Əsmər Hüseyn Xan

MİLANA

Mən olduğum ölkəyə
Qış gələli çox olub!
Daha məndən bahar olmaz,
Yaz olmaz.
Mən olduğum ölkədə, daha günəş doğulmaz!..
Qarlı qışı göstərir bu ölkənin təqvimi…
Uzaq dur, ay balacam…
Sən, xəyalını qurduğum qadının kölgəsisən…
Yuxularda gördüyüm uzaq şərq ölkəsisən…
Uzaq dur, ay balacam…
Burda səni soyuq tutar, qar döyər.
Mən ağ saçları saqqalına qarışmış,
elə həmin adamam.
Görsən, için göynəyər…

Hərdən dalıb gedirəm
Gözlərimin çəkdiyi
Yolun taa sonunacan…
Kiçilirəm Milana…
Kiçilirəm. Sən boyda olanacan…
Görürəm ki ordasan
Yolun ən başındasan…
Ora yolun sonudu mən tərəfdən baxanda…
Əynində mavi paltar
Əllərində uçurtmanın ipləri
Saçlarında çiçək var..
… Tanrı səni qorusun. Qarlı qışdan, Milana..!

Müəllif: Əsmər Hüseyn Xan

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR İLHAMOĞLU

AZƏRBAYCAN BAYRAĞI

Qan qoxulu o illərin hər dəhşətli anıyla,
Neçə-neçə məzlumların sipər olan canıyla,
Saya gəlməz şəhidlərin töküldüyü qanıyla,
Qazandığım hürriyətim – Azərbaycan bayrağı!
Mübarizəm, şücaətim – Azərbaycan bayrağı!

Gəzib dolan bu dünyanı bayraq macərasında
Varmı belə gözəl bayraq bayraqlar arasında?
Millətimin bir millət tək millətlər sırasında
Varlığıma zəmanətim – Azərbaycan bayrağı!
Mən olmağım, şəxsiyyətim – Azərbaycan bayrağı!

Səma rəngim – Türk olmağım, Türklüyümdən var nişan,
Qırmızı rəng – mən azadam, qul olmaram heç zaman.
Yaşıl rəngim – dinim İslam, Allahım – tək Yaradan.
Hər rəngim bir əlamətim – Azərbaycan bayrağı!
Adım-sanım, şan-şöhrətim – Azərbaycan bayrağı!

Sənə olan bu sevgimin ölçüsü yox bəşərdə,
Səndən ötrü düşsəm, xoşdur min bəlaya, min dərdə.
Təki dalğalansın mənim bayrağım zirvələrdə,
Sarsılmayan məhəbbətim – Azərbaycan bayrağı!
Öz eşqimə sədaqətim – Azərbaycan bayrağı!

Mən bu yurdun övladıyam, bircə arzum var mənim:
Şəhid olum bayraq üstə, bayraq olsun kəfənim!
Nə qədər ki, bayrağım var, var olacaq Vətənim.
Dağ vüqarım, şax qamətim – Azərbaycan bayrağı!
Qürur yerim, fəxarətim – Azərbaycan bayrağı!

Müəllif: Zaur Ilhamoglu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MÜBARİZ SÜLEYMANLI

MÜBARİZ SÜLEYMANLININ SÖZ DÜNYASI

Bir şeir qalacaq elin yadında

Bir koma görünür şair ocağı,
Bir şair ömrünün başlanacağı,
Ömrün bahar fəsli xoşbəxtlik çağı,
Bir elin obanın haray səsidi.

Bir tale görünür qapısı bağlı,
Bir sinə görürəm necə də dağlı,
Bir damla göz yaşı,sirli-soraqlı,
Bir çayın çağlayan zümzüməsidi.

Bir günəş bəs edir cümlə-cahana,
Bir misra bəs edir onu duyana,
Kiçik hədiyyədir Azərbaycana,
Bilsinlər şairin bu haqq səsidi.

Bir hikmət yaşayır onun adında,
Bir sevgi qüruru var inadında,
Bir şeir qalacaq elin yadında,
Ömür karvanının fəlsəfəsidi.

<<<< MÜBARİZ SÜLEYMANLININ SÖZ DÜNYASI >>>>

Mən danışdım,mən söz açdım.

Babam Mövlanə deyirdi,
Ol özüntək,qal özüntək,
Həyatdan nuru öyrənək,
Bir gün olar ömrə gərək.

Yaşamaqda gərək bizə,
Yaşatmaqda gərək bizə,
Ürək sözün vərəq-vərəq,
Boşaltmaqda gərək bizə.

<<<< MÜBARİZ SÜLEYMANLININ SÖZ DÜNYASI >>>>

Dünya

Ey insan unutma dünya belədir,
Bilin ki,heç kimə qalmayacaqdır.
Dünya insanları özü ələdir.
Dünya bir göz qırpımı, dayanacaqdır.

Bərk tutma dünyanın gen ətəyindən
Yaxşı xəyalından,kəm niyyətindən
Unutma həyatdan gedəcəyindən,
Yenidən gəlişin olmayacaqdır.

Güya ki,bilmirsən yalandı dünya,
Bir nakam ömürü,alandı dünya,
İnsanı min dərdə salandı dünya.
Bu dünya tam sirrli bir,oyuncaqdır

Deyir ki,əcəli yazanda mənəm,
Deyir ki,taleyi yozanda mənəm,
Bir ömür istəsən pozanda mənəm,
Nə cavan,nə qoca qalmayacaqdır.

Çəkir imtahana sözü bilmədən,
Yamanca ağladır düzü bilmədən
Minini öldürüb özü ölmədən
Ölüb öldürməkdən doymayacaqdır.

<<<< MÜBARİZ SÜLEYMANLININ SÖZ DÜNYASI >>>>

Arzum idi

Günəş qürüb edib axşam düşəndə,
Qalıram şəklinlə yenə üz-üzə,
Ay ilə ulduzlar,hər görüşəndə.
Baxıram atamla gül çöhrənizə,

Baxıb danışıram,özüm özümlə,
Sualı verirəm sualın üstə,
Görürəm fənanı mən gözüm ilə,
Şəklinə deyirəm canımı istə.

Bilmirsən, ay ana nələr çəkirəm,
Sən gedən o gündən mən bu dünyada.
Bilmirsən, ay ata boyun bükürəm,
Atasız uşaqtək mən bu dünyada.

Bilmirsən nə qədər ehtiyacım var,
Sənin sözlərinə ,sənin özünə,
Bəlkə də xəstəyəm bir əlacım var.
Kaş ki,mən baxaydım sənin üzünə .

Məni bu meydanda tənha qoydunuz,
Ay ata dünyayla qaldım üz-üzə
Bəlkə də siz məndən vaxtsız doydunuz.
Indi təsllisiz mən Mübarizə.

<<<< MÜBARİZ SÜLEYMANLININ SÖZ DÜNYASI >>>>

Şairin son sözü

Tabutum gələndə mənim kəndimə,
Bilirəm dağ-dərə, ağlayacaqdır,
Köçəndə, bir şair yoxdur söyləmə
Yoxluq da kövrəlib ağlayacaqdır.

Solacaq həmin gün baxçada güllər,
Xəzana qarışıb itər bülbüllər,
Dünyadan karvan tək keçən nəsillər,
Mənim xatirəmi saxlayacaqdır

Dərələr səmtini döndərəcəkdir,
Sevənlər sevgisin göndərəcəkdir,
Təsəlli çırağın söndürəcəkdir,
Bir çiçək bir gül də solmayacaqdır.

Güya ki, mən ölsəm dünya düzələr,
Güya ki, mən gülsəm gülər nəğmələr.
Bəlkə də mən ölsəm ruhum dincələr,
Bəs kimlər gözümü bağlayacaqdır.

Soracaq halımı,günəşdə ayda.
Donacaq qəlbimdə haqda-harayda,
Birisi bu tayda,biri o tayda,
Ağlayıb qəlbimi dağlayacaqdır.

Mübariz deyəndə çaşıb yanmayın,
Onunla dostluğu yalan sanmayın,
Mən getsəm dünyadan,bilin danmayın
Nə torpaq nə bölgü olmayacaqdır.

<<<< MÜBARİZ SÜLEYMANLININ SÖZ DÜNYASI >>>>

Qayıt gəl

Əl-ayağım buza dönüb vətənsiz,
Diş çatladan bulaq deyir, qayıt gəl.
Güzəranım tamam sönüb vətənsiz,
İçimdəki çıraq deyir, qayıt gəl.

Çatdığımız ocaqların şöləsi,
Kəndimizdə nər palıdın kölgəsi,
Bülbüllərin xoş avazı, nəğməsi,
Yamaclarda otlaq deyir, qayıt gəl.

Zəhər dadır inan hər gün yediyim,
Dağ-daşını canım qədər sevdiyim,
Torpağına ana, vətən dediyim,
Göy çəmənlər, qışlaq deyir, qayıt gəl.

Çox sarsılıb, hey saralıb solmuşam,
Qubarlanıb bulud kimi dolmuşam,
Həsrətindən saçlarımı yolmuşam,
Vətən deyir, torpaq deyir, qayıt gəl.

Küsüb məndən güvəndiyim dağlar da,
Gəncliyimə şahid olub çağlar da,
Bol meyvəli bağçalar da, bağlar da,
Ağaclarda yarpaq deyir, qayıt gəl.

Quzuların mələşdiyi düzənlər,
Dağ döşündə yasəmənlər, süsənlər,
Yurd yerində sona kimi süzənlər,
Qəribsəyən yaylaq deyir, qayıt gəl.

Mən dərdləri çəkə-çəkə əridim,
Öz elimdə, öz obamda ər idim,
Mübarizəm, Mübariztək nər idim,
Pıçıldayan dodaq deyir, qayıt gəl.

<<<< MÜBARİZ SÜLEYMANLININ SÖZ DÜNYASI >>>>

Dostum

Rəhbərə sədaqət, dosta sədaqət,
Tanrıya sevgidən oyanır, dostum,
Vətənə məhəbbət, elə məhəbbət,
Kök salıb qəlblərdə dayanır, dostum.

Tanındın işinlə, düz əməlinlə,
Yaşatdın dostluğu düz təməlinlə,
Halal süfrə açdın dosta əlinlə
Hər nə var düzlükdən başlanır, dostum.

Nə mənim, nə sənin olmayan dünya,
Heç kimə əbədi qalmayan dünya,
Lövbərin sahildə salmayan dünya,
Üyüdüb dənini fırlanır, dostum.

Dostluğun adını keçdiyim yolda,
Yaxşılıq toxumun biçdiyim yolda,
Dostluq şərbətini içdiyim yolda,
Mübariz ələnir, saflanır, dostum.

<<<< MÜBARİZ SÜLEYMANLININ SÖZ DÜNYASI >>>>

Dost

Məndən salam deyin əziz dostlara,
Ülfəti, ilqarı unutmayın siz,
Dostu dar ayaqda dara çəkməyin
Şəkki-şübhə ilə tanıtmayın siz.

O adda ülvilik, məhəbbət çoxdu,
Dost gözü dost üçün əbədi toxdu,
Aldatma dostunu mənası yoxdu
Çalışın bu adı yanıltmayın siz.

Dost verər dostuna canın istəsə,
Qan lazım gələrsə qanın istəsə,
Sərvətin istəsə, malın istəsə
Dostluğu işinlə sarsıtmayın siz.

“Dost dosta tən gərək” deyib atalar,
Dostluğun düz olsa, düz təməl olar,
Dost dostla dərdini bölsə azalar.
Dostlar, Mübarizi unutmayın siz

<<<< MÜBARİZ SÜLEYMANLININ SÖZ DÜNYASI >>>>

Yoruldum

Məni imtahana çəkir bu həyat
Dərd-qəmə batmaqdan yaman yoruldum,
Ömrümün rəsmidir hər ötən saat
Açıb ağartmaqdan yaman yoruldum,

Dünyanın nə çoxu, nə azı vardı,
Vallah çox yaşamaq özü bezardı,
Bugünkü dünyamız ancaq bazardı,
Belə yaşamaqdan yaman yoruldum,

Xoruzun yerinə toyuq satırlar,
Halala bolluca haram qatırlar,
Günahın içinə belə batırlar,
Günaha batmaqdan yaman yoruldum.

Pullusu, pulsuzu vallah bilinmir,
Kim necə köçəcək, billah bilinmir,
Allahsız çoxalıb Allah bilinmir?
Yuxumu qatmaqdan yaman yoruldum.

Zatıqırıqlar da yaman çoxalıb,
Dostu fürsət bilib uman çoxalıb
Meşələr seyrəlib duman çoxalıb,
Dərd qəmlə yatmaqdan yaman yoruldum.

İndi qəbir qazan havayı qazmır,
Yuxunu yozanlar havayı yozmur,
Mübariz ölsə də vallah uduzmur,
Qüruba çatmaqdan yaman yoruldum.

<<<< MÜBARİZ SÜLEYMANLININ SÖZ DÜNYASI >>>>

Şükür elə

Unutma bu dünya əbədi deyil,
Səni yaradana çalış şükr elə.
Qazancın nədirsə əbədi deyil
Sevgini bölüşüb, danış, şükr elə.

Hamıya əlini uzat, çəkinmə,
Pisliklə rastlaşsan çalış ki, dinmə,
Heç vaxt qürurlanma, coşma, öyünmə,
Başına gələnlə barış, şükr elə.

Yurdunu, elini qoru, unutma,
Özünü kimsədən ayrıca tutma
Demə ki, bu nədir çıxır baxtıma,
Dostluqda dürüst ol, alış, şükr elə.

Vətənin adını ucalt səmaya,
Layiqli övlad ol ata-anaya,
Səsin yayılsa da fani dünyaya,
Sənə deyilsə də dərviş, şükr elə.

Çox ömür sürmüşük vətəndən uzaq,
Bu dünya saxlamır əbədi qonaq
Mübariz, çağırsa bil, ”Ana”torpaq,
Üz tutub vətənə qarış şükr elə.

<<<< MÜBARİZ SÜLEYMANLININ SÖZ DÜNYASI >>>>

Unutma

Sənə pislik edəni,
Yaxşılıqla utandır,
Gör əməli pisdisə,
Çalış onu dayandır.

Səbrlə, kamal ilə,
Yola gətir nadanı,
Tanrı heç vaxt bəyənməz,
Dostluğu unudanı.

Utanıb çəkinməsə
Bil ki, pis əməlindən.
Yaxşılıq əkilməsə,
Pislik gələr əlindən.

Qiymətini bilməsə,
Əgər duzun, çörəyin.
Çalış tez onu unut,
Deyildi o gərəyin.

Dostluğa kəc baxanın,
Aqibəti bilinməz.
Düzə yalan yaxanın,
Söz yarası silinməz.

Lazım gəlsə and içər,
Dostluğun pak adına,
İnan heç kim yetişməz,
Nadanın fəryadına.

Unutma vəfasızdan,
Yarımayıb anası.
Diləmə insafsızdan,
Bil ki, yoxdu mənası.

Bil ki, zatı olmayan,
Əngəl açar başına,
Düzə meyil salmayan,
Haram qatar aşına.

Müəllif: MÜBARİZ SÜLEYMANLI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLDIRIM ƏKBƏROĞLU

Nə istəyir dünya bizdən,bilmirəm?

Dərdimizi demək çətin dilinən,
Nə istəyir dünya bizdən,bilmirəm?
Parçalanan bizik,bizik bölünən,
Nə istəyir dünya bizdən,bilmirəm?

Sərvətimiz dünya boyda,göz tökür,
Torpağımız alov tökür,köz tökür.
Yaralayıb sinəmizə duz tökür,
Nə istəyir dünya bizdən,bilmirəm?

Bayrağımız dalğalanır çox uca,
Əlim haqda,istəyir ki,haqq quca.
Pay veririk,sağ ol demir quruca,
Nə istəyir dünya bizdən,bilmirəm?

Bu sülh sözü çox çəkəcək,çox uzun,
Torpaq bizim,bəs ona nə,siz yozun?
Mat qoyubdur önündə bir soysuzun,
Nə istəyir dünya bizdən,görəsən?

O yan vətən,bölüb ona,sus ,deyib,
Bu yan vətən,var xatrinə ,dost ,deyib.
Qlxan olsa,güdəninə ,bus,deyib,
Nə istəyir dünya bizdən,bilmirəm?

İldırım,qalx,dad qələbə tamını,
Torpaq bizim,uçur yağı damını.
O,yandırır düşmənimin şamını,
Nə istəyir dünya bizdən,bilmirəm?

Müəllif: İLDIRIM ƏKBƏROĞLU 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAYIL DOSTU

ADAM VAR Kİ…

Adam var, mənliyi qəpiyə dəyməz,
Varlığı yox kimi, ölmüş biridir.
Adam var ölsə də, dəyəri itməz,
Əməli yaşayar, sanki, diridir!

Adam var məlhəmdi bir kəlmə sözü,
Amalı ədalət, məsləki haqdır.
Adam var tanımır doğrunu,düzü,
Niyyəti, əməli yalnız nahaqdır.

Adam var,gedəndə bir eldən gedir,
Hər kəsi yandırır, yeri görünür.
Adam var, bilmir ki, ləyaqət nədir,
Dik yerimir, ilan kimi sürünür.

Adam var, tərəzi dürüst vicdanı,
Çəkməsə, görməsə qərarın verməz.
Saf – çürük eləyər yaxşı, yamanı,
Haqlını qoruyar, nahaqqa girməz.

Adam var, bir qırıq adamlığı yox,
Yetimi daşlayar, yazığı əzər.
Vicdana söykənən bir varlığı yox,
Ortada bəslənib, qıraqda gəzər.

Xasiyyət müxtəlif, adamlar kimi,
Miskin o kəslər ki, vicdanın yeyib.
“Adam olmaq çətin, alim olmaqdan–“
Bunu mən demirəm, dədələr deyib.

Müəllif: MAYIL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SONA AMAL

GEDƏRƏM

Keçib ümidlərin cadar izindən,
Ələnib arzumun şadar gözündən,
Yıxılmam namərdin hədər sözündən,
Həyat sınağından keçib gedərəm.

Durdurmaq istərəm, vaxtı, zamanı,
Ələrəm, əfsərəm yaxşı, yamanı,
Əhdə sədaqəti, dosta inamı,
Ədalət sarayın tikib gedərəm.

Kədərlərim sevincimlə yarışır,
Ağrım-acım sirinimə qarışır,
Həsrət çaşıb vüsalımla barışır,
Qəm əkib, sevinci biçib gedərəm.

Ta yoxdur həyatda arxam, dayağım,
Sönməyib, gur yanır hələ çırağım,
Kaş çata dünyaya zəfər sorağım,
Zəfər şərbətini içib gedərəm.

Qəlbimin məhəbbət tağı üzülüb,
İntizar gözümün yağı süzülüb,
Amalam, dizimin bağı çözülüb,
Xəbərsiz-ətərsiz köçüb gedərəm.
05. 11. 2019-cu il.

Müəllif: SONA AMAL

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İSLAM TÜRKAY

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün ( 7 Noyabr 1950 ) gözəl insan, çox dəyərli söz adamı , tanınmış şair İslam Türkayın doğum günüdür. Ad gününüz mübarək, ‎ İslam  müəllim. Böyük Allahdan Sizə can sağlığı, uzun ömür və bütün işlərinizdə uğurlar arzu edirik. Var olun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şahin Həmidli – Söz

şahin Həmidlinin söz dünyası

Torpaqla saxlayır çöl pəhrizini

Xəyallar sıyırıb qılncı qından,
Haqq-hesab istəyir ötən çağından.
Ürək əzab çəkir söz qıtlığından
Məntiqlə saxlayır dil pəhrizini.

Əskik olmayıbdır başından bir tük,
İllərdir çiynindən düşməyir bu yük.
Uşaqla uşaqdır, böyüklə böyük,
Adətlə saxlayır el pəhrizni.

Günlər qısaldıqca zaman darıxır,
Təbiət günəşsiz yaman darıxır.
Külək fikir çəkir, duman darıxır,
Torpaqla saxlayır çöl pəhrizini.

<<<ŞAHİN HƏMİDLİNİN SÖZ DÜNYASI>>>

Sevinci gizlədə bilmir əllərim

İftar süfrəsinə tökür varını,
Ürəyim sığınır özü-özünə.
Açır qulaqlarım qapılarını
Məsciddən yayılan azan əsinə.

Dinləyib azanın xoş avazını,
Diz çöküb qibləyə otururam mən.
Həvəslə qılıram şam namazını,
Bir borcu üstümdən götürürəm mən.

Uymuram nəyinsə ucuzluğuna,
Boş-boş baxışlara gözüm son qoyur.
Mənim aclığıma, susuzluğuma
Səbrim rəvac verir, dözüm son qoyur.

Allahın adını gətirib dilə
Etdiyim dualar yerinə düşür.
Çiynimdə oturan mələklər belə
Qıldığım namazın sehrinə düşür.

Borcunu verirəm keçən illərin
Tuta biləmişəm haçan orucu.
Sevinci gizlədə bilmir əllərim
Süfrəyə uzanıb açır orucu.

<<<ŞAHİN HƏMİDLİNİN SÖZ DÜNYASI>>>

Bir qaya dibində bulaq başında

Daşdandır bu dağın yalı, yamacı,
Cığırı, izi də daşa bürünüb.
Zirvənin tərifə yox ehtiyacı
Axı, o, hər yerdən uca görünür.

Duman əlçimlənib ətəklərində,
Çopur qayaları sərtdi, bu dağın.
Özünə bənzəyir küləkləri də,
Daşları özünə dərddi, bu dağın.

Yerin kəramətli pirindəyəm mən,
Xəyala dalmışam bu dağ başında.
Dünyanın ən gözəl yerindəyəm mən
Bir qaya dibində, bulaq başında.

<<<ŞAHİN HƏMİDLİNİN SÖZ DÜNYASI>>>

Yol üstə qayadan süzülən bulaq

Qayanın içindən süzülüb gəlir,
Sonra damcı-damcı tökülür yerə.
Ahəngə çevrilir damcılar bir-bir,
Qarışır torpağa, bükülür yerə.

Özünü yandırıb,yaxan damcılar
O ötən çağların göz yaşlarıdır.
Daşın yanağından axan damcılar
Elə bil torpağın göz yaşlarıdır.

Ağla gələn deyil, bir bulaq ömür
Belə damcı-damcı edə dərdini.
Əl açıb kimsədən nə kömək umur,
Kiməsə danışır nə də dərdini.

Üzündən, gözündən nur tökülür, nur,
Dayanıb yol üstə igid ər kimi.
Qaya nə hıçqırır, nə də hönkürür
İçində ağlayır kişilər kimi.

<<<ŞAHİN HƏMİDLİNİN SÖZ DÜNYASI>>>

Ay Səid, ocağam, kəramətimsən

(Nəvəm Səid üçün)

Sən mənim arzumun, istəyiminsən,
Dərdim olmayacaq danışıb, dinsən.
Babayam, mənimçün imansan, dinsən,
Olum bu imana, bu dinə qurban.

Nəvəli gündüzüm, nəvəli gecəm,
Mən sənsiz olanda həyatda heçəm.
Bütün babaların qəlbindən keçən
Eşqin sərhədinə, səddinə qurban.

Sən mənim eşqimsən, məhəbbətimsən,
Baharam, tərimsən, təravətimsən.
Ay Səid, ocağam, kəramətimsən,
Sənin kəramətli cəddinə qurban

Müəllif: ŞAHİN HƏMİDLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

HACIXANIM AİDAYA

Xeyirxah sərvəti alqışla yığar

(Gözəl insan, kitabşünas, yazar, tənqidçi, Ustac Milli Mükafatının ilk sahibi Hacıxanım Aidaya həsr edirəm.)

Dünyanın malına hərisdi bəndə
Ancaq bar şirindir bağban dərəndə.
Şad olar bir kəsi sevindirəndə,
Sevinci nə yerə, nə göyə sığar,
Xeyirxah sərvəti alqışdan yığar.

Doydum deməz acgöz, qurtarmaz kəmi,
Bu da bir müəmma, tapılmaz çəmi.
Yaz günü göyərən göy çəmən kimi,
Elin duaları başından yağar,
Xeyirxah sərvəti alqışdan yığar.

Dünyada qalandır dünyanın malı,
Çoxu son məqamda duyar bu halı.
Hər kəsə sevgisi, yüksək amalı,
Əl tutar köməyə, qarşına çıxar,
Xeyirxah sərvəti alqışdan yığar.

İldırım, qanan az əyrini, düzü,
Qılınc tək parçalar haqlının sözü.
Dünyaya bağlayar bir ümidsizi,
Hər kəsin qəlbində bir ümid doğar,
Xeyirxah sərvəti alqışdan yığar.

Müəllif: İLDIRIM ƏKBƏROĞLU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Vidadi Ağdamlı – Missiya

Axı bu dünyaya niyə gəlmişik!?

Həyat dolaşıqdı yolu daş-kəsək,
Axı bu dünyaya niyə gəlmişik.
Gəldikki dünyadan biz bir gün gedək?
Nəyi qazanmışıq,nə itirmişik,
Axı bu dünyaya niyə gəlmişik.

Bağ meyvəsin qıyır,bağban qıymayır,
Nadan haqsız olur kimsə saymayır,
Arzular hey uçur ümüd tapmayır,
Bu dünyanın biz nəyini sevmişik?
Axı bu dünyaya niyə gəlmişik.

Xainlər qol açır dörd bir tərəfdə,
Sənə yol göstərir adi hərifdə,
İllərə qoşulur hər ötən həftə,
Ayları unudub,qəmə düşmüşük,
Axı bu dünyaya niyə gəlmişik.

Məmur qapısında yatıbdı kasıb,
Gör neçə insanlar özünü asıb,
Ürəyim bu dərddən xəstəlik tapıb,
Yanaqdan nə qədər yaşı silmişik,
Axı bu dünyaya niyə gəlmişik.

Bəlkədə qınayar çoxları məni,
Unudur dünyada sevən,sevəni,
Dünya bir fanidir udacaq səni,
Doğulanda biz bunu bilməmişik,
Axı bu dünyaya niyə gəlmişik.

Müəllif: VİDADİ AĞDAMLI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru