ETİBAR VƏLİYEV

ŞAİRLƏR VARLI ADAMDI

Kim deyir şairlər kasıb olur ki,
Ay kişi, şairlər varlı adamdı.
Hər kimə şairlik nəsib olmur ki?
Ay kişi, şairlər varlı adamdı.

Düzü əyri görən, gözdən kasıbdı.
Odlanıb yanmayan, közdən kasıbdı.
Çox varlı adam var, sözdən kasıbdı.
Ay kişi, şairlər varlı adamdı.

Cilalanan sözü, həddi keçirsə,
Hər boyu, qaməti, qəddi keçirsə,
Qapını, divarı, səddi keçirsə,
Ay kişi, şairlər varlı adamdı.

Düşməni olsa da, dostu çox olur.
Sözü məlhəm olur, bəzən ox olur.
Pulu olmasa da, nəfsi tox olur,
Ay kişi, şairlər varlı adamdı.

Varlı parasından, pulundan keçməz,
Ağa nökərindən, qulundan keçməz,
Şair də söz dolu çulundan keçməz,
Ay kişi, şairlər varlı adamdı.

Ocaq, yanmaq üçün közə möhtacdı,
Adam, görmək üçün gözə möhtacdı.
Varlılar özü də sözə möhtacdı,
Ay kişi, şairlər varlı adamdı.

Bu da bir şairin təbidi gəldi.
Kağıza söz yazan qələmdi, əldi.
Şair var ki, sözü qızıldı, ləldi,
Ay kişi, şairlər varlı adamdı
19.07.2019

Müəllif: ETİBAR VƏLİYEV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

GÜLŞƏN MUSTAFA

gülşən mustafa “üç yarpaq” -da

HƏSRƏTİN ÖZÜNDƏN ETİBARLIDIR

Tutdun ələrimdən, basdın köksünə,
Sözlərin ilişib dilində qaldı.
Bu nə möcüzəydi ayrıldıq yenə,
Elə bil əllərim əlində qaldı.

Sonra hara getdim yolumda bitdin,
Sonra da kölgəmi əvəz eylədin,
Bilmirəm sən mənə yaxşılıq etdin,
Ya suçum var idi, qərəz eylədin.?

Bir azdan heç nəyə etmədin xətir,
Kim sənin könlünə biveclik saçıb?
Canım, əllərimdən doydunmu, nədir,
Ya əlim dözməyib əlindən qaçıb.

İndi sənsizliyim acı dad dadır,
Acı nisgilin də yaxa buraxmır.
Həsrətin özündən etibarlıdır,
O məni sənin tək tənha buraxmır.

= = = =

AYNABƏNDLƏR

Bu köhnə evlərin , aynabədlərin, 
Aynası nələrə gör şahid olub. 
Duysa da hışqırıq , haray , səslərin, 
Saxlayıb içində, ürəyi dolub.

Buxara bürünüb mürgü vuranda,
Balaca bir barmaq şəkillər çəkib.
Dözübdür küləkdə, yeldə, boranda,
Gah sevinc keçirib, gah qəhər çəkib.

Evin bir sirrini verməyib ələ,
Olmayıb beşiyi şeytan şərinin.
Nazlı bir gəlinin əlləri ilə, 
Silinib göz yaşı şüşələrinin.

Küçədə əsəndə soyuq küləklər,
Evin istisini saxlayıb hər an. 
Aranı qatanda zalım fələklər,
Onda eşq, məhəbbət salıbdır liman.

İşə bax, baş əyib kiçilməyibdi,
Məbədi olubdur zəhmətin, tərin.
Mərd, mətin insandan seçilməyibdi,
Xisləti, əməli aynabəndlərin.

= = = =

BİZİMLƏ “QAÇDI-TUTDU” OYNADI İLLƏR

Toppuş əllərimlə yumdum gözümü,
Gizləndin tapmadım, qaçdım tutmadın.
Mənim uduzduğum bu oyunlarda
Deyəsən heç zaman sən də udmadın.

İllər qaçdı bizdən “məni tut”-deyə,
İz bulub, yönünü tapan olmadı.
Yaxşı gizlənmişdik xəyalımızda,
Gəzdik xəyal kimi, tutan olmadı.

Sənin tellərini aparan yellər,
Mənim hörüyümə ağ iz salıbdı.
Küsmüş arzulara bükülmüş xəyal,
Bir də küc-bucaqda həsrət qalıbdı.

Müəllif: GÜLŞƏN MUSTAFA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAYIL DOSTU – “BİLƏSİZ…”

mayıl dostudan günümüzə ayna tutan şeirlər:

YURDDA QALIB

Pərən – pərən düşən elim,
Bükülübdü dizim, belim,
Para-para ağzım, dilim,
Yurdda qalıb ağız dadım,
Ondan doyub kam almadım.

Yetim qalıb daşın, kolun,
İzə həsrət cığır, yolun,
Ay hazarat, ağah olun:
Özgə yerə iz salmadım,
Yurddan doyub kam almadım.

Sığal görmür meşən,çölün,
Sonasızdır çayın, gölün,
Məni doğran, yarı bölün.
Orda qalıb pir olmadım, 
Yurddan doyub kam almadım.

Meşə sirdaş hər talana,
Dağlar həmdəm daş qalana,
Dağ çəkirsən mən balana.
Xəyalən sənsiz qalmadım,
Yurddan doyub kam almadım.

Yurddur dərdə dərman,davam,
Orda qalıb nəğməm, havam,
Adı qalıb, yoxdur obam.
Onsuz boşaldım, dolmadım
Yurddan doyub kam almadım.

Qucaq açam dağ yelinə,
Dar dərənin gur selinə,
Qaçqın, köçkün mərd elinə.
Sənə tay bir yer bulmadım,
Yurddan doyub kam almadın.

= = = =

ŞƏHİD ANASI

Bilirəm, möhtacsan şirin bir sözə,
Həsrətsən gülüşlü quru bir gözə,
Dağsan, əriyirsən sən dözə-dözə,
Oğlunu itirmiş, şəhid anası.

Günü aya dönür, ayı illərə,
Naləsi, fəyadı düşür dillərə,
Nəmli gözü meydan olur sellərə,
Gözü nəm bitirmiş, şəhid anası.

Dərdinə tapılmaz əlac, nə dərman,
Bəxtinə yazılıb dəhşətli fərman,
Sanki, külə dönüb yaşıl bir orman,
Qəlbini əritmiş, şəhid anası.

Ən uca yer sizlərindi, biləsiz,
Zəfər çalaq, bir ürəkdən güləsiz,
Niskili, acını bir az siləsiz,
Ər oğul yetirmüş, şəhid anası.

17. 07. 2019

= = = =

HALAL QARDAŞIM

Kürəyin şələli, əlin qabarlı,
Gəlindən həyalı, qızdan abırlı,
Güvənin tərindi, zəhmətin barlı.
Qürurum,adımsan, vüqarlı başım,
Yaşamaq halalın,halal qardaşım.
***
Çörəyin torpaqdan, ya daşdan şıxır,
Ehtiyac çox zaman qəlbini sıxır,
Yüz haram sarayı– bir halal yıxır.
Mayası mərdlikdən bünövrə daşıım,
Yaşamaq halalın, halal qardaşım.
***
Şöhrətin zəhmətdi, alın tərindi,
Mənliyin bütövdü,həm də dərindi,
Vicdanın dayağın, saf hünərindi.
Sən, quru oduna yanan, ay yaşım,
Yaşamaq halalın, halal qardaşım.
***
Nəfsini qul edir, cəza verirsən,
Gözünlə od yeyir , oda girirsən,
Özgənin yox, öz barını dərirsən,
Özgə malın haram sayan sirdaşım,
Yaşamaq halalın, halal qardaşım.
***
Dünyanın nizamı çiynində durub,
İçində paklığı, saflığın qurub,
Niyyətin haramı gözündən vurub.
Harama,tamaha sənsən savaşım,
Yaşamaq halalın, halal qardaşım.
***
Bu haram dünyada işin çox çətin,
Ağır, fəqət şərəflidir qismətin,
Sən uca varlığı, uca millətin.
Sənədir hörmətim, güvən,alqışım,
Yaşamaq halalın,halal qardaşım.

Müəllif: MAYİL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Səməd Vurğun

AZƏRBAYCAN ŞEİRİ

El bilir ki, sən mənimsən, 
Yurdum, yuvam, məskənimsən, 
Anam doğma vətənimsən! 
Ayrılarmı könül candan? 
Azərbaycan, Azərbaycan! 

Mən bir uşaq, sən bir ana, 
Odur ki, bağlıyam sana, 
Hanki səmtə, hanki yana 
Hey uçsam da yuvam sənsən, 
Elim, günüm, obam sənsən!

Çox keçmişəm bu dağlardan, 
Durna gözlü bulaqlardan! 
Eşitmişəm uzaqlardan 
Sakit axan arazları, 
Sınamışam dostu, yarı… 

Fəqət səndən gen düşəndə, 
Ayrılıq məndən düşəndə, 
Saçlarıma dən düşəndə. 
Boğar aylar, illər məni, 
Qınamısan ellər məni. 

Dağlarının başı qardır, 
Ağ örpəyin buludlardır. 
Böyük bir keçmişin vardır. 
Bilinməyir yaşın sənin, 
Nələr çəkmiş başın sənin. 

Düşdün uğursuz dillərə, 
Nəs aylara, nəs illərə. 
Nəsillərdən nəsillərə, 
Keçən bir şöhrətin vardır. 
Oğlun, qızın bəxtiyardır… 

Hey baxıram bu düzlərə, 
Ala gözlü gündüzlərə. 
Qara xal ağ üzlərə, 
Könül istər şeir yaza; 
Gəncləşirəm yaza-yaza… 

Ölməz könül, ölməz əsər, 
Nizamilər, Fizulilər 
Əlin qələm, sinəm dəftər, 
De gəlsin hər nəyin vardır. 
Deyilən söz yadigardır.

“Azərbaycan” şeirindəki gizlinlər

“Mən ona görə dahiyəm ki, özümdən öncəki dahilərin çiyinlərində dayanmışam” – bu sözləri dahi ingilis fiziki İsaak Nyuton demişdir. Həqiqətən də, bu deyimdə böyük bir hikmət payı vardır. Millətin millət kimi formalaşmasında onun sayının azlığının və ya çoxluğunun fərqi yoxdur, yəni daha doğrusu, bu prinsipdə kütlə amili heç bir əhəmiyyət kəsb etmir. Hər bir xalqı dünyada tanıdan onun şəxsiyyətləri, onun sərkərdələri, onun alimləri, onun dahiləridir. Yəni fərd kimi doğulan, xalq üçün yaşayan, lakin bəşəriyyət üçün çalışan, iz buraxan dühalar xalqını dünyada daha tez tanıdıb.

Hər bir xalqın dərin dövlətçilik ənənəsi, şərəfli hərb tarixi ilə yanaşı onun yaratdığı mədəniyyətlər içərisində ədəbiyyatı daha önəmli olmuşdur. Maddi-mədəniyyət nümunəsi, folkloru zəngin olan xalq özünün möhtəşəm varlığı üzərində ədəbi və bədii ədəbiyyatını yaratmışdır. Bu ədəbiyyat nümunələri dövrün siyasi rənginə, fəlsəfəsinə, yaşam tərzinə uyğun olaraq, sanki, böyük bir zəncir halqaları kimi bir-birinə keçərək gələcəyə doğru toxunaraq uzanmışdır. Əgər bu halqalardan hər hansı birini öz dövrünün epoxasından ayırıb, ona ya özündən əvvəlki, yaxud da özündən sonrakı dövrün siyasi və sosial tələbləri müstəvisindən baxılsa, bu mükəmməl bağlılıq darmadağın olaraq xalqın ədəbiyyatına faciələr gətirər.

“Kitabi-Dədə Qorqud” dastan folklorunun təməlində formalaşan qədim Azərbaycan (türk) ədəbiyyatının zəngin xəzinəsi böyük şəxsiyyətlər vasitəsilə, el yaddaşında günümüzə qədər gəlib çatmışdır. Hər bir şair, sənətkar onlarca, yüzlərcə müasiri ilə eyni bir dövrün sosial-ədəbi mühitində yaşayıb yaratmışdır. Lakin cəmiyyətin sərt və dəyişkən tələbləri qarşılığında xalqın duyğusunu, sevgisini daha çox qazanmış sənətkarlar, şairlər ələnərək özündən öncəki dahilərin dahiliyi üzərində zirvələrə ucalmışdır. Azərbaycan xalqı dünyanın xoşbəxt xalqlarındandır ki, onun dünyaca məşhur dahi sənətkarları və elm adamları olub. İzzəddin Həsənoğlu, Şeyx Səfiəddin Ərdəbili, Nizami Gəncəvi, Nəsimi, Füzuli, Nəsrəddin Tusi kimi canlı həyatla bağlı olan, fəlsəfi fikirlərlə zəngin dünyavi poeziya nümunələri yaradan dahilərin sırası daha sonralar Mirzə Fətəli Axundova, Mirzə Cəlilə, Üzeyir Hacıbəyliyə, Hüseyn Cavidə, Sabirə, Səməd Vurğuna və digərlərinə gəlib çatması ilə anadilli poeziyamız daha da yüksəlmişdir.

Lakin son illər Azərbaycan xalqının milli-mənəvi sərvəti olan dahi şəxsiyyətlərin, klassik və mütəfəkkirlərin məqsədli şəkildə ləkələnməsi gündəmin manşetindən düşmək bilmir. Təbii ki, bu cür basqılar qeyri-milli qüvvələr tərəfindən bu və ya digər formada ortaya atılmışdır. Çox təəssüflər olsun ki, bu işdə “sapı özümüzdən olan baltalar” daha çox aktivlik göstərirlər. Hazırkı dövrdə isə siyasət aləmində uduzmuş, lakin gündəmdən düşməyi özlərinə utanc bilən bəzi insanlar nüfuzlu şair və yazarları ləkələməkdən utanmamaq kimi asan yol seçiblər.

Bir vaxtlar Nizaminin fars, Füzulinin qeyri-millətdən olmasını söylədilər. Mirzə Cəlili, Rəsul Rzanı, Cavidi, Müşfiqi, Sabiri ittiham etdilər, onların ünvanlarına şəxsiyyətlərini alçaldacaq böhtanlar yağdırdılar. Son vaxtlar isə saxta ittihamlarla, mənşəyi bilinməyən böhtanlarla hələ özünü tanımayan, dərk etməyən, yetişməmiş insanların vasitəçiliyi ilə Azərbaycan xalqının böyük oğlu, dahi şairimiz Səməd Vurğuna qarşı da qaragüruh fəaliyyətə keçiblər.

Milli və siyasi baxışlarına görə Səməd Vurğuna əks cəbhədə göstərilərək Sovet ideologiyasına baş əymədiyinə görə repressiyaya məruz qalması iddia olunan Azərbaycanın şair və yazıçıları haqqında bu cür yanaşma kökündən yanlışdır. Əvvəla Səməd Vurğun yaradıcılığını dərindən bilənlərin, onu sevənlərin Səməd Vurğuna qarşı iddialar irəli sürənlərdən köklü fərqi ondan ibarətdir ki, Vurğunsevərlər daim Vurğun yaradıcılığı ilə yanaşı Cavid, Müşviq, Əhməd Cavad yaradıcılığını da sevərək oxuyub, öyrənmişlər. Məhz repressiya illərində Müşviqini, Cavidini, Əhməd Cavadını itirən Azərbaycan ədəbiyyatının ağırlığının böyük hissəsi Vurğunun üzərinə düşmüşdür. Buna görə də Səməd Vurğun qanlı repressiya illərində özünü qorumağı düşünmədən bir-birinin ardınca xalqın ədəbi xəzinəsini dolduracaq əsərlər yazmışdır ki, bunlardan biri də “Vaqif” dramıdır.

Ümumiyyətlə, Səməd Vurğun Sovet senzurasının xalqların milli ədəbiyyatı qarşısına çəkdiyi “tikanlı sərhəd məftilləri”ni doğrayıb, özünə cığır açaraq bu sərhədi keçmiş və xalqının taleyinin acı tarixini bəzən öz dilində, bəzən obrazının dilində nəzmə çəkmişdir. Səməd Vurğunun dolğun həyat fəlsəfəsi xalqla, təbiətin vəhdətindən doğulmuşdu. Məlumdur ki, Səməd Vurğunun müasiri olan kütlə və intellekt sahibi olan insanlarla bugünkü insanların milli düşüncəsi arasında yerlə göy arası fərq vardır. O dövrdə Sovet ideologiyasına uymuş kütlənin özü belə milli ruhda yazılan istənilən əsərə qarşı sərt təpki göstərərək, müəllifi baykot edərdilər. Şairin, sənətkarın da ölməzliyi, böyüklüyü elə ondadır ki, o yazmış olduğu əsərləri həm dövrün ruhuna uyğun yazmalı, həm də zamanın dəyişkən axarında onların yaşamağını təmin etsin. Səməd Vurğun 1934-cü ildə yazdığı “Azərbaycan” şeiri ilə kütləyə özünün zəmanə ruhlu şair olduğunu, düşüncə və təfəkkürü dərin olan oxucuya, gələcək tədqiqatçılara isə bəşəri duyğulu sənətkar şair olduğunu göstərmişdir. Ümumiyyətlə, Səməd Vurğunun şeirlərinin təhlilini vermək üçün gərəkdir ki, ədəbiyyatdan, tarixdən kifayət qədər məlumatın ola. Məsələn, milyonlarla insan “Azərbaycan” şeirini əzbər bilir. Şeir hər bir dövrün ruhuna uyğun gəlir. Lakin şairin yaradıcılığında ortaya qoyduğu milli problemləri duya biləcək az sayda insanlar var. Bu şeirdə Quzey Azərbaycanla Güney Azərbaycanın yaralı yeri olan ədalətsiz parçalanmanın acısından danışıldığını nə dərəcədə bilirik? O zaman şeiriyyətdə bəzi bəndlərə diqqət çəkək:

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam məskənimsən,

Demək, doğma vətənimsən,

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

Birinci üç sətirdə şair Azərbaycan ərazisində mövcud olmuş tarixi dövlət və imperiyaların mövcudluğu zamanı bu ərazilərin Azərbaycan türklərinə aid olduğunu bütün dünyanın bildiyini və buradakı qədim toponimlərin məhz türklərə aid olduğunun şübhəsiz təsdiqinə eyham vuraraq “Demək, doğma vətənimsən” yazmışdır. “Ayrılarmı könül candan?” yazmaqla tarixin qara səhifəsində Azərbaycanı bölmüş güclərə səslənərək Quzey Azərbaycanla Güney Azərbaycanın ayrılığına rəğmən Azərbaycan adını iki dəfə çəkir. Şeirin sonrakı bəndində Səməd Vurğun Azərbaycanın milli probleminin siyasi durumunu poetik dillə oxucuya ötürmüşdür:

Mən bir uşaq, sən bir ana,

Odur ki, bağlıyam sana:

Hankı səmtə, hankı yana

Hey uçsam da, yuvam sənsən,

Elim, günüm, obam sənsən!

Birinci misrada şair Sovet Azərbaycanının ərazi və əhali baxımından kiçikliyinə rəğmən buna “mən bir uşaq” deyərək, İran Azərbaycanına isə “sən bir ana” deməsilə bu vəhdət daxilində tarixi bir coğrafiya cızmışdır. Sonuncu üç sətirdə isə şair Azərbaycanda fəaliyyət göstərən gizli Güney mühacir təşkilatlarının və xaricdə fəaliyyət göstərən Azərbaycan mühacir hökumətinin fəallarının haralarda fəaliyyət göstərməsindən asılı olmayaraq, Azərbaycan üçün döyünən bir ürək olduqlarını poetik formada vermişdir. Şair böyük ədəbi maneralarla şeirin bəndlərində Quzey Azərbaycanın siyasi və mövcud xəritəsiini cızaraq son anda Güneyə uzanan yola baxır. Məsələn, “Azərbaycan” şeirinin digər bəndində:

Bir tərəfin bəhri – Xəzər,

Yaşılbaş sonalar gəzər;

Xəyalım dolanar gəzər

Gah Muğanı, gah Eldarı,

Mənzil uzaq, ömür yarı!

Bu bənddə Azərbaycanın gözəlliyinin vəsf edilməsi oxucunu riqqətə gətirir. Əslində isə bu bəndin sətiraltı bəndi başqa cürdür. Burada bütöv Azərbaycanın bir tərəf sərhədinin Xəzər dənizinə dirəndiyini göstərsə də reallıqda Azərbaycan ərazisini ancaq xəyalda canlandırmağın mümkün olduğunu qeyd edərək Böyük Muğan düzünün Kür-Araz ovalığının Quzeydə, düzün cənub-qərb davamının isə Güneydə qaldığına işarət edərək sonda “Mənzil uzaq, ömür yarı” deməklə açıq-aydın görsənir ki, bütöv Azərbaycanı dolanmaq üçün bir insan ömürü yetməz.

Başqa bir bəndə diqqət yetirək:

Keç bu dağdan, bu arandan,

Astaradan, Lənkərandan.

Afrikadan, Hindistandan

Qonaq gəlir bizə quşlar,

Zülm əlindən qurtulmuşlar…

Bu misralar adi oxucu üçün gözəl təbiət mənzərəsi kimi görsənir. Amma gəlin, şeirin poetikasına enərək sətiraltı ifadələri incələyək. “Keç bu dağdan, bu arandan, Astaradan, Lənkərandan” deməklə şair Güney Azərbaycanın sərhəd zolağında dayanaraq buradan Güneyə boylanır. Birdən-birə sanki şeirdə uzlaşmayan təbiət mənzərəsi ortaya çıxır. Lənkəranı əyalət kimi göstərdiyi halda, sonrakı misralarda materik və ölkə anlayışına keçir. Bəs, görəsən, burada şairi yaralayan nə idi? Şairin Güneydə fars rejimi əsarətində zülm çəkən milyonlarla soydaşının Quzeydə yaşayan qardaşlarına qovuşmasına qadağa qoyulduğu bir vaxtda, Afrika dövlətlərinin qara dərili vətandaşlarının və “qardaş” Hindistan vətəndaşlarının heç bir maneələr olmadan “beynəlmiləlçilik” adı altında sovetlərə rahat şəkildə gələrək gül-çiçəklə qarşılanmaları şairi yandırırdı.

Şairin böyük qardaşı Mehdixan Vəkilovun atam mərhum İmrayıl Alıyevə söylədiyi xatirələrindən: “Səməd Vurğun Güney Azərbaycan problemini millətimiz üçün faciəvi problem adlandırırdı. Mən İkinci Dünya müharibəsi başlayandan sonra 1941-ci ilin sentyabr ayında Təbriz şəhərinə ezam olunmuşdum. Orada gizli və aşkar şəkildə arxivlərdə işləyirdim. Rastıma çıxan materiallar məni dəhşətə gətirirdi. Bu xalqın zəngin ədəbi-bədii yaradıcılığı, tarixi keçmişi qalaq-qalaq, toz basmış köhnəlmiş sənədlərdə yatırdı. Mən qadağan olunmuş sənədlərin mətnini əzbərləyərək yadımda saxlayırdım. Çünki hər hansı qeyd aparmağın acı sonluğu mənə məlum idi. Bu məlumatları Bakıya gəlincə gizlincə Səmədə danışırdım. Səməd qulaq asıb dinlədikdən sonra gözləri yaşarmış halda “ay Qara, bu xalq hər zaman yaratmış, yaradır, yaradacaq da” deyərək qəhərlənirdi”.

Lakin olaylara dərindən yanaşma məntiqi olmayan, ədəbi düşüncə tərzi dayaz olan bəzi insanlar Səməd Vurğunu təkcə aşıq şair adlandırırlar. Bəli, ədəbi bilik səviyyələrinin sərhədləri daxilində bunu düz görürlər, lakin çox təssüf ki, qıfıllanmış zehniyyətləri bundan artığını görməyə imkan vermir. Milli və bəşəri dəyərlərə əsaslanan problemlərin qoyuluşu baxımından Səməd Vurğun yaradıcılığında iki əsas motiv (milli və bəşəri) vəhdət təşkil edir. Məlumdur ki, aşıq yaradıcılığı Azərbaycan türklərinin kökündən gələn bir yaşam tərzi, həyat eşqidir. Həqiqətən də, xalq şairi, xalq sənətkarı olan kəs o xalqın milli ruhunu ruhunda daşımayırsa, ən yaxşı halda həmin sənətkar məhəlli bir formada qısa zamanda yaddaşlarda yaşayacaq. Milli kolaritləri öz əsərlərində ortaya qoya bilməyən şair bəşəri müstəviyə çıxa bilməz. Məhz bu baxımdan sözün tam mənasında söyləyə bilərik ki, Səməd Vurğun ədəbi yaradıcılığında milli dəyərlər xəzinəsi üzərində dayanaraq ortaya bəşəri problemlər qoymuşdur. Belə ki, əsərlərində milli və bəşəri kolaritlərə toxunan şair sonluqda hadisələrin mərkəzində insan faktorunun dayandığını üzə çıxarmış və “Qalib gələcəkmi cahanda kamal?” deyərək, ümumbəşəri bir fəlsəfi problem ortaya qoymuşdur. Səməd Vurğunu dərk etməyən şəxslər də dahi şairin qeyd etdiyi kamal, təfəkkür probleminə daxil olanlardır.

Və beləliklə də dahi şair özündən sonra gələn nəsillərə yaradıcılıq çevrəsi müəyyən etmişdir.

Sonda yuxarıdakı təhlillərə əsaslanaraq yazını bu cür tamamlamaq istərdim: Səməd Vurğunun hər bir əsəri ayrı-ayrılıqda palıd ağacının budaqlarını, əsərlərinin vəhdəti isə ağacın kökünü və gövdəsini təşkil edir. Səməd Vurğunun əsərlərini dərk etməyən, onun yaradıcılığına şübhə ilə yanaşanların qaranlıq zehniyyətində bir qıfıllanma vardır.

Yusif Alıyev, 
fəlsəfə doktoru, dosent

İLKİN MƏNBƏ: #ƏDƏBİYYAT

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SÜLEYMAN RÜSTƏM

SÜLEYMAN RÜSTƏM HAQQINDA

Süleyman Rüstəm 1906-cı ildə Bakının Novxanı kəndində anadan olmuşdur. İlk təhsilini Bakıdakı rus-tatar məktəbində almışdır. Süleyman Rüstəm təhsilini Nəriman Nərimanov adına sənaye məktəbində davam etmişdir. O 20-ci illərdə Bakı Dövlət Universitəsində və Moskova Dövlət Universitəsində də oxumuşdur.
Süleyman Rüstəm əmək fəaliyyətinə “Gənc işçi” qəzetində başlamşdır. 1926-cı ildə o, “Gənc qızıl qələmlər ittifaqı”nı yaratmışdır. Bir müddət “inqilab və mədəniyyət” jurnalında və “Ədəbiyat” qəzetində məs`ul vəzifələrdə çalışmışdır.
Süleyman Rüstəm Azərbaycanın Xalq şairi və Sosialist Əməyi Qəhrəmanı fəxri adlarına layiq olmüşdür. O 1989-cu ilndə Bakıda gözünü bu dünyaya yummuşdur. Onun məzarı indi bakıda fəxri xiyabanındadır.

Yaradıcılığı: Süleyman Rüstəm hələ sənaye məktəbində oxuyarkən “Molla Nəsrəddin” jurnalında kiçik yazılarını nəşr etdirmişdir. Şairin ilk şeiri “Unudulmuş gənc”dir (1923-cü il). “Gənc qızıl qələmlər” kitabında (1926-cı il) Süleyman Rüstəmin bir sıra şeirləri nəşr edilmişdir. 1926-cı ildə onun Almas İldırımla birgə “Dün – bugün” kitabı çap olunur.
1927-ci ildə şairin Süleyman Rüstəmin “Ələmdən nəşəyə”(Qəmdən sevincə) adlı ilk kitabı nəşr olunur. Kitabdakı şe`rlərin çoxu publistik-lirik üslubdadır və mövzuca bir-birinə yaxındır. Süleyman Rüstəm “Mənim şeirim” əsərində şair poeziyasını “mühitin meyvəsi” adlandıraraq gözyaşının, qəm və kədərin ondan uzaq olduğunu bildirir.
30-cu illərdə Süleyman Rüstəmin “Addımlar”, “Səs”, “Atəş”, “Şairin səsi”, “ulduzlar” və “Gecənin romantikası” kitabları nəşr olunur. Süleyman Rüstəm müharibə dövründə qalxı qələbəyə səsləyən bir sıra şeirlər yazır. Şairin bu dövrdə yazdığı şeirləri “Ana ürəyi”, “Ana və poçtalyon(postçu)”, “Gün o gün olsun ki” kitablarnda toplanmışdır. “And”, “Qafqaz ordusu”, “416”, “Qəfurun qəlbi”, “Əzizlərdən əzizlərə”, “Gün o gün olsun ki” şe`rləri müharibə mövzusundadır. Bu şeirlərdə şair qələbəyə olan dərin inanımını anlatırdı:
Gün o gün olsun ki, qurtarsın dava,
Dağılsın buludlar, açlsın hava.

Süleyman Rüstəmin müharibədən sonra yazdığı şeirləri “iki sahil” kitabında (1950-ci) il toplanmışdır. SSRİ (Sovet Sosyalist Respublikalar İttifaqı) Dövlət mükafatına layiq görülmüş bu kitabdakı şeirlərin çoxu siyasi lirika nümunələridir. Kitabdakı şe`rlərin bir hissəsi isə iki sahil – o taylı-bu taylı Azərbaycan mövzusundadır. Güney Azərbaycan mövzusu Süleyman Rüstəm lirikasında xüsusi bir yer tutur. Müharibə dövründə şair Sovet ordusu tərkibində Güney Azərbaycanda olmuşdur və ordakı soydaşlarımızın istək və həsrətlərini yaxından duymuşdur.
Süleyman Rüstəm yarım əsrdən çox Güney həsrəti, Güney mövzusunda bir sıra dəyərli əsərlər yaratmışdır. Həmin əsərlər şairin yaradıcılığında Güney poeziyası adlanır. Şair bu mövzuda yazdığı şeirlərinin birində ayrı düşmüş qardaşlarına qovuşmaq həsrətini belə ifadə edir:
Hər kəsin bir qəlbi varsa, mənim iki qəlbim var,
Hər ikisi bir vüsalın həsrətində çırpınar,
Biri doğma Bakıdadır, biri ana Təbrizdə,
Biri gülür, o birisə batıb qana Təbrizdə.

Süleyman Rüstəmin güney şeirlərinin çoxu qəzəl, qoşma və beşlik formasındadır. Şair “Yandı” rədifli qəzəlində vətinin ikiyə bölünməsindəm, xalqn faciəsindən ürək ağrısı ilə söz açır:
Ürəkdə min yaram vardır, yazıq millət, yazıq millət,
Sənə hər ləhzədə öz canını qurban edən yandı,
… Süleyman, qafil olma, yaxşı bax ətrafə, şairsən,
Cinayət artdı həddindən, haray sal ki, vətən yandı.

Qoşma formasında yazdığı “Dəymə” şeİrində isə Azərbaycan-türk dilinə xor baxan iranşovinistlərinə qəzəb və nifrətini bildirirdi:
Mən sənin dilinə dəymirəm, cəllad,
Gəl sən də bu ana dilimə dəymə
Sənində bağın var, gülün var, çəkil,
Bağımda əkdiyim gülümə dəymə!

Süleyman Rüstəmin “Əyilmə”, “Durnalar”, “Zindan”, “Yad gül dərə bilməz”, “Şair” şeirləri də güney poeziyasına daxildir. Şairin Şəhriyara yazdığ mənzum məktubları da bu mövzudadır. Süleyman Rüstəm güney mövzusunda bir neçə kiçik poema da yazmışdır: “On ikinci tüfəng”, “Gülbahar”, “Memarın faciəsi”, “Şairin ölümü”. Süleyman Rüstəm güney poeziyasında xalq mənafeyini müdafiə edən vətənpərvər bir şair kimi yadda qalır.
Süleyman Rüstəmin yaradıcılığında qəzəl janrı da xüsusi yer tutur. Onun qəzəllərində saf məhəbbət və vətənpərvərlik hissləri vəhdətdə götürülür. Bu baxımdan şairin “Məndə” və “Ayrılmaz” rədifli qəzəlləri xüsusilə diqqətə layiqdir.
“Təbrizim” şeiri: Süleyman Rüstəmin güney poeziyasında “Təbrizim” şeiri xüsusi yer tutur. Şair onu 1941-ci ildə Təbrizə təzəcə gələndə yazmışdır. Təbrizə müraciət şəklində yazılmış şeir bu misralarla başlanır:
Baxdığca hüsnünə doymayır gözüm
Təbrizim, Təbrizim, gözəl Təbrizim!

“Təbrizim” şeiri heca vəznində, beşlik şeir formasında yazılmışdır. Şeir bəndlər şəklindədir və hər bənd beş misradan oluşur. Bəndlərdəki misralar aaabb şəklində qafiyələnir:
Qoymaram yadları girsin qoynuna,
İzin ver qolumu salım boynuna!
Sənin bayramına, sənin toyuna
Dili bir, qanı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib.

Şeir sanki iki doğma qardaşın, ata-balanın uzun ayrılıqdan sonra görüşünü əks etdirir. Süleyman Rüstəm Təbrizlə görüşməsini ikiyə bölünmüş Azərbaycanın bir-birinə qovuşması kimi qələmə almışdır. Buna görə də şeir olduqca təsirli və emosional səslənir və oxuduqca zərif, kövrək duyğular doğurur:
Bülbül zar-zar ağlar çəməndən ayrı,
İnsan deyib gülməz vətəndən ayrı,
Can necə yaşasın bədəndən ayri?
Aç öz ürəyini danış, Təbrizim.
Olum dərdlərinə tanış, Təbrizim!

“Təbrizim” şeiri şairin öz dilindən yazılmışdır. Şeirin lirik qəhrəmanı da şairin özüdür. Oxucu Təbrizlə görüşün sevinc və həyəcanını şairin obrazı vasitəsiylə duyur və qavrayır. Şeİrdə Təbrizin şairi necə qarşılaması da səmimi şəkildə təsvir olunur:
Sən çıxdın qarşıma duzla, çörəklə,
Bağından dərdiyin güllə, çiçəklə,
İkiyə bölünmüş saf bir ürəklə,
Təbrizim,təbrizim, aman Təbrizim
Yox olsun başından duman Təbrizim!

Şeirin əsas mövzusu Təbrizin gözəlliyinin tərifi olsa da, geniş mənada bu, vətənin tərənnümü kimi qavranılır. Şeirin hər bəndi vətən mövzusu ilə sıx bağlıdır. Bəndlərdə şəhərin bu günkü mənzərəsi canlandırıldığı kimi, onun qəhrəmanlıqla dolu tarixi keçmişi də yada salınır. Şair Cüney Azərbaycan da xalqın qara taleyindən və mübarizəsindən də səmimi duyğularla söz açır. Bu mövzudan danışarkən şair xalqın taleyilə bağlı həyəcan və narahatlığı bədii sual şəklində ifadə edir:
Nədir o, mənalı, dərin baxışlar?
Nədir gözlərindən yağan yağışlar?
Nədir qəlbindəki payızlar, qışlar?
Yetimtək boynunu əymə, Təbrizim!
Məlul-məlul baxıb durma, Təbrizim!

Şeirin son bəndi əvvəldəki misraların məzmunu ilə səsləşir. Şair yenə də doğma Təbrizlə görüşündən doğan sevinc duyğularını ifadə edir:
Sənin çiçəyinə, gülünə qurban!
Mənə qardaş deyən dilinə qurban!
Vətəninə qurban,elinə qurban!
Baxdığca hüsnünə doymayır gözüm
Təbrizim, Təbrizim, gözəl Təbrizim!

Süleyman Rüstəmin “Təbrizim” şeiri şairin güney lirikasının zirvəsi və ümumiyyətlə, butun yaradıcılğnın ən gözəl nümunələrindən biri sayılır.
Şair sağlığında çap etdirdiyi güney şeirləri toplusunu “Təbrizim” adlandırmışdır.(1985-ci il)

Qaynaqlar:
1. “Ədəbiyyat”, Yazarlar: Möhsün Nağısoylu, Rəhman Quliyev, Araz nəşri (Quzey Azərbaycan)
2. “Təbrizim”, Yazar: Süleyman Rüstəm

TƏBRİZİM ŞEİRİ HAQQINDA

İkiyə bölünmüş Vətən. Hər birimiz üçün necə də ağırdır bu kəlməni söyləmək. XIX əsrin əwəllərində xalqımız məhz belə acı tale ilə üzləşmişdir – Azərbaycan qonşu dövlətlərin maraqlarına uyğun şəkildə iki hissəyə bölünmüşdür: Cənubi Azərbaycan və Şimali Azərbaycan. O vaxtdan bəri bu tarixi haqsızlıq, ayrılığın doğurduğu nisgil, eyni zamanda otaylı, butaylı Azərbaycanın birləşmək arzusu, xalqımızın bu məqsəd ugrunda apardığı mübarizə ədəbiyyatımızın əsas mövzularından birinə çevrilmişdir.
        XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi S.Rüstəmin yaradıcılığında da Cənub mövzusu mühüm yer tutur. Ordu sıralarında Cənubi Azərbaycana gedən şair burada bir sıra müşahidələr aparmış, soydaşlarımızın həyatı ilə yaxından tanış olmuş, onların zaman-zaman milli azadlıq mübarizəsinə qalxmaları barədə geniş məlumat toplamışdır. Həssas qəlbli, vətənpərvər şairin təəssüratları sonralar onun cənub lirikasında birləşən dərin məzmunlu şeirlərinə çevrilmişdir.
        S.Rüstəmin bu qəbildən olan əsərlərindən biri də «Təbrizim» şeiridir. Şair bu şeiri elm, mədəniyyət, sənətkarlıq mərkəzi kimi tanınan qədim şəhər Təbrizə xitabən qələmə almışdır. Lakin Təbrizə müraciət etməkdə şairin məqsədi heç də yalnız onun barəsində söhbət açmaq, şəhərin gözəlliyini vəsf etmək deyildir. Şeirdə Təbriz vətənin rəmzi kimi başa düşülür. Əsərin əvvəlindən S.Rüstəmin Təbrizə böyük məhəbbətinin şahidi oluruq. Təbrizin hüsnünə baxdıqca gözləri doymayan şair «Qoymaram yadları girsin qoynuna» deyib onu özününkü sanır. Şair Təbrizin şad gününə şərik olmaq üçün onun bayramına gəlmişdir. Təbriz də öz əziz sirdaşını «duzlaçörəklə », «bağından dərdiyi güllə-çiçəklə», «ikiyə bölünməz saf bir ürəklə» qarşılayır. Bu, adi bir görüş deyil. Bu, dili bir, qanı bir iki qardaşın uzun ayrılıq həsrətindən sonra baş tutan görüşüdür. Şair duyğulanır və Təbrizə ən xoş arzularını dilə gətirir.
        Lakin Təbrizlə görüşdən hədsiz sevinc duyan, onun gözəlliyindən vəcdə gələn S.Rüstəm bərk narahatdır. Qəlbi nisgildən sızlayan şair Təbrizin bütün dərd-səri ilə tanış olmaq istəyir.
        Aşağıdakı misralarda müəllifin vətən yanğısı, təəssübkeşliyi dolğun şəkildə ifadə olunmuşdur.
Bülbül zar-zar ağlar çəməndən ayrı.
Insan deyib-gülməz Vətəndən ayrı.
Can necə yaşasın bədəndən ayrı?!
Aç öz ürəyini danış, Təbrizim,
Olum dərdlərinlə tanış, Təbrizim.

        Təbrizin bağından gül-çiçək dərib onun vəziyyəti ilə tanış olan şairin dərdi təzələnir, o, təlatümlü düşüncələrə dalır. Torpağı ikiyə bölünən şairin iztirabları başadüşüləndir. Onun dərdi Vətən dərdidir. Şairin qəlbi otaylı, butaylı Azərbaycanı bütöv görmək arzusu ilə yanır. Onun qənaətinə görə, birliyə gedən yol mübarizələrdən, çarpışmalardan keçir. Müəllif Təbrizin şanlı qəhrəmanlıq tarixini xatırlayır. Təbrizin «qoynundan süd əmən saysı qəhrəmanlar» onun yolunda zaman-zaman canlannı qurban vermişlər. Şair belə qəhrəmanlıq tarixi olan Təbrizə cəllada, yada baş əyməməyi məsləhət görür, onu daim azadlıq, birlik uğrunda mübarizə aparmağa çağırır.
        S.Rüstəmin «Təbrizim» şeiri məzmunca dolğun olduğu kimi, bədii ifadə vasitələri ilə də zəngindir. Ustad sənətkar şeirin təsir gücünü artırmaq, bütöv Azərbaycan ideyasını oxucuya daha dolğun şəkildə çatdırmaq üçün dilimizin zənginliyindən geniş istifadə etmiş, bir-birindən təsirli bədii ifadə vasitələri seçmişdir. Aşağıdakı misralara diqqət yetirək:
Nədir o mənalı dərin baxışlar?
Nədir gözlərindən yağan yağışlar?
Nədir qəlbindəki payızlar, qışlar?..
Yetimtək boynunu burma, Təbrizim,
Məlul-məlul baxıb durma, Təbrizim!

        Bu misralardakı təkrir, bənzətmə, məcaz və bədii sualların köməyi ilə şair Təbrizin ayrılıqdan doğan dərin kədərini qabarıq şəkildə nəzərə çarpdırmağa nail olmuşdur. Ümumiyyətlə, şeir böyük təsir və səfərbəredici gücə malikdir. «Təbrizim»i oxuyan hər kəsin qəlbində tarixi ədalətsizliyə son qoymaq, ikiyə bölünən Vətənin birliyinə nail olmaq istəyi daha da güclənir.

TƏBRİZİM ŞEİRİ

Baxdığca hüsnünə doymayır gözüm
Təbrizim, Təbrizim, gözəl Təbrizim!

Qoymaram yadları girsin qoynuna,
İzin ver qolumu salım boynuna!
Sənin bayramına, sənin toyuna
Dili bir, qanı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib.

Bülbül zar-zar ağlar çəməndən ayrı,
İnsan deyib gülməz vətəndən ayrı,
Can necə yaşasın bədəndən ayri?
Aç öz ürəyini danış, Təbrizim.
Olum dərdlərinə tanış, Təbrizim!

Sən çıxdın qarşıma duzla, çörəklə,
Bağından dərdiyin güllə, çiçəklə,
İkiyə bölünmüş saf bir ürəklə,
Təbrizim,təbrizim, aman Təbrizim
Yox olsun başından duman Təbrizim!

Qədrini ayrılıq çəkənlər bilər,
Hicranda gözyaşı tökənlər bilər,
Ömrünə qaranlıq çökənlər bilər,
Bağından gül-çiçək dərdim Təbrizim,
Yenə təzələndi dərdim, Təbrizim!

Nə qəşəngdir yol boyunca söyüdlər,
Söyüdlərin kölgəsində igidlər,
Babalardan dinləyirlər öyüdlər,
Coşup damarlarda qanı, Təbrizim,
Yoxdur bu mərdlərin sanı, Təbrizim!

Ağlasan ağlaram, gülsən gülərəm,
Yaşasan yaşaram, ölsən ölərəm,
Varımı səninlə yarı bölərəm,
Gəl bir də üzündən öpüm, Təbrizim!
Başına gül-çiçək sərim Təbrizim!

Nədir o, mə`nalı, dərin baxışlar?
Nədir gözlərindən yağan yağışlar?
Nədir qəlbindəki payızlar, qışlar?
Yetimtək boynunu əymə, Təbrizim!
Məlul-məlul baxıb durma, Təbrizim!

Sənin çiçəyinə, gülünə qurban!
Mənə qardaş deyən dilinə qurban!
Vətəninə qurban,elinə qurban!
Baxdığca hüsnünə doymayır gözüm
Təbrizim, Təbrizim, gözəl Təbrizim!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏMMƏD ARAZ

VƏTƏN  MƏNƏ  OĞUL  DESƏ

Buyruqlara sığışmayan inaddım,
Çox qanadlar yorub salan qanaddım.
Ulduzlara barmaq silkib, daş atdım;
Nizamlara baş əyməzdi nizamım.

Qayaları haçalardı qüdrətim,
Buludları parçalardı qüdrətim
Şimşəkləri qıçalardı qüdrətim,
Yorulanda nur mizrablı ozanım.

O selablar seləliyim yalanmış,
Ötən günlər çalağanmış, çalanmış.
Bircə kövrək xatirələr qalanmış,
Onu da ki, ha çevirim, ha sanım…

Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu torpaqsız harda, nə vaxt, nə dərdim — 
Xəzanımdır, xəzanımdır, xəzanım.

Dünənimi döşdən asan deyiləm,
Dünənimə qəbir qazan deyiləm.
Ürəyimsiz kəlmə yazan deyiləm,
Nə qədər ki, öz əlimdi yazanım.
1970

Mənbə: ŞEİRLƏR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QULU AĞSƏS – SƏN BİL

YORĞUN AĞACAM…

Bu dünyada heç kəsə demədim…

 O dünyada soruşsalar:

sən kimsən? –

 gözümü yumub, ağzımı açacam!

 Deyəcəm ki:

altındakı skamyada

bir yol özü oturmayan

yorğun ağacam…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – GƏLİR…

Bu gözəli kim incidib, ay Allah?

Bu gözəli kim incidib, ay Allah?
Gözlərindən bıldır-bıldır yaş gəlir…
Ha səkdirir, ha gizlədir nəzərin,
Fırlanır yenə də mənə tuş gəlir…
* * *
İslaq baxışları dopdolu, çim naz,
Hər şeydə fayda var, əgər olsa az,
Bunu da dəftərin bir küncünə yaz,
Hər nəyi boş versən qəlbə xoş gəlir…
* * *
Ustacın sözünü boş verən sənəm,
Çarpış, xırman yerin qoy olsun sinəm,
Ağla, yaxalığım qoy olsun su, nəm,
Hər yeni doğulan gözü yaş gəlir…
21.06.2019. Bakı. (20:00)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

ZAUR USTAC – OLSUN

OLSUN

Bir ümid işığı yandı bu axşam,

Cırtdan tərəfindən görülən olsun…

Gecənin bağrında zərrə bəsimdi,

Yetər ki, sonadək sürülən  olsun…

* * *
Bu əllər uzanıb haçandıır sənə,

Bir iriz, bir cığır, yol  göstər  mənə,

Gələrəm, baxmaram; uzuna, enə,

Lap elə, Musaya verilən olsun…

* * *

Qoy keçsin səhradan, ya da meşədən,

Yarağım, əsləhəm; qələm, tişədən,

Ruhuma qida ver, görklü rişədən,

Qoy daşdan, qayadan sorulan  olsun…

* * *

Qoy, dahi Nəsimi olsun yoldaşım,

Xətai qoy olsun, mənim qəmdaşım,

Nadiri, Qacarı eylə sirdaşım,

Dostum dost yolunda dirilən olsun…

* * *

Ustacam, dilimdə şükür bitibdi,

Daim dualarım Sənə yetibdi,

İndi bu qulunun səmti itibdi,

Nişan ver, bir yana  varılan olsun….

20.05.2019. Bakı. (01:36 – 22’)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – 20 – ci yazı

“Dağlar” sevdası və ya biz hələ yaşamalıyıq…

(İYİRMİNCİ  YAZI)

Salam olsun, çox dəyərli oxucum. Dədə Ələsgərin anadan olmasının 200 illik yubiley tədbirləri çərçivəsində nəşr olunacaq “DAĞLAR” adlı poeziya antologiyası şəklində nəzərdə tutulmuş almanaxın giriş məqalələrindən biri kimi, baş redaktor sözü olaraq qələmə aldığım bu yazı eyni zamanda “Yaradanla baş-başa” adlı kitabıma daxil olan iyirminci yazıdır. Bir daha hamınızı salamlayır və dağların cəzbində yaranmış sirli-sehrli söz dünyasına səyahətə dəvət edirəm.
Mənim böyüyüb, boya – başa çatdığım coğrafi ərazi olduqca mülayim iqlimə malik, dağətəyi (Ağdam rayonu, Yusifcanlı kəndi) bölgə olub. Dünyaya gözümü açandan Günəşin düzənlikdən (Qarqar çayının aşağı axınında, yulğunluqlara qarışıb, qamışlıqlarda itdiyi yerdə, Ağ göl ərazisində) al-qırmızı doğub, haramı çöllərinin üzərindən qövs çızaraq keçməklə ilin fəsillərinə görə gah Kirsin, gah Qırxqızın, gah da Murovun arxasında yenə al-qırmızı rəngə boyanıb, batmasını seyr etməklə keçib… Hava çox təmiz və açıq olanda Murovdan sonra daim başı qarlı şiş zirvə görsənirdi. Bu dağa Ağrı dağı deyirdilər… Kənd ağsaqqallarının dilində Ağrı dağı ilə bağlı belə bir deyim var idi: – “qar Ağrıya düşdüsə, üçcə günə burdadı…” Lap körpəlikdən dağları Günəşin, Ayın evi bilmişəm… Dünyaya sahiblik – ağalıq edən qüdrətli Günəşin, o, olmayanda onu əvəz edən sirli Ayın evi… İndi Siz dağların əzəmətini təsəvvür edin, bir uşaq düşüncəsində… Dağlar Gecənin gizləndiyi, Gündüzün dincəldiyi müqəddəs bir məkan olub mənim üçün… Dağların yaddaşımda belə dərin iz qoymasının ilk əsas səbəblərindən biri, bəlkə də birincisi – kənd uşaqları bunu yaxşı bilər – qoyun-quzunu axşamüstü örüşdən gətirmək üçün hər axşam Günəşin batmasını gözlədiyimdən gözlərimin sürəkli dağlarda olmasının və mütəmadi olaraq hər gün eyni mənzərənin təkrar olunmasının da rolu az olmayıb. Əlbəttə, o vaxtlar uzaqda olan dağlar sirli bir qala kimi görsənirdi və uşaqlarla həmişə mübahisə edərdik ora neçə günə gedib çıxmaq olar… Sonra tale elə gətirdi ki, bu sirli –sehrli dağlara sirdaş oldum… Hərbi xidmətimin çox hissəsini 2500 metrdən yüksək olan dağlarda keçirdim və anladım ki, dağlara uzaqdan, aşağıdan yuxarı baxmaq nə qədər sirli görünürdüsə, indi bu əzəmətli qalaların qoynunda olub, düzlərə yuxarıdan aşağı baxmaq o qədər, bəlkə də ondan min qat dah artıq, zövqverici, eyni zamanda ibrətamizdir… Xüsusi ilə hərdən olur ki, sən zirvədə olanda düzlərlə, yəni aşağıdakılarla sənin arana dümağ lopa-lopa buludlar girir və sən qalırsan buludların üzərində… Aşağıdakılar buludlara aşağıdan yuxarı baxıb orda Göyün – dünyanın bitiyini sandıqları halda sən o buludların üzərində olub, kaş dünya elə bu buludlarda bitəydi, hal-hazırda onun məndən gizlədiyi, buludların altında qalan bütün günü boş-boş şeylər üstündə didişən, söyüşən, bir-birinin ətini yeyib, qanını içən insanların varlığından heç xəbərim olmayaydı… Dünya elə bu buludlardan yuxarıdakılardan ibarət olaydı – deyə düşünürsən… Olduğum ən hündür zirvə Qapıcıqdır. Bundan əlavə Murovun, Baba dağın ətəklərində, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxının və digər adını qeyd etmədiyim bölgələrin istər boz, istər yaşıl dağlarında yayda da, qışda da çox olmuşam… Batabatda, Cıdırdüzündə olmuşam… Onu qeyd edim ki, sakit havalı (çovğunsuz) qarlı dağlar heç də yazdakı güllü-çiçəkli dağlardan az cəlbedici olmur, şəxsən mənim üçün daha gözəldir… Bunu söz xatirinə deyil, bir neçə mövsüm ard-arda Batabat yaylağında yaz-yay, payız-qış keşirmiş təcrübəli səyyah kimi qeyd edirəm. Tək Batabat deyil, Salvartısı, Dağdağanı, Əyriqarı, Sisqatarı, Küküdağı (Qogi), Ciciyurdu, Qanlı gölü, Göy gölü və digərləri hamısı bir-birindən səfalı olur, yayda da, qışda da… Mətləbdən uzaqlaşmayaq, bunlar hələ çox sonralar olacaq hadisələr idi və əlbəttə ki, mən də bunlardan xəbərsiz… 1987-ci ilin yayında yenə ailəvi olaraq Qalaya- Şuşaya getmişdik. İsabulağında, Cıdırdüzündə olduq… Bu bizim Cıdırdüzü ilə son görüşümüz oldu və bir daha dərədə gurhagurla, şırhaşırla, qıjhaqıjla axan Qarqara yuxarıdan aşağı, amiranə, könül fərahlığı ilə baxa bilmədik… (Deyirəm, tək Cıdırdüzü deyil, sonralar bunu digər dağlarda da hiss etmişəm. Təmiz dağ havasını sinəyə çəkdikdə qəlbi qəribə fərahlıq hissi, ruhu coşğunluq çuğlayır… Bu hissi dağ olmayan yalnız bircə ərazidə hiss etmişəm Azərbaycanın Rusiya ilə sərhəddində Xaçmazın sonuncu kəndi var, Xanoba – Zeyxuroba. Bir tərəfi meşə, bir tərəfi dəniz çox gözəl havası var, lap dağ havası kimi…) Olsa – olsa bir neçə dəfə körpüdən baxıb, sonra da çevrilib çiynimiz üstündən gözdən itənə qədər arxamızca boylanıb baxa bildik vəssalam… (…və bir də indi təzə-təzə peykdən baxıb, köks ötürmək öyrənmişik…) Bu səfərdən sonra sentyabrda dərs açılanda “Dağlar” –a aid şeir axtarmağa başladım. Əlbəttə, o vaxtlar indiki kimi hər şeyə maraqlı şagirdlərin sevimli dostu olan, nə lazım olsa bir anın içində tapıb ovcunun içinə qoyan (uşaq və gənclər bu nemətin dəyərini anlamalı və bacardıqca çox faydalanmalıdırlar…) “Google” kimi dostumuz olmadığına görə bu proses bir qədər çəkdi və nəhayət doqquzuncu siniflərin birindən onların gündəlik işlətmədikləri bir kitab – “ IX sinif Ədəbiyyat Müntəxəbatı ” kitabı tapdım. Bu kitabın Aşıq Ələsgərə aid bölümündə ayrı-ayrı parçalar şəklində müxtəlif nümunələr var idi:

Bahar fəsli yaz ayları gələndə
Süsənli sünbüllü lalalı dağlar
Yoxsulu ərbabı şahı gədanı
Tutmaz bir-birindən “aralı” dağlar

* * *
Həsənnənə, Həsənbaba qoşadı,
“Xaç” bulaq yaylağı xoş tamaşadı.
Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!
Bu iki bəndi elə ilk oxunuşda əzbərlədim desəm, yalan olmaz. Sonralar Ədəbiyyat müəllim Həsən müəllimdən (Allah rəhmət eləsin) bu “aralı”-nın əslində alalı – fərqli , “Xaç” bulaq – ın isə Xoş bulaq olduğunu öyrəndim… Və o gündən bu günə sanki, namaz sözləri kimi gün ərzində – hər gün özümdən asılı olmayaraq dəfələrlə təkrar edirəm… Əgər, bu sətirləri nə vaxtsa məni yaxından tanıyan, yol yoldaşı, otaq yoldaşı olmuş şəxslrdən kimsə oxusa bunu əminliklə təsdiq edəcəklər. Bununla bağlı kiçik bir haşiyəyə çıxmaq istəyirəm:
HAŞİYƏ
Hərbi xidmətdə olanların “kazarma” – əsgər yataqxanası -haqqında yəqin ki, təsəvvürləri var. Olmayanlar üçün qeyd edim ki, 100- 200 nəfərin birlikdə yaşadığı, hərənin öz çarpayısı (ehtiyac olduqda iki mərtəbəli də olur), dolabı, kətili olan, ayrı-ayrı hissələrdən ibarət, hər iki başında tualet (ayaqyolu və yuyunmaq üçün yer) və digər yardımçı otaqlar nəzərdə tutulmuş böyük bir ev. Ev və sözün əsl mənasında ev. Öz evlərində doğmaca ailə üzvləri ilə yola getməyənlər bu evdə elə yaxşı yola gedirlər ki… İndi deyəcəksiz bütün bunların məsələyə nə dəxli… Əlbəttə, dəxli var. Bu hal digər xidmət yerlərində də olub. Ancaq, BABKM –da oxuduğum vaxt uzun müddət olduğu üçün bu “kazarma”-nı misal çəkmək istədim. Deməli, düz dörd il boyunca sərasər hər gün səhər idmanından sonra (yay, qış fərq etmir) “kazarma”-nın o başından yuyunub, qurulana-qurulana öz çarpayımın yanına gələnədək – o başdan, bu başa –
“Bahar fəsli yaz ayları gələndə
Süsənli sünbüllü lalalı dağlar
Yoxsulu ərbabı şahı gədanı
Tutmaz bir-birindən “aralı” dağlar”
bu bəndi o qədər demişdim ki, artıq mən :
“Bahar fəsli yaz ayları gələndə…” – deyən kimi, bir-iki nəfər, – “…şair yenə başladı…”- deyənləri çıxmaq şərti ilə “kazarma”-da olub öz işləri ilə məşğul olan (üzün qırxan, yaxalıq tikən, daranan) uşaqların böyük əksəriyyəti bir ağızdan: “Süsənli sünbüllü lalalı dağlar” – deyə səsimə səs verirdilər…
Bu vərdişim günü bu gün də dəyişməyib, elə bil əlimə su dəyəndə, dağlar, buz bulaqlar yadıma düşür və sövq-təbii Dədə Ələsgəri, “Dağlar” – ı xatırlayıram və qeyri-ixtiyarı “Bahar fəsli yaz ayları gələndə…” qopur dilimdən… Onu qeyd edim ki, Tuncay bu layihədə fəal iştirak etsə də, “…şair yenə başladı…”- deyənlərdəndir… Baxmayaraq ki, o da “İbtidada Əlif Allah”- ı tam əzbər bilir və tez-tez deməyi xoşlayır. Uşaqlıqdan sadəcə Günəşin, Ayın, Gecənin, Gündüzün evi bildiyim Dağların böyüdükcə daha geniş anlam kəsb etdiyini anlamağa başladım. Azərbaycanı qarış-qarış gəzdikcə, dünya haqqında məlumatım artdıqca ölkəmizdə də, dünyanın digər yerlərində də insanların olduqca müxtəlif səbəblərdən, müxtəlif dağları müqəddəs bilib, ziyarətə getdiklərini, qurbanlar kəsdiklərini öyrəndim… Bir vaxtlar qeyri-ixtiyarı, sadəcə nəyə görəsə xoşuma gəldiyi, bir doğmalıq, istilik hiss etdiyim üçün, bəlkə də başqa bir səbəbdən əzbərlədiyim misralar, sonralar oxuduğum və bu gün də yenilərini oxumaqda davam etdiyim dağlar haqqında nümunələr, daim fikrimi məşğul edir. Almanaxla tanış olduqca burada toplanmış fərqli zamanlarda, müxtəlif statuslu, müxtəlif yaş qruplarına aid, müxtəlif nəsillərin nümayəndələri tərəfindən dağlara xitabən qələmə alınmış nümunələri oxuduqca Siz də bu barədə düşünə bilərsiz… “Dağlar” bizi bir məfhum kimi cəlb edir, yoxsa əksəriyyərin şüuraltı bilincində Tanrının Göydə olması anlayışı yer tutduğundan, dağların da Göyə, Tanrıya daha yaxın olması səbəbi ilə onu qutlaşdırır, Yer üzərində Tanrının təcəllisi səviyyəsinə qədər yüksəldib, tapınağa çevirirk. Yaxud da, gözəgörünməzlik, zatda varolma anlayışlarını qəbul edib, etməməsindən asılı olmayaraq, insan yardım istəmək, şikayət etmək, tərifləmək istədiyi yaradanı, güc-qüdrət sahibini görmək istəyir və Yer üzündə görüb, tanıdıqlarından yalnız dağı, dağları bu mərtəbəyə layib bilib onunla eyniləşdirir. Öz yaradanının daim gözünün önündə- məchul deyi, əlçatan olmasını arzu edir və bu istəyin gücü ilə Tanrını dağların timsalında bir məbud kimi görərək onun varlığın “Dağlar” obrazında reallaşdırır. Bu xüsusda yenə Dədə Ələsgərdən bir misal gətirmək istəyirəm:
“Yoxsulu ərbabı şahı gədanı
Tutmaz bir-birindən alalı dağlar”
Misaldan göründüyü kimi, bəşər övladına bu günə qədər məlum olan bütün məlumat qaynaqlarının hamısı nəzərə alınmaqla, yalnız və yalnız Böyük Allaha məxsus olan, onun “Adil” adının hökmlərindən irəli gələn, “ədalətlilik” ,“bərabərlik” prinsiplərini, yəni qarşısındakıları, yaratdıqlarını, bütün mövcudatı bərabər görmək, onları bir-birindən fərqləndirməmək sifətini əsl Haqq Aşığı, xalqımızın mütəfəkkir oğlu “Dağlar” obrazının üzərinə proyeksiya edir. Məhz bu xüsusiyyətinə görə Dədə Ələsgərin yaratdığı “Dağlar” obrazı yeganədir və özündən əvvəlkilərdən və sonrakılardan seçilir. Dahi söz ustadının yaratdığı “Dağlar” Adil Allah kimi heç kimi, heç bir xüsusiyyətinə görə bir-birindən fərqləndimir, ayrıseçkilik etmir… Bu minvalla almanaxda da yer almış, bizə məlum olan Miskin Abdala məxsus “Dağlar” adlı ilk nümunədən üzü bəri bu gün də yazılan nümunələrdə kefimiz kök olanda dağları vəsf edir, şəninə təriflər yağdırır, ələmə qurşananda isə, özümüz özümüzdən dağlara şikayət edir, dərd-sərimizə onlardan mədət umuruq… Bunu da qeyd etməsəm olmaz… Son vaxtlar nədənsə, dilimdən daha çox:
Həsənnənə, Həsənbaba qoşadı,
“Xaç” bulaq yaylağı xoş tamaşadı.
Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!
bu bənd qopur və Dədə Ələsgərin dilindən, özüm üçün dəfələrlə, dönə-dönə, təkrar edirəm:
“Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!”
Otuz ildən artıq bir müddətə yuxarıda qeyd etdiyim kimi, gün ərzində dəfələrlə səbəbini bilmədən, qeyri-ixtiyari təkrarladığım misraları indi, Dədə Ələsgərin nələr hiss etdiyini, nələr çəkdiyini bir köynək daha yaxından anlayaraq, xüsusi ilə təklikdə qalanda dönə-dönə, düşünə-düşünə təkrar edirəm:
“Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!”
Ancaq, neyləmək olar… Ölmək də olmur… Bu dünyanı yaşamaq, çözmək məcburiyyətindəyik… Bu fikir məni o qədər məşğul edir ki, yenə dağlar qoynunda – Şamıxıda – olduğum vaxtlarda ölüm haqqında belə kiçik, ancaq, ölümün tam tərifi kimi alınmış bir şeir yazmışam:
ÖLÜM NƏDİR?

Ölüm, ən şirin nemət,
Ən sonuncu diləkdir….
Ölüm, sonuncu fürsət,
Ümidsizə ümiddir….
07.01.2014. Şamaxı.
Çalışın ölümdən uzaq olun, həyatdan zövq almağa çalışın… Nə olur, olsun yaşamaq gözəldir… Heç bir səbəb onu bilərəkdən sonlandırmağa əsas ola bilməz. Sənin çıxılmaz zənn etdiyin bütün vəziyyətlərin çıxış qapısı var ki, əslində bu yer həyatını yaxşıya döğru dəyişəcəkb bir dönüş nöqtəsidir…
Odur ki, mən də şalışıram tək qalmayım:
“Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!”
deməyim.
Tuncay mənə nə qədər “…şair yenə başladı…”- desə də, mən elə: “Bahar fəsli yaz ayları gələndə…”- deməyə davam edim… Allah sənə qəni-qəni rəhmət eləsin, Dədə Ələsgər… Ruhun şad olsun…
Qeyd:
Hal-hazırda mən bu sətirləri yazarkən xəbər yayıldı ki, Dədə Ələsgərin nəvəsi – Ələsgər Ələsgərov vəfat edib. Bu münasibətlə mərhumun yaxınlarına dərin hüzünlə baş sağlığı verir, uca Yaradandan səbr diləyirik. Allah rəhmət eləsin. Ruhu şad olsun…
17.04.2019. Bakı.

QEYD:

Bu yazı müxtəlif saytlarda yayımlanmaqla bərabər müəllifin “YARADANLA BAŞ-BAŞA”, “QƏLƏMDAR” adlı kitablarında müstəqil məqalə və eyni zamanda “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunan “DAĞLAR” almanaxında baş redaktor sözü olaraq giriş məqalələrindən biri kimi yer almışdır.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru