AQİL KƏNGƏRLİ

QARABAĞI İTİRİB, TURANDAN DANIŞIRIQ

Qarabağı itirib, Turandan danışırıq,
Qibləni tanımırıq, Qurandan danışırıq.
Yüz dəfə and içirik, yalandan danışırıq,
Yalan-palan deməyə dilimiz öyrəşibdi.

Otuz min şəhid verən xalqın televiziyası,
Göstərə bilirmi heç bu matəmi, bu yası ?
Ekranda toy, qonaqlıq, SMS yarışması,
Təlxəklərə baxmağa elimiz öyrəşibdi.

Çirkli oyunlar gedir, oyunda piyadayıq,
Öz kökünə saplanan ağzı iti baltayıq.
Rüşvətə “hörmət” deyib, götürməkdə ustayıq.
Rüşvətə, saxtalığa əlimiz öyrəşibdi.

Ağır yüklər altında qolu bağlı dustağıq,
Hələ ki, ölməmişik, hələ diriyik, sağıq.
Yığın kürəyimizə, yenə daşıyacağıq,
Yük daşıya-daşıya belimiz öyrəşibdi.

Düşünürəm bunların sonu necə olacaq ?
Nə vaxtadək əllərdə olacağıq oyuncaq?
Dərdimizin əlacı Allaha qalıb ancaq,
Ağıllımız mat qalıb,”dəli” miz öyrəşibdi.

Müəllif: AQİL KENGERLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru