Zaur Ustac – Min şükür

MİN ŞÜKÜR…

Bir yaqut gizlidi sədəf dalında,

Misli yox ölçülə sərraf dalında,

Min kəlmə şəlləyib əlif dalında,

Dildən dilə gəzdirənə min şükür…

* * *

Dədəm, babam nəğmə deyib, söz qoşub,

Kəsə gedib, doğru deyib, düz qoşub,

Məclis qurub, min oxuyb, yüz qoşub,

Teldən telə gəzdirənə min şükür…

* * *

Ustac deyər, hardan gələr bilinməz,

Ha deyilə, yeri dolar bilinməz,

Gülər gözdən qəm süzülər bilinməz,

Eldən elə gəzdirənə min şükür…..

20.10.2016. 12:57 (16’) Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Zaur Ustac – Bir şeir

EY VƏTƏN OĞLU…

(Aprel Şəhidlərinin ili günü Bakıda bərk yağış yağdı…)

Göylər də hönkürüb, ağladı bu gün,

Buludlar göz yaşın saxlaya bilmir….

Damından göz yaşı axıdan koma,

Kövrəlmiş ananı ovuda bilmir….

*        *        *

Hardasa, bir bala ata gözləyir,

Əlində bir Bayraq gələydi bu gün….

Müəllim istəyib stol üstünə,

Anası alaram, söyləyir hər gün….

*        *        *

Bir Ata istəyir oğlu bu gün də,

Həyətə tələsik girsin nə olar….

Arxaya baxmadan sürüb  maşını,

Bütün gül-çiçəyi əzsin nə olar….

*        *        *

Elə bilirsən ki, bitər siyahı

Dolabda islanıb bir cib dəsmalı….

Asılqan saxlamır çim su mundiri,

Havadan  asılıb bir ər sığalı….

*        *        *

Bir otaq küncündə bacı naləsi,

Birində qardaşın hıçqırtısı var…

Məhəllə uşağı, qrup yoldaşı,

Bu gün qəmgin durub meyvə satanlar….

*        *        *

Adi çörəkçi də xiffət eyləyir,

Çəkməçi çəkməsin görüb ağlayır….

Alışqan verdiyi bardakı qızın,

Bu yağış qəlbində tonqal qalayır….

*        *        *

Körpə uşaqlar da haçandır qəmgin,

Boylanır həyətə, ancaq görməyir….

Ana paltar ipin  kəsibdi çoxdan,

Fəxrlə sərdiyin, daha sərməyir….

*        *        *

Göylər yas saxlayır, Yer qəribsəyib,

Təşnədir mərdlərin yeni nəşinə….

Torpaq əkənindir, əkən də bizik,

Göylərdə gəzənin Yer nə işinə….

*        *        *

Göylər bizə qahmar, Yer bizə mənzil,

Qəlbin dolanmasın, ey Vətən oğlu….

Nəsimi, Bəhmənyar gör nə vaxt olub???

Vətən də unutmur haqq tapan oğlu….

02.04.2017.   Bakı.  (14. 30. 1 0’)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mayıl Dostu – Belə sev…

Mayıl Dostudan bir şeir

BELƏ SEV, SEVƏNDƏ

“Sevirəm” kəlməsin gətirmə dilə,
Bu sözü o gözlər, baxışlar desin.
Barmaqlar toxunsun pərişan telə,
Üzündə sehirli naxışlar desin.
***
“Dərdindən ölürəm” demə, amandı,
Sevən ürəklərin dili lal olur.
Ürək pıçıltısın dil demir bəzən,
Him – cimlə sevişmək, inan, bal olur.
***
Ədəbi, kamalı yerli — yerində,
Riyadan çox uzaq düzünə vurul.
Sevgisi ürəkdə, eşqi dərində —
Qəlbinin aynası gözünə vurul.
***
Sevgində sadiq ol, dəyişmə, gülüm,
Seçilmək azarı tutmasın səni.
Sadəlik, dürüstlük sirdaşın olsun,
Bayağı görüntü udmasın səni.
***
Gözlərin sevgidən imtahan versin,
Həyalı üzünə riya qonmasın.
Dinən baxışların ürəyə girsin,
İsti baxışların, heç vaxt donmasın!

Müəllif: MAYİL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac “Üç yarpaq”-da

ZAUR USTAC “ÜÇ YARPAQ” – DA

Gözün gözü

Gülən gözün gözəlliyi gözəldir,
Gülən gözü görünməyən göz görər….
Gözün gülür, gözün gözü gülməyir,
Gözdə gözü görünməyən göz görər….

* * *
Gözü gözdən gözün gözü gizlədir,
Gözdə gözü gözün gözü gizlədir,
Gözün gözü gözümüzdə gizlidir,
Gizli gözü görünməyən göz görər….

* * *
Göygöz giryan, gözü gülməz, gülümsər,
Gülən gözün gözü gözdən gülümsər,
Gülməyən göz, gözə gözdən gülümsər,
Giryan gözü görünməyən göz görər……

21.09.2015 / Bakı

<<<…ü ç y a r p a q… – اؤچ یارپاق >>>

SEV…

Sən sev, səni sevəni, seçibdi sevgi səni,
Sevməyəni sevənlər sevgisində suçludur….
Sevdiyini söyləyən seçibdi sevgisini,
Sevgisin sezdirməyən sevgisində suçludur….

Sevgi, sevib-sevilmək, sevənin sevincidir,
Sevgi, sonsuz səxavət, sevdanın sonucudur,
Sevgi, sona sərmayə, sabahın sulqucudur,
Sevgisin sevdirməyən sevgisində suçludur….

Sevdalının sevgisi,  sirli, sonsuz, sınırsız,
Sevib, sezdirməməyi sultanlıqmı sanırsız???
Sevməyəni sevməyi sədaqətmi sayırsız???
Sevdiyini, sevdirən sevgisində suçludur….

23.09.2015 / Bakı

<<<…ü ç y a r p a q… – اؤچ یارپاق >>>

VURĞUN VƏTƏNDİ…
(Vurğuna)

Vurğunam, Vurğunun vurğunluğuna,
Vətən varlığıydı, Vətən varıydı…
Vətəndə vətənsiz Vurğunluğuyla,
Vətənin varlığın vurğulayırdı….
* * *
Varam, Vurğunumun vurğunluğuna,
Varıynan varmışdı varılmayana,
Vətənin vəkili Vəkiloğluna,
Vətən vüqariydı, Vətən varıydı….
* * *
“Vurğunam”, Vətənin varı varımdı,
Vecsizlər vulqarlıq vurğulayırdı,
Vurğunsa, Vətənə Vətən verirdi,
Vətən Vurğunuydu, Vurğun Vətəndi….

24.04.2016 . Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Abdulla Qurbani – Bir şeir

ABDULLA QURBANİ HAQQINDA

QISA ARAYIŞ:

Abdulla Qurbani 1956-cı ilin dekabrında Şərur rayonunun Mahmudkənd kəndində anadan olub. 18 ilə yaxın Mədəniyyət Nazirliyi sistemində məsul vəzifələrdə çalışıb. 1993-cü ildə Şərur rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsindən könüllü olaraq cəbhəyə yollanıb. Murovdağ uğrunda ilk döyüş əməliyatlarına qoşulan A.Qurbani sıravi əsgərdən “polkovnik” rütbəsinədək yüksəlib. Xidmətləri ölkə rəhbərliyi tərəfindən həmişə yüksək qiymətləndirilib. Prezident  sərəncamları ilə” Vətənə xidmətə görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və digər orden-medallarla təltif olunub. Vətən və xalq qarşısında müstəsna xidmətlərinə görə Prezidentin fərdi təqaüdünə, Azərbaycan incəsənətinin, mədəniyyətinin inkişafında, ölkədə hərbi vətənpərvərliyin təbliğində, Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi- psixoloji hazırlığının yüksəldilməsində xidmətlərinə görə Əməkdar İncəsənət xadimi və Naxçıvan MR-in Əməkdar mədəniyyət işçisi fəxri adlarına layiq görülüb.

BİR ƏLDƏ QILINC, BİR ƏLDƏ QƏLƏM:

Hərbi vətənpərvərlik mövzusunda 100-dən çox kitabın, yüzlərlə məqalənin, 200-dən çox hərbi marş və vətənpərvərlik mahnılarının sözlərinin müəllifidir. Poemaları əsasında bir çox televiziya tamaşası hazırlanıb, rekviyem-oratoriya, simfonik poema yazılıb. “Türk sancağı”, “Daş andı”, “Şahnaz muğamı”, “Gənclik bir də qayıtmır” pyesləri tamaşaya qoyulub. Respublikanın müxtəlif bölgələrində, eləcə də paytaxt Bakıda təşkil olunan onlarla teatrlaşdırılmış kütləvi mərasimin senari müəllifi və quruluşçu rejissorudur. Möhtəşəm hərbi paradlara aparıcılıq edib, Qarabağ müharibəsinin iştirakçısıdır.

Abdulla müəllimə uzun ömür, can sağlığı, xidmətdə və yaradıcılıqda müvəffəqiyyətlər arzu edirik. İnşəallah zəfər marşımızı yazmaq qismətiniz olsun…

ABDULLA QURBANİDƏN BİR ŞEİR:

ŞƏHİD ANASI

Çıx yollara, əziz ana,
Qarşıla igid balanı.
Son layla çal mərd oğluna,
Qarşıla ciyərparanı.

Şəhid olub, şəhiddir o,
Şəhidlər ölməzdir, ana.
Gəl südünü halal elə
Nər cüssəli ər oğluna.

İntiqamı alınacaq
Ordu, millət səfərbərdir.
Bu torpağı Vətən edən
Anar kimi şəhidlərdir,

Onun kimi igidlərdir…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru


RAMİZ DUYĞUN

Ramiz DuyğuN – MƏLİKOV RAMİZ MƏMMƏD OĞLU

QISA ARAYIŞ

Ramiz Duyğun 1938-ci il fevralın 10-da Azərbaycanın Əli Bayramlı (indiki Şirvan) rayonundakı Güdəcühur kəndində anadan olmuşdur. Burada ibtidai, Axtaçıda yeddiillik məktəbi bitirmişdir (1945-1952). Bir il kolxozda işləmişdir. Əli Bayramlı şəhərində orta təhsil almışdır (1953-1956). N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir (1956-1962). Şimali Qafqaz hərbi dairəsində müəyyən kurs keçdikdən sonra Belorusiya hərbi dairəsində (1962-1971), sonra Zaqafqaziya hərbi dairəsində (1971-1978) xidmət etmişdir. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun xüsusi hazırlıq kafedrasında müəllim (1978-1985), şöbə rəisi (1985-1990) olmuşdur.

Hazırda ehtiyatda olan tibb xidməti polkovnikidir. Bədii yaradıcılığa kiçik yaşlarından meyl göstərmiş, lakin ilk mətbu şeiri “Yaşa, Azərbaycanım” “Gəncliyin səsi” almanaxında dərc edilmişdir (1959). Bundan sonra dövri mətbuatda, radio və mavi ekranda müntəzəm çıxış edir. “Hünər” televiziya verilişinin müəlliflərindən biri və aparıcısıdır. Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işində fəal çalışır. Bədii tərcümə ilə də məşğul olur. “Vətən-beşiyim mənim” (1985) oçerklər məcmuəsinin tərtibçilərindən və müəlliflərindən biridir. “Əbədiyyətdən gələn məktub” mənzum pyesi mavi ekranda nümayiş etdirilmişdir (1977). “Ağ atlı oğlanın nağılı (iki hissəli) ssenarisi əsasında sənədli fılm çəkilmişdir (1985). Azərbaycan Ensiklopediyasında “Xatirə” kitabı redaksiyası rəhbərinin müavini vəzifəsində işləmişdir (1989-1991).

Hələ lap uşaqlıqdan “Hünər” verlişinin aparıcısı kimi tanıdığımız vətənpərvər şair-publisist Ramiz Duyğunun bu günə qədər

1.Vətən kimi şirin. Bakı: Yazıçı, 1983, 104 səh.

2.Vətən beşiyim mənim. Bakı: Azərnəşr, 1985, 150 səh. (şərikli)

3.Mənim unudulmaz məktəbim… Bakı: Yazıçı, 1986, 96 səh.

4.Göy üzü damar-damar. Bakı: Yazıçı, 1987, 134 səh. – kimi kitabları işıq üzü görmüşdür. Ramiz müəllimə can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayır, Sizi şairin söz dünyasına səyahətə dəvət edirik:

YOLUN YARISINDA

Uzaq yola çıxan qəhrəman əsgər,
Qapı arasında dayanmaq olmaz.
Zəfər dastanıdır yazdığın əsər,
Yolun yarısinda dayanmaq olmaz.

Busat sorağında yarın – yarağın,
Qamətin bükülməz, dizin əyilməz.
Mərmilərlə dolu döyüş darağın,
Sözünü demisən, sözün əyilməz.

Qarımış düşmənin anlayır artıq,
Düşüb əsməcəyə höyüşdür işi.
Qiyafəsi cırıq, dabanı yırtıq
Tüpürdüyü yeri yalamaz kişi.

Sən şah Xətainin layiq nəslisən,
Ulu öndərin pir, ulu tanrın pir.
Qəvi igidlərin özü, əslisən,
Yenilıməz Babəkin, comərd Babəkin,
Kəsik qollarını yadına sal bir…

Ötən hər günümüz tarix anıdır,
Ucadan deyim ki, dünya eşidir.
Mübariz dünənin qəhrəmanıdır,
Bu gün silah səndə söz səninkidir.
Qayıtmaz kamandan sıyrılan bir ox,
Nifrətin zirehlər doğrayan almas,
Geri qayıtmağa hüququmuz yox,
Yolun yarısında dayanmaq olmaz
Namərd daşnaklara verməyək aman,
Tülkü Qarabağda köhlən səyridir.
Dünya sənə baxır bu gün qəhrəman!
Yenilməzlik dəmi, mərdlik yeridir.
Aləm bizə baxır, vallah ayıbdır,
İrəli getməsən yağı basılmaz.
Baban yarı yoldan qayıtmayıbdır,
Yolun yarısından qayıtmaq olmaz.
Sonacan getməkdir oğulun işi…
Bu sözlər şairin döşünə yatmaz:
“Yolun yarısında dayanan kişi,
Heç zaman mənzilin başına çatmaz!”
Bu istək alçağın it qanındadır,
Dünyaya car çəkir əxlaqsız yağı:
“Qarabağ, Xankəndi, Şuşa torpağı,
Əbədi, əzəli Hayastanındır!”
Səbr də, bıçaq da, sümük də yanır,
Sümük yarasında dayanmaq olmaz!
Səbr də, bıçaq da sümükdə yanır,
Yolun yarısında dayanmaq olmaz.
İrəliyə qoşmaq, yurda qovuşmaq,
Sonuncu xanıma, xana, bəyədək!
Alovda, tüstüdə, qorda qovuşmaq,
Qovuşmaq sonuncu qələbəyədək!
Ağdam bu millətin qan yarasıdır,
Qarabağ Vətənin tən yarısıdır.
Şuşa xalqımızın can yarasıdır.
Xalqin yarasında dayanmaq olmaz!
Yolun yarısında dayanmaq olmaz
Yolun yarısında dayanmaq olma

QANA QAN 

(18 aylıq körpə Zəhraya ithaf olunur.)

Canlı insan qanına
Sən bu qədər susayasan,
Sən bu qədər acasan.
Gəlinciyilə oynayan körpə qıza
Artileriyadan, topdan,
Daha nədən
Belə atəş açasan…
Beşiyini, bələyini
Oda tutub qalayasan.
Yerdən bombalayasan,
Göydən bombalayasan.
Bunu ancaq erməni
Bəşəriyyət düşməni,
İnsanlığın düşməni
Bu cür edə bilərdi.
Ancaq dığa daşnakyan
Bu qərara gələrdi…
Azərbaycan kəndlisi
Evində, eşiyində
əkində, biçindədi.
Daşnaksa yırtıcıdı,
iki ayaqlı maldı,
buynuzu içindədi,
eybəcər, anomaldı…
Qulağı kar, qəlbi kardı.
Yaranışından xain,
Qəddar cinayətkardı.
Satqın, bicdi, yaltaqdı.
Minsifətli qorxaqdı.
Oğru, xain əzəldən
İnsanlığın adına,
Soyadına ağ olar.
Həm də ki, qorxaq olar.
Oğru, yaltaq erməni,
Xain, qorxaq erməni
İki yaşlı Zəhranın
Gəlinciyindən qorxub
Artileriyadan, topdan
Onu atəşə tutub…
Qardaş, başa düş məni,
Oğul, başa düş məni.
Bəşəriyyət düşməni,
Insanlığın düşməni
Dığa daşnakyan artıq
Lap çox uzağa gedib.
Çoxdan özü özünü 
Ölümə məhkum edib.
İnsanlığın böyründə
Yaman şişə çevrilib.
Haqq – ədalət naminə,
Tribunala verilib,
Məhkəməyə verilib…
Körpəcə Zəhramızın
Deyin, günahı nəydi?
Deyin, onun kimi var?
Bu torpağın qəlbində,
Bu millətin qəlbində
Dağlar boyda qəmi var.
Bütün cəhdlər, çabalar
Artıq əbəsdir, əbəs.
Daha bəsdir, bəsdir, bəs!
Gəl yolun kəsəsinə,
Qalx yolun qısasına.
Ordumuz şimşək çaxsın,
Yurdumuz şimşək çaxsın!
Zəhranın qisasına,
Boyük bir ordu qalxsın…
Ayağa qalx, Azərbaycan!
Qana qan!
Q!ana qan!

AZƏRBAYCAN ORDUSU
Süngün yağıların gözünə batır,
Yarandın haqq eşqi, haqq sevdasından.
Sakit qəzəbində şimşəklər yatır,
Yarandın xalq eşqi, xalq sevdasından.
Azərbaycan ordusu.
Qızıl bayrağında günəşin odu,
Atandır, anandır bu odlar yurdu.
Qarşında daşnaklar lal-mat qurudu,
Azərbaycan ordusu.
Mərhəmət məsləkin, ədalət andın,
Sən ancaq həqiqət eşqilə yandın.
Yağılar önündə dağtək dayandın,
Azərbaycan Ordusu.
Arxanca uzandı dualı qollar,
Qarşında sıldırım çınqıllı yollar.
Sıranda qranit qaya oğullar,
Azərbaycan ordusu.
Sənə yol göstərən cəsarətindir,
Arxanda dayanan mətanətindir.
Zəfər dastanları nəqarətindir,
Azərbaycan ordusu.
Başının üstündə parlar al danın,
Sınaq məktəbidir döyüş meydanın.
And yeri sən Ali Baş Komandanın,
Azərbaycan ordusu.
Bayraqdar hədəfi sərrast tuşlayır,
Yağının səfini əzir, xışlayır.
Qələbə yolların təzə başlayır,
Azərbaycan ordusu.
Önündə titrəyir, əsir dağ-dərə,
Qarşıda Fizuli, Ağdam, Ağdərə.
İmza atmalısan qələbələrə,
Azərbaycan ordusu.
Daşnakı sər yerə sən daraq-daraq,
Səpələ dağlara onu qıraraq.
Başın üstdə Günəş üçrəngli bayraq,
Azərbaycan ordusu.
Susmayıb gurlayır döyüş təbili,
Haqqın dərgahında millətin əli.
Zəfər yollarına güllər səpili,
Azərbaycan ordusu.
Dərələrdən yellən, yarğanları aş,
Kirs ilə tən dayan, Murova yaraş.
Dayanma Laçına, Şuşaya birbaş,
Azərbaycan ordusu.
Atəşi sönməsin qisas odunun,
Əsr-əsr qalxsın alovu onun.
Qəhrəman ordusu Odlar yurdunun – 
Azərbaycan ordusu.

İRƏLİ

Geriyə boylanma, irəliyə bax,
İrəliyə qoşan nicat tapacaq.
Təndirdə kösöytək yanır Qarabağ – 
Damarlar, sinirlər yaytək gərili,
İrəli, İrəli!
Hop ana torpağa qan hopmuş kimi,
Şığı kamanından ox qopmuş kimi.
Səngərdən-səngərə sıçra quş kimi – 
Qarabağ səngərdir dağlı-dərəli – 
İrəli, İrəli!
Ölümü tapdala, adla üzə dur,
Mərd oğul gülləni havada tutur.
Şəhid qardaşının əvəzində dur – 
Vur, fürsəti vermə cəngə girəli – 
İrəli, İrəli.
Zərbənlə dağları yerindən oynat,
Parçala yağının bağrını qanat.
Dığanı, daşnakı bir-birinə qat – 
Sən haqq əsgərisən məğrur, qürrəli – 
İrəli, İrəli!
Düşmən halayını poz, meydana gir,
Zəhmindən xainlər titrəsin tir-tir.
Qırdığını qırıb… əsir də gətir,
Dığalar bayılsın gözü bərəli,
İrəli, İrəli!
Hədyanlar danışıb qılınc oynatma,
Yuxun quş yuxusu… Səngərdə yatma…
Bircə gülləni də havaya atma,
Atəş! Düşmənlərin yerə sərili,
İrəli, İrəli!
Daşnaklar məkrli, əxlaqsız, yaman, 
Sərrast vur! O səndən görməsin aman.
Donuzun əcəli yetişən zaman…
Bilirsən… donuzlar muzdlu, kirəli,
İrəli, İrəli!
Vətənin qəlbində dərd kündə-kündə,
Vur, öldür iblisi, qır gündə-gündə.
Qələbə dalda yox!
Qələbə öndə!
Sən qoş irəliyə haylı, nərəli,
İrəli, İrəli!

Müəllif: RAMİZ DUYĞUN

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Gəzdim şeiri

GƏZDİM

Gəzdim, qarış-qarış Vətən torpağın,
Hər dağda, dərədə izim var mənim!
Hələ keçilməmiş, uca dağların,
Uca zirvəsində gözüm var mənim!
* * *
Gəzdim, yorulmadan aranı, dağı,
Seyr etdim, ən ucqar çəməni, bağı,
Heç vaxt qınamadım zamanı, çağı,
Çox bulaq başında üzüm var mənim!
* * *
Gəzdim, bu torpağı, mən oymaq-oymaq,
Ən adi daşa da olmuşam qonaq,
Hər otun, çiçəyin halın soraraq,
Sinəmə yığdığım, sözüm var mənim!!!

01.12.2000. Batabat.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏBÜLFƏZ ÜLVİ

əbülfəz ülvinin söz dünyası – öz dünyası

GEDİB

Təsadüf toxundun çiynimə mənim,
O andan huşum da qəsdində gedib.
Sanki sol yonümü qopardi çiynin,
Çiynimdə çiyninin məstində gedib.

Bu nə qüvvə idi, bu nə kəramət,
Nə bir günah idi, nə bir qəbahət,
Məni şəkməmişdi heç bir hərarət,
İstim də qoşulub, istində gedib

Ah etdim, nəfəsim sanki yetmədi,
Neylədim heyrətim aman etmədi 
Ayağım ardınca sanma getmədi,
Utanıb demirəm, əslində gedib.

Ülviyəm, izindən qopa bilmirəm,
Heyrətdən gözümü qırpa bilmirəm,
Qəlbimi sinəmdə tapa bilmirəm,
Demə sol yönümün üstündə gedib.
12.07.2019.

= = = =

İSTƏYƏ BİLƏK

Deyirsən:-bu sevgi nə verib bizə?
Biz kimik sevgini pisləyə bilək?
Qorxuram yanmamış, dönməmiş közə, 
Yarıyaş xəzəl tək hisləyə bilək.

Əvvəl bu sevdada izimiz gərək,
Bağda tikan tapsın dizimiz gərək,
Onun üzərində özümüz gərək,
Həyat tablosinu işləyə bilək.

Mərd deyil bu hissə kim ki, məst deyil,
Uğrunda can qoymaq, cana qəsd deyil,
Dildə sevgi demək, hələ bəs deyil, 
Gəl onu ürəkdə bəsləyə bilək.

Səsini çıxarma xar edən sözə,
Söz vardır çevrilib mil olar gözə,
Tanrı ona görə səs verib bizə,
Dünyanı xoş günə səsləyə bilək.

Tənə eyləyincə üzdə sevgiyə,
Azdır qurban olsaq yüz də sevgiyə,
Gəl elə olaq ki, biz də sevgiyə,
Ondan umulanı istəyə bilək.
14.07.2019.

= = = =

NƏ DEYİM

Gəldin həyatıma bir röya kimi,
Deyəsən ömür-gün röyadır elə?
A canım, a gözüm , bəlkə eşqinin,
Röyada yazılıb soy adı, elə.

Röya ola biıməz sevgiyə zəmin,
İstərəm bu sayaq aşkar qalasan.
Bəlkə sən gəlmişdin röyama mənim,
Digər röyaları gözdən salasan?

Mən sənə nə deyim, dözüm yox hələ,
Demirəm sözünü qayalar desin.
Bir halda röyaya heyransan belə,
Qoy sənə sevgisin röyalar desin.

Röya dağlarını yıxa bilməsən,
Nahaq haq gözünə paya salacaq.
Röyadan kənara çıxa bilməsən,
Bu sevda ömürlük röya qalacaq.

Röyada qalmaqdan nə gəlir sənə,
Aşkar ol, aşkar eşq toxuya bilim.
Sevgi əlfbanı tez öyrət mənə,
Səni taleyimdə oxuya bilim

Nə deyim, bu işə deyilməz əhsən,
Bunu düşündükcə pozulur halım.
Yosa aşkar gözə görünməyirsən,
Mən öz qısasımı yuxudan alı?

Gözümü açıram qaçırsan həmən,
Bundan inanmıram sən zövq alasan
Bu gecə başıma toy tutmusan sən,
Bəıkə getməyəsən, toya qalasan.
10.08.2019.

Müəllif: EBULFEZ ELİEV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏMMƏD QƏDİR

Məmməd qədir “üç yarpaq” – da

Getmə

Offf, sənsiz bu canım quru qəfəsdi,
Kəsilir taqətim, amanım, getmə.
Məni yaşatmağa hənirin bəsdi, 
Ay mənim sonuncu gümanım , getmə.

Sənsiz çəkər məni hər iz aparar,
Çəkim elə itər, ilbiz aparar, 
Cin-şeytan aldadar, iblis aparar, 
Pirim, peyğəmbərim, imanım, getmə.

Bəxtin bəd duasın pozan sən idin,
Dəli sevdalara yazan sən idin, 
Dünyanı xeyrimə yozan sən idin,
Sirli sehrbazım, şamanım, getmə.

Sənsiz bu dünyanın sönər işığı, 
Nə ləzzəti qalar, nə yaraşığı,
Boynum bükük olar, başım aşağı, 
Ay uca sevgilim, cananım, getmə.

Çin çıxan sehirli yuxum ki, sənsən,
Varlığım ki, sənsən, yoxum ki, sənsən, 
Cismimdə həyatım, ruhum ki, sənsən, 
Canımda canımsan, ay canım, getmə…

…ü ç y a r p a q… – اؤچ یارپاق

Deyirlər

Yaşından-başından bir azca duz səp,
Şair, şeirlərin şitdi deyirlər!
İndi Nəsimidən utanır Hələb,
Sözün zəmanəsi bitdi deyirlər!

Kamil öyrətsə də Allah hər elmi,
“Hazıram”- deyirəm, görmür əlimi,
Bir para ruziyə möhtac alimi,
Dəyirmanda görüb bitdi deyirlər!

Biti də, iti də Allah törədib,
Törədən ümman ki, nə üst var, nə dib,
İtə adam kimi min dil öyrədib,
Adamı hürdürüb itdi deyirlər.

Hürsün də, de, Aya kim hürmür, atam,
Bəlkə anlamıram mən, bisavadam,
Güllə yarasından sağalır adam,
Donuzu öldürən fitdi deyirlər.

Bu dünya şeytandı, şərdi, İlahi,
Həmişə qəm təzə, tərdi, İlahi,
Bəs kimlə bölüşək dərdi, İlahi,
Məmməd bu dünyadan getdi deyirlər…

…ü ç y a r p a q… – اؤچ یارپاق

Səndə mən

İşığında üzə çıxdım, Ayüzlüm,
Görünmürdüm dumanda mən, çəndə mən.
Anlamıram səhv edirəm, ya düzgün,
Bələdçiyəm bəlli olan kəndə mən.

Nə ətirli eşq cücərdi qışımdan,
Bir sevdalıq möhlət aldım daşımdan,
Boylananda papaq düşür başımdan,
Gör nə boyda ucalmışam məndə mən.

Necə çıxır baxanların cızdağı,
Bu ucalıq görənlərin göz dağı,
Damla-damla yoxa çıxıb buz dağı,
Allah, necə ərimişəm səndə mən.

Əridikcə candan çıxır acı su,
Gözdən axır ayağına uca su,
Şirinləşmir ayrılığın acısı,
Ha çəkirəm şəkərə mən, qəndə mən.

Eşq əzabı aşiq ömrün mabədi,
Saf sevgindi ürəyimin məbədi,
Qurban olum, bax, neynirsən Məmmədi,
Bu sevdada Tanrı sənsən, bəndə mən.

…ü ç y a r p a q… – اؤچ یارپاق

Müəllif: MEMMED QEDİR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAFİQ GÖYÇƏLİ

Rafiq Göyçəlidən bir şeir

ÖZ VƏDƏSİ VAR…

Allahın hökmüdü hamıya yazıb,
Hərənin öz vaxtı, öz vədəsi var.
Kimi zamanında büdrəyib, azıb,
Hərənin öz vaxtı, öz vədəsi var.

Yaxşını yaxşılar tərifləyirlər,
Pisləri pislər də lənətləyirlər,
Yıxıb , sürütləyir, döyəcləyirlər,
Hərənin öz vaxtı, öz vədəsi var.

Haqqın yolundayıq gedirik hamı,
Talem özü görür azan adamı,
Niyə açmalıyam pisə yaxamı,
Hərənin öz vaxtı, öz vədəsi var.

Şöhrətə uyanlar qoy yaxşı bilsin,
Mənşər ayağında danışsın, dinsin,
Hinkir, minkirlərə cavabın versin,
Hərənin öz vaxtı, öz vədəsi var.

Allah da sevməyir bəd əməlləri,
Tezcə lal eyləyir uzun dilləri,
Radiq, gəl sevindir ac yetimləri,
Hərənin öz vaxtı, öz vədəsi var.

Müəllif: RAFİQ GOYCELİ (Rafiq Göyçə Cil)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru