Səməd Vurğun

AZƏRBAYCAN ŞEİRİ

El bilir ki, sən mənimsən, 
Yurdum, yuvam, məskənimsən, 
Anam doğma vətənimsən! 
Ayrılarmı könül candan? 
Azərbaycan, Azərbaycan! 

Mən bir uşaq, sən bir ana, 
Odur ki, bağlıyam sana, 
Hanki səmtə, hanki yana 
Hey uçsam da yuvam sənsən, 
Elim, günüm, obam sənsən!

Çox keçmişəm bu dağlardan, 
Durna gözlü bulaqlardan! 
Eşitmişəm uzaqlardan 
Sakit axan arazları, 
Sınamışam dostu, yarı… 

Fəqət səndən gen düşəndə, 
Ayrılıq məndən düşəndə, 
Saçlarıma dən düşəndə. 
Boğar aylar, illər məni, 
Qınamısan ellər məni. 

Dağlarının başı qardır, 
Ağ örpəyin buludlardır. 
Böyük bir keçmişin vardır. 
Bilinməyir yaşın sənin, 
Nələr çəkmiş başın sənin. 

Düşdün uğursuz dillərə, 
Nəs aylara, nəs illərə. 
Nəsillərdən nəsillərə, 
Keçən bir şöhrətin vardır. 
Oğlun, qızın bəxtiyardır… 

Hey baxıram bu düzlərə, 
Ala gözlü gündüzlərə. 
Qara xal ağ üzlərə, 
Könül istər şeir yaza; 
Gəncləşirəm yaza-yaza… 

Ölməz könül, ölməz əsər, 
Nizamilər, Fizulilər 
Əlin qələm, sinəm dəftər, 
De gəlsin hər nəyin vardır. 
Deyilən söz yadigardır.

“Azərbaycan” şeirindəki gizlinlər

“Mən ona görə dahiyəm ki, özümdən öncəki dahilərin çiyinlərində dayanmışam” – bu sözləri dahi ingilis fiziki İsaak Nyuton demişdir. Həqiqətən də, bu deyimdə böyük bir hikmət payı vardır. Millətin millət kimi formalaşmasında onun sayının azlığının və ya çoxluğunun fərqi yoxdur, yəni daha doğrusu, bu prinsipdə kütlə amili heç bir əhəmiyyət kəsb etmir. Hər bir xalqı dünyada tanıdan onun şəxsiyyətləri, onun sərkərdələri, onun alimləri, onun dahiləridir. Yəni fərd kimi doğulan, xalq üçün yaşayan, lakin bəşəriyyət üçün çalışan, iz buraxan dühalar xalqını dünyada daha tez tanıdıb.

Hər bir xalqın dərin dövlətçilik ənənəsi, şərəfli hərb tarixi ilə yanaşı onun yaratdığı mədəniyyətlər içərisində ədəbiyyatı daha önəmli olmuşdur. Maddi-mədəniyyət nümunəsi, folkloru zəngin olan xalq özünün möhtəşəm varlığı üzərində ədəbi və bədii ədəbiyyatını yaratmışdır. Bu ədəbiyyat nümunələri dövrün siyasi rənginə, fəlsəfəsinə, yaşam tərzinə uyğun olaraq, sanki, böyük bir zəncir halqaları kimi bir-birinə keçərək gələcəyə doğru toxunaraq uzanmışdır. Əgər bu halqalardan hər hansı birini öz dövrünün epoxasından ayırıb, ona ya özündən əvvəlki, yaxud da özündən sonrakı dövrün siyasi və sosial tələbləri müstəvisindən baxılsa, bu mükəmməl bağlılıq darmadağın olaraq xalqın ədəbiyyatına faciələr gətirər.

“Kitabi-Dədə Qorqud” dastan folklorunun təməlində formalaşan qədim Azərbaycan (türk) ədəbiyyatının zəngin xəzinəsi böyük şəxsiyyətlər vasitəsilə, el yaddaşında günümüzə qədər gəlib çatmışdır. Hər bir şair, sənətkar onlarca, yüzlərcə müasiri ilə eyni bir dövrün sosial-ədəbi mühitində yaşayıb yaratmışdır. Lakin cəmiyyətin sərt və dəyişkən tələbləri qarşılığında xalqın duyğusunu, sevgisini daha çox qazanmış sənətkarlar, şairlər ələnərək özündən öncəki dahilərin dahiliyi üzərində zirvələrə ucalmışdır. Azərbaycan xalqı dünyanın xoşbəxt xalqlarındandır ki, onun dünyaca məşhur dahi sənətkarları və elm adamları olub. İzzəddin Həsənoğlu, Şeyx Səfiəddin Ərdəbili, Nizami Gəncəvi, Nəsimi, Füzuli, Nəsrəddin Tusi kimi canlı həyatla bağlı olan, fəlsəfi fikirlərlə zəngin dünyavi poeziya nümunələri yaradan dahilərin sırası daha sonralar Mirzə Fətəli Axundova, Mirzə Cəlilə, Üzeyir Hacıbəyliyə, Hüseyn Cavidə, Sabirə, Səməd Vurğuna və digərlərinə gəlib çatması ilə anadilli poeziyamız daha da yüksəlmişdir.

Lakin son illər Azərbaycan xalqının milli-mənəvi sərvəti olan dahi şəxsiyyətlərin, klassik və mütəfəkkirlərin məqsədli şəkildə ləkələnməsi gündəmin manşetindən düşmək bilmir. Təbii ki, bu cür basqılar qeyri-milli qüvvələr tərəfindən bu və ya digər formada ortaya atılmışdır. Çox təəssüflər olsun ki, bu işdə “sapı özümüzdən olan baltalar” daha çox aktivlik göstərirlər. Hazırkı dövrdə isə siyasət aləmində uduzmuş, lakin gündəmdən düşməyi özlərinə utanc bilən bəzi insanlar nüfuzlu şair və yazarları ləkələməkdən utanmamaq kimi asan yol seçiblər.

Bir vaxtlar Nizaminin fars, Füzulinin qeyri-millətdən olmasını söylədilər. Mirzə Cəlili, Rəsul Rzanı, Cavidi, Müşfiqi, Sabiri ittiham etdilər, onların ünvanlarına şəxsiyyətlərini alçaldacaq böhtanlar yağdırdılar. Son vaxtlar isə saxta ittihamlarla, mənşəyi bilinməyən böhtanlarla hələ özünü tanımayan, dərk etməyən, yetişməmiş insanların vasitəçiliyi ilə Azərbaycan xalqının böyük oğlu, dahi şairimiz Səməd Vurğuna qarşı da qaragüruh fəaliyyətə keçiblər.

Milli və siyasi baxışlarına görə Səməd Vurğuna əks cəbhədə göstərilərək Sovet ideologiyasına baş əymədiyinə görə repressiyaya məruz qalması iddia olunan Azərbaycanın şair və yazıçıları haqqında bu cür yanaşma kökündən yanlışdır. Əvvəla Səməd Vurğun yaradıcılığını dərindən bilənlərin, onu sevənlərin Səməd Vurğuna qarşı iddialar irəli sürənlərdən köklü fərqi ondan ibarətdir ki, Vurğunsevərlər daim Vurğun yaradıcılığı ilə yanaşı Cavid, Müşviq, Əhməd Cavad yaradıcılığını da sevərək oxuyub, öyrənmişlər. Məhz repressiya illərində Müşviqini, Cavidini, Əhməd Cavadını itirən Azərbaycan ədəbiyyatının ağırlığının böyük hissəsi Vurğunun üzərinə düşmüşdür. Buna görə də Səməd Vurğun qanlı repressiya illərində özünü qorumağı düşünmədən bir-birinin ardınca xalqın ədəbi xəzinəsini dolduracaq əsərlər yazmışdır ki, bunlardan biri də “Vaqif” dramıdır.

Ümumiyyətlə, Səməd Vurğun Sovet senzurasının xalqların milli ədəbiyyatı qarşısına çəkdiyi “tikanlı sərhəd məftilləri”ni doğrayıb, özünə cığır açaraq bu sərhədi keçmiş və xalqının taleyinin acı tarixini bəzən öz dilində, bəzən obrazının dilində nəzmə çəkmişdir. Səməd Vurğunun dolğun həyat fəlsəfəsi xalqla, təbiətin vəhdətindən doğulmuşdu. Məlumdur ki, Səməd Vurğunun müasiri olan kütlə və intellekt sahibi olan insanlarla bugünkü insanların milli düşüncəsi arasında yerlə göy arası fərq vardır. O dövrdə Sovet ideologiyasına uymuş kütlənin özü belə milli ruhda yazılan istənilən əsərə qarşı sərt təpki göstərərək, müəllifi baykot edərdilər. Şairin, sənətkarın da ölməzliyi, böyüklüyü elə ondadır ki, o yazmış olduğu əsərləri həm dövrün ruhuna uyğun yazmalı, həm də zamanın dəyişkən axarında onların yaşamağını təmin etsin. Səməd Vurğun 1934-cü ildə yazdığı “Azərbaycan” şeiri ilə kütləyə özünün zəmanə ruhlu şair olduğunu, düşüncə və təfəkkürü dərin olan oxucuya, gələcək tədqiqatçılara isə bəşəri duyğulu sənətkar şair olduğunu göstərmişdir. Ümumiyyətlə, Səməd Vurğunun şeirlərinin təhlilini vermək üçün gərəkdir ki, ədəbiyyatdan, tarixdən kifayət qədər məlumatın ola. Məsələn, milyonlarla insan “Azərbaycan” şeirini əzbər bilir. Şeir hər bir dövrün ruhuna uyğun gəlir. Lakin şairin yaradıcılığında ortaya qoyduğu milli problemləri duya biləcək az sayda insanlar var. Bu şeirdə Quzey Azərbaycanla Güney Azərbaycanın yaralı yeri olan ədalətsiz parçalanmanın acısından danışıldığını nə dərəcədə bilirik? O zaman şeiriyyətdə bəzi bəndlərə diqqət çəkək:

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam məskənimsən,

Demək, doğma vətənimsən,

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

Birinci üç sətirdə şair Azərbaycan ərazisində mövcud olmuş tarixi dövlət və imperiyaların mövcudluğu zamanı bu ərazilərin Azərbaycan türklərinə aid olduğunu bütün dünyanın bildiyini və buradakı qədim toponimlərin məhz türklərə aid olduğunun şübhəsiz təsdiqinə eyham vuraraq “Demək, doğma vətənimsən” yazmışdır. “Ayrılarmı könül candan?” yazmaqla tarixin qara səhifəsində Azərbaycanı bölmüş güclərə səslənərək Quzey Azərbaycanla Güney Azərbaycanın ayrılığına rəğmən Azərbaycan adını iki dəfə çəkir. Şeirin sonrakı bəndində Səməd Vurğun Azərbaycanın milli probleminin siyasi durumunu poetik dillə oxucuya ötürmüşdür:

Mən bir uşaq, sən bir ana,

Odur ki, bağlıyam sana:

Hankı səmtə, hankı yana

Hey uçsam da, yuvam sənsən,

Elim, günüm, obam sənsən!

Birinci misrada şair Sovet Azərbaycanının ərazi və əhali baxımından kiçikliyinə rəğmən buna “mən bir uşaq” deyərək, İran Azərbaycanına isə “sən bir ana” deməsilə bu vəhdət daxilində tarixi bir coğrafiya cızmışdır. Sonuncu üç sətirdə isə şair Azərbaycanda fəaliyyət göstərən gizli Güney mühacir təşkilatlarının və xaricdə fəaliyyət göstərən Azərbaycan mühacir hökumətinin fəallarının haralarda fəaliyyət göstərməsindən asılı olmayaraq, Azərbaycan üçün döyünən bir ürək olduqlarını poetik formada vermişdir. Şair böyük ədəbi maneralarla şeirin bəndlərində Quzey Azərbaycanın siyasi və mövcud xəritəsiini cızaraq son anda Güneyə uzanan yola baxır. Məsələn, “Azərbaycan” şeirinin digər bəndində:

Bir tərəfin bəhri – Xəzər,

Yaşılbaş sonalar gəzər;

Xəyalım dolanar gəzər

Gah Muğanı, gah Eldarı,

Mənzil uzaq, ömür yarı!

Bu bənddə Azərbaycanın gözəlliyinin vəsf edilməsi oxucunu riqqətə gətirir. Əslində isə bu bəndin sətiraltı bəndi başqa cürdür. Burada bütöv Azərbaycanın bir tərəf sərhədinin Xəzər dənizinə dirəndiyini göstərsə də reallıqda Azərbaycan ərazisini ancaq xəyalda canlandırmağın mümkün olduğunu qeyd edərək Böyük Muğan düzünün Kür-Araz ovalığının Quzeydə, düzün cənub-qərb davamının isə Güneydə qaldığına işarət edərək sonda “Mənzil uzaq, ömür yarı” deməklə açıq-aydın görsənir ki, bütöv Azərbaycanı dolanmaq üçün bir insan ömürü yetməz.

Başqa bir bəndə diqqət yetirək:

Keç bu dağdan, bu arandan,

Astaradan, Lənkərandan.

Afrikadan, Hindistandan

Qonaq gəlir bizə quşlar,

Zülm əlindən qurtulmuşlar…

Bu misralar adi oxucu üçün gözəl təbiət mənzərəsi kimi görsənir. Amma gəlin, şeirin poetikasına enərək sətiraltı ifadələri incələyək. “Keç bu dağdan, bu arandan, Astaradan, Lənkərandan” deməklə şair Güney Azərbaycanın sərhəd zolağında dayanaraq buradan Güneyə boylanır. Birdən-birə sanki şeirdə uzlaşmayan təbiət mənzərəsi ortaya çıxır. Lənkəranı əyalət kimi göstərdiyi halda, sonrakı misralarda materik və ölkə anlayışına keçir. Bəs, görəsən, burada şairi yaralayan nə idi? Şairin Güneydə fars rejimi əsarətində zülm çəkən milyonlarla soydaşının Quzeydə yaşayan qardaşlarına qovuşmasına qadağa qoyulduğu bir vaxtda, Afrika dövlətlərinin qara dərili vətandaşlarının və “qardaş” Hindistan vətəndaşlarının heç bir maneələr olmadan “beynəlmiləlçilik” adı altında sovetlərə rahat şəkildə gələrək gül-çiçəklə qarşılanmaları şairi yandırırdı.

Şairin böyük qardaşı Mehdixan Vəkilovun atam mərhum İmrayıl Alıyevə söylədiyi xatirələrindən: “Səməd Vurğun Güney Azərbaycan problemini millətimiz üçün faciəvi problem adlandırırdı. Mən İkinci Dünya müharibəsi başlayandan sonra 1941-ci ilin sentyabr ayında Təbriz şəhərinə ezam olunmuşdum. Orada gizli və aşkar şəkildə arxivlərdə işləyirdim. Rastıma çıxan materiallar məni dəhşətə gətirirdi. Bu xalqın zəngin ədəbi-bədii yaradıcılığı, tarixi keçmişi qalaq-qalaq, toz basmış köhnəlmiş sənədlərdə yatırdı. Mən qadağan olunmuş sənədlərin mətnini əzbərləyərək yadımda saxlayırdım. Çünki hər hansı qeyd aparmağın acı sonluğu mənə məlum idi. Bu məlumatları Bakıya gəlincə gizlincə Səmədə danışırdım. Səməd qulaq asıb dinlədikdən sonra gözləri yaşarmış halda “ay Qara, bu xalq hər zaman yaratmış, yaradır, yaradacaq da” deyərək qəhərlənirdi”.

Lakin olaylara dərindən yanaşma məntiqi olmayan, ədəbi düşüncə tərzi dayaz olan bəzi insanlar Səməd Vurğunu təkcə aşıq şair adlandırırlar. Bəli, ədəbi bilik səviyyələrinin sərhədləri daxilində bunu düz görürlər, lakin çox təssüf ki, qıfıllanmış zehniyyətləri bundan artığını görməyə imkan vermir. Milli və bəşəri dəyərlərə əsaslanan problemlərin qoyuluşu baxımından Səməd Vurğun yaradıcılığında iki əsas motiv (milli və bəşəri) vəhdət təşkil edir. Məlumdur ki, aşıq yaradıcılığı Azərbaycan türklərinin kökündən gələn bir yaşam tərzi, həyat eşqidir. Həqiqətən də, xalq şairi, xalq sənətkarı olan kəs o xalqın milli ruhunu ruhunda daşımayırsa, ən yaxşı halda həmin sənətkar məhəlli bir formada qısa zamanda yaddaşlarda yaşayacaq. Milli kolaritləri öz əsərlərində ortaya qoya bilməyən şair bəşəri müstəviyə çıxa bilməz. Məhz bu baxımdan sözün tam mənasında söyləyə bilərik ki, Səməd Vurğun ədəbi yaradıcılığında milli dəyərlər xəzinəsi üzərində dayanaraq ortaya bəşəri problemlər qoymuşdur. Belə ki, əsərlərində milli və bəşəri kolaritlərə toxunan şair sonluqda hadisələrin mərkəzində insan faktorunun dayandığını üzə çıxarmış və “Qalib gələcəkmi cahanda kamal?” deyərək, ümumbəşəri bir fəlsəfi problem ortaya qoymuşdur. Səməd Vurğunu dərk etməyən şəxslər də dahi şairin qeyd etdiyi kamal, təfəkkür probleminə daxil olanlardır.

Və beləliklə də dahi şair özündən sonra gələn nəsillərə yaradıcılıq çevrəsi müəyyən etmişdir.

Sonda yuxarıdakı təhlillərə əsaslanaraq yazını bu cür tamamlamaq istərdim: Səməd Vurğunun hər bir əsəri ayrı-ayrılıqda palıd ağacının budaqlarını, əsərlərinin vəhdəti isə ağacın kökünü və gövdəsini təşkil edir. Səməd Vurğunun əsərlərini dərk etməyən, onun yaradıcılığına şübhə ilə yanaşanların qaranlıq zehniyyətində bir qıfıllanma vardır.

Yusif Alıyev, 
fəlsəfə doktoru, dosent

İLKİN MƏNBƏ: #ƏDƏBİYYAT

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SÜLEYMAN RÜSTƏM

SÜLEYMAN RÜSTƏM HAQQINDA

Süleyman Rüstəm 1906-cı ildə Bakının Novxanı kəndində anadan olmuşdur. İlk təhsilini Bakıdakı rus-tatar məktəbində almışdır. Süleyman Rüstəm təhsilini Nəriman Nərimanov adına sənaye məktəbində davam etmişdir. O 20-ci illərdə Bakı Dövlət Universitəsində və Moskova Dövlət Universitəsində də oxumuşdur.
Süleyman Rüstəm əmək fəaliyyətinə “Gənc işçi” qəzetində başlamşdır. 1926-cı ildə o, “Gənc qızıl qələmlər ittifaqı”nı yaratmışdır. Bir müddət “inqilab və mədəniyyət” jurnalında və “Ədəbiyat” qəzetində məs`ul vəzifələrdə çalışmışdır.
Süleyman Rüstəm Azərbaycanın Xalq şairi və Sosialist Əməyi Qəhrəmanı fəxri adlarına layiq olmüşdür. O 1989-cu ilndə Bakıda gözünü bu dünyaya yummuşdur. Onun məzarı indi bakıda fəxri xiyabanındadır.

Yaradıcılığı: Süleyman Rüstəm hələ sənaye məktəbində oxuyarkən “Molla Nəsrəddin” jurnalında kiçik yazılarını nəşr etdirmişdir. Şairin ilk şeiri “Unudulmuş gənc”dir (1923-cü il). “Gənc qızıl qələmlər” kitabında (1926-cı il) Süleyman Rüstəmin bir sıra şeirləri nəşr edilmişdir. 1926-cı ildə onun Almas İldırımla birgə “Dün – bugün” kitabı çap olunur.
1927-ci ildə şairin Süleyman Rüstəmin “Ələmdən nəşəyə”(Qəmdən sevincə) adlı ilk kitabı nəşr olunur. Kitabdakı şe`rlərin çoxu publistik-lirik üslubdadır və mövzuca bir-birinə yaxındır. Süleyman Rüstəm “Mənim şeirim” əsərində şair poeziyasını “mühitin meyvəsi” adlandıraraq gözyaşının, qəm və kədərin ondan uzaq olduğunu bildirir.
30-cu illərdə Süleyman Rüstəmin “Addımlar”, “Səs”, “Atəş”, “Şairin səsi”, “ulduzlar” və “Gecənin romantikası” kitabları nəşr olunur. Süleyman Rüstəm müharibə dövründə qalxı qələbəyə səsləyən bir sıra şeirlər yazır. Şairin bu dövrdə yazdığı şeirləri “Ana ürəyi”, “Ana və poçtalyon(postçu)”, “Gün o gün olsun ki” kitablarnda toplanmışdır. “And”, “Qafqaz ordusu”, “416”, “Qəfurun qəlbi”, “Əzizlərdən əzizlərə”, “Gün o gün olsun ki” şe`rləri müharibə mövzusundadır. Bu şeirlərdə şair qələbəyə olan dərin inanımını anlatırdı:
Gün o gün olsun ki, qurtarsın dava,
Dağılsın buludlar, açlsın hava.

Süleyman Rüstəmin müharibədən sonra yazdığı şeirləri “iki sahil” kitabında (1950-ci) il toplanmışdır. SSRİ (Sovet Sosyalist Respublikalar İttifaqı) Dövlət mükafatına layiq görülmüş bu kitabdakı şeirlərin çoxu siyasi lirika nümunələridir. Kitabdakı şe`rlərin bir hissəsi isə iki sahil – o taylı-bu taylı Azərbaycan mövzusundadır. Güney Azərbaycan mövzusu Süleyman Rüstəm lirikasında xüsusi bir yer tutur. Müharibə dövründə şair Sovet ordusu tərkibində Güney Azərbaycanda olmuşdur və ordakı soydaşlarımızın istək və həsrətlərini yaxından duymuşdur.
Süleyman Rüstəm yarım əsrdən çox Güney həsrəti, Güney mövzusunda bir sıra dəyərli əsərlər yaratmışdır. Həmin əsərlər şairin yaradıcılığında Güney poeziyası adlanır. Şair bu mövzuda yazdığı şeirlərinin birində ayrı düşmüş qardaşlarına qovuşmaq həsrətini belə ifadə edir:
Hər kəsin bir qəlbi varsa, mənim iki qəlbim var,
Hər ikisi bir vüsalın həsrətində çırpınar,
Biri doğma Bakıdadır, biri ana Təbrizdə,
Biri gülür, o birisə batıb qana Təbrizdə.

Süleyman Rüstəmin güney şeirlərinin çoxu qəzəl, qoşma və beşlik formasındadır. Şair “Yandı” rədifli qəzəlində vətinin ikiyə bölünməsindəm, xalqn faciəsindən ürək ağrısı ilə söz açır:
Ürəkdə min yaram vardır, yazıq millət, yazıq millət,
Sənə hər ləhzədə öz canını qurban edən yandı,
… Süleyman, qafil olma, yaxşı bax ətrafə, şairsən,
Cinayət artdı həddindən, haray sal ki, vətən yandı.

Qoşma formasında yazdığı “Dəymə” şeİrində isə Azərbaycan-türk dilinə xor baxan iranşovinistlərinə qəzəb və nifrətini bildirirdi:
Mən sənin dilinə dəymirəm, cəllad,
Gəl sən də bu ana dilimə dəymə
Sənində bağın var, gülün var, çəkil,
Bağımda əkdiyim gülümə dəymə!

Süleyman Rüstəmin “Əyilmə”, “Durnalar”, “Zindan”, “Yad gül dərə bilməz”, “Şair” şeirləri də güney poeziyasına daxildir. Şairin Şəhriyara yazdığ mənzum məktubları da bu mövzudadır. Süleyman Rüstəm güney mövzusunda bir neçə kiçik poema da yazmışdır: “On ikinci tüfəng”, “Gülbahar”, “Memarın faciəsi”, “Şairin ölümü”. Süleyman Rüstəm güney poeziyasında xalq mənafeyini müdafiə edən vətənpərvər bir şair kimi yadda qalır.
Süleyman Rüstəmin yaradıcılığında qəzəl janrı da xüsusi yer tutur. Onun qəzəllərində saf məhəbbət və vətənpərvərlik hissləri vəhdətdə götürülür. Bu baxımdan şairin “Məndə” və “Ayrılmaz” rədifli qəzəlləri xüsusilə diqqətə layiqdir.
“Təbrizim” şeiri: Süleyman Rüstəmin güney poeziyasında “Təbrizim” şeiri xüsusi yer tutur. Şair onu 1941-ci ildə Təbrizə təzəcə gələndə yazmışdır. Təbrizə müraciət şəklində yazılmış şeir bu misralarla başlanır:
Baxdığca hüsnünə doymayır gözüm
Təbrizim, Təbrizim, gözəl Təbrizim!

“Təbrizim” şeiri heca vəznində, beşlik şeir formasında yazılmışdır. Şeir bəndlər şəklindədir və hər bənd beş misradan oluşur. Bəndlərdəki misralar aaabb şəklində qafiyələnir:
Qoymaram yadları girsin qoynuna,
İzin ver qolumu salım boynuna!
Sənin bayramına, sənin toyuna
Dili bir, qanı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib.

Şeir sanki iki doğma qardaşın, ata-balanın uzun ayrılıqdan sonra görüşünü əks etdirir. Süleyman Rüstəm Təbrizlə görüşməsini ikiyə bölünmüş Azərbaycanın bir-birinə qovuşması kimi qələmə almışdır. Buna görə də şeir olduqca təsirli və emosional səslənir və oxuduqca zərif, kövrək duyğular doğurur:
Bülbül zar-zar ağlar çəməndən ayrı,
İnsan deyib gülməz vətəndən ayrı,
Can necə yaşasın bədəndən ayri?
Aç öz ürəyini danış, Təbrizim.
Olum dərdlərinə tanış, Təbrizim!

“Təbrizim” şeiri şairin öz dilindən yazılmışdır. Şeirin lirik qəhrəmanı da şairin özüdür. Oxucu Təbrizlə görüşün sevinc və həyəcanını şairin obrazı vasitəsiylə duyur və qavrayır. Şeİrdə Təbrizin şairi necə qarşılaması da səmimi şəkildə təsvir olunur:
Sən çıxdın qarşıma duzla, çörəklə,
Bağından dərdiyin güllə, çiçəklə,
İkiyə bölünmüş saf bir ürəklə,
Təbrizim,təbrizim, aman Təbrizim
Yox olsun başından duman Təbrizim!

Şeirin əsas mövzusu Təbrizin gözəlliyinin tərifi olsa da, geniş mənada bu, vətənin tərənnümü kimi qavranılır. Şeirin hər bəndi vətən mövzusu ilə sıx bağlıdır. Bəndlərdə şəhərin bu günkü mənzərəsi canlandırıldığı kimi, onun qəhrəmanlıqla dolu tarixi keçmişi də yada salınır. Şair Cüney Azərbaycan da xalqın qara taleyindən və mübarizəsindən də səmimi duyğularla söz açır. Bu mövzudan danışarkən şair xalqın taleyilə bağlı həyəcan və narahatlığı bədii sual şəklində ifadə edir:
Nədir o, mənalı, dərin baxışlar?
Nədir gözlərindən yağan yağışlar?
Nədir qəlbindəki payızlar, qışlar?
Yetimtək boynunu əymə, Təbrizim!
Məlul-məlul baxıb durma, Təbrizim!

Şeirin son bəndi əvvəldəki misraların məzmunu ilə səsləşir. Şair yenə də doğma Təbrizlə görüşündən doğan sevinc duyğularını ifadə edir:
Sənin çiçəyinə, gülünə qurban!
Mənə qardaş deyən dilinə qurban!
Vətəninə qurban,elinə qurban!
Baxdığca hüsnünə doymayır gözüm
Təbrizim, Təbrizim, gözəl Təbrizim!

Süleyman Rüstəmin “Təbrizim” şeiri şairin güney lirikasının zirvəsi və ümumiyyətlə, butun yaradıcılğnın ən gözəl nümunələrindən biri sayılır.
Şair sağlığında çap etdirdiyi güney şeirləri toplusunu “Təbrizim” adlandırmışdır.(1985-ci il)

Qaynaqlar:
1. “Ədəbiyyat”, Yazarlar: Möhsün Nağısoylu, Rəhman Quliyev, Araz nəşri (Quzey Azərbaycan)
2. “Təbrizim”, Yazar: Süleyman Rüstəm

TƏBRİZİM ŞEİRİ HAQQINDA

İkiyə bölünmüş Vətən. Hər birimiz üçün necə də ağırdır bu kəlməni söyləmək. XIX əsrin əwəllərində xalqımız məhz belə acı tale ilə üzləşmişdir – Azərbaycan qonşu dövlətlərin maraqlarına uyğun şəkildə iki hissəyə bölünmüşdür: Cənubi Azərbaycan və Şimali Azərbaycan. O vaxtdan bəri bu tarixi haqsızlıq, ayrılığın doğurduğu nisgil, eyni zamanda otaylı, butaylı Azərbaycanın birləşmək arzusu, xalqımızın bu məqsəd ugrunda apardığı mübarizə ədəbiyyatımızın əsas mövzularından birinə çevrilmişdir.
        XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi S.Rüstəmin yaradıcılığında da Cənub mövzusu mühüm yer tutur. Ordu sıralarında Cənubi Azərbaycana gedən şair burada bir sıra müşahidələr aparmış, soydaşlarımızın həyatı ilə yaxından tanış olmuş, onların zaman-zaman milli azadlıq mübarizəsinə qalxmaları barədə geniş məlumat toplamışdır. Həssas qəlbli, vətənpərvər şairin təəssüratları sonralar onun cənub lirikasında birləşən dərin məzmunlu şeirlərinə çevrilmişdir.
        S.Rüstəmin bu qəbildən olan əsərlərindən biri də «Təbrizim» şeiridir. Şair bu şeiri elm, mədəniyyət, sənətkarlıq mərkəzi kimi tanınan qədim şəhər Təbrizə xitabən qələmə almışdır. Lakin Təbrizə müraciət etməkdə şairin məqsədi heç də yalnız onun barəsində söhbət açmaq, şəhərin gözəlliyini vəsf etmək deyildir. Şeirdə Təbriz vətənin rəmzi kimi başa düşülür. Əsərin əvvəlindən S.Rüstəmin Təbrizə böyük məhəbbətinin şahidi oluruq. Təbrizin hüsnünə baxdıqca gözləri doymayan şair «Qoymaram yadları girsin qoynuna» deyib onu özününkü sanır. Şair Təbrizin şad gününə şərik olmaq üçün onun bayramına gəlmişdir. Təbriz də öz əziz sirdaşını «duzlaçörəklə », «bağından dərdiyi güllə-çiçəklə», «ikiyə bölünməz saf bir ürəklə» qarşılayır. Bu, adi bir görüş deyil. Bu, dili bir, qanı bir iki qardaşın uzun ayrılıq həsrətindən sonra baş tutan görüşüdür. Şair duyğulanır və Təbrizə ən xoş arzularını dilə gətirir.
        Lakin Təbrizlə görüşdən hədsiz sevinc duyan, onun gözəlliyindən vəcdə gələn S.Rüstəm bərk narahatdır. Qəlbi nisgildən sızlayan şair Təbrizin bütün dərd-səri ilə tanış olmaq istəyir.
        Aşağıdakı misralarda müəllifin vətən yanğısı, təəssübkeşliyi dolğun şəkildə ifadə olunmuşdur.
Bülbül zar-zar ağlar çəməndən ayrı.
Insan deyib-gülməz Vətəndən ayrı.
Can necə yaşasın bədəndən ayrı?!
Aç öz ürəyini danış, Təbrizim,
Olum dərdlərinlə tanış, Təbrizim.

        Təbrizin bağından gül-çiçək dərib onun vəziyyəti ilə tanış olan şairin dərdi təzələnir, o, təlatümlü düşüncələrə dalır. Torpağı ikiyə bölünən şairin iztirabları başadüşüləndir. Onun dərdi Vətən dərdidir. Şairin qəlbi otaylı, butaylı Azərbaycanı bütöv görmək arzusu ilə yanır. Onun qənaətinə görə, birliyə gedən yol mübarizələrdən, çarpışmalardan keçir. Müəllif Təbrizin şanlı qəhrəmanlıq tarixini xatırlayır. Təbrizin «qoynundan süd əmən saysı qəhrəmanlar» onun yolunda zaman-zaman canlannı qurban vermişlər. Şair belə qəhrəmanlıq tarixi olan Təbrizə cəllada, yada baş əyməməyi məsləhət görür, onu daim azadlıq, birlik uğrunda mübarizə aparmağa çağırır.
        S.Rüstəmin «Təbrizim» şeiri məzmunca dolğun olduğu kimi, bədii ifadə vasitələri ilə də zəngindir. Ustad sənətkar şeirin təsir gücünü artırmaq, bütöv Azərbaycan ideyasını oxucuya daha dolğun şəkildə çatdırmaq üçün dilimizin zənginliyindən geniş istifadə etmiş, bir-birindən təsirli bədii ifadə vasitələri seçmişdir. Aşağıdakı misralara diqqət yetirək:
Nədir o mənalı dərin baxışlar?
Nədir gözlərindən yağan yağışlar?
Nədir qəlbindəki payızlar, qışlar?..
Yetimtək boynunu burma, Təbrizim,
Məlul-məlul baxıb durma, Təbrizim!

        Bu misralardakı təkrir, bənzətmə, məcaz və bədii sualların köməyi ilə şair Təbrizin ayrılıqdan doğan dərin kədərini qabarıq şəkildə nəzərə çarpdırmağa nail olmuşdur. Ümumiyyətlə, şeir böyük təsir və səfərbəredici gücə malikdir. «Təbrizim»i oxuyan hər kəsin qəlbində tarixi ədalətsizliyə son qoymaq, ikiyə bölünən Vətənin birliyinə nail olmaq istəyi daha da güclənir.

TƏBRİZİM ŞEİRİ

Baxdığca hüsnünə doymayır gözüm
Təbrizim, Təbrizim, gözəl Təbrizim!

Qoymaram yadları girsin qoynuna,
İzin ver qolumu salım boynuna!
Sənin bayramına, sənin toyuna
Dili bir, qanı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib.

Bülbül zar-zar ağlar çəməndən ayrı,
İnsan deyib gülməz vətəndən ayrı,
Can necə yaşasın bədəndən ayri?
Aç öz ürəyini danış, Təbrizim.
Olum dərdlərinə tanış, Təbrizim!

Sən çıxdın qarşıma duzla, çörəklə,
Bağından dərdiyin güllə, çiçəklə,
İkiyə bölünmüş saf bir ürəklə,
Təbrizim,təbrizim, aman Təbrizim
Yox olsun başından duman Təbrizim!

Qədrini ayrılıq çəkənlər bilər,
Hicranda gözyaşı tökənlər bilər,
Ömrünə qaranlıq çökənlər bilər,
Bağından gül-çiçək dərdim Təbrizim,
Yenə təzələndi dərdim, Təbrizim!

Nə qəşəngdir yol boyunca söyüdlər,
Söyüdlərin kölgəsində igidlər,
Babalardan dinləyirlər öyüdlər,
Coşup damarlarda qanı, Təbrizim,
Yoxdur bu mərdlərin sanı, Təbrizim!

Ağlasan ağlaram, gülsən gülərəm,
Yaşasan yaşaram, ölsən ölərəm,
Varımı səninlə yarı bölərəm,
Gəl bir də üzündən öpüm, Təbrizim!
Başına gül-çiçək sərim Təbrizim!

Nədir o, mə`nalı, dərin baxışlar?
Nədir gözlərindən yağan yağışlar?
Nədir qəlbindəki payızlar, qışlar?
Yetimtək boynunu əymə, Təbrizim!
Məlul-məlul baxıb durma, Təbrizim!

Sənin çiçəyinə, gülünə qurban!
Mənə qardaş deyən dilinə qurban!
Vətəninə qurban,elinə qurban!
Baxdığca hüsnünə doymayır gözüm
Təbrizim, Təbrizim, gözəl Təbrizim!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏMMƏD ARAZ

VƏTƏN  MƏNƏ  OĞUL  DESƏ

Buyruqlara sığışmayan inaddım,
Çox qanadlar yorub salan qanaddım.
Ulduzlara barmaq silkib, daş atdım;
Nizamlara baş əyməzdi nizamım.

Qayaları haçalardı qüdrətim,
Buludları parçalardı qüdrətim
Şimşəkləri qıçalardı qüdrətim,
Yorulanda nur mizrablı ozanım.

O selablar seləliyim yalanmış,
Ötən günlər çalağanmış, çalanmış.
Bircə kövrək xatirələr qalanmış,
Onu da ki, ha çevirim, ha sanım…

Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu torpaqsız harda, nə vaxt, nə dərdim — 
Xəzanımdır, xəzanımdır, xəzanım.

Dünənimi döşdən asan deyiləm,
Dünənimə qəbir qazan deyiləm.
Ürəyimsiz kəlmə yazan deyiləm,
Nə qədər ki, öz əlimdi yazanım.
1970

Mənbə: ŞEİRLƏR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – 15 – ci yazı

YAZARLAR VƏ YAZILAR

və ya

MÜASİR ROMANÇILIQ NECƏ OLMALIDIR???

(On  beşinci yazı)

Salam olsun sənə ey dəyərli oxucum. Dünya kitabxanalarındakı kitabların, yazıların, o yazılardakı sözlərin, sözlərdəki hərflərin sayının min misli qədər uca Yaradana şükürlər olsun ki, daha bir bəhanə ilə görüşmək qismət olub bizlərə… Xoş gördük sizləri…

Söhbətimizin mövzusu  iki kitabda cəmlənmiş bu iyirmi üç yazıdan ən vacibi kimi də qəbul edilə bilər… Beləki, sayı ilə on beşinci adlandırdığım bu yazıda iki əsas məsələni müzakirə edəcəyik. Birinci məsələdə  bizə qədər olanlara nəzər salıb fikir (əlbəttə, subyektiv) bildirəcək, ikincidə isə giley-güzarla dolu zəmanəmizdə müasir romançılıq necə olmalıdır? –  sualına cavab tapmağa çalışacağıq. Bu iki ciddi məsələyə toxunmağa nə dərəcədə haqqım çatır, arqumentlərim nə qədər tutarlı ola bilər, ümumiyyətlə bu yazını qəbul etmək olarmı, əgər olarsa, bu hansı səviyyədə mümkündür? Oxucuda yarana biləcək bu qəbildən olan digər suallara öncədən cavab vermək üçün qısa bir haşiyəyə çıxmaq istəyirəm:

HAŞİYƏ

Bütün digər yaradılmışlar kimi insan da özü anlayandan sonra ətraf aləmi anlamağa çalışır. Bu çabalar içində demək olar ki, bir körpə başqa bir canlının balasından elə də çox fərqlənmir. Ətraf aləmi hissə-hissə, çox kiçik parçalarla, fraqmentlərlə dişimizlə, dırnağımızla, gözümüzlə, hiss edib, dadıb, görüb tanıyır, yadda saxlayırıq. Dünyadan – ətraf aləmdən yadımda qalan ilk fraqment  atla bağlıdır; bu ilk olaraq özümün çəhrayı rəngli oyuncaq atım – üstünə minilə biləcək möhkəm plastmasdan olan təkərli at, qonşu oğlanın həmişə balkonlarında olan yaşıl şar atı (Bakıda) və ən dəqiq, net mənzərə bir axşamçağı (Ağdam rayonu, Yusifcanlı kəndində) mal-qaranı örüşdən gətirən babamın qabağına – qarşılamağa – çıxdıqda məni öz tünd qəhvəyi rəngə çalan qızlı “yava” Qarabağ cinsindən olan atının tərkinə alıb doqqazdan evin qarşısına – həyətə qədər  60 – 70 addımlıq yolu (bu bir neçə dəfə təkrar olunub) gətirməsidir. At anladığım, yadımda qalan oyuncaq olsa da minə bilmədiyim, çünki, ondan tutub duranda mən boyda idi… Əsl at da həmçinin qardaşlardan ən kiçiyi olan Hafiz əmimin məni qaldırıb Müseyib  babam minən atının tərkinə oturdanda (o kiçik  oğul, mənsə böyük  nəvə  idim – təbii estafet məsələsi) arxadan babamın belindən necə bərk-bərk yapışdığım hələ də yadımdadır… Beləliklə sanki, at əl dəysə də əlçatmaz bir varlıq olaraq qaldı mənim üçün… Ancaq, yadda qalan ilklərdən həyatım boyu həmişə birinci olan ikinci bir varlıq da var. Bu kitabdır, kitab… Ətrafdakı canlı və cansızları tanımağa başlayanda dişimə vurub yoxladığım varlıqlardan biri də yadımda qalan birincisi orta qalınlıqlı,tünd göy rəngli kitabdır – “mikrobiologiya” kitabı… Yəqin ki, ağ yerlərini yazdığım, nəyəsə əsəbləşib ağlayanda vərəqlərini dartıb qopardığım kitab da elə bu “göy kitab” olub… Səhv etmirəmsə bu sualları bir müsahibədə cavablandırmışam, odur ki, təkrar olsa bağışlamanızı rica edirəm. Kənd uşaqlarının çoxu kimi əlifbadakı gözəl buzov rəsminin altında iri böyük hərflərlə yazılmış “DANA” sözünü hərfləyib “BUZOY” deyə-deyə əlifbanı öyrəndikdən sonra ilk oxuduğum kitab “Qızıl şamdan” uşaq nağıl kitabı olub –bu təxminən 1981 –ci ilin okyabr ayı idi.  Oxuduğum ilk iri həcimli kitab göy rəngli, qalın, üstündə qalxan şəkli olan “Koroğlu dastanı”, xarici ədəbiyyat nümunəsi  “Kapitan Qrantın uşaqları”, çox cildli  isə  “Min bir gecə” dastanları olub. 80-ci illərdən  etibarən üç dildə ana dilimizdə (hal-hazırda Türk dili  adlandırdığımız dili mən xaric dil hesab etmirəm), rus dilində, ingilis dilində və üç əsas qrafikada; kiril, latın, ərəb əlifbaları ilə sərbəst mütaliə vərdişlərim var. Təxminən 1987-ci ilin yayından etibarən ətrafda nələrin baş verməsindən asılı olmayaraq saatlarla sadəcə oturduğum taxta stulu yellədə – yellədə qalxmadan bəzən gündüz axşama kimi, bəzən gecə səhərə kimi kitbdan ayrılmadan oxumaq kimi bir bacarığa yiyələnmişdim… Təəssüf ki, indi belə vaxt yoxdur. Maraqlı kitab olanda ya uzaq yol gedəndə çatana qədər maşında, ya da qonaq və istirahətdə olduqda belə uzun müddətli – ayrılmadan – mütaliə etmək imkanı olur. Bu minvalla o zamanın əksər gənci  kimi mən də əvvəl məktəb kitabxanasının, ardınca kənd kitabxanasının axırına çıxdıqdan sonra rast gəldiyim, adını eşitdiyim kitabları alıb oxumağa başladım. Bütün bunlar bu yazını oxuyanların əksəriyyəti kimi mənim də sovetlər birliyində yaşadığımız nisbətən məhdud bir dövrə aid olan məlumatlar idi. 90-cı illərdən sonra əvvəllər bizim üçün əlçatmaz olan bütün kitablar da, müəlliflər də əlçatan oldu. Yeni əsrdə internet deyilən məhdudiyyətsiz bir aləm ərmağan oldu bizə  və bununla da inandırım sizi ki, dünyada limit deyilən anlayış öz qüvvəsini itirdi…

Bütün təfsilatı ilə belə bir girş verməyə ehtiyac var idimi? – Haqlı sual çıxa bilər ortaya. Əvvəlcədən deyim ki, bəli var idi. Çünki, yazının buradan sonra oxuyacağınız hissələrində elə məqamlar ola bilər ki, “bunun heç filankəsin filan romanından xəbəri yoxdur, və ya bəs niyə heç filankəsin adını qeyd etməyib və s.” Qarşıda belə problemlərlə üzləşməmək üçün nəzərinizə bir daha çatdırıram ki, yuxarıda qeyd olunan tarixdən üzübəri Respublikamızda əlçatan olan və günümüzdə internetdən oxuya biləcəyimiz sizə məlum olan nümunələr və müəlliflər mənə də məlumdur. Sadəcə bu yazının öz məqsədi var. Mən bu məqsədə uyğun davranacaq və ancaq, faydalı bildiyim məqamlara toxunacam. Yəni, kimin və ya hansı əsərin adının çəkilməməsi onun olmaması anlamına gəlmir. Onlar da var. Sadəcə mənim subyektiv fikrimə görə hal-hazırda bizə, bizim gəncliyə bu yazıda adı hallanan müəlliflər, qeyd olunan əsərlər haqqında olan məlumat və biliklər daha faydalı ola bilər. Yəni, yazının məqsədi bu müəllif və nümunələri bilənlərə xatırlatmaq, bilməyənlərə isə tanıtmaqdan ibarətdir.

XATIRLATMA

İndi işlədəcəyim “MƏNCƏ” ifadəsi bundan sonra sıralanacaq bütün fikirlərə aiddir. Və beləliklə, məncə, bəşər tarixi yarandığı gündən müasir dövrümüzədək – insan oğlu əlinə qələm alıb yazmağa başlayandan bəri ən dəyərli yazılar ortaya qoymuş yazar çoxumuzun uşaqlıqdan tanıdığı  Lev Nikolayeviç Tolstoydur. Bəs, tanıdığımız digər yazrlardan onu belə kəskin dərəcədə fərqləndirən nədir?  Və bunu real, həyati səbəbləri nə olub? Onu nəyə, hansı səbəblərə nümunə götürüləcək birinci şəxs hesab edirik və ya etməliyik? Axı onun qədər tanıdığımız digər  Dostoyevski, Ernest  Heminquey,Viktor Hüqo, Cek London, Sent-Ekzüperi, Vasiliy Yan, Tarle kimi məşhur yazarlar da olub. Sözsüz ki, indi kimsə bu sətirləri oxuyub tam fərqli adını qeyd etmədiyimiz bir müəllifi xatırlaya və onu  öz kriteriyalarına – meyarlarına görə Tolstoydan üstün hesab edə bilər. Bu onun təbii haqqıdır. Ancaq , burda bir məsələni mütləq qeyd etməliyəm, Tolstoy yaradıcılığının əsasında hansı səbəb və məqamlar durmasından asılı olmayaraq mən yuxarıda misal üçün adını çəkdiyim və bu an sizin fikrinizdə olan digər müəllifdən seçilir. Yuxarıda nisbət üçün  elə yazarları seçmişəm ki, bu yazını oxuyan şəxslər mütləq onları da oxuyublar və yaradıcılıqları ilə tanış olduqlarına əminəm.  Dostoyevski, Ernest  Heminquey, Viktor Hüqo, Cek London, Sent-Ekzüperi,  kimi yazrlar nə qədər cəlbedici  yazsalar da bütün yaratdıqları nümünələrdə çatışmamazlıq, natamamlıq hiss olunur. Bu məsələ bəlkə də inam məsələsi ilə bağlıdır. Beləki, bu müəlliflər nə qədr maraqlı süjet xətti üzərində işləsələr də, hadisələr nə qədər qızışıb, səngisə də sonda bir nəticəyə gəlib çıxa bilmirlər. Bu özü-özlüyündə müəlliflərin bütün problemləri hansı dil, üslub, bənzətmə vasitələrindən istifadə etmələrinə baxmayaraq insanın üzərinə yükləməsindən və insan oğlunun isə nə qədər faili-muxtar olmasına baxmayaraq bir Yaradan tərəfindən yaradılmış omasını ya qəbul etməmələrindən, ya da unutduqlarından qaynaqlanır deyə düşünməkdəyəm. (fikir dəyişə bilər, hərəkət varsa, dəyişiklik labüddür). Bəs, belə natamamlıq Tolstoyda yoxdurmu, əlbətdə , var məsələn, “Hacı Murad”-da. Ümumiyyətlə mən özümüçün Tolstoy nümunələrini  nümunə götürülə biləcək baxımdan belə sıralayıram:  I – “ETİRAF”,  II – “SERGEY ATA”  və  “İVAN İLİÇİN ÖLÜMÜ”, III – “HƏRB VƏ SÜLH”…..  sonuncu “HACI MURAD”. Vasiliy Yan, Tarle barədə ayrıca onu qeyd etmək istəyirəm ki, bu müəlliflər haqqında On yeddinci yazı – “Hərb mövzulu yazılar” – da nisbətən ətraflı söhbət açacam.  Nəticə olaraq nə qeyd etmək istəyirəm Tolstoy istər özündən əvvəlki, istərsə də günümüzə qədər – sonrakı yazrlardan fərqləndirən məqam və keyfiyyət onun şəxsiyyətinin və nümunələrinin tamlığı, mükəmməlliyi və ya mükkəməl kimi qəbul etdiyimiz əlbətdə, nisbi olan anlayışa daha yaxın olması ilə seçilir. Bunu kökündə uca Yaradana inancın, onun uzun, keşməkeşli ömrünün, sağlam ruhunun  – həyat yolu – fəaliyyətinin, özünəməxsus yaşam tərzi və təlatümlü ailə həyatının dayandığını hesab edirəm. Bu məqamda yenidən kiçik bir haşiyəyə çıxmaq istəyirəm.

HAŞİYƏ

Yəqin bu deyimi eşitmisiz?  Əgər, eşitməmisizsə onda indi xəbəriniz olsun ki, belə bir deyim var: – “Batmaqda olan gəmidə bir nəfər də olsun allahsız tapa bilməzsən” Əfsuslar olsun ki, məsləyindən asılı olmayaraq çoxumuz əslində böyük bir, hər an batmaq təhlükəsi ilə üzləşə biləcək, müdhiş dalğalar qoynunda atıla-düşə üzən gəminin sakinləri – sərnişinləri olduğumuzu unudur, bunu ancaq gəmimiz ləngər verəndə hiss edirik. Bu baxımdan Xalid Hüseyninin “Çərpələng Uçuran” romanında iki maraqlı məqam var. Bu arada onu qeyd etmək istəyirəm ki, Xalid Hüseyni və əsərləri nümunə ola biləcək  müasirlərimizdir.  Əgər hələ tanış olmamısızsa, bu andan sonra boşa gedən vaxt əsl igi kimi hesab oluna bilər. Məsələn, bu tanışlıq elə “Çərpələng Uçuran” – la başlaya bilər. Çox maraqlı və yuxarıda nümunə kimi qeyd etdiyimiz meyarlara tam uyğun gələn bir əsərdir. Tamdır. Əlavə edim ki, “Çərpələng Uçuran”-ı həm ingilis dilində orijinalda, həm də Xədicə İsmayılın tərcüməsində doğma, şipşirin ana dilimizdə oxumuşam. Tərcümə indiki tərcümələrin əksəriyyətindən fərqli olaraq çox gözəl alınıb. Hadisələrin bir qisminin bizim mədəniyyətə yaxın Şərq mühitində baş verməsi də onun ana dilimizə rahat uyum sağlamasına, daha asan qavranmasına yardımçı olur. Bu tərcümə ana dilimizdə bizim üçün orijinal hesab oluna bilər. Tərcümədə heç nə itməmişdir. Əksinə daha da zənginləşmiş,  romanın cod dili bir az yumşalmış, daha rahat anlaşılan olmuşdur. Mətləbdən uzaqlaşmayaq, deməli, romanın qəhrəmanı Əmir heç də inanclı biri sayıla bilməz. Ancaq, onun şüuraltı bilincində belə bir qüvvənin varlığı barədə məlumat olduğundan əsər boyu iki dəfə ən kritik məqmda bu özünü büruzə verir. Birinci dəfə atası xəstə olanda, ikinci dəfə isə doğmaca qardaşının balası və eyni zamanda artıq, onların – Babanın nəslinin yeganə davamçısı Zöhrab xəstəxanada can çəkişəndə…

Məncə, ordan-burdan nala-mıxa vurmaq bu qədər kifayətdir. İndi gələk, ümumilikdə əsas məsələyə bəs bizim özümüzün nümunə ola biləcək kimlərimiz, nələrimiz var. Əlbəttə, bu misallar elə seçilməlidr ki, ən azından bu yazını oxuyan şəxs onları da tanımış olsun. Bu məqamda şübhəsiz ki, yenə hansısa keçid mövqeyndə dayanan nümunələr olmalıdır. Belə şəxslərə Abbasqulu ağa Bakıxanovu, Həsən bəy Zərdabini, Əhməd bəy Ağaoğlunu, Əbdürrəhim bəy Haqverdiyevi, Məmməd Səid Ordubadini, Vintsas Kreveni,  Üzeyir Hacıbəylini, Yusif  Vəzir Çəmənzəminlini, İlyas Əfəndiyevi, Bayram Bayramovu,  İsmayıl Şıxlını və onların düşüncələrini, yazıb-yaratdıqlarını misal göstərə bilərik. Bu keçid şəxslərdən sonra  Bəxtiyar Vahabzadə, Cəmil Əlibəyov, Xudu Məmmədov,  İsa Hüseynov (Muğanna), Nəriman Həsənzadə, Əlibala Hacızadə,  Anar, Elçin, Hamlet İsaxanlı, Kamal Abdulla, Akif Əli, Elçin Hüseynbəyli (Qaraçuxa),  Orxan Fikrətoğlu,  Əsəd Cahangir,  Sadıq Qarayev, İlqar Fəhmi,  Rövşən Abdullaoğlu kimi  şəxsiyyətindən, həyat yolundan, fikirlərindən, yazıb-yaratdıqlarından, müasirlərimiz olanların söhbətlərindən faydalana biləcəyimiz kiçik, çox da zəngin olmayan bir syahı tərtib etmək olar. Ancaq, biz daha konkret olub və heç olmasa üç gedişə ortaya konkret nəticə qoymalı olsaq, mən bunu belə edərdim. Vintsas Kreve “Azəristan ölkəsi”,  Makulu “Səttarxan”, Müəllifi mübahisəli olsa da əsl milli nümunə “Əli və Nino”.

Əgər, hələ də Vintsas Kreve ilə tanış deyilsizsə, mütləq tanış olun. Tanışlığa “ATV kitab seriyasından olan”  doğma, şipşirin ana dilimizdə nəşr olunmuş – sağ olsun Səlim Babullaoğlu – Vintsas Kreve “ Azəristan ölkəsi” kitabından başlaya bilərsiz. “Səttarxan ” və  “Əli və Nino”,  biz müasir mili romançılığın standartı, (müasir roman necə olmalıdır ki, oxunaqlı, faydalı və gəlirli – satıla bilən – olsun) üzərində düşünürüksə, bu iki əsərə diqqətlə baxıb, özümüz üçün yığcam araşdırma aparıb müəyyən nəticəyə gələ bilərik. İlk öncə müəlliflərə baxaq, Makulu o qədər də məşhur imza olmasa da, “Səttarxan” iri həcimli çox ətraflı, zəngin məlumat mənbəyi olan, faydalı romandır.  Müəllifi dəqiq bilinməyən – imza yoxdur –  “Əli və Nino” əsl nümunədir. Məncə, “Əli və Nino” bütün parametrlərdə standarta daha yaxındır. Bu iki əsər əlavə heç bir təsir dairəsinə düşmədən hər ikisi nümunə ola biləcək səviyyədədir. Ancaq, “Əli və Nino”  “Səttarxanı”  həcm məsələsində qabaqlayır və üstünlük əldə edir.  “Əli və Nino” hadisələrin zənginliyi, məlumatlılıq və həcm baxımından müasir Azərbaycan oxucusu üçün əsl nümunə – çağdaş romançılığın standartı sayıla biləcək bir əsərdir. Ümumiyyətlə yeni yaranacaq romanlar 80 – 100 səhifə həcmində olsa daha cəlbedici və faydalı olar deyə düşünməkdəyəm…

Uca Yaradanın  insan oğluna bəxş etdiyi ən dəyərli nemət olan vaxtınızı bu sətirləri oxumağa həsr etdiyiniz üçün qarşınızda baş əyir, sonsuz sayğılarımı bildirirəm. Hörmətlə: Zaur Ustac.

QEYD

Yazarlar ancaq, (əyləncə və ya mənfəət xatirinə yazanlar xaric) yazarlar. Şübhəsiz ki, söz Uca Yaradana məxsusdur. Biz sadəcə qələm tutan qullarıq… Yox əgər, kimsə bunu inkar edib, ancaq yenə oturub saatlarla kiminsə pıçıltılarını qələmə alırsa, onda bağışlayın məni, belə çıxır ki, onun yazdıqları şeytan vəsvəsəsindən başqa bir şey deyildir…

24.05.2018. Bakı.

QEYD:

Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” adlı kitablarında müstəqil məqalə kimi yer almışdır.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mirzə Fətəli Axundov

Mirzə Fətəli Axundov (Axundzadə)

(1812-1878)

Mirzə Fətəli Axundov  yazıçı-dramaturq, filosof, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisidir. O, 1812-ci il iyunun 30-da Azərbaycanın qədim əyalətlərindən olan Şəkidə anadan olmuşdur. Mirzə Fətəli Axundov 13 yaşınadək ailəsi ilə birlikdə İran Azərbaycanının müxtəlif bölgələrində yaşamışdır. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır.Fətəlinin ruhani olmasını istəyən Axund Hacı Ələsgər (anasının əmisi) 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənmişdir. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu göruş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.Dövrünün müasir elmləri ilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o, Tiflisə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. 1873-cü ildə ona hərbi rütbə-polkovnik rütbəsi verilmişdir.1851-ci ildə Rus Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsinə üzv seçilən Axundov sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. O, “Əkinçi” qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində “Vəkili Milləti-Naməlum” imzası ilə məqalələr dərc etdirmişdir.
M.F. Axundov bədii yaradıcılığına şeirlə başlamışdır (“Səbuhi” təxəllüsü ilə). O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. M.F.Axundzadə 1842-ci ildə axund Hacı Ələsgərin qızı Tubu xanımla evlənmişdir. Onun Tubu xanımdan 13 övladı olmuşdur ki, onlardan da yalnız ikisi – oğlu Rəşidbəy və qızı Nisə xanım uzun müddət yaşamış, qalanları isə erkən yaşlarında ölmüşdür.O zaman Qafqazın inzibati-mədəni mərkəzi sayılan Tiflis M.F.Axundovun dünyagörüşünə mühüm təsir göstərmişdir. Onun ilk şeiri “Zəmanədən şikayət” adlanır. Şeir fars dilində, klassik şərq şeiri ənənələri əsasında yazılmışdır. M.F. Axundzadəni görkəmli bir şair kimi geniş oxucu kütləsinə tanıdan 1837-ci ildə fars dilində yazdığı “Puşkinin ölümünə Şərq poeması”dır. Həmin əsəri şair özü rus dilinə tərcümə etmişdir.M.F.Axundov Şərqdə ilk dəfə dram janrında əsərlər yaratmışdır. Onun “Təmsilat” adı altında birləşdirilmiş altı komediyası (“Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəlişah caduküni-məşhur”, “Hekayəti-xırs quldurbasan”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara)”, “Mürafiə vəkillərinin hekayəti”) 1859-cu ildə Tiflisdə nəşr edilmişdir.M.F.Axundov öz yaradıcılığında həmişə Avropa maarifçiliyinə böyük önəm vermişdir. M.F.Axundov 1878-ci il fevralın 26-da ürək xəstəliyindən vəfat etmiş və Tiflisdə dəfn olunmuşdur. Ruhu şad olsun. Amin.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – GƏLİR…

Bu gözəli kim incidib, ay Allah?

Bu gözəli kim incidib, ay Allah?
Gözlərindən bıldır-bıldır yaş gəlir…
Ha səkdirir, ha gizlədir nəzərin,
Fırlanır yenə də mənə tuş gəlir…
* * *
İslaq baxışları dopdolu, çim naz,
Hər şeydə fayda var, əgər olsa az,
Bunu da dəftərin bir küncünə yaz,
Hər nəyi boş versən qəlbə xoş gəlir…
* * *
Ustacın sözünü boş verən sənəm,
Çarpış, xırman yerin qoy olsun sinəm,
Ağla, yaxalığım qoy olsun su, nəm,
Hər yeni doğulan gözü yaş gəlir…
21.06.2019. Bakı. (20:00)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

ZAUR USTAC – OLSUN

OLSUN

Bir ümid işığı yandı bu axşam,

Cırtdan tərəfindən görülən olsun…

Gecənin bağrında zərrə bəsimdi,

Yetər ki, sonadək sürülən  olsun…

* * *
Bu əllər uzanıb haçandıır sənə,

Bir iriz, bir cığır, yol  göstər  mənə,

Gələrəm, baxmaram; uzuna, enə,

Lap elə, Musaya verilən olsun…

* * *

Qoy keçsin səhradan, ya da meşədən,

Yarağım, əsləhəm; qələm, tişədən,

Ruhuma qida ver, görklü rişədən,

Qoy daşdan, qayadan sorulan  olsun…

* * *

Qoy, dahi Nəsimi olsun yoldaşım,

Xətai qoy olsun, mənim qəmdaşım,

Nadiri, Qacarı eylə sirdaşım,

Dostum dost yolunda dirilən olsun…

* * *

Ustacam, dilimdə şükür bitibdi,

Daim dualarım Sənə yetibdi,

İndi bu qulunun səmti itibdi,

Nişan ver, bir yana  varılan olsun….

20.05.2019. Bakı. (01:36 – 22’)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – 22 – ci yazı

DAHİLƏR VƏ QAHİLƏR

və ya

SU DÜNYAYA AÇILAN BİR PƏNCƏRƏDİR

(İyirmi ikinci yazı)

Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana bütün yaranmışların ünsiyyətlərindəki səslərin, dillərindəki kəlmələrin  sayının min qatı qədər şükürlər olsun ki, belə vacib və faydalı mövzuda sizlərlə həmsöhbət olmaq da qismətdə var imiş. Son günlərdə olduqca bəsit və gülünc iddialarla istər sosial şəbəkələrdə, istərsə də necə deyərlər ucuz reklam xatirinə onlara “yel verən” KİV (EKİV)-də yer almış cızma-qara sahiblərinə kiçik bir xatırlatma məqsədi ilə qələmə aldığım bu yazı “Həftə içi” qəzetində dərc olunmaqla bərabər eyni zamanda  “Yaradanla baş-başa” adlı məqalələr toplusuna (ikinci hissə) daxil olacaq iyirmi ikinci yazıdır. Söhbətə başlamazdan əvvəl onu qeyd edim ki, bu “qəhrəmanları” Qadir Allahın bəxş etdiyi nemətlərin ən əzəli, öndəgələnlərindən olan ünsiyyət vasitəmiz  dili (yazılı) yaxşı məqsədlə istifadə etmədiklərinə görə onları şiddətlə qınayır və əlbəttə onlar üçün adi olan, əslində olduqca faydalı, ibrətamiz, misilsiz  digər bir nemət olan suyun misalında yaranışın, nizamın  düşündükləri  qədər bəsit olmadığını açıqlamağa çalışacağam.

DAHİLƏR VƏ QAHİLƏR

“Elm stəkanından içilən ilk qurtum insanı ateist edir, lakin stəkanın dibində onu Allah gözləyir.”

Bu müdrik kəlam heç də indi bəzilərimizin düşünə biləcəyi  kimi Şərq üləmalarına məxsus deyil. Əksinə, tam tərsi ilahiyyatla heç bir əlaqəsi olmayan Qərbin dəqiq elmlər üzrə alimi Verner Karl Heyzenberqə aiddir.

QISA ARAYIŞ:

Verner Karl Heyzenberq (alm. Werner Heisenberg, 5 dekabr 1901, Vürzburq – 1 fevral 1976, Münhen) – görkəmli alman fiziki, matriks kvant mexanikasının yaradıcısı, 1932-ci il fizika üzrə Nobel mükafatı laureatı. 1976-cı ildə xərçəng xəstəliyindən vəfat etmişdir.

Verner Karl Heyzenberqdən əlavə bu siyahını Qərbin müsəlman olmayan digər dəqiq elmlər üzrə dahi Pifaqordan üzübəri tanınmış alimləri İsaak Nyuton, Albert Eynşteyn, Mixail Vasilyeviç Lomonosov, Dmitri İvanoviç Mendeleyev,   eyni zamanda Lev Nikolayeviç Tolstoy, Vintsas Kreve kimi məşhur yazarları və başqa onlarca, bəlkə yüzlərcə bəsirət gözü açıq olan dahilərin (Nikola Tesla ilahi qüdrətə bir az başqa cür don geyindirirdi) hesabına uzatmaq da olar. Hətta Ziqmund Freydin timsalında dinin VI əsrdə ilişib qalanlar üçün lazım olduğunu iddia edən bizim bu  “qəhrəmanlar” özləri də bilmədən Allahın varlığını mülahizələri ilə sübuta yetirmiş olurlar. Ziqmund Freydlə bağlı başıma gələn bir hadisə haqqında ibrətamiz qısa haşiyəyə çıxmaq istəyirəm (Ziqmund Freyd – Ziqmund Freud, Sigismund Şlomo Freyd – mənim şəxsiyyətinə, əzminə, iradəsinə, elminə hörmət etdiyim, tapa bildiyim kitablarının hamısını oxuduğum, fikir və mülahizələrini çoxunu bəyənib qəbul etdiyim həkim-psixoloq, özünəməxsus araşdırma və analiz qabiliyyəti olan alim, söz adamıdır.):

HAŞİYƏ

Əgər, səhv eləmirəmsə, 2013 – cü ilin payızı, oktyabr ayı idi. Şamaxıda idim. Əlimdə ağ paketdə Ziqmund Freydin “Totemlər və tabular” kitabı, bir də həmişə özümlə gəzdirdiyim qara dəri balaca əl çantam var. Cümə günü, günortadan xeyli keçmişdi. Şamaxı Cümə Məscidi olan əsas küçə ilə yuxarıdan aşağı – avtovağzal istiqamətində heykəllərin şəklini çəkə-çəkə üzüaşağı düşürdüm. Məscidin yanından keçəndə qərara gəldim ki, girim həm məscidi ziyarət edim, həm də iki rükət namaz qılaram. Məscidin həyətinə girib, düz dəstəmazxanaya getdim. Əlimdəki kitab olan ağ paketi yerə qoyub (orda asılqandan başqa kətil, dolab olmadığına görə) qara dəri çantanı da üstünə qoydum. Dəstəmaz alıb, məscidə getdim. Məscidin girişində yenə ayaqqabılarımı çıxarıb, onlar üçün nəzərdə tutulmuş rəflərə qoydum və içəri keçdim. Namazımı qıldım, xeyli dua etdim. Təxminən 45 ‘ – 1 saat vaxt keçmiş olardı. Qalxdım, gəldim ayaqqabılarımı geyinib çıxanda baxıram ki, əlimdə ancaq qara əl çantası var. Bəs ağ paket hanı? – Əvvəl elə bildim içəridə unutmuşam. Ayaqqabılarımı çıxarıb yenidən məscidə daxil oldum, gedib əl çantasını qoyduğum yerə baxdım. Yox idi. Düşünə-düşünə gəlib ayaqqabılarımı geyinib, ayaqqabılar olan rəfə də baxdım. Bəlkə, bura qoymuşam. Yox idi. Lap əvvəldən xatırlamağa çalışdım… Dəstəmazxanaya girib kitab olan paketi döşəməyə, qara çantanı da onun üstünə qoyub dəstəmaz almağa getmişdim…  Bu düşüncə ilə dəstəmazxanaya girdim. Paket elə ordaca dururdu… Paketi döşəmədən qaldırdım, tüklərim biz-biz olmuşdu… Nə qədər düşündüm, necə ola bilər ki, dəstəmaz alandan sonra üstündə olan çantanı götürəsən, paket özü unudula – əslində necə olmuşdusa mən heç paketi görməmişdim, sanki, o heç olmamışdı… Dəstəmaz alandan, ta ziyarət və ibadəti tamamlayıb məsciddən çıxana qədər onun haqqında məlumat yaddaşımdan tamam silinmişdi. Bir də məsciddən çıxanda xatırladım və nəql etdiyim kimi gedib tapdım… İndi də o hadisəni xatırlayanda bu qənaətə gəlirəm ki, Qadir Allah (ƏL – QƏDİR) bu kitaba onun evinə girməyə izin vermədi və o ehtiva etdiyi məlumatlarla birlikdə məni yalnız həmin yerdə gözləyə bilərdi…

Özlərini ağıllı sayanlar (stəkanı hələ indi-indi uzaqdan görənlər) “olmayandan (yoxdan) danışmaq olmaz” tezisini unudaraq sərsəm fikirlərlə gündəmə gəlməyə çalışırlar… Bu barədə çox dərinə getmədən sadəcə yazıqlar olsun deməklə kifayətlənirəm… Və əlbəttə deyildiyi kimi, “…vay o kəslərin halına ki, …” Yəqin o şəxslər özləri də yaxşı bilirlər ki, onlar nəinki  yuxarıda adları çəkilən müdrik  şəxslərdən ağıllı deyillər, hətta çoxları onların bir çoxunu heç tanımırlar belə… Ümidvaram ki, bu yazıdan sonra tapıb, oxuyub, öyrənəcəklər. İnanıram ki, əgər, bu qafillər heç olmasa stəkana yaxından baxa bilsələr, dibi haqqında onlarda ilkin təsəvvürlər formalaşa bilər.  Belələri haqqında hələ keçən əsrin axırlarında “Dostum” adlı bir şeir yazmışdım. Elə o vaxt da birmənalı olmayan fikirlər çox səslənirdi. (maraqlananlar “Google” axtarış sistemində Zaur Ustac “Dostum” şeiri yazıb, oxuya və dinləyə bilər – bura əlavə edib yer tutmaq istəmədim.) İki hissəli bu yazımın birinci hissəsini məhz belə yekunlaşdırmaq istəyirəm, qahilərdən olmaq istəmirsinizsə, dahiləri tanımaq lazımdır.

KEÇİD

Yuxarıda yəni birinci hissədə bilərəkdən ancaq qeyri-müslimlərdən misallar çəkdim. Ancaq, bu demək deyildir ki, bizim özümüzün sitat gətiriləcək dahilərimiz  yoxdur. Mövcudatın qarşılıqlı olduğunu (gecə-gündüz, dağ-dərə və s.), təsirin əks təsirə bərabər olduğunu nəzərə alsaq qahilərin bizdə Qərbə nisbətən daha çox olduğunu iddia ediriksə deməli şübhəsiz ki, dahilər də bizdə – Şərqdə  daha çoxdur… Yəni, stəkan hələ icad olmazdan, hörmətli alman fiziki Verner Karl Heyzenberq elmi bir su misalında ona doldurmazdan çox əvvəl Şərqdə Şeyx Nizami Gəncəli suyu belə vəsv etmişdir:

 “Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir su da.”

Müəllif: Nizami Gəncəli

Tərcümə edən: Səməd Vurğun

Dahi Nizaminin yazdğı dildə bu misraların hansı fikri ifadə etdiyini bir kənara qoyub, sevimli şairimiz Səməd Vurğunun şirin dilində ifadə etdiyi məna üzərindən iki istiqamətdə fikir yürüdərək  dahiliyə və qahiliyə müasir (sirr dolu) insanın baxış açısından qısa izahda aydınlıq gətirməyə çalışacağam.  “su çox incə bir varlıqdır” – bu bizə ulu əcdadlarımızdan  – dahilərdən –kodlaşdırılmış, şifrəli şəkildə ötürülmüşdür. Müasir “dahi”(əslində o qahidir) bu məlumatı götürür, ikinci -“dərd verən” tərəfini araşdırmağa başlayır və məlum olur ki, bəli su nə qədər faydalı olsa da həddindən artıq çox qəbul edildikdə, bir o qədər də zərərli ola bilər. Beləki, orqanizmin təbii ehtiyacı olmadan (belə söz var – ürək istəmədən) həddən çox su işdikdə ilkin olaraq kəskin baş ağrıları ilə müşayət olunan “su zəhərlənməsi”, sonra maddələr mübadiləsinin pozulması (əlbəttə, onu da yaxşı bilir ki, hal-hazırda içməli su konkret olaraq yoxdur) nəticəsində bədəndə artıq suyun yığılmasına, bu maye yığıntısının qarın boşluğunda özünə yer etdikcə tədricən artaraq digər vacib orqanların fəaliyyətini məhdudlaşdırdıqca, həyati əhəmiyyətli orqanlarda  xəstəliklərin əmələ gəlməsinə səbəb olur ki, bu xəstəliklərin müalicəsində olduqca bahalı, “çətin tapılan” (bu status onların vacibliyini və dəyərini artırır) xarici dərmanlardan istifadə olunur. Müəyyən (qahiliyə bəs edəcək qədər) psixoloji bliklərə də malik olan “dahi” daha çox insanın oxuya biləcəyi, məlumatlanacağı  bütün imkanlardan (sosial şəbəkələr, KİV, TV və s.), vasitələrdən istifadə edərək təxmini bu məzmunlu yazılar tirajlamağa başlayır, “…baxın, filankəs hər gün sadəcə su içməklə nələrə nail oldu…”, bilir ki, bir dəfəyə orqanizm tələb etmədən çoxlu su içmək çətindir. Odur ki, “…ilk günlər çətin olsa da, sonra tədricən öyrəşmək olur, gör filankəs altı ayda nələr etdi…” və s. bu qəbildən olan təhrikedici cümlələrlə qabaqlayıcı önləmlər alır. Bu məqamda o məşhur deyim yada düşür, “ayının min oyunu bir qozun üstündə gedir…” – mətbuatı (növündən və vasitələrindən asılı olmayaraq) boş yerə hakimiyyətin  növlərindən  biri hesab etmirlər. Xüsusi ilə sürətli məlumat yaymağın asanlaşdığı  müasir dövürdə bu öz gücünü daha qabarıq şəkildə göstərir. Bəli suyun  “faydası”  haqqında yazılıb, mümkün qədər bütün vasitələrlə yayılan yazınını bircə məqsədi var. Daha çox adam xəstələnib, Hippokrat babalarının cəddinə dönə-dönə and içmiş,  dərman firmaları ilə əvvəlcədən müqavilə bağlayaraq onlarda qeydiyyatdan keçmiş nömrəli reseptlərlə və ya təşviqedici reklam xarakterli blanklarla təchiz olunmuş, qahi həkimlərə müraciət etsin ki, bahalı dərmanlardan daha çox satılsın… Söhbətimiz obyekti su olduğuna görə mən sudan misal gətirirəm. Yoxsa, heç kimə sirr deyil ki, indi hər yan bu tip təhrikedici yazılarla doludur. Belə yazılara, söhbətlərə ümumiyyətlə “qulaqdandolma”  məlumatlara inanmayın onlar qahilərin sözüdür. Ələxsus sağlamlıq – həkim məsələlərində ən etibarlı, sınanmış şəxslərə müraciət etmək olar…  İndi demək olar ki, dünyanın aparıcı şirkətləri səbəbi və nəticəni bir əldə cəmləməyə nail olublar. Məsələn, dünyaca məşhur şirkət uşağın ağlı kəsəndən reklam edə-edə bahalı, ləzətli ancaq, zərərli  şokaladı və digər şirniyyat, qənnadı məmulatlarını şirin-şirin 30-40 yaşına qədər ona yedirdib, içi şəkər qarışıq müxtəlif sağalmaz xəstəlikləri (hansı ki, bu xəstəliklərin müalicəsində istifadə olunan dərmanları da özü istehsal edir…) onun orqanizmində yaradır, yenə həmin şirkət istehsal etdiyi bahalı dərmanları reklamla qazandırdığı xəstəlikləri müalicə edir adıyla ömrünün qalan hissəsini bu şəxsə almağa məcbur edir… İkisində də onlar qazanır, biz itiririk… Bu gözlə görünən, hər gün ətrafımızda olan, hamımızın hiss edə biləcəyi maddi misalları çəkməkdə iki əsas məqsədim var idi. Birinci publisistika kimi günümüzün acı həqiqətlərini bir daha xatırlatmaq, ikincisi isə  bu maddi timsalda digər yazıların əslində mənəvi – ruh aləmimizə, insanlığa nə qədər sağalmaz yaralar vurduğunu gözlər önünə sərməkdən ibarət idi… Bu müqəddəs torpağın yetirdiyi dahilər təkcə Şeyx Nizami ilə məhdudlaşmır. Bu siyahını cəlal sahibi, Alim Allahın (Əl – Əlim) elmindən kifayət qədər agah olan, Bəhmənyar, Nəsrəddin Tusi, Nəsimi, Xətai, Füzuli, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy,  Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu,  Əbdürrəhim bəy Haqverdiyev kimi mütəfəkkirlərin,  eyni zamanda Qurbani, Sarı Aşıq, Aşıq Ələsgər  və digər adını qeyd etmədiyim xalq içərisindən çıxmış saz-söz adamlarının hesabına uzatmaq olar. Yaxud da heç uzağa getmək lazım deyil, müasirlərimiz dünyaca məşhur Çingiz Abdullayevin, ölkəmizdə kifayət qədər tanınmış  Əsəd Cahangirin fikirləri bu, bir ovuc qahinin tutarlı cavabı ola bilər. Müasirlərimiz  olan elm adamlarından gənc alim-yazar Sadıq Qarayevin dünya-aləm, kainat-yaranış haqqında olan düşüncələri maraqlıdır.

SU DÜNYAYA AÇILAN PƏNCƏRƏDİR

Yuxarıda, “DAHİLƏR VƏ QAHİLƏR”  və  “KEÇİD” bölümlərində qoyulmuş problemi mümmkün qədər dünyaca məşhur şəxslərin adı, misalları anlatmağa çalışdım. Ancaq, digər əvvəlki yazılarla tanış olan oxucu bilir ki, bu o qədər də xarakterik hal deyil. Mən adətən bütün yazılarımda məsələnin əsas mahiyyəti “mən” deyə gətirdiyim misallarla açır və fikrimi təsdiq edirəm. Bu heç də təvəzökarlıqdan uzaq “mənəm-mənəm” – lik iddiası deyil, əksinə tam tərsi özümün tam əmin olmadığım fikri, doğruluğuna inanmadığın hadisəni başqasına anlatmağın düzgün olmaması qənaətindən irəli gəlir. Odur ki, mən yazılarımın böyük əksəriyyətində praktik məsələləri öz həyatımdan, gördüklərimdən, dəqiq bildiklərimdən, şahidi olduqlarımdan misal gətirməklə əsaslandırmağa çalışıram. Yenə həmişə gözümüzün önündə olan, gün ərzində dəfələrlə təmasda olduğumuz su haqqında misallarla dinin bəzi hökmləri ilə əlaqəli şəkildə tanış olacaq, fikrimizi əsaslandırmağa çalışacağıq. Bu təfsilata keçməzdən öncə hamımızın diqqət etməli bir neçə məlumat nəzərinizə çatdıracağam. Onu da qeyd etmək istəyirəm ki, yazının bu hissəsində sonra fikir – açıqlama (izah) kimi təqdim edəcəyim məlumatlar “NİYƏ BELƏDİR?” – sualına uzun illər axtarıb, araşdırıb tapdığım cavablardan ibarətdir:

DİQQƏT!!!

Azanın vaxtı elə təyin olunub ki, Yer üzərində (daha dəqiqi sonsuz fəzada – kosmosda Yerdən daim azan səsi gəlir) fasiləsiz olaraq azan səsi gəlir, Allahın kəlamları oxunur. Müsəlmanların Ay təqvimindən istifadə etməsi, təbii Günəş və Ay saatlarının nəzərə alınması ilə bu mümkün olmuşdur.

Əgər, insan onun orqanizmi üçün təyin olunmuş qaydada hər gün Günəş doğmazdan öncə oyanıb, dəstəmaz alıb, günə ibadətlə (şükrü-səna, arzu-niyazla) başlayaraq, yalnız günün işıqlı vaxtı (Günəşi gördüyü vaxt) oyaq olub, hava qaralanda – gecə düşən kimi yenə qüsul-dəstəmazın həll etdikdən sonra ibadətini (şükrü-səna, arzu-niyazla) yerinə yetirib yatarsa, yəni “Günəşlə oyaq ol, Ayla yat…” göstərişinə əməl etsə, insan bu gün düçar olduğu bir çox bəlalardan uzaq olardı… Bunun səbəbi insan orqanizminin  təbii Günəş və Ay saatlarına görə ayarlanmasıdır.

Hər söhbətə, yeməyə başlayanda  “BİSSMİLLAH”, qurtaranda isə “ƏLHƏMDÜLİLLAH” demək boğaz (udlaq -qırtlaq) üçün faydalıdır. Beləki, bu sözləri işlətmək  ağız boşluğunu sonrakı fəaliyyət üçün hazırlayır. Bunun səbəbi hər iki sözün tərkibində olan “ALLAH” kəlməsini tələffüzü ilə bağlıdır.

Namaz qılarkən “TƏKBİR”-də əllər sürətlə qulaq bərabərinə qalxıb düşür. Bu hərəkətin düzgün icra olunmasında  insan orqanizmi üçün böyük fayda var. Beləki,  hərəkət nəticəsində barmaqların ucundakı xırda kapilyarlar silkələnir və qan damarlara daha sürətlə qayıdır. Eyni zamanda ürəyə giriş –çıxış damarları dartılıb hərəkət etdiyinə görə, bu hərəkəti hər gün müntəzəm şəkildə dəfələrlə təkrar edən adamda (bunu namaz qılanda düşünmədən edirik – avtomatik) damar kirəcləşməsi, bu səbəbdən infarkt olma riski sıfıra bərabərdir.

Bu sadaladığım misallar ən adi, hər gün istifadə etdiyimiz, içində olduğumuz misallardır. Belə sadə misalları çəkməkdə məqsədim  “din VI – VII əsrlərdə ilişib qalanlar üçündür” deyənlərə Böyük Allahın əzəmətinin ən xırda – bizim bilmədiyimiz – bir detalda, məqamda, hərəkətdə ola biləcəyini xatırlatmaqdan ibarətdir. Və din hansısa zaman üçün deyil, insan – insanlıq üçündür.

 SU – ALLAHIN BİR LÜTFÜDÜR

Aşağıda sadalayacağım misalların qaynağı, qüsul və dəstamaz qaydaları, namazın evimizdən axan çaya bənzədilib, gündə beş dəfə orda paklanmalı olduğumuzun tövsiyə olunması, şərab içənin ibadətinin qırx gün qəbul görməyəcəyinin xəbərdar edilməsi və başqa bu kimi ibrətamiz məlumatları öyrəndikdən sonra “NİYƏ BELƏ OLMALIDIR?” sualına uzun illərin araşdırmaları, öz üzərimdə sınaqdan keçirdiyim təcrübələrin nəticələridir. Onu qeyd edim ki, mən gözümü açıb evdə nənəmi, babamı ibadət edən görsəm də ilk olaraq namazı və sonra böyüdükcə digər şərtləri kitablardan müxtəlif informasiya vasitələrindən əlbəttə eşidib, görüb, bildiklərimi  də göz önündə tutaraq on beş yaşım olar-olmaz müstəqil öyrənməyə başlamışam və bu son nəfəsə qədər davam edəcək. Hədis məlum. Su məsələsində yenə iki məsələ qabarıq görsənir:

-Birinci onun xarici təmizlik üçün istifadə olunması, qüsul və dəstəmazın həqiqətən də orqanizmə  cism və ruh olaraq ayrı-ayrılıqda bir çox cəhətdən müsbət təsiri göz önündədir. Bu təkzibedilməz  faktdır.

-İkinci isə suyun birbaşa insanın orqanizminə daxildən təsiri, qəbul olunub, qana sorulması prosesi ilə bağlıdır. İnsan bədəninin  həyatverici – daşıyıcı qüvvəsi qanının nisbətdə yarıdan çox hissəsinin su olmasını nəzərə alsaq hər su içmə prosesi sanki, insanın özünə qayıdışı, özünü tanıması, ətraf aləmlə vəhdət təşkil edib, tamlığa qovuşması hadisəsidir. Əlbəttə çiy (qaynamamış, qatqısız), pak, saf içməli sudan söhbət gedir…

Başlayaq qüsuldan, niyə bütün hökmlərdə israrla cünub halda yatmağın, ümumilikdə qüsulsuz qalmağın zərərli olduğu buyurulur? Tibbi və sağlamlıq tərəfi, əlaqədən sonra həmən çimib, qüsul aldıqda ən azından tərəflərdə olan parazitlərin yumurtalarının (törədicilərinin) bir-birinə ötrülməsi ehtimalı azalır, digər bir çox infeksion xəstəliklərin yayılmasının qarşısı alınır və s. Mənəvi – ruh tərəfi gecə rahat, sakit və dərin yuxu ilə yatmaq mümkün olur. Oyandıqda yeni gün daha bərəkətli və faydalı olur. (Məsələn, istənilən tacir, ticarətlə məşğul olan adam, iş adamı eyni obyektdə işlədiyi qüsullu günü ilə qüsulsuz günün nəticələrini analiz edib, alacağı  inanılmaz dərəcədə fərqli nəticənin şahidi ola bilər)Pak və dualı bir iş günü olduqca xoş əhval-ruhiyyədə keçməklə yanaşı, həmdə adi günlərdən çox fərqlənəcək dərəcədə bərəkətli olur.

HAŞİYƏ

Parazitlərlə bağlı kiçik bir haşiyəyə çıxmağa ehtiyac duydum. Bu haşiyə həm yazının birinci hissəsi ilə ikinci hissəsi arasında əlaqəni möhkəmləndirəcək, həm də parazitlər haqqında qısa məlumat verəcək. Beləki, hal-hazırda qahilər  parazit (insan orqanizmindəki müxtəlif qurdlar) mövzusunu əldə bayraq edərək, bundan da qazanc məqsədi ilə istifadə edirlər. Parazitlər mövzusunda “USTACNAMƏ” kitabının dördüncü bölümündə ətraflı məlumat olduğuna görə bu yazıda çox dərinə getməyərək, sadəcə onu bildirmək istəyirəm ki, insan bir bədən, cism, orqanizm olaraq digər bütün yaradılmış canlılar kimi, parazitlərlə birgə yaşamağa məhkumdur və bu bəzi kənara çıxmaları – xarakterik olmayan yoluxmaları –nəzərə almasaq təbii haldır. Onları qahilərin iddia etdikləri (reklam edib, pul qazandıqları) üsullarla bədəndən təmizləmək mümkün deyil və buna ehtiyac da yoxdur. Bədənimizdə yaşayıb, bizim hesabımıza parazit həyatı sürən orqanizmlərin qahilər  iddia etdiyi kimi tam təmizləmək mümmkün olsaydı, şübhəsiz ki, bu əməlin zərəri faydasından çox olacaqdı. Çünki, bizimlə birgə yaşayan yad orqanizmlərin çoxu Alim  (Əl – Əlim)  və Qadir (ƏL – QƏDİR) olan Böyük Allah tərəfindən görəvləndirilmiş təbii likvidatorlardır. Bu canlılar da digər bütün canlılar kimi təbii Günəş və Ay saatlarına uyğun yaşam tərzi sürür, bəlli zamanlarda insan oqrqanizminin dəri səthinə açılan bütün dəlik və kanallarından (ağız, göz, burun, qulaq da daxil olmaqla) xaricə çıxaraq yumurtalarını qoyub, geri qayıdırlar. Müntəzəm sadəcə su ilə və ya bəzi təbii sabunlardan istifadə edərək təmiz yuyunmaqla bu törədicilərin yenidən orqanizmə qayıdıb düşməsini azaltmaq olar. Tez-tez bədəni tam yuyub qüsul almaqda bu baxımdan fayda var.

İkinci dəstəmaz məsələsi dəstəmaz suyunun şərtləri və qaydaları məlum olduğuna görə burada ona yer ayırmayıb, mətləbə keçirəm. Mən bütün qaydaları müstəqil öyrəndiyimə görə lap uşaqlıqdan namazda təkbirə görə  və dəstəmaz alanda ayağa məsh çəkəndə həmişə böyüklərdən –qocalardan iradlar alardım və cavanlıq iddiası ilə niyə elə olmaz və ya niyə elə olmalıdır, harda belə yazılıb sualları verərdim… Və ya məni ən çox düşündürürdü; niyə isti su ilə dəstəmaz almaq olmaz, niyə qurulamaq olmaz… bir yeri niyə iki dəfədən artıq yumazlar… və digər qocaların qoyduğu maraqlı qadağalar…  İndi keçək cavablara:

-dəstəmaz alarkən bədənin sonluqları – orqanizmin bir-birindən ən ucqar, uzaq nöqtələri otaq temperaturundakı (qızdırılmamış, təbii ətraf mühit temperaturunda) suyla yuyunduqda və ya məsh olunduqda yenə bu kapilyarların oyanmasına və bir başa qan dövranına təsir edir. Su mühitin təbii temperaturundan isti olduqda bu effekt olmur və dəstəmazın bu cəhətdən orqanizmə heç bir faydası olmur. Üz-gözümüz, qolumuz sulu qaldıqda ibadət əsnasında təbii şəraitdə yavaş-yavaş quruduqca bədənin sonluq səthlərinin soyuması davam edir. Dəstəmaz qurulandıqda bu effekt olmur. Su nə qədər soyuq olsa da iki dəfədən artıq bədənə vurmanın efekti olmur, üçüncü artıq israfçılıqdır. İki dəfəyə dəri tam oyanır və üçüncünü hiss etmir… Kişilərin ayaqlarına baş barmağın ucundan üstə doğru məsh çəkmələri onların daxili orqanlarının, xüsusi ilə piylənmə vəziyyətinə görə qadınlardan fərqli olduğuna görədir. Bu səbədən qadınlar ayaqlarının içinə doğru, kişilər isə üstünə doğru məsh çəkirlər. Ayağa məsh çəkdikdə kapliyarların oyanma effekti yumaqdan daha artıq olur.

SU İÇDİKDƏ NƏ BAŞ VERİR?

Yuxarıda bu haqqda kəsədən daxilə çiy, pak, saf, qatqısız  su qəbulunun insanın özünə qayıdışı, təbiətlə vəhdət yaratması anlamına gəldiyini qeyd etmişdik. Çiy su ilə, qaynanmış və ya qatqılı suyun orqanizm üçün nə fərqi və ya ümumiyyətlə bunu  ibadətlə nə əlaqəsi var? Bu sualın cavabı şərab içənin ibadəti qırx gün qəbul olunmaz məzmunlu hökmdə gizlənib. Çiy su, qaynanmış su,  qatqılı su, şərab bu dörd vacib informasiya üzərindən mühakimə yürüdərək belə nəticəyə gəlirik ki, bu dörd varlığın fərqi yalnız ölü və diri olmasındadır. Diri kimi yalnız çiy, saf suyu qəbul edirik. Niyə şərab içmiş insanın ibadəti qəbul olunmur? Çünki, Allah kəlamı ona təsir etmir. Niyə təsir etmir? Bu onun qanındakı qatqılı mayeyə görədir. Nəinki şərab içənə, hətta daim qaynanmış su, çay, kompot və digər şirələr içən adamla müqayisədə  müntəzəm olaraq çiy, saf su qəbul edən adama (indiki reallıqda çətin olsa da…) azanın, avazla oxunan quranın təsiri tam fərqlidir!!! – İNANMAYANLAR ÖZ ÜZƏRİNDƏ YOXLAYA BİLƏRLƏR – 40 GÜN ƏRZİNDƏ NƏTİCƏ ALMAQ MÜMKÜNDÜR. Məncə, bu insan orqanizminin cox hissəsini su təşkil etməsi ilə əlaqədar hadisə olub, damarlarımızda axan qanın cox hissəsi saf, pak, diri su olduqda Allah kəlamı bütün digər canlılara təsir etdiyi kimi damarlarımızda olan suya da təsir etdiyindən və su molekulları

ƏR-RAİ, ƏR-RƏQİB, ƏŞ-ŞƏHİD, ƏL-MUSSƏVVİR, ƏL-VƏHHAB, ƏL-XƏBİR, ƏL-MÜHİT kimi gözəl adların sahibi Böyük Allahın şirin avazlı müəzzin tərəfindən düzgün oxunan sözlərinə qarşı biganə qalmadığının bariz göstəricisidir…

XATIRLATMA

Ey qahilər, istəyirəm biləsiz ki, mövzuya uyğun xatırlatdığım, daim gözümüzün önündə olan, hamımızın görüb, hiss edə biləcəyi  bu misallar Böyük Allahın yaradılmışlara lütfünün çox kiçik bir qismi, bəlkə də heç milyonda biri də deyil… Ancaq, inanclı insanlar bu qazanc – xeyirlər naminə  ibadət etməzlər. Onlar sadəcə vacib buyrulmuş əməlləri yerinə yetirdiklərinə görə, əvvəlcədən vəd olunmuş səvaba-faydaya qovuşarlar, bu qədər.

Sonda din geridə qalmışlar üçündür məzmunlu fikirlər səsləndirən münafiqlərə (bəli, onlar əsl münafiqlərdir) sözüm budur: -bir damla suyun ən zəif, ən xırda, parçalanmış, yaralı bir molekulu qədər hissiyyatınız, qabiliyyətiniz olsun… Onlara bir xatırlatma da etmək məcburiyətindəyəm: – bilin ki, İslam sonuncu və ən kamil olan dindir və  bu din sizin inkişaf etmiş Avropa adlandırdığınız  (əsrlər boyu  Şərqdən oğurluq edən, öyrənib öz adına çıxan) Qərbdə heç bir zor-güc olmadan, ən bilikli, savadlı, hər tərəfli imkanlı, dünyanı, əsl tək olan elmi anlayan qabaqcıl insanlar arasında sürətlə yayılmaqdadır… Və orada bəziləri bundan bərk narahatdırlar… Bəlkə də sizinkimilər  elə belələrinin qarmağı ilə suya düşürlər… Nə qədər gec deyil, bu yoldan çəkinin… O sürüşkən qarmaqla  endiyiniz çirkab gölməçədən çıxın, üstündə içi  pak su dolu  stəkan olan masaya  yaxınlaşın, diqqətlə baxın, ibrət alın. Ən azından çiy su içməyə başlayın… “Bir damla su” tam anlamı ilə bütün mənalarda (insan özünün də bir damla “su”-dan necə əmələ gəldiyini və sonrakı bütün inkişaf mərhələrini –  hansı ki, bu barədə də ən xırda təfsilatı ilə  müqəddəs kitabımız “Quran”-da  məlumat verilmişdir –  unutmamalıdır…) əsl  insan üçün  həqiqətən  də dünyaya  açılan  pəncərədir,  sadəcə bunu görüb, dərk etmək lazımdır…

Qeyd:

  “Qahi” – qəhr olmuş, “Qahilər” – qəhr olmuşlar deməkdir.

27.04.2019. Bakı.

Müəllif: Zaur Ustac

QEYD:

Bu yazı müxtəlif saytlarda yayımlanmaqla bərabər müəllifin “YARADANLA BAŞ-BAŞA” adlı kitabında müstəqil məqalə kimi yer almışdır.

Bundan əlavə “HƏFTƏ İÇİ” qəzetinin N: 80 (3128) 3 may 2019 – ci il sayında dərc olumuşdur.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – 20 – ci yazı

“Dağlar” sevdası və ya biz hələ yaşamalıyıq…

(İYİRMİNCİ  YAZI)

Salam olsun, çox dəyərli oxucum. Dədə Ələsgərin anadan olmasının 200 illik yubiley tədbirləri çərçivəsində nəşr olunacaq “DAĞLAR” adlı poeziya antologiyası şəklində nəzərdə tutulmuş almanaxın giriş məqalələrindən biri kimi, baş redaktor sözü olaraq qələmə aldığım bu yazı eyni zamanda “Yaradanla baş-başa” adlı kitabıma daxil olan iyirminci yazıdır. Bir daha hamınızı salamlayır və dağların cəzbində yaranmış sirli-sehrli söz dünyasına səyahətə dəvət edirəm.
Mənim böyüyüb, boya – başa çatdığım coğrafi ərazi olduqca mülayim iqlimə malik, dağətəyi (Ağdam rayonu, Yusifcanlı kəndi) bölgə olub. Dünyaya gözümü açandan Günəşin düzənlikdən (Qarqar çayının aşağı axınında, yulğunluqlara qarışıb, qamışlıqlarda itdiyi yerdə, Ağ göl ərazisində) al-qırmızı doğub, haramı çöllərinin üzərindən qövs çızaraq keçməklə ilin fəsillərinə görə gah Kirsin, gah Qırxqızın, gah da Murovun arxasında yenə al-qırmızı rəngə boyanıb, batmasını seyr etməklə keçib… Hava çox təmiz və açıq olanda Murovdan sonra daim başı qarlı şiş zirvə görsənirdi. Bu dağa Ağrı dağı deyirdilər… Kənd ağsaqqallarının dilində Ağrı dağı ilə bağlı belə bir deyim var idi: – “qar Ağrıya düşdüsə, üçcə günə burdadı…” Lap körpəlikdən dağları Günəşin, Ayın evi bilmişəm… Dünyaya sahiblik – ağalıq edən qüdrətli Günəşin, o, olmayanda onu əvəz edən sirli Ayın evi… İndi Siz dağların əzəmətini təsəvvür edin, bir uşaq düşüncəsində… Dağlar Gecənin gizləndiyi, Gündüzün dincəldiyi müqəddəs bir məkan olub mənim üçün… Dağların yaddaşımda belə dərin iz qoymasının ilk əsas səbəblərindən biri, bəlkə də birincisi – kənd uşaqları bunu yaxşı bilər – qoyun-quzunu axşamüstü örüşdən gətirmək üçün hər axşam Günəşin batmasını gözlədiyimdən gözlərimin sürəkli dağlarda olmasının və mütəmadi olaraq hər gün eyni mənzərənin təkrar olunmasının da rolu az olmayıb. Əlbəttə, o vaxtlar uzaqda olan dağlar sirli bir qala kimi görsənirdi və uşaqlarla həmişə mübahisə edərdik ora neçə günə gedib çıxmaq olar… Sonra tale elə gətirdi ki, bu sirli –sehrli dağlara sirdaş oldum… Hərbi xidmətimin çox hissəsini 2500 metrdən yüksək olan dağlarda keçirdim və anladım ki, dağlara uzaqdan, aşağıdan yuxarı baxmaq nə qədər sirli görünürdüsə, indi bu əzəmətli qalaların qoynunda olub, düzlərə yuxarıdan aşağı baxmaq o qədər, bəlkə də ondan min qat dah artıq, zövqverici, eyni zamanda ibrətamizdir… Xüsusi ilə hərdən olur ki, sən zirvədə olanda düzlərlə, yəni aşağıdakılarla sənin arana dümağ lopa-lopa buludlar girir və sən qalırsan buludların üzərində… Aşağıdakılar buludlara aşağıdan yuxarı baxıb orda Göyün – dünyanın bitiyini sandıqları halda sən o buludların üzərində olub, kaş dünya elə bu buludlarda bitəydi, hal-hazırda onun məndən gizlədiyi, buludların altında qalan bütün günü boş-boş şeylər üstündə didişən, söyüşən, bir-birinin ətini yeyib, qanını içən insanların varlığından heç xəbərim olmayaydı… Dünya elə bu buludlardan yuxarıdakılardan ibarət olaydı – deyə düşünürsən… Olduğum ən hündür zirvə Qapıcıqdır. Bundan əlavə Murovun, Baba dağın ətəklərində, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxının və digər adını qeyd etmədiyim bölgələrin istər boz, istər yaşıl dağlarında yayda da, qışda da çox olmuşam… Batabatda, Cıdırdüzündə olmuşam… Onu qeyd edim ki, sakit havalı (çovğunsuz) qarlı dağlar heç də yazdakı güllü-çiçəkli dağlardan az cəlbedici olmur, şəxsən mənim üçün daha gözəldir… Bunu söz xatirinə deyil, bir neçə mövsüm ard-arda Batabat yaylağında yaz-yay, payız-qış keşirmiş təcrübəli səyyah kimi qeyd edirəm. Tək Batabat deyil, Salvartısı, Dağdağanı, Əyriqarı, Sisqatarı, Küküdağı (Qogi), Ciciyurdu, Qanlı gölü, Göy gölü və digərləri hamısı bir-birindən səfalı olur, yayda da, qışda da… Mətləbdən uzaqlaşmayaq, bunlar hələ çox sonralar olacaq hadisələr idi və əlbəttə ki, mən də bunlardan xəbərsiz… 1987-ci ilin yayında yenə ailəvi olaraq Qalaya- Şuşaya getmişdik. İsabulağında, Cıdırdüzündə olduq… Bu bizim Cıdırdüzü ilə son görüşümüz oldu və bir daha dərədə gurhagurla, şırhaşırla, qıjhaqıjla axan Qarqara yuxarıdan aşağı, amiranə, könül fərahlığı ilə baxa bilmədik… (Deyirəm, tək Cıdırdüzü deyil, sonralar bunu digər dağlarda da hiss etmişəm. Təmiz dağ havasını sinəyə çəkdikdə qəlbi qəribə fərahlıq hissi, ruhu coşğunluq çuğlayır… Bu hissi dağ olmayan yalnız bircə ərazidə hiss etmişəm Azərbaycanın Rusiya ilə sərhəddində Xaçmazın sonuncu kəndi var, Xanoba – Zeyxuroba. Bir tərəfi meşə, bir tərəfi dəniz çox gözəl havası var, lap dağ havası kimi…) Olsa – olsa bir neçə dəfə körpüdən baxıb, sonra da çevrilib çiynimiz üstündən gözdən itənə qədər arxamızca boylanıb baxa bildik vəssalam… (…və bir də indi təzə-təzə peykdən baxıb, köks ötürmək öyrənmişik…) Bu səfərdən sonra sentyabrda dərs açılanda “Dağlar” –a aid şeir axtarmağa başladım. Əlbəttə, o vaxtlar indiki kimi hər şeyə maraqlı şagirdlərin sevimli dostu olan, nə lazım olsa bir anın içində tapıb ovcunun içinə qoyan (uşaq və gənclər bu nemətin dəyərini anlamalı və bacardıqca çox faydalanmalıdırlar…) “Google” kimi dostumuz olmadığına görə bu proses bir qədər çəkdi və nəhayət doqquzuncu siniflərin birindən onların gündəlik işlətmədikləri bir kitab – “ IX sinif Ədəbiyyat Müntəxəbatı ” kitabı tapdım. Bu kitabın Aşıq Ələsgərə aid bölümündə ayrı-ayrı parçalar şəklində müxtəlif nümunələr var idi:

Bahar fəsli yaz ayları gələndə
Süsənli sünbüllü lalalı dağlar
Yoxsulu ərbabı şahı gədanı
Tutmaz bir-birindən “aralı” dağlar

* * *
Həsənnənə, Həsənbaba qoşadı,
“Xaç” bulaq yaylağı xoş tamaşadı.
Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!
Bu iki bəndi elə ilk oxunuşda əzbərlədim desəm, yalan olmaz. Sonralar Ədəbiyyat müəllim Həsən müəllimdən (Allah rəhmət eləsin) bu “aralı”-nın əslində alalı – fərqli , “Xaç” bulaq – ın isə Xoş bulaq olduğunu öyrəndim… Və o gündən bu günə sanki, namaz sözləri kimi gün ərzində – hər gün özümdən asılı olmayaraq dəfələrlə təkrar edirəm… Əgər, bu sətirləri nə vaxtsa məni yaxından tanıyan, yol yoldaşı, otaq yoldaşı olmuş şəxslrdən kimsə oxusa bunu əminliklə təsdiq edəcəklər. Bununla bağlı kiçik bir haşiyəyə çıxmaq istəyirəm:
HAŞİYƏ
Hərbi xidmətdə olanların “kazarma” – əsgər yataqxanası -haqqında yəqin ki, təsəvvürləri var. Olmayanlar üçün qeyd edim ki, 100- 200 nəfərin birlikdə yaşadığı, hərənin öz çarpayısı (ehtiyac olduqda iki mərtəbəli də olur), dolabı, kətili olan, ayrı-ayrı hissələrdən ibarət, hər iki başında tualet (ayaqyolu və yuyunmaq üçün yer) və digər yardımçı otaqlar nəzərdə tutulmuş böyük bir ev. Ev və sözün əsl mənasında ev. Öz evlərində doğmaca ailə üzvləri ilə yola getməyənlər bu evdə elə yaxşı yola gedirlər ki… İndi deyəcəksiz bütün bunların məsələyə nə dəxli… Əlbəttə, dəxli var. Bu hal digər xidmət yerlərində də olub. Ancaq, BABKM –da oxuduğum vaxt uzun müddət olduğu üçün bu “kazarma”-nı misal çəkmək istədim. Deməli, düz dörd il boyunca sərasər hər gün səhər idmanından sonra (yay, qış fərq etmir) “kazarma”-nın o başından yuyunub, qurulana-qurulana öz çarpayımın yanına gələnədək – o başdan, bu başa –
“Bahar fəsli yaz ayları gələndə
Süsənli sünbüllü lalalı dağlar
Yoxsulu ərbabı şahı gədanı
Tutmaz bir-birindən “aralı” dağlar”
bu bəndi o qədər demişdim ki, artıq mən :
“Bahar fəsli yaz ayları gələndə…” – deyən kimi, bir-iki nəfər, – “…şair yenə başladı…”- deyənləri çıxmaq şərti ilə “kazarma”-da olub öz işləri ilə məşğul olan (üzün qırxan, yaxalıq tikən, daranan) uşaqların böyük əksəriyyəti bir ağızdan: “Süsənli sünbüllü lalalı dağlar” – deyə səsimə səs verirdilər…
Bu vərdişim günü bu gün də dəyişməyib, elə bil əlimə su dəyəndə, dağlar, buz bulaqlar yadıma düşür və sövq-təbii Dədə Ələsgəri, “Dağlar” – ı xatırlayıram və qeyri-ixtiyarı “Bahar fəsli yaz ayları gələndə…” qopur dilimdən… Onu qeyd edim ki, Tuncay bu layihədə fəal iştirak etsə də, “…şair yenə başladı…”- deyənlərdəndir… Baxmayaraq ki, o da “İbtidada Əlif Allah”- ı tam əzbər bilir və tez-tez deməyi xoşlayır. Uşaqlıqdan sadəcə Günəşin, Ayın, Gecənin, Gündüzün evi bildiyim Dağların böyüdükcə daha geniş anlam kəsb etdiyini anlamağa başladım. Azərbaycanı qarış-qarış gəzdikcə, dünya haqqında məlumatım artdıqca ölkəmizdə də, dünyanın digər yerlərində də insanların olduqca müxtəlif səbəblərdən, müxtəlif dağları müqəddəs bilib, ziyarətə getdiklərini, qurbanlar kəsdiklərini öyrəndim… Bir vaxtlar qeyri-ixtiyarı, sadəcə nəyə görəsə xoşuma gəldiyi, bir doğmalıq, istilik hiss etdiyim üçün, bəlkə də başqa bir səbəbdən əzbərlədiyim misralar, sonralar oxuduğum və bu gün də yenilərini oxumaqda davam etdiyim dağlar haqqında nümunələr, daim fikrimi məşğul edir. Almanaxla tanış olduqca burada toplanmış fərqli zamanlarda, müxtəlif statuslu, müxtəlif yaş qruplarına aid, müxtəlif nəsillərin nümayəndələri tərəfindən dağlara xitabən qələmə alınmış nümunələri oxuduqca Siz də bu barədə düşünə bilərsiz… “Dağlar” bizi bir məfhum kimi cəlb edir, yoxsa əksəriyyərin şüuraltı bilincində Tanrının Göydə olması anlayışı yer tutduğundan, dağların da Göyə, Tanrıya daha yaxın olması səbəbi ilə onu qutlaşdırır, Yer üzərində Tanrının təcəllisi səviyyəsinə qədər yüksəldib, tapınağa çevirirk. Yaxud da, gözəgörünməzlik, zatda varolma anlayışlarını qəbul edib, etməməsindən asılı olmayaraq, insan yardım istəmək, şikayət etmək, tərifləmək istədiyi yaradanı, güc-qüdrət sahibini görmək istəyir və Yer üzündə görüb, tanıdıqlarından yalnız dağı, dağları bu mərtəbəyə layib bilib onunla eyniləşdirir. Öz yaradanının daim gözünün önündə- məchul deyi, əlçatan olmasını arzu edir və bu istəyin gücü ilə Tanrını dağların timsalında bir məbud kimi görərək onun varlığın “Dağlar” obrazında reallaşdırır. Bu xüsusda yenə Dədə Ələsgərdən bir misal gətirmək istəyirəm:
“Yoxsulu ərbabı şahı gədanı
Tutmaz bir-birindən alalı dağlar”
Misaldan göründüyü kimi, bəşər övladına bu günə qədər məlum olan bütün məlumat qaynaqlarının hamısı nəzərə alınmaqla, yalnız və yalnız Böyük Allaha məxsus olan, onun “Adil” adının hökmlərindən irəli gələn, “ədalətlilik” ,“bərabərlik” prinsiplərini, yəni qarşısındakıları, yaratdıqlarını, bütün mövcudatı bərabər görmək, onları bir-birindən fərqləndirməmək sifətini əsl Haqq Aşığı, xalqımızın mütəfəkkir oğlu “Dağlar” obrazının üzərinə proyeksiya edir. Məhz bu xüsusiyyətinə görə Dədə Ələsgərin yaratdığı “Dağlar” obrazı yeganədir və özündən əvvəlkilərdən və sonrakılardan seçilir. Dahi söz ustadının yaratdığı “Dağlar” Adil Allah kimi heç kimi, heç bir xüsusiyyətinə görə bir-birindən fərqləndimir, ayrıseçkilik etmir… Bu minvalla almanaxda da yer almış, bizə məlum olan Miskin Abdala məxsus “Dağlar” adlı ilk nümunədən üzü bəri bu gün də yazılan nümunələrdə kefimiz kök olanda dağları vəsf edir, şəninə təriflər yağdırır, ələmə qurşananda isə, özümüz özümüzdən dağlara şikayət edir, dərd-sərimizə onlardan mədət umuruq… Bunu da qeyd etməsəm olmaz… Son vaxtlar nədənsə, dilimdən daha çox:
Həsənnənə, Həsənbaba qoşadı,
“Xaç” bulaq yaylağı xoş tamaşadı.
Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!
bu bənd qopur və Dədə Ələsgərin dilindən, özüm üçün dəfələrlə, dönə-dönə, təkrar edirəm:
“Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!”
Otuz ildən artıq bir müddətə yuxarıda qeyd etdiyim kimi, gün ərzində dəfələrlə səbəbini bilmədən, qeyri-ixtiyari təkrarladığım misraları indi, Dədə Ələsgərin nələr hiss etdiyini, nələr çəkdiyini bir köynək daha yaxından anlayaraq, xüsusi ilə təklikdə qalanda dönə-dönə, düşünə-düşünə təkrar edirəm:
“Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!”
Ancaq, neyləmək olar… Ölmək də olmur… Bu dünyanı yaşamaq, çözmək məcburiyyətindəyik… Bu fikir məni o qədər məşğul edir ki, yenə dağlar qoynunda – Şamıxıda – olduğum vaxtlarda ölüm haqqında belə kiçik, ancaq, ölümün tam tərifi kimi alınmış bir şeir yazmışam:
ÖLÜM NƏDİR?

Ölüm, ən şirin nemət,
Ən sonuncu diləkdir….
Ölüm, sonuncu fürsət,
Ümidsizə ümiddir….
07.01.2014. Şamaxı.
Çalışın ölümdən uzaq olun, həyatdan zövq almağa çalışın… Nə olur, olsun yaşamaq gözəldir… Heç bir səbəb onu bilərəkdən sonlandırmağa əsas ola bilməz. Sənin çıxılmaz zənn etdiyin bütün vəziyyətlərin çıxış qapısı var ki, əslində bu yer həyatını yaxşıya döğru dəyişəcəkb bir dönüş nöqtəsidir…
Odur ki, mən də şalışıram tək qalmayım:
“Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!”
deməyim.
Tuncay mənə nə qədər “…şair yenə başladı…”- desə də, mən elə: “Bahar fəsli yaz ayları gələndə…”- deməyə davam edim… Allah sənə qəni-qəni rəhmət eləsin, Dədə Ələsgər… Ruhun şad olsun…
Qeyd:
Hal-hazırda mən bu sətirləri yazarkən xəbər yayıldı ki, Dədə Ələsgərin nəvəsi – Ələsgər Ələsgərov vəfat edib. Bu münasibətlə mərhumun yaxınlarına dərin hüzünlə baş sağlığı verir, uca Yaradandan səbr diləyirik. Allah rəhmət eləsin. Ruhu şad olsun…
17.04.2019. Bakı.

QEYD:

Bu yazı müxtəlif saytlarda yayımlanmaqla bərabər müəllifin “YARADANLA BAŞ-BAŞA”, “QƏLƏMDAR” adlı kitablarında müstəqil məqalə və eyni zamanda “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunan “DAĞLAR” almanaxında baş redaktor sözü olaraq giriş məqalələrindən biri kimi yer almışdır.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – 17 – ci yazı

            HƏRB  MÖVZULU  YAZILAR

                                 və  ya

            DÜNYANIN  BİR  RƏNGİ  VAR…

                        (On yeddinci yazı)

Salam olsun, çox dəyərli oxucum. Min şükür Uca Yaradana ki, Sizlərlə yeni bir görüş də qismətdə var imiş hələ… Bu dəfəki söhbətimizin mövzusu hərflər, sözlər, kitablar silsiləsindən olan, müasir dövrümüzdə bəlkə də ən vacibi, ən yaralı yerimiz, xüsusi diqqət və qayğıya ehtiyacı olan sahə hərb mövzulu yazılardır. Günümüzdə – yeniyetmə və gənclərimizin bu qədər informasiya bolluğu içində itib-batdığı bir vaxtda bizim bundan vacib mövzumuz ola bilməz deyə düşünməkdəyəm. Məncə, gəncliyin lazımlı-lazımsız, çox vaxt zərərli məlumatlarla istər-istəməz yükləndiyi vaxtda bu məsələyə xüsusi diqqət göstərilməlidir. Bundan əvvəlki yazılarda bir çox tanınmış və hələ bir o qədər də tanınmamış yazarlardan çoxlu misallar gətirərək, nələrin, hansı istiqamətlərin bizə faydalı ola biləcəyi barədə mülahizələr irəli sürmüşdük. Ancaq, indi vəziyyət  tamam fərqlidir. Ümumi yazılardan, standart romançılıqdan fərqli olaraq, hərb mövzulu yazılar yazardan xüsusi dəqiqlik tələb edir ki, yazıçı müəyyən kriteriya və dəyərlərə ciddi əməl etməli, bu işə səthi yanaşmamalıdır. Əgər, ehtiyac yaranarsa mütləq peşəkar hərbçilərdən, mütəxəssislərdən məsləhət və tövsiyələr almalı, bunu özünə eyib saymamalıdır. Əks təqdirdə, yəni öz bildiyi kimi,  bir az hissə qapılıb, bir az da eşitdiyi real vəziyyəti əks etdirməyən şişirdilmiş söhbətlərdən bəhrələnərək qələmə alınan yazılar, povest, roman (indi dəb halını almış sənədli romanlar da daxil olmaqla) deyil, olsa-olsa nağılvari publisistika şəklində, çox gülünc formada təzahür edir. Və əlbəttə, bunu çox az sayda oxucu kütləsi, o kütlə ki, onlar işin əsli ilə maraqlanır, bu yeni kitabı oxumaq üçün büdcələrindən pul ayırır, alır, oxuyur və gülür… Acı-acı gülür… Bilirsiz, daha yaxşı anlaşılan olması üçün belə bir misal çəkim, hərb mövzulu yazılar əslində məsələn, tibbə, coğrafiyaya, idarəetməyə və s. konkret obyekti olan, dəqiq məsələ və terminlərdən istifadə olunan yazılardan heç nə ilə fərqlənmir. Nəsə xırda bir qeyri-dəqiqlik olsa, təxminən hamımızın sevə-sevə dəfələrlə izlədiyi “Bəxtiyar” flimindəki o məşhur səhnəni  (“10 metr – 5 metr ” məsələsi) xatırladan gülünc vəziyyət ortaya çıxır. Hansı ki, xüsusi ilə son dövrlər Birinci  Qarabağ Müharibəsindən bəhs edən yazılmış əsərlər belə səhvlərlə zəngindir. Bu qəbildən olan qeyri-müəyyənliklər əsasən subardinasiya məsələlərində və döyüş səhnələrini təsvir edərkən  məlumatsızlıqdan baş verir. Bu proses bir yandan təbiidir, çünki, məşhur yazarların da belə problemləri olub. Məsələn, dünyaca məşhur Remarkın (Erich  Maria  Remarque) əsərləri bu tip çatışmazlıqlarla doludur və onun fikirləri, təxəyülü bir tərəfli olub, gənc əsgər düşüncələrindən o yana keçə bilmir…  Halbuki, ordu, müharibə təkcə əsgərlərdən ibarət olmayıb, daha mürəkkəb quruluşa malik bir təsisat və hadisədir. Hələlik bizim  Remarkla heç bir işimiz yoxdur. Misalı sadəcə ruh düşkünlüyünə qapılmağa əsas olmadığını göstərmək məqsədi ilə çəkdim. Bir də axı biz hal-hazırda müharibə vəziyyətində yaşayan ölkənin vətəndaşlarıyıq. Hardasa, az qala hamımızın ətrafında döyüş yolu keçmiş qazilərimiz, haliyədə hərbi xidmətini davam etdirən hərbçi dost-tanışlarımız var. Sadəcə bu məsələdə bir balaca diqqətli və məsuliyyətli olmaq tələb olunur. Bütün şübhəli məqamlarda təxəyülün məhsulunu və ya real hadisəni kağız üzərinə köçürüb, tarixin yaddaşına atmazdan əvvəl mütləq “dosta ganaşmaq” lazımdır. Necə deyərlər,  – “məsləhətli don gen olar”. Bir cümləni yazarkən düşünün ki, nə vaxtsa bu sətirləri saatlarla qızmar Günəşin istisində qanlı döyüşün od-alovunu unudan və ya şıdırğı yağışın altında islanıb, çim su mundirdə ayağını qoymağa bir barmaq quru yer axtarışında soyuq güllənin hər an bəxş edə biləcəyi buz kimi ölümü unudaraq, ilan-çayınlı, qarlı-şaxtalı, çovğunlu-boranlı məşəqqətli yollar keçərək sağ qalmış əsgərlə yanaşı, həmin döyüşləri təşkil edən, tək-tək əsgərləri deyil, yüzlərlə, minlərlə  nəfərlərdən ibarət bölmələri şahmat taxtasındakı fiqurlar kimi döyüş sahəsinə düzən və hər nəfərinə görə məsuliyyət daşıyan, döyüşlərə rəhbərlik edən, müharibələri udan, bəzən uduzan – bu qaçılmazdır – generallar da oxuya bilər…  Düşünürəm ki, hərb mövzulu yazının uğurlu alınmasının birinci şərti  yazarın hadisələrə reala yaxın  təfəkkürlə baxmasından, və qəti olaraq hissə qapılmamasından ibarət ola bilər.  Bu yazıdan əvvəlki on beşinci və on altıncı yazılardakı prinsipə sadiq qalaraq, yenə böyük əksəriyyətimizə məlum olan yazarlar və onların əsərləri üzərindən mühakimə yürüdərək bu məsələyə aydınlıq gətirməyə çalışacağam. Bu söhbətə başlamazdan əvvəl kiçik bir haşiyəyə çıxmaq istəyirəm:

HAŞİYƏ

Bəşər övladı əlinə qələm alan gündən  onu əsas iki məsələ; döyüş və eşq düşündürüb. Demək olar ki, lap qədimdən üzübəri yazı nümunələri ya döyüş və ov səhnələri ilə zəngin müharibələrdən, ya da eşqi, sevgini tərənnüm edən məhəbbət dastanlarından ibarət olub. Ən uğurlu nümunələr bu iki mövzunun birlikdə işləndiyi, hadisələrin həmahəng inkişaf etdiyi əsərlərdir. Belə nümunələr lap qədim zamanlardan mövcuddur və günümüzdə də var. Bu hadisə öz-özlüyündə onu göstərir ki, dünya nə qədər rəngarəng, hadisələrlə zəngin görsənsə də əslində onun bircə rəngi var, bizim onu hansı məqamda, hansı rəngdə görməyimizdən asılı olmayaraq, dünya qırmızı rəngdədir. Dünya müharibələrin qırmızı qanı, eşq məclislərinin qırmızı şərabı rəngdədir. İddia edirəm ki, dünyada tək bircə əsl rəng var  o da qırmızıdır, al-qırmızı… Yerdə qalan ağdan qarayadək olan rənglər sadəcə qırmızının ağa doğru solğunlaşmasından,  nəhayətdə “AĞ”dan – XEYİR  (GÜNDÜZ) – və qaraya doğru tündləşməsindən  sonda “QARA” dan – ŞƏR  (GECƏ) – ibarətdir. Al-qırmızı rəng bu spektrin düz mərkəzində dayanır və həyat mənbəyi rolunda çıxış edir. Yəqin ki, bəşər övladının kəşf edib, adlandırdığı ilk rəng də məhz qırmızı, al-qırmızı olmuşdur. Bu proses çox sadə – insanın  özü yaralandıqda və ya ovladığı ovun axan qanı ora-bura bulaşdıqda (yəqin ki, insan əlini ocaq qalamazdan əvvəl yaralayıb) baş verə bilərdi… Çox güman ki, insan oğlu ilk müharibənin başlaması xəbərini də, elə ilk sevgi məktubunu da məhz öz qanı ilə, qırmızı rəngdə yazmışdır…

Yuxarıda, haşiyədə tanış olduğumuz məlumatlar üzərindən belə bir mühakimə yürütmək olar ki, qırmızı elə, mükəmməlliyin rəngidir. Al-qırmızı rəng əslində elə, mükəmməllikdir. Özündə sevgi ilə nifrəti, savaşla barışı, sülh ilə müharibəni birləşdirən vəhdətin, birliyin, tamlığın, bərabərliyin  simvoludur, qırmızı… Bəli, məhz tamlığın, mükəmməlliyin rəmzidir, qırmızı… Yerdə qalan rənglər onun çalarları, sadəcə bu rəngin mövcudluğunu göstərmək, mütləq hakimliyini sübut etmək üçündür.

Mətləbdən uzaqlaşmayaq, əlbəttə,yazılı nümunələrin içərisində misal göstərmək üçün belə bir əsər var. Hansı ki, onu böyük əminliklə qırmızı, mükəmməl adlandırmaq olar. Bu, dahi Lev Tolstoyun “Hərb və sülh” əsəridir. Əslində əsərin adı artıq özü barədə tam məlumat  verir. Ancaq, bu sadəcə təsadüfi belə seçilimiş maraqlı, cəlbedici ad da ola bilərdi. Əsərlə tanış olanlar bilir ki, bu belə deyil.  “Hərb və sülh” yuxarıda sadalanmış və sadalanmamış bütün vacib kriteriyalara, meyarlara tam cavab verən mükəmməl  bir əsərdir. Olduqca geniş spektrli müşahidə qabiliyyətinə, vacib biliklərə, dərin dünyagörüşünə malik olan böyük sənətkar döyüş səhnələrindəki ən xırda detalları, rütbə və statuslardan asılı olmayaraq hərbçilərin hiss və fəaliyyətlərini, mülki həyatda olan münasibətləri, sevgi məsələlərini elə yüksək zərgər dəqiqliyi ilə təqdim etmişdir ki, sadəcə deməyə söz tapmırsan. Bu əsərdən bütün insanlığa tövsiyə ola biləcək bir vacib məsaj da çıxır. Qərarsızlıq, elə yoxluğun özünə bərabərdir. “Etməyib peşman olmaqdansa, et peşman ol…” – deyir mütəfəkkir. Bəli, dahi Lev Tolstoyun, məşhur “Hərb və sülh”- ü mükəmməldir. Ancaq, görək, bu əsər müasir azərbaycan oxucusunun tələblərinə cavab verirmi? Mən deyərdim ki, çox az bir qisim oxucu kütləsi  bu cür iri həcmli əsərlərə maraq göstərib oxuyur. Nə qədər dəyərli və mükkəmməl olsa da  ilk baxışda müasir gənclərin olduqca böyük əksəriyyəti üçün “KİM  OXUYACAQ???” baryeri yaradan belə vacib əsərlər günümüzdə rəflərdə qalmağa məhkumdur. “Hərb və sülh”-ü misal çəkməkdə məqsədim sadəcə böyük əksəriyyətimizə məlum olan, tanıdığımız  belə bir əsərin varlığını xatırlatmaqdan ibarətdir. “Hərb və sülh” ümumi bir əsər olsa da, sırf hərb mövzulu yazılar üzərində işləyən yazarlarımız  bu, məlum və məşhur əsərdən faydalana bilərlər. Sual ola bilər ki, bu əsər təkdirmi? Yəni heç alternativ variant yoxdurmu? Bu suala böyük əminliklə belə cavab verərəm ki, Miladi ilə 19 fevral  2019 – cu il saat 13:31 – ə qədər mənə ikinci belə bir variant məlum deyil. İndi fikrimi əsalandırmaq üçün yenə böyük əksəriyyətimizə məlum, məşhur nümunələrdən istifadə etməklə  qısa açıqlama verəcəyəm.  Başqa –başqa nümunələrə keçməzdən əvvəl ümumi olaraq onu qeyd etmək istəyirəm ki, sovet ədəbiyyatı döyüş yolu keçmiş müxtəlif rütbəli zabit memuarlarından tutmuş, olduqca dəyərli sovet yazıçılarının müharibədən, qələbədən bəhs edən əsərləri ilə zəngin idi. Sovet dönəminin kitabxanaları xidmət etdiyi ideologiyadan asılı olmayaraq hərb mövzulu əsərlərlə yetərincə, tam təmin olunmuşdular. Və biz istər-istəməz bu nümunələrlə tanış olurduq. Sovet yazıçılarından əlavə rus dilinə çoxlu tərcümələr də olurdu. Yəni bizim şəxsiyyət kimi formalaşdığımız dövrdə hərb mövzulu yazıların qıtlığı olmayıb. Ayrı-ayrı  məşhurlara gəldikdə, gənclər arasında yayğın şəkildə mütaliə olunan Remark  tam birtərəfli yazıb.  Onun haqqında dördüncü yazıda ətraflı yazmışam. Remarkın  yazdıqlarının nəinki, bizim gəncliyə faydası var, hətta düzgün başa düşülmədikdə zərəri ola bilər. Sonra, məsələn vaxtında rus dilində belə bir əsərlə tanış olmuşdum (öz dilimizdə rast gəlməmişəm və adı tərcümə edəndə də çox uyğunsuzluq yarandığına görə belə qeyd edirəm – əvvəlcədən üzr istəyirəm) müəllifi  Кирст Ганс  olan  “Фабрика офицеров”. Məşhurdur ancaq yenə birtərəfli, çatışmazlıqlarla dolu olan əsər. Ümumiyyətlə istər qərb, istər sovet – rus ədəbiyyat nümunələrində ya xidmət etdiyi ieologiyadan dolayı, ya sadəcə məlumatsızlıqdan natamam hərb mövzulu əsərlər çoxdur.

Ümumi olaraq keçid üçün bundan əvvəl “Yazarlar və yazılar” adlı on beşinci yazıda da adlarını çəkdiyim Vasiliy Yan və  Tarle, eyni zamanda onların yazdıqları bir neçə əsər haqqında qısa fikir bildirmək istəyirəm.   Vasiliy Yan və onun digər əsərləri ilə yanaşı xüsusi ilə diqqət çəkən, faydalı ola biləcək “Çingiz Xan” ,  “Kurqanlardan gələn işıq” tarixi –müharibələrlə dolu romanları. Tarle (Евге́ний Ви́кторович Та́рле) və onun da müharibə mövzulu digər əsərləri ilə yanaşı “Napoleon” əsəri. Tarle bu əsərində Napoleonun  timsalında çəlimsiz, cılız lakin, olduqca çalışqan  bir uşaqdan ölkələr fəth edən, papanı hüzuruna gətirən, tirana qədər inkişaf etmiş, anında mühüm qərarlar verməyi bacaran, müharibə qərarları alanda qətiyyətli sərkərdə, döyüşdə öndə gedən, cəsur, qələbəyə susamış əsgər, sevgidə aciz və  eyni zamanda odlu – atəşli  aşiq, idarəetmədə incə, adi  detalı da unutmayan, dərin düşüncəli, sonunda baş əymədən təslim olmağı bacaran insan obrazı yaratmağı bacarmışdır. Bu iki yazardan və onların yazdıqlarından bəhrələnmək olar.

Qismən nümunə ola biləcək, yəni müəyyən məqamlarda  faydalanmaq  mümkün olan Ernest  HeminqueySent-Ekzüperi  barədə onu qeyd edə bilərəm ki, bu yazarların təsvirləri, ifadə vasitələri güclüdür.

Belə ümumi baxışdan sonra dünya ədəbiyyatından üç yazar və üç əsər timsalında fikirlərimi daha dəqiq formada Sizə çatdırmağa çalışacağam. Bu əsərlərin birində hərbçinin mülki həyatda hissləri və istəkləri, ikincisində həm mülki, həm də xidmətdə olan hissləri və fəaliyyəti,  üçüncüsündə isə həm mülki, həm xidməti, həm də döyüşdə başına gələnlər, düşdüyü real vəziyyətlər, həyat həqiqətləri oxucunun gözləri önündə canlanır…

Birinci, dünyaca məşhur, kolumbiyalı yazıçı, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı  Qabriel  Qarsiya  Markesin  1956-1957-ci illərdə yazdığı  və ilk dəfə 1961-ci ildə dərc etdirdiyi “Polkovnikə məktub yoxdur” povesti – hamını özünə borclu bilən bir hərbçinin xidmətdən (bütün həyatını nəyinsə və ya kiminsə uğruna xərclədikdən) sonra keçirdiyi hisslər…

İkinci, yenə məşhur, görkəmli İtaliya yazıçısı Dino Bussatinin ilk romanı olan “Tatar çölü”. Bu roman haqqında bir az ətraflı yazmaq  istəyirəm. Romandan və qəhrəmandan söhbət açmazdan  əvvəl bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. İnanın ki, əgər bu romanın adını dəyişib məsəl üçün “Gözlərimiz üfiqdə”, “Səngərlərdən sonra”, “Qarşı duran dağlar” və s. və i…  qoysaq və Covanni Droqonu  Məlikşah adlandırıb, bəzi adları, təbir və terminləri müasirləşdirib, özümüzünküləşdirsək, hadisə və hisslər atəşkəsdən sonra, son iyirmi beş ildə bizim orduya və hərbçilərə elə uyum sağlayır ki, sanki, bu yazı iyirmi il Azərbaycan ordusunda, Haramı düzündə və ya digər bir bölgədə – təmas xəttində xidmət etmiş zabitin qələmindən çıxıb… Bu dərəcədə oxşardır vəziyyətlər…

Dino Bussatinin  “Tatar çölü” əsərinin qəhrəmanı Bastiani qalasında xidmət edən Covanni Droqonun bütün həyatı, gənc zabit kimi seçim qarşısında qalması, ümidlərlə dolu xidməti, mülki həyatla ordu  həyatı arasında çırpıntılar, dünyadan istədikləri, ala bildikləri, nələrin uğrunda nələrdən vaz keçdikləri və son… Hamısı elə ustalıqla təqdim olunub ki, yazarın ustalığına heyran olmamaq mümkün deyil. Və onu qeyd edim ki, heyran olmaq azdır, nümunə götürmək, əxz etmək lazımdır… Və nəhayət üçüncü,  Emmanuil Kazakeviç və onun 1948 – ci ildə qələmə aldığı “Двое в степи” povesti

     ( Эммануи́л Ге́нрихович Казаке́вич, “Двое в степи”). Təəssüfki, bu povestin dilimizdə olan tərcüməsinə rast gəlməmişəm. Kazakeviçin bu povestdən başqa da hərb mövzulu  bir-birindən maraqlı əsərləri var.  Kazakeviç  İkinci Dünya Müharibəsinin sovetlər birliyində yaşayanlar üçün Böyük Vətən Müharibəsi adlanan əsas və həlledici hissəsinin başlandığı ilk gündən qələbəyədək döyüşən ordunun tərkibndə, olduqca müxtəlif cəbhələrdə şərəfli döyüş yolu keçmiş, tanınmış sovet yazıçısıdır. Görkəmli yazarın həyat və fəaliyyəti ilə tanış olduqda görürsən ki, həqiqətən də o fərqlidir və bütün xüsusiyyətlərinə görə  öz müasirlərindən fərqlənir… Bu fikri onun öz müasirləri səsləndiriblər. Onun haqqında hələ sağlığında belə bir deyim olub: “Kazakeviç başqaları kimi isti kabinetlərdə, orda-burda, küncə-bucağa qısılıb yazmayıb…” Kazakeviçin yaratdığı Oqarkov obrazı dahi Lev Tolstoyun, məşhur Qabriel  Qarsiya  Markesin,   görkəmli Dino Bussatinin  qəhrəmanlarından nümunə  ola biləcək dərəcədə fərqlənir. Əlinə qələm alıb hərb mövzusunda nəsə yazmaq istəyən şəxsin Emmanuil  Kazakeviçin yaradıcılığı ilə, ələxsus bu povesti ilə tanış olması olduqca faydalı ola bilər deyə düşünməkdəyəm. Povestdəki  istər döyüş səhnələri, insan taleləri, qəbul olunan qərarlar istərsə də əsərin qəhrəmanı gənc zabit Oqarkovun başına gələnlər, onun ən müxtəlif;  həm döyüş, həm şəxsi münasibətlər zəminində aldığı doğru qərarlar ibrətamizdir. Əgər fikir verdinizsə, Lev Tolstoyun “Hərb və sülh” əsərindən başqa misal gətirdiyim və əslində ən faydalı ola biləcək əsərlər sırasında adı hallanan nümunələr ikisi povest, biri isə o qədər də böyük həcmli olmayan roman oldu. Bu nümunələr xarici – dünya ədəbiyyatından seçmələr idi. Bəs görək bu qəbildən özümüzün olan, milli, nəyimiz var?

Və əlbəttə, yenə keçid üçün  tarixilik baxımından İsa Hüseynovun (İsa Muğanna), İsmayıl Şıxlının, Bayram Bayramovun adlarını çəkib, onların ekranlaşdırılmış əsərlərini misal göstərmək olar. Sırf hərb mövzusunda (şəxsi münasibətlərin inkişafı, döyüş tapşırıqlarının yerinə yetirilməsi səhnələrinin təsviri baxımından) mükəmmələ yaxın, yəni, qırmızımtıl olan yeganə nümunəmiz var.  Bu, ötən əsr, 50-ci illərin əvvəllərində İmran Qasımovla Həsən Seyidbəylinin birgə qələmə alıb, nəşr etdirdikləri  “Uzaq sahillərdə” əsəridir. Kitab az vaxt içərisində geniş oxucu kütləsinin rəğbətini qazanır və əldən-ələ gəzir. Xalqımızın qəhrəman oğlu Mehdi Hüseynzadənin Böyük Vətən müharibəsində (1941-1945) əfsanəvi igidlikləri barədə oxuculara geniş məlumat verən əsərin populyarlığı onun filmə çevrilməsinə səbəb olur. Aradan uzun müddət keçməsinə, cəmiyyətdə və ictimai şüurda müəyyən dəyişikliklər olmasına baxmayaraq, görkəmli rejissor Tofiq Tağızadənin quruluşu, H.Seyidzadə ilə İ.Qasımovun ssenarisi əsasında 1958-ci ildə lentə alınan eyni adlı film  Azərbaycan kinosunun nadir incilərindən biri olaraq qalmaqdadır. Əgər diqqətinizdən qaçmayıbsa, yuxarıda sovet və dünya ədəbiyyatından adı çəkilən nümunələrin də əksəriyyəti ekranlaşdırılıb. Elə əsərlər var ki, dövrün tələbinə görə dəfələrlə təkrar-təkrar müraciət olunub.  Bu faktın özü həmin əsərlərin vacibliyinin  və tərbiyəvi  əhəmiyyətinin  hansı dərəcədə yüksək olmasının bariz nümunəsidir.

Bütün bunlarla bərabər bizim bir sevimli yazarımız da var ki, tarixiliklə müasirliyi yaradıcılığında böyük ustalıqla birləşdirməyi bacarıb. Onun “Batmanqılıncı” nə qədər tarixidirsə, “Dolu” – su da o qədər müasirdir. Bu şəxs doğru olaraq, “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” deyən Aqil Abbasdır. Aqil Abbasın “Dolu” romanı da eyni adlı ekran əsəri olaraq tarixin yaddaş səhnəsində öz yerini almışdır. İstər roman kimi, istərsə də film kimi  “Dolu” yuxarıda sadaladığımız tələblərin çoxuna cavab verən, faydalana biləcəyimiz nümunələr sırasına daxildir. Ancaq, bütün bunlara rəğmən, nə dünya, nə sovet, nə müasir ədəbiyyatımızda elə bir nümunə yoxdur ki, bundan əvvəlki – on beşinci –  “Yazarlar və yazılar” adlı yazıda “Əli və Nino” kimi misal gətirib, nümunə göstərəsən. İndi mükəmməl yazı ortaya qoymaq istəyən yazar, “Hərb və sülh”-dən, “Двое в степи” – dən, “Uzaq sahillərdə”-dən,  “Dolu”-dan eyni dərəcədə bəhrələnib, təxminən 70 – 80 səhifə həcmində iri həcmli povestlər və ya yığcam romanlar ortaya qoymaqla dövrümüzün standartlarını yaratmalıdırlar.

Demək olmaz ki, heç bir iş görülməyib, əksinə çox iş görülüb. Müxtəlif yaş təbəqələrindən olan çoxlu yazarlarımız öz səyləri, vəsaitləri hesabına nələrsə etməyə çalışırlar. Hələ ötən əsrin 90-cı illərindən başlayaraq, müharibə, onun gətirdiyi problemlər, cəmiyyətdə törətdiyi fəsadlar haqqında hekayələr, povestlər, romanlar, publisistik yazılar yazılmağa başlayıb. Son on illikdə (2010-cu ildən), xüsusi ilə Mübarizdən və Aprel hadisələrindən (2016-cı il) sonra silsilə əsərlər ortaya qoyulub ki, əslində bu yazının yaranma səbəblərindən biri, bəlkə də birincisi elə bu yazılar olmuşdur.  Son illər nəşr olunmuş bəzi əsərlərlə tanış olduqda yazarın ən elementar məlumat və biliklərdən xəbərsiz olduğu ortaya çıxır. Yuxarıda buna aid “Bəxtiyar” filmindən  “qazmaçı” 

  “yoldaş oynayanlar”-in vəziyyətini misal gətirmişdim. İnanın, elə misallar var ki, rəqqaslar onların yanında toya getməlidir. Rast gəlinən ən çox və yolverilməz səhvlər aşağıdakılardır:

– Subardinasiya məsələlərinin pozulması (buna maksimum  Aqil Abbasın “Dolu”-sundakı “Komandir” xitabı səviyyəsində icazə verilə bilər ki, bu da Birinci Qarabağ Müharibəsi və hal-hazırda bəzi döyüş postlarındakı təcrübədən qaynaqlanır),

-Rütbələrin və vəzifələrin qarışdırılması (X – XI sinif səviyyəsindəki hərbi bilikdir),
-Bölmə (bölük, tabor və s.) adlarının səhv salınması, -Döyüş səhnələrinin təsvirində adı keçən silah-sursatın texniki göstəricilərinin bilməməzlik ucbatından nəzərə alınmaması (çox gülünc mənzərlər ortaya çıxır ki, əgər qiyaslasaq,  heç nağıllarımızda belə söhbətlər  olmayıb)  və s. bu qəbildən olan digər məsələlər.

Unutmayaq  ki, həkimlik, rəssamlıq, memarlıq, coğrafiyaşünaslıq, mühəndislik, hesabdarlıq  kimi,  hərb işi də spesfik  bir sənətdir. Və sadaladıqlarımın hamısından çətin, məsuliyyətli, dəqiq olduğu qədər də yaradıcılıq tələb edən bir işdir. Yuxarıda nümunə göstərdiyimiz əsərlərin müəlliflərinin həyatına bir də qısa nəzər salaq:

-Həm Lev Tolstoy, həm də  Emmanuil Kazakeviç müharibədə iştirak etmiş, real qanlı döyüş səhnələrinin və bütün digər proseslərin canlı şahidi olmuş peşəkar zabit  idi.

-Həsən Seyidbəyli və İmran Qasımovun  ömürlərinin yeniyetməlik-gənclik çağları, təhsil illəri, demək olar ki, şəxsiyyət kimi formalaşdıqları vaxtlar müharibənin ən amansız, qızğın dövrlərinə təsadüf edir. Məncə, bu nəsil yaradıcı insanlar üçün  “onlar müharibənin şinelindən çıxmışdılar” ifadəsi vəziyyəti tam izah edir. Üstəgəl bu şəxslər daim yazdıqlarını ilk öncə bir-birlərinə oxuyur, cavabdeh qurumların qarşısına çıxmazdan əvvəl dost-tanışdan məsləhət  alırdılar.

-Müasirimiz  Aqil Abbas – Qarabağ həsrəti-dərdi ilə qovrulan həsas, şair ürəkli qələm adamı və eyni zamanda Birinci Qarabağ Müharibəsinin  başlandığı ilk gündən istər-istəməz daim baş verən hadisələrin tən ortasında qalmış, bütün baş verənlərdən az-çox xəbəri olan ictimai-siyasi xadim.

Məncə, müəlliflərin keçdiyi həyat yolu və onların yaratdıları əsərlərlə tanış olduqdan sonra  bu məsələdə qaranlıq heç nə qalmır.

Son söz: – müharibə, hərb mövzusunda yazdıqda, xüsusi ilə əgər orda döyüş səhnələri varsa, mütləq bu işdən anlayışı olan bir nəfərlə məsləhətləşin, verin ilk oxucunuz dəyərli qazilərimiz olsun, şübhəli məqamları peşəkarlarla dəqiqləşdirin, yox əgər bunların heç birini etmək istəmirsizsə,  “Google” dostumuzun xidmətindən yararlanın (internetdə istənilən məlumatı tapıb dəqiqləşdirmək olar). Əvvəlki yazılarda da mütəmadi olaraq bu barədə qeydlər edirəm. Ümumiyyətlə, onu unutmayaq ki,  indi nə yazırıqsa, sabahkı gənclik bizim bu günümüzdən xəbərdar olmaq üçün böyük acgözlüklə o yazıları tapıb oxuyacaqlar. Gəlin elə yazaq ki, onları aldatmayaq… Baxmayaraq ki, biz çox aldanmışıq… Qoy onlar aldanmasınlar…

Sona qədər həmsöhbət olduğunuza görə təşəkkürlərimi bildirir, fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm. Uğurlarınız bol olsun. Bu yazının ilk sözündən sonuna qədər bir məqsədi olub – faydalı olmaq, uğura xidmət etmək…

19.02.2019. Bakı.

QEYD:

Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” adlı kitablarında müstəqil məqalə kimi yer almışdır.

Bu yazı əlavə olaraq hissə-hissə “HƏFTƏ İÇİ” qəzetinin N:110 (3158) 21 iyun 2019 – N:112 (3160) 25 iyun 2019 ci il və “ƏDALƏT” qəzetinin N:113 (5577) 26 iyun 2019 – N:114 (5578) 28 iyun 2019 ci il saylarındanda dərc olumuşdur.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru