Elçin Məlhəmli – Atam şeiri

ELÇİN (BAĞIROV) MƏLHƏMLİDƏN BİR ŞEİR

MƏNIM ATAM

Zəhmi ağır, özü ipək,
Əllər dəmir, ürək kövrək,
Gündə yanmış rəngi tunc tək,
Belə idi mənim atam.

Bir az ciddi, bir az şəndi,
Gözləri tox, ürək gendi,
Cib boş idi, qəlb zəngindi,
Belə idi mənim atam.

Sevərdi haqq-ədaləti,
Yox idi kin-küdurəti,
Var idi eldə hörməti,
Belə idi mənim atam.

Heç vaxt özünü öymədi,
Kimsəyə boyun əymədi,
Dilinə haram dəymədi,
Belə idi mənim atam.

Söz-söhbəti şəkər, noğul,
Danışardı çoxlu nağıl,
Hər nağılı hikmət, ağıl,
Belə idi mənim atam.

Getdi, gəlməz gözəl çağım,
Bir də dönməz o növrağım,
Ürəyimə çəkib dağı,
Belə getdi mənim atam.

Müəllif: Elcin Bagirov

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAFİQ HÜMMƏT

ATA, ANA HAQQINDA ŞEİR

GÖZLƏRİMİN QABAĞINDA…

Hər günü – bir göz qırpımı, tutub əlindən,
Bizə dəyər-dəyməzinə sırıyır zaman.
Gözlərimin qabağında qocalır atam,
Gözlərimin qabağında qarıyır anam.

Bu dünyanın zər libası gəlmir əynimə,
Mən bu ömrü ömür kimi yaşayammıram.
Özgələrin atəşidi yandıran məni,
Mən özümün atəşimə yaxşı yanmıram.

Üzü soyuq adamlarda daş nəfəsi var,
Üzü soyuq adamlardan küsməyim çətin.
Söz üstündə yarpaq kimi əsirəm, anam,
Niyə sənin başın üstdə əsməyim çətin?!

Atam mənim, Tanrı qulu olmaq zülümdü,
Dəbdəbələr taxtı sevən qullara gedir.
Əfv et, hər an yanınızda ola bilmirəm,
Ömrün çoxu yaşam üçün yollara gedir.

Bilən bilir – mən ömrümü hey zəiflərə,
Budağında yellər döyən yarpağa verdim.
Kürəyinə sığınmağa tək Allah qaldı –
Dost-qardaşın şahlarını torpağa verdim.

Görən, kimi isitməyə doğuluruq biz,
Bəlkə dünya bizi yaxan bir buxarıdır?
Boş əllərim yerdə-göydə ömür axtarır,
Ömrüm məndən ya aşağı, ya yuxarıdır.

Tanrı verən bir ömürdü, mənim ha deyil –
Ya doğmama bağışlayam, ya yada satam.
Gözlərimin qabağında əriyir anam,
Gözlərimin qabağında qocalır atam.

Müəllif: Rafiq Hümmət

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ata şeiri – Afiq Göyçəli

afiq göyçəlidən ata şeiri

ATA
Köçdün bu dünyadan,səssiz səmirsiz
Bizi başsız qoyub,getdin ay ata
Nəyimə gərəkdir,sənsiz bu dünya
Yerin cənnət olsun,sənin ay ata

Tanrı aldı səni,tez əlimizdən
Qohum əqrəbadan,həm elimizdən
Yoxluğun bizləri,qırıbdır dizdən
Qəbrin nurla dolsun, sənin ay ata

Doğru yol görsədən,canımız idin
Dağ kimi arxamız,şahımız idin
Xoş ömür yaşadan,andımız idin
Haqqını halal et,yat sən ay ata
26.07.19

Müəllif:AFİQ GOYCELİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru