KAMAL CAMALOV

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün (5 dekabr 1973) dəyərli dostumuz, çox hörmətli alim, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Kamal Camalovun doğum günüdür. Ad günü münasibəti ilə Kamal müəllimi təbrik edir, uzun ömür, can sağlığı və bütün işlərində müvəffəqiyyətlər arzu edirik. Uğurlarınız bol olsun,  Kamal müəllim!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAYIL DOSTU

BİGANƏ İNSAN

Qəlbin daşa dönüb, hissin dəmirdi,
İncitmir göz yaşı, qəm-kədər səni.
Nədən vicdanını şeytan gəmirdi,
Kim amansız etdi, bu qədər səni?

Özünü düşündün, belə yaşadın,
Xeyrə, şərə yaramadın, yad oldun.
Bir heyvanla qoşa çəkildi adın,
Adın özgələşdi, başqa ad aldın.

Ürəyin döyünür, başın üstündə,
Fəqət, duyğun iflic, ruhun ölüdü.
Adamlıq boğulub qara tüstündə,
Vücudun yanıbdı, qalan külüdü.

Hara getdi vicdan boyda kişilər,
Dizlərimə döyür, təsirlənirəm.
Halıma bax, cılızlaşan dünyada,
Kişilik axtarır, ər sülənirəm.

Yalquzaq xislətli biganə insan,
Kiminsə sevincin, qəmin bölmürsən.
Dünya dağılsa da, heç anlamazsan,
Sən diri deyilsən, çoxdan ölmüsən.

Müəllif: MAYIL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Söz xiridarlarının pedaqoji görüşləri Kamal Camalov yaradıcılığında

Zaman keçdikcə nəsillər bir-birini əvəzləyir, dünyaya gələn hər bir yeni nəsil öz keçmişinə, tarixi yaddaşına nəzər salır, bütün şüurlu həyatını xalqının maariflənməsi naminə şam kimi əritmiş ziyalıların (Ə.Seyidov, Ə.Tağıyev, H.Əhmədov, Y.Talıbov, Ə.Ağayev, N.Kazımov, O. Həsənli və b.) şərəfli ömür yolunu örnək kimi qəbul edir. Bu insanlar millətin intibahını haqlı olaraq elm və təhsildə axtarır, araşdırmaları, tədqiqatları ilə çoxlarının bəhrələnəcəyi zəngin bir məktəb yaradırlar.
“Azərbayan romantiklərinin maarifçilik ideyaları”, “Həzrəti Əlinin elm və tərbiyə haqqında görüşləri”, “Valideyn-övlad münasibəti məsələləri Şərq mütəfəkkirlərinin gözü ilə”, “Hüseyn Cavid və məktəb”, “Mollanəsrəddinçilər və ailə-məktəb problemi”, “Böyük mütəfəkkirlərin maarifçilik ideyaları”, “Ömər Faiq Nemanzadə yaradıcılığında maarifçilik ideyaları”, “Yusif Vəzir Çəmənzəminli yaradıcılığında maarifçilik ideyaları” və s. kimi əsərləri ilə zəngin bilik fondu yaradanlardan biri də pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Əməkdar müəllimi Kamal Həsən oğlu Camalovdur.
Kamal Camalov bu gün doktorant, dissertant, magistr və ümumtəhsil məktəb müəllimlərinin görüşünə 222 səhifədən ibarət olan “Pedaqoji-psixoloji fikrin inkişafı sələflərdən­xələflərə” adlı dərs vəsaiti ilə gəlib. Dərs vəsaiti üç fəsildən ibarətdir. Birinci fəsil “VII əsrdən – XV əsrə qədər olan dövrdə tərbiyənin rolu vətəhsilin təşəkkülü” adlanır. Bu fəsildə elmin sultanı Həzrəti Əli, Balasaqunlu Yusif, Xaqani Şirvani, Nəsirəddin Tusi, Marağalı Əvhədi və Fəzlullah Nəimi kimi söz xiridarlarının pedaqoji və ya humanist görüşləri təhlil obyektinə çevrilmişdir.
Fəlsəfi baxımdan bir insanın istəkləri onun şəxsiyyətinin təzahürünü təşkil edir. Amma xalq baxımından insanların şəxsiyyəti, gözəl bir sifətin təcəllisi nə ticəsində ümumiləşir. Məsələn, siyasi işlərdə güclü olan bir kimsənin siyasi şəxsiyyəti vardır, əgər alim isə elmi şəxsiyyəti vardır. Psixologiyada insanın istək və sifətlərinin bir­birinin üzərində sintez təşkil etdikləri isbat edilmişdir. Bundan dolayı bir şəxsin kişiliyini yaxşı bir şəkildə tanıtmaq üçün onun zahiri görünüşünün yanında ruhi və əxlaqi özəlliklərini də incələmək lazımdır.Bu mənada, tədqiqatçı Həzrəti Əlinin əxlaqi görüşlərindən bəhs edərkən qeyd edir ki, Həzrəti Əlinin zəngin irsində həm uşaqların, həm də böyüklərin təlim-tərbiyə və təhsili məsələləri geniş yer tutur. Elm sultanının tərbiyə ilə bağlı fikirlərində məqsəd insanı müdrikləşdirmək, ruhunu paklaşdırmaq, əxlaqını kamilləşdirmək, davranış və əməllərini salehləşdirməkdir.
İddiaçı qeyd edir ki, Həzrəti Əli uşağın fiziki və ruhi inkişafında ana südünün böyük təsir gücünə malik olduğu qənaətindədir. Ana südü uşaqda qorxusuzluq, təhlükəsizlik və rahatlıq yaratmaqla yanaşı, uşaqla ana arasında məhəbbət tellərini də möhkəmləndirir. Həzrəti Əli demişdir: “Baxın, övladlarınıza kim süd verir. Çünki uşaq onun südü ilə inkişaf edəcək. Axmaq qadını dayə tutmayın, çünki süd təbiətə, xasiyyətə üstün gəlir”.
Kamal müəllim qeyd edir ki, ensiklopedik alim Nəsirəddin Tusi də “Əxlaqi-Nasiri” əsərində Həzrəti Əlinin bu fikrini sanki təkrarlamışdır. Tusi də Həzrəti Əlinin fikrini təsdiqləyərək yazır ki, uşaq olan kimi ilk növbədə ona ağıllı və sağlam bir dayə tapmaq lazımdır, çünki pis adət və xəstəliyin çoxu süd vasitəsi ilə uşağa keçər:
Südəmər bir uşaq tutmamış maya,
Tutmayın siz, axmaq, xəstə bir daya.
Süd ilə bədənə girərsə azar,
O, bədəndən, yalnız, öləndə çıxar! (Bax: səh.12)
Dərs vəsaitində ana südü uşağın ruhi və psixoloji vəziyyətinə müsbət təsir kimi əsaslandırılır. Qeyd olunur ki, Həzrəti Əli bir il doqquz aydan az müddətə uşağa süd verilməsini ona zülm etmək hesab edir.
Həmçinin, tədqiqatçı haqlı olaraq Həzrəti Əlinin uşaqların yaş dövrlərini Aristotel və Məhəmməd Peyğəmbər (s.ə.s.) kimi yeddi-yeddi olmaqla üç yerə böldüyünü, hər bir mərhələdə tərbiyənin məzmununu açıqladığını,belə ki, uşağı yeddi il azad buraxmağı, yeddi il helm və elm öyrətməyi, yeddi il isə işə bişirməyin zəruri olduğunu irəli sürür. Vurğulanır ki, Məhəmməd Peyğəmbərin “atanın övladına öyrətdiyi ən yaxşı şey ədəbdir” – fikrini Həzrəti Əli daha qüvvətləndirir: “Ata övladına yaxşı ad qoymalı, onun ədəb və əxlaqını gözəlləşdirməlidir. Yaxşı tərbiyə verməyi, təlim yolu ilə onlara ədəb, əxlaq öyrətməyi valideynlərin əsas vəzifələrindən biri hesab edirdi:
Verməsə övladına ana tərbiyət,
Onda qalar daima heyvaniyyət.
Olmasa fərzəndə ata çün kəfil,
Daim o fərzənd olacaqdır zəlil
(Bax: səh.13).
O, yetim uşaqlara qarşı daha artıq dərəcədə diqqətli olmağı tövsiyə edir (“yetim uşağı öz övladını tərbiyələndirdiyin kimi tərbiyə et”). Özü övladlarına çıxış etməyi, nitq söyləməyi öyrədir, şeirlərini əzbərləməyə həvəsləndirir. Uşaqları itaət və ibadət etməyə alışdırmaqda tənbeh etməkdən və rəğbətləndirməkdən düzgün istifadə etməyi məsləhət bilir: “Evindəki kiçik uşaqlara dilinlə namaz və paklığı təlim et, elə ki, on yaşlarına çatdılar tənbeh et, lakin üç dəfədən artıq olmasın. Dan­lamağı ifrat həddinə çatdırmaq inadkarlıq odunu artırır”. Kamal müəllim qeyd edir ki, Azərbaycanın bir çox maarifçi alim və pedaqoqları Həzrəti Əlinin (ə.) ailə tərbiyəsi ilə bağlı, bu fikirlərini rəhbər tutmuş, əsərlərində onun təsirindən yan keçə bilməmişlər.
Həmçinin, araşdırılır ki, Həzrəti Əli uşaqları sevməklə yanaşı, onlara qarşı tələbkar olmağı tələb edir: “Tərbiyə ağacı yumşaq olanın övlad və təbbəələri tərbiyəsiz olar”, “Ədəb insanın şəklidir”, “İnsanlar öz ata-analarından çox, zəmanələrinə oxşayırlar”, “Şəxsiyyətin ən yaxşı cəhəti əxlaqdır”, “Əsil-nəcabətin ölçüsü ədəbdir”, “Adam yanında birinə nəsihət etmək – onu danlamaqdır”, “Əxlaqsız adamın şərəfi olmaz”, “Qeybətə qulaq asan qeybət edənlərdən biridir” və s.
Həzrəti Əli uşaqların iffətli olmasında (mənəvi təmizliyində), hər cür pis əməllərdən uzaq böyüməsində onların cinsi tərbiyəsinin düzgün qurulmasını vacib bilirdi.
Öz geniş, real izah və şərhini tapan dərs vəsaitini oxuduqda görürük ki, tədqiqatçı haqlı olaraq dönələrlə vurğulayır ki, söz xiridarları şəxsiyyətin təşəkkülündə tərbiyənin gücünə böyük əhəmiyyət vermiş və onu geniş mənada başa düşmüşlər. Müəllif göstərir ki,Balasaqunlu Yusif də ailə tərbiyəsinə diqqət yetirərkən onu tərbiyənin mühüm amili kimi çox yüksək qiymətləndirmişdir. Oxuyan zaman görürük ki, Yusif Xas Hacib valideynin uşaq tərbiyə etməsi işini xalq qarşısında xidməti borc hesab edir. Oğulu, qızı gözün nuru hesab edən şair, həmçinin oğul-qız üzərində olan diqqət və məsuliyyəti də dibsiz dənizə bənzədir. Sual edir ki, arvad, oğul-qız sahibi olan kişinin yuxusu gələrmi? Belə məsuliyyət sahibi olan kişinin al bənizi sarı olmazmı?
Oğul-qız doğrudan da gözün nurudur.
Oğul-qız dərdi dibsiz bir dənizdir,
Oğul-qız al bənizi sarı edər.
Kimin arvadı, oğlu-qızı varsa,
O kişinin necə yuxusu gələr?
Oğul-qızdan ötrü ata əziyyət çəkər (Bax: səh.48).
Xatırladılır ki, Balasaqunlu Yusif valideynlərə həyatlarının hər bir anında övladlarına yaxşı nümunə olmalarını tələb edir. Çünki uşaq valideynin həyatında baş verən ən kiçik dəyişikliyi görür, hiss edir, hətta valideyn fikrinin bütün dönüşləri gözə görünməyən yollarla uşağa çatır. Məhz buna görə də hər bir valideyn özünə qarşı tələbkar olmalıdır fikrinə gəlir. Bu kimi uyğun fikir tədqiqatçı tərəfindən Fəzlullah Nəiminin “Vəsiyyət-namə”sindən gətirdiyi sitatlarda da təqdir edilir. Qeyd edilir ki, Fəzlullah Nəimi vəsiyyətində Şərq adət-ənənələrində olan valideyin-övlad münasibəti məsələlərini, belə ki, ailədə balaca uşaqların qeyd-şərtsiz böyük övladın sözünə əməl etmələrini və ona sadiq qalmağı da unutmamışdır. Böyük övladın da özündən balacalara hövsələli yanaşmağı, qarşılıqlı etibar və hörməti saxlamağı, mehriban olmağı, səbir və məhəbbəti vacib şərtlərdən biri sayır. I fəsildə tərbiyənin və elmin inkişafı, valideyn-övlad problemləri, əxlaqi-mənəvi dəyərlər, humanist görüşlər Həzrəti Əlinin, Balasaqunlu Yusifin, Xaqani Şirvaninin, Nəsirəddin Tusinin, Marağalı Əvhədinin, Fəzlullah Nəiminin maarifçi fəaliyyətinin leytmotivini təşkil edir.
Dərs vəsaitinin II fəsli “XVIII-XIX əsrdə maarif və pedaqoji fikrin inkişafi” adlanır. Bu fəsildə Molla Pənah Vaqifin, Mirzə Fətəli Axundovun, Məhəmməd Tağı Sidqinin, Həsən bəy Zərdabinin, Nəcəfbəy Vəzirovun tərbiyə komponentləri, valideynlərin şəxsi nümunəsinin didaktik və tərbiyəvi təsir dəyəri açıqlanaraq öz geniş izah və şərhini tapmışdır. Tədqiqatçının araşdırdığı ədəbiyyatlar təsdiqləyir ki, tərbiyədə nümunələr yolu yaxın və gerçəkdir, ona görə tərbiyəedənlərin bütün tərbiyə komponentlərindən uşaqlara ideal nümunə olması vacibdir, gərəklidir və hətta zəruridir. Tədqiqatçı qeyd edir ki, pedaqoq və maarifçilər gənclərə elə tərbiyə verməyi irəli sürürdü ki, o tərbiyə ictimai həyatın düzgün inkişafına, maarif mədəniyyətin irəliləməsinə, mühafizəkar əxlaq normalarının aradan qaldırılmasına, həyatın inkişafına mane olmağa çalışan xurafatçılıq kimi əxlaq normalarının, tərbiyə sisteminin, pis adət-ənənələrin aradan qaldırılmasına kömək et­sin və onun üçün bir vasitə olsun.
“XX əsrin birinci yarısında təlim və təhsilin ideoloqlari” adlanan üçüncü fəsildə Azərbaycan məktəb və pedaqoji fikrinin inkişafında Məhəmmədağa Şahtaxtlı və Firidun bəy Köçərlinin müstəsna xidmətləri; “Şərqi-Rus” qəzetinin təşəkkül imkanlarının genişlənməsi gücünü və xalqı inkişafdan, tərəqqidən saxlayan ruhanilərə, fırıldaqçı din xadimlərinə qarşı mübarizə apararaq milli oyanışa ciddi cəhd göstərmələri; xalqın təhsili, təlimi, tərbiyəsi naminə yazdıqarı və çap etdirdikləri əsərləri ilə Azərbaycan məktəb və pedaqoji fikir tarixini necə zənginləşdirmələri; xalqda milli təfəkkürün inkişafını, bu mənada onları oyatmağı, ayağa qaldırmağı, hərəkətə gətirməyi, düşündürməyi, zülm və əsarətə qarşı mübarizəyə ruhlandırmağı, “camaatın bəsirət gözünü açıb dost ilə düşmənini ona tanıtmağı”, xalq azadlıq hərəkatına yaxından kömək göstərmələri, əzilən kütləni azad görmək arzusu ilə yeni fikir, yeni düşüncə və milli təfəkkürün inkişafında doğru fikir yürütmələri tədqiqatçı tərəfindən aydın təhlilə cəlb edilmişdir.
Ümumiyyətlə, haqqında yüksək fikirdə olduğumuz “Pedaqoji-psixoloji fikrin inki­şafı sələflərdən xələflərə (VII əsr – XX əsrin əvvəlləri)”əsər elmi üslubu ilə seçilən, aydın, səlis, oxunaqlı bir dillə yazılmış bitkin, mükəmməl dərs vəsaitidir.
Fikrimizcə, Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Həsən oğlu Camalov tədqiqat zamanı qarşısına qoyduğu məqsəd və vəzifələri tam yerinə yetirmiş, Azərbaycan məktəb və pedaqoji fikir tarixində maarifçi və pedaqoqların (Həzrəti Əli, Balasaqunlu Yusif, Xaqani Şirvani, Nəsirəddin Tusi, Marağalı Əvhədi və Fəzlullah Nəimi, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Məhəmməd Tağı Sidqi, Həsən Bəy Zərdabi, Nəcəfbəy Vəzirov, Məhəmmədağa Şahtaxtlı, Firidun bəy Köçərli) özünəməxsus əhəmiy-yətli yer tutduğunu müvəffəqiyyətlə sübut edə bilmişdir.
Kamal Camalovun tədqiqatları təkcə məktəb və pedaqoji fikir tarixinin araşdırılması ilə məhdudlaşmır. Pedaqogikanın və məktəbin müasir problemləri, təhsilin idarə edilməsi, Avropa təhsil məkanına inteqrasiya, qloballaşma və təhsil məsələləri haqqında Kamal müəllimin məqalələri və çıxışları onun geniş yaradıcılıq diapozonuna və pedaqoji təfəkkürə malik olduğunu sübut edir.
Xalqımızın böyük istiqlal mücahidlərindən olan Şeyx Məhəmməd Xiyabani vaxtilə deyirdi ki, ictimai həyata laqeydlik ölümə bərabərdir. Əsil ziyalı üçün vacib sayılan ən mühüm keyfiyyətlərdən biri də dövrün ictimai-elmi-siyasi proseslərinə münasibətdə düzgün mövqeyin seçilməsi və sona qədər bu əqidəyə sadiqlik nümayişidir. İctimai-siyasi xadim Kamal Camalov da aydın mövqeyi olan ziyalılardandır. Biz də bu yolda sadə, səmimi, təvazökar, qayğıkeş, nəcib, tələbkar, prinsipial və xeyirxah Kamal Camalova yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.


İntiqam Cəbrayılov
Pedaqogika üzrə elmlər doktoru,
professor
Azərbaycan Respublikası Təhsil
İnstitutunun Təhsil
nəzəriyyəsi
şöbəsinin müdiri

İLKİN MƏNBƏ:

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mayıl Dostu – NİYƏ BELƏYİK

NİYƏ BELƏYİK

“Yanıq Kərəmi”yə süzən soydaşım,
Rüşvətin içində üzən soydaşım,
Gerçəyi yalana düzən soydaşım,
Gerçəkdən daha çox yalan, kələyik,
Baş açmaq çətindi, niyə beləyik.

Milli dəyərlərə çəp — çəp baxırıq,
Özümüzçün canı oda yaxırıq
Vicdanın gözünə barmaq taxırıq,
Şəxsi istəklərə quluq, köləyik,
Baş açmaq çətindi, niyə beləyik.

Bomba səsləri də bizi oyatmır,
Dərd uzanır, qeyrətimiz boy atmır,
Ruhu oyaq dədələrin, ta yatmır.
Kim deyir ki, günahsızıq, mələyik,
Baş açmaq çətindi, niyə beləyik.

Toyumuz, yasımız oxşamır ona,
Çoxdan meyilliyik əcnəbi dona,
Bizdən üz dondərib qırqovul, sona.
Barmağa həsrətli paslı tətiyik,
Baş açmaq çətindi, niyə beləyik.

Torpaq gedir, mənlik itir, dinmirik,
Nahaqdan çəkinib, haqqa dönmürük,
Vətən param-parça, heç isinmirik.
Ağlımız oynayıb, bəlkə dəliyik,
Baş açmaq çətindi, niyə beləyik.

Qorxuram bu miskin, yazıq durumdan,
Sönmüş, külə oxşar soyuq qorumdan,
Birliyim yox, yarımıram xorumdan.
Zibili seçməyən xəlbir, ələyik,
Baş açmaq çətindi, niyə beləyik.

Müəllif: MAYIL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Məmməd Araz

İLHAMIM

(Xudu Məmmədova)

Yenə dağ döşündə dənələndi qar,
Yenə zirvələrin həsrətində qal.
Sel qopdu, dərəyə düşdü qalmaqal…
Bir ocaq başında bir isinməsək
Sən kimə gərəksən,
Mən kimə gərək?!

Şimşək yelkəninə qoşulu anlar,
Göy bizi yamanlar, yer bizi danlar.
Görüm ayılmaya gec ayılanlar…
Dolular qırımlı, daşlar döyənək…
Sən kimə gərəksən,
Mən kimə gərək?!

Bax, donqar dəvənin səbət yükünə,
Bənzəyir içi boş şöhrət yükünə.
Ömür karvanının sənət yükünə
Bir-iki qeyrətli söz yükləməsək
Sən kimə gərəksən,
Mən kimə gərək?!

Tarix qayalarda yazı qalırmı?
Çoxu çoxdan itib, azı qalırmı?
Dağ öz duruşundan razı qalırmı?
Yalan-yarğanlara nağıl söyləsək,
Sən kimə gərəksən,
Mən kimə gərək?!

Bu dağlar qardaşım, bu çaylar bacım,
Özündən gəlməyən özündən qaçır.
Zaman qapımızda əlində qayçı…
Hər adi ölçüyə, ülgüyə gəlsək,
Sən kimə gərəksən,
Mən kimə gərək?!

Keçək dərələrin boğanağından,
Keçək dolayların doğanağından,
Günəşin zirvədə doğan anından
Nur alıb, bu yurda səpələməsək
Sən kimə gərəksən,
Mən kimə gərək?!

Müəllif: Məmməd Araz

Mənbə:ETİBAR QERİB

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ramiz Həsənli “Qızıl Qələm” mükafatına layiq görülüb

Bu gün (20.11.2019) tanınmış şair, sevimli müəllim, elmimizin inkişafına öz töhfələırini verməkdə davam edən alim, əsl ziyalı RAMİZ HƏSƏNLİ  (Ramiz Kamandar oğlu Həsənli) Azərbaycan Kütləvi İnformasiya İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyyətinin qərarı ilə “Qızıl Qələm” Ali Media Mükafatına layiq görülmüşdür. Bu münasibətlə laureatı təbrik edir. yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

FİDAN YUSİFOVA

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün (19 Noyabr 1985) gözəl insan, dəyərli ziyalı xanım, elmimizin keşiyində dayanıb, inkişafının qayğısını çəkən sevimli alimlərimizdən biri, Azərbaycan İlahiyyat İnstitutunun   Magistratura və doktorantura şöbəsinin müdiri  Fidan Yusifovanın doğum günüdür. Ad gününüz mübarək, Fidan xanım!!! Sizə can sağlığı, uzun ömür və bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ramiz Həsənli – Gədəbəy

GƏDƏBƏY

Qayadan boylanan daş sarıteldi,
Yanağa süzülən yaş sarıteldi.
Könlünün mayası “Baş Sarıteldi”
Sazın köynəyisən özün, Gədəbəy.

Misralar dil açır dodaqlar üstə,
Lalələr alışır yanaqlar üstə.
Ellər məclis qurur bulaqlar üstə,
Sevinclə dolubdu gözün, Gədəbəy.

Sinəsi dastandır burda hər dağın,
Saza köklənibdir könül otağın.
Ruhu gülümsəyir İlyas Tapdığın,
Kövrəlir astaca sözün, Gədəbəy.

Donub bulaq üstə bir su sənəyi,
Sazla cavab verir dindirsən neyi.
Yaylaqlar geyinib bayram köynəyi,
Fərəhlə dolubdu köksün, Gədəbəy

Ramizəm, car etdim mən öz eşqimi,
Yazdım zirvələrə bu söz eşqimi.
Burda adamların ürəyi kimi,
İstidir ocağın, közün, Gədəbəy.

Müəllif: RAMİZ HƏSƏNLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Gülünün şeirləri” – Sehirli kitab – Taleh Xəlilov

Bu gün Azərbaycanda başqa sahələrdə: sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatda olduğu kimi, xalq maarifi sahəsində də ciddi inkişaf dövrü başlanmış, təhsilin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənmişdir. Ölkənin qabaqcıl ziyalı dəstəsini təmsil edən maarifpərvər ziyalıların regionda ictimai-mədəni mühitin inkişafına, xüsusən təhsilə həmişə diqqət yetirməyə və qayğı göstərməyə sövq etmişdir.



Bu baxımdan, tanınmış yazıçı Zaur Ustacın “Gülünün şeirləri” adlı sinifdənxaric əlavə tədris vəsaiti maraq doğurur, elmi-nəzəri və praktik dəyərliliyi ilə diqqəti cəlb edir.

Elmi məsləhətçiləri Azərbaycan Respublikasının Əməkdar müəllimi Afət Xəlilova, Əzizə Abdullayeva və Gözəl Quliyeva olan vəsaitdə hərf və rəqəmlər haqqında əyləncəli şeir və tapmacalar verilmişdir.

Qeyd edək ki, vəsait əsasən ümumi təhsil müəssisələrinin I sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Vəsaitdə Azərbaycan əlifbasının hər bir hərfi üçün tək-tək əyləncəli, uşaqların asan əzbərləyə biləcəyi dili asan, olduqca axıcı və yüngül hecalı şeirlər verilmişdir. Kitabda həmçinin hərflərlə yanaşı, kiçik məktəb yaşlı uşaqlarda riyazi bacarıqların inkişaf etdirilməsi üçün rəqəmlər haqqında da şeirlər yazılmışdır.

Həmçinin, bu vəsait dərnəklərdə və bədii qiraət klublarında kiçik yaşlı uşaqlara şeir öyrədən müəllimlər üçün də əlavə köməkçi vəsaitdir. Ona görə ki, azyaşlı uşaqlar hərfləri yaxşı tanıya bilmir, şeirləri oxuyub əzbərləməkdə çətinlik çəkirlər. Zaur Ustacın yazdığı bu şeirlər isə o qədər asan və yaddaqalandır ki, hər hansı hərfə və rəqəmə aid olan şeiri uşağa yalnız bir neçə dəfə təkrar etdirməklə əzbərlətmək olar.

Xüsusilə qeyd etmək istəyirəm ki, kiçik yaşlı məktəblilər üçün nəzərdə tutulmuş bu vəsait, eyni zamanda məktəbəqədər və ümumi təhsil müəssisələrində dərs deyən müəllimlər üçün də əvəzedilməzdir. İbtidai siniflərdə dərs deyən müəllimlər şagirdlərə əlifbanın hər hansı bir hərfini öyrədərkən bu vəsaitdən həmin hərf haqqında yazılmış şeiri də uşaqlara asan əzbərlədə bilərlər. Məsələn, müəllifin A hərfi ilə bağlı vəsaitin 4 səhifəsində yazdığı aşağıdakı şeirə diqqət yetirək:

A ilə Ana deyə,
Aləmə səs salırıq.
Azərbaycan sözünü,
A ilə başlayırıq.

Bu şeir vasitəsi ilə müəllim uşaqlara həm A hərfini öyrədə, həm də onlarda vətənpərvərlik hissi aşılaya bilər.

Təqdirəlayiq haldır ki, Zaur Ustac həmçinin vəsaitdə hərflərlə yanaşı, rəqəmlər haqqında da şeirlər yazmışdır. Həmin şeirlərdən 1 rəqəmi ilə bağlı yazılmış şeirə nəzər yetirək:

Asan bir sual verim,
İnan, yoxdur beləsi.
Üçdən iki çıxanda
Söylə qalır, neçəsi?

Qeyd edək ki, müəllif bu şeir vasitəsilə uşaqlarda 1 rəqəmi və sadə riyazi əməllərlə (toplama və çıxma) bağlı təsəvvürlər və bacarıqlar formalaşdırmışdır.

Onu da qeyd edək ki, bu vəsait məktəbəqədər və kiçik məktəbyaşlı uşaqlarda məntiqi təfəkkürün və yaradıcılıq qabiliyyətinin formalaşmasına, həmçinin uşaqların asudə vaxtlarının səmərəli keçirmələrinə də köməklik edəcəkdir.

“Gülünün şeirləri” kitabı həm məktəbəqədər və kiçik məktəbyaşlı uşaqlar, həm də onların təhsili, təlim-tərbiyəsi ilə məşğul olanlar üçün çox qiymətli vəsaitdir, eləcə də böyük dəyərə malik mütaliə materialıdır. Xatırlatmaq yerinə düşər ki, ümummilli lider Heydər Əliyev mütaliəyə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı və vasitəsi kimi baxmamış, bütövlükdə, hər bir insanın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin son dərəcə vacib əhəmiyyət daşıdığını önə çəkərək demişdir: “İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədi Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır”.

Ulu öndər ölkənin və xalqın gələcəyinin yeni nəsilləri necə və hansı ruhda savada yiyələndirməkdən, tərbiyə etməkdən asılılığını məxsusi vurğulayırdı: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”.

Yenicə çapdan çıxmış “Gülünün şeirləri” kitabı məhz böyüməkdə olan nəsillərin layiqli vətəndaş kimi formalaşmasına xidmət göstərən materialları özündə cəmləşdirməklə yanaşı, geniş elmi-pedaqoji və didaktik imkanlara malikdir.

Uşaqlara təlim-tərbiyə vermək və onları maarifləndirmək baxımından da novator yazıçı Zaur Ustacın “Gülünün şeirləri” kitabı dəyərli bir vəsaitdir.

Onu da qeyd edək ki, vəsaitdə toplanılan şeir və tapmacalar müasir əhəmiyyətinə görə də qiymətlidir. Vəsait hər bir məktəbəqədər və kiçik məktəbyaşlı uşaqların bacarıqlı, yaradıcı və savadlı şəxsiyyət kimi inkişafına və gələcəkdə vətənpərvər bir gənc kimi formalaşmasına xidmət edəcək.

Ümid edirik ki, gələcəkdə bu vəsait daha da təkmilləşdiriləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq şurasından keçərək sinifdənxaric tədris vəsaiti kimi ölkənin bütün ümumi təhsil müəssisələrində tədris olunan fənlərin siyahısına daxil ediləcək.



Taleh XƏLİLOV,
pedaqogika üzrə fəlsəfə doktoru,
Azərbaycan Respublikası Təhsil Şurasının üzvü

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAYIL DOSTU

ADAM VAR Kİ…

Adam var, mənliyi qəpiyə dəyməz,
Varlığı yox kimi, ölmüş biridir.
Adam var ölsə də, dəyəri itməz,
Əməli yaşayar, sanki, diridir!

Adam var məlhəmdi bir kəlmə sözü,
Amalı ədalət, məsləki haqdır.
Adam var tanımır doğrunu,düzü,
Niyyəti, əməli yalnız nahaqdır.

Adam var,gedəndə bir eldən gedir,
Hər kəsi yandırır, yeri görünür.
Adam var, bilmir ki, ləyaqət nədir,
Dik yerimir, ilan kimi sürünür.

Adam var, tərəzi dürüst vicdanı,
Çəkməsə, görməsə qərarın verməz.
Saf – çürük eləyər yaxşı, yamanı,
Haqlını qoruyar, nahaqqa girməz.

Adam var, bir qırıq adamlığı yox,
Yetimi daşlayar, yazığı əzər.
Vicdana söykənən bir varlığı yox,
Ortada bəslənib, qıraqda gəzər.

Xasiyyət müxtəlif, adamlar kimi,
Miskin o kəslər ki, vicdanın yeyib.
“Adam olmaq çətin, alim olmaqdan–“
Bunu mən demirəm, dədələr deyib.

Müəllif: MAYIL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru