Ramiz Həsənli – Gədəbəy

GƏDƏBƏY

Qayadan boylanan daş sarıteldi,
Yanağa süzülən yaş sarıteldi.
Könlünün mayası “Baş Sarıteldi”
Sazın köynəyisən özün, Gədəbəy.

Misralar dil açır dodaqlar üstə,
Lalələr alışır yanaqlar üstə.
Ellər məclis qurur bulaqlar üstə,
Sevinclə dolubdu gözün, Gədəbəy.

Sinəsi dastandır burda hər dağın,
Saza köklənibdir könül otağın.
Ruhu gülümsəyir İlyas Tapdığın,
Kövrəlir astaca sözün, Gədəbəy.

Donub bulaq üstə bir su sənəyi,
Sazla cavab verir dindirsən neyi.
Yaylaqlar geyinib bayram köynəyi,
Fərəhlə dolubdu köksün, Gədəbəy

Ramizəm, car etdim mən öz eşqimi,
Yazdım zirvələrə bu söz eşqimi.
Burda adamların ürəyi kimi,
İstidir ocağın, közün, Gədəbəy.

Müəllif: RAMİZ HƏSƏNLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Musa Yaqub

YAY VAXTINDAN QIŞ VAXTINA

Yayın qızmarında nəfəs təngidi,
Payız yağışında torpaq səngidi.
Axşamlar tələsdi,sabah ləngidi,
Keçdik qış vaxtına il ömrümüzün.

Hələ ki,şax saxlar özünü qəsdən,
Payızlı talalar düşməz həvəsdən.
Çiçəklər üşüyər soyuq nəfəsdən,
Saralır saplağı gül ömrümüzün.

Daha o zirvələr gümüşü tacdı,
Çiçəyi çəkildi,durnası qaçdı.
Payızla üz-üzə duran ağacdı,
Tökər yarpağını yel ömrümüzün.

Göyləri gurladı,şimşəyi çaxdı,
Dərədən qaynadı,zirvədən axdı.
Axır ki,ram olub yatağa sığdı,
Buzlanır qabağı sel ömrümüzün.

Baharın nəşəsi qalıb gümanda,
İndi o göy çəmən bir boz dumanda.
Arısı pətəkdə,ruzusu şanda,
Süzülür cövhəri bal ömrümüzün.

Gah o axındaydı,gah bu axında,
Ümid uzaqdaymış,mənzil yaxında,
Axır ki,zamanın ağalığında
Yatırıldı üsyanı qul ömrümüzün.

Müəlli: MUSA YAQUB

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əyyub Məmmədov – Söz

   (Jurnalist, şair)

Məzarlar da danışır

Məzarlar da zamanla, 

Dostlaşıb tanış olur.

Bəzi daşlar orda da, 

Fəhləyə məmur olur.

Məzar var ki, başında 

Bir abidə ucalır.

Məzar var ki, başında,

Adi bir daş dayanır.

Məzar var, il boyu 

Həmişə yada düşür. 

Məzar var, tarix boyu, 

Heç ora yolun düşmür.

Məzar var, yanı hasar

Bir qoruğa bənzəyir

Məzar var, kol-kos basır,

Kim olduğu bilinmir.

Adama elə gəlir, 

O daşlar da danışır 

Ona yaxın məzarla, 

Öz dərdini paylaşır.

<<<Əyyub Məmmədovun söz dünyası>>>

“Şəhriyar”

Bir dahi uyuyur qonşu torpaqda 

Adı Şəhriyardı, özü dəryadır. 

Sözü, kəlməsi dürri-yektadır 

Amalı türk olan bir bəxtiyardır.

Bir görmək istədi, öz millətini 

Çəkdi daxilində acı zilləti. 

Qəlbi bu eşqlə hey çırpınırdı, 

Gözündə qor kimi şimşək çaxırdı.

Yanıb odlanırdı, sözdə, sətirdə 

Bir xalq, dövlət, torpaq üstündə 

Vahid birliklə, ulu vəhdətlə,

Şamtək əriyirdi şeir, qəzəldə.

Azadlıq məlhəmin çəkib yaraya 

Vətən nisgilinə dərman edirdi 

O taylı-bu taylı doğma elinə, 

Ürəyi qubarlı salam deyirdi. 

Heydərbaba onsuz qalıb gileyli 

Öz elində olub indi yadelli 

Sarıbaba düşüb xeyli aralı, 

Səsi gəlmir qəlbi olub yaralı.

Neçə əsər yazılıbdır şəninə 

Mahnı qoşub, söz deyiblər şeirinə 

Adı düşmür cavan, qoca dilindən,

Öyrənirlər daim onu dərindən.

<<<Əyyub Məmmədovun söz dünyası>>>

Gecikirsən, ay ürək

Arzuları bir-bir gerçək etməyə
Vaxt azalıb, gecikirsən, ay ürək.
Bu həyatda əməl qoyub getməyə,
Gecikirsən, bir az tələs, ay ürək.

Çoxdandır heç yoxlamırsan özünü
Bəlkə sağlam, bəlkə xəstəsən bilək.
Deyirdin ki, qəm bağlayıb üzünü
Gecikirsən sil dərdini, ay ürək.


Hiss edirəm, içində bir boşluq var
Vaxt ötsə də, dola bilmir bu ürək.
Çox sakitsən, bilirəm ki, sözün var
Töküb, boşalt öz içini, ay ürək.


Pünhan tutmusan neçə sirrini,
Bilirəm vəfada tayın yox ürək.
Hərçənd bilməsələr bəzən qədrini,
Gecikirsən, üsyan elə, ay ürək.


Əvvəlkitək zövq almaqda acizsən
Əl-qolunu itirmiş bir əlilsən.
Son mənzilin uzaq deyil bilirsən
Gecikirsən, aman yoxdur, ay ürək.

<<<Əyyub Məmmədovun söz dünyası>>>

Alov kimi

Bu bahar da payız kimi,
Sarı, qırmızı keçdi..
Yaşıllığı görmədim
Ya da gördüm, hiss etmədim.

Çoxdandı fəsilləri,
Yaman qarışdırmışam
Bircə sən qarışmırsan.
Beynimə qoyduğum kimi,

Yerində dayanmısan.
Dünən küləklə qar,
Yaman çovğun yaratdı
Bütün cismim üşüdü.

Təkcə başımdan başqa
Orda elə qalmısan,
İsti daş kömür kimi
Məni yaman qızdırır,
Xəyalın alov kimi…

<<<Əyyub Məmmədovun söz dünyası>>>

Yarımçıq sevgilər

Məhəbbət yolunda yıxılmaq olar
Yetər ki, qalxmağa bir yolun olsun.
Ayrılıb, yenidən sevmək də olar
Yetər ki, sevməyə bir üzün olsun.

Bir ürək nə qədər sevgi daşıyar?
O olar, bu olar, o biri olar
Qəlb boxça deyil, kim gəldi tuta
Axırda cırılıb, partlayıb daşa

Demə sevənlərim günahkar idi
Yarı yolda qoyub, tərk etdi məni
De mən qəlbimi açıq qoymuşam,
Hər gələn atını oynadıb getdi.

Bir gün geriyə dönüb baxanda
Alnının qırışı çaşdırar səni
Yarımçıq sevgilər bir alov kimi
İçində qaynayıb, yandırar səni.

<<<Əyyub Məmmədovun söz dünyası>>>

Dəniz boyda sevgim…

Gəlmişəm yenə də dəniz seyrinə,
Qəmli fikirlərlə həsrət ötürüm.
Baxıram dənizin ucqar yerinə
Deyirəm təəssüf mənim sevgimə.

Bir vaxtlar dənizi birlikdə sevdik
Gəlib kənarında, qışı yay etdik.
İndi bu yerlərə yalnız gəlirəm
Çılğın dalğalarla köks ötürürəm.

Gələrdik dənizə görüşmək üçün
Qol-boyun olub, sarılmaq üçün.
İndi tək-tək gedirik, düşünmək üçün
Oturub kənarda ağlamaq üçün

Dəniz boyda sevgim, deyərdin mənə
Mən də can deyib, baxardım sənə
İndi bu sularda üzün görünür,
Böyük ləpələrdə səsin duyulur.

Müəllif: Əyyub Məmmədov

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Təvəkkül Goruslu

SEVGİ NÜBARI

Bir ildə məktəbə getmişdik o vaxt,
Sinifdə mən səni görmüşdüm onda.
Bölgüdə yanıma düşdün baxtabaxt,
Elə gözəldin ki, qırmızı donda!

Yerində durmazdın, qaynayardın hey,
Balaca ürəyim quşa dönərdi.
Tənəffüs olunca oynayardın hey,
Təzə dərsimizə qoşa dönərdik.

Bəzən şimşək kimi çöldə qaçardın,
Arxanca qaçsam da çata bilməzdim.
Kəpənək olardın, yüngül uçardın,
Əllərim uzanar, tuta bilməzdim.

Beləcə qovduqca bantına çatım,
Qaçsan da sən mənə alışırsanmış.
Evdə də dilindən düşmürmüş adım,
Yalnızca bir məndən danışırsanmış.

Sinifi tərpədən şıltaq gəlişlə,
Balaca könlümün sevinci idin.
Xəfif təbəssümlə, şaqraq gülüşlə,
Ömrümü bəzəyən bir inci idin.

Böyüdük. . . eşitdim ailə qurmusan,
Xəyalım yol aldı məktəbə sarı.
Bilməm. . . bu həyatda indi varmısan,
Xoşbəxt ol könlümün sevgi nübarı!

17. 11. 2019

Müəllif:TƏVƏKKÜL GORUSLU MƏMMƏDOV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Əliş və Anna” haqqında


Zaur Ustacın “ƏLİŞ və ANNA” poemasında ƏXLAQİ-MƏNƏVİ dəyərlər
“Əliş və Anna” poeması Zaur Ustacın yaradıcılıq pasportudur

Zaur Ustac “Günaydın” (“Ağçiçəyim”), “İstəməzdim şair olum hələ mən”, “Gülzar”, “Şehçiçəyim”, “Məhdud həyatın məchul düşüncələri”, “Mum kimi yumşalanda”, “Bayatılar”, “Balçiçəyim”, “Bərzəxdə”, “Gülünün şeirləri”, “Sevin ki, seviləsiz”, “Qəlbimin açıqcası”, “Ustadnamə”, “Nişangah”, “Çəhrayı kitab”, “Otuz ildir əldə qələm” şeir kitablarının  müəllifi, “Qızıl qələm” mükafatı laueratıdır.

Zaman keçdikcə nəsillər bir-birini əvəz edir, dünyaya gələn hər yeni nəsil öz keçmişinə, ta­rixi yaddaşına nəzər salır. Zaur Ustac da keçmişə, tarixi yaddaşa nəzər salaraq “Əliş və Anna” poe­masını görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin anadan ol­ma­sı­nın 700 illiyi münasibətilə qələmə alıb (Bakı: Ustacaz.nəşr, 2018, 67 səh.). Öncə qeyd edək ki, poe­­mada mənəvi-əxlaqi kamilliyə, insani davranışa çağırış və əxlaqi keyfiyyətlərin təbliği ilə bağ­­lı mövqe müəyyənləşdirilib. “Əliş və Anna” poeması öz bədii-emosional və əxlaqi-estetik mə­­ziyyətləri ilə seçilir. Həmçinin, əsərin dili təbii, aydın və səlisdir.

Poemanı oxuyan zaman Zaur Ustacı dini və dünyəvi elmlərə dərindən bələd olan bir şair ki­mi tanıyırıq. Belə ki, poemada Dədə Qorqudun, Şah İsmayıl Xətainin, İmadəddin Nəsiminin, ümu­milikdə, əcdadların adının çəkildiyini görürük.

Doqquz fəsildən ibarət olan əsərdə ciddi fəlsəfi mülahizələrə, sirlərlə dolu olan göy haq­qın­da dərin təsvir və müqayisələrə rast gəlirik. Göstərilir ki, Günəşin donu ağ ipəkdən, gün­düz­dən ibarətdirsə, Ayın donu isə qaranlıq gecədəndir. Tanrı gecəni, gündüzü elə bir hüsnlə ya­rat­mış­dır ki, ona bənzər ikinci bir yaradılış olmayıb və olmayacaq da. Gövhəri sapa necə dü­zür­lər­sə, Ulu Tanrı göyə ulduzları eləcə düzmüş, gecənin qara saçlarına sığal çəkərək, yoxluq tozunu sil­miş, varlığı yaratmışdır.

Günəşin saatı, ayın saatı,

Çox dəqiq döndərir tüm kainatı.

Elə qurulub ki, nizam məhvəri,

Gecəylə gündüzün səhv düşməz yeri.

Zərrədən ən böyük ulduza qədər,

Bir “ol”a bağlısa, onda nə kədər…

Həmd olsun Allaha, tanırıq onu,

Hər kəlmə başında anırıq onu (səh.4).

Şair oxucuların varlığın gizli sirləri ilə tanış olmasını istəyir. İstəyir ki, hər insan nə üçün yarandığını, niyə yaşadığını başa düşsün, yaşam mahiyyətini anlasın.

Adil Allahın mərəhəmətindən bəhs edən şair yazır ki, Allah nadir dürdanəsi hesab etdiyi insana bütün canlılardan üstün olaraq ağıl verib. Bütün başqa varlıqlardan fərqli olaraq bizə dü­şün­mək və dünya bilməcələrini qavramaq, anlamaq istedadı verib. Hər bir pay sahibi də öz qis­mə­tindən razı qalır.

Şükür Yaradanın ədalətinə,

O Adil Allahın mərhəmətinə.

Elə bölüşdürüb, elə paylayıb,

Hamı qismətindən çox razı qalıb.

Ağlı elə bölüb, verib Yaradan,

Heç kim öz ağlından deyil bədgüman (səh.5).

«Nübuvvət» (Peyğəmbərlik) adlandırılan bölmədə cəhalət qaranlığından dünyaya öz mə­ri­fət günəşi ilə işıq saçan və kainatın son əfəndisi Məhəmməd peyğəmbəri salamlayan şair pey­ğəm­bəri dünya üzüyünün qaşı sayır. Bildiyimiz kimi, Ulu Tanrı Məhəmməd peyğəmbərə gələn vəhyi (gizli səs və ya gizli danışığı) «Qurani-Kərim» adı ilə təxminən 23 il müddətində ta­mam­la­mış­dır. Şair qeyri-adi zəka qüdrətinə malik peyğəmbəri haqlı şəkildə haqq sayır, eləcə də ona son­suz sevgi və minnətdarlığını belə bildirir.

Salam olsun Sənə, ey “Haqqın səsi”,

Cəlal sahibinin seçkin bəndəsi.

Məhəmməd Mustafa (s.ə.v.), Haqqın nəbisi,

Bütün kainatın son əfəndisi.

“Qurani-Kərim”i  bizə gətirən,

Haqqın kəlamını bizə yetirən,

Xatəmül-Ənbiya hökm edibdi Haqq,

Höküm sahibinə məxsus hökm, haqq (səh.5).

«İmamət» (imamlıq edən, məzhəb işlərinə rəhbərlik edən) bölməsində isə Həzrəti Əlini nübüvvətdən (peyğəmbərdən) nur alan işıq kimi mədh edir. Şair belə təsvir edir ki, Həzrəti Əli (ə.) Peyğəmbər əfəndimizin eşsiz tərbiyəsi altında böyümüş və onun inanc və davranışlarından dərs almışdır. Məhəmməd Peyğəmbər (s.ə.s.) Adəm peyğəmbərin elmini, Nuh peyğəmbərin hikmətini və İbrahim peyğəmbərin həlimliyinin Həzrəti Əlidə (ə.) cəm olduğunu qeyd edərək buyurur: “Kim istəsə ki, Adəmə (s) – elminə görə, Nuha (s.) – hikmətinə görə, İbrahimə (s.) – hil­minə görə nəzər salsın, o şəxs Əliyyibni Əbu-Talibə baxsın”. Şair elm və hikmət, şücaət və ülviyyət sahibi olan Həzrəti Əlini (ə.) Məhəmməd Peyğəmbərin sözlərinə əsaslanaraq (s.ə.s.) elmin qapısı adlandırır. Rəsuli-Əkrəmin elm haqqında dürüst düsturu belədir: “Mən elmin şəhəriyəm, Əli də o şəhərin qapısıdır. Şəhərə girmək istəyən o qapıdan girsin”. Şair isə Həzrəti Əlinin (ə.) təlimini bəşəri mahiyyət daşıyan təlim adlandırıraq yazır:

Nübuvvət odundan nur alan işıq,

Atadan, babadan belə duymuşuq.

Rəsulun dizinin dibindən çıxan,

Çeşmədir, heç kimə gəlməyib ziyan.

Nümunə olubdur cümlə cahana,

Əlbəttə, aiddir arif olana.

Elmin şəhərinin təkdir qapısı,

Bu işin belədir təməl, yapısı…

Salam olsun Sənə ey Əhli-beyt,

Allahım bu yolu daha rəvan et (səh.6).

«Məad» (qayıdış yeri), «Namaz», «Oruc», «Zəkat», «Xüms», «Həcc», «Cihad», «Əmr-bə-məruf», «Nəhy-əz-münkər», «Təvəlli», «Təbərri», «Münacat», «Üsuli-iltimas» kimi böl­mə­lər­­də Zaur Ustac haqlı olaraq elm və əxlaqa bir-birini bağlayan motivlər kimi baxır. Şair yax­şı­lıq, düzlük, pislik, yalançılıq, ikiüzlülük və s. kimi mənfi və müsbət əxlaqi keyfiyyətlər haq­qın­da da geniş, qiymətli fikirlər söyləmiş və əxlaq tərbiyəsinin böyük bir sistemini yaratmışdır. Z.Ustac bu təsvirlərlə hər şeyi gözəl görmək istəyir və bunların da bərqərar olması üçün elmə, biliyə üs­tün­lük verir. Hamını savadlı, bilikli, xalq üçün gözəllik yaradan görmək istəyir. Buna görə də müəl­lif maarifpərvər şair kimi gözəlliyin əmələ gəlməsini elmə, biliyə yiyələnməkdə və ağılda gö­rür.

Həqiqi elmdən bir damla dadan,

Heç zaman dönməyib bu doğru yoldan (səh.7).

Yaxud:

Çevrəndə dostların dinsə elmdən,

Hər dəm dürr tökülsə əgər dilindən,

Nə xoş halımıza, bəxtəvərik biz,

Allahın dostların dost seçərik biz… (səh.11).

Dini-fəlsəfi baxışlarını real nəzərlərlə tərənnüm edən Z.Ustac qorxmazlıq, cəsurluq, iradə sa­­hibi olmaq, səxavətlilik, düzgünlük, “Mərifət kəsb et”mək, “Özünü bilməz insanlardan uzaq ol”maq, “kamal sahibləri ilə dost olmaq”, dostluq, sədaqətlilik, etibarlılıq, yoldaşlıq, “zülmə bo­yun əyməmək” və s. kimi əxlaqi keyfiyyətlərdən geniş bəhs edir və tərbiyənin məqsədini “ağıllı, müd­rik, kamil və əxlaqlı insan” yetişdirməkdə görür.

Cəlal sahibinə şərik qoşanlar,

Onun dostlarına pis yanaşanlar,

Əndazəni pozub, həddin aşanlar,

Yersiz  körüklənib, coşub-daşanlar,

Belə adamlardan uzaq dolan, gəz,

Hədsizdən kimsəyə bir xeyir gəlməz… (səh.12).

Tərbiyə carçısı Zaur Ustac oxucusuna qızıla, vara arxalanmamağı, şahlar kimi dünya ma­lı­na, cəvahirata uymamağı məsləhət görür və insana öz əməyi ilə şöhrətlənməyi tövsiyə edir. Tər­biyəçi-şair şöhrət üçün dostbazlıq edənləri tənqid edir, çörək üçün, aş üçün əldən getmələrini, dar gündə uzaq qaçdıqlarını, tez dost olub, tez doyduqlarını, varın olarsa dost olduqlarını, yeyib qur­tardıqdan sonra atıb getdiklərini, dostun puluna göz tikdiklərini, yemək verəndə dostluq edən­lə­ri, verməyəndə isə düşmənçilik bəsləyənləri və s. birbəbir təhlil, şərh edərək üzünü ya­ra­da­na tu­tur:

Səndən istəmirəm nə şöhrət, nə şan,

Səndən istəmirəm beş günlük ad-san.

Var-dövlət, saraylar deyil şakərim,

Öz əlim, ayağım olsun nökərim…

Niyətim bəllidir, istəyim dəqiq,

Ustac heç istəməz nə altun, əqiq…

Mustafa oğlunun istəyi təkdir,

Zaurun arzusu dəqiqdir, yekdir…

Elmin qapıların üzümüzə aç,

O güllü bağçandan bir az ətir saç.

Ruhumuz məst olsun, olsa da anlıq,

Dili tərk etməsin bir an şükranlıq… (səh.14).

Z.Ustacın Dədə Qorquda üz tutaraq ondan mədəd ummasını xüsusi qeyd etmək istərdik. Şairin yaradıcılığında Dədə Qorqudun əxlaqi dəyərlərə yanaşması, xalqımızın milli xü­su­siy­yət­lə­ri­ni öyməsi, vətənin – ananın müqəddəsliyi, ailəyə və dosta sədaqət, namus və is­mə­tin to­­xu­nul­maz­lığı, qopuza, saza yüksək ehtiram və s. öz əksini tapır. Görürük ki, şairin ya­ra­dı­cı­lı­ğında bə­şə­ri dəyərlər, əxlaqi keyfiyyətlər hər şeydən öndə gəlir.

Sinəmdə Qopuzum yoxdu, neyləyim,

Simlərə toxunub mədət umardım…

Dədəm Qorqud ruhu, kömək ol mənə,

Qopuzun namına, sazın xətrinə…

Ərlərə ad verib, san saylamısan,

Boylara yol verib, boy boylamısan…

Kamanın xətrinə, oxun xətrinə,

Əslində var olan yoxun xətrinə (səh.15).

Şair Zaur Ustac Xətaini görkəmli şəxsiyyətlərin mütərəqqi ənənələrinin nəticəsi kimi qiy­mət­ləndirirsə, İmadəddin Nəsimini də xalqının dini etiqadlarını yaşadan ulu insan kimi tə­rən­nüm edir. Sanki Şamaxının hər döngəsində, tinində Nəsiminin ayaq izləri və ruhu yaşamaqdadır. Şair, həm­çinin, Şamaxını şairlər eli, təbiblər yurdu kimi tərənnüm edir. Poetik dil­lə deyir ki, Əf­zə­ləd­din Xaqani, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Mə­həm­məd Hadi kimi görkəmli şair və maarifçilər təkcə Azərbaycanın deyil, bütün Yaxın və uzaq Şər­qin mütəfəkkirləri olmuşlar.

Şairlər şəhəri, təbiblər eli,

Yurda çıraq tutan ülama əli…

Nə qədər alimi, sənətkarı var,

Şamaxı həmişə olub ziyadar…

Əfzələddin Xaqanisi bir düha,

İmadəddin Nəsimidən yox daha,

Seyid Əzim Şirvanidir tək ancaq,

Kim nə bilir, bir də Sabir olacaq?

Abbas Səhət, ya da Hadi bu yerdə,

Könüllərin fatehidir zirvədə… (səh.16).

Şair bəhs edilən subyektin (Əlişin) mənəvi təmizlik, əxlaqi saflıq kimi keyfiyyətlərini ön planda göstərir, digər müsbət cəhətləri də bu prizmadan oxucusuna göstərməyə çalışır. Poemanın I fəslində oxuyuruq ki, bahar bayramından bir ay keçmişdi ki, Sübhan kişinin ocağına böyük şadlıq üz verir. Oğul atası olan Sübhan kişinin sevincinin həddi-hüdudu yoxdur. Körpəni gö­rən­lə­rin hamısı bir ağızdan “Əli (ə.) köməyi olsun” deyərək öz xeyir-dualarını verir. Atası da uşa­ğa Əliş adını verir. Şair burada həm də Sübhan kişini mahir tərbiyəçi və səxavətli biri kimi təqdim edir. Göstərilir ki, Əliş sanki anbaan, saatbasaat, günbəgün böyüyür, “pərvaz” edir. Əliş məntiqi, he­sabı və digər fənləri mükəmməl öyrənsə də, elmini, biliyini daha da təkmilləşdirmək istəyir. Bu minvalla Təbrizə, İraqa, Dəməşqə, Bağdada gedir. Çünki Əliş memar olmaq istəyir.

Onu düşündürən bircə amaldı,

Qurub yaratmaqdı əzmi, amalı.

Məqsədi bir idi – memar olmalı.

Qəlbində niyyəti, dilində Allah,

Amalı yolunda etdi Bismillah (səh.18).

Poemanın bir gözəlliyi də ondadır ki, müəllif təsvir etdiyi hadisələrə, söylədiyi fikirlərə öz daxili hisslərini hopdurmağı bacarır. Göstərir ki, Əliş artıq 44 yaşına çatıb. İstedadının şöhrəti Moskva Knyazına qədər gedib çatmışdır. Knyaz ilk olaraq daşdan imarət qurdurmaq üçün el­çi­lə­ri­ni Şirvanşah Şeyx İbrahimin üstünə göndərib ondan izin istəyir. Şirvanşah Şeyx İbrahimin tə­rəd­düd içində qaldığını görən Kərəmli Şeyx İbrahim Əliş təklifi dəyərləndirməyi xahiş edir və sonda Əlişin getməsinə razılıq verilir. İmarətin (“Kərəmli Qalası”nın və ya Kremlin) tikilərək ba­şa çatması müqaviləsini dörd ilə imzalasalar da, üç il üzərində tamamlanmasına çalışan Əlişin qa­­lacağı mənzil Annanın evi olacaqdı. Əlişin zil qara saçları, şəvə bığ-saqqalı, boy-buxunu, xoş­hal, gülərüz sifəti Annanı sanki məst edir.

Zil qara saçları, şəvə bığ-saqqal,

Boy-buxun yerində, sifəti xoşhal.

Zirəklik, çeviklik işdə məharət,

Annanı büsbütün eyləmişdi məst…

Aşkarda, gizlində olmuşdu kölgə,

Zirəklik, çeviklik işdə məharət (səh.25).

Artıq memar Əliş imarəti tamamlamışdır. Ancaq Knyazın içinə şübhələr toxumu sə­pil­miş­dir. Ona görə ki, Əliş belə bir bənzəri olmayan imarətdən bir başqasını da tikə bilər. Son qə­ra­ra gəlir ki, Əlişin başı bədənindən ayrılmalıdır.

Şübhə toxumları düşdü qəlbinə,

Qorxdu tay tikilə onun “Kreml”inə…

Düşünüb, daşınıb verdi qərarı,

Dedi: – “Sabah yola salaq memarı”.

Tapşırdı bir gözəl məclis qurulsun,

Sonunda memarın boynu vurulsun… (səh.26).

Z.Ustac Memar Əlişin faciə dolu ölümünü və Annanın dəlilik dərəcəsinə çatdığını və son­da ölümünü çox mahir qələm fırçasıyla gözəl təsvir edir. Faciə dolu mənzərini belə mə­na­lan­dı­­rır:

Anna saçın yolub verdi yellərə,

Getdi ibadətə qürbət ellərə…

Məzarı başına gələrək hərdən,

Hədiyyə gətirdi güldən, çiçəkdən…

Uzun zaman oldu çəkdilər həsrət,

Bir-birin duymayıb etdilər söhbət…

Vüsal da var imiş demə qismətdə,

Bir gün anlaşdılar qəfil söhbətdə…

Hər dəfə Annaya yazıq deyənlər,

Cansız bədənini yolda gördülər… (səh.29).

Zaur Ustacın yaradıcılıq uğurlarından biri də Əliş və Annanı ölümsüzləşdirməsidir. Yəni başqa bir aləmin varlığına çevirməsidir.  Əlişin başına gələn faciələr və Annanın uzun müddət çəkən iz­­tirabları, nəhayət, sona çatır, onların ruhları azad-sərbəst olduqdan sonra qovuşurlar. Bu axirət səadətini – həyatın davam etməsini şair özünəməxsus bir poetik dillə oxucusuna çatdırır. Qəmli hekayəni nikbin və ya optimist sonluqla bitirir. Qəhrəmanlar sadəcə sözün əsl mənasında dünyalarını dəyişirlər, həyat isə davam edir:

İndi həmin yerdə hər il qumrular,

İyunda, iyulda nəğmə oxurlar… (səh.29).

Kövrək bir əhvalat haqqında Zaur Ustacın hekayəsi oxucuya dərin təsir bağışlayır. Bu real hadisədə həyat qanununa çevrilən məhəbbətin, eşqin aydın təcəssümü verilmişdir. Yaxşı əməl, xeyirxahlıq, mənəvi saflıq, hikmət dolu sözlər və s. yüksək sosial-əxlaqi məzmunlu mə­sə­lə­­lərin də poemaya daxil edilməsi məqsədəmüvafiqdir.

Z.Ustac “Əliş və Anna” adlı tarixi poemasında qeyd etdiyimiz kimi, ümumiləşdirmələri ruh yüksəkliyilə aparmışdır. Çünki keçmişə baxaraq tariximizi öyrənmək hər bir vətəndaşın bor­cu­dur. Sürücü irəliyə hərəkət etmək üçün avtomobilin yan güzgüsüdən arxaya baxmalı olduğu ki­mi, millət də inkişaf etmək, bəşər mədəniyyətinə töhfələr vermək, imzasını imzalar içində gör­mək üçün öz keçmişini, soykökünü öyrənmək, tarixini bilmək məcburiyyətindədir. Bunsuz tə­şək­kül, inkişaf və tərəqqi yoxdur. Zaur Ustac da bu tarixi əsəri yazmaqla öz keçmişinə, soy­kö­kü­nə sadiqliyini bir daha sübut etmişdir.

Ümumiyyətlə, Zaur Ustacın elm, ürfan, təlim, əql, idrak, zəka, kamillik, gözəlliyi qiy­mət­lən­dirməyi bacarmaq kimi fikirləri də vardır ki, bunların ciddi elmi-tədqiqata ehtiyacı var.

Kamal CAMALOV,

Pedaqogika üzrə fəlsəfə doktoru,

dosent, Azərbaycan Respublikasının Əməkdar müəllimi,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əbülfəz Ülvi (Əliyev)

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün (17 noyabr 1951) dəyərli dostumuz, çox hörmətli şair Əbülfəz Ülvi (Əliyev) nin doğum günüdür. Bu gün münasibəti ilə şairi təbrik edir, uzun ömür, can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınızbol olsun,  Əbülfəz müəllim!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Cəza yeri

CƏZA YERİ

Dünya malı, bu dünyada qalandı,
Süleymanın hekayətin sal yada.
Kimi qurdu, kimlər çapdı, taladı
Elə qazan, elə ye ki, bal dada.
* * *
Canfəşanlıq, fitnə-fəsad faydasız,
Tamahkarlıq, hiylə, büsat faydasız,
Riyakarlıq, qorxu, həsəd faydasız,
Şirindil ol, yeri gəlsə, al “qada”.
* * *
Ustac desin, bircə kəlmə, dinlə sən,
Adəm bura niyə gəldi, biləsən,
Həmən yerdi– cəza yeri, anla sən,
Rəvamıdır, verə ömrü, mal bada!?

16.11.2019. (19:06)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Solmaz Qəribel

solmaz qəribelin söz dünyası

Fələk

Sənə uzanan əlimi,
Zalım olub kəsdin Fələk
Doğru deyən haqq dilimi
Oğru olub kəsdin Fələk

Bu ömrü heçə caladın,
Köç saldın, köçə caladın
Boş olan içə caladın
Rüzgar olub əsdin Fələk

Nə günahım, söylə bilim,
Hüzuruna suçsuz gəlim.
At oxunu ,səsiz ölüm
Kəndirindən asdın Fələk,

Günəş” doğmur” batıb artıq,
Mərd -namərdə çatıb artıq
Dərd dərdindən yatıb artıq
Daha bəsdir, bəsdir ,Fələk!!!….

15.11.19.

<<<SOLMAZ QƏRİBELİN SÖZ DÜNYASI>>>

Yuxuma narahat mələklər gəlib

Yenə yuxularım qarışıb yaman,
Yuxumda dolaşır narahat ruhum
Gözümün önündə uçur mələklər,
Nədənsə onlar da narahat bu gün.
Baxıram birinin qanadı sınıq ,
Birinin qanadı al-qan içində,
Qanadın çaıdıqca üşüyür qəlbim,
Kim salıb, görəsən onu bu dərdə?
O ki, bir elçidir günahı yoxdur,
Göylərdə dolaşır ,yuvası yoxdur.
Durub pəncərənin önündə baxır,
O ,elə baxdıqca qəlbimi yaxır,
Gizləyib gözümü onun gözündən,
Günahkar-günahkar yerə baxıram
Onun üzündə ki, sualı görüb,
Narahat yuxumdan yaman qorxuram.
Bir az yaxınlaşıb mən ona sarı,
Yaxın gəl, yaranı sarıyım dedim,
Gözündə bir gilə göz yaşı donub,
yaxın gəl, gözünün yaşını silim
Üzündə təbəssüm ,o qanad çaldı
Əllərim uzalı havada qaldı
Səslədim bir dayan ,getmə uzağa ,
O nə geri döndü, nə mənə baxdı,
Dünyanın günahı, çiynimdə qaldı….

12.11 19.

<<<SOLMAZ QƏRİBELİN SÖZ DÜNYASI>>>

+ + +

Nəyimə lazımdır bu dünya mənim
Sevinci zəhərə dönür sonunda
Qəlbimdə sevgidən tonqal qalayır,
kül olur ocağı sönür sonunda.

Nəyimə lazımdır bu dünya mənim,
Əhdinə vəfasız, gümanı sönük
Qorxaq yalanından qorxub and içir,
Vicdanın itirib, imanı dönük…

14.11.19.

<<<SOLMAZ QƏRİBELİN SÖZ DÜNYASI>>>

Xəstədi dünya

Dünyanın nəbzini tapa bilmirəm,
Nəbzi asta vurur, xəstədi dünya
Dərdini arayıb, tapa bilmirəm,
Nəbzi asta vurur , xəstədi dünya.

Durub qəmli baxır yenə uzaqdan,
Ona da , dar gəlir, yatdığı qucaq.
Xəbəri yoxdur ki, çoxdan xəstəyəm
Yandırıb dünyamı çatdığı ocaq,

Hönkürür, dünyanın dərdinə qəlbim
Dərdini-dərdinə calayıb susur,
Dünya çarəsizdir, yoxsa insafsız?
Ömrümü ,günümü talayıb susur…

09.11 .19.

Müəllif: SOLMAZ QƏRİBEL

.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VİDADİ AĞDAMLI

KÖÇKÜN SÖZÜ ALNIMIZA YAZILDI

Qarabağda ermənilər kef edir,
Köçkün sözü alnımıza yazıldı…
Tənəli bu söz də,qəlbimi didir,
Köçkün sözü alnımıza yazıldı…

Ağdam qeyrət idi, Ağdamda getdi,
Yurdumda narkotik göyərdi,bitdi,
Ömrüm də beləcə mənasız keçdi,
Köçkün sözü alnımıza yazıldı…

Hey baxıram dumanlı o dağlara,
Xəyalım dolanır ötən çağlara,
Ürəyim ağrıyır bu insanlara,
Köçkün sözü alnımıza yazıldı…

Muğam oylağıydı torpağım,daşım,
İsladır üzümü dərdli göz yaşım,
İllər boyu nələr çəkmədi başım,
Köçkün sözü alnımıza yazıldı…

Əsirlikdə neçə övladım qaldı,
Qız-gəlini dığa əsir apardı,
Hamilə qadının qarnı yarıldı,
Köçkün sözü alnımıza yazıldı…
Çırpılar altında yandı əsgərim,
Neçə dəhşət gördü mənim gözlərim,
Hayların qurbanı oldu millətim,
Köçkün sözü alnımıza yazıldı…

Utanıram hər körpədən,ahıldan,
İmtahana çəkdi bizi Yaradan,
Bilirsiz?Düşmüşəm həyə,abırdan,
Köçkün sözü alnımıza yazıldı…

Niyə susub bu millətim?Bilmirəm,
Ana gözlərində nisgil görürəm,
Qarabağı yuxularda gəzirəm,
Köçkün sözü alnımıza yazıldı…

Bir doyüş əmrini vermir komandan,
Qurtarsın bu millət acı yaradan,
Köçkün sözü götürülsün aradan,
Köçkün sözü alnımıza yazıldı…

İstərəm bayrağı sancım Şuşaya,
Vətənimdi deyib çıxım qayaya,
Vidadi,qalxarmı elim haraya?
Köçkün sözü alnımıza yazıldı…

Bakı 14-11-2019

Müəllif: VİDADİ AĞDAMLI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Nuridə Misir

<<<Nurida MisİRİN SÖZ DÜNYASI>>>

ÜŞÜDƏR SƏNİ

Toxunma saçlarıma,
Qarı üşüdər səni.
Bülbülə aşiq demə,
Xarı üşüdər səni.

Evim harda tikildi?
Gülüm harda əkildi?
Başıma kül töküldü,
Qoru üşüdər səni.

Getdinmi Qarabağa,
Baxdınmı uca dağa?
Qəbirlər parça-para,
Göru üşüdər səni…

14 noyabr 2019

<<<NURİDA MİSİRİN SÖZ DÜNYASI>>>

XATİRƏSİNƏ

Sevə-sevə parçalandıq, aralandıq.
Sevə-sevə bu sevgidən biz usandıq.
Bir də gördük,ömrümüzdən
Yarı gedib, yarı qaldı.
Bir də gördük, bu sevginin ürəyində
Qaysaqlamaz bir yaranın xalı qaldı…
Sevə-sevə ayrılanda,
Əllərimiz bir- birinə toxunanda
Üşüdük biz…
Onda bildik:
Kəfəni yox,qəbiri yox
Bir tabutmuş bu sevgimiz.
Onda bildik:
Tüstüsü yox,istisi yox,
Nə külü yox, kösövü yox
Gözlərinə yağış yağan
Bir ocaqmış bu sevgimiz.
Nə aranı, nə dağı yox bu sevginin.
O, bir boşluq, hədər imiş,
Qayəsi də, mayası da
Ələm imiş, kədər imiş.
O, səhrada gedən karvan,
Sarvanı da *Miraj* adlı bələdçiymiş
Günahkarı axtarmayaq:
Nə sən idin, nə mən idim…
Mən o zaman gözəl,göyçək,
lalələri yanağında xumarlanan çəmən idim.
Kəpənəklər uçuşardı
Çiçəklərin arasında.
Dünya da yaşıllaşardı
Gözlərimin qarasında.
İllər boyu yol gələrək
Yavaş-yavaş öldü sevgi,
İndi tənha keçən ömrə
Bir yaradı,
O yaranı iki yerə böldü sevgi…
Bu sevginin ölümünə
Cüt ağlaya bilmədik ki…
Bu ayrılıq dağlar aşdı,dərə keçdi.
Ömür zaman süzgəcindən
Ele boş-boş, bele keçdi.
Bu sevgidən bar görmədik
Nə sən, nə mən.
Bu sevgi də damcı- damcı
Axib itdi gözümüzdən.
Səndən sonra soldu, düşdü
Tənha qalan Nuridənin ürəyindən…
Nuridə Misir.
14 noyabr, 2015.

<<<NURİDA MİSİRİN SÖZ DÜNYASI>>>

DÜŞÜNCƏLƏR

Payız gələ, xəzəl öpə torpağı,
Yığıb bir bir rəngli çələng hörəsən.
Unudasan ayrılığın yolunu,
Bu payızı yaşıl bahar biləsən.

Bir yar çıxa taleyinin baxtına,
Oturasan cavanlığın taxtına.
Yetişəsən o günlərin vaxtına,
Əylənəsən, şənlənəsən, güləsən.

Çaylar daşa, sellər yuya dərəni,
Çoban yenə çala “Yanıq Kərəmi”
Ahu qaça,ovçu kəsə bərəni,
Palıd olub bir yamacda bitəsən.

Çəkməyəsən torpaq dərdi, el dərdi,
Çəmənində mor lalələr bitərdi…
Xəyalları Nuridədən betərdi,
Havalanıb Kəlbəcərə gedəsən…

10 noyabr 2019

<<<NURİDA MİSİRİN SÖZ DÜNYASI>>>

PAYIZ DÜŞÜNCƏLƏRİ

Yarpaqlar yaşıl, sarı,
Saçım-dağların qarı.
Nə olar, susun barı
Payiz düşüncələri.

Xəzanın elə bağlı,
Daraqsan, telə bağlı,
Kəmərsən, belə bağlı,
Payız düşüncələri.

Anamın laylasısan,
Atamın baş daşısan.
Ruhumun yaddaşısan
Payiz düşüncələri.

Son akkordum,son notum
Kül altda qalan odum,
Mənə qalan sən oldun
Payız düşüncələri.

Üstünü xəzəl örtən,
Yarpağına xal düşən,
Nuridəylə yol gedən
Payiz düşüncələri.

10.noyabr, 2015.

Müəllif: NURİDA MİSİR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru