yol göstərməyi, məsləhət verməyi bacarırdı. Pislik onluq deyildi, daim yaxşılığa can atardı. Ara-sıra badalaq vuranlar, nankorluq edənlər də tapılırdı. Heç ürəyinə salmazdı, “canı sağ olsun” deyib köks ötürməklə kifayətlənərdi.”

  “Akif müəllim həyatda çox məşəqqətlər gördü, amma heç kimin qabağında sınmadı, heç kimə əyilmədi. Vüqarlı bir ömür yaşadı. Onun ən böyük var-dövləti ailəsi, övladları idi. Bütün varlığıyla onlara bağlı idi.”

 (Mahir Nemətoğlu. “ATRİBUT” qəzeti. 07-13 iyul 2018. Səh-3)

  Atasının qəfil ölümündən sarsılan Qorqud Şahverdiyev sosial şəbəkədə (Facebook) paylaşdığı “Mən jurnalistin qazandığı halal çörəklə böyümüşəm” adlı məqaləsində ustadla bağlı xatirələrdən və onun keçdiyi vüqarlı həyat yolundan yazır:

Mənim həyatımda mətbuat, jurnalistika, publisistika, nəşriyyat, məqalələr, informasiyalar xüsusi rol oynayıb. Çünki mən qəzetlərin, jurnalların, kitabların arasında böyümüşəm. Bizim evdə, köhnə masamızın ətrafında tez-tez ziyalı insanlar yığışar, elmi, ədəbi müzakirələr aparardılar. Atam məni uşaqlıqdan öz yanında Azərbaycan Dövlət Nəşriyyatının dar kolidorlarında gəzdirib. Mətnin yığımı zamanı yazı makinası ilə sürətli yazmağı, orfoqrafik səhvlər etməməyi, korrektə edərkən üslubiyyətin diqqətlə analizini, qəzet və kitabın dizayn edilmə qaydalarını, mətbəələrin səs-küylü iş prossesini atam həvəslə öyrədib mənə. “Kütləvi informasiya vasitələri” haqqında, “İnformasiya əldə etmək” haqqında, “Müəlliflik hüququ və əlaqəli hüquqlar” haqqında Azərbaycan Respublikasının qanununlarını orta məktəb şagirdi olanda bir neçə dəfə oxumuşdum. İndi mən ixtisasca hüquqşünas olsam da jurnalistikanı həmişə özüm üçün doğma saymışam. Mən jurnalistin qazandığı halal çörəklə böyümüşəm.”

 “O, öz həyatını milli mətbuatımızın inkişafına həsr etmiş, həqiqət carçısı olmuşdur. Xalqımızın maariflənməsində, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və bəşəri dəyərlərin təbliğində mühüm işlər görmüşdür. Vətən sevgisi ilə yaşamış, milli şüurun oyanışında, milli ruhun formalaşmasında əvəzsiz xidmətlər göstərmişdi.”
“Qayğıkeş, ailəcanlı, qonaqpərvər, dəqiq, sözündə bütöv və bir çox başqa müsbət keyfiyyətlərə malik idi. Milli olduğu qədər bəşəri olan, güldürməyi bacardığı kimi düşündürə bilən atam dünyadakı yenilikləri duyan, soy tarixinə bağlı bir ustad olmuşdur.
Öz ömrünü elmə, təhsilə, mədəniyyətə həsr etdi. Onun Azərbaycanın müasir mətbuatında əvəzedilməz xidmətləri olub, tariximizi bütün qəlbi ilə sevirdi, ömrünün son illərində pedaqoji fəaliyyətlə məşğul olub.
 Ziyalı, dərin düşüncə sahibi olan, böyüklə-böyük, uşaqla-uşaq kimi rəftar edən atam el ağsaqqalı, and yerimiz idi. Müdrikliyi, sadəlövhlüyü, sədaqətliyi ilə hamının sevgisini qazanmışdı. 
 Mərd yaşadı, həmişə sözün düzünü dedi, ləyaqətini uca saxladı.

 O, öz imzası və üslubu ilə çox fərqlənirdi. Yazıb-yaratmaqdan usanmırdı. Onun lirik şeirləri, satirik yazıları, deyimləri hələ uzun illər dillərdə yaşayacaq, kitabları əl-əl gəzəcək. 
Qələmi kəskin idi. Mənə qələm tutmağı da, qərar qəbul etməyi də, ağı qaradan ayırmağı da atam öyrədib. Tez-tez siyasətlə, peşə fəaliyyətimizlə, dinlə bağlı uzun-uzadı söhbətlər edərdik. Gecə yarsına qədər çəkərdi bu diskusiyalar. Xatirələrini dilə gətirməklə tərbiyələndirərdi biz övladlarını. İndi sağlığında toxunulmaz saxladığı əlyazmalarını vərəqlədikcə öz xatirələrini kağız üzərində əbədiləşdirdiyinə şahid oluram. Bu gün o xatirələri oxuduqca sanki atamla danışıram. Sağlığında yorulmadan öyrətdiyi kimi vəfatından sonra da yazılı xatirələri bu əməlini davam etdirir. O qədər uzaqgörən olub ki, hətta ölümündən sonranı da fikirləşib.”

 “Bu fikirləri yazarkən gözlərim önündə mənalı və şərəfli həyat yolu keçmiş, yüksək mənəviyyat sahibi, ömrü boyu haqqın, düzgünlüyün, mənəvi idealların carçısı olmuş atamın işıqlı siması canlanır. Nahaq yerə demirlər ki, xalqın gözü tərəzidir. Adamlar onunla görüşməyə daim mənəvi ehtiyac hiss edirdilər. Onunla həmsöhbət olmaq adi məişət hadisəsi deyildi, hər şeydən əvvəl saf, duyğulu mənəvi aləmlə əhatə olunmaq demək idi. Şəxsiyyətinin yaratdığı aura o qədər ülvi idi ki, onun yanında insan problemlərdən, çətinliklərdən uzaqlaşaraq özünü qeyri-adi məkanda hiss edir, potensial imkanlarına, güc və qüdrətinə, həyata, insanlara inamı daha da artırdı.
 Çətinliyə düşən, problemi olan, mübahisəli məsələsi meydana çıxan adamlar böyük əminliklə Akif Şahverdiyevə üz tutardılar. Həmişə ölçülü, məntiqli və tutarlı deyimləri, müddəaları ilə xeyirli məsləhətlər verər, ona inam bəsləyənləri heç vaxt naümid qoymazdı.
 Atam ömrünün 59-cu ilində dünyasını dəyişdi, Haqq dərgahına qovuşdu. O, heç kimə əziyyət vermədən köçdü bu dünyadan. Vəfatı məni və onu sevənləri dərindən sarsıtsa da əminəm ki, onun əbədiyyətə qovuşmuş pak ruhu daim ailəsinin üzərində, onu tanıyanların arasındadır. 
 Ruhu şad olsun! Sağlığında həmişə haqqın, düzgünlüyün, ədalətin carçısı oldu. Bu gün də başımız üstündə dolaşan ruhu günah işləri, nahaq əməlləri, mənəviyyatsızlığı lənətləməklə xeyirxahlıq adlanan insanlıq yoluna işıq saçmaqdadır.

 İndi mən qələminə və sətir-sətir yazdıqlarına and içərək bəyan edirəm ki, övladı olaraq onun adını daim uca tutacaq, müqəddəs hesab etdiyi haqq yolunda addımlayacaq, vətənpərvərlik, sosial ədalət və milli-mənəvi dəyərlərin qorunması ilə bağlı gördüyü işləri layiqincə davam etdirəcəyəm.”

 (Qorqud Şahverdiyev)

 “Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin” (Ə. H. Bəhmənyar). Bəli, Akiş Şahverdiyevlə söhbət bir kitaba, müəllifi olduğu kitabların mütaliəsi isə filosofla söhbətə bərabərdir. Bu gün ömrünün 59-cu ilində bizləri qəfil tərk edən ustadın anım günündə, vüqarla yada salır, Ulu Tanrıdan rəhmət diləyirik. Ruhun şad olsun, ustad! Xatirən əbədi olaraq könüllərdə yaşayacaq!

Müəllif: Gülər Eldarqızı

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru