Professor Qəzənfər Paşayev

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün ( 27 avqust 1937 ) Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, Azərbaycan ədəbiyyarşünası, folklorşünas, publisist, dilçi, yazıçı, tərcüməçi, Filologiya elmləri doktoru, Professor Qəzənfər Paşayevin doğum günüdür. Ad gününüz mübarək, Qəzənfər müəllim. Uca Yaradandan Sizə can sağlığı, uzun ömür və bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik.

QISA ARAYIŞ

Qəzənfər Məhəmməd oğlu Paşayev 27 avqust 1937-ci ildə Tovuz rayonunun Düz Qırıqlı kəndində doğulub.

1962-ci ildə Bakıda Azərbaycan Dövlət Pedoqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirib. Üç ay kənd məktəbində müəllim işlədikdən sonra İraq Respublikasında tərcüməçi işləməyə göndərilib. Müxtəlif fasilələrlə üç dəfə İraqda tərcüməçi və ali təhsil aldığı institutda baş laborant, müəllim, dekan müavini, kafedra müdiri işləyib. 1990-cı ildən isə M.Rəsulzadə adına Bakı Dövlət Universitetində xarici dillər kafedrasının dosenti və kafedra müdiri işləməyə başlayıb. İraq Türkman folkloru mövzusunda doktorluq dissertasiyası müdafiə edib. «Kərkük bayatıları» (1968), «Arzu-Qənbər dastanı»(1972), «İraq kərkük atalar sözləri»(1978), «İraq kərkük bayatıları» (1984), «Kərkük tapmacaları»(1984), «Kərkük folklor antologiyası» (1987), «Nəsiminin İraq divanı»(1987), «İraq Türkmən folkloru» (1982), və b. kitabları nəşr edilmişdir. A.Dümanın «Qafqaz səfəri», «Necə yaşayasan yüzü haqlayasan» və b. kitabları Azərbaycan türkcəsinə çevirən Qəzənfər Paşayevə böyük uğur qazandıran «Altı il Dəclə və Fərat sahillərində» kitabı oxucular arasında əl-əl gəzdi. Bu kitab Qəzənfər müəllimin bacarıqlı pedaqoq, zəhmətkeş alim olmaqla yanaşı şirin dilli bir publisist olduğunu da ortaya qoydu.
Azərbaycan Dillər Universitetinin ingilis-Azərbaycan dilləri fakültəsini bitirmişdir (1962).

İraqda tərcüməçi işləmiş (1962-1966; 1972-1975), burada yaşayan və sayı təqribən 2,5 mln-a çatan azərbaycanlıların (İraq türkmanları) dialekt və folklorunun toplanması və araşdırılması ilə məşğul olmuşdur. “Azərbaycan dilinin Kərkük dialekti” mövzusunda namizədlik (1969), “İraq Türkmən folkloru” mövzusunda doktorluq (1993) dissertasiyaları müdafiə etmişdir. 1964-1989-cu illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunda (1973-cü ildən M.F.Axundov adına APİ) fəaliyyət göstərmiş, institututun ingilis dili fakültəsində dosent, dekan müavini (1970-1971), xarici dillər kafedrasının müdiri (1972-1989) olmuşdur. ABŞ (1983) və İngiltərədə (1988) ixtisasartırma kurslarını bitirmişdir. 1989-1999-cu illərdə BDU-nun Qərbi Avropa dilləri kafedrasında çalışmışdır.

Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində şöbə müdiri (2001-2005),eyni zamanda 2003-ci ildən Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçidir. Ədəbi-elmi fəaliyyətində İraqda yaşayan azərbaycanlıların – İraq türkmanlarının ədəbi-mənəvi yaradıcılığının tədqiqi və təbliği xüsusi yer tutur. Paşayevin elmi fəaliyyətinin zirvəsi onun “İraq-türkman folkloru” adlı monumental əsəridir. Ə.Bəndəroğlunun “Şah əsər”, prof. M.Naqibin “Abidə bir əsər” başlıqlı məqalələr həsr etdikləri, müəllifin 20 illik axtarışlarının məhsulu olan bu monoqrafiya Bakıda, Bağdadda və İstanbulda nəşr edilmiş, Azərbaycanda və xaricdə tədqiqatçıların diqqət mərkəzində olmuşdur.

Q.Paşayev “Ədəbiyyat” qəzetinin (1995-ci ildən), “Vəfa” (2004-cü ildən), “Folklor və etnoqrafiya” (2004-cü ildən), “Xəmsə” (2002-ci ildən), “Qopuz” (2005-ci ildən) jurnallarının, Nizami adına Ədəbiyyat İnstitutunun «Ədəbi-nəzəri məcmuə» sinin redaksiya heyətinin üzvüdür. 1994-cü ildən Nizami adına Ədəbiyyat İnstitutu nəzdində müdafiə Şurasının üzvüdür. 1997-2005-ci illər arası həmin şuranın həmsədri olub.Pedaqoji və elmi kadrların hzırlanmasında xidmətləri vardır. Rəhbərliyi ilə namizədlik dissertasiyaları müdafiə edilib. Onlarla doktorluq və namizədlik dissertasiyaları üzrə opponent olub. Bir çox dərslik və monoqrafiyaların redaktoru və ya rəyçisi olmuşdur.

Uzun müddət Azərbaycan–İraq Dostluq Cəmiyyətinin sədr müavini (1990-2003) olmuşdur. Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Elmi-Dini şuranın yarandığı 1997-ci ildən üzvüdür. 2004-cü ildən Yazıçılar Birliyinin Təftiş komissiyasının sədridir.Azərbaycanda: akademiklər: Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev, Teymur Bünyadov, akademiyanın müxbir üzvləri: Yaşar Qarayev, Vasim Məmmədəliyev, Tofiq Hacıyev, Azad Nəbiyev, Nizami Cəfərov, Filologiya elmləri doktorları, professorlar: M.Təhmasib, Qasım Qasımzadə, Vaqif Vəliyev, Musa Adilov, Murtuz Sadıxov, Əzizə Cəfərzadə, Zeydulla Ağayev, Sədnik Paşayev, Gülrux Əlibəyli, Qəzənfər Kazımov, tibb e.d. Mehdi Sultanov və başqaları, o cümlədən də xarici ölkə alimləri Ə.Tərzibaşı, Ə.Bəndəroğlu, f.e.n. Sinan Səid, M.Xurşid, prof. Mahir Naqib, prof. Sübhi Saatçı, M.T.Qayaçı, E.Hürmüzlü (İraq), prof. Mustafa Arqunşah, prof. Cəlal Ərtuq, prof. İsa Özgan, Kamal Çapraz, İsa Qayacan, dosent dr. T.Abbasxanlı və b. (Türkiyə) Paşayevin tədqiqatlarını yüksək qiymətləndirmiş, onun yaradıcılığına sanballı məqalələr həsr etmişlər.

Paşayev 1995-ci ildə öz vəsaiti hesabına Nizami adına Ədəbiyyat İnstitutunun Folklor Elm Mərkəzində İraq Türkman Ocağı muzeyi yaratmış, İraqda yaşayan azərbaycanlıların ədəbiyyatı və mədəniyyəti ilə bağlı olan son otuz ildə topladığı şəxsi əşyaların (o cümlədən incəsənət əsərləri), əlyazmaların, elmi mənbələrin, kitabların hamısını burada cəm etmişdir.

2001-ci ildə ocağın kolleksiyası Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyinə köçürülmüş və ayrıca bir zalda “İraq-türkman ədəbiyyatı və mədəniyyəti” daimi ekspozisiyası açılmışdır.İraq Respublikasının “Əməkdə şücaətə görə” medalı ilə təltif edilmiş (1876), Kərkük vəqfinin (1999) və türkman cəbhəsinin (2003) diplom və yüksək mükafatlarına layiq görülmüşdür.Paşayevin həyat və fəaliyyətindən bəhs edən “Bu sevda ölüncədi” (2001), “İraq bizə iraq deyil” (2002) və s. kitablar nəşr edilmiş, şair H.Kürdoğlunun “Tovuzum mənim, Oğuzum mənim” poeması (1998) Paşayevə həsr olunmuşdur.

2018-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.

Mükafatları

  • SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin (30 may 1980) və SSRİ-nin İraqdakı səfirliyinin (15 may 1974) Təşəkkürnaməsini alıb.
  • İraq Respublikasının “Əməkdə şücaətə görə” medalına layiq görülüb (1976).
  • SSRİ Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif edilib (28 aprel 1982),
  • Xarici dillər kafedrasının müdiri işlədiyi M.F.Axundov adına Pedaqoji İnstitutun Fəxri diplomu ilə təltif edilib (1980, 1982, 1985).
  • SSRİ Nazirlər Sovetinin Xarici İqtisadi Əlaqələr Komitəsinin Fəxri fərmanı ilə təltif edilib (23 iyul 1994),
  • Respublika Həmkarlar İttifaqının Fəxri fərmanına layiq görülüb (1997),
  • Kərkük Vəqfinin (1999), Türkman Cəbhəsinin (2003) ödüllərini alıb. Respublika Həmkarlar Təşkilatının “Qızıl qələm” mükafatına layiq görülüb (2001).
  • Səudiyyə Ərəbistanının Mədəniyyət Nazirliyinin ödülünü alıb (2007).
  • Ədəbi fəaliyyətinə görə Beynəlxalq “Rəsul Rza” mükafatını alıb (2008).
  • Türk Dil Qurumunun Fəxri diplomuna layiq görülüb (2008).
  • İraq və İraq-türkman Yazarlar Birliyinin Fəxri fərmanı ilə təltif edilib (2012).
  • “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin Təşəkkürnamə diplomuna layiq gürülüb (2013).
  • Nizami adına Ədəbiyyat İnstitutunun Həmkarlartəşkilatının “Fədakar alim” diplomu ilə təltif edilmişdir (2012).
  • Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib (25dekabr 2012).
  • 2018-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür

Əsərləri
“Kərkük bayatıları”, Bakı, “Azərnəşr”, 1968 (Rəsul Rza ilə birgə), 184 s.

“Arzu-Qəmbər dastanı”. Bakı, “Gənclik”, 1971, 32 s.

Kərkük mahnıları. Bakı, “Gənclik”, 1973, 48 s.

“Rusca-ərəbcə danışıq kitabı”. Bağdad, 1974.

İraq-Kərkük atalar sözləri. Bakı, “Azərnəşr”, 1978, 76 s.

“İngiltərə haqqında” (ingiliscə). Bakı, APİ nəşriyyatı, 1982, 128 s.

İraq-Kərkük bayatıları. Bakı, “Yazıçı”, 1984, 352 s.Kərkük tapmacaları. Bakı, “Gənclik”, 1984, 38 s.

”Altı il Dəclə-Fərat sahillərində”. Bakı, “Yazıçı”, 1985, təkrar nəşr, 1987, 230 s. Altı il Dəcdə-Fərat sahillərində, Bağdad, 1996 (ərəbcə), 128 s.

Nəsiminin İraq Divanı. Bakı, “Yazıçı”, 1987, 337 s.

Kərkük folkloru antologiyası. Bakı, “Azərnəşr”, 1987, təkrar nəşr, 1990, 368 s.

“Göylər unutmuşdu yağacağımı” (1991) – tərtibçiİraq-Türkman folkloru. Bakı, “Yazıçı”, 1992, 216 s.

İraq-Türkman folkloru, Bağdada, 1995, 160 s.

İraq-Türkman folkloru, İstanbul, 1998, 320 s.

Rusca-ərəbcə danışıq kitabı. Bağdad, 1994, 98 s.

Azərbaycan folkloru antologi yası. İraq-Türkman cildi (Ə.Bəndəroğlu ilə birgə), Bakı, 1999, 468 s.

Çağdaş İraq şerindən seçmələr. Bakı, “Elm”, 2001 (Ə.Bəndəroğlu ilə birgə) 108 s.

“Yolun sonunadək” (2001) – tərtibçiKərkük dialektinin fonetikası. Bakı, “Elm”, 2003, 212 s.

İraq-Türkman folklorunun janrlar sistemi (rusca), Bakınəşr, 2003, 128 s.

”Kərkük folklorunun janrları”. Bakı, “Elm”, 2003, 318 s.

İraq-Türkman ləhcəsi (ortaqlı), “Elm”, 2004, 422 s.

”Nostrdamusun möcüzəli aləmi”. Bakı: Təhsil, 2007.

”Nəsimi haqqında araşdırmalar”. Bakı: “Qarabağ”, 2010.

”Borcumuzdur bu ehtiram”. Bakı: Qarabağ, 2010.-199, s.

”Dilimiz – varlığımız”. Bakı: “Ozan”, 2011.

İngiltərənin tarixi, coğrafiyası və mədəniyyətindən bəhs edən “İngiltərə haqqında” (1981, ingilis dilində) adlı kitab, eləcə də ingilis filologiyasına dair onlarca elmi məqalə yazmışdır.ABŞ, İngiltərə, İraq, Türkiyə, Rusiya, Özbəkistan, Qazaxıstan, Gürcüstan və s. ölkələrdə keçirilən elmi simpoziumlarda məruzələr etmiş, elmi məqalələri çap olunmuşdur.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aysel Xanlarqızı Səfərli

Aysel XanlarqIZI SƏFƏRLİDƏN BİR ŞEİR

MƏNİM KİMİ…

Nə qədər ağrısan da 
Ağrıya bilməzsən
Mənim kimi..
Zərif çiyinlərimdə
Daşıdığım qayğı yükü
Yalnızlığınla damğaladı gecələrimizi.
Qızım telefondakı mesajlarda “darıxıram” sözünü yazmağı öyrəndi ilk…
Oğlum kağızdan təyyarə düzəldib uçururdu
Otaqboyu…
Hava limanına döndərmişdi evimizi.

Hə, bir də
Mən ata olmağı da öyrənmişəm 
Sən uzaqdaykən..
Öz atasızlığımı da 
Uşaqlarımın sənin qürbət qoxulu sevginə büküb…

Axşamlar
Yorğun 
Addımlarım evin kandarında
Əlimdəki torbaların ağırlığına acıyıb
Qapı döyür 
yerinə,
Sabahlar isə həsrətinə
Bir fincan çay süzüb,
Ana oluram,
Məktəblilərimin saçlarına sığal çəkib….

Sən qazanc dalıyca gedərkən,
İçimdəki ağrıları
Kirayə evimizin
Darısqal künclərinə
Boşalda bilməmişdim…
Hər özəl günümüz yoxluğunla təqvimlənmişdi…
Eh,unutdum,
Gələcəyin hansısa bir gününə
Ümid işarələmişdim….

İndisə
Ömür düyünlənib
Boğazımda…
Bilirsən?
Yerlər intihar edir
Ayağım altda…
Bir boş yer qalıb
Dar ağacında…
Yerimə bir az da sən “ana”
Olmağı öyrən…
Çıxıb getməyim gəlir bu həyatdan..
Sənsiz ölərəm dediklərimiz
Gedəndə
ölə bilmədik,
Uzaqdan uzağa
xoşbəxt ola bilmədik…

Müəllif: Aysel Xanlarqizi Safarli

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Min şükür

MİN ŞÜKÜR…

Bir yaqut gizlidi sədəf dalında,

Misli yox ölçülə sərraf dalında,

Min kəlmə şəlləyib əlif dalında,

Dildən dilə gəzdirənə min şükür…

* * *

Dədəm, babam nəğmə deyib, söz qoşub,

Kəsə gedib, doğru deyib, düz qoşub,

Məclis qurub, min oxuyb, yüz qoşub,

Teldən telə gəzdirənə min şükür…

* * *

Ustac deyər, hardan gələr bilinməz,

Ha deyilə, yeri dolar bilinməz,

Gülər gözdən qəm süzülər bilinməz,

Eldən elə gəzdirənə min şükür…..

20.10.2016. 12:57 (16’) Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Abdulla Qurbani – Bir şeir

ABDULLA QURBANİ HAQQINDA

QISA ARAYIŞ:

Abdulla Qurbani 1956-cı ilin dekabrında Şərur rayonunun Mahmudkənd kəndində anadan olub. 18 ilə yaxın Mədəniyyət Nazirliyi sistemində məsul vəzifələrdə çalışıb. 1993-cü ildə Şərur rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsindən könüllü olaraq cəbhəyə yollanıb. Murovdağ uğrunda ilk döyüş əməliyatlarına qoşulan A.Qurbani sıravi əsgərdən “polkovnik” rütbəsinədək yüksəlib. Xidmətləri ölkə rəhbərliyi tərəfindən həmişə yüksək qiymətləndirilib. Prezident  sərəncamları ilə” Vətənə xidmətə görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və digər orden-medallarla təltif olunub. Vətən və xalq qarşısında müstəsna xidmətlərinə görə Prezidentin fərdi təqaüdünə, Azərbaycan incəsənətinin, mədəniyyətinin inkişafında, ölkədə hərbi vətənpərvərliyin təbliğində, Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi- psixoloji hazırlığının yüksəldilməsində xidmətlərinə görə Əməkdar İncəsənət xadimi və Naxçıvan MR-in Əməkdar mədəniyyət işçisi fəxri adlarına layiq görülüb.

BİR ƏLDƏ QILINC, BİR ƏLDƏ QƏLƏM:

Hərbi vətənpərvərlik mövzusunda 100-dən çox kitabın, yüzlərlə məqalənin, 200-dən çox hərbi marş və vətənpərvərlik mahnılarının sözlərinin müəllifidir. Poemaları əsasında bir çox televiziya tamaşası hazırlanıb, rekviyem-oratoriya, simfonik poema yazılıb. “Türk sancağı”, “Daş andı”, “Şahnaz muğamı”, “Gənclik bir də qayıtmır” pyesləri tamaşaya qoyulub. Respublikanın müxtəlif bölgələrində, eləcə də paytaxt Bakıda təşkil olunan onlarla teatrlaşdırılmış kütləvi mərasimin senari müəllifi və quruluşçu rejissorudur. Möhtəşəm hərbi paradlara aparıcılıq edib, Qarabağ müharibəsinin iştirakçısıdır.

Abdulla müəllimə uzun ömür, can sağlığı, xidmətdə və yaradıcılıqda müvəffəqiyyətlər arzu edirik. İnşəallah zəfər marşımızı yazmaq qismətiniz olsun…

ABDULLA QURBANİDƏN BİR ŞEİR:

ŞƏHİD ANASI

Çıx yollara, əziz ana,
Qarşıla igid balanı.
Son layla çal mərd oğluna,
Qarşıla ciyərparanı.

Şəhid olub, şəhiddir o,
Şəhidlər ölməzdir, ana.
Gəl südünü halal elə
Nər cüssəli ər oğluna.

İntiqamı alınacaq
Ordu, millət səfərbərdir.
Bu torpağı Vətən edən
Anar kimi şəhidlərdir,

Onun kimi igidlərdir…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru


RAMİZ DUYĞUN

Ramiz DuyğuN – MƏLİKOV RAMİZ MƏMMƏD OĞLU

QISA ARAYIŞ

Ramiz Duyğun 1938-ci il fevralın 10-da Azərbaycanın Əli Bayramlı (indiki Şirvan) rayonundakı Güdəcühur kəndində anadan olmuşdur. Burada ibtidai, Axtaçıda yeddiillik məktəbi bitirmişdir (1945-1952). Bir il kolxozda işləmişdir. Əli Bayramlı şəhərində orta təhsil almışdır (1953-1956). N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir (1956-1962). Şimali Qafqaz hərbi dairəsində müəyyən kurs keçdikdən sonra Belorusiya hərbi dairəsində (1962-1971), sonra Zaqafqaziya hərbi dairəsində (1971-1978) xidmət etmişdir. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun xüsusi hazırlıq kafedrasında müəllim (1978-1985), şöbə rəisi (1985-1990) olmuşdur.

Hazırda ehtiyatda olan tibb xidməti polkovnikidir. Bədii yaradıcılığa kiçik yaşlarından meyl göstərmiş, lakin ilk mətbu şeiri “Yaşa, Azərbaycanım” “Gəncliyin səsi” almanaxında dərc edilmişdir (1959). Bundan sonra dövri mətbuatda, radio və mavi ekranda müntəzəm çıxış edir. “Hünər” televiziya verilişinin müəlliflərindən biri və aparıcısıdır. Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işində fəal çalışır. Bədii tərcümə ilə də məşğul olur. “Vətən-beşiyim mənim” (1985) oçerklər məcmuəsinin tərtibçilərindən və müəlliflərindən biridir. “Əbədiyyətdən gələn məktub” mənzum pyesi mavi ekranda nümayiş etdirilmişdir (1977). “Ağ atlı oğlanın nağılı (iki hissəli) ssenarisi əsasında sənədli fılm çəkilmişdir (1985). Azərbaycan Ensiklopediyasında “Xatirə” kitabı redaksiyası rəhbərinin müavini vəzifəsində işləmişdir (1989-1991).

Hələ lap uşaqlıqdan “Hünər” verlişinin aparıcısı kimi tanıdığımız vətənpərvər şair-publisist Ramiz Duyğunun bu günə qədər

1.Vətən kimi şirin. Bakı: Yazıçı, 1983, 104 səh.

2.Vətən beşiyim mənim. Bakı: Azərnəşr, 1985, 150 səh. (şərikli)

3.Mənim unudulmaz məktəbim… Bakı: Yazıçı, 1986, 96 səh.

4.Göy üzü damar-damar. Bakı: Yazıçı, 1987, 134 səh. – kimi kitabları işıq üzü görmüşdür. Ramiz müəllimə can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayır, Sizi şairin söz dünyasına səyahətə dəvət edirik:

YOLUN YARISINDA

Uzaq yola çıxan qəhrəman əsgər,
Qapı arasında dayanmaq olmaz.
Zəfər dastanıdır yazdığın əsər,
Yolun yarısinda dayanmaq olmaz.

Busat sorağında yarın – yarağın,
Qamətin bükülməz, dizin əyilməz.
Mərmilərlə dolu döyüş darağın,
Sözünü demisən, sözün əyilməz.

Qarımış düşmənin anlayır artıq,
Düşüb əsməcəyə höyüşdür işi.
Qiyafəsi cırıq, dabanı yırtıq
Tüpürdüyü yeri yalamaz kişi.

Sən şah Xətainin layiq nəslisən,
Ulu öndərin pir, ulu tanrın pir.
Qəvi igidlərin özü, əslisən,
Yenilıməz Babəkin, comərd Babəkin,
Kəsik qollarını yadına sal bir…

Ötən hər günümüz tarix anıdır,
Ucadan deyim ki, dünya eşidir.
Mübariz dünənin qəhrəmanıdır,
Bu gün silah səndə söz səninkidir.
Qayıtmaz kamandan sıyrılan bir ox,
Nifrətin zirehlər doğrayan almas,
Geri qayıtmağa hüququmuz yox,
Yolun yarısında dayanmaq olmaz
Namərd daşnaklara verməyək aman,
Tülkü Qarabağda köhlən səyridir.
Dünya sənə baxır bu gün qəhrəman!
Yenilməzlik dəmi, mərdlik yeridir.
Aləm bizə baxır, vallah ayıbdır,
İrəli getməsən yağı basılmaz.
Baban yarı yoldan qayıtmayıbdır,
Yolun yarısından qayıtmaq olmaz.
Sonacan getməkdir oğulun işi…
Bu sözlər şairin döşünə yatmaz:
“Yolun yarısında dayanan kişi,
Heç zaman mənzilin başına çatmaz!”
Bu istək alçağın it qanındadır,
Dünyaya car çəkir əxlaqsız yağı:
“Qarabağ, Xankəndi, Şuşa torpağı,
Əbədi, əzəli Hayastanındır!”
Səbr də, bıçaq da, sümük də yanır,
Sümük yarasında dayanmaq olmaz!
Səbr də, bıçaq da sümükdə yanır,
Yolun yarısında dayanmaq olmaz.
İrəliyə qoşmaq, yurda qovuşmaq,
Sonuncu xanıma, xana, bəyədək!
Alovda, tüstüdə, qorda qovuşmaq,
Qovuşmaq sonuncu qələbəyədək!
Ağdam bu millətin qan yarasıdır,
Qarabağ Vətənin tən yarısıdır.
Şuşa xalqımızın can yarasıdır.
Xalqin yarasında dayanmaq olmaz!
Yolun yarısında dayanmaq olmaz
Yolun yarısında dayanmaq olma

QANA QAN 

(18 aylıq körpə Zəhraya ithaf olunur.)

Canlı insan qanına
Sən bu qədər susayasan,
Sən bu qədər acasan.
Gəlinciyilə oynayan körpə qıza
Artileriyadan, topdan,
Daha nədən
Belə atəş açasan…
Beşiyini, bələyini
Oda tutub qalayasan.
Yerdən bombalayasan,
Göydən bombalayasan.
Bunu ancaq erməni
Bəşəriyyət düşməni,
İnsanlığın düşməni
Bu cür edə bilərdi.
Ancaq dığa daşnakyan
Bu qərara gələrdi…
Azərbaycan kəndlisi
Evində, eşiyində
əkində, biçindədi.
Daşnaksa yırtıcıdı,
iki ayaqlı maldı,
buynuzu içindədi,
eybəcər, anomaldı…
Qulağı kar, qəlbi kardı.
Yaranışından xain,
Qəddar cinayətkardı.
Satqın, bicdi, yaltaqdı.
Minsifətli qorxaqdı.
Oğru, xain əzəldən
İnsanlığın adına,
Soyadına ağ olar.
Həm də ki, qorxaq olar.
Oğru, yaltaq erməni,
Xain, qorxaq erməni
İki yaşlı Zəhranın
Gəlinciyindən qorxub
Artileriyadan, topdan
Onu atəşə tutub…
Qardaş, başa düş məni,
Oğul, başa düş məni.
Bəşəriyyət düşməni,
Insanlığın düşməni
Dığa daşnakyan artıq
Lap çox uzağa gedib.
Çoxdan özü özünü 
Ölümə məhkum edib.
İnsanlığın böyründə
Yaman şişə çevrilib.
Haqq – ədalət naminə,
Tribunala verilib,
Məhkəməyə verilib…
Körpəcə Zəhramızın
Deyin, günahı nəydi?
Deyin, onun kimi var?
Bu torpağın qəlbində,
Bu millətin qəlbində
Dağlar boyda qəmi var.
Bütün cəhdlər, çabalar
Artıq əbəsdir, əbəs.
Daha bəsdir, bəsdir, bəs!
Gəl yolun kəsəsinə,
Qalx yolun qısasına.
Ordumuz şimşək çaxsın,
Yurdumuz şimşək çaxsın!
Zəhranın qisasına,
Boyük bir ordu qalxsın…
Ayağa qalx, Azərbaycan!
Qana qan!
Q!ana qan!

AZƏRBAYCAN ORDUSU
Süngün yağıların gözünə batır,
Yarandın haqq eşqi, haqq sevdasından.
Sakit qəzəbində şimşəklər yatır,
Yarandın xalq eşqi, xalq sevdasından.
Azərbaycan ordusu.
Qızıl bayrağında günəşin odu,
Atandır, anandır bu odlar yurdu.
Qarşında daşnaklar lal-mat qurudu,
Azərbaycan ordusu.
Mərhəmət məsləkin, ədalət andın,
Sən ancaq həqiqət eşqilə yandın.
Yağılar önündə dağtək dayandın,
Azərbaycan Ordusu.
Arxanca uzandı dualı qollar,
Qarşında sıldırım çınqıllı yollar.
Sıranda qranit qaya oğullar,
Azərbaycan ordusu.
Sənə yol göstərən cəsarətindir,
Arxanda dayanan mətanətindir.
Zəfər dastanları nəqarətindir,
Azərbaycan ordusu.
Başının üstündə parlar al danın,
Sınaq məktəbidir döyüş meydanın.
And yeri sən Ali Baş Komandanın,
Azərbaycan ordusu.
Bayraqdar hədəfi sərrast tuşlayır,
Yağının səfini əzir, xışlayır.
Qələbə yolların təzə başlayır,
Azərbaycan ordusu.
Önündə titrəyir, əsir dağ-dərə,
Qarşıda Fizuli, Ağdam, Ağdərə.
İmza atmalısan qələbələrə,
Azərbaycan ordusu.
Daşnakı sər yerə sən daraq-daraq,
Səpələ dağlara onu qıraraq.
Başın üstdə Günəş üçrəngli bayraq,
Azərbaycan ordusu.
Susmayıb gurlayır döyüş təbili,
Haqqın dərgahında millətin əli.
Zəfər yollarına güllər səpili,
Azərbaycan ordusu.
Dərələrdən yellən, yarğanları aş,
Kirs ilə tən dayan, Murova yaraş.
Dayanma Laçına, Şuşaya birbaş,
Azərbaycan ordusu.
Atəşi sönməsin qisas odunun,
Əsr-əsr qalxsın alovu onun.
Qəhrəman ordusu Odlar yurdunun – 
Azərbaycan ordusu.

İRƏLİ

Geriyə boylanma, irəliyə bax,
İrəliyə qoşan nicat tapacaq.
Təndirdə kösöytək yanır Qarabağ – 
Damarlar, sinirlər yaytək gərili,
İrəli, İrəli!
Hop ana torpağa qan hopmuş kimi,
Şığı kamanından ox qopmuş kimi.
Səngərdən-səngərə sıçra quş kimi – 
Qarabağ səngərdir dağlı-dərəli – 
İrəli, İrəli!
Ölümü tapdala, adla üzə dur,
Mərd oğul gülləni havada tutur.
Şəhid qardaşının əvəzində dur – 
Vur, fürsəti vermə cəngə girəli – 
İrəli, İrəli.
Zərbənlə dağları yerindən oynat,
Parçala yağının bağrını qanat.
Dığanı, daşnakı bir-birinə qat – 
Sən haqq əsgərisən məğrur, qürrəli – 
İrəli, İrəli!
Düşmən halayını poz, meydana gir,
Zəhmindən xainlər titrəsin tir-tir.
Qırdığını qırıb… əsir də gətir,
Dığalar bayılsın gözü bərəli,
İrəli, İrəli!
Hədyanlar danışıb qılınc oynatma,
Yuxun quş yuxusu… Səngərdə yatma…
Bircə gülləni də havaya atma,
Atəş! Düşmənlərin yerə sərili,
İrəli, İrəli!
Daşnaklar məkrli, əxlaqsız, yaman, 
Sərrast vur! O səndən görməsin aman.
Donuzun əcəli yetişən zaman…
Bilirsən… donuzlar muzdlu, kirəli,
İrəli, İrəli!
Vətənin qəlbində dərd kündə-kündə,
Vur, öldür iblisi, qır gündə-gündə.
Qələbə dalda yox!
Qələbə öndə!
Sən qoş irəliyə haylı, nərəli,
İrəli, İrəli!

Müəllif: RAMİZ DUYĞUN

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Şeytan…

“ŞEYTAN GİRİYƏ TUTUB” BİZLƏRİ…

“Şəhər fiziki yaxınlığın mənəvi uzaqlığıdır, 
Hamı doluşub bir avtobusa, hamı bir-birinə yaddır…”
Esad Cahangir

Soruşursan;
bunlar kimdir, nədir belə???
Bunlar havadan asılı,
Salafan torbadı, Qardaş…
Bunlar ayağa ilişən,
Plastik qablardı, Qardaş…
Daha dəqiq deyim Sənə,
Əgər, bir az yuxarıdan baxa bilsək özümüzə,
Boz çöllərdə, yayın günü
Yuvasıyla yem arası cığırında
Hey şütüyən qarışqadan fərqimiz yox…
O qarışqa;
Yüz qat bizdən şərəflidir…
Min qat bizdən dəyərlidir…
Onlar bizdən təbiidir…
Onlar bizdən səmimidir…
Öz yoluyla gedib-gəlir,
Mərdimazar olmayınca…
Uşaq vaxtı bəyənməzdim “gölə qələmsancan”-ları,
Yolda “oyun pozan” –ları,
Yazıq işçi qarışqanın;
Əppəyini əzənləri…
Cığırını pozanları…
Həp idəşib, dalaşardıq;
Qarışqaların üstündə…
İt arısı şanı tapıb, atardım kürəklərinə…
Heç ruhum da inciməzdi…
Günahdan uzaq qalardım…
Eşitmişdim belələrin;
Anaları qarğıyırdı səhər-axşam:
– “Dalıyın arası yansın”,
“Odlanasan”, mənim balam…
“İtdən olan”,
“Köpəkoğlu”, mənim bəlam…
Nəyi qoyub, hara getdik?
Dərd bir mi, iki mi, Qardaş???
Plasmaslara bürünmüş,
Möhkəm izalə edilmiş,
Dəmir qutu elementi olmuşuq biz…
Qarışqanın;
Yuvasıyla,
Yem arası cığırlarda qaldığı tək,
Daş qutular arasında,
Dəmir qutular içində,
Tor barama qurmuşuq biz…
Kələfin də ucu itib,
Əyrilmişik,
Üyülmüşük,
Çoxdan suyu süzülmüşük,
Qaxacımız çıxıb bizim…
Ayaq üstə ölmüşük biz…
Heç sevmirəm;
Qara yolda, 
Bu qırmızı “ka-bus”-ları…
Qələm sancmaq istəyirəm,
Onların üzdüyü gölə…
Hə Qardaşım;
Daş qutular arasında,
Dəmir qutular içində bitir zaman…
Adəmdən əsər qalmayıb, itir insan…
Daş qutular bir məhbəsdir;
Çoxu da cəhənnəm deyir…
Xaraba deyənlər də var…
Dəmir qutu;
Uçan xalça,
Cinli lampa,
Sirli torba…
Bəy otağı,
Bəzən də cəllad kötüyü…
Kimə necə sərf eləyir,
Kiminə “Sirat körpüsü”,
Kimə cənnətin özüdü…
Neçə-neçə Ata sözü,
Anaların nəsihəti,
Həyat bulur bu qutuda;
Nə qədər körpü qurulur,
Ev yıxılır bu qutuda…
Bu qutular dünyamızdan alıb bizi,
Canımızdan ayrı qoyub,
Ruhumuzu perik salıb,
Tikan üstdə qouyb bizi…
Taqqataqlı, guppaguplu dəmir qutu,

Təmtaraqlı, saray kimi;

Zırhazırlı, ax-vay dolu,

Daş qutular yorub bizi…
Aldanmışıq;
Nəfsimizə qul olmuşuq,
Yaradanın dərgahından qovulmuşuq…
Tanrı unudub bizləri…
Şeytan tutubdu giriyə,
İtibdi Haqqın izləri…
02.10.2018. Bakı. (14:29 – 39’)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – 14 – cü yazı

ON  DÖRDÜNCÜ  YAZI

    QƏLƏM   HAQQI  VƏ  YA  MÜRƏKKƏB  PULU

                                   (HESABAT)

Salam, dəyərli oxucum… Uca Yaradana  şükürlər olsun ki, Bizə qarşı çox səxavətlidir və hər dəfə Sizinlə  yeni görüşə gələndə bu şükrü-sənanı qeyd etməyi özümə borc bilirəm. Hər yaşadığımız an üçün şükürlər olsun… Min şükür…  Mətləbə keçməzdən əvvəl onu qeyd edim ki, nə qədər çalışsam da yenə  yazıma bir sözdən ibarət ad seçə bilmədim…  Söz addan düşmüşkən, artıq ad öz-özlüyündə oxucuya söhbətin nədən gedəcəyi barədə ipucu verir. Necə deyərlər əldə qələm 30 – a gəlib çatdıq.

2018 – ci ilin Mayın 24 –də  ilk yazımın  rəsmi şəkildə  mətbu orqanda işıq üzü görməsinin   30  ili tamam olur. 24 May 1988 – ci il  “Əməyə məhəbbət” adlı  məqaləm, Ağdamda nəşr olunan “Lenin yolu” (sonralar “Ağdam”) qəzetinin 62-ci (7194) sayında, 4-cü səhifəsində dərc edilib. (“OTUZ  İLDİR  ƏLDƏ  QƏLƏM”   adlı kitabın üz qabığına çıxarılmış  foto – cild “Ağdam” qəzetinin  Zaur  Ustacın şəxsi arxivində saxlanılan həmin bu nömrəsindən istifadə olunaraq hazırlanmışdır.) Və ilk qələm haqqımı deyim, mürəkkəb pulumu deyim  – qonorar  – aldığım vaxtdan 30 il keçir… Təfsilata  keçmədən sadəcə onu qeyd etməyi özümə borc bilirəm ki, həqiqətən də çox keşməkeşli bir həyat yaşamaq qismət oldu Bizlərə…

Sözsüzki, yaradıcılığımız  həyatımızın  inkası olduğundan  – “qabda nə var çıxar üzə” (Z.U)- bu anlamda  mən  nəzmi deyil, məhz nəsri nəzərdə tuturam … Yaşadıqlarımız yazdıqlarımıza çox təsir edir. Hətta, yəqin ki, yaşadıqlarımız  yazdıqlarımızı yaradır… Yəni, belə uzun və keşməkeşli bir zamanın müqabilində Biz heç nə yazmamışıq…  Adları  qoyulmuş,  içəriyi də məlum sayı 10 –dan artıq kitab – roman, povest və hekayələr – yazılacağı günü gözləyir… Və gözləyə-gözləyə zənginləşir, dərinləşir, vacibləşir… Yəqin elə buna görədir ki, kəlmələr kağız üzərinə köçməyə tələsmir, hələ bir az da qələmə naz edirlər… Nəsə, yazılmamışları qoyaq bir kənara, keçək yazılmışlara… 30 il əvvəl  bir  məktəbli  məqaləsi ilə başlayan sərgüzəştlərim Uca Yaradanın izni ilə davam etməkdədir və inanıram ki, istədiklərimin hamısını yazıb Sizlərin ixtiyarına verməyə vaxtım olacaq. Bu günə qədər yazdıqlarımdan işıq üzü görən kitablarım aşağıdakılardır:

“GÜNAYDIN” (“AĞÇİÇƏYİM”) Bakı – 2010. (Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var.) PDF: – ELEKTRON NƏŞR.: ZU — GAC

“İSTƏMƏZDİM  ŞAİR  OLUM  HƏLƏ  MƏN”  Bakı – 2010. (Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var.) PDF: – ELEKTRON NƏŞR: ZU — İSOHM

  “GÜLZAR” Bakı – 2011. (Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var. ) PDF: – ELEKTRON NƏŞR:  ZU — G

  “MUM KİMİ YUMŞALANDA” Bakı – 2011. (Bu günə qədər  iki  dəfə nəşr olunub və elektron variantı var.) PDF: – ELEKTRON NƏŞR: .ZU — MKY

  “MƏHDUD  HƏYATIN  MƏCHUL  DÜŞÜNCƏLƏRİ” Bakı – 2011. (Bu günə qədər iki dəfə nəşr olunub və elektron variantı var.) PDF: – ELEKTRON NƏŞR:ZU — MHMD

“ŞEHÇİÇƏYİM” Bakı -2011. (Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var.) PDF:  – ELEKTRON NƏŞR: – ZU — SC

 “BALÇİÇƏYİM” Bakı – 2012. (Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var. )  PDF:  – ELEKTRON NƏŞR: ZU — BC

 “BƏRZƏXDƏ”  Bakı – 2014. (Bu günə qədər bir  dəfə nəşr olunub) PDF:  – ELEKTRON NƏŞR: ZU — B

 “NİŞANGAH” Bakı – 2016. (Bu günə qədər  iki  dəfə nəşr olunub və elektron variantı var.) PDF:  – ELEKTRON NƏŞR: ZU — N

“ORİYENTİR  ULDUZU” Bkı -2011. (Bu günə qədər  beş dəfə nəşr olunub və elektron variantı var.) PDF:  – ELEKTRON NƏŞR:  ZU — OU

 “GÜLÜNÜN  ŞEİRLƏRİ” Bakı – 2011. (Bu günə qədər  üç  dəfə nəşr olunub və elektron variantı var.) PDF:  – ELEKTRON NƏŞR: ZU — GS

 “SEVİN Kİ, SEVİLƏSİZ” Bakı – 2014. (Bu günə qədər  bir   dəfə nəşr olunub və elektron variantı var.)  PDF:  – ELEKTRON NƏŞR: ZU — SKS

“BAYATILAR” –     بایاتیلار  ” زائـــور اوستاج ” – Bakı -2014. (Bu günə qədər  iki əlifba ilə üç dəfə nəşr olunub və elektron variantı var. Təbrizdə yayımlanıb.) PDF:  – ELEKTRON NƏŞR:   ZU — BAY

 “QƏLBİMİN  AÇIQCASI”  Bakı – 2016. (Bu günə qədər  bir   dəfə nəşr olunub və elektron variantı var.) PDF:  – ELEKTRON NƏŞR:ZU — QA

 “USTADNAMƏ” Bakı – 2016. (Bu günə qədər  bir  dəfə nəşr olunub və elektron variantı var.) PDF:  – ELEKTRON NƏŞR:  ZU — U(KHK)

“USUBCAN  ƏFSANƏSİ”   (MƏQALƏLƏR)  Bakı – 2017. (Bu günə qədər  bir  dəfə nəşr olunub və elektron variantı var.)

PDF: – ƏNƏNƏVİ NƏŞR: ZU — USUB

“ÇƏHRAYI  KİTAB”  Bakı – 2017.  (Bu günə qədər  iki  dəfə nəşr olunub və elektron variantı var.)  PDF: – ƏNƏNƏVİ NƏŞR: ZU — CK

“OTUZ  İLDİR  ƏLDƏ  QƏLƏM”  Bakı – 2018.

(Bu günə qədər  bir  dəfə nəşr olunub və elektron variantı var.)

PDF: – ƏNƏNƏVİ  NƏŞR :  ZU — OƏQ

YANDIRILMIŞ  (LƏĞV OLUNMUŞ) KİTABLAR:

“93 – ün yayı və ya bir qaşıq qatıq”,  Roman,  Bakı – 2011.  (Bərpa olunacaq.)

“2016”, Povest,  Bakı – 2011.  (Bərpa olunacaq.)

Yuxarıda  sadalanan  müəllifi olduğum kitablardan əlavə, dostların məsləhət bilib daxil etdikləri bir-neçə antologiya, toplularda da yer almışam ki, onlardan Mənə məlum olanları bunlardır:

“ZİRVƏ”  antologiyası.  Bakı – 2017. (Sona xanıma və Vüsal bəyə təşəkkürlər.)

“RUHUMUZUN TURAN ƏTRİ” “Dədə Qorqud”  kitabxanası seriyasından.  Bakı – 2017. (Balayar müəllimə, Sabir müəllimə, Mehman müəllimə təşəkkürlər.)  

“MƏQAM”  Toplu.  Bakı – 2017. (Hacıxanım  Aidaya təşəkkürlər.) PDF: – ƏNƏNƏVİ NƏŞR:HXA – M

ASKEF-in  yayımladığı “KARABAĞD’AN, KERKÜK’DEN  ÇANAKKALE’YE”  (şiir  seçkisi)   antologiyası.  Türkiye– 2017. (Günel xanıma, Sayman Aruz bəyə, Sona xanıma və Savaş Ünal bəyə təşəkkürlər.)

Bu günə qədər ənənəvi qaydada nəşr olunmuş bütün kitablarımın elektron variantları var. Hamı üçün tam pulsuz və təhlükəsiz  əlçatanlığı  təmin  etmək  məqsədi ilə yaradıcılığın 30 iliyi yubley tədbirləri çərçivəsində  təkrar EK nəsrlər olacaq.  

Son illər müntəzəm olaraq,  http://yazarlar.az/http://ustac.az/  , http://zaurustac.tr.gg/ saytlarında, 

“EV BAZARI” qəzeti (e-qəzet) yomoristik  e-qəzetdə, “MAKLER-VİP” jurnalı (e-jurnal) satirik e-jurnalda,   “MARALLAR”  satirik  bloqda  yazılarımı yayımlayıram. Bunlardan  əlavə   istər http://www.tezadlar.az/  saytı  olsun, istərsə də ənənəvi qaydada “TƏZADLAR” qəzeti  Bizim üçün Ağdamın bir parçasıdır,  “AĞDAM” qədər doğmadır.

Onu qeyd etmək istəyirəm ki, istər ənənəvi qaydada qəzet və jurnallarda, istərsə də elektron variantda bütün təkliflərə isti yanaşıram. Heç bir müraciəti cavabsız qoymuram. Eyni zamanda özüm də vacib bildiyim mövzularda yazılarım olanda və şeirlərimi  hər iki qayda ilə mətbu orqanlara göndərirəm və yayımlanıram. Əlbəttə, vacib bildiyim mövzularda….

 “YARADANLA  BAŞ-BAŞA”  kitabına  daxil  olan  “QƏLƏM   HAQQI  VƏ  YA  MÜRƏKKƏB  PULU”  (on dördüncü yazı) adlı,  hesabat xarakterli  bu  məqalə “OTUZ  İLDİR  ƏLDƏ  QƏLƏM”  kitabında  və  yubley tədbirləri  çərçivəsində  Elektron Kitab formatında  nəşr olunacaq bütün kitablarda yer alacaq. Ona görə məhz bu yazıda bir məlumatı  da  açıqlamaq  istəyirəm.

Çox düşündüm ki, bu yazılardan, kitablardan başqa nə edə bilərəm… Bilirsiz ki, 2007 – ci ildən  fəaliyyət  göstərən

YAZARLAR.AZ – Yazarlar  jurnalının  yaranma  səbəbi, məqsədi, uşaq və gənclərə dəstək olmaq, ümumiyyətlə yaşından asılı olmayaraq  yayımlanmaq, problemi olan hər kəsə yardım etmək olub. Odur ki, yenə həmin ampuladan çıxış edərək,  yaradıcılığın 30 illik yubleyi münasibəti ilə “USTAC”  Milli   Mükafatını  təsis  etdim.  Mükafat   diplomdan, nağd puldan  və laureatın  YAZARLAR.AZ–da yayımlanmış yazılarından ibarət,  “Yazarlar” jurnalının xüsusi buraxılışı şəklində, 100 ədəd tirajla – pulsuz, kitabının  nəşr olunmasından  ibarətdir.  Pul mükafatının məbləği bütün dövrlərdə  stabil və inflyasiyaya  davamlı olması üçün təqdim olunacağı ildə qüvvədə olan Azərbaycan Respublikası Müharibə Veteranın bir aylıq tam müavinəti  həcmində  nəzərdə  tutulur. Pul mükafatı bir  dəfə, tam  həcmdə  ödənilir  və  qanunamüvafiq  olaraq  bəxşiş – bağışlama,  hədiyyə  etmə  əsasında  olduğuna görə  vergidən  azaddır.

Mükafat ildə bir dəfə, yalnız  bir  nəfərə  28  May  Respublika  Günü  ərəfəsində – əvvəl, sonuncu Bazar günü – 2019 – cu ildən başlayaraq təqdim olunacaq. Kitab isə növbəti ilin təltifinə  qədər çap olunub, laureata  təhvil veriləcək.  Mükafat barədə ətraflı məlumat YAZARLAR.AZ da elan olunacaq.

Bu arada “AZAD  QƏLƏM”,  “HAQQIN  SƏDASI”, “ƏDƏBİYYAT” , “TƏZADLAR” qəzetlərinin, “YURD”, “ULDUZ”, “AZƏRBAYCAN”,  “KİRPİ”,  “MOLLA NƏSRƏDDİN   XXl   ƏSRDƏ”,  jurnallarının,  eləcə də

http://azpress.az/ , http://senet.az/  , http://zaman24.net/

http://www.yazar.in/ , http://take.az/ , http://siirvideo.com/ https://10yazar.wordpress.com/https://yazyarat.com/ ,

http://www.tehsilproblemleri.com/, http://ayb.az/

 http://azeri.press/ ,  http://www.tezadlar.az/

saytlarının bütün işçi heyyətlərinə  və  rəhbərbərlərinə,  ölkəmizdə  elektron  kitabçılığın və  kitabxanaçılığın əsasını qoymuş, günümüzdə olduqca zəngin, böyük  həcmli e-kitab bazasına malik http://www.kitabxana.net/ saytının qurucusu, bir çox vacib ictimai işlərdə daim öndə  fəallığı ilə seçilən,  gənclərə həmişə dəstək olan  Aydın Xan müəllimə  xüsusi  təşəkkürlər… Var olasınız, Dostlar  və əlbətdə,  Bizim tanımadığımız  digər   Qəhrəmanlar … Kim cəhaləti ortadan qaldırmaq üçün bir kəlmə deyirsə, yazırsa çox xoşbəxt adamdır… Bu əməlin qəlbə verdiyi fərahlıq hissini ikinci bir iş bəxş edə bilməz…. Uğurlarımız bol olsun…  Amin… (Amen…)

Düzü, bilmirəm nəsə  unutdum ya yox…  Ancaq,  yazımı yekunlaşdırmaq istəyirəm.

Sağ olun! Var olun! Hamınıza xoş və əyləncəli günlər arzu edirəm! Arada kitab oxumağı da unutmayın!!! “Mütailə orqanizmin kompleks müalicəsi, sağlam həyat deməkdir….” (Z.U)

02.04.2018. Bakı.

QEYD:

Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “OTUZ İLDİR ƏLDƏ QƏLƏM” kitabında giriş sözü -hesabat məqaləsi kimi, eyni zamanda ədəbi yaradıcılığının 30 illik yubiley tədbirləri çərçivəsində nəşr olunan bütün e-kitablarda ön söz kimi və “YARADANLA BAŞ-BAŞA” adlı kitabında müstəqil məqalə kimi yer almışdır.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – 11 – ci yazı

ONBİRİNCİ  YAZI       

SÖZLƏR  VƏ  HƏRF

                        “Dünya bildiyinizdən artıq bizim ola bilməz.”  

                                                                                   Xudu  MƏMMƏDOV

     Salam, çox dəyərli və hörmətli oxucum. Sizinlə yeni görüşə fürsət verdiyinə görə Uca Yaradana dəfələrcə şükürlər olsun. Böyük alim, dahi söz sahibi Xudu müəllimdən sitat gətirməyim heç də təsadüfi deyil. Xudu Məmmədov ən yaxın keçmişimizdə, demək olar ki, gözümüz önündə öyrənməyin, araşdırmağın, tətbiq etməyin, təqdim etməyin,  nəticə əldə etməyin, öyrətməyin, cəsarətin və bir çox  başqa mühüm, bütün yetkin insanlar  üçün vacib olan keyfiyyətlərin  tək bir şəxsdə  cəmləşdiyi  çox az saylı  ziyalılarımızdandır. Xudu müəllimin minlərcə  qiymətli kəlamlarından niyə məhz bu iki cümləni seçdim? O, deyirdi:- “Dünya bildikdə bizim olur. Dünya bildiyinizdən artıq bizim ola bilməz” – bəli, bu birmənalı olaraq belədir. Əlbəttə, bizim dünya bizə məlum olanlardan ibarətdir. Təsəvvür edək ki, yanında iti, qolunda gözüaçıq şahini  olan atlı bir çoban qayanın başında dayanıb. Atın qaşının üstündə də bir milçək oturub. Bu canlıların hamısı eyni yerdə dayanıb, eyni səmtə baxsa da hərə ancaq özünə lazım olanı və ya görə, qavraya, qəbul edə biləcəyini görür. Bu çox sadə və primitiv bir misaldır. Biz bütün digər canlıları bir kənara qoyub, yaradılmışların əşrəfi insanın üzərində, insan oğluna verilmiş ən vacib, ən gözəl nemət olan dilin, danışmağın, fikrin, düşüncənin, sözün üzərində dayanacağıq. Bəli, dünya bildiklərimizdən ibarətdir, həm də bizim dünya öz düşüncəmizin, xəyallarımızın məhsuludur. Dünyamız beynimizdə qurulur. Aydın məsələdir ki, bilmək öyrənməkdən, öyrənmək oxumaqdan, oxumaq sözlərdən, sözlərsə hərflərdən keçir… Söhbətimizə başlamazdan əvvəl onu qeyd edim ki, Azərbaycan adlı məmləkəti bizə Vətən, danışdığımız elastik, şirin, axıcı və eyni zamanda olduqca zəngin bir dili,  Ana dilimiz kimi bəxş etdiyinə görə Uca Yaradana  minnətdar olmalıyıq. Sahibi olduğumuz məmləkətin və dilin başı həmişə qalda olsa da, şükürlər olsun ki, bütün dövrlərdə  doğru seçim etməyi bacaran, düzgün qərarlar qəbul edən  cəsarətli  ziyalılarımız  olub.  Belə şəxslərin, deyərdim ki, sözün əsl mənasında olduqca uzaqgörən, cəsarətli böyük insanların  gərgin əməyi və fasiləsiz səyləri nəticəsində  bu gün dilimiz  aid olduğu dillər qrupunun ən zəngini, bütün parametrlərdə  qabaqcılıdır.  Bu mənim subyektiv fikrimdir, kimlərsə  razılaşmaya bilər, necə deyərlər dünya fikir dünyası, söz dünyasıdır. Hamının fikrinə böyük hörmətlə yanaşıram.  Açıqlamaya keçməzdən  əvvəl  kiçik  bir  haşiyəyə çıxıb, təxminən yüz il əvvəlki  canlı dilimizi özündə əks etdirən,  Salman  Mümtaz kimi  dahi söz bilicisinin qələmindən çıxmış bir materialı diqqətinizə çatdırmağı özümə borc bildim.

S.Mümtaz yazır: “… Sabiri öz nömrəmə gətirdim və qalmağı təklif  etdim. Sabir razı oldu. Əlahiddə krovat qoymaq mümkün olmadığından krovatımı ona verərək özüm kuşetkanın üstündə uzandım. Sabir yarım saatdan çox o böyrü və bu böyrü üstündə çevrildi. Səbəbini soruşduqda krovatdan şikayət edərək “məni atıb-tutur”, -dedi. Yerimizi dəyişdik. Kuşetkanın üstündə uzanan kimi “ox, buna nə demişəm, mən prujinli krovatı harda görmüşəm” – deyərək yatdı… Gecə gec yatmağımıza görə səhər bir az gec durmalı idik. Lakin konkaların zənginin səsi vəbazar əhlinin hay-küyü buna mane oldu və o gün Sabirlə aşağıdakı müsahibəmiz oldu”.  Bu kəlmələr, ifadə tərzi  1910-cu ilin iyun ayına aiddir.

Mirzə Ələkbər Sabirin Salman Mümtaza verdiyi ilk və son müsahibəsini professor Şirməmməd Hüseynov 2002-ci il aprelin 20-də “Günay” qəzetində (№ 16) dərc edib. Əlavə olaraq bu müsahibə bəzi qeyidlərlə tam olaraq araşdırmaçı-yazar  Rəşad Sahilin təqdimatında müxtəlif  elektron kütləvi informasiya vasitələrində də yayımlanmışdır.

Həmin müsahibədən indi təqdim edəcəyim bəzi məqamlar və eyni zamanda yuxarıdakı qeydlərin dili, oradakı söz və ifadələr çox maraqlı olub, bugünkü söhbətimiz üçün böyük əhəmiyyət kəsb edir. Bu məlum müsahibədən böyük şairimiz  M.Ə. Sabirin şair və şeir haqqında dedikləri aşağıdakılardan ibarətdir:

Şair haqqında:” Böyük şairləri də, ustadları da ancaq bilik və xalq yetirə bilər. Şair elin, xalqın hökmranı və gözünün işığı olmalıdır ki, o nə desə xalq ona baxsın və nə yazsa el oxusun. Bu hökmranlıq da yalnız elin ruhunu bilməklə və tələblərini ödəməklə olar.”

Şeir haqqında: Şeir odur ki, mövzusu həyatdan götürülüb,özü də açıq və aydın yazılsın, həm də xalqın ruhuna uyğun yazılsın. Beş gün,üç gün ömür eyləyib yaşayan şeirlərə şeir deyilməz. Xalqın oxumadığı, əzbərləmədiyi şeir, şeir deyildir. Çünki onların əsası və bünövrəsi yoxdur,onlar hübab (yağış yağanda su üzünə çıxan qabarcıq, köpük) gəmisi kimi tez çıxıb, tez də batırlar. Elin ruhundan,ürəyindən qopmayan şeirlər xalqın ruhunda heç bir zaman həyacan əmələ gətirə bilməz.

Bir adamı rahat oturduğu yerdə yerindən durquzub oynatmaq üçün ona onun könlü istədiyi və sümüyünə düşdüyü hava çalınmalıdır. Belə olmasa o, qollarını açıb süzə bilməyəcəkdir.”

Bir neçə nümunə də ustad şairimiz Məhəmədhüseyn Şəhriyardan gətirmək istəyirəm. Hərçənd ki, onun şeirinin şipşirin dili hamımıza məlumdur. Ustadın “Türkün dili” şeirindən:

Türkün dilitək sevgili, istəkli dil olmaz,
Ayrı dilə qatsan bu əsil dil əsil olmaz.

Öz ləfzini farsa, ərəbə qatmasa şair,
Şerin oxuyanlar, eşidənlər kəsil olmaz,

Şerin gərək ehsas ilə riqqətlə qanşsın,
Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz.

Yenə həmin şeirdən:

Şair ola bilməzsən, anan doğmasa şair,
Missən, a balam, hər sarıköynək qızıl olmaz.

Çox da ki, Sərabın suyu var, yağ, balı vardır,
Başı ərşə də çatdırsa, Sərab Ərdəbil olmaz.

“Yalan dünya” şeirindən başqa bir nümunə:

Atı əzəl dağa saldıq,
Yorulduqca dalı qaldıq.
Atı satdıq, ulaq aldıq,
Yəhər oldu palan, dünya
.

“Heydərbabaya salam” – dan bir bənd:

Bu tövlədə sarı inək doğardı,
Xanım nənəm inəkləri sağardı,
Ana iysi dam-divardan yağardı,
Mən buzovu qucaqlardım qaşmasın,
Deyərdi: – Bax, bayda dolsun daşmasın.

Bu adlarını çəkib, sözlərindən istifadə etdiyimiz şəxslərin ədəbiyyatımız, mətbuatımız, jurnalistikamız ümumiyyətlə söz yaradıcılığımız  tarixində  xidmətləri danılmaz, əməkləri misilsizdir. Bunlardan əlavə lap qədimlərdən, bir Ananın övladı doğulduğu gündən  üzübəri günümüzədək yaradılan olduqca müxtəlif istər şifahi, istərsə də yazılı  ədəbiyyatın  dili, canlı dilimiz, təxminən yarım əsr əvvəl qeydə alınmış lent yazılarını  dinləmək, oradakı sözləri eşitmək imkanlarımızı da üstünə gəlsək dil, söz haqqında özümüzdə müəyyən fikir formalaşdıra bilərik. Bütün bu yuxarıda qeyd etdiklərimə əsaslanaraq, bəzi düşüncələrimi sizinlə bölüşmək istərdim.  Xüsusilə də hamının bir-birinə irad tutmağa, keçmişdəkilərin dəyərli heç nə yazmadığını, müasirlərin heç nə yaza bilmədiyini  böyük canfəşanlıqla  vurğulamağa can atdığı bir vaxtda məncə, bu məsələyə toxunmaq yerinə düşərdi. Beləliklə keçək əsas məsələyə. Əvvəlcədən onu qeyd edim ki, qaldıracağım məsələlərdə  öz üzərimdən, yəni ya birbaşa ya da  dolayısı ilə mənim yazdıqlarıma da aid olanlardan  çıxış edib ümumi məsələyə toxunmağa çalışacam. Mən bütün yazılarımda əgər sonradan başqa bir yerdə, kiminsə süzgəcindən başqa cür çıxmırsa, “Günəş”, “Gün”, “Ay”, “Yer”, “Göy”, “Ata”, “Ana”,  “Mən”, “Sən”   və başqa bu qəbildən olan sözləri  necə deyərlər, kiçik hərflə yazmağa əlim gəlmir və həmişə böyük hərflərlə yazıram. İstər şeirlər olsun, istərsə də  başqa növ yazılar  hamısı   musiqi, rəngkarlıq, boyakarlıq, heykəltaraşlıq və digər tətbiqi sənət əsərləri kimi yaradıclıq məhsullarıdır. Yaradıcılığın isə heç bir sahəsində xəyalında olanı hər hansı bir şablona uyğunlaşdırmaq olmaz. Əgər bu uyğunlaşma yolu seçilirsə mütləq yarımçıq bir məhsul ortaya çıxır. Odur ki, əgər, kimsə dərslik və ya əlavə  dərs  vəsaiti yazırsa bəlkə də onun hal-hazırda qüvvədə olan qramatik qaydalara – demək olar ki, hər gün gözümüzün önündə dəyişməsinə baxmayaraq  – əməl etməsi vacibdir. Ancaq, digər növ yazıların xüsusilə də bədii ədəbiyyatın hər gün təyin olunan yeni bir qaydaya uyğunlaşdırılması ən azı ədalətsizlik olardı. Çünki, bədii ədaəbiyyat şablonlardan uzaq, yaradıcı şəxsin öz hiss və emosiyalarını ora qatdığı və bunu hiss etdiyi kimi çatdırmağa  çalışdığı zaman istifadə etdiyi bütün yol və vasitələr məqbul sayılmalıdır. Dil canlı olduğu üçün o, daim inkişafdadır və zənginləşir. Bu lap, əvvəldə qeyd etdiyim misallardan da aydın görünür. Mən indi, yəni son beş –on ildə dilimizə daxil olan informasiya və texnologiya  ilə bağlı yeni sözləri bir kənara qoyub, artıq əsrlərdir dilimizdə işlənən bəzi sözlərdən misal gətirmək istəyirəm.  İlk əvvəl qeyd etmək istəyirəm ki, dilimizin günümüzədək belə axıcı, şirin, zəngin gəlib çxmasına görə uzun müddət Ərəb əlifbası əsasında mövcud olmuş Əski əlifbamıza və sonralar  istər ilk dəfə Latın qrafikalı əlifbaya, istərsə də Krilə  keçəndə  dilimizə məxsus spesfik hərflərin xüsusilə  [Ə] səsinə uyğun  “Ə” hərfinin ayrıca işarə kimi qəbul edilib saxlanmasına  çox borcluyuq. Düşünürəm ki, dilimizdə  “Ə” və “Y” hərflərinin xüsusi yeri var. Hətta, müasir mahnı ifaçılığı, xanəndəlik sənətində bizim sənətkarların öz digər həmkarlarından olduqca mütəhərrik səsilə, xüsusi boğazlar və uzun zəngulələrilə seçilməsində də bioloji faktorlarla yanaşı,  [Ə] səsinə uyğun “Ə” hərfinin özünəməxsus rolu olduğunu böyük əminliklə söyləmək olar.  Uzun müddət müxtəlif qramatik qaydalar mövcud olmasına baxmayaraq günümüzdə də “Y”-nın hansı sözlərdə qoşa, harda tək yazılması məsələsi açıq olaraq qalır. “Y” ilə bağlı bir-iki misal çəkəndən sonra, “Ə”-yə  aid  öz başıma gələn, iştirakçısı olduğum maraqlı bir əhvalat danışacam. Deməli belə məsələn,  götürək “tövsiyə” sözünü hal-hazırda mövcud olan qramatik qaydalara uyğun olaraq yuxarıda göstərildiyi şəkildə bir “y” ilə yazılmalıdır. Olsun. İndi bu sözün kökünə baxaq “tövsiyə” Ərəb mənşəli “tovsiyə” sözündəndir. Göründüyü kimi kökdə də bir “y” ilə yazılıb. Ancaq burada iki fərqli məqam var. Birinci “tovsiyə” Ərəb hərflı sözdə “iy”  ardıcıl gələn bu iki hərf eyni işarə ilə yazılır. İkinci isə orada “ö” deyil, “o” olduğuna görə biz  dilimizə uyğun “ö” yazıb, [ö] tələffüz etdikdə müəyyən məqamlarda [ö] daha incə, yumşaq səs olduğuna görə sanki bir “y” azlıq edir.  Məncə, qərar verəndə bu iki səbəb nəzərə alınmalıdır. Konkret olaraq, “tövsiyyə edirəm”, “tövsiyyə olunur”, “tövsiyyə məktubu”, “tövsiyyə”,  kimi hallarda zənnimcə qoşa “y” yazlması daha məqsədə uyğun olardı.  Hal-hazırda istər ənənəvi, istərsə də elektron formalı mediada hər iki qaydadan  geniş istifadə olunur. İkinci bir söz “mütaliə” . Bu söz də Ərəb mənşəlidir. Mövcud qaydalara görə “mütaliə” formasında “y”-sız yazılmalıdır. Ancaq bu nə dərəcədə uyğundur bu maraqlı sualdır. Çünki, “mütaliə” və “ailə” sözlərinə ayrı-ayrılıqda baxdıqda, “ailə” –sözünün nisbətən “y”-sız yazılması qanunauyğun görünsə də, bu fikri “mütaliə” sözünə heç cür aid etmək olmur. Hərçənd ki, “mütaliə”,  “ailə” bu sözlərin ikisi də “y” ilə yazılsa daha yaxşı olar. Mən adətən “mütaliə”-ni “mütaliyə”- kimi yazıram. Daha bir söz, “seyid”- bu söz də Ərəb mənşəlidir. İlkin variantında, yəni kökdə – Ərəb dilində, “seyyid” – dilin öz qrafikasına uyğun olaraq  təşdidli “y”-ilə qoşa yazılır.  Ancaq, qaydalara uyğun olaraq dilimizdə  “seyid” şəklində bir “y”-ilə yazılır. Bu sözü mən hələlik iki dəfə işlətmişəm. Birinci dəfə  Milli Qəhrəmanımız  Mübariz İbrahimova  həsr olunmuş  “Oriyentir Ulduzu ” povestində, xüsusi isim kimi qəhrəmanın adı olaraq  “Seyid” formasında bir “y”-ilə.  Bəlkə də burada ad olduğuna görə sözün bir “y”-ilə olması ya hiss olunmur, ya da başqa bir səbəbdən heç bir çatışmamazlıq hiss olunmur. Ancaq, ikinci dəfə çox sonralar, yəni bu son vaxtlarda bir şeirdə dahi Nəsimiyə xitabən “ya Seyyid  Əli” dedikdə  bir “y” heç yerinə düşmür. Adı çəkilən şeir indiyə qədər hələ çap olunayıb. Yəqin ki, bu kitabda ilk dəfə gedəcək. İki “y”-ilə. İndi sual oluna bilər, bir  “y”-ilə getsə olmaz??? Sizi inandırıram ki, “y”-nın birin silən kimi elə bil, şeirin bütün ruhu ölür… Belə-belə işlər dəyərli oxucum, deyəsən sizi çox yordum. Ancaq inanın ki, çox xırda görünən bu məsələlər bəzən böyük problemlərə yol açır. Bunları yazmaqla ən azı düşüncələrimi  sizinlə bölüşdüm, əslində çox yüngüllük, könül rahatlığı tapdım. İndi gələk əlifbaızın incisi, çox qiymətli hərfimiz  “Ə”-nin əhvalatına. Əhvalata  keçməzdən  əvvəl onu qeyd edim ki, Biz Qarabağlıların “Ə”-yə xüsusi hüsni-rəğbəti var. Məsələn, “əynə dur, ə”,  “əyağımı əzdin, ə” və s. Bir də “j”- ya. Ancaq, “j” lokal xarakterli olduğuna görə onun üzərində dayanmırıq. Deməli, bu hərflər, sözlər bir ara məni o qədər məşğul etmişdi ki, Türk dili kursuna yazıldım və Türkyə Respublikasından gələn qardaşlarımızla canlı söhbətlər zamanı yaranan bir çox suallara peşəkar Türk dili hocalarının  iştirakı və köməkliyi ilə cavab tapmağa çalışdım. Onu  qeyd edim ki, çox az fərqlə “yorum” da daxil olmaqla qramatik qaydalarımız həmən-həmən eynidir. Orda da bu “Ə” hərfinə görə xeyli faydalı mübahisələrimiz  olurdu. Məsələ ondadır ki, onlar Ərəb qrafikalı hərfdən, Latına keçəndə  [Ə] səsinə uyğun ayrıca işarə nəzərdə tutmadıqlarına görə hal-hazırda tarix üçün çox az vaxt keçməsinə  rəğmən böyük dəyişikliklər baş verib ki, bu səbəbdən bəzi fərqlər  yaranıb. İş o yerə çatıb ki, hətta bu  işlə məşğul olan pedaqoqlar belə çox hallarda [Ə] səsi gündəlik danışıqlarında kifayət qədər çox işləndiyi halda yazıda faktiki olaraq inkar edirlər.  Belə mübahisələrin  birində müəllim ümumiyyətlə “Ə”-nin olmadığını iddia etdi. Onda mən sual etdim ki, hocam bəs  əlifba dəyişməzdən əvvəl biz və eyni zamanda siz hansı əlifbadan  istifadə edirdik? Əlbəttə, müəllim heç düşünmədən cavab verdi ki, uzun illər böyük bir coğrafiyada Ərəb əlifbası hökmran olub və biz də ondan istifadə etmişik. Bu cavabı gözləyirmiş  kimi,  müəllimin heç gözləmədiyi  halada lövhəyə çıxıb  uzun illər  [Ə] səsini bizim üçün qoruyub saxlamış Ərəb əlifbasından “əyn” hərfini yazdım və bir az da diskusiya etdik. Müəllim də razılaşdı  ki, onlarda da dəyişiklik zamanı bu işarənin uğurlu əvəzedicisi tapılsaydı daha yaxşı olardı və indi ki kimi [Ə] ilə səslənən sözləri “A” və ya “E” ilə yazmaq məcburiyyətində qalmazdılar.  İndi müasir dövrümüzdə bu məsələ xüsusilə  aktual olaraq qalır. Müxtəlif təkliflər səslənir, texnologiya səbəb gətrilərək dəyişikliklərin, bəzi hərflərdən imtinanın vaxtı çatdığı sübut olunmağa çalışılır. Hal-hazırda Türk dünyasının ortaq əlifba, dil məsələsi gündəmdə qalmaqda davam edir. Bu məsələ uzun müddət davam etməsinə baxmayaraq, təbii olaraq ortaq məxrəcə gəlmək mümkün olmur, çünki hamının  bizim “Ə”, “Ğ”,  “G”, “Ç” kimi öz vazkeçilməzi var. O yaxşıdır ki, bu məsələ üzərində iş gedir. İstər yaşlı nəslə mənsub alimlərimiz, istərsə də gənc nəslin nümayəndələri çalışır, araşdırır öz fikirlərini ortaya qoyurlar. Bu yaxınlarda filologiya üzrə fəlsəfə  doktoru  Cəmilə  Babayevanın “TÜRK DÖVLƏT VƏ CƏMİYYƏTLƏRİNİN  DOSTLUQ, QARDAŞLIQ VƏ ƏMƏKDAŞLIQ QURULTAYLARINDA DİL MƏSƏLƏLƏRİ” adlı  monoqrafiyası ilə tanış olmaq mənə nəsib oldu. Çox aktual mövzuda olduqca dəyərli bir yazıdır. Müəllif konkret olaraq problemlərin həlli yollarını  göstərməsə  də vacib məsələlər qaldırır, mövcud real vəziyyəti açıb göstərir. İstər bu tip yazılarda, istər gündəlik müzakirələrdə, televizya-radio verlişlərində, mətbuatda, artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilmiş sosial şəbəkələrdə ortaq dil, əlifba məsələsi  həmişə gündəmdədir. Ancaq bu elə incə bir məsələdir ki, tələsmədən  hamının maraqlarına xidmət edən yetkin qərar qəbul olunmalıdır. Elə etmək lazımdır ki, necə deyərlər, – “nə şiş yansın, nə kabab”. Bir daha qeyd edirəm ki, bu gün mövcud olan  hər hansı  (əlbəttə, tarix üçün bu olduqca qısa və keçici bir səbəbdir) səbəb üzündən min illər boyu əcdadlarımızdan miras qalmış, müxtəlif qrafikalı əlifbalar qəlibinə düşsə də özünəməxsusluğunu  qoruyub saxlamış  səs və  hərflərimizi  güzəştə getməməli, qoruyub gələcək nəsillərə ötürməliyik. Xüsusilə ORFOQRAFİYA, ORFOEPİYA, QRAMMATİKA  LÜĞƏTLƏRİ, DƏRSLİKLƏR VƏ ƏLAVƏ DƏRS VƏSAİTLƏRİ  hazırlayan  şəxslərə üzümü  tutub deyirəm ki, yazılış qaydalarını mümkün qədər tələffüzə uyğun şəkildə tərtib etsək daha yaxşı olar. Bu yazıb – oxumağı yeni öyrənən uşaqlarla yanaşı dilimizi öyrənmək istəyən əcnəbilər üçün də rahatlıq gətirər. Bir məsələ var ki, ona da toxunmağı vacib bildim. Mənim də xüsusilə şeirlərdə  ara-sıra işlətdiyim “tüm”, “qut” və “həp” sözləri bəzən müzakirə mövzusu olur. Yəqin ki, bu kəlməni nə vaxtsa çoxumuz eşitmişik; – “bir loxma ye ürəyində qut olsun”.  Əgər, bu sözləri bizdən əvvəlkilər işlədiblərsə,  indi də yeri gəldikdə işlənən  zaman  anlaşılırsa nəyə görə bu sözləri işlətməyək?  Məncə bu sözlər yəqin  birhecalı  və daha yığcam olduğuna görə çəkici gəlir. Bir də əgər dilimizin müxtəlif  təbəqə və qatlarında işlənirsə ədəbiyyatda da öz əksini tapmalıdır. Əziz və çox dəyərli oxucum,  şeirlər toplusu olan bir kitabın giriş sözündə sizi bu qədər yormaq istəməzdim. Ancaq  nə etəmk olar? Qısa bir-iki kəlmə söz demək istəyirdim, fəqət  söhbət uzandıqca, uzandı. Bu yazının sonunda onu qeyd etmək istəyirəm ki, bütün qaydalar keçici və dəyişkəndir. Həm də belə bir söz var; –  “qaydalar elə onları pozmaq üçündür”.  Odur ki, cəsarətli olun, mənim çox hörmətli müəllimlərindən biri olan Loğman müəllim demişkən, əndazəni gözləmək şərti ilə qaydaları pozun. Nəyin düz, nəyin səhv olduğunu zaman göstərəcək. Əslində başqa cür mümkün də deyil.  Həyatımız şablonlardan ibarət olsa, onda yeni heç nə yaranmaz. Yaradıcılıq bəs nə deməkdir? Bir işin adı yaratmaq ola, orda mütləq cəsarətli olub, ən azı fikirləri bölüşmək lazımdır. Mənimlə həmfikir və ya müxalif olmağınızdan asılı olmayaraq, hal-hazırda bu sətirləri oxuduğunuza görə sizə sonsuz təşəkkürlərimi bildirir, gündəlik fəaliyyətinizdə uğurlarınızın daha da bol olmasını arzu edirəm!!!

02. 02. 2017. Bakı.

QEYD:

Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “ÇƏHRAYI KİTAB” kitabında ön söz, “USUBCAN ƏFSANƏSİ” və “QƏLƏMDAR” adlı kitablarında müstəqil məqalə kimi yer almışdır.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru


Zaur Ustac – 10 – cu yazı

ONUNCU YAZI

 İBTİDAİ SİNİFLƏRDƏ VƏSAİT ÇATIŞMAZLIĞI

Salam, dəyərli oxucum! İndi düşünəcəksiz ki, müasir dövürdə  xüsusi ilə də aşağı siniflərdə uşaqların bu qədər dərsliklərlə, iş dəftərləri ilə və digər əlavə vəsaitlərlə yükləndiyi halda vəsait çatışmazlığından söhbət açmaq yersiz, həm də bir az gülüncdür. Bəri başdan nəzərinizə çatdırım ki, bu heç də düşündüyümüz kimi deyil. Söhbətin sonunda yekdilliklə belə bir qərara gələcəyik ki, həqiqətən çatışmazlıq var, eyni zamanda  qaldırılan məsələ son dərəcə aktual və ciddidir. Onu da qeyd edim ki, bu yazı – İBTİDAİ SİNİFLƏRDƏ VƏSAİT ÇATIŞMAZLIĞI – belə adlansa da təkcə ibtidai siniflərin, daha da konkret etsək, hazırlıq qruplarının, birinci və ya ikinci siniflərin problemi deyil, ümumuiyyətlə dilimizdə oxumağa başlayan, hərfləri öyrənmiş, oxu vərdişlərini  formalaşdırmaq, təkmilləşdirmək istəyən hər bir kəsin- istər yerli dil daşıyıcılarının (nəzərə alsaq ki, uşaqları böyük əksəriyyəti lap körpəlikdən Osmanlı ləhcəsində cizgi flimləri və serealların təsiri altında böyüyür, üstəgəl Vətənimiz  etnik cəhətdən də zəngin olduğuna görə uşaqların çoxu məktəbə qədər ya lokal dildə, ya da çox fərqli şivədə danışırlar) istərsə də xarici vətəndaşların üzləşdiyi ümumu çatışmazlıqdır. Bu yerdə hələ 2011 – ci ildə  çapdan çıxmış “GÜLÜNÜN ŞEİRLƏRİ”  kitabının girişində yazdığım sözləri xatırladım. O sətirləri aşağıda olduğu kimi verirəm: – “Belə ki, Gülü xanım təzə-təzə  birinci sinfə gedirdi. Mən də həmişəki kimi işdə idim. Evdən  zəng gəldi,  cavab verəndə Gülü mənə sevinə-sevinə dedi ki, Ata, “ A ” hərfini keçdik. Müəllim evə “A” – ya aid şeir tapşırıb, gələndə hərflərə aid  şeir kitabı al gətir. Dedim ki, oldu Gülü xanım. Məhdud vaxt içərisində ora – bura baxdım. Belə bir kitab tapa bilmədim. Çox maraqlıdır ki, bütün köşklərdə (kiosklərdə) başqa dillərdə belə maraqlı, əyləncəli uşaq şeir kitabları olsa da bizim dilimizdə yox idi. ” –  Nəzərinizə çatdırım ki, bir xeyli vaxt ötsə də vəziyyət dəyişməyib. Bu yazını oxuyandan sanra da çıxıb şəhərimizdə (hələ mən bölgələri demirəm) kitab dükanlarını, köşkləri (kioskləri) gəzsəz eyni mənzərənin şahidi olacaqsız. İngilis dilindəki vəsaitləri çıxmaq şərti ilə heç bir dildə ilkin oxumağa başlayan üçün sistemli pillə-pillə ardıcıllığı, oxunaqlığı, rahatlığı, asanlığı təmin edən oxu vəsaitləri yoxdur. İstər dərslik, istər sinifdənxaric oxu vəsaiti olsun, mənzərə dəyişmir. Mənimlə  razılaşarsız ki, nəinki orta statistik ibtidai sinif şagirdi, hətta valideyinlərin böyük əksəriyyəti tapşırıqları həll etmək bir yana dursun, heç şərtləri oxuyub, anlaya bilmirlər. Bu hal isə öz növbəsində təhsilimizdə mövcud ikinci böyük problemi – REPİTİTORLUĞU – kitabla tanışlığın ilk günündən labüd edir ki, bu da  uşağı qədəm qoyduğu təhsil sistemində ələbaxım öyrədir və sonrakı bütün pillələrində – doktorluğa qədər – izləyir. Böyük əksəriyyətin müstəqil düşünmək, araşdırmaq, öyrənmək qabilliyyətin birdəfəlik əlindən alır.  Halbuki,  bütün bu problemləri çox yox, bir-neçə seriya – təxminən üç səviyyəli – sadə bir və iki hecalı sözlərdən ibarət qısa, həm də uşaqlar, eləcə də dili yeni öyrənənlər üçün maraqlı olacaq hekayələrdən ibarət təxminən üç yüz adda kitabla həll etmək olar. Bunun üçün sadəcə bir – neçə il hansısa özəl və ya dövlət qurumu sistemli şəkildə məşğul olub, sonra da ilər boyu həm zəhmətinin nəticəsini –  xeyrini görər, həm də hamıya faydası olar. Bu yazının mövzusu, məqsədi  sadəcə oxu vərdişinin formalaşdırmaqdan ibarət olduğuna görə biz dərsliklərin ümumu və çoxlu problemlərinə toxunmuruq.  Bu mövzuda yetəri qədər yazırlar, danışırlar. Yuxarıdakı qısa haşiyyə sadəcə onula əlaqədər idi ki, birinci, ikinci sinif şagirdlərinin böyük əksəriyyəti hərfləri ayrı-ayrılıqda tanısalar da ilkin vaxtda hecadan sözə keçəndə böyük çətinliklə üzləşirlər. Sayı çox, sanbalı yox dərsliklər və iş dəftərləri uşaqları həddindən artıq yükləsə də bu təlabatı qarşılamır. Üstəgəl ilk gündən başlayaraq hər gün ildırım sürətli  proqramla  irəliləyən tədris yükü  uşaqları sıxır, yorur. Bunun kökündə isə onun sətbəst oxuya bilməməsi dayanır. Bəlkə də ən ciddi problem tapşırıqların özlərinin deyil, şərtlərinin olduqca çətin anlaşılan və alternativdə asan bir-iki hecalı sözlər olsa da çətin üç-dörd hecalı sözlərdən ibarət olmasıdır. Aydın məsələdir ki, belə olduqda istər oxu olsun, istər hesab uşaqların vəziyyəti çətinləşir. Bir daha qeyd edirəm ki,  ayrı-ayrı şəxslərin – işin içində olan pedaqoqların  –  məhdud sayda, əlbətdə öz imkanları daxilində etdiklərini nəzərə almasaq, bu sahədə heç bir iş görülmür. Halbuki, göründüyü kimi bütün təhsil sisteminin, ümumi götürsək bir fərdin ətraf aləmlə, dünya ilə tanışlığının təməlində dayanan, onun bütün gələcək həyatını sözün əsl mənasında müəyyən edən çox ciddi problemdir. Zənnimcə, bu məsələ ciddi araşdırılmalı, müsabiqələr təşkil olunmalı, bir –iki hecalı sözlərdən ibarət  sadə, qısa hekayələr kitabları yazılmalı və kütləvi tirajlarla nəşri, satışı təşkil olunmalıdır. Sonda onu da qeyd etmək istəyirəm ki, hal-hazırda dövriyədə  olan,  lap hecalı variantlarda olsa belə, uzun, çoxhecalı, çətin anlaşılan sözlərdən ibarət nağıl kitabları bu problemi həll etmək iqtidarında deyil. Gözəl tərtibatlı, mürəkkəb sözlərdən ibarət bahalı nağıl kitablarının əvəzinə,  məsələn, ingilis dilində  əyani nümunəsi bütün vitrinlərdə gözümüzün önündə olan kitablar kimi, sadə, ucuz oxunaqlı qısa hekayələrdən ibarət uşaq kitablarına çox ehtiyac var.

15 .01. 2017. Bakı.

QEYD:

Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “USUBCAN ƏFSANƏSİ” və “QƏLƏMDAR” adlı kitablarında müstəqil məqalə kimi yer almışdır.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru



Zaur Ustac – 5 – ci yazı

BEŞİNCİ  YAZI

MÜTALİƏ  NIYƏ  VACİBDİR?

Salam çox dəyərli oxucum, bu yazını “beşikdən qəbrədək oxumaq lazımdır”, “oxumaq, oxumaq  yenə də oxumaq” və s.  çox məşhur olan buna bənzər digər  mütaliəyə, elm öyrənməyə  təşviqedici  kəlamların açıqlaması kimi də  qəbul etmək olar. Niyə görə elmdən, kitablardan bircə damla nəsə götürməyi bacarmış şəxslərin hamısı oxumağı, mütaliəni  belə ciddi-cəhdlə məsləhət görmüş, təbliğ və təşviq etmiş, hətta bəzi hallarda əmr kimi buyurmuşdur?  Bunun bircə səbəbi var. Necə ki, dövrümüzdə kimsə maraqlı, əyləncəli bir yerə səyahət edəndə və ya ucuz və sərfəli yerdə alış-veriş edəndə, yaxşı həkimə rast gələndə və s. bu siyahını ən xırda məişət problemlərimizi həll etdiyimiz  yerlərin, kəslərin təbliğinə qədər uzatmaq olar.  Bu barədə danışmağı, yaxın ətrafındakı dostu-tanışı, doğmaları məlumatlandırmağı, onlara xeyir verməyi, onlar üçün faydalı olmağı özünə borc bilir, oxumağın, mütailənin təbliği də eyni bu qəbildən olan həyati əhəmiyyətli bir hadisə olduğu üçün, bunun xeyrini, faydasını görmüş hər kəs onun təbliğ və təşviqini özünə borc bilmişdir. Bəs nədir mütaliənin faydaları? Bu kiçik yazıda mümkün qədər yığcam və sistemli  şəkildə bir neçə kəlmə də mütaliənin, bilgili, məlumatlı olmağın faydası barədə mən danışmaq istəyirəm. Əvvəlcədən qeyd edim ki, çalışacam  ancaq və ancaq praktik və həyati söhbət olsun. Sizi inandırım ki, bu ən ümdə, çox vacib məsələdir. Xüsusən də olduqca geniş imkan və resurslara malik müasir dövrümüzdə bu prosesdən kənarda qalmaq sadəcə olmaz! Bunu belə qəbul etmək lazımdır. Bir söz də əlavə etmək istəyirəm çoxumuzun tez-tez işlətdiyi “günahdır” kəlməsini…. Bəli, bəli kitab, jurnal, qəzetlərdən əlavə əlimizin əltında internet kimi çoxumuzun bəlkə də təsəvvür belə edə bilməyəcəyi informasiya zənginliyi dövründə oxumamaq, mütaliə etməmək, öyrənməmək, öz həyatını yüngülləşdirməmək sadəcə “günahdır”. Vəssalam! Keçək əsas məsələyə, nə verir mütaliə bizə? Birinci ən ümümi cavab, əlbətdə, məlumatlı olmaq ilk növbədə həyatımızı, gündəlik yaşam tərzimizi asanlaşdırır. Sizə deyərdim ki, əhəmiyyətli dərəcədə yüngülləşdirir. Bizi izafi xərclərdən qoruyur. Və başqa belə çoxlu həyati misallar gətirmək olar. İndi çalışacam  ki, bu barədə mümmkün qədər sistemli və yığcam danışım. Bir insan ömrünü mütaliə baxımından beş hissəyə asanlıqla ayırmaq olar:

  • Uşaqlıq,
  • Yeniyetməlik,
  • Gənclik,
  • Orta yaş dövrü,
  • Ahıllıq.

Keçək açıqlamalara, uşaq hələ məktəbə getməzdən əvvəl indiki müasir vasitələrin zənginliyindən də istifadə etməklə, sözləri olmasa belə şəkilli kitablarla tanış olması, oynaması onlara baxıb öz-özünə hekayələr uydurması, danışması çox vacibdir. Çünki, o məktəbə gedəndə, artıq ilk kollektivə düşəndə danışmağa nəsə sözü olmalıdır. Sizi inandırım ki, nə qədər laqeyid, dəcəl uşaq olsa da o, oyuncaqlarının içində, stolun üstündə, televizorun, kompüterin, planşetin yanında  hətta döşəmədə belə (qoy olsun onsuz da oyuncaqlar bütün günü əl-ayağa dolaşır) olsa şəkilli kitab görsə, (indi olduqca bahalı pultlu maşınların, helikopterlərin, gəlinciklərin və s. birinin qiymətinə 2-3 dənə yaxşı möhkəm materiallardan hazırlanmış, tez xarab olmayan şəkilli kitablar almaq olar) uşaq götürüb onunla da maraqlanacaq, baxacaq. 3-4 yaşlarında bütün normal uşaqlar (daha inkişaf etmiş, hazırlıqlı uşaqları çıxmaq şərti ilə, onlar artıq oxumağı bacarırlar) şəkilli kitablara baxıb hekayələr uydurmağı, ordakı oğlanın və ya qızın yerində olmağı bacarırlar, istəyirlər, sevirlər. Yetər ki, onlara bu abu-havanı yaradıb sərbəstlik verəsən. Bir müddət oynadıqdan sonra isə təbii olaraq uşaq yazmağa və oxumağa can atacaq. Məktəbi gözləmədən uşağın digər tələblərini ödədiyimiz kimi bu təlabatı mütləq qarşılamaq lazımdır. Bunun üçün sadəcə 4-5 ay planlı və məqsədyönlü  şəkildə, məşğul olmaq uşağın bir ömür boyu qarşıda dayanmış əsas problemini kökündən həll etmək lazımdır. İnanın 3-5 yaş arasındakı bütün normal uşaqlara ən şoxu 1 il əziyyət, xərc çəkib sadəcə onu kitablarla, intrnetdəki axtarış sistemləri ilə tanış etməklə, kitablardan istifadə etməyi (yazıb oxumağı), sadə hesablamanı öyrətməklə məktəbə hazır şəkildə göndərsək onun bütün gələcək problemlərini həll etmiş oluruq. Məktəbə ən azı yuxarıda qeyd olunan dərəcədə hazırlıqlı və ondan daha yaxşı qaydada hazırlanmış şəkildə gedən  (kitablardan istifadə etməyi, mütailəni bacaran),  sərbəst çalışmaqda heç bir çətinliyi olmayan uşaq sizi bütün gələcək təhsil boyu izafi xərclərdən, təhsildən  sonra  (maşın almaq, işə düzəltmək, ev almaq, toy etmək kimi) isə daha böyük və vacib külli miqdarda sərfiyyatdan  xilas edəcək. Burada söhbət qismən maiddiyyatdan gedir çünki, bizim mental alaraq öz dəyərlərimiz var. Ancaq, burda əsas məsələ odur ki, bu hazırlıqlı uşaq gələcəkdə özü ya bunları qəbul etmək istəməyəcək, ya da ona ehtiyacı olmayacaq. Birinci sinifə gedəndə tam hazırlıqlı olduğu üçün bütün məsələlər ona asan və adi gəldiyindən  bütün həyatı boyu belə davam edəcək. Bura da böyüyün öhdəçiliyi və vəzifəsi sadəcə nəzarət etməkdən ibarət olacaq. Bura qədər biz sadəcə uşaq vaxtı mütaliənin nə qədər vacib və önəmli olduğundan danışdıq. Bütün ibtidai siniflər boyu və ondan sonra da yeniyetməliyə qədər uşağı nəzarətsiz qoymaq olmaz! Bu dövrdə uşaqlar lüğətlərdən istfadə etməyi mütləq  bacarmalıdırlar. Uşaq vaxtı mütaliə etmək  hamıya vacibdir, gələcəyin ustasına da, müğənnisinə də, aşbazına da, hərbiçisinə də hamıya. Mütaliə nəticəsində uşaq istənilən mühit və kollektiv içərisində tam sərbəst şəkildə, kompleksiz öz yerini tapır, öz kiçik dünyasını qurur, ətrafını formalaşdırır. Məlumatlı uşaq yeni mühitə tez inteqrasiya edir, uyğunlaşır. Belə uşağın dostları çox olur. Bütün kollektivin sevimlisi olur. Bütün bunlar nəyin nəticəsidir? Əlbəttə, mütaliənin, oxumağın, araşdırmağın.

 Yeniyetməliklə uşaqlığın şərhəddinin harda bitib, harda başladığı dəqiq heç kimə məlum olmasa da uşaq böyüdükcə  təbii proseslərin nəticəsində orqanizmdə istər fiziki, istərsə də mənəvi cəhətdən bir çox dəyişikliklər baş verir ki, məlumatlı və məlumatsız yaxud da bu dəyişiklikləri gözləyənlə, gözləməyən uşaq-yeniyetmənin  hərəkətləri, özünü aparması, bu dəyişikliklərə reaksiyası da məntiqi olaraq müxtəlif olur. Elə bil  bilirsən ki, dostun qonaq gələcək hazırlıqlı olursan.  Ya da qəflətən qapı döyülür. Effekt təxminən eynidir. Məlumatlı yeniyetmə qeyri-adi heç nə yoxmuş kimi öz yaşam tərzini mütaliənin hesabına sakit şəkildə davam etdirir.

  Məlumatlı gənc (ancaq və ancaq davamlı mütaliə nəticəsində buna nail olmaq mümkündür) məktəbdən sonra ixtisas seçimində, təhsilin digər pillələrində,  hərbi xidmətdə, ilk iş yerində də demək olar ki, heç bir çətinliklə üzləşmir. Məlumatlı gənclərin ailə həyatı da qat-qat daha uğurlu olur. Onlar kənar müdaxilələr və təbiətin maneçiliyi olmasa. Demək olar ki, seçimlərində çox az-az hallarda yanılırlar. Deyərdim ki, bu şeçim –gələcək ömür-gün yoldaşını seçmək dünyaya yenidən gəlmk qədər əhəmiyyətli bir hadisədir. Bu məqamda səhv etmək, doğuşu qəbul edən mamaçanın səni əlindən yerə salmasına bərabərdir. Bəlkə də daha artıq. Deməli, mütaliə sayəsində gənc bu sınaqdan da mümkün qədər az risklə keçir. Mütaliə sayəsində 25-30 yaş arası hər bir gənc heç bir kömək olmadan öz işini tapmağa və ya qurmağa, özünü maşınla, evlə təmin etməyə qadirdir.

   Mütaliə heç vaxt bitmir. Ailə həyatı, məişət problemləri, qidalanma, yaşam tərzi, istirahət, ixtisas artırma, orta yaşlı hamının gündəlik qayğılarıdır. Mütaliə sayəsində  oxumuş, savadlı, bütün həyatını tam təmin etmiş şəxslər daha sağlam yaşayırlar. Belə şəxslərin ailə büdcəsi daha dayanıqlı, qidaları daha sağlam, istirahətləri daha keyfiyyətli olur. Mütaliə isə bitmir ki, bitmir…. İnsan daim axtarışdadır. O,  fasiləsiz olaraq, oxuyur, axtarır, araşdırır, hər şeyin ən yaxşisini, ən ucuzunu istəyir  və  mütaliə nəticəsində  buna nail olur.

   Mütaliənin bir mənfi cəhəti var ki, onu  da ahıllıqda hiss edirsən… Bir vaxt oyanırsan ki, məktəb yoldaşlarından, xidmətdə bir yerdə olduğun dostlardan, tələbə  vaxtından əlaqə saxladığın adamlardan demək olar ki, heç kim qalmayıb. Yada salmağa çalışırsan, çoxları qəfil ölümlə (gecə yatıb, səhər oyanmayıblar), qəzada, həbsdə,  müxtlif səbəblərdən dünyaların çoxdan dəyişiblər, ya da heç bir məlumat yoxdur. Sağ qalanları barmaqla sayırsan…. Bu şəxslərin demək olar ki, hamısı səinin həmsöhbətlərin, həmfikirlərin, həmişə kitab alıb-verdiyin, hansısa yeni bir məlumat-xəbər barədə həmişə mübahisə etiyin  yoldaşlardır…. Günlər keçir bir də görürsən daha zəng edən, statuslarına şərh yazan dost-tanışdan heç kim qalmayıb….  İstər-istəməz  nə vaxtsa dostlarla mübahisədə dediyin söz düşür yadına; – “mütailə orqanizmin kompleks müalicəsi və sağlam həyat deməkdir” –  üzünə  qeyri-ixtiyari təbəssüm qonduğunu hiss edirsən….. O vaxt dostlardan bir çoxu bunla razılaşmasa da izahat verəndən sonra ki, mütaliə yeganə vasitədir ki, həm ruhun hən də cismin bunla qidalanır, yekəqarın bankirdən başqa hamı bunla razılaşmışdı. Bankirin ki, isə sadəcə kor inad, həm də nankorluq idi.  O, artıq çoxdan unutmuşdu ki, say – hesabını itirdiyi var dövlətini özü ilə qonşudan alib geyərək oxumağa gəldiyi nimdaş pencəyin cibində gətirməmişdi…. Ani olaraq onun lap çoxdan olmuş yas mərasimi gözünün önünə gəlir, yaziq şəhərin mərkəzində tək qaldığı mənzilində qəflətən dünyasını dəyişmişdi. Ancaq işdə bir-neçə gün görsənməyəndən sonra mənzilində cansiz tapmışdılar. Yekə adam bir az da şişmişdi, evin qapısından çıxmadı. Zalım oğlu qapını da elə düzəltdirmişdi ki, sökmək  də mümkün olmadı. Həm də baxdılar ki, qapı sökülsə də oradan çıxmayacaq. Odur ki, pəncərələri söküb, kranla pəncərədən düşürdülər…. Təəssüf   hissi ilə başını bulayıb, düşünürsən yəqin ki, ən çox mütaliə edən elə mən olmuşam…..

15.10.2016. (13:15) Bakı.

QEYD:

Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “USUBCAN ƏFSANƏSİ” və “QƏLƏMDAR” adlı kitablarında müstəqil məqalə kimi yer almışdır.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru