EL YERİDİ, YALQIZ QALDIN SƏHRADA…(Dədə Ələsgər)

Gəlimli-gedimli, ölümlü-itimli bu gidi dünyaya göz açmağından yüz yetmiş il keçir, Dədə Ələsgər!
Yüz yetmiş il əvvəl göz açdığın ulu Göyçə torpağı oğuz ərənlərinin yurduydu…
Yüz yetmiş il əvvəl piran olub ağır-ağır dolandığın axar-baxarlı yaylaqlar bizim bədöy atların ayaq səslərinə bel bağlayıb yaşıllana-yaşıllana süsənə-sünbülə bürünürdü…
Yeddi il əvvəl nurlu məzarına sərin mehiylə layla çalan göyçək gəlin bəzəkli Göyçə gölün ayna suları ruhumuzun dərmanıydı…
Dədə Ələsgər, necə ki beləydi, sənin telli saz bağrında yuvalandırdığın:

Bahar fəsli, yaz ayları gələndə
Süsənli, sünbüllü, laləli dağlar…

Misralarınla dağlarımızın könül telləndirən tamaşasına dururduq. Bax onda, aydan arı, sudan duru könlümüzü sənin yaylağımız-torpağımız qədər şirin sözlərinə kökləyirdik:

Gözəllər seyrəngahısan,
Görüm səni var ol, yaylaq
Açılsın gülün, nərgizin,
Təzə murğuzar ol, yaylaq!

Daha bu alyanaq sözlər dilimizə gələndə hərəmiz dolub-doluxsunmuş bir buluda dönürük. Dönüb da gözümüz-könlümüz boyu Göyçə həsrətli isti yağışlar yağdırırıq. 
…Neçə qərinədi ki, dünyanı dəyişibsən. Amma bizim bu ötəri, sərsəm dünyada bircə istəyin olub: ömrün qürubundan köç təbilini çalıb ana torpağına qovuşmaq! Hər birimizin beşikdən, bələkdən üzü bəri bağrımız başında gizlin-gizlin xəlvətcə əzizləyə-əzizləyə gəzdirdiyimiz bu müqəddəs umacağı sən ilahi bir qüdrətlə pıçıldamısan, Dədə Ələsgər:

Öldür Aşıq Ələsgəri
Özün günahkar ol, yaylaq.

Bu gülqanad sözlərinin sirri-hikməti neçə yüz il pərvazlana-pərvazlana yol gələndən sonra hələ indi-indi bizlərə əyan olur: yəni ki, a başına döndüyüm yaylaq, məni qərib-qürbətlərə düşməyə qoyma; öldür, sənə – vətənimə, ana torpağıma qarışım. Vətəndə ölmək səadətini ucalardan ucalara qaldıran bu mələk misralar niyə dilinə gəlib, ustad?! El-ulusunun başına gələcək sitəmli-zillətli qəhri-qəzanımı duymuşdun? Kim bilir…
Duyuq düşməsəydin telli sazı qarabağır eləyib yanıqlı-yanıqlı sözləri pərişan durna qatarı nisbətində könlündən pərvazlandırmazdın ki…

Köçər ellər, düşər səndən aralı, 
Firqətindən gül nərgizin saralı.
Ələsgər Məcnuntək yardan yaralı
Gəzər səndə dərdli, nanəli dağlar!

Eldən-yardan aralı dayanıb duruş gətirməyə tabın-tavanan hardanıydı, Dədə Ələsgər?! Havalanıb məcnun-misal güzəran keçirmək də ovutmayacaqdı səni. O səbəbdən də ayrılıq xiffətinə dözməyəcəyini görüncə dəli könlün bir başqa hökmün fərmanını da verib:

Arsız aşıq elsiz niyə yaşadı?
Ölsün Ələsgərtək qulların, dağlar!

Eh, heç nə demə, sən bu fani dünyadan köçünü çəkib gedəndən sonra bizim başımıza gələn olacaqlardan xəbərdar imişsən. Murdar Qara Keşiş törəmələrinin ulu Göyçənin el-camaatını yurd-yuvadan perikdirəcəyi ürəyinə dammışdı. O vaxtlar üzünü Murovun, Murğuzun, dəli Qoşqarın qarlı-qubarlı gədiklərinə tutub xəyalında dolanan qara qayğıları söz-söz, misra-misra çözələyirdin. Onda niyə eşitmirdik sənin səsini? Telli sazı bağrına basıb göyüm-göyüm, göynəyə-göynəyə torpaqlarımızın qaymağı olan Göyçədən göz olmağı vəsiyyət eləyəndə sənin könlündən çox uzaqdaymışıq, ustad. O qədər uzaqdaymışıq ki, qara niyyətini saxta təbəssümündə gizlədən qarı düşməni dost bilirikmiş. Nə sənin bağrıqan misralarının harayını eşidirdik, nə də namərd Qara Keşiş törəmələrinin üzümüzə gülə-gülə, çörəyimizi yeyə-yeyə ayağımızın altını qazdığından xəbər tuturduq. 
Bu neçə müddətdə bizi aldanan görüb gorunda rahat yata bilməyibsən. İncik, nisgilli ruhun qubarlı sözlərə sığınıb. O sözlər indi-indi gəlib bizlərə yetişir. Göyçəlilər Göyçəsiz qalandan sonra… Daha ulu Göyçədə bizim ellərdən bir nişana yoxdur. Yaylaqlarımız yad yağıların it-qurd səsindən bezib-usanır; nərgiz-bənövşələrin açıldığıynan solduğu bir olur. Durnagözlü bulaqların gəlin güzgüsü çoxdan sınıb. Könülsüz-könülsüz ləpələnən Göyçə gölün ayna suları nə müddətdi ki, saz səsinə, aşıq çal-çağırına tamarzı qalıb. Bu yoxluğun, yiyəsizliyin göynərtisi sənin onsuzda pərişan ruhunu bir də tel-tel eləyib. Dörd bir yanına boylanıb eldən-ulusdan hənir gəlmədiyini görüncə bağrından qara qanlar ələnən yaralı ruhunun sorğusuna kim cavab versin?

Hanı bu yaylaqda yaylayan ellər?
Görəndə gözümdən car olur sellər.
Seyr etmir köksündə türfə gözəllər,
Sancılmır buxağa güllərin, dağlar!

Güləndamlarını, tellilərini, güllülərini, müşkünazlarını öyüb tərifə tutduğun gül-gülzar yaylaqlarda daha özgə ellər yaylayır, Dədə Ələsgər! Dağlar o dağlar, yollar o yollar, sular o sulardı, amma ellə o ellər deyil. Çarx dönüb, qurğumuz pozulub. Göyçənin beçə balı, üzlü qoyun pendiri, qaymağı könül sızldadan nisgilə çevrilib. Güneylilərin damağa dad gətirən kəklikotusu, quzeylərin loğmanmisal yarpızı, talaların qantəpəri, sarıçiçəyi də eləcə…
Çal-çağırlı binələrimiz, oğuz bədöylərinin kişnərtisindən lərzə gələn ormanlarımız, qonaq-qaralı ocaqlarımız xəyal avazıdan əlçatmaz bir keçmişdir daha. Sənin pərişan ruhun da o xətirli-mehirli keçmişin dərvişə dönmüş soraqçısıdır:

Hanı mən gördüyüm qurğu-busatlar?
Dərdiməndlər görsə tez bağrı çatlar.
Mələşmir sürülər, kişnəmir atlar,
Onçun pərişandır halların, dağlar!

İndi sənin qəm-qubara bürünmüş əhvalın dağlarındakından da pərişandır, Dədə Ələsgər…

Dövranın acı rüzgarları yurd-yuvanı viran, el-obanı sərgərdan qoyandan bəri haqqı nahaqın pərsənginə keçirən müxənnət zamananın mizanı pozulmuş tərəzisindən də üzün dönüb:

Müxənnət zamana, böymürvət fələk,
Şamı sübhə, sübhü şama çəkirsən…
…Seyiddən, molladan dostdan xəcalət
Bu nə dağdı sən sinəmə çəkirsən?!
…Əzizliknən saxladığın aşığı
Zəlilliknən imtahana çəkirsən…

Belədə Göyçə oğullarını axtarıb əli boşda qalan yaralı ruhun yuvasından perikmiş kimsəsiz bir quşa dönməsin, neyləsin?!
Hanı mərd igidlər, boş qalıb yurdu?..
Niyə dikəlir ruhundan bu göynərtili sual? Köməyəmi çağırırsan mərd igidləri? Olmaya… Olmaya qəbrini…görürsənmi, dilim də gəlmir, ustad. Axı, sənin nurlu qəbrin sazın-sözün müqəddəs haqq ocağıdı. Ocağa əl qaldıranın Allahdan-Tanrıdan qorxusu yoxdumu? Tanrı üzünə ağ olanların bəlasını qadir Allah özü verər, inşallah. Amma bir məsələdə sazın-sözün qeyrətini çəkənlərin də günahı çoxdu. Gərək vaxtında duyuq düşüb ruhunun evini Bakıya köçürəydik.

Ulu Göyçə yiyəsizlikdən, arxasızlıqdan dağıldı, Dədə Ələsgər, elə sənin məzarın da… Bakıdan, Azərbaycandan haray gəlmədi, yaxın durub, əl tutan olmadı. Yağı da baxdı ki, asanca təkləmək olar Azərbaycanın yiyə durmadığı Göyçəni. Təklədi, dağıtdı da! Qarabağ ermənilərinə Ermənistan əzəlindən qahmar durdu. Min cür işləyə, fitnə-fırıldağa əl atıb Moskvanı da özlərinə tərəf çəkdilər. Bizim yelbeyin başbilənlərsə Göyçə, Ağbaba, Zəngəzur, Dərələyəz adı çəkən qeyrətli Azərbaycan oğullarını rus dəyənəkləri ilə yaxşıca əzişdirirdilər. Yadlar-yamanlar bizi bir döyəndə özümüzünkülər beş döydülər. Beş döydülər ki, düşmən baxıb ləzzət aparsın. Onda sənin incik ruhun da özünü döyülmüş bildi. Bilib də yana-yana haray qopartdı:

Təbib yoxdu, dərman etsin yaraya
Sızıldaşır yaram, a yana, yana!

Təbib yoxdu… Nə yaman düz tapmısan, ustad! Dərdlərimiz, yaralarımız indi həmişəkindən yüzqat artığıynan təbibə, məlhəmə möhtacdı. Təbibsə yoxdu… Necə ki, təbib yoxdu, zaman-zaman torpağımızın başı min cür bəlalar çəkəcək, göyçəlilər göyçə üzünə həsrət qalacaq, sənin müqəddəs qəbrini ziyarətə gedə bilməyəcəyik…

Yəqin xəbərin oldu, Dədə Ələsgər; göyçəlilər arxasız qalıb Göyçədən çıxanda birbaşa Qarabağa üz tutdular. O vaxtlar Azərbaycanın üzdəniraq başda duranları Qarabağ ermənilərini öz ərköyün balaları kimi püfhapüflə əzizləyirdilər. Döyə-döyə başıbəlalı binəva göyçəliləri Qarabağdan da çıxartdılar. Özü də sapı özümüzdən olan baltalar döyüb çıxartdılar. Oğuz eli nə zamandı ki, arada sərgərdandı. Belədən-beləyə, elədən-eləyə yollanan bu müsibətli camaatın başına gələn olub-olmuşlardan xəbər tutan pərişan ruhun dönüb-dönüb yaralanır:

Köhnə yaram qövr eylədi təzədən…

Eldən ayrı düşən gündən üzü bu yana pərişan ruhunun ən çox pıçıldadığı bu kövrək misra Tanrı dərgahına yüksələn bir dilim yanar ad nisbətindədi. Onun qəm yükünə tən duran bir ayrı nisgilli misran da sənin mübarək ruhundan nigaran olanların dilində əzbərdi:

El yeridi, yalqız qaldın səhrada…

Məhərrəm Qasımlı

İLKİN MƏNBƏ: Goyce. Az və “Vətən” qəzeti 1991-ci il.

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru


YENİ KİTAB – “DAĞLAR”

Uzun müddətdir ki, Dədə Ələsgərin anadan olmasının 200 illiyi münasibəti ilə həyata keçirilən “DAĞLAR – 200” yubiley tədbirləri çərçivəsində şeirlərin toplanması prosesi gedən “DAĞLAR” kitabı – almanax – “YAZARLAR”-ın xüsusi buraxılışı kimi bu gün çapa imzalanıb nəşriyyata təhvil verilmişdir. Respublika Günü ərəfəsində yeni kitabın kitabsevərlərin ixtiyarına veriləcəyi nəzərdə tutulur.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – 20 – ci yazı

“Dağlar” sevdası və ya biz hələ yaşamalıyıq…

(İYİRMİNCİ  YAZI)

Salam olsun, çox dəyərli oxucum. Dədə Ələsgərin anadan olmasının 200 illik yubiley tədbirləri çərçivəsində nəşr olunacaq “DAĞLAR” adlı poeziya antologiyası şəklində nəzərdə tutulmuş almanaxın giriş məqalələrindən biri kimi, baş redaktor sözü olaraq qələmə aldığım bu yazı eyni zamanda “Yaradanla baş-başa” adlı kitabıma daxil olan iyirminci yazıdır. Bir daha hamınızı salamlayır və dağların cəzbində yaranmış sirli-sehrli söz dünyasına səyahətə dəvət edirəm.
Mənim böyüyüb, boya – başa çatdığım coğrafi ərazi olduqca mülayim iqlimə malik, dağətəyi (Ağdam rayonu, Yusifcanlı kəndi) bölgə olub. Dünyaya gözümü açandan Günəşin düzənlikdən (Qarqar çayının aşağı axınında, yulğunluqlara qarışıb, qamışlıqlarda itdiyi yerdə, Ağ göl ərazisində) al-qırmızı doğub, haramı çöllərinin üzərindən qövs çızaraq keçməklə ilin fəsillərinə görə gah Kirsin, gah Qırxqızın, gah da Murovun arxasında yenə al-qırmızı rəngə boyanıb, batmasını seyr etməklə keçib… Hava çox təmiz və açıq olanda Murovdan sonra daim başı qarlı şiş zirvə görsənirdi. Bu dağa Ağrı dağı deyirdilər… Kənd ağsaqqallarının dilində Ağrı dağı ilə bağlı belə bir deyim var idi: – “qar Ağrıya düşdüsə, üçcə günə burdadı…” Lap körpəlikdən dağları Günəşin, Ayın evi bilmişəm… Dünyaya sahiblik – ağalıq edən qüdrətli Günəşin, o, olmayanda onu əvəz edən sirli Ayın evi… İndi Siz dağların əzəmətini təsəvvür edin, bir uşaq düşüncəsində… Dağlar Gecənin gizləndiyi, Gündüzün dincəldiyi müqəddəs bir məkan olub mənim üçün… Dağların yaddaşımda belə dərin iz qoymasının ilk əsas səbəblərindən biri, bəlkə də birincisi – kənd uşaqları bunu yaxşı bilər – qoyun-quzunu axşamüstü örüşdən gətirmək üçün hər axşam Günəşin batmasını gözlədiyimdən gözlərimin sürəkli dağlarda olmasının və mütəmadi olaraq hər gün eyni mənzərənin təkrar olunmasının da rolu az olmayıb. Əlbəttə, o vaxtlar uzaqda olan dağlar sirli bir qala kimi görsənirdi və uşaqlarla həmişə mübahisə edərdik ora neçə günə gedib çıxmaq olar… Sonra tale elə gətirdi ki, bu sirli –sehrli dağlara sirdaş oldum… Hərbi xidmətimin çox hissəsini 2500 metrdən yüksək olan dağlarda keçirdim və anladım ki, dağlara uzaqdan, aşağıdan yuxarı baxmaq nə qədər sirli görünürdüsə, indi bu əzəmətli qalaların qoynunda olub, düzlərə yuxarıdan aşağı baxmaq o qədər, bəlkə də ondan min qat dah artıq, zövqverici, eyni zamanda ibrətamizdir… Xüsusi ilə hərdən olur ki, sən zirvədə olanda düzlərlə, yəni aşağıdakılarla sənin arana dümağ lopa-lopa buludlar girir və sən qalırsan buludların üzərində… Aşağıdakılar buludlara aşağıdan yuxarı baxıb orda Göyün – dünyanın bitiyini sandıqları halda sən o buludların üzərində olub, kaş dünya elə bu buludlarda bitəydi, hal-hazırda onun məndən gizlədiyi, buludların altında qalan bütün günü boş-boş şeylər üstündə didişən, söyüşən, bir-birinin ətini yeyib, qanını içən insanların varlığından heç xəbərim olmayaydı… Dünya elə bu buludlardan yuxarıdakılardan ibarət olaydı – deyə düşünürsən… Olduğum ən hündür zirvə Qapıcıqdır. Bundan əlavə Murovun, Baba dağın ətəklərində, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxının və digər adını qeyd etmədiyim bölgələrin istər boz, istər yaşıl dağlarında yayda da, qışda da çox olmuşam… Batabatda, Cıdırdüzündə olmuşam… Onu qeyd edim ki, sakit havalı (çovğunsuz) qarlı dağlar heç də yazdakı güllü-çiçəkli dağlardan az cəlbedici olmur, şəxsən mənim üçün daha gözəldir… Bunu söz xatirinə deyil, bir neçə mövsüm ard-arda Batabat yaylağında yaz-yay, payız-qış keşirmiş təcrübəli səyyah kimi qeyd edirəm. Tək Batabat deyil, Salvartısı, Dağdağanı, Əyriqarı, Sisqatarı, Küküdağı (Qogi), Ciciyurdu, Qanlı gölü, Göy gölü və digərləri hamısı bir-birindən səfalı olur, yayda da, qışda da… Mətləbdən uzaqlaşmayaq, bunlar hələ çox sonralar olacaq hadisələr idi və əlbəttə ki, mən də bunlardan xəbərsiz… 1987-ci ilin yayında yenə ailəvi olaraq Qalaya- Şuşaya getmişdik. İsabulağında, Cıdırdüzündə olduq… Bu bizim Cıdırdüzü ilə son görüşümüz oldu və bir daha dərədə gurhagurla, şırhaşırla, qıjhaqıjla axan Qarqara yuxarıdan aşağı, amiranə, könül fərahlığı ilə baxa bilmədik… (Deyirəm, tək Cıdırdüzü deyil, sonralar bunu digər dağlarda da hiss etmişəm. Təmiz dağ havasını sinəyə çəkdikdə qəlbi qəribə fərahlıq hissi, ruhu coşğunluq çuğlayır… Bu hissi dağ olmayan yalnız bircə ərazidə hiss etmişəm Azərbaycanın Rusiya ilə sərhəddində Xaçmazın sonuncu kəndi var, Xanoba – Zeyxuroba. Bir tərəfi meşə, bir tərəfi dəniz çox gözəl havası var, lap dağ havası kimi…) Olsa – olsa bir neçə dəfə körpüdən baxıb, sonra da çevrilib çiynimiz üstündən gözdən itənə qədər arxamızca boylanıb baxa bildik vəssalam… (…və bir də indi təzə-təzə peykdən baxıb, köks ötürmək öyrənmişik…) Bu səfərdən sonra sentyabrda dərs açılanda “Dağlar” –a aid şeir axtarmağa başladım. Əlbəttə, o vaxtlar indiki kimi hər şeyə maraqlı şagirdlərin sevimli dostu olan, nə lazım olsa bir anın içində tapıb ovcunun içinə qoyan (uşaq və gənclər bu nemətin dəyərini anlamalı və bacardıqca çox faydalanmalıdırlar…) “Google” kimi dostumuz olmadığına görə bu proses bir qədər çəkdi və nəhayət doqquzuncu siniflərin birindən onların gündəlik işlətmədikləri bir kitab – “ IX sinif Ədəbiyyat Müntəxəbatı ” kitabı tapdım. Bu kitabın Aşıq Ələsgərə aid bölümündə ayrı-ayrı parçalar şəklində müxtəlif nümunələr var idi:

Bahar fəsli yaz ayları gələndə
Süsənli sünbüllü lalalı dağlar
Yoxsulu ərbabı şahı gədanı
Tutmaz bir-birindən “aralı” dağlar

* * *
Həsənnənə, Həsənbaba qoşadı,
“Xaç” bulaq yaylağı xoş tamaşadı.
Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!
Bu iki bəndi elə ilk oxunuşda əzbərlədim desəm, yalan olmaz. Sonralar Ədəbiyyat müəllim Həsən müəllimdən (Allah rəhmət eləsin) bu “aralı”-nın əslində alalı – fərqli , “Xaç” bulaq – ın isə Xoş bulaq olduğunu öyrəndim… Və o gündən bu günə sanki, namaz sözləri kimi gün ərzində – hər gün özümdən asılı olmayaraq dəfələrlə təkrar edirəm… Əgər, bu sətirləri nə vaxtsa məni yaxından tanıyan, yol yoldaşı, otaq yoldaşı olmuş şəxslrdən kimsə oxusa bunu əminliklə təsdiq edəcəklər. Bununla bağlı kiçik bir haşiyəyə çıxmaq istəyirəm:
HAŞİYƏ
Hərbi xidmətdə olanların “kazarma” – əsgər yataqxanası -haqqında yəqin ki, təsəvvürləri var. Olmayanlar üçün qeyd edim ki, 100- 200 nəfərin birlikdə yaşadığı, hərənin öz çarpayısı (ehtiyac olduqda iki mərtəbəli də olur), dolabı, kətili olan, ayrı-ayrı hissələrdən ibarət, hər iki başında tualet (ayaqyolu və yuyunmaq üçün yer) və digər yardımçı otaqlar nəzərdə tutulmuş böyük bir ev. Ev və sözün əsl mənasında ev. Öz evlərində doğmaca ailə üzvləri ilə yola getməyənlər bu evdə elə yaxşı yola gedirlər ki… İndi deyəcəksiz bütün bunların məsələyə nə dəxli… Əlbəttə, dəxli var. Bu hal digər xidmət yerlərində də olub. Ancaq, BABKM –da oxuduğum vaxt uzun müddət olduğu üçün bu “kazarma”-nı misal çəkmək istədim. Deməli, düz dörd il boyunca sərasər hər gün səhər idmanından sonra (yay, qış fərq etmir) “kazarma”-nın o başından yuyunub, qurulana-qurulana öz çarpayımın yanına gələnədək – o başdan, bu başa –
“Bahar fəsli yaz ayları gələndə
Süsənli sünbüllü lalalı dağlar
Yoxsulu ərbabı şahı gədanı
Tutmaz bir-birindən “aralı” dağlar”
bu bəndi o qədər demişdim ki, artıq mən :
“Bahar fəsli yaz ayları gələndə…” – deyən kimi, bir-iki nəfər, – “…şair yenə başladı…”- deyənləri çıxmaq şərti ilə “kazarma”-da olub öz işləri ilə məşğul olan (üzün qırxan, yaxalıq tikən, daranan) uşaqların böyük əksəriyyəti bir ağızdan: “Süsənli sünbüllü lalalı dağlar” – deyə səsimə səs verirdilər…
Bu vərdişim günü bu gün də dəyişməyib, elə bil əlimə su dəyəndə, dağlar, buz bulaqlar yadıma düşür və sövq-təbii Dədə Ələsgəri, “Dağlar” – ı xatırlayıram və qeyri-ixtiyarı “Bahar fəsli yaz ayları gələndə…” qopur dilimdən… Onu qeyd edim ki, Tuncay bu layihədə fəal iştirak etsə də, “…şair yenə başladı…”- deyənlərdəndir… Baxmayaraq ki, o da “İbtidada Əlif Allah”- ı tam əzbər bilir və tez-tez deməyi xoşlayır. Uşaqlıqdan sadəcə Günəşin, Ayın, Gecənin, Gündüzün evi bildiyim Dağların böyüdükcə daha geniş anlam kəsb etdiyini anlamağa başladım. Azərbaycanı qarış-qarış gəzdikcə, dünya haqqında məlumatım artdıqca ölkəmizdə də, dünyanın digər yerlərində də insanların olduqca müxtəlif səbəblərdən, müxtəlif dağları müqəddəs bilib, ziyarətə getdiklərini, qurbanlar kəsdiklərini öyrəndim… Bir vaxtlar qeyri-ixtiyarı, sadəcə nəyə görəsə xoşuma gəldiyi, bir doğmalıq, istilik hiss etdiyim üçün, bəlkə də başqa bir səbəbdən əzbərlədiyim misralar, sonralar oxuduğum və bu gün də yenilərini oxumaqda davam etdiyim dağlar haqqında nümunələr, daim fikrimi məşğul edir. Almanaxla tanış olduqca burada toplanmış fərqli zamanlarda, müxtəlif statuslu, müxtəlif yaş qruplarına aid, müxtəlif nəsillərin nümayəndələri tərəfindən dağlara xitabən qələmə alınmış nümunələri oxuduqca Siz də bu barədə düşünə bilərsiz… “Dağlar” bizi bir məfhum kimi cəlb edir, yoxsa əksəriyyərin şüuraltı bilincində Tanrının Göydə olması anlayışı yer tutduğundan, dağların da Göyə, Tanrıya daha yaxın olması səbəbi ilə onu qutlaşdırır, Yer üzərində Tanrının təcəllisi səviyyəsinə qədər yüksəldib, tapınağa çevirirk. Yaxud da, gözəgörünməzlik, zatda varolma anlayışlarını qəbul edib, etməməsindən asılı olmayaraq, insan yardım istəmək, şikayət etmək, tərifləmək istədiyi yaradanı, güc-qüdrət sahibini görmək istəyir və Yer üzündə görüb, tanıdıqlarından yalnız dağı, dağları bu mərtəbəyə layib bilib onunla eyniləşdirir. Öz yaradanının daim gözünün önündə- məchul deyi, əlçatan olmasını arzu edir və bu istəyin gücü ilə Tanrını dağların timsalında bir məbud kimi görərək onun varlığın “Dağlar” obrazında reallaşdırır. Bu xüsusda yenə Dədə Ələsgərdən bir misal gətirmək istəyirəm:
“Yoxsulu ərbabı şahı gədanı
Tutmaz bir-birindən alalı dağlar”
Misaldan göründüyü kimi, bəşər övladına bu günə qədər məlum olan bütün məlumat qaynaqlarının hamısı nəzərə alınmaqla, yalnız və yalnız Böyük Allaha məxsus olan, onun “Adil” adının hökmlərindən irəli gələn, “ədalətlilik” ,“bərabərlik” prinsiplərini, yəni qarşısındakıları, yaratdıqlarını, bütün mövcudatı bərabər görmək, onları bir-birindən fərqləndirməmək sifətini əsl Haqq Aşığı, xalqımızın mütəfəkkir oğlu “Dağlar” obrazının üzərinə proyeksiya edir. Məhz bu xüsusiyyətinə görə Dədə Ələsgərin yaratdığı “Dağlar” obrazı yeganədir və özündən əvvəlkilərdən və sonrakılardan seçilir. Dahi söz ustadının yaratdığı “Dağlar” Adil Allah kimi heç kimi, heç bir xüsusiyyətinə görə bir-birindən fərqləndimir, ayrıseçkilik etmir… Bu minvalla almanaxda da yer almış, bizə məlum olan Miskin Abdala məxsus “Dağlar” adlı ilk nümunədən üzü bəri bu gün də yazılan nümunələrdə kefimiz kök olanda dağları vəsf edir, şəninə təriflər yağdırır, ələmə qurşananda isə, özümüz özümüzdən dağlara şikayət edir, dərd-sərimizə onlardan mədət umuruq… Bunu da qeyd etməsəm olmaz… Son vaxtlar nədənsə, dilimdən daha çox:
Həsənnənə, Həsənbaba qoşadı,
“Xaç” bulaq yaylağı xoş tamaşadı.
Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!
bu bənd qopur və Dədə Ələsgərin dilindən, özüm üçün dəfələrlə, dönə-dönə, təkrar edirəm:
“Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!”
Otuz ildən artıq bir müddətə yuxarıda qeyd etdiyim kimi, gün ərzində dəfələrlə səbəbini bilmədən, qeyri-ixtiyari təkrarladığım misraları indi, Dədə Ələsgərin nələr hiss etdiyini, nələr çəkdiyini bir köynək daha yaxından anlayaraq, xüsusi ilə təklikdə qalanda dönə-dönə, düşünə-düşünə təkrar edirəm:
“Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!”
Ancaq, neyləmək olar… Ölmək də olmur… Bu dünyanı yaşamaq, çözmək məcburiyyətindəyik… Bu fikir məni o qədər məşğul edir ki, yenə dağlar qoynunda – Şamıxıda – olduğum vaxtlarda ölüm haqqında belə kiçik, ancaq, ölümün tam tərifi kimi alınmış bir şeir yazmışam:
ÖLÜM NƏDİR?

Ölüm, ən şirin nemət,
Ən sonuncu diləkdir….
Ölüm, sonuncu fürsət,
Ümidsizə ümiddir….
07.01.2014. Şamaxı.
Çalışın ölümdən uzaq olun, həyatdan zövq almağa çalışın… Nə olur, olsun yaşamaq gözəldir… Heç bir səbəb onu bilərəkdən sonlandırmağa əsas ola bilməz. Sənin çıxılmaz zənn etdiyin bütün vəziyyətlərin çıxış qapısı var ki, əslində bu yer həyatını yaxşıya döğru dəyişəcəkb bir dönüş nöqtəsidir…
Odur ki, mən də şalışıram tək qalmayım:
“Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!”
deməyim.
Tuncay mənə nə qədər “…şair yenə başladı…”- desə də, mən elə: “Bahar fəsli yaz ayları gələndə…”- deməyə davam edim… Allah sənə qəni-qəni rəhmət eləsin, Dədə Ələsgər… Ruhun şad olsun…
Qeyd:
Hal-hazırda mən bu sətirləri yazarkən xəbər yayıldı ki, Dədə Ələsgərin nəvəsi – Ələsgər Ələsgərov vəfat edib. Bu münasibətlə mərhumun yaxınlarına dərin hüzünlə baş sağlığı verir, uca Yaradandan səbr diləyirik. Allah rəhmət eləsin. Ruhu şad olsun…
17.04.2019. Bakı.

QEYD:

Bu yazı müxtəlif saytlarda yayımlanmaqla bərabər müəllifin “YARADANLA BAŞ-BAŞA”, “QƏLƏMDAR” adlı kitablarında müstəqil məqalə və eyni zamanda “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunan “DAĞLAR” almanaxında baş redaktor sözü olaraq giriş məqalələrindən biri kimi yer almışdır.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Hüseyn – Miskin Abdal

DAĞLAR

(Birinci “Dağlar”)

Süsən-sünbül, bənövşəli,
Allı-güllü bizim dağlar.
Toy-düyündə, şənniklərdə,
Elatda var izim, dağlar.

İgidlərin çapar gəzər,
Yar yolunda dərdə dözər.
Sevənləri həsrət üzər, –
Cəfadı bu, dözüm, dağlar.

Hüseynin də bir yarı var,
Buta verən yolun açar,
Gərçi uzaq məkan, diyar,
El-obalar gəzim, dağlar.

Mənbə:
Niftali Goyceli Poeziyada İlk dağlar haqqında olan şeir. Miskin Abdal bu şeiri 20 yaşında HÜSEYN adı ilə (təxəllüssüz-öz adı ilə) demişdir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

DAĞLAR – AŞIQ ƏLƏSGƏR

DAĞLAR

(“DAĞLAR – 200” – ön söz əvəzi.)

Bahar fəsli, yaz ayları gələndə
Süsənli, sünbüllü, lalalı dağlar.
Yoxsulu, ərbabı, şahı, gədanı
Tutmaz bir-birindən alalı dağlar.

Xəstə üçün təpəsində qar olur,
Hər cür çiçək açır, laləzar olur,
Çеşməsindən abi-həyat car olur,
Dağıdır möhnəti, məlalı dağlar.

Yazın bir ayıdı çox yaxşı çağın;
Kəsilməz çеşməndən gözəl yığnağın.
Axtarma motalın, yağın, qaymağın…
Zənbur çiçəyindən bal alı, dağlar!

Yayın əvvəlində dönərsən xana,
Son ayda bənzərsən yеtkin bostana.
Payızın zəmhəri qoyur virana,
Dağıdır üstündən calalı, dağlar!

Gahdan çiskin tökər, gah duman еylər,
Gah gəlib-gеdəni pərişan еylər,
Gahdan qеyzə gələr, nahaq qan еylər,
Dinşəməz haramı, halalı dağlar.

Ağ xalat bürünər, zərnişan gеyməz,
Hеç kəsi dindirib, xətrinə dəyməz.
Sərdara söz dеməz, şaha baş əyməz,
Qüdrətdən səngərli, qalalı dağlar.

Köçər еllər, düşər səndən aralı,
Firqətindən gül-nərgizin saralı.
Ələsgər Məcnun tək yardan yaralı,
Gəzər səndə dərdli, nalalı, dağlar!

Müəllif: Aşıq Ələsgər.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“DAĞLAR – 200” LAYİHƏSİ

Salam, əziz dostlar və çox dəyərli ziyarətçilər bildiyiniz kimi qarşıdan Dədə Ələsgərin 200 illik yubiley tədbirləri gəlir bu münasibətlə “DAĞLAR” adlı şeir toplusu nəşr olunacaq. Almanaxdakı bütün poeziya nümunələrinin “Dağlar” adlı və ya dağlara aid olması əsas şərtdir. Çox hörmətli yazarlarımızdan qatılmaq istəyənlər indiyə qədər yazmış olduqları “Dağlar” adlı şeirlərini və yeni yazacaqlarını sosial şəbəkələrdə paylaşdıqları zamanı #daglar200 haştağından istifadə etmələri və ya inboxa göndərməyi yaxud da mənim səhifəmdə paylaşmaqları kifayətdir. Heç bir ödəniş nəzərdə tutulmur və limit yoxdur. “Dağlar” adlı istənilən nümunə göndərilə bilər. Toplama müddəti 07.10.2018-dən 07.10.2019-dək nəzərdə tutulur. İştirakçı və şeir sayı barədə heç bir məhduddiyyət yoxdur. Sadəcə yazı yazan zaman düzgün Azərbaycan şiriftlərindən istifadə edib, təmiz Azərbaycan dilində yazmağınız xahiş olunur. Xüsusən “Ə” nin düzgün yazılışına fikir verin. Xeyirli – uğurlu olsun. Bütün iştirakçılara uğurlar arzu edirəm.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MİSKİN ABDAL – DAĞLAR

DAĞLAR

Məğribdən məşriqə səf çəkib durub,
Qüdrətdən çatıbdı baş-başa dağlar.
İtaət boynuna salıb həmayıl,
Misli pəsənd, xotkar, xan, paşa dağlar.

Baxıb hökmü yekdal dürrey, dükafa,
Gah kükrərsən, gah gəlirsən insafa.
Pey peykərə çəkib, bəyaz ləffafə,
Pərvərdin geydirib qumaşa dağlar.
 
Ağ çeşmən sərindən car elər seli,
Yaşıl tirmə qurşar, ədağa beli.
Dağıstan kölgəsi, zabitə yeli,
Sərin səfalıdı həmişə dağlar.

Baxıb hökmü-yekdal, dürrey-dükafa,
Gah kükrərsən, gah gələrsən insafa.
Pey peykərə çəkib, bəyaz ləffafə,
Pərvərdin geydirib qumaşa dağlar.
 
Nəs illərdən satın aldın pis günü,
Çağırdın dumanı, tökdün çişkini.
Gözü yaşlı qoydun cüda Miskini,
Eylə gülə-gülə tamaşa, dağlar. 

Müəllif: Miskin Abdal.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MİSKİN ABDAL

Miskin Abdal adı ilə tarixə düşən Seyid Hüseyn 1430 -cu ildə Göyçə mahalının Sarıyaqub (Zərgərli) kəndində anadan olub.

Hüseynin mənsub olduğu “Zərgərli” tayfası o dövrün tanınmış tayfalarından biri idi. Hüseynin ulu babası Yaqubla Şeyx Səfi arasında qırılmaz dostluq əlaqələri olmuş, bu mənəvi yaxınlıq sonralar hər iki nəslin törəmələri arasında davam etmişdir. Hüseynin babası Cəfər, atası Məhəmməd Ərdəbil şeyxlərinin ən sınanmış müridləri kimi Göyçədə sufiliyin təriqət ideyalarının yaranmasına hamilik etmişdilər.

Belə bir mühitdə böyüyən Hüseyn müqəddəs nəslin tarixi və mənəvi-dini missiyasını ləyaqətlə daşıyır. Miskin Abdal adı ilə aşıq-sufi ədəbiyyatının binasını qoyur, Zərgərli şəcərəsinin Mövlana Miskin Abdalı – ruhun memarı kimi tanınıb şöhrət tapır. Təriqət ideologiyası ilə ədəbiyyata, aşıq sənətinə büllurluq, müqəddəslik gətirir.

1524-cü ildə sarayla birdəfəlik vidalaşaraq doğma yurduna – Göyçə mahalına qayıdır. Ömrünün ahıl çağlarında Sarıyaqubda açdığı ilk məktəb Göyçənin elm, irfan, sənət dünyasında mühüm rol oynayır.

Bir əsrlik ömrü saraylarda, səfərlərdə, həyatın ağrılı-acılı yollarında keçən Miskin Abdal əsrlərdən keçə-keçə rəvayətlərə, əsatirlərə büründü. “Miskin Abdal və Sənubər” dastanı şairin ömür yolundan bəhs edən məhəbbət dastanıdır. Dastanın ruhundan aydın duyulur ki, Miskin Abdal dünyasını dəyişəndən sonra bu dastan onun xalq arasında dolaşan şeirləri əsasında yaranmışdır.

“Şah İsmayıl və Miskin Abdal” dastanı isə öz ideya-bədii xüsusiyyətlərinə görə məhəbbət və qəhrəmanlıq dastanlarından fərqlənir. Bu dastanın süjetində real tarixi hadisələr dayanır. “Aslan şahla İbrahim”, eləcə də “Yetim Hüseyn” dastanları isə Göyçənin saz-söz ustalarının söylədiklərinə görə Miskin Abdal tərəfindən yaradılmışdır.

Miskin Abdal 105 yaşında vəfat edir. Onun yaşadığı ev, uyuduğu məzar müqəddəs ocaq kimi uzun əsrlər ziyarət edilir. 1535-ci ildə Göyçə mahalının Sarıyaqub kəndində vəfat edib.

Miskin Abdalın oğlu Şadmanın neslinin tanınmış nümayendesi, Göyçe mahalının Basarkeçer rayonunun Sarıyaqub kendinden olan pedaqoq, jurnalist, şair, publisist, folklorşünas -tedqiqatçı alim Tofiq Hüseynzadədir (1946-2006). Tofiq Hüseynzadə ulu babası Miskin Abdal haqqında 2005-ci ilde “Səfəvilərin böyük övliyası – Miskin Abdal” kitabını nəşr etdirmiş, 2006-cı ilde onun vəfatından sonra, 2017-ci ildə “Aşıq deyişmələrinin poetikası” dissertasiya işi monoqrafiya qismində nəşr olunmuş, həmçinin, 2018-ci ildə “Xəyal cığırı” adlı 3 cildlik kitabı nəşr olunmuş, bu kitaba onun 750-den çox şeiri, hekayələri, hikmətli kəlamları, habelə, Sufizmin ən yüksək pillə və məqamlarını simvolizə edən “Miskin” və “Abdal” sufi-təsəvvüf anlayışlarının ədəbiyyatımızda ilk dəfə elmi əsaslandırılmış izahına həsr edilmiş, doktorluq dissertasiyası səviyyəsində yazdığı “Miskin Abdal – Qeyb Ərəni, Təsəvvüf Piri” elmi-tədqiqat əsəri daxil edilmişdir.

Tofiq Hüseynzadənin oğlu Avropa Uroloqlar Assosasiyasının üzvü, tanınmış uroloq, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müəllimi Rafiq Hüseynzadədir.

Gədəbəydə “Miskin Abdal” ədəbi məclisi yaradılmışdır.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru