Elnur Uğur – Qəm eləmə

Elnur Uğur (AbdiyeV) HAQQINDA

Elnur Uğur çağdaş ədəbiyyatımızda özünəməxsus yeri olan söz adamlarından biridir. Onu ədəbiyyatın içində olan ədəbiyyatçı, şeirin içində olan şair adlandırardım mən…

QISA ARAYIŞ:

Elnur (Uğur) Abdiyev Dilavər oğlu 1980 – ci ildə Neftçala rayonu Aşağı Surra kəndində anadan olub. 1986 – cı ildə Neftçala rayonu Aşağı Surra kənd orta məktəbin 1-ci sinfinə qəbul olunub, 1997 – ci ildə Neftçala rayonu Z.Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbin 11 – ci sinfini bitirib. Lənkəran Dövlət Universitetinin Humanitar elmlər fakültəsində Filologiya ixtisası üzrə ali təhsil alıb. 2005 – ci ildə pedaqoji fəaliyyətə Cəlilabad rayonu Kövüzbulaq kənd 2 saylı tam orta məktəbdə başlayıb. 2011 – ci ildən Neftçala rayonu Z.Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbdə təşkilatçı – müəllim işləyir. Ailəlidir üç övladı var.

Bədii yaradıcılığa uşaqlıqdan maraq göstərsə də, tələbəlik illərindən qələmə aldığı yazılar müxtəlif orqanlarda çap olunmuşdur. Hal – hazırda 4 şeirlər kitabı müəllifidir. 92 səhifədən ibarət şeirlər toplusu olan ilk kitabı “Unuda bilməyəcəyəm” “Uğur” nəşriyyatında 2006 – cı ildə çap olunub. 127 səhifədən ibarət olan ikinci kitabı “Şəhid məzarı” 2008- ci ildə “Mütərcim” nəşriyyatında çap olunub. Bundan sonra 9 il yaradıclığa ara verən Elnur Abdiyev özünü pedaqoji işə həsr edir. Pedaqoji ustalığı sayəsində 100 – lərlə şagirdin tələbə adını qazanmasında mühüm rol oynayır. 2016 – cı ildə üçüncü “Yuxuna gəlim” şeirlər və “Qara qayğılı Qarabağ” adlı poemadan ibarət olan kitabı şairə uğur gətirir. Kitaba ön söz yazan Aşıqlar Birliyinin Sədri professor, Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı Elnur Abdiyevin şeirlərini oxuyur və ona “Uğur” təxəllüsünü verir. “Yuxuna gəlim” kitabına son söz yazan Əməkdar jurnalist Eldar İsmayıl Elnur Uğurun gələcəyinin uğurlu olacağını yazdığı yazıda dəfələrlə vurğulayır. 2018 – ci ildə bədii yaraıcılığını inkişaf etdirmək məqsədilə Prezident təqaüdünə layiq görülüb. Qızıl Qələm media mükafatı laureatıdır. 2018 – ci ildə sayca 4-cü kitabı “Təkcə sən bilirsən” adlı şeirlər kitabı çapdan çıxıb. Kitaba Xalq şairi Fikrət Qoca və AYB –nin məsul işçisi Güləmail Murad ön söz yazıblar. E.Uğur hal – hazırda “Ədəbiyat”, “Kaspi” , “Ədalət”, “Oxu məni” qəzetlərində “Azərbaycan”, “Ulduz” jurnallarında mütəmadi dərc olunur. Ölkə daxilində bütün saytlarda, demək olar ki, onun şeirlərinə rast gəlmək olar. Ölkə xaricində İranda “Quşlar yuvasız olmasın” adlı şeirlər kitabı çap olunub. İranda Mehdi – təməddön qəzetində, “Şadab”, “Ədəbi Körpü” dərgilərində, Türkiyədə “Pilla böcük”, “Kumru”dərgilərində şeirləri çap olunub. Ukraynada üç dildə çap olunan beynəlxalq jurnalda şeirləri çap olunub. Bir neçə kitabın müəllifidir.

ŞAİRDƏN ŞEİRLƏR:

İsinə bilirsənsə

İsinə bilirsənsə,

səninçün nə fərqi var

                        Günəş hardan çıxır?

Bəzən yerin bağrı ekvatorda çatlayır,

Bəzən şimal qütbündə

yerin çiçəyi çıtlayır.

Fərq eləməz cənub, ya şimal,

Görməyi bacarsan,

Günəşin Qərbdən çıxdığını,

Şərqdə batdığını görərsən.

Və bilərsən,

İsinmək üçün Günəş bəhanədir,

bu bəhanələrlə

Yer milyard ildi öz başına hərlənir,

hərləndirir.

Zaman hər gün Günəşi

top kimi vurur ömür qapımıza,

hər gün bir xal yazılır hələ ki hesabımıza.

İsinə bilirsənsə,

bu qələbənin sevincini yaşa.

Sevinc göz yaşlarında boğulmaq,

Anadan təzə doğulmaq kimidir,

adam o qədər təmiz olur ki, sevinəndə.

Qanadı olsa,

                   mələk deyərdim sevinənlərə.

= = = =

Sevinək

Uşaq kimi sevinirəm

biri sevinəndə.

Kiminsə üzündə,

sevgi üzəndə,

özüm də üzürəm öz sahilimə.

Bu qağayı dilimə,

gözlərimin ləpədöyənində,

qumlar əl açır,

sular elə qaçır…

Sevmək budur, bu

Sular torpağın üstündə,

torpaq suların altında

sevgidən oturdu.

Sevirəm sevinənlərin sevincini,

sevinirəm dünya rahat olanda,

kimsə incimir.

Elə gözəldi sevinmək,

Kaş başqasının sevincinə

sevinə bilək.

= = = =

Sözlər – səslər

Bütün dillər səsə dönə,

bir dil ola yer üzündə.

Necə ki, göydə bir dildə danışır,

Quş da,

yağış da.

Səslər ürəkləri susdurur,

Dillər qan qusdurur.

Sözləri səsə çevirək,

bütün sözlər

təkcə o səsinə boy verməz.

Sözlər səsə çevrilsə,

o səsinin ortasında

bilirsən nə qədər o gülər?

Sözləri səsə çevirək,

çevrilək,

quş olaq,

daş olaq,

yağış olaq.

Heç olmasa bir quru baxış olaq,

bir-birimizlə bir dildə danışaq.

= = = =

Qəm eləmə

Qəm eləmə, şəhla gözlüm,

Gözlədiyin gün gələr.

Bir gün də sənlə kəsişər

Məndən dönən döngələr.

Bilirsənmi yar qolunda,

Azmaq aşiq işidi.

Əl açmışam yerdən-göyə,

Sükutum da eşidir.

Sükutumun hayqırtısı,

Səsi boğur içimdə.

Şeir-şeir sancıladım,

Nəsə doğur içimdə.

Adın eşq qoydum körpənin,

Səsi səkkizinci notdu.

Bugünkü səssizliyin,

Səsi sabah çıxacaq,

Deyəcəklər oddu, oddu.

Müəllif: ELNUR UĞUR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAYIL DOSTU – V U R Ğ U N A M

Mayıl dostu “üç yarpaq” da

GÜNAHKAR ÖZÜNSƏN

Hardan gəldin,necə girdin qəlbimə,
Ömrümün yazını boran, qar etdin.
Dədəlik elədin könül dünyama,
Bu geniş aləmi, mənə dar etdin.

Mənəmlik,lovğalıq sevgiyə yaddır,
Apardın özünü, sultan sayağı.
Güldürdün özünə doğmanı,yadı,
Özün saxta oldun,sevgin bayağı.

Sadəlik insanın başının tacı,
Bu sənə çatmadı, ola bilmədin.
Adi sözlərin də zəhərdən acı,
Ağıla, kamala dola bilmədin.

Təkəbbür başına bir bəla oldu,
Cavanlıq ötübdü, üstdən keçmisən.
Belə ömür tərzin, bu həyat yolun,
Heç kimi qınama, özün seçmisən.

= = = =

V U R Ğ U N A M

Dəyişə təbiət, hər yan allana,
Naxışlana, dərə-təpə xallana,
Çəmən, çiçək bala bata, ballana,
Nəfəsi ətirli yaza vurğunam.
***
“Baş Sarıtel” gilə – gilə süzülə,
“Ruhani”, “Dilqəmi” simə düzülə,
Kərəm yana, tüstülənə, üzülə,
Havası ləngərli saza vurğunam.
***
Qələm qaşlar düyünlənə yay ola,
Çəp baxışlar, zülmət yaran ay ola,
Xoş təbəssüm gül üzünə pay ola,
Yandıran, can alan naza vurğunam.
***
Pərdə – pərdə bəmdən qalxa, zillənə,
Zəngulə ucala, göyə millənə,
Bu haraydan qara daş da dillənə,
Gözəl səsə, xoş avaza vurğunam.

= = = =

KAMİL ÖMÜR SÜR...

Bir həsrətin dumanına,
Xoş niyyətin gümanına,
Kor fürsətin amanına —
Düşənləri görürsənmi?
***
Haqsızlıq üzüb didənə,
Son ümidə yol gedənə,
Ehtiyaclar qul edənə,
Qəlbindən pay verirsənmi?
***
Zalım cəsuru əyəndə,
Harın, yazığa dəyəndə,
Haram halalı yeyəndə,
Haqqa qala hörürsənmi?
***
Təbiətə zər toxuyan,
Naxışa meydan oxuyan,
Behiştin ətrin qoxuyan,
Gül – çiçəyi dərirsənmi?
***
Beşcə günlük bu dünyada,
Bir fikirləş, sal da yada —
Ömrü vermirsən ki, bada,
Kamil ömür sürürsənmi?

Müəllif: MAYİL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Ana şeirləri

“ANA ŞEİRLƏRİ” LAYİHƏSİNDƏN NÖVBƏTİ ŞEİRLƏR 

#ana_şeirləri

ANA

Sönməz bir od kimi, adın qövr edər,
İçimdən atəşlə boylanar, ANA!
O, hansı duyğudur, hər şeydən uca,
Qəlbimin yağıyla qovrular, ANA?!

* * *

Nə qədər cismimdə dövr edər qanın,
Nə qədər yaşayar, bir para canın,
Özünün əmridir, Cənabi-haqqın,
Borcluyam, qarşında daima, ANA!

* * *

Ümidim, təsəllim sənin duandır,
Həmişə çin olan yuxularındır,
Ən yüksək mərtəbə analarındır,
De, səni unutmaq olarmı, ANA?!

13.04.1997. Bakı.

ANA

Beşiyim üstündə layla çalanım,
Gözümün işığı, dirəyim, ANA!
Dünyalar durduqca, yaşayasan sən,
Düşünən beyinim, ürəyim, ANA!

* * *

Dünya yaranışdan Həvva anamız,
Anadır, bacıdır qol-qanadımız,
Özün demişdin ki, deyil babımız,
Gör, nəyin dərdini çəkirsən , ANA!

* * *

Heç fikir eləmə oğul sarıdan,
Oğlunu bəxş etdi ulu Yaradan,
Mərdlərə təsəlli olmaz nigardan,
Vətənçün böyütdün oğlunu, ANA!

* * *

Vaxt olar; baharda, açanda güllər,
Yaxud da qocalar dadanda nübar,
Sənin də üzünə təbəssüm qonar,
Qayıdacaq oğlun, cəbhədən, ANA!

22.04.1995. Marağa.

ANA

Sənsən xəyalların tuşlandığı yer,
Ümdə arzuların məkanı, ANA!
Nə qədər, möcüzəli, sirli bir dünya,
Kəşf olunmamış dünyamsan, ANA!

* * *

Nə deyim, nə yazım yaraşsın sənə,
Yüksələ biləydim kaş mənsəbinə,
Dünyalar sığınar mərhəmətinə,
Özün boyda böyük dünyamsan, ANA!

* * *

Bir, şirin kəlməni eşidəydim kaş,
Kipriyim islanıb, oldu yenə yaş,
Olaydım, ayağın altda qalan daş,
Biləydim, başımın üstəsən, ANA!

* * *

Elə, kövrəlmişəm, körpə uşaq tək,
Qəlbimi yandırır odlu bir, istək,
Ay Ana, saçıma yüngül sığal çək,
Ən böyük dövlətim, qayğındır, ANA!!!

28.08.1995. Bakı.

ANA

Ey ilk sözüm, əzəl cümləm, dastanım, Ana!
İnsanların gözəli, mehribanım, Ana!
* * *
Ana, borcludur hər bir kəs önündə sənin
Səcdəyə layiqsən, ey səcdəgahım,Ana!
* * *
İlahi bəxş etmiş səni xoş günlər üçün
Ey azadə günüm, xoşbəxt dövranım, Ana!
* * *
Bil, ülviyyətin ilə sən geniş cahansan
Mənim həyat məktəbim, ilk cahanım, Ana!
* * *
Hamı istinad üçün öncə səni görür
Hər sözün mənbəyi, istinadgahım, Ana!
* * *
Dünyada sənin tək uca varlıq de hanı?
Ey müqəddəsliyin rəmzi, paklığım, Ana!
* * *
Zaurun bildiyi bu idi, bunu dedi
Bilmədiyim ucalıq, cənnəti-sultanım, Ana!

29.12.1991. Yusifcanlı.

ANA

Ana, ən ülvi insan
Çox əziz, çox mehriban.
Övladına qayğılı,
Övlad ananın balı.
Ana balasın sevər,
Hərdən tənbeh də edər.
Bu danlamaq deyildir,
Ana nəvazişidir….
Övlad üçün şalışır,
Hər zəhmətə qatlaşır.
Övladı gümrah olsun,
Paltarı təmiz olsun.
Hamıdan yaxşı geysin,
Ən ləziz yemək yesin.
Bala pis iş görəndə,
Ana bunu biləndə….
Çox da ki, kötəkləyir….
Ana məhəbbətidir.
O, övladın çox sevir.
Pis əməlin istəmir….
İstəyir yaxşı olsun,
Ləyaqətli böyüsün….
Fərsiz övlad olmasın,
Adın təmiz saxlasın.
Ana tənbeh edəndə,
Hərdən kötəkləyəndə….
O, balasın döyməyir,
Xətadan hifz eləyir.
Deyirəm, bir haləti,
Qədim bir rəvayəti;
Rəvayətdə deyilir,
Bir Ana vəfat edir….
Vəfat edərkən Ana
Deyir öz yoldaşına:
-“Sən kəs əlimi saxla,
Sonra yoldaşın olsa….
Bu əllə uşaqları,
Vursun, vuranda barı….
Mənim əlim ağtıtmaz,
Öz balamı sızlatmaz….
Axı, ananınkıdır,
Ana əli AĞRITMIR….

08.03.1990. Ağdam-Yusifcanlı.

* * *

Ay ana, adına vurğunam sənin,
Durduğun ucalıq xəyalə gəlməz…
Dünya xalqlarının lüğətlərində,
“ANA” sözünə tay söz ola bilməz!!!

08.01.1997. Bakı.

Müəllif: Zaur Ustac

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mövlud Ağamməd

mövlud ağammədin söz dünyasından

ÜÇLÜK (əruz)

Dərddən usanıb dərdinə dərman diləyirsən.
Dərdin ola, ey dil, onu qəmxarla bölərsən,
Dərdin ola qəmxarla bölərsən və gülərsən.
***
Sordum, necə yansın oda aşiq, qəmi yoxdur?
Yanmaq ilə şəm dərdinə pərvanədi dərman,
Yanmaq ilə pərvanədi dərman, budu fərman.
***
Saxlarmı könül, gər edəsən sirrini pünhan?
Çoxdur mənə dərdim eşidib tənə edənlər,
Çoxdur eşidib tənə edənlər və gülənlər.
***
Olsun, bu da bir dərddi, ürək dözməyə hazır.
Dözməz o ürək sevməyəcək. qəm ona yaddır,
Dözməz o ürək qəm ona yaddır, bu da addır.
***
Bəsdir bu qədər dərd elədin dərdini, Mövlud.
Sən dərdini çək, çək ki, qəmin çarəsi qəmdir,
Sən dərdini çək, çarəsi qəmdir və sitəmdir.

30.01.2016.Zərdabi.

Müəllif: MÖVLUD AĞAMMƏD

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏLİ VƏLİYEV-MÜƏLLİM

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün ( 23 July 1963 ) əsl ziyalı, tanınmış pedaqoq, görkəmli ictimai – siyasi xadim Əli Vəliyevin doğum günüdür. Ad gününüz mübarək, Əli müəllim. Uca Yaradandan Sizə can sağlığı, bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – 21 – yazı

KÖÇKÜN  (QAÇQIN)  OLMAQ  NƏ DEMƏKDİR?!

(İyirmi  birinci  yazı)

Salam olsun, ey dəyərli oxucum. Səbəbi, mövzusu o qədər  ürəkaçan olmasa  belə  daha bir görüş də qismətimiz oldu. Hər an, hər dəqiqə, hər saat üçün şükürlər olsun Uca Yaradana. 17.07.2019-cu il səhər saat 05:30 adəti üzrə yenə erkəndən oyanıb yazı masasının arxasında əyləşmişəm. 17.07.1993 – cü ildən bizi əsrin dördə birindən də artıq bir zaman kəsiyi ayırır. İndi durub köhnə gündəlikləri araşdırıb həmin günü,  bu saatı harda olduğumu, nə iş gördüyümü  daha dəqiq tapıb bura yaza bilərdim… Ancaq, bu gün onun olduqca böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq, bura yazmağın heç bir mənası yoxdur. Sadəcə həmin günlər barədə bir cümlə ilə belə məlumat verə bilərəm ki, 3-4 iyun Gəncə hadisələri nəticəsində dağılmış (Qardaş Türkiyə Respublikasından gəlmiş təlimatçıların min-bir əziyyəti hesabına Qarabağda döyüşmək üçün yaradılmış XTT-un) hərbi hissənin Ağdərə-Tərtər cəbhəsinə atılmış başsız bölüyünün əsgəri kimi 2016-cı ildə də haqqında çox söhbət gedən Talışda idim… Və bu vaxt, mənim bu gün də qeydiyyatda olduğum, yəni şəxsiyyət vəsiqəmdə yaşayış yeri kimi qeyd olunan Ağdam rayonu, Yusifcanlı kəndi artıq yer üzərində demək olar ki, yox idi. Çünki, artıq iyun ayının 12-si bu kəndin əli silahlı əsgər sakini Gəncə -Goranboy –Goran, Göygöl (Xanlar) – Aşıqlı – Mingəçevir aralığında yollarda “gic-gic işlər”-lə məşğul olarkən bu gün də müəmma olaraq qalmaqda davam edən bir şəkildə heç kimin gözləmədiyi, tamamilə ağıla gəlməz istiqamətdən zirehli texnikaların üstündə əsgərlər kəndə daxil olaraq onun böyük bir hissəsini yandırmaqla  sakinləri  kəndi tərk etməyə məcbur etmişdilər…

Ancaq və yenə ancaq, bütün bunlara rəğmən 17.07.1993 – cü ildə,  bu vaxtda, bu saatda heç kimin ağlına belə gəlməzdi ki, Ağdam da əsrin dördə biri qədər əhəmiyyətli dərəcədə böyük vaxt olan zaman kəsiyində dönülməmək üzrə tərk ediləcək… Ancaq, bu baş verdi və mən bu gün oturub uzun çək-çevirdən sonra bu yazını yazmaq qərarına gəldim. Onu qeyd edim ki, “93-ün yayı və ya bir qaşıq qatıq” kitabında o günlər barədə təfsilatı ilə məlumat verilib. Bu yazını yenə yazmazdım, “Muştuluq torpaqlar qaytdı”, “Qara ket” və “Yüz manatlıq qəbz” adlandırdığım əhvalatlar baş verməsəydi, bu məsələlər bu qədər uzanmasaydı, işğaldan iyirmi il sonra başqa-başqa bölgələrdə doğulmuş uşaqların adamı çıxılmaz vəziyyətlərə salan  sualları olmasaydı… Çox təəssüf ki, bunların hamısı var və mən bəlkə bu yazını yazmağa gərək qalmadı deyərək ildən-ilə ertələsəm də, bu gün bu yazını yazmağa məcburam…

SÖZÜ  QƏRİB, GÖZÜ QARA QOCALAR 

                      Arsız aşıq elsiz necə yaşadı?!

                     Ölsün Ələsgər tək qulların, dağlar…

                                                           Aşıq Ələsgər

“Qaçqın” kəlməsi işlək şəkildə leksikonumuza  ötən əsrin 80 – ci illərinin sonlarında daxil olsa da, lap uşaqlıqdan  qocalardan bu sözü  ara-sıra mənasını tam anlamasaq da eşidir, elə də yaxşı hal olmadığını təxmini bilirdik. Sonrakı məlum hadisələr nəticəsində özümüz köçməyə məcbur olmamış, bir – neçə il bizdən yuxarıda olanların öz ev-eşiklərini tərk edib, bizə sığınmalarına şahidlik etdik. Sanki, buranı da tərk edənə qədər burda yaşayaq havası ilə onlarla birgə yaşadıq. Onlar bizdə ailənin bir üzvü (qonaq kimi yox) kimi yaşasa da qonşuların filankəsgildə “qaçqın” qalır deməsini eşitdik. Ancaq, bu sözü yenə tam anlamı ilə qavramadıq… Lakin, qocalar bunun nə demək olduğun bilirdi… Ona görə elə yaşlı insanlar var idi ki, son dörd-beş il ərzində “onlar dağdan düşməz” deyə-deyə özlərinə təskinlik versələr də, artıq dağdan düşüb, düzdəki kəndləri tək-tək yandıranda  “burda ölərik, heç yana getmərik” – deməyə başladılar. Bu yerdə nəzərinizə çatdırım ki, İlahi Ədalət deyilən bir məfhum var – belə deyən şəxslərin heç biri o kəndi tərk etmədi… Həmin günədək öz əcəli ilə ölənlər öldü – orda dəfn olundu… Bir-neçə nəfər həmin gün həlak oldu- çox ibrətamiz hadisələrə şahidlik etdi insanlar, ancaq, mətləbə dəxli olmadığına görə söhbəti uzatmıram… Bir nəfər də kənd yandırılsa da, tamam talansa da sonadək orada qaldı… Tərk etmədi… Öz yurd-yuvasını, ev-eşiyini tərk etməyin (istəməyərək, məcburi şəkildə, öz xoşunla deyil…) “QAÇQIN”, ”MƏCBURİ KÖÇKÜN” olmağın nə demək olduğun açıqlamağa başlamazdan əvvəl çox kiçik bir haşiyəyə çıxmaq istəyirəm.

HAŞİYƏ

Əslində bəlkə də mənim bu yazını yazmağa heç haqqım çatmır. Çünki, mən öz kəndimizdən üç gün-üç gecə qonaqlıq verib əsgərə getmişdim və ordudan tərxis olunandan sonra da ailə qurub kirayədə yaşamağa başladım. Mənim bu barədə təsəvvürlərim hərbi xidmətdə olarkən qısa və uzun müddətli məzuniyyətlərdə görüb, müşahidə etdiyim ailəmin, qohumların, yaxınların, tanıdığım insanların yaşadıqları, təsadüfən ya iştirakçısı, ya da şahidi olduğum hadisələr  və bir də ətrafdakı insanların olduqca qəribə, eyni zamanda müxtəlif reaksiyalarından ibarətdir. İnanın ki, uşağnı “qaçqın gəl bunu apar”, “səni qaçqına verərəm” kimi kəlmələrlə qaçqınla qorxudan zümrə  ilə yanaşı, “ona bax”, “adı qaçqındı” kimi ifadələrlə sanki, qaçqınların, köçkünlərin paxıllığını çəkirlərmiş kimi görsənən və bunu gizlətməyib yuxarıda qeyd olunan formada, bəzən daha açıq və net şəkildə biruzə verən bir təbəqəqə də formalaşıb. Bu tarixdir, bu danılmaz, gizlənilməsi mümkün olmayan faktdır, reallıqdır. Bu sətirləri ona görə yazıram ki, aşağıda yazacaqlarımın səmimiliyinə inanmağınız üçün daha münbit zəmin yaransın. Yəni, bundan sonra yazacaqlarım, çadırda yaşamamış, başqa-başqa idarə və müəssisələrin künc-bucağına sığınmamış, bu hadisələrdən əvvəl də, sonra da öz evində yaşamış şəxsin, vətəndaşın fikirləri, münasibətidir… Və əgər bu şəxs bu qədər əziyyət çəkir, sıxılırsa, gör indi digərləri nə çəkir… Bu çox çətin və məsuliyyətli məsələdir… Çadır məsələsi isə ümumiyyətlə əsl dəhşətdir…

KÖÇKÜN  (QAÇQIN) OLMAQ NƏ DEMƏKDİR?!

 “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz…”

                                                        Aqil Abbas

 Sadəcə bir insan kimi mənə çox maraqlıdır ki, “ÇADIRDA YAŞAMAQ DƏHŞƏTDİR” ifadəsi heç vaxt orada olmayan, ancaq, həmin vaxt Azərbaycanın  müxtəlif  bölgələrində  yaşamış və bu mənzərəni televizordan, mətbuatdan izləmiş yaşlı nəsil və ya indi internetdəki videolardan, fotolardan izləyən gənc nəsil üçün hansı anlam, məna kəsb edir… Neçə faiz əhalimizi bu məsələ düşündürür…

 Mən işin bütün maddi tərəfin bir kənara qoyub, sırf məni narahat edən mənəvi tərəfindən, əsl zərbədən danışacam. Halbuki, maddiyyət də önəmlidir. Məsələn, üç evi, iki maşını, normal işi – gəliri olan adam qəfil maşını əzib iki min manatlıq xərcə düşındə və ya heç nə olmasa da yol polisi adicə kəmər vurmamağın üstündə saxlayıb cərimə yazanda, içində beş-on manat olan cüzdanı itirəndə, hətta nəxənək köhnə  tanışlara ürcah olanda hansı hissləri keçirdiyimiz hamımıza yaxşı məlumdur… O ki, qaldı yüz – iki yüz il ərzində, (beş yüz ilə gedib çıxanlar da var) dədə – babanın qurub – yaratdıqları, əkib – becərdikləri, stabil həyat tərzi sehirli nağıllarda olduğu kimi qəfil bir hərəkətlə yoxa çıxır və sən barlı-bəhərli meyvə ağaclarından ibarət olan, qara kölgəli bağlarla əhatə olunmuş, bütün şəraiti olan ən azı iki yüz kvadrat metrlik, iki mərtəbəli daş evdən qəfil düşürsən heç bir şəraiti olmayan çölün düzünə… Sağ olsun yenə xeyirxah insanlar gətirib çadır verirlər ki, al Gün başına vurmasın və sən düşünürsən ki, bu gündən sənin, ailənin evi bu çadırdı… Yalnız üstünü örtən, altında və içində heç nə olmayan çadır…  İndi düşünün görək qızın otağı ayrı, oğulun otağı ayrı, qocanın otağı ayrı, hətta ildə-ayda bir dəfə gələcək qonağın da otağı ayrı qurulu şəkildə “üst ev”- də həmişə hazır gözləyən bu kişi, doqquz  baş külfətlə bu çadır – evdə nə edəcək… Həm də illər boyu… Bu barədə kifayətdir… “Arifə bir işarə bəs eylər.” Həm də şükür Allaha bu məsələ demək olar ki, ölkəmizdə həll olunub. Maddiyyətin o qədər də önəmli olmamasının bariz nümunəsi elə budur. Dünya bizə qədər də nə müharibələr, nə dağıntılar görüb… İndi bəh-bəhlə gedib gəzdiyimiz Avropa şəhərlərinin əksəriyyəti ötən yüz il ərzində neçə dəfə dağılıb, tikilib… Burda da yenə pis-yaxşı hamının evi oldu… O yerlərdən gələn mal-qara  heç bir neçə ay da davam gətirə bilməyib, tələf olsa da insanlar yaşamağa davam etdilər… Ancaq necə?!  Çadırlar, qaçqınlıq, köçkünlük nələri aldı bizdən?!

GEDƏR-GƏLMƏZƏ GEDƏNLƏR-İTİRDİKLƏRİMİZ:

Yalnız bir kəndin (Ağdam rayon, Yusifcanlı kəndi) timsalında itirdiyimiz  bir-neçə çox vacib dəyərləri  Sizlər üçün sadalamağa çalışacam:

  • Ən birinci ağayanalıq demək olar ki, əriyib getdi.
  • İkinci bəlkə də min illiklər boyu formalaşmış ailə mədəniyyəti, ailədaxili intizam, böyük-kiçiklik yox oldu. Bu Sizə adi məsələ kimi görünə bilər, ancaq əslində çox ciddi problemdir ki, fəsadları artıq özünü göstərir. Ailədə ən azı beş – altı uşaq olanda böyük bacı, böyük qardaş münasibətləri çərçivəsində valideynlərə və ya valideynə elə də yük düşmür sonbeşikdən ailə başçısına qədər hər kəs öz yerini və işini bilirdi. İndi bir-iki uşaq olan ailədə bu qaydada təbii öz yerini tutma prosesi getmədiyinə görə valideynlər çox yüklənir, əziyyət çəkirlər. Uşaqlar isə normal təbii mühitdə böyüyüb inkişaf etmədiklərinə görə olduqca müxtəlif problemlər, hətta bəzən xəstəliklər (psixoloji) lə üzləşirlər.
  • Üçüncü, bu artıq dəqiq minilliklər ərzində formalaşmış olduqca unikal Yazı – İlk Baharı qarşılama adətidir – Bahar bayramı, Novruz bayramı – biz ona “Qarqara çıxılan gün” deyirdik. Bu bir aydan artıq davam edən və sonda martın iyirmi birinci günü Qarqara çıxmaqla yekunlaşan olduqca möhtəşəm rejissoru da, aktyoru da kənd sakinlərindən ibarət olan möhtəşəm bir tamaşa idi… Bu barədə  “Qarqara çıxılan gün” kitabında ayrıca yazılıb.
  • Və nəhayət toy və yas adətləri…

Bütün maddi itkilərin yeri dolsa da, mənəvi sərvətlər bir dəfəlik yox oldu… Yaxın on il ərzində  qayıtmaq mümkün olsa Bayram, toy, yas adətlərin bərpa etmək olar. Ancaq, daha gec olsa bu mümkün olmayacaq…

QAÇQIN-KÖÇKÜN OLMAQ NƏ DEMƏKDİR?!

Olduqca qısa yazmağa çalışdığım, bütün yuxarıda sadaladıqlarımın hamısı  sonda yazacağım bir cümlənin tam səmimi olduğuna Sizi inandırmaq üçün idi. O cümləni yazmazdan əvvəl bir daha fikrimi əsaslandırmağa çalışacam. 2002 – ci ildən  Bakı şəhəridə yaşayıram, heç vaxt maddi çətinliyim olmayıb (ümumiyyətlə qayıtmaqdan başqa həyata keçməmiş heç bir arzum yoxdur, şükür Allaha…) . Əvvəlcə bir müddət kirayədə, sonra isə öz evlərimdə yaşamışam. Bu müddət ərzində Bakı şəhəri, Yasamal rayonu daxilində üç dəfə evimi dəyişmişəm və hər dəfə yeni təmirli evlərə köçmüşəm. Tam şəraitli, bütün rahatçılığı olan evlər olub. Ancaq, o evin heç birində həyətimizdəki zoğal ağacının altında qoyulmuş taxtın üstündəki kimi bircə dəfə də olsun rahat yata bilməmişəm… Qaçqın-köçkün olmaq öz evində qonaq kimi yaşamaqdır… Evləri dəyişsən də, illər ötsə də bu hiss dəyişmir… Qayıdacağın günü gözləyirsən…

QEYD

 Əziz oxucum, ilk öncə sona qədər həmsöhbət olub, bu sətirləri oxuduğunuza görə təşəkkürümü bildirirəm.  Sonra isə Sizinlə ən məhrəm bir məsələni bölüşmək istəyirəm. Hərdən özümə təskinlik vermək üçün belə fikirləşirəm ; “a kişi elə bil ki, sən də cammat kimi kənd-kəsəyini qoyub köçmüsən Bakıya, yaşa də…” Ancaq, elə o andaca bir uğultu burğu kimi adamın beyninə işləyir; “axı elə deyil…”

22.07.2019. Bakı ş.

Müəllif: Zaur Ustac

QEYD:

Bu yazı müxtəlif saytlarda yayımlanmaqla bərabər müəllifin “YARADANLA BAŞ-BAŞA” və adlı kitabında müstəqil məqalə kimi yer almışdır.

Bundan əlavə “ƏDALƏT” qəzetinin N:125 (5589) 23 iyul 2019 – cu il sayında dərc olunmuşdur.

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – SÖZ…

SÖZ MÜQƏDDƏSDİR

Dostum, kəmənd ilə tutmazlar sözü,

Cələ qur, dilinə qoy özü düşsün…

Oynama, qələmlə huydurma – ağac,

Elə tut, əlinə qoy izi düşsün…


Qələm müqəddəsdir, müqəddəsdi söz,

Onların nazın çək, möhnətlərə döz,

Gör, sənin ağzına baxır neçə göz,

Qələmlə uslu ol, qoy üzə düşsün…


Gəldin bu aləmə, ərkanı gözlə,

Yaxşı bax ətrafa, dövranı izlə,

Ustac əmanəti, aram ol sözlə,

Qələmlə elə yaz, qoy izi düşsün…

01.05.2017. Şamaxı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

Aygün Sadiq – Öyrət

ÖYRƏT

Bu necə vidadır? Bu nə cür sonluq?
Ömür xəsis imiş, taleyimiz sərt,
Arxanca ağlamaq fürsətim də yox,
Bu da mənim üçün ayrıca bir dərd…
Mənə sənsizliyə dözməyi öyrət.

Utansın uzaqda o acgöz məzar,
Üşüyən ruhumun şikayəti var,
Dünyam qaranlıqdır… Dünyam mənə dar,
Girdi aramıza ömürlük həsrət,
Mənə sənsizliyə dözməyi öyrət.

Bu ölüm taleyin hədiyyəsimi?
Sənsizlik ömrümün məngənəsimi?
Söylə, duyursanmı mənim səsimi? 
Daha dünyamıza çəkilibdir sədd,
Mənə sənsizliyə dözməyi öyrət.

Məni bu dünyada kimə buraxdın?
Sən ki varlığınla mənə dayaqdın,
Canımı acıtdın… Odlara yaxdın,
Ağlıma gəlməzdi belə bir dəhşət…
Mənə sənsizliyə dözməyi öyrət.

Ay ürək pənahım, bu, olmadı heç…
Hələ xoşbəxtliyim doğulmadı heç,
Mənim göz yaşıma baxılmadı heç,
Tale önümüzə qoydu ağır şərt…
Mənə sənsizliyə dözməyi öyrət.

Saçım xatırlayır barmaqlarını,
Dodaqlar son öpüş yadigarını…
Beləmi saxladın etibarını?
Nə tez dönük çıxdın, ay əziz namərd!
Mənə sənsizliyə dözməyi öyrət.

Birgə sabahların xatirəsini,
Ən son danışığı, məmnun səsini,
Ürəyin dəlicə özləməsini…
Daha gizlətməyə məcburam, əlbət,
Mənə sənsizliyə dözməyi öyrət.

Bütün sevinclərim sənlə gedir, bax, 
Hələ görməmişdim ölüm bu sayaq,
Ruhum vəfat etdi… Vücudum oyaq,
O da gedişinə yas tutur bədbəxt…
Mənə sənsizliyə dözməyi öyrət.

Müəllif: Aygün Sadiq

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NAİBƏ YUSUBLU

tanınmış şairə naibə yusublunun dünyaya baxışı

HƏYAT…

Həyat çəpik çalır öz ahənginə,
Fikirlər oynayır söz ahənginə,
Uyuruq yalanın yüz ahənginə
İmandan xəbərsiz, dindən xəbərsiz.

Nəfsimiz süfrədə keçdikcə başa,
Ürək sinəmizdə çevrilir daşa,
Qənim kəsilirik qohum-qardaşa
Zamandan xəbərsiz, gündən xəbərsiz.

Hər ağac kölgəsin çəkib dibinə,
Altında görünmür nə köç, nə binə,
Əlimiz uzanır xalqın cibinə
Milyondan xəbərsiz, mindən xəbərsiz.

Torpağı əkəni nadan sayırıq,
Haqqı istəyəndə yoldan cayırıq,
Bilmirik hansı növ alaq, çayırıq
Şeytandan xəbərsiz, cindən xəbərsiz.

Kaş qara qayğılar düşə düyünə,
Quruyan Kür, Araz sellə öyünə,
Naibənin qəlbi bir yol döyünə
Yalandan xəbərsiz, kindən xəbərsiz.

= = = =

NƏDƏN…

Nədən oğrun-oğrun izimdə itib,
Kədər salxım-salxım gözümdə bitib?
Nəşənin, sevincin sonumu yetib?
Ya dərdlər, ələmlər yetirib məni?

Dərdlər qoca, dünya xoca dünyadı,
Sinəm körük, dilim baca, dünyadı,
Haqqa nəhslər bu gün uca, dünyadı,
Dilə bəxtikəmlər gətirib məni.

Fələyin işinə heyranam özüm,
Nədən mürgüləyir, yumulur gözüm?
Sızlayır kül altda qaralan közüm:
-Tanrı yanmaq üçün bitirib məni.

Görün kimlər dağda-düzdə boy verdi?
Artdı dərdlərimiz, söz də hoy verdi.
Naibə, qurbanlıq neçə soy verdi
Ağılar mülkünə ötürüb məni?
16.07.2017

= = = =

GÜNLƏR…

Günlər ayı qovur, aylar illəri,
Özümdən ilbəil uzaqlaşıram…
Aqillik ömrünə çatsa da yaşım,
Bilmirəm, nə üçün uşaqlaşıram?

Güllü don gəzirəm geyinmək üçün,
Gülüşüm səbirsiz deyinmək üçün,
Ağ-qara dünyada öyünmək üçün,
Bəzən uşaq kimi şıltaqlaşıram.

Ayları əlimə yığıb qaçıram,
İllərin dalınca quştək uçuram,
Ömür boğçasını gizli açıram,
Körpə xəyalımla cırmaqlaşıram.

Uzaqdan əl edir mənə gəncliyim,
Sürüşür əlimdən körpə dincliyim,
Yapışır yaxamdan kür nadincliyim,
Sıxılıb bir küncə bucaqlaşıram.

Ağardır dişini dörd qara divar,
Xəyal köhləninə olmuşam süvar,
Gözləyir qapıda əbədi çapar,
Bax onda əcəllə qucaqlaşıram.
17.07.2017

Müəllif: NAİBE YUSUBLU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – OLSUN

OLSUN

Bir ümid işığı yandı bu axşam,

Cırtdan tərəfindən görülən olsun…

Gecənin bağrında zərrə bəsimdi,

Yetər ki, sonadək sürülən  olsun…

* * *
Bu əllər uzanıb haçandıır sənə,

Bir iriz, bir cığır, yol  göstər  mənə,

Gələrəm, baxmaram; uzuna, enə,

Lap elə, Musaya verilən olsun…

* * *

Qoy keçsin səhradan, ya da meşədən,

Yarağım, əsləhəm; qələm, tişədən,

Ruhuma qida ver, görklü rişədən,

Qoy daşdan, qayadan sorulan  olsun…

* * *

Qoy, dahi Nəsimi olsun yoldaşım,

Xətai qoy olsun, mənim qəmdaşım,

Nadiri, Qacarı eylə sirdaşım,

Dostum dost yolunda dirilən olsun…

* * *

Ustacam, dilimdə şükür bitibdi,

Daim dualarım Sənə yetibdi,

İndi bu qulunun səmti itibdi,

Nişan ver, bir yana  varılan olsun….

20.05.2019. Bakı. (01:36 – 22’)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru