ƏJDƏR ƏLİZADƏ

Əjdər Əlizadə “üç yarpaq” -da

PƏRVANƏ KİMİ…
(Rəməl bəhri: növ-6, variant VII)

Şə`mim ol, mən dolanım dövrənə pərvanə kimi,
Sevmişəm «Leylimi», Məcnun nədi, divanə kimi.

Həsrətin çox çəkirəm mən o siyah tellərinin,
İzn(i) ver, qoy darayım saçlarını şanə kimi.

Özlədim mən səni lap çox, necə ki, sən də məni,
Sevgi hopmuş bədənə, yetmədədir qanə kimi.

Gözlərin məst eləyir şux baxıban sevgilinə,
Ruyin aldır, dodağın tər-təzə güldanə kimi.

Sən gülürsən, açılır qönçə dəhan, tez-tez gül,
Dişlərin cərgələnib, yanyana dürdanə kimi.

Həsrətin hey uçurur can evimi, ey dilbər,
İndi sənsiz gəzirəm sərsəri, məstanə kimi.

Görməyir göz, nə qədər dözməliyəm hicranə,
Yox əlac eyləyənim, dəhr(i)də meyxanə kimi.

Əjdərəm, cənnəti bəxş eylədi hər vəsli gülün,
Hicri qəmlər gətirir, fərz elə, qəmxanə kimi.

19.08.2019

<<<<əJDƏR ƏLİZADə>>>>

ÇARADIR…
(Rəməl bəhri: növ-6, variant VII)

Səri-zülfün kimi ey gül, güzəranım qaradır,
Həsrətindən ölürəm, sanki, bu qəlbim yaradır.

Sənli xoş günlərimin qədrini heç bilməmişəm,
Yoxluğun xeyli gülüm, güclü təlatüm yaradır.

Qalmadı tabü-təvan, səbri-qərar bitdi tamam,
Çaşmışam yollarımı, kim bilə səmtim haradır.

Bu qədər dərdi, qəmi tək çəkirəm, söylə nədən,
Gendə küskün gəzəli, lap geyimin zərxaradır.

Gözlərin canlar alır, naz ilə baxma, gözəlim,
Ruyin alma, sinən ağ, ləblərin al ayparadır.

Əjdərin söylə gülüm, hicrinə dözsün nə qədər,
Lütf edib gəl deməyin bil ki, mənimçün çaradır.

18.08.2019

<<<<ƏJDƏR ƏLİZADƏ>>>>

GÜNDƏN… 
(Həzəc bəhri: növ-1, variant I)

Nədən bülbül hər an ağlar, gülə aşiq olan gündən,
Qəmi-hicran yara bağlar, gözüm yaşnan dolan gündən.

Baharım sovmuş ay ellər, daşıb çaylar, coşub sellər,
Gözüm, könlüm giley eylər, bağım, bağçam solan gündən.

Cəfa çəkdim, səfa yoxdur, kədər qəlbə dəyən oxdur,
Qəmim artıb, qarın toxdur, həyatdan dərs alan gündən.

Uçub göldən sonam getmiş, sevən könlüm qürub etmiş,
«Vəfadarım» kəma yetmiş, məni dərdə salan gündən.

Fəqir Əjdər yazır qəmdən, səsi hiss eylənir bəmdən,
Gözüm düşmür cüda nəmdən, ürək zülfün yolan gündən…

17.08.2019

Müəllif: ƏJDƏR ƏLİZADƏ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAMİZ DUYĞUN

Ramiz DuyğuN – MƏLİKOV RAMİZ MƏMMƏD OĞLU

QISA ARAYIŞ

Ramiz Duyğun 1938-ci il fevralın 10-da Azərbaycanın Əli Bayramlı (indiki Şirvan) rayonundakı Güdəcühur kəndində anadan olmuşdur. Burada ibtidai, Axtaçıda yeddiillik məktəbi bitirmişdir (1945-1952). Bir il kolxozda işləmişdir. Əli Bayramlı şəhərində orta təhsil almışdır (1953-1956). N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir (1956-1962). Şimali Qafqaz hərbi dairəsində müəyyən kurs keçdikdən sonra Belorusiya hərbi dairəsində (1962-1971), sonra Zaqafqaziya hərbi dairəsində (1971-1978) xidmət etmişdir. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun xüsusi hazırlıq kafedrasında müəllim (1978-1985), şöbə rəisi (1985-1990) olmuşdur.

Hazırda ehtiyatda olan tibb xidməti polkovnikidir. Bədii yaradıcılığa kiçik yaşlarından meyl göstərmiş, lakin ilk mətbu şeiri “Yaşa, Azərbaycanım” “Gəncliyin səsi” almanaxında dərc edilmişdir (1959). Bundan sonra dövri mətbuatda, radio və mavi ekranda müntəzəm çıxış edir. “Hünər” televiziya verilişinin müəlliflərindən biri və aparıcısıdır. Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işində fəal çalışır. Bədii tərcümə ilə də məşğul olur. “Vətən-beşiyim mənim” (1985) oçerklər məcmuəsinin tərtibçilərindən və müəlliflərindən biridir. “Əbədiyyətdən gələn məktub” mənzum pyesi mavi ekranda nümayiş etdirilmişdir (1977). “Ağ atlı oğlanın nağılı (iki hissəli) ssenarisi əsasında sənədli fılm çəkilmişdir (1985). Azərbaycan Ensiklopediyasında “Xatirə” kitabı redaksiyası rəhbərinin müavini vəzifəsində işləmişdir (1989-1991).

Hələ lap uşaqlıqdan “Hünər” verlişinin aparıcısı kimi tanıdığımız vətənpərvər şair-publisist Ramiz Duyğunun bu günə qədər

1.Vətən kimi şirin. Bakı: Yazıçı, 1983, 104 səh.

2.Vətən beşiyim mənim. Bakı: Azərnəşr, 1985, 150 səh. (şərikli)

3.Mənim unudulmaz məktəbim… Bakı: Yazıçı, 1986, 96 səh.

4.Göy üzü damar-damar. Bakı: Yazıçı, 1987, 134 səh. – kimi kitabları işıq üzü görmüşdür. Ramiz müəllimə can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayır, Sizi şairin söz dünyasına səyahətə dəvət edirik:

YOLUN YARISINDA

Uzaq yola çıxan qəhrəman əsgər,
Qapı arasında dayanmaq olmaz.
Zəfər dastanıdır yazdığın əsər,
Yolun yarısinda dayanmaq olmaz.

Busat sorağında yarın – yarağın,
Qamətin bükülməz, dizin əyilməz.
Mərmilərlə dolu döyüş darağın,
Sözünü demisən, sözün əyilməz.

Qarımış düşmənin anlayır artıq,
Düşüb əsməcəyə höyüşdür işi.
Qiyafəsi cırıq, dabanı yırtıq
Tüpürdüyü yeri yalamaz kişi.

Sən şah Xətainin layiq nəslisən,
Ulu öndərin pir, ulu tanrın pir.
Qəvi igidlərin özü, əslisən,
Yenilıməz Babəkin, comərd Babəkin,
Kəsik qollarını yadına sal bir…

Ötən hər günümüz tarix anıdır,
Ucadan deyim ki, dünya eşidir.
Mübariz dünənin qəhrəmanıdır,
Bu gün silah səndə söz səninkidir.
Qayıtmaz kamandan sıyrılan bir ox,
Nifrətin zirehlər doğrayan almas,
Geri qayıtmağa hüququmuz yox,
Yolun yarısında dayanmaq olmaz
Namərd daşnaklara verməyək aman,
Tülkü Qarabağda köhlən səyridir.
Dünya sənə baxır bu gün qəhrəman!
Yenilməzlik dəmi, mərdlik yeridir.
Aləm bizə baxır, vallah ayıbdır,
İrəli getməsən yağı basılmaz.
Baban yarı yoldan qayıtmayıbdır,
Yolun yarısından qayıtmaq olmaz.
Sonacan getməkdir oğulun işi…
Bu sözlər şairin döşünə yatmaz:
“Yolun yarısında dayanan kişi,
Heç zaman mənzilin başına çatmaz!”
Bu istək alçağın it qanındadır,
Dünyaya car çəkir əxlaqsız yağı:
“Qarabağ, Xankəndi, Şuşa torpağı,
Əbədi, əzəli Hayastanındır!”
Səbr də, bıçaq da, sümük də yanır,
Sümük yarasında dayanmaq olmaz!
Səbr də, bıçaq da sümükdə yanır,
Yolun yarısında dayanmaq olmaz.
İrəliyə qoşmaq, yurda qovuşmaq,
Sonuncu xanıma, xana, bəyədək!
Alovda, tüstüdə, qorda qovuşmaq,
Qovuşmaq sonuncu qələbəyədək!
Ağdam bu millətin qan yarasıdır,
Qarabağ Vətənin tən yarısıdır.
Şuşa xalqımızın can yarasıdır.
Xalqin yarasında dayanmaq olmaz!
Yolun yarısında dayanmaq olmaz
Yolun yarısında dayanmaq olma

QANA QAN 

(18 aylıq körpə Zəhraya ithaf olunur.)

Canlı insan qanına
Sən bu qədər susayasan,
Sən bu qədər acasan.
Gəlinciyilə oynayan körpə qıza
Artileriyadan, topdan,
Daha nədən
Belə atəş açasan…
Beşiyini, bələyini
Oda tutub qalayasan.
Yerdən bombalayasan,
Göydən bombalayasan.
Bunu ancaq erməni
Bəşəriyyət düşməni,
İnsanlığın düşməni
Bu cür edə bilərdi.
Ancaq dığa daşnakyan
Bu qərara gələrdi…
Azərbaycan kəndlisi
Evində, eşiyində
əkində, biçindədi.
Daşnaksa yırtıcıdı,
iki ayaqlı maldı,
buynuzu içindədi,
eybəcər, anomaldı…
Qulağı kar, qəlbi kardı.
Yaranışından xain,
Qəddar cinayətkardı.
Satqın, bicdi, yaltaqdı.
Minsifətli qorxaqdı.
Oğru, xain əzəldən
İnsanlığın adına,
Soyadına ağ olar.
Həm də ki, qorxaq olar.
Oğru, yaltaq erməni,
Xain, qorxaq erməni
İki yaşlı Zəhranın
Gəlinciyindən qorxub
Artileriyadan, topdan
Onu atəşə tutub…
Qardaş, başa düş məni,
Oğul, başa düş məni.
Bəşəriyyət düşməni,
Insanlığın düşməni
Dığa daşnakyan artıq
Lap çox uzağa gedib.
Çoxdan özü özünü 
Ölümə məhkum edib.
İnsanlığın böyründə
Yaman şişə çevrilib.
Haqq – ədalət naminə,
Tribunala verilib,
Məhkəməyə verilib…
Körpəcə Zəhramızın
Deyin, günahı nəydi?
Deyin, onun kimi var?
Bu torpağın qəlbində,
Bu millətin qəlbində
Dağlar boyda qəmi var.
Bütün cəhdlər, çabalar
Artıq əbəsdir, əbəs.
Daha bəsdir, bəsdir, bəs!
Gəl yolun kəsəsinə,
Qalx yolun qısasına.
Ordumuz şimşək çaxsın,
Yurdumuz şimşək çaxsın!
Zəhranın qisasına,
Boyük bir ordu qalxsın…
Ayağa qalx, Azərbaycan!
Qana qan!
Q!ana qan!

AZƏRBAYCAN ORDUSU
Süngün yağıların gözünə batır,
Yarandın haqq eşqi, haqq sevdasından.
Sakit qəzəbində şimşəklər yatır,
Yarandın xalq eşqi, xalq sevdasından.
Azərbaycan ordusu.
Qızıl bayrağında günəşin odu,
Atandır, anandır bu odlar yurdu.
Qarşında daşnaklar lal-mat qurudu,
Azərbaycan ordusu.
Mərhəmət məsləkin, ədalət andın,
Sən ancaq həqiqət eşqilə yandın.
Yağılar önündə dağtək dayandın,
Azərbaycan Ordusu.
Arxanca uzandı dualı qollar,
Qarşında sıldırım çınqıllı yollar.
Sıranda qranit qaya oğullar,
Azərbaycan ordusu.
Sənə yol göstərən cəsarətindir,
Arxanda dayanan mətanətindir.
Zəfər dastanları nəqarətindir,
Azərbaycan ordusu.
Başının üstündə parlar al danın,
Sınaq məktəbidir döyüş meydanın.
And yeri sən Ali Baş Komandanın,
Azərbaycan ordusu.
Bayraqdar hədəfi sərrast tuşlayır,
Yağının səfini əzir, xışlayır.
Qələbə yolların təzə başlayır,
Azərbaycan ordusu.
Önündə titrəyir, əsir dağ-dərə,
Qarşıda Fizuli, Ağdam, Ağdərə.
İmza atmalısan qələbələrə,
Azərbaycan ordusu.
Daşnakı sər yerə sən daraq-daraq,
Səpələ dağlara onu qıraraq.
Başın üstdə Günəş üçrəngli bayraq,
Azərbaycan ordusu.
Susmayıb gurlayır döyüş təbili,
Haqqın dərgahında millətin əli.
Zəfər yollarına güllər səpili,
Azərbaycan ordusu.
Dərələrdən yellən, yarğanları aş,
Kirs ilə tən dayan, Murova yaraş.
Dayanma Laçına, Şuşaya birbaş,
Azərbaycan ordusu.
Atəşi sönməsin qisas odunun,
Əsr-əsr qalxsın alovu onun.
Qəhrəman ordusu Odlar yurdunun – 
Azərbaycan ordusu.

İRƏLİ

Geriyə boylanma, irəliyə bax,
İrəliyə qoşan nicat tapacaq.
Təndirdə kösöytək yanır Qarabağ – 
Damarlar, sinirlər yaytək gərili,
İrəli, İrəli!
Hop ana torpağa qan hopmuş kimi,
Şığı kamanından ox qopmuş kimi.
Səngərdən-səngərə sıçra quş kimi – 
Qarabağ səngərdir dağlı-dərəli – 
İrəli, İrəli!
Ölümü tapdala, adla üzə dur,
Mərd oğul gülləni havada tutur.
Şəhid qardaşının əvəzində dur – 
Vur, fürsəti vermə cəngə girəli – 
İrəli, İrəli.
Zərbənlə dağları yerindən oynat,
Parçala yağının bağrını qanat.
Dığanı, daşnakı bir-birinə qat – 
Sən haqq əsgərisən məğrur, qürrəli – 
İrəli, İrəli!
Düşmən halayını poz, meydana gir,
Zəhmindən xainlər titrəsin tir-tir.
Qırdığını qırıb… əsir də gətir,
Dığalar bayılsın gözü bərəli,
İrəli, İrəli!
Hədyanlar danışıb qılınc oynatma,
Yuxun quş yuxusu… Səngərdə yatma…
Bircə gülləni də havaya atma,
Atəş! Düşmənlərin yerə sərili,
İrəli, İrəli!
Daşnaklar məkrli, əxlaqsız, yaman, 
Sərrast vur! O səndən görməsin aman.
Donuzun əcəli yetişən zaman…
Bilirsən… donuzlar muzdlu, kirəli,
İrəli, İrəli!
Vətənin qəlbində dərd kündə-kündə,
Vur, öldür iblisi, qır gündə-gündə.
Qələbə dalda yox!
Qələbə öndə!
Sən qoş irəliyə haylı, nərəli,
İrəli, İrəli!

Müəllif: RAMİZ DUYĞUN

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – 8 – ci yazı

SƏKKİZİNCİ  YAZI

QOZ  VƏ  DƏLİQANLILIĞIN  İKİBAŞLI  QOHUMLUĞU…

Məncə, dərin müşahidə qalın kitab kimidir. Baxdıqca görürsən, gördükcə oxuyursan, oxuduqca öyrənirsən, öyrəndikcə bölüşmək, ötürmək istəyirsən. Çünki,  artıq sənə məlum olan səndə qaldıqca əlavə narahatçılıq yaradır. İstər-istəməz istəyirsən ki, hamı bunu bilsin və ya ətrafdakılarında fikrini bilmək istəyirsən bu barədə. Bilmək istəyirsən, bəs görəsən başqaları bu barədə nə düşünür….

   Keçək mətləbə, qoz ağacı, meyvəsi yəni qoz (bəzi yerlərdə cəviz də deyirlər –dəqiq “cəviz” sözü ilə 20 yaşdan sonra tanış olmuşam) ətraf aləmlə tanışlığımda ilk predmet olub desəm  məncə yanılmaram. Ancaq,  böyük əminliklə deyirəm ki, tanıdığım, dadına baxdığım ilk meyvə məhz qoz (cəviz) olub. Burada yeri gəlmişkən onu qeyd edim ki, mənim tanış olduğum kimi, körpə uşaqların (bir yaşın altında heç olmaz –QƏTİ) qozla (cəvizlə) belə erkən tanışlığı heç də məqsədə müvafiq, ümumiyyətlə arzu olunan deyil….  Söhbət yayınmamış qeyd edim ki, xüsusi ilə bir yaşın altında, iki yaşa çatmamış uşaqlar qozun necə deyərlər lap az miqdarda da dadına baxsa, yesə, əksər hallarda sonra onu ömrü boyu izləyəcək  müxtəlif  allergik izlər qoyur (xüsusi ilə dəridə) bu qaçılmazdır. O ki, qaldı bizə, lap körpəlikdən ilin altı  ayı evin qapısından ayağını bayıra qoyanda birinci və ya ikinci addımıda mütləq  altında qoz (cəviz) qalırdı. Bizim həyət qarışıq; əmi, baba, qonşuluqda 100-150 metr radiusda yalan olmasın, bəlkə  20-25 qoz (cəviz) ağacı var idi. Həm də nə boyda, çox böyük ağaclar –elələri var idi ki, 4-5 uşaq əl-ələ tutsa çətinliklə dövrəyə ala bilirdi. Demək olar ki, həyətlərin çoxunda eyni məzərə idi. Bundan əlavə hamının bağlarda da dədə-babadan qalma ağacları var idi ki, mövsümdə çırpıb, meyvəsini götürürdülər. Əlbəttə, indi deyə bilərsiz ki, bunun nəyi pisdir? – Biz heç də demirik ki, bu pis idi… Sadəcə qozun (cəvizin)  çox olduğu, geniş yayıldığı torpaqlarda  həm meyvəsindən istifadə nəticəsində, həm də ümumiyyətlə bitməsi, var olması ilə insanların yerli əhalinin yüz illərlə  necə deyərlər, baş-başa ömür-gün sürənlərin həyatına, gündəlik yaşam tərzinə, sağlamlağına göstərdiyi bəzi təsirlərdən söhbət açıb bir-neçə mühüm məqama diqqət çəkmək istəyirik.

   Birinci faydası barədə; qida kimi misilsizdi, ikinci çörək kimidir. Əmtəə olaraq qaldıqca dəyər qazanan maldır. Oduncağı, meyvəsindən kal və yetişmiş formada müxtəlif  məqsədlərlə yaralılığı, satanlar üçün pul, quru meyvənin (cıbrıq) qabığından, içindəki  arakəsmələrdən, hətta ağacın yarpağından,  qabığından  boyaq  maddəsi kimi istifadə olunması  və  başqa  xatırlaya bilmədiyim  olduqca müxtəlif  sahələrdə  tətbiqini  düşündükdə  tam bir faydalı nemət olduğu qənaətinə gəlirsən. Şükür Uca Yaradana!!!

    İndi keçək məsələnin  ikinci tərəfinə, lap körpəlikdən havalar bir balaca soyuyan kimi, ( qoz yetişən kimi) dirsəklərimdə dəridə qızartı (bu təbii ki, allergik təsir idi) əmələ gəlirdi böyüklərin birinci sözü bu olurdu ki, “elə-belə şeydi, dədə-babada da olub”. Yadımdadır ki, rəhmətlik  nənəm  soyuq havada qolları açıq sıra ilə düzülmüş qoz (cəviz) ağaclarının altı ilə qonşuda olan “Babanın ocağı” –na aparıb dirsəklərimə küldən düzəlmiş soyuq kül palçığı sürtüb gətirərdi. Əgər, onda nənəmə desəydim ki, ay nənə külün məsələyə nə dəxli bu çoxlu qoz yeməkdəndi…  Deyərdi ki, başına hava gəlib bala…  Çox maraqlıdır ki, bu halı ancaq qozun (cəvizin)  bol olduğu soyuq aylarda baş verdiyindən  hamı soyuqla əlaqələndirir, heç kim qozu (cəvizi) günahkar bilmirdi…  Günü bu gün də bir balaca qoz (cəviz) və ya fındıq çox yeyən kimi həmin nahiyələrdə yenə də qızartılar yaranır. Bəli ancaq və ancaq qoz (cəviz) – fındığı çox yeyəndə bunun heç bir qanla, soyuqla əlaqəsi yoxdur. (uşaq vaxtı  arada həkim resepti ilə hələ bir “kalsi-xolor” – da içirdirdilər, o şoğərib də zəkkutum kimi bir şeydi a…. Hamı ağlına gələni edirdi, heç bir deyən yox idi ki, a bala bu qozdan az ye…) Əlbətdə, bütün bunlar bizim aşırı, mən deyərdim ki, limitsiz  şəkildə qozdan (cəvizdən) istifadə etməyimizin nəticəsi idi. Xüsusi ilə uşaq körpə vaxtı qoz (cəviz) yeyirsə, (özü yeyən analar yedi-yemədi uşğın ağzına da mütləq qoyurlar ki,  dadını bilsin, öyrənsin..) əgər allergik təsir nəticəsində dəri tamlığı bir dəfə pozulursa, həmin nahiyələr böyüyəndə də eyni təsirə həssas olaraq qalır. Bu məsələnin bir tərəfi.

   Digər faydası ilə, zərərinin birlikdə hərəkət etdiyi hal isə onun qidalılığı və çox enerjili olmasıdır. Beləki, orqanizmin olduğu vəziyyətdən asılı olmayaraq, bir –neçə qoz (cəviz) yemək kifayətdir ki, bədən və eyni zamanda onun bir hissəsi olan beyin enerjili qoz (cəviz) ləpəsinin mədəyə düşdüyünü hiss etsin, həm də hiss etdirsin. Məhz bu xüsusiyyətinə görə qoz (cəviz) ağacı çox olan, geniş yayılmış bölgələrin insanları, istər fəndgirliyi, istər tez coşub-daşan olmağı (“cırtda – qoz” olması – gör atalar bu  ifadəni – kodlaşdırılmış məlumatı – necə yerində yaradıblar???), mərdliyi, dəliqanlılığı ilə nisbətən də olsa seçilirlər. “Cırtda –qozluq” tam dəqiq ifadədir. Onu da qeyd edim ki, bunun səbəbi heç də təkcə qozun (cəvizin) yüksək qidalılığı deyil…

    Qoz (cəviz) ağaclarının bol olduğu bölgələrdə əhali  məişətdə  əsasən üzdə olan   bulaq,  quyu,  kəhriz, çay  ya da müasir dövürdə artezian sularından istifadə  edirlər. Bu  su isə demək olar ki, tam yodsuzdur. İllər boyu yodsuz su istifadə etmək isə nəhayətdə orqanizmdə ciddi fəsadlar yaradır ki, biz təbib olmadığımıza görə bunun xırdalığına varmırıq. Sadəcə onu qeyd etməliyəm ki, yodsuz su istifadə etdiyimizə görə (qoz (cəviz ) ağaclarının  sayəsində) xüsusi ilə beyinin fəaliyyətinə təsir göstərən, bilavasitə idarə edən, tənzimləyən  vəzlərdə baş vermiş dəyişiklik  nəticəsində  (bu vəzlərin qana ifraz etdiyi maddələrin tərkibinə uyğun olaraq) sanki, insan həsaslaşır, dözümlülük azalır, elə bil bir az da çılğınlaşır. Konkret olaraq eyni hadisəyə  qoz (cəviz) ağacı bol olan, geniş yayılmış bölgənin insanı ilə , belə bölgədən olmayan insanın reaksiyası eyni deyildir. Qoz (cəviz) ağacları bol olan, geniş yayılmış bölgənin insanı daha kəmhövsələ, həm də tabe olmağı bacarmayan insanlardır.  Bu yazı heç bir tibbi mahiyyət daşımır, (uzaqbaşı araşdırmaçı təbiblər üçün istiqamət göstərə bilər) sadəcə bir müşahidəçilik məhsuludur.

27.10.2016. Bakı.

QEYD:

Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “USUBCAN ƏFSANƏSİ” adlı kitabında müstəqil məqalə kimi yer almışdır.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru