TATARISTAN ŞAİRİ AYB-də

TATARISTANIN XALQ ŞAİRİ AYB-DƏ TƏDBİRDƏ

Tatarıstan millət vəkili və xalq şairinin “Payız yağmurları”nın AYB-də geniş təqdimatı keçirilib (31 iyul 2019-cu il).
Azərbaycan Yazıçılar Birliyinin(AYB) “NATAVAN” Klubunda Tatarıstanın Xalq şairi, Tatarıstan Respublikası Dövlət Şurasının üzvü, Dövlət Şurasının Maarif, Mədəniyyət, Elm və Milli məsələlər Komitəsinin başqanı, Dövlət Mükafatı Laureatı, görkəmli ictimai və dövlət xadimi RazilVəliyevin “Payız yağmurları” adlı şeirlər kitabının təqdimat törəni keçirilib.Millət vəkili prof.dr.Qənirə Paşayevanın dəvəti, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİB), Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində keçirilən təqdimat törənində tanınmış aydınlar, türkoloqlar, şairlər, yazıçılar, QHT və KİV nümayəndələri iştirak edib. Tədbiri açıq elan edən AYB-nin katibi Rəşad Məcid, mötəbər qonağı salamlayaraq, onu Azərbaycanda ilk kitabının çıxması, respublikamıza ilk səfəri və təqdimat törəni münasibəti ilə təbrik edib, yeni yaradıcılıq uğurları diləyib. R.Məcid hazırda xaricdə olan AYB sədri, Xalq yazıçısı ANARın salamlarını da çaytdıraraq, belə səfərlərin, təqdimatların qardaş xalqlar arasında ədəbi-mədəni bağların daha da möhkəmlənməsinə kömək etdiyini vurğulayıb. Milət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Razil Vəliyevin “Payız yağmurları”nın Azərbaycanda nəşr edilmiş ilk kitabı olduğunu, lakin son kitabı olmayacağını deyib, səfər müddətində baş tutmuş və keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında məlumat verib, səfər proqramının zəngin olduğunu deyib. Təqdim olunan kitabın layihərəhbəri və baş redaktoru, Atataürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı şairin yaradıcılığı barədə söhbət açaraq, qeyd edib ki, “Payız yağmurları”ında toplanmış şeirlər iki dildə ( -Azərbaycan və tatar dillərində) verilib; şeirləri rus və tatar dillərindən şair-publisist dr.Həyat Şəmi çevirib. Nəşrin məsləhətçiləri Millət vəkili, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov və Tatarıstanda yaşayan soydaşımız, tanınmış vəkil İsmət Orucəliyev, rəyçiləri isə Millət vəkilləri dr. Cavanşir Feyziyev və Qənirə Paşayevadır. Kitaba “Ön söz”ü yazıçı-publisist, “Ustad” dərgisinin baş redaktoru dos.dr.Şəmil Sadiq yazıb. Kitab Azərbaycanın və Tatarıstanın aparıcı kitabxanalarına, Azərbaycan-tatar ədəbi bağları, tatar ədəbiyyatı üzərinə tədqiqat aparan araşdırmaçılara paylanacaq. Dr. Həyat Şəmi, dos.dr. Şəmil Sadiq ustad şairin şeirlərinin məziyyətləri barədə danışıblar. Tanınmış yazıçı-publisist dr.Yunus Oğuz, ünlü televizyaçı Etibar Babayev, “Şöhrət” ordenli türkoloq alim Ramiz Əsgər, AMEA Folklor İnstitutunun bölmə müdiri, tükoloq Əli Şamil, qocaman şair Oqtay Rza, Bakıdakı “Tuqan Tel” Tatar Mədəniyyət Cəmiyyətinin başçısı Gülcan Myasoutova və başqa çıxışçılar da Xalq şairinin Azərbaycan səfəri, Bakıda çıxan ilk kitabı barədə, habelə iki qardaş xalq arasında bağların dünəni, bugünü və gələcəyi üzərinə ürək sözlərini bölüşüb. Sonra təşkilatçı qurumlar adından çıxış edən xanım Paşayeva Xalq şairi Razil Vəliyevə, Tatarıstan-Azərbaycan ədəbi-mədəni bağlarına verdiyi töhfələrə görə, tanınmış vəkil İsmət Orucəliyevə Tatarıstan-Azərbaycan ictimai-mədəni bağlarının güclənməsinə verdiyi töhfələrə görə plaket və neftlə işlənmiş rəsm əsəri hədiyyə edib. Xalq şairi Razil Vəliyev onun kitabının nəşrində iştirak etmiş hər kəsə təşəkkür edib, yüksək səviyyədə təşkil olunmuş təqdimat törəni üçün minnətdarlığını bildirib, nəşri həyata keçirmiş Azərbaycan aydınlarına Tatarıstan Dövlət Şurası adından “Rəxmət xatı” – “Təşəkkür məktubu” təqdim edib. Qeyd edək ki, “Rəxmət xatı” ilə təlif edilən Millət vəkili Qənirə Paşayeva, həm də Tatarıstan Dövlət Şurasının yubiley medalı ilə təltif edilib. R.Vəliyev Azərbaycanlı həmkarına uğurlar arzulayıb, onunla 2014-cü ildə Kazanda – Dövlət Şurasında görüşünü məmnunluqla xatırladaraq, yenidən Tatarıstana dəvət edib. Xalq şairinin Azərbaycan səfəri davam edir. Gündəlikdə Sumqayıt Poeziya Evində “İmza günü”nün keçirilməsi, Tatarıstanın Azərbaycandakı Nümayəndəliyində tatar icması ilə görüş və digər maraqlı görüşlər də var.

TƏDBİRDƏN FOTOLAR:

Mənbə: Ganire Pashayeva

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Azərbaycan Yazıçılar Birliyi

Azərbaycan Yazıçılar Birliyi haqqında

Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılmışdır. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birləşmələrin tərkibində fəaliyyət göstərirdilər. 1923-cü ildə Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti meydana çıxarkən bir neçə yazıçı çap etdirdikləri müraciətdə “Türk ədib və şairlər ittifaqı dərnəyi” təsis etdiklərini bildirdilər. Həmin ədəbi birlik “İldırım” adlanırdı. “Qızıl qələmlər” ədəbi cəmiyyəti də təxminən bu dövrlərdə formalaşmış, öz ətrafına gənc ədəbi qüvvələri toplamışdı. Bu cəmiyyət əsaslı və ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradıldı, ədəbi dərnəkləri öz ətrafında birləşdirdi. “Qızıl qələmlər” cəmiyyəti tez-tez müşavirələr, ədəbi gecələr, görüşlər, məruzələr təşkil edir, tədbirdər həyata keçirirdi. “Maarif və mədəniyyət” jurnalında, “Kommunist” və “Gənc işçi” qəzetlərində müntəzəm verilən ədəbi materiallar, “Qızıl qələmlər”, “Oktyabr alovları” almanaxları və ayrı-ayrı məcmuələr ədəbiyyatın təbliğinə, kütləvi surətdə yayılmasına xidmət edirdi. 1927-ci il iyul ayının əvvəllərində Azərbaycan yazıçılarının birinci ümumi yığıncağında bütün ədəbi qüvvələri bir təşkilat ətrafında birləşdirmək qərara alındı. Beləliklə, Azərbaycan Yazıçılar Cəmiyyətinin müvəqqəti idarə heyəti yarandı. Bakıda Ümumazərbaycan yazıçılarının birinci (13.01.1928) və ikinci qurultayı (20.X.1929) çağrıldı. 

ÜİK(b)P MK-nın ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında 1932-ci il 23 aprel tarixli qərarından sonra Azərbaycan Yazıçılar Cəmiyyətinin yenidən qurulması haqqında təşkilatı tədbirlər görüldü və Azərbaycan Yazıçılar İttifaqı yaradıldı
 
İDARƏ APARATI:

Anar – sədr – Azərbaycan Yazıçılar Birliyini təmsil edir, Birliyin işinə ümumi rəhbərlik edir, müqavilələr bağlayır. www.anar.az 
Fikrət Qoca – birinci katib – icra aparatına rəhbərlik edir, sədr vəzifələrini müvəqqəti icra etmədikdə onu əvəz edir. www.fikretqoca.az 
Çingiz Abdullayev -katib (təşkilat – təsərrüfat məsələləri üzrə) www.chingizabdullayev.ru 
İlgar Fəhmi – katib (yaradıcılıq məsələləri üzrə)
Rəşad Məcid – katib (gənclərlə iş üzrə)
Nazim İbrahimov – sədr müavini

Azərbaycan Yazıçılar Birliyinin Rəhbərləri:
 
Məmmədkazım Ələkbərli

(1905-1938) 
Ələkbərzadə Məmmədkazım — tənqidçi, 1934-cü ildən AYB-nın üzvü. 

1905-ci il yanvarın 24-də Dərbənd şəhərində anadan olmuşdur. Bakıda, APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1923-1927). Moskvada Qırmızı professorlar (1930-1934) institutunda təhsilini davam etdirmişdir. 

ADU-nun rektoru, müxtəlif illərdə AYİ idarə heyətinin sədri, Azərbaycan KP MK yanında «Kommunist» nəşriyyatının direktoru, «Ədəbiyyat qəzeti», «Bakinski raboçi». «Vışka» qəzetlərində baş redaktor olmuşdur. 

«İdealizm və materializm və yaxud yeni fəlsəfə» (1927), «Yeni əlifba və orfoqrafiya» (1929), «Azərbaycan ədəbiyyatı» (1935) kitablarının müəllifi olmuşdur. 

1938-ci ildə cəza təqdirləri dövründə güllələnmişdir.

Seyfulla Şamilov
1936

(1902-1974)

Şamilov Seyfulla Əli oğlu — nasir, publisist, tərcüməçi, 1937-ci ildən AYB-nın üzvü.

1902-ci il oktyabrın 10-da Azərbaycanın Qazax qəzasının Tatlı kəndində anadan olmuşdur.

Bakıda partiya məktəbini bitirmişdir (1921-1925). Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fəlsəfə kafedrasının dosenti (1931-1933), «Kommunist» qəzetində məsul redaktorun müavini, «Gənc işçi» qəzetinin məsul redaktoru, Azərbaycan Proletar Yazıçılar Birliyi təşkilat komitəsinin sədri (1932), Azərbaycan Yazıçılar İttifaqı idarəsinin sədri (1936), «İnqilab və mədəniyyət» jurnalının, «Əədəbiyyat qəzeti»nin məsul redaktoru (1936-1937), Uşaqgəncnəşrdə baş redaktor (1955-1962) vəzifələrində işləmişdir. «Şərəf nişanı» ordeni və Mədəniyyət Nazirliyinin «Əlaçı işçi» fəxri medalı ilə təltif olunmuşdur.

«Leninin pedaqoji üsulları» (1925), «Dördüncü il» (1929), «Laçın» (1932), «Seçilmiş əsərləri (1974), «Nigarın məcarası» (1977) kitablarının müəllifi olmuşdur.
 
Rəsul Rza
1938-1939

(1910-1981)

Rzayev Rəsul İbrahim oğlu – şair, dramaturq, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycanın Xalq şairi (1960), SSRİ Dövlət mükafatı laureatı (1951), Azərbaycan Ali Sovetinin deputatı, Azərbaycanın Əməkdar İncəsənət xadimi (1945). 

1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində maarifpərvər ailədə doğulmuşdur. Tbilisidə Zaqafqaziya Kommunist Universitetinin korperasiya şöbəsində təhsil almışdır (1926-1927). Azərbaycan Elmi-tədqiqat İnstitutunun aspiranturasında (1931-1933), Moskvada Kinematoqrafiya İnstitutunda təhsilini davam etdirmişdir (1934-1937). 

«Gənc işçi» qəzeti redaksiyasında tərjüməçi, Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi (1937-1938), Azərbaycan Dövlət Filarmoniyasının müdiri (1938), Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri (1938-1939), Bakı kinostudiyasının müdiri (1942-1944), kinematoqrafiya idarəsində rəis (1944-1946), Azərbaycan SSR kinematoqrafiya naziri (1946-1949), Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının baş redaktoru, Ümumdünya Sülhü Müdafiə Komitəsi Rəyasət Heyətinin üzvü, Afrika və Asiya ölkələri Sovet Həmrəylik Komitəsi Rəyasət Heyətinin üzvü və respublika üzrə sədri, SSRİ Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü, «Novosti» Mətbuat Agentliyinin Azərbaycan şöbəsi idarəsinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin (VII çağırış) deputatı, Azərbaycan KP təftiş komissiyasının üzvü seçilmiş, Lenin və SSRİ dövlət mükafatları komitəsinin üzvü olmuşdur. Xidmətləri yüksək qiymətləndirilmiş, ona fəxri adlar verilmiş, üç dəfə Lenin ordeni və medallarla təltif edilmişdir. 

«Qanadlar» (1939), «Çinar» (1939), «Könül səsləri» (1954), «İllər və sətirlər» (1966), «Duyğular, düşünjələr» (1964), «Üzü küləyə» (1978), «Seçilmiş əsərləri» beş cilddə (2002) və başqa kitabların müəllifi olmuşdur. 

1981-ci ildə aprelin 1-də Bakıda vəfat etmişdir. 
 
Süleyman Rəhimov
(1900-1983)

(1900-1983)

Rəhimov Süleyman Hüseyn oğlu – nasir, 1938-ci ildən AYB-nın üzvü, Azərbaycanın xalq yazıçısı (1960), Sosialist Əməyi Qəhrəmanı (1975).

1900-cu il martın 22-də Yilezavetpol quberniyası Zəngəzur qəzasının Əyin kəndində anadan olmuşdur. ADU-nun tarix fakültəsində təhsil almışdır. Azərbaycanın Laçın, Samux, Şahbuz və Noraşen rayonlarında rəhbər partiya işlərində çalışmışdır (1934-1937). Azərbaycan Yazıçılar Birliyinin sədri (1939-1940), (1944-1945), Azərbaycan K(b)P Bakı şəhər komitəsində təbliğat üzrə katib (1940-1941), Azərbaycan K(b)P MK-da təbliğat və təşviqat şöbəsinin müdir müavini (1941-1944), Azərbaycan Nazirlər Soveti yanında Mədəni-Maarif İşləri Komitəsinin sədri (1945-1958) vəzifələrində işləmişdir.

Azərbaycan Jurnalistlər İttifaqının «Qızıl qələm» mükafatına (1972) layiq görülmüşdür. Üç dəfə Lenin orleni (1946, 1970, 1975), «Qırmızı Əmək Bayrağı» (1959), «Şərəf nişanı» (1942) ordenləri və medallarla təltif edilmişdir.

«Şamo» (I,II c. 1931, 1940), «Saçlı» (1944), «Ata və oğul» (1949), «Mehman» (1953), «Ana və abidəsi» (1967), «Mahtəvan» (1968), «Seçilmiş əsərləri» (üç cilddə, 1968-1981) və s. kitabların müəllifidir.

1983-cü il oktyabrın 11-də vəfat etmişdir.
 
Səməd Vurğun

(1906-1956)

Vəkilov Səməd Yusif oğlu – şair, dramaturq, tərcüməçi, tənqidçi, ədəbiyyatşünas, publisist, ictimai xadim, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iki dəfə SSRİ Dövlət mükafatı laureatı (1941-1942), Azərbaycan EA həqiqi üzvü (1945), Azərbaycanın Əməkdar İncəsənət xadimi (1943), filologiya elmləri fəxri doktoru (1956), Azərbaycanın Xalq şairi (1956). 

1906-cı il martın 21-də Azərbaycanın Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olmuşdur. Moskvada II Dövlət Universitetinin ədəbiyyat fakültəsində təhsil almışdır (1929-1931). APİ-ni bitirib elmi-tədqiqat institutunda, daha sonra APİ-nin dil və ədəbiyyat fakültəsində aspirant olmuşdur. 1934-cü il Azərbaycan Sovet yazıçılarının I qurultayında İttifaqın məsul katibi seçilmişdir. Ümumittifaq sovet yazıçılarının I qurultayında Yazıçılar Birliyi rəyasət heyətinin üzvü (1934), ZŞFSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü (1935) seçilmişdir. Uzun müddət Azərbaycan Sovet Yazıçıları İttifaqı rəyasət heyətinə rəhbərlik etmişdir. 1954-cü ildə Azərbaycan EA-nın Prezident müavini seçilmişdir. 

İki «Lenin» ordeni, iki «Qırmızı Əmək Bayrağı» ordeni, «Şərəf nişanı» ordeni və medallarla təltif edilmişdir. 

«Azad İlham» (1939), «İstiqbal təranəsi» (1947), «Dram əsərləri» (1955), «Komsomol poeması» (1958), «Seçilmiş dram əsərləri və poemaları» (1974), «Seçilmiş əsərləri (iki cilddə)» 1976 və s. kitabların müəllifidir. 

1956-cı il mayın 27-də Bakıda vəfat etmişdir

Mehdi Hüseyn
1958-1965

(1909-1965)

Hüseynov Mehdi Əli oğlu – nasir, dramaturq, tənqidçi, 1943-cü ildən AYB-nın üzvü, SSRİ Dövlət mükafatı laureatı (1950), Azərbaycanın xalq yazıçısı (1964).

1909-cu il martın 22-də Azərbaycanın Qazax mahalının II Şıxlı kəndində anadan olmuşdur. ADU-nun pedaqoji fakültəsinin tarix şöbəsində təhsil almışdır (1926-1931), Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenariçilər kursunu bitirmişdir (1938). Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Yazıçılar İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930-1934) Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin katibi (1954-1958), biricni katibi (1958-1965) vəzifələrində işləmişdir. 

«Qırmızı Əmək bayrağı» ordeni və medallarla təltif olunmuşdur. 

«Ölkəm» (1947), «Abşeron» (1949), «Səhər» (1953), «Seçilmiş əsərləri» (üç cilddə, 1954), «Qara daşlar» (1959), «Yeraltı çaylar dənizə axır» (1966) və s. kitabların müəllifi olmuşdur.

1965-ci il martın 10-da vəfat etmişdir.
 
Mirzə İbrahimov
AYB idarə Heyətinin sədri və SSRİ Yazıçılar İttifaqının katibi
1970-1986

(1911-1993)

İbrahimov Mirzə Əjdər oğlu – nasir, dramaturq, ədəbiyyatşünas, publisist, 1934-cü ildən AYB-nın üzvü, Azərbaycanın xalq yazıçısı (1961), Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), SSRİ Dövlət mükafatı laureatı (1950), Azərbaycan Dövlət mükafatı laureatı (1965), Beynəlxalq Nehru mükafatı laureatı (1979), Azərbaycanın Əməkdar İcnəsənət xadimi (1941), Sosialist Əməyi Qəhrəmanı (1981), SSRİ xalq deputatı (1989). 

1911-ci il oktyabrın 15-də (28-də) Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olmuşdur. 1918-ci ildə Bakıya gəlmişdir. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikillik hazırlıq şöbəsində, SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almışdır (1935-1937). Azərbaycan SSR xalq maarif komissarı (1942-1946), Azərbaycan Yazıçılar İttifaqı İdarə heyətinin sədri (1946-1954), biricni katibi (1965-1975), SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi (1965-1975), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1946-1950), Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda XIX əsr Azərbaycan ədəbiyyatı tarixi şöbəsinin müdiri (1960-1970) vəzifələrində işləmişdir. Ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı Şöbəsinin müdiri olmuşdur. 

3 dəfə Lenin ordeni, Oktyabr İnqilabı ordeni və digər orden və medallarla təltif olunmuşdur. Həyat və ədəbiyyat» (1947), «Gələcək gün» (1954), «Böyük dayaq» (1957), «Pərvanə» (1971), «Əsərləri (on cilddə 1978-1981), «Niyəsiz, necəsiz bir yazısan sən» (1985) və s. kitabların müəllifi olmuşdur. 

1993-cü il dekabrın 17-də vəfat etmişdir.
 
İmran Qasımov
1975-1981

(1918-1981) 

Qasımov İmran Haşım oğlu – dramaturq və kinossenarist, (1939-cu ildən AYB-nın üzvü, Əməkdar İcnəsənət xadimi (1960), Azərbaycan Dövlət mükafatı laureatı (1986), Azərbaycanın xalq yazıçısı (1979).

1918-ci il noyabrın 25-də Bakıda anadan olmuşdur. ADU-nun filologiya fakültəsində, Moskvada kino-ssenaristlər şöbəsinin rəisi, Azərbaycan Nazirlər Soveti yanında Kinematoqrafiya nazirinin biricni müavini, Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya üzrə məsləhətçi (1953-1954), «Literaturnıy Azerbaydjan» jurnalının baş redaktoru (1954-1956), Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin biricni katibi (1975-1981) vəzifələrində çalışmışdır. 

Lenin ordeni, «Qırmızı əmək bayrağı», «Şərəf nişanı» ordenləri, SSRİ medalları və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltiıf edilmişdir. 

«Uzaq sahillərdə» (1954), «İllər keçir» (1968), «Fransız qobeleni (Yol qeydləri)» (1970), «İtaliya mozaikası» (1972) və s. kitabların müəllifi olmuşdur. 

1981-ci il aprelin 20-də vəfat etmişdir
 
İsmayıl Şıxlı
(1965-1968)
SSRİ Yazıçılar İttifaqının katibi
(1981-1987)

Şıxlinski İsmayıl Qəhrəman oğlu – nasir, ədəbiyyatşünas, publisist, Azərbayjan komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbayjanın xalq yazıçısı (1984), Azərbayjan Respublikası Ali Sovetinin deputatı (1990), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991). 1919-ju il martın 22-də Azərbayjanın Qazax rayonunun II Şıxlı kəndində anadan olmuşdur. APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1937-1941).

APİ-nin filologiya fakültəsində aspirant (1946-1949), müəllim, baş müəllim olmuş, xariji ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbayjan Yazıçılar İttifaqının katibi (1965-1968) kimi çalışmışdır. «Azərbayjan» curnalında baş redaktor (1976-1978), Azərbayjan Yazıçılar İttifaqının birinji katibi (1981-1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981-1987) olmuşdur. Azərbayjan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991). 

Xidmətlərinə görə «Qırmızı əmək bayrağı» (1979), II dərəjəli «İkinji Dünya müharibəsi» (1985) ordenləri və medallarla təltif edilmişdir. Azərbayjan SSR Ali Sovetinin Fəxri Fərmanını almışdır (1973).

«Ayrılan yollar» (1957), «Dəli Kür» (1968), «Xatirəyə dönmüş illər» (1980), «Məni itirməyin» (1984), «Daim axtarışda» (1988) və s. kitabların müəllifi olmuşdur. 
1995-ji il iyulun 26-da Bakıda vəfat etmişdir. 

Anar
1987 ildən bu vəzifəni icra edir
http://www.anar.az

Rzayev Anar Rəsul oğlu – nasir, dramaturq, kinodramaturq, 1964-cü ildən AYB-nın üzvü, Azərbaycanın Əməkdar İncəsənət xadimi (1976), respublika Dövlət mükafatı laureatı (1980), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1987), SSRİ Xalq deputatı (1989), Xalq yazıçısı (1998), Azərbaycan Respublikası Milli Məclisinin üzvü (1995, 2000). 

1938-ci il martın 14-də Bakı şəhərində anadan olmuşdur. Burada onillik musiqi məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1955-1960). Moskvada Ali ssenari (1962-1964) və rejissor kurslarını (1970-1972) bitirmişdir. «Qobustan» incəsənət toplusunun baş redaktoru vəzifəsində işləmişdir (1968-1987). Hazırda Azərbaycan Yazıçılar Birliyinin sədridir. 

Asiya və Afrika ölkələri ilə respublika həmrəylik komitəsinin sədri (1983-cü ildən), Azərbaycan-Türkiyə dostluq cəmiyyətinin sədri (1992-cı ildən) seçilmişdir. Azərbaycan ədəbiyyatı və incəsənəti ensiklopediyasının baş redaktorudur (1992-cü ildən). Beynəlxalq Dialoq Avro-Asiya təşkilatının sədridir. Kinomatoqrafçılar İttifaqı idarə heyətinin üzvüdür. 

«Literaturnoe obozrenie» jurnalının mükafatını almışdır (1987). «Şərəf nişanı», «İstiqlal» (1998) ordenləri ilə təltif olunmuşdur. Türkiyənin üç mükafatına layiq görülmüşdür (2000, 2002, 2003). 

«Ağ liman» (1970), «Macal» (1973), «Beşmərtəbəli evin altıncı mərtəbəsi» (1981), «Sizi deyib gəlmişəm» (1984), «Dünya bir pəncərədir» (1986), «Sizsiz» (1992) və s kitabların müəllifidir. 
  
İlkin mənbə: Azərbaycan Yazıçılar Birliyi – AYB

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

AYB-nin böyük misiyası

…böyük missiya

Bu gün çağdaş Azərbaycan ədəbiyyatının son iyirmiillik ümümi mənzərəsi heç də birmənalı qarşılanmır. Bir oxucu kimi mən də bu qənaətdəyəm. Narahatlıq doğuran  problemin həm obyektiv, həm də subyektiv səbəbləri var. Axı “tarixən müəyyən zaman kəsiyində mövcud olan ictimai-iqtisadi quruluş qəflətən dağılanda onun diktə etdiyi ideologiya çərçivəsində ( yaxşı, ya da pis—fərqi yoxdur) formalaşan cəmiyyətdə istər-istəməz   xaotik vəziyyət yaranır. Cəmiyyətin ayrı-ayrı fərdlərinin taleyi gözlənilmədən qopan tufanın, qəzəbli qasırğanın daşa –divara çirpdığı xəzəllərə bənzəyir və bu qəfil “zəlzələ” bütövlükdə cəmiyyətin mənəvi dünyasında  elə dərin bir “boşluq” yaradır ki,  həmin “boşluğu”  doldurmaq kimi ağır bir yük yazıçıların öhdəsinə düşür. Belə bir taleyi xalqımız da yaşadı. Təəssüf  ki, sovet dönəmindən sonra arada əmələ gələn müvəqqəti “ boşluğun” gətirdiyi sərbəstlik  “sərməstliyə” rəvac verdi. “Mən ədəbiyyat yaradıram” deyə-deyə dil boğaza qoymayanlar meydanı boş görüb “qələmə sarıldılar”…”(kursiv E.E) və nəticədə qəribə bir mənzərə yarandı. Lakin bədbin olmağa dəyməz , çünki gec-tez ZAMAN hər şeyi yerbəyer eləyir. Artıq ideya, məzmun, dil və bədii dəyər baxımından seçilən xeyli əsər meydana çıxıb, demək “bulanmış sular durulmaqdadır”. 

    Yazıçı olmaq böyük şərəfdir, yazıçılıq həm də çox böyük məsuliyyət yükünü daşımaq deməkdir. O, cəmiyyətin fövqündə dayanan, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik, özündən əvvəlki tarixi,  yaxud yaşadığı dövrü bədii obrazlarla canlandırıb, oxucuya haqq-ədalət, insanlıq təlqin etməyi bacaran müdrik şəxsiyyətdir.  Lakin bu, həmişə belə olmur. Qələm adamlarımız  arasında özündənmüştəbehlik, “dahilik azarı”na tutulmaq, bir-birinin kölgəsini qılınclamaq, xal qazanmaq xatirinə    dediyi sözün məsuliyyətinin fərqinə varmadan sosial şəbəkələrdə, efirlərdə yerli-yersiz danışmaq, “öz gözündə tiri görməyib, özgəninkində tük axtarmaq, “təftişçilik” kimi zərərli meyllərin daşıyıcılarını görəndə təəssüflənməyə bilmirsən. Hərdən öz-özümə düşünürəm: “İlahi, bu azar hardan qaynaqlanır? Bəlkə günah elə genimizdədir?” Maraqlısı da odur ki, belə arzuolunmaz xüsusiyyətlər müstəqilliyimiz dövründə, yaradıcılıq üçün sərhədsiz meydan açılandan  sonra daha qabarıq şəkildə özünü büruzə verdi. Görünür, azadlığın da həddi-hüdudu olmalıymış–ifrat azadlıq isə mənəviyyatı cılız olanlar üçün özbaşınalığa aparan ən qısa yol imiş. (Son illər “Ulduz” jurnalı, “Kaspi”, “525-ci qəzet, “Bütöv Azərbaycan” qəzetləri və digər mətbu orqanlarında ədəbi-tənqidi yazılarımda, yeri gəldikcə, belə ürəkağrıdan problemlərə toxunmuşam və bir daha bəzi məqamları xatırlamaq istədim.) İş o yerə çatıb ki, hələ nöqtənin, vergülün yerini bilməyən, əli qələmə yatmamış, bütövlükdə Vətəninin tarixini demirəm, hətta Azərbaycan ədəbiyyatı tarixindən söz düşəndə gözünü döyən bir gənc də, hətta az qala yarı yaşını haqlamış bəzi “ağıllılar” da ömrünü –gününü yazmaq kimi əzablı bir peşəyə həsr etmiş, müxtəlif janrlarda dəyərli ədəbi nümünələr yaratmış ağsaqqal  yazıçıları ( Yazıda “yazıçı” sözü nasir, şair, dramaturq kimi ümümiləşdirilmiş mənada işlənir.) heç bir ədəb-ərkan çərçivəsinə sığmayan küçə jarqonuyla ittiham edir. Görəsən, bu yazıçılar hansı günahın sahibidirlər? Bəlkə onlar gözləməliydilər ki, XXI əsrin 90-cı illərində “dahilər” doğulacaqlar, böyüyəcəklər və “səhvən yaşanmış” bir tarix haqqında “monumental” əsərlər yaradacaqlar? Gülünc deyilmi?

    Məni ağrıdan odur ki, istər postsovet məkanı olsun, istər Avropa, Amerika , Asiya  ölkələri, ayrıca bütün türk dünyası ədəbiyyatlarında bizdəki kimi anormal münasibətə rast gəlmək mümkün deyil. Əlinə təzəcə qələm alan ən gənc rus şairindən heç vaxt  S. Yesenin, V. Mayakovski, M. Şoloxov, K. Simonov, S. Vasilyev, A. Prokofyev,  A. Tvardovski, P. Antokolski, Y.Smelyakov, R.Kazakova… bir sözlə, sovet dövründə yazıb-yaratmış, artıq dünyasını çoxdan dəyişmiş,  yaxud hazırda yaşayan ağsaçlı ədiblər haqqında bir kəlmə nalayiq söz eşitməzsən. (Yaddan çıxarmayaq ki, Rusiyanın M. Şoloxovu varsa, bizim də Süleyman Rəhimovumuz var.) Uzun illər aparılmış əks təbliğata, qadağalara baxmayaraq, Türkiyədə bügünkü gənc yazarlar  böyük türk şairi Nazim Hikmətin xatirəsini əziz tuturlar. Nazimin vaxtında da Türkiyədə kapitalizm idi, indi də. Qırğız yazıçıları böyükdən kiçiyə bir nəfər kimi Çingiz Aytmatovla fəxr edirlər. Orxan Pamuk deyərmi ki, Rəşad Nuru Güntəkin, Suat Dərviş, Orxan Kamal, Əziz Nesin və s. yazıçı deyil, cızmaqaraçıdır? Heç vaxt! Dağıstanda hansısa bir gənc, yaxud cavan  bir yazar Rəsul Həmzətov haqqında nalayiq söz danışarmı? Xeyr. Bəs biz niyə beləyik? Biz sovet dövrü deyilən bir zaman kəsiyində yaşamışıq, yaxşısını da görmüşük, pisini də. Bu , bizim bir xalq kimi taleyimizə düşən qismət idi. Belə  çıxır ki, yetmiş ilin üstündən qara bir xətt çəkməliyik. Bəs onda biz harada və necə yaşamışıq? Tariximizdəki ağ ləkələr bəs deyil, bəlkə yetmiş illik bir səhifə də əlavə edək? Ötən əsrdə ədəbiyyatımızı zənginləşdirən gözəl ədəbi nümunələr yaradılıb: “Araz”,  “Qilinc və qələm”, “Dumanlı Təbriz”, “Studentlər”, “Qızlar bulağı”, “Şamo”, “Saçlı”, “Mehman”,  “Ağbulaq dağlarında”, Turaclıya gedən yol”, “Budağın xatirələri”, “Komsomol poeması, “İnsan”, “Azadlıq dastanı”,  “Abşeron”, “Qaradaşlar”, “Yeraltı çaylar dənizə axır”, “Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə”, “Közərən ocaqlar”, “Müharibə”, “Dünya qopur”, “İnsan məskən salır”, “Cəbhədən cəbhəyə”, “Körpüsalanlar”,, “Üçatılan”, “Məhv olmuş gündəliklər”, “Sən həmişə mənimləsən”, “Qızılgül olmayaydı”, “Cənub nəğmələri”, “Karvan gedir”, “General”, “Ayrılan yollar”, “Dəli Kür”, “Yanar ürək”, İdeal”, “Tütək səsi”, “Qış gecəsi”, “Mənim nəğməkar bibim”, “Vicdan susanda”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Baladadaşın ilk məhəbbəti”, “Qarlı aşırım”, Qətl günü”, “Üç atlı”, “Şəbi-hicran”, “Etiraf”, “Qiymət”, “Dahilərin divanı”, “Dağlar dağımdır mənim”, “Kiçik təpə”, “Xatirə”, “Qərbi Berlin”, “Kimdir günahkar”, “Üç oğul anası”, “Atamın kitabı”… və s. və i. minlərlə irihəcmli əsərlərlə (romanlar, povestlər, pyeslər, poemalar) yanaşı, saysız –hesabsız forma və məzmun baxımından bir-birindən dəyərli şeirlər yazılmış, həmçinin dilimiz cilalanmış, büllurlaşmış, onun zənginliyi bənzərsiz  çalarlarıyla üzə çıxmışdır.  Butün bunlar qiymətsiz  bir xəzinə deyilmi? Bir məqamı da unutmaq insafsızlıq olardı ki,  bədii obrazlar vasitəsiylə ötüb-keçən yaşantılarımızın canlı mənzərəsini əks etdirən belə əsərlər senzuranın at oynatdığı bir dövrdə yaranıb. Görəsən, indi özünü qəhrəman sayanlar o vaxt yaşasaydılar belə mükəmməl əsərlər yarada bilərdilərmi? Çətin! Dünyanın bu düz vaxtında—senzura yox, nəşriyyatların qapıları taybatay açıq, yazdıqlarınızı mürəkkəbi qurumamış çap etdirmək imkanlarınız geniş. Daha nə istəyirsiniz? Buyurun, yazın, yaradın! Vaxtınıza heyfiniz gəlsin. Əgər daxilinizdə yazmaq yanğısı yoxdursa, bu məşəqqətli yola çıxmağa dəyməz. (İndiki gənclər xoşbəxtdirlər,çünki onlar o dövrün  nəşriyyatlarının pərdəarxası oyunlarını görməyiblər, şeir, nəsr  qovluqlarını rəflərdə toz basmayıb, tematik plana düşsə də ildən ilə ötürülüb və nəhayət,  bir çox istedadlı gənclərin əli qələmdən soyuyub, küsgünləşib və uzaqlaşıblar.)  Əgər kimsə sizin yazdığınız gözəl bir əsərə qərəzlə, nihilistcəsinə yanaşsa, narahat olmayın, həmişə olduğu kimi, ona cavab verəcək ədalətli bir qələm adamı tapılacaq.  Hələ ki, ortaya barmaqla sayılası ədəbi nümunələr çıxır. İstedadlılar üçün həmişə çətin olub, istedadsızlar isə həmişə vəziyyətdən çıxmağı bacarıblar, çünki belələri  sənəti olmayan, onun-bunun “bostanına daş atmaqla” gündəmdə qalmaq istəyən bəzi üzdəniraq müğənnilərə bənzəyirlər.

    Ədəbiyyatı şouya döndərmək günahdır. Artıq dünyasını dəyişmiş yazıçıların ruhunu incitmək kimə və nəyə lazımdır? Bu, bəlkə də ən böyük ədalətsilikdir. Onlar (son ana qədər öz saf əqidələrinə sadiq qalanlar) bir insan kimi də seçilmişlərdir–  bilərəkdən, yaxud bilmədən buraxdıqları səhvləri də yaşadıqları zəmanənin suçu kimi qəbul etmək daha ədalətli olardı. Hələ ki, qələmi əlindən yerə qoymayan, zamanın isti-soyuğunu görən,istedadına güvəndiyimiz, bu gün bizimlə nəfəs-nəfəsə yaşayan  qocaman yazıçıları  rəncidə etməklə nə qazanırıq? Onlar nə yazsalar, yaxşı yazacaqlar və bu, ümumən ədəbiyyatımızın xeyrinədir. 37-də kommunust rejiminin (sosializm nəzərdə tutulmur) qaymaqlarımızı fizki terrorla əlimizdən alması bəs deyil, indi də özümüz-özümüzə qənim kəsilib, mənəvi terrora məruz qoyuruq…  Bu gün xəstəliyin cəngində canıyla əlləşən, artıq ümidləri sozalan yazıçılarımız da var ki, bir kəlmə səmimi sözə, xoş münasibətə hava-su kimi ehtiyac duyurlar. Qocalıqla dilbir olan namərd xəstəliklə çarpışmağın nə qədər ağır bir dərd olduğunu unutmaq naşükürlükdür. İnsan fiziki mənada əbədi olmadığı kimi, heç kəs də qəfil xəstəlik deyilən bir bəladan sığortalanmayıb. Lakin bütün bunlar o demək deyil ki, yaşlı nəsil toxunulmazdır. Yalnız təhqir yolverilməzdir. ƏGƏR YAŞINDAN ASILI OLMAYARAQ, KİMSƏ BU XALQIN MİLLİ HEYSİYYATINA TOXUNAN, ONU AŞAĞILAYAN NƏSƏ YAZIBSA, O ZAMAN NƏİNKİ TƏNQİDÇİ, HEÇ SADƏ OXUCU DA SUSMAMALIDIR.

Qəribədir, elə bil “təftişçilik” azarı qanımızdadır. Bu gün ədəbiyyat tariximizdən xəbəri olan da , olmayan da  37-dən ağızdolusu, pafosla danışır. Filankəslər niyə Leninə, Stalinə şeirlər həsr eləyib? Filankəslər niyə repressiya olunmayıb? Filankəs niyə filankəsin üzünə durub? Əlbəttə, belə yersiz suallara cavab verməyə dəyməsə də,  dinməmək də olmur. ŞƏZSİYYƏTƏ YAŞADIĞI DÖVRÜN PRİZMASINDAN BAXIB QİYMƏT VERMƏK LAZIMDIR. Zəhmət çəkib 30-cu illərin “Kommunust” və “Ədəbiyyat” qəzetlərini vərəqləyin. Onda görərsiniz ki, yazıçılardan nələr tələb olunurdu. Bir kəlmə etiraz bəs idi ki, özünü DTK-nın məşum zirzəmilərində görəsən və ağılasığmaz işgəncələrə məruz qalasan, sonra da haqsız-sübütsuz güllələnəsən, ailən də Sibirə sürgün olunsun. S. Vurğun, R.Rza və S.Rüstəmdən tutmuş M.Araza qədər hamı partiyaya da, Leninə də, Stalinə də əsərlər həsr ediblər və hər bir əsər özlüyündə çox gözəl sənət nümunələri idi, çünki onları əsl sənətkarlar yazmışdılar. Lakin həmin əsərlər yazıçıların əlində bir qoruyucu bəlgə idi. Əgər belə olmasaydı, bu gün bizə yadigar qalan, milli dəyərlərimiz saydığımız əsərləri yaza bilməzdilər və itirən ədədbiyyatımız olardı. İndi danışmağa nə var ki! Qol-qabırğası qırılan, bir torba ətə,sümüyə çevrilən, ağlını itirən bir adam, nəinki şahidliyə, öz ölüm hökmünə də qol çəkər. Axı, dözümün də həddi var?! Yaxud sağ qalanları ittiham edirlər. Belə çıxır ki, hamı qırılmalı imiş. Belə özündənrazı adamların bircə barmağını qapı arasna qoyub sıxsan, Allah bilir hansı hökmələrə qol çəkərdilər. Hərdən çox sevdiyim, nakam şairimiz  Müşfiqi xatırlayanda, inanın, ürəkağrısıyala deyirəm ki, nə yaxşı bu söz sərrafı 50-60 il yaşamayıb, yoxsa bu gün ona da utanmadan bir əmma qoşardılar.

     Yerigəlmişkən etiraf edək ki, indi yeni çeşid “mədhiyyəçilər sürüsü” meydana çıxıb. Bəs nə əcəb hansısa məmura şit, bayağı, əttökən,  söz yığınından ibarət, təmmənalı  “şeirlər” həsr edən “şairlərə” gözün üstdə qaşın var deyən yoxdur? Heç kəs itihaf şeiri yazmağın əleyhinə deyil, məqsədli, həm də son dərəcə zəif yazmaqdan söhbət gedir. Tarixən klassiklərimiz də qəsidələr yazıblar. Ancaq yazanda da ürəkdən,  və yüksək sənətkarlıqla yazmaq lazımdır. Düşünməyə dəyməzmi?  

    Bəzi ədəbiyyatçıların tutduğu mövqe də təəccüb doğurur. Görəsən, XIX əsr ədəbiyyatını heçə sayan, onu “aqoniya” adlandıran ədəbiyyatçını belə düşünməyə nə vadar edir? Başqalarını demirəm, təkcə adını fəxrlə çəkdiyimiz M.F.Axundov kimi görkəmli filosofun, maarifpərvər bir yazıçının qoyub getdiyi qiymətli ədəbi-fəlsəfi irsin üstündən necə xətt çəkmək olar axı? Özgələr öz “qarışqasını” fil eləmək üçün dəridən-qabıqdan çıxdığı halda, biz öz nəhəngimizi kiçiltməyə çalışırıq. Səbəb nədir? Bəlkə bilən var?!  Digər bir məqam: yaxşı tanıdığım, istedadlı bir ədəbiyyatşünas  kimi rəğbət bəslədiyim, səlis nitqə malik bir alimin “Sabir dahi şairdir, mən nədənsə  satiranı sevmirəm” deməsi məni qəlbən incitdi. İlk baxışda bu cümlə nəzəri cəlb etməyə bilər, çünki hərənin öz zövqü var. Lakin bu fikri tanınmış bir alimin dilə gətirməsi heç də xoşagələn hal deyil. Əgər sabah-birigün Nizamini “təftiş” eləməyə başlasalar, təəccüblənmərəm—bizdən nə desən çıxar.

    Ən ağrılı, bəlkə də ən təhlükəli cəhət bəzilərinin eybəcər “hümanizmi”, çürük əqidəni yaradıcılıq amalına çevirməsidir. Biri “hümanist erməni” obrazını “yaradıb”, onu utanmadan anoloqu olmayan ədəbi kəşf kimi oxucuya sırıyır. Bu erməni o etnosun nümayəndəsidir ki, dünya işığını görməmiş körpəni ana bətnindən çıxarıb süngüyə taxır. Dünyada elə bir xalq yoxdur ki, belə vəhşilik törətmiş olsun. Digəri satqına, vətən xaininə, yaxud insanlığını itirmiş bir qatilə haqq qazandırır- o da sanki yeni  “bəşəri əxlaq norması”nı yaratmasıyla fəxr edir. Elə faciə də ondadır ki, belələri  pinti bir dillə yazılan bu cızmaqaraya “roman” yarlığı da yapışdırmaqdan belə çəkinmirlər. Adama qəribə gəlir ki, görəsən onlar bu səfsəsəni kimdən əxz eləyiblər. Yüyənsiz at kimi hara gəldi çapmağın axırı dibsiz uçuruma yuvarlanmaqdır. Belə ideyasız, məzmunsuz “əsərləri”in “bumu” gec də olsa  “Azərbaycan “jurnalında “Dəyirmi masa” ətrafında müzakirəyə səbəb oldu. Deyəsən, doğrudan da artıq “həyacan təbili” çalmağın vaxtıdır. 

     Sevindirici haldır ki, bu gün dünya ədəbiyyatı nümunələri dilimizə birbaşa tərcümə olunur.(Bədii tərcümənin keyfiyyətli, yaxud səviyyəsiz olması ayrı bir söhbətin mövzusudur və bu sahədə ciddi problermlər də az deyil.) Lakin məsələ ondadır ki, sovet dövründə tərcümə edilməmiş bəzi əcnəbi yazıçıların bu gün büt kimi qəbul olunması qəribə təəssürat yaradır. Guya vaxtilə kütləvi şəkildə (rus dilindən tərcümə olunan ) oxunan Balzak, Mopassan, Drayzer, C. London, Rollan…və s. kimi görkəmli yazıçıların yaratdıqları yüksək səviyyəli əsərlər deyilmiş. Bu gün Markes, Kamyu, Bulqakov, Zoşşenko, Pasternak, Soljenitsın … dəbdədir—oxuyanın da, bələd olmayanın da dilindən düşmür. Deyəsən, “QƏRBƏ  İNTEQRASİYA MARAFONUNDA” bizə çatan olmayacaq. Sən demə,  böyük ədədbiyyatı yalnız Qərb yazıçıları yaradırmış– xəbərimiz yoxmuş xəbərdən. Gör, nə günə qalmısan, başıbəlalı, qoca Şərq!

    Bəri başdan deyim ki, Kamyu da, Markes də nəhəng yazıçılardır. Onlardan da, digər böyük sənətkarlardan da nəsə öyrənməyə dəyər və lazımdır. Adlarını çəkdiyim yazıçılar—Balzakdan Markesə qədər hər birinin əsərlərində həyat həqiqətləri, o cümlədən “kiçik adamları”ın faciəsi mükəmməl obrazlar vasitəsilə, real bədii boyalarla və dinamik şəkildə canlı həyat səhnəsində təsvir olunur.( “Kiçik adamlar”ın taleyi hələ XIX əsrdə — rus ədəbiyyatının İntibah dövründə əsas mövzulardan biri idi.) Bulqakovla  Zoşşenkonun nəsrində və  Pasternakın poeziyasındakı  ideyalar  kommunist ideologiysına uyğun gəlmir, sosializm relizminin tələblərinə cavab vermirdi. Sosalizm realizminin (mən ona “kommunist realizmi” deyərdim.) tələblərinə görə insan xoşbəxt məxluqdur,çünki, hər şey onun özündən asılıdır, həmişə xeyir şərə qalib gəlir, sonda ədalət qələbə çalır. Əslində, real həyat qabaqcadan yazılmış düsturla qurulmur, həmçinin  “düz xətt” boyunca getmir. Həmin yazıçıların əsərləri qadağan olunmuşdu və oxucu kütləsi onlardan  xəbərsiz idi. İdeologiyanın təbliğat maşını isə öz işini görürdü. SSRİ yazıçılarının plenumunda, xüsusilə Jdanovun məruzəsində onlar “zərəli meylləri”i təbliğ edən, “sovet adamı” adına ləkə gətirən yazıçılar kimi çığdaş olunmuşdular. Əlahəzrət  ZAMAN isə əsl həqiqəti  öz halal yerinə qoydu. Öz sələflərinin yolunu davam etdirən Soljenitsın da böyük yazıçıdır, lakin onu da etalon kimi  göylərə qaldırmağa lüzum yoxdur, çünki Soljenitsın Bulqakov deyil!

    MİLLİ  OLMAYAN  HEÇ  NƏ  DÜNYƏVİ  OLA  BİLMƏZ!  Bu prinsip birbaşa ədəbiyyata, həmçinin icəsənətin bütün növlərinə aiddir. Lakin bu gün kimisə bütə döndərib, ona səcdə etməklə yaxşı nəsə yaratmaq məsələsinə inanmıram. Balzakdan Markesə qədər qeyd etdiyim yazıçıların yaşayıb yaratdıqları mühit kapitalizm mühiti olub.  Onların heç birinin əsərlərindəki obrazlar kənardan gəlməyib—hərə mövzunu öz xaqının həyatından götürüb, obrazlar da öz xalqının nümayəndələridir. Onların sənətkarlıq qüdrəti də ondadır ki, bəşəri problemləri, insanın mənəvi dünyasında acımasız mühitin yaratdığı təlatümləri   həmin çərçivədə məharətlə canlandıra biliblər. Bu da oxucunu inandırır və belə əsərlər sərhədləri maneəsiz keçib dünyəviləşir. Lakin dünyəvilik ( dünya miqyasında tanınmaq) baxımından çağdaş ədəbiyyatımızda mövcud anormal yanaşma tərzi məni səksəndirir. Belə getsə, deyəsən, özgəni bütləşdirənlər öz “əsərlərində” baş qəhrəmanın adını Dantes,  Fernando, Ernest , Vartan …və s. qoyacaqlar ki, bəlkə dünya onları yazıçı kimi tanısın. Neyləsinlər axı?! Əgər öz doğma yer-yurdlarından yazsalar, baş qəhrəman da sadəlövh Novruzəli, ya da saf ürəkli, Allah adamı  Həsənqulqu olsa, Nobel mükafatına yaxın düşə bilməzlər. Yəqin ki, sözümü qəribçiliyə salanlar da olacaq. Olsun!

     Çağdaş poeziyamızın ümümi mənzərəsi istənilən səviyyədə olmasa da  ümidsiz olmağa da əsas vermir, çünki ədəbiyyata yeni istedadlar, yeni nəfəslər gəlməkdədir. Təbii belə olmalıdır, əks halda çox şey itirmiş olarıq. Gələcək gəncliyindir və bu, aksiomadır. Lakin bu “təntənəli simfonoyanın” ümumi ahənginə xələl gətirən xaric səsələr də var ki, az qala adamın qulağını deşir. Mən kiminsə yazdıqlarını təhlil etmək fikrində deyiləm, yalnız ümumi müşahidələrimin yaratdığı təəssüratı bölüşmək istəyirəm. Uzun illər xəstə olduğum üçün yeganə təsəllim televizora baxmaqdır və aydın məsələdir ki, ədəbi verilişlər maraq dairəmdədir. Məni ağrıdan məsələ bəzi kanalların ədəbiyyata ciddi yanaşmamasıdır. Məncə, bu “ipucunu” da onlara özümüz öz əlimizlə vermişik. Şit, bayağı şou yaratmaq üçün mövzu istənilən qədərdir. Bəs niyə onlar bəzən bu şounun “qəhrəmanını” yazarların içindən seçirlər? Çünki onlar sosial şəbəkələri izləyirlər və ağzına gücü çatmayan birinin boş damarını tutub, dəvət edirlər ki, qalmaqal yaradıb reytinq qazansınlar. Özünü əməlli-başlı bir “ədəbiyyat adamı” sayan  yazar da efirdə görünmək xatirinə əlüstü razılaşır və aparıcının “drijor çubuğunun” cızdığı dairənin içərisində özünü gülünc günə qoyur. Sizcə,  tamaşaçıda hansı təəssürat yaranar? 

    Bu yaxınlarda bir şou -proqramda gördükələrim məni haldan-hala saldı. Başında panama, əynində dama-dama köynək, cins şalvar, ayağında idman ayaqqabısı, divana yayxanmış vəziyyətdə , bir əlində mikrofon, o biri qolu divanın “çiynində”, ayaqlarını bir-birindən bir metr aralı qoyan bir gənc şair əl-qol ata-ata  məhəbbət şeirlərini oxuyurdu. Lakin kənardan baxanda  oturuşu-duruşu, danışığı birbaşa küçədən tutulub efirə gətirilmişə bənzəyirdi. Axı, efir mədəniyyəti deyilən bir anlayış var! Axı, sən milyonların ağıl umduğu bir ziyalı təbəqəni təmsil edirsən! ? Daha bir nüans: utancaq, istedadlı şairələrimizlə yanaşı, şou-bizneslə əlaqədar dadsız-duzsuz verilişlərdə efirdən düşməyən bir neçə “uzunsaçlılarımız”da  var. (Hər halda aparıcılar onları “məşhur” və “son dərəcə istedadlı şairələr” kimi təqdim edirlər.)  Ancaq mən bilmirəm onlar aşıqdırlar, yoxsa şairə!

     Bəzən maraqla izlədiyimiz ciddi ədəbi proqramlara da  (Bütövlükdə bu verilişlər təqdirəlayiqdir) dəvət olunmuş, yaşı 50-60-ı haqlamış şairlərin şeirləri ilk məhəbbətdən təsirlənib şeir quraşdıran bir gəncin  ilk qələm təcrübələrini xatırladır. Qarşısındakı stolun üstündə də onun cild-cild kitabları nümayiş etdirilir. Düşünürsən ki,görəsən,  hansı məziyyətlərinə görə onu efirə çağırıblar? Yaxud sovet dövründə bir dəfə də olsun imzası görünməyən bu adam indiyədək harada imiş? Belələri anlamalıdırlar ki, efirdə görünməklə deyil, təqdim etdikləri əsərlərlə yadda qala bilərlər. “Şair və şeir bumunun” yaranmasında” divar qəzeti kimi iki ayda bir dəfə işıq üzü görən “qəzetlər” də az rol oynamır. Səhifə-səhifə maneəsiz “şeir” çap etdirən bəziləri elə zənn edirlər ki, nadir poeziya nümunələri yaradıblar. İş o yerə çatır ki, öz adını yazanda səhv buraxanlar, sözə dəxli olmayan müxtəlif peşə adamları pensiyaya çıxan kimi “şeir” yazmağa başlayırlar. Bir də görürsən kişinin qoltuğunda beş-altı cild nəfis tərtibatlı kitab Yazıçılar Birliyinin pilləkənlərini şəstlə qalxır. M.Araz demişkən indi “…Hamı deyən olub,  yazan olubdur. İlhama sarılmaq, qələm götürmək, papiros çəkməkdən asan olubdur”. Acınacaqlı bir problem də, artıq səslənməkdə–üzə çıxmaqdadır. “Qızdırmalı pulu” olanların (yazıçı kimi tanınsın deyə) başqasına bədii əsər yazdırması, kitab buraxdırması” kimi xəbərləri eşidəndə nitqim quruyur, hətta inanmağım gəlmir. Hələ sovet dövründə özünə diplom işi, namizədlik, doktorluq dissertasiyaları yazdıranlar barədə eşitmişdim. 70- ci illərdə Şamaxıda Şıxəli adında çox savadlı, lakin sadə olduğu qədər də sadəlövh bir aqronom var idi. Görünür, saf insan olduğuna görə  sovxozda da öz vəzifəsindən “barınmadığı” üçün üz-gözündən, üst-başından da kasıblıq tökülürdü. Deyirdilər ki,  o, Gəncədəki keçmiş Kənd Təssərüfatı İnstitutunun tələbələri üçün diplom işi yazır, əvəzində qəpik-quruş alır. Cəhənnəmə ki… Belə şeylər bir dəfə yazılır. Bədii yaradıcılıq isə ardıcıllıq tələb edir və hər yazıçının özünəməxsus üslubu olur.  İlahi, görəcəkli günlərimiz varmış!  Ona görə də “Əədəbiyyat təəssübu çəkən” bəzilərinə demək istəyirəm: ”Şəxsi münasibətlər  zəminindəmi, yaxud “ ilanı Seyid Əhməd əliylə tutmaq istəyən”, lakin  üzdə görünməyən birisinin təhrikiyləmi peşəkar bir qələm adamlnl  nüfuzdan salmaq, haqq-nahaqq  təhqir etmək əvəzinə, nə əcəb “qondarma yazıçıları” ifşa etmirsiniz? Digər bir xoşagəlməz məqam da nəyinsə xatirinə zəif əsərlərə, xüsusilə köçdən qalmamaq naminə yazılan mənzum parçalardan ibarət  kitablara tanınmış ədəbiyyatşünas alimlərin bəh-bəhlə “sözönü” yazmasıdır. Bu, isə onsuz da özünü şair sayan binəvanı bir daha bədbəxt eləmək deməkdir. Ədəbiyyatımız bir yana, heç olmasa, imzanıza hörmət edin, alim qardaşlar!  Kitabın titul vərəqində  görüntü xatirinə redaktor kimi adı yazılanlar məgər bilmirlərmi ki, redaktor həmin kitaba ən azı yazıçının özü qədər məsuliyyət daşıyır?! Bu da laqeydliyin təptəzə forması!…

    Tək-tük təsadüfi “qonaqları” nəzərə almasaq,  son illər ciddi ədəbi proqramlarda, həmçinin telemüsahibələrdə Anar, Elçin, Ç.Abdullayev, F.Qoca, F.Sadıq, N.Həsənzadə, S.Rüstəmxanlı, M.Yaqub, V. Səmədoğlu, Ə. Əhməd, Z.Yaqub, N. Hacızadə, V.Yusifli, V. Məmmədəliyev,  N.Cəfərov, E.Hüseynbəyli, R.Rövşən, Ç. Əlioğlu, V. Bəhmənli, B. Vəziroğlu, A. Cəmil, M.Ələkbərli, A.Həsənli, İ. Etibar, Ə.Əmirli, T. Taisoğlu, Ə. Ol, V.Aslan, S. Babullaoğlu, Ə. Qoşalı, Q. Nəcəfzadə, N.Gün, Şövkət, X. Rza, Fərqanə…və s. kimi yazıçılar, şairlər, ədəbiyyatşünas alim və  tənqidçilərin maraqlı söz-söhbətləri, şeirləri, oturuşu-duruşu   tamaşaçının ürəyindən olmaya bilərmi?  Bu da  gənclər üçün bariz nümunə!

    Poeziyamizin ən yaralı yeri aydın fikir, qayə, obrazlı dil problemidir. Bu problem hər dövrdə mübahisə mövzusu olub. Əllaməlik etmək, bilərəkdən, yaxud bilmədən “tapmaca” yazmaq, heç bir çərçivəyə sığmayan formalar icad etmək  kimə və nəyə lazımdır? Deyəsən,  çoxları “Ədəbiyyat nəzəriyyəsi” adlı kitabı vərəqləməyi özünə rəva görmür. Yəqin ki, onu da köhnəliyin qalığı sayırlar. Ona görə də belələri öz ədəbiyyat tarixini bilməyi də artıq bir şey  hesab edirlər. Bəs onda yazıçı nəyi bilməlidir?  Bir gənc şairin “Mən doqquz milyon üçün yox, 9 nəfər üçün yazıram” deməsi qəribə mühakimə deyilmi? Şeirdə əsas qayə aydın olmalı, obrazlı dil, forma ona xidmət etməlidir. “Obrazlı dil” “quş dili” deyil. Dünyada təxminən 2500 danışıq dili mövcuddur. Hələ ki,  elə bir dil yoxdur. Əfsanəyə görə, yalnız Süleyman peyğəmbər heyvanların, quşların dilini bilirmiş. Yoxsa peyğəmbərlik iddiasında olan da var? Bəlkə Azərbaycanımızın, geniş mənada Yerin dərd-səri qurtarıb,  kiminsə könlünə başqa  planetlərin “qara sevdası” düşüb, daha ona “küçə dar gəlir”? Yəqin “Azərbaycan şairi tituli işə  yaramır. Ay şairi, Mars şairi, Yupiter şairi yarlığı necə? Hər planetin də öz dili! Əcəb təntənəli səslənir!

    Yazarlar arasında mənim ən çox nifrət etdiyim regionçuluğun və müxtəlif qruplaşmaların olmasıdır. Bəlkə əvvəlcə  bir “ədəbi xəritə” tərtib edək. Bakı, Şəki, Şirvan, Qarabağ, Mil-Muğan, Talış… və s. kimi bölgələri, sonra da şəhərləri və kəndləri bir-birindən ayıraq, olaq filan bolgənin, şəhərin, yaxud kəndin “şairi.” Faciə deyilmi? Şahliqlara, xanlıqlara bölündük, qanımızı axıtdılar,  itirə-itirə gəldik, Dədəmiz Qorqud demişkən, şükür ki, qırılıb qurtarmadıq, nəhayət, yenə müstəqil bir dövlət qurmaq qismətimiz oldu. Görəsən, başımıza gətirilən bəlalardan niyə dərs almaq, nəticə çıxarmaq, ibrət götürmək istəmirik?  Əgər SÖZÜMÜZ bölünsə, bax, onda vay halımıza! Yazmaq üçün hökmən qruplaşma lazımdırmı? Nəyi və necə yazmağı kim kimə qadağan eləyir ki? Əruzda da, vəznli-vəznsizdə də, sərbəstdə də, nə bilim nöqtəsiz-vergülsüz də, ağ şeir də, mənsur şeir də, nəsr əsərləri də, bir sözlə, hansı janrda, hansı ölçüdə olur olsun, nə istəyirsinizsə yazın, təki əqidə təmiz, fikir aydın, dil səlis olsun. Təki min beş yüzillik tarixə malik Azərbaycan poeziyası müasir dünyada da ən qüdrətli poeziya kimi tanınsın.     

    Poeziynın yazılmamış, təkzibolunmaz bir qanunu var: şair öz ürəyinin səsini dinləsə, öz ürək çırpıntıları üstdə köklənsə, o zaman yaranan gözəl şeir özünə yaraşan “libasda” (formada) gələcək və başqalarını da ovsunlayacaq. Yerigəlmişkən,    müəyyən qədər təcrübə qazanmış cavan şairlərin poema kimi irihəcmli əsərlərə meyl göstərməməsi də problemin digər tərəfidir. Yalnız qanında-canında təvazökarlıq, əsərlərində səmimiyyət olan yazıçılar asanlıqla oxucu rəğbəti  qazanırlar.

    Ədəbi tənqid ədəbiyyatın istiqamətverici mayakıdır. Müəyyən zaman kəsiyində yaranan çaşqınılığı yalnız ədəbi tənqid aradan qaldıra bilər. Qınamalı deyil: tənqid deyəndə hamı səksənir, çünki sovet dövründə mövcud olan ideologiyanın “Domokl qılıncı” yada düşür. Artıq zaman o zaman deyil. Böyük tənqidçi Belinski məşhur  “Qoqola məktub”nu yazanda da, Dobrolyubov Turgenevin yaradıcılığı ilə əlaqədar “O gün nə vaxt gələcək” adlı məqaləsini qələmə alanda da Rusiyada kapitalizmin tüğyan eləyən vaxtı idi. Tənqid üçün həmişə meydan var, demək, quruluş və məkan anlayışı nisbi xarakter daşıyır.  

    Tənqidçi yaradıcılıq yolunda büdrəyən, dumana düşən adam kimi yolun səmtini itirən yazıçıya böyük ədəbiyyat naminə  kömək əlini uzadan xeyirxah xilaskar olmalıdır. Çox güman ki, belə də olacaq.  Bununla yanaşı, əvvəlki yazılarımın birində dediyim bir fikri təkrar etmək istəyirəm:” Tənqidimiz hələ ki “tərif dövrünü” yaşayır. Əgər bu “keçid dövrü” uzansa, həqiqətin yolu uçuruma dirənə bilər…”  

 Azərbaycan Yazışılar Birliyi 90-cı illərin əvvələri ilə müqayisədə indi nəhəng və  işlək bir quruma çevrilib, eyni zamanda  hər kəs də yaxşı bilir ki, Birlik Anarın şəxsi nüfuzu hesabına bu səviyyəyə çatıb.O da gizli deyil ki, ədəbi nəşrlər dövlət hesabına maliyyələşən kimi, bəzi sosial məsələlərin həlli gündəmə gələndə axın başlayıb. İndi bu qarşısıalınmaz axın öz məcrasına sığmır. Çay daşanda isə sel hər nə desən gətirir.    Belə getsə, doqquz milyonluq əhalinin yarısı rəsmi “şair statusu” alacaq və bu da həlli müşkül problemə çevriləcək. Lakin Birlik bəlkə də yeganə qurumdur ki, burada dəvənin ovsarı ulağın quyruğuna bağlanmayıb. Çox şükür. (Bu ifadəyə görə üzr istəyirəm.) Birincisi ona görə ki, Anar nəinki podsovet məkanında, hətta bütün türk dünyasında,  eləcə də bir sıra Qərb ölkələrində görkəmli  yazıçı və  ictimai xadim kimi tanınır. Biz  gəncliyimizdən üzü bəri (yaşıdlarımı nəzərdə tuturam) Anarın da, F. Qocanın da  əsərlərini sevə-sevə oxumuşuq. Onlar gözümüzün qabağında saç ağardıblar. Əgər bu gün Birlik dünya ölkələrinin ədəbi qurumları arasında sayılıb seçilirsə,  bu məsələdə də sədrin şəxsi nüfuzu çox böyük rol oynayıb deməsək, insafsızlıq olar, çünki bu, faktdır.

    İdarəçilik məsələsinə gəlincə: əgər AYB ən böyük missiyası haqq-ədalət olan  y a z ı ç ı l a r ı n  təşkilatıdırsa, orada ƏDALƏTSİZLİYƏ  yer olmamalıdır.  Vəssalam!

BAKI,  31.05– 4.06.  2014.                                                  

     SÖZARDI. Yazıda bəzilərinin qeyri-əxlaqi davranışları,  efirdən düşməyən istedadsızların sanki bilərəkdən  təbliğ olunması, ədəbiyyatdan xəbərsiz imkanlıların “yazıçılıq sevdası” və s. kimi məqamlarda  səsləndirdiyim fikirlər filologiya elmləri doktoru, görkəmli  tənqidçi  Vaqif Yusiflinin “Ədəbiyyat” qəzetinin 6. 06. 2014-cü il tarixli nömrəsində şair Sərvaz Hüseynoğluna verdiyi geniş müsahibəsində ürəyimdən xəbər verən mülahizələri ilə qismən də olsa üst-üstə düşür.  Demək, mən tək deyiləm. Göründüyü kimi, çağdaş ədəbi mühitimizdəki mövcud problemlər çoxlarını düşündürür.       

 6.  06.  2014.                

İLKİN MƏNBƏ:

Etibar Etibarlı – Ədəbiyyatı şouya döndərmək günahdır

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİ – AYB – HAQQINDA

Azərbaycan Yazıçılar Birliyinin tarixi

Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılmışdır. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birləşmələrin tərkibində fəaliyyət göstərirdilər. 1923-cü ildə Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti meydana çıxarkən bir neçə yazıçı çap etdirdikləri müraciətdə “Türk ədib və şairlər ittifaqı dərnəyi” təsis etdiklərini bildirdilər. Həmin ədəbi birlik “İldırım” adlanırdı. “Qızıl qələmlər” ədəbi cəmiyyəti də təxminən bu dövrlərdə formalaşmış, öz ətrafına gənc ədəbi qüvvələri toplamışdı. Bu cəmiyyət əsaslı və ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradıldı, ədəbi dərnəkləri öz ətrafında birləşdirdi. “Qızıl qələmlər” cəmiyyəti tez-tez müşavirələr, ədəbi gecələr, görüşlər, məruzələr təşkil edir, tədbirdər həyata keçirirdi. “Maarif və mədəniyyət” jurnalında, “Kommunist” və “Gənc işçi” qəzetlərində müntəzəm verilən ədəbi materiallar, “Qızıl qələmlər”, “Oktyabr alovları” almanaxları və ayrı-ayrı məcmuələr ədəbiyyatın təbliğinə, kütləvi surətdə yayılmasına xidmət edirdi. 1927-ci il iyul ayının əvvəllərində Azərbaycan yazıçılarının birinci ümumi yığıncağında bütün ədəbi qüvvələri bir təşkilat ətrafında birləşdirmək qərara alındı. Beləliklə, Azərbaycan Yazıçılar Cəmiyyətinin müvəqqəti idarə heyəti yarandı. Bakıda Ümumazərbaycan yazıçılarının birinci (13.01.1928) və ikinci qurultayı (20.X.1929) çağrıldı. 

ÜİK(b)P MK-nın ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında 1932-ci il 23 aprel tarixli qərarından sonra Azərbaycan Yazıçılar Cəmiyyətinin yenidən qurulması haqqında təşkilatı tədbirlər görüldü və Azərbaycan Yazıçılar İttifaqı yaradıldı
 
İDARƏ APARATI:

Anar – sədr – Azərbaycan Yazıçılar Birliyini təmsil edir, Birliyin işinə ümumi rəhbərlik edir, müqavilələr bağlayır. www.anar.az 
Fikrət Qoca – birinci katib – icra aparatına rəhbərlik edir, sədr vəzifələrini müvəqqəti icra etmədikdə onu əvəz edir. www.fikretqoca.az 
Çingiz Abdullayev -katib (təşkilat – təsərrüfat məsələləri üzrə) www.chingizabdullayev.ru 
İlgar Fəhmi – katib (yaradıcılıq məsələləri üzrə)
Rəşad Məcid – katib (gənclərlə iş üzrə)
Nazim İbrahimov – sədr müavini

Azərbaycan Yazıçılar Birliyinin Rəhbərləri:
 
Məmmədkazım Ələkbərli

(1905-1938) 
Ələkbərzadə Məmmədkazım — tənqidçi, 1934-cü ildən AYB-nın üzvü. 

1905-ci il yanvarın 24-də Dərbənd şəhərində anadan olmuşdur. Bakıda, APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1923-1927). Moskvada Qırmızı professorlar (1930-1934) institutunda təhsilini davam etdirmişdir. 

ADU-nun rektoru, müxtəlif illərdə AYİ idarə heyətinin sədri, Azərbaycan KP MK yanında «Kommunist» nəşriyyatının direktoru, «Ədəbiyyat qəzeti», «Bakinski raboçi». «Vışka» qəzetlərində baş redaktor olmuşdur. 

«İdealizm və materializm və yaxud yeni fəlsəfə» (1927), «Yeni əlifba və orfoqrafiya» (1929), «Azərbaycan ədəbiyyatı» (1935) kitablarının müəllifi olmuşdur. 

1938-ci ildə cəza təqdirləri dövründə güllələnmişdir.

Seyfulla Şamilov
1936

(1902-1974)

Şamilov Seyfulla Əli oğlu — nasir, publisist, tərcüməçi, 1937-ci ildən AYB-nın üzvü.

1902-ci il oktyabrın 10-da Azərbaycanın Qazax qəzasının Tatlı kəndində anadan olmuşdur.

Bakıda partiya məktəbini bitirmişdir (1921-1925). Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fəlsəfə kafedrasının dosenti (1931-1933), «Kommunist» qəzetində məsul redaktorun müavini, «Gənc işçi» qəzetinin məsul redaktoru, Azərbaycan Proletar Yazıçılar Birliyi təşkilat komitəsinin sədri (1932), Azərbaycan Yazıçılar İttifaqı idarəsinin sədri (1936), «İnqilab və mədəniyyət» jurnalının, «Əədəbiyyat qəzeti»nin məsul redaktoru (1936-1937), Uşaqgəncnəşrdə baş redaktor (1955-1962) vəzifələrində işləmişdir. «Şərəf nişanı» ordeni və Mədəniyyət Nazirliyinin «Əlaçı işçi» fəxri medalı ilə təltif olunmuşdur.

«Leninin pedaqoji üsulları» (1925), «Dördüncü il» (1929), «Laçın» (1932), «Seçilmiş əsərləri (1974), «Nigarın məcarası» (1977) kitablarının müəllifi olmuşdur.
 
Rəsul Rza
1938-1939

(1910-1981)

Rzayev Rəsul İbrahim oğlu – şair, dramaturq, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycanın Xalq şairi (1960), SSRİ Dövlət mükafatı laureatı (1951), Azərbaycan Ali Sovetinin deputatı, Azərbaycanın Əməkdar İncəsənət xadimi (1945). 

1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində maarifpərvər ailədə doğulmuşdur. Tbilisidə Zaqafqaziya Kommunist Universitetinin korperasiya şöbəsində təhsil almışdır (1926-1927). Azərbaycan Elmi-tədqiqat İnstitutunun aspiranturasında (1931-1933), Moskvada Kinematoqrafiya İnstitutunda təhsilini davam etdirmişdir (1934-1937). 

«Gənc işçi» qəzeti redaksiyasında tərjüməçi, Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi (1937-1938), Azərbaycan Dövlət Filarmoniyasının müdiri (1938), Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri (1938-1939), Bakı kinostudiyasının müdiri (1942-1944), kinematoqrafiya idarəsində rəis (1944-1946), Azərbaycan SSR kinematoqrafiya naziri (1946-1949), Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının baş redaktoru, Ümumdünya Sülhü Müdafiə Komitəsi Rəyasət Heyətinin üzvü, Afrika və Asiya ölkələri Sovet Həmrəylik Komitəsi Rəyasət Heyətinin üzvü və respublika üzrə sədri, SSRİ Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü, «Novosti» Mətbuat Agentliyinin Azərbaycan şöbəsi idarəsinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin (VII çağırış) deputatı, Azərbaycan KP təftiş komissiyasının üzvü seçilmiş, Lenin və SSRİ dövlət mükafatları komitəsinin üzvü olmuşdur. Xidmətləri yüksək qiymətləndirilmiş, ona fəxri adlar verilmiş, üç dəfə Lenin ordeni və medallarla təltif edilmişdir. 

«Qanadlar» (1939), «Çinar» (1939), «Könül səsləri» (1954), «İllər və sətirlər» (1966), «Duyğular, düşünjələr» (1964), «Üzü küləyə» (1978), «Seçilmiş əsərləri» beş cilddə (2002) və başqa kitabların müəllifi olmuşdur. 

1981-ci ildə aprelin 1-də Bakıda vəfat etmişdir. 
 
Süleyman Rəhimov
(1900-1983)

(1900-1983)

Rəhimov Süleyman Hüseyn oğlu – nasir, 1938-ci ildən AYB-nın üzvü, Azərbaycanın xalq yazıçısı (1960), Sosialist Əməyi Qəhrəmanı (1975).

1900-cu il martın 22-də Yilezavetpol quberniyası Zəngəzur qəzasının Əyin kəndində anadan olmuşdur. ADU-nun tarix fakültəsində təhsil almışdır. Azərbaycanın Laçın, Samux, Şahbuz və Noraşen rayonlarında rəhbər partiya işlərində çalışmışdır (1934-1937). Azərbaycan Yazıçılar Birliyinin sədri (1939-1940), (1944-1945), Azərbaycan K(b)P Bakı şəhər komitəsində təbliğat üzrə katib (1940-1941), Azərbaycan K(b)P MK-da təbliğat və təşviqat şöbəsinin müdir müavini (1941-1944), Azərbaycan Nazirlər Soveti yanında Mədəni-Maarif İşləri Komitəsinin sədri (1945-1958) vəzifələrində işləmişdir.

Azərbaycan Jurnalistlər İttifaqının «Qızıl qələm» mükafatına (1972) layiq görülmüşdür. Üç dəfə Lenin orleni (1946, 1970, 1975), «Qırmızı Əmək Bayrağı» (1959), «Şərəf nişanı» (1942) ordenləri və medallarla təltif edilmişdir.

«Şamo» (I,II c. 1931, 1940), «Saçlı» (1944), «Ata və oğul» (1949), «Mehman» (1953), «Ana və abidəsi» (1967), «Mahtəvan» (1968), «Seçilmiş əsərləri» (üç cilddə, 1968-1981) və s. kitabların müəllifidir.

1983-cü il oktyabrın 11-də vəfat etmişdir.
 
Səməd Vurğun

(1906-1956)

Vəkilov Səməd Yusif oğlu – şair, dramaturq, tərcüməçi, tənqidçi, ədəbiyyatşünas, publisist, ictimai xadim, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iki dəfə SSRİ Dövlət mükafatı laureatı (1941-1942), Azərbaycan EA həqiqi üzvü (1945), Azərbaycanın Əməkdar İncəsənət xadimi (1943), filologiya elmləri fəxri doktoru (1956), Azərbaycanın Xalq şairi (1956). 

1906-cı il martın 21-də Azərbaycanın Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olmuşdur. Moskvada II Dövlət Universitetinin ədəbiyyat fakültəsində təhsil almışdır (1929-1931). APİ-ni bitirib elmi-tədqiqat institutunda, daha sonra APİ-nin dil və ədəbiyyat fakültəsində aspirant olmuşdur. 1934-cü il Azərbaycan Sovet yazıçılarının I qurultayında İttifaqın məsul katibi seçilmişdir. Ümumittifaq sovet yazıçılarının I qurultayında Yazıçılar Birliyi rəyasət heyətinin üzvü (1934), ZŞFSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü (1935) seçilmişdir. Uzun müddət Azərbaycan Sovet Yazıçıları İttifaqı rəyasət heyətinə rəhbərlik etmişdir. 1954-cü ildə Azərbaycan EA-nın Prezident müavini seçilmişdir. 

İki «Lenin» ordeni, iki «Qırmızı Əmək Bayrağı» ordeni, «Şərəf nişanı» ordeni və medallarla təltif edilmişdir. 

«Azad İlham» (1939), «İstiqbal təranəsi» (1947), «Dram əsərləri» (1955), «Komsomol poeması» (1958), «Seçilmiş dram əsərləri və poemaları» (1974), «Seçilmiş əsərləri (iki cilddə)» 1976 və s. kitabların müəllifidir. 

1956-cı il mayın 27-də Bakıda vəfat etmişdir

Mehdi Hüseyn
1958-1965

(1909-1965)

Hüseynov Mehdi Əli oğlu – nasir, dramaturq, tənqidçi, 1943-cü ildən AYB-nın üzvü, SSRİ Dövlət mükafatı laureatı (1950), Azərbaycanın xalq yazıçısı (1964).

1909-cu il martın 22-də Azərbaycanın Qazax mahalının II Şıxlı kəndində anadan olmuşdur. ADU-nun pedaqoji fakültəsinin tarix şöbəsində təhsil almışdır (1926-1931), Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenariçilər kursunu bitirmişdir (1938). Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Yazıçılar İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930-1934) Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin katibi (1954-1958), biricni katibi (1958-1965) vəzifələrində işləmişdir. 

«Qırmızı Əmək bayrağı» ordeni və medallarla təltif olunmuşdur. 

«Ölkəm» (1947), «Abşeron» (1949), «Səhər» (1953), «Seçilmiş əsərləri» (üç cilddə, 1954), «Qara daşlar» (1959), «Yeraltı çaylar dənizə axır» (1966) və s. kitabların müəllifi olmuşdur.

1965-ci il martın 10-da vəfat etmişdir.
 
Mirzə İbrahimov
AYB idarə Heyətinin sədri və SSRİ Yazıçılar İttifaqının katibi
1970-1986

(1911-1993)

İbrahimov Mirzə Əjdər oğlu – nasir, dramaturq, ədəbiyyatşünas, publisist, 1934-cü ildən AYB-nın üzvü, Azərbaycanın xalq yazıçısı (1961), Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), SSRİ Dövlət mükafatı laureatı (1950), Azərbaycan Dövlət mükafatı laureatı (1965), Beynəlxalq Nehru mükafatı laureatı (1979), Azərbaycanın Əməkdar İcnəsənət xadimi (1941), Sosialist Əməyi Qəhrəmanı (1981), SSRİ xalq deputatı (1989). 

1911-ci il oktyabrın 15-də (28-də) Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olmuşdur. 1918-ci ildə Bakıya gəlmişdir. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikillik hazırlıq şöbəsində, SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almışdır (1935-1937). Azərbaycan SSR xalq maarif komissarı (1942-1946), Azərbaycan Yazıçılar İttifaqı İdarə heyətinin sədri (1946-1954), biricni katibi (1965-1975), SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi (1965-1975), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1946-1950), Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda XIX əsr Azərbaycan ədəbiyyatı tarixi şöbəsinin müdiri (1960-1970) vəzifələrində işləmişdir. Ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı Şöbəsinin müdiri olmuşdur. 

3 dəfə Lenin ordeni, Oktyabr İnqilabı ordeni və digər orden və medallarla təltif olunmuşdur. Həyat və ədəbiyyat» (1947), «Gələcək gün» (1954), «Böyük dayaq» (1957), «Pərvanə» (1971), «Əsərləri (on cilddə 1978-1981), «Niyəsiz, necəsiz bir yazısan sən» (1985) və s. kitabların müəllifi olmuşdur. 

1993-cü il dekabrın 17-də vəfat etmişdir.
 
İmran Qasımov
1975-1981

(1918-1981) 

Qasımov İmran Haşım oğlu – dramaturq və kinossenarist, (1939-cu ildən AYB-nın üzvü, Əməkdar İcnəsənət xadimi (1960), Azərbaycan Dövlət mükafatı laureatı (1986), Azərbaycanın xalq yazıçısı (1979).

1918-ci il noyabrın 25-də Bakıda anadan olmuşdur. ADU-nun filologiya fakültəsində, Moskvada kino-ssenaristlər şöbəsinin rəisi, Azərbaycan Nazirlər Soveti yanında Kinematoqrafiya nazirinin biricni müavini, Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya üzrə məsləhətçi (1953-1954), «Literaturnıy Azerbaydjan» jurnalının baş redaktoru (1954-1956), Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin biricni katibi (1975-1981) vəzifələrində çalışmışdır. 

Lenin ordeni, «Qırmızı əmək bayrağı», «Şərəf nişanı» ordenləri, SSRİ medalları və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltiıf edilmişdir. 

«Uzaq sahillərdə» (1954), «İllər keçir» (1968), «Fransız qobeleni (Yol qeydləri)» (1970), «İtaliya mozaikası» (1972) və s. kitabların müəllifi olmuşdur. 

1981-ci il aprelin 20-də vəfat etmişdir
 
İsmayıl Şıxlı
(1965-1968)
SSRİ Yazıçılar İttifaqının katibi
(1981-1987)

Şıxlinski İsmayıl Qəhrəman oğlu – nasir, ədəbiyyatşünas, publisist, Azərbayjan komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbayjanın xalq yazıçısı (1984), Azərbayjan Respublikası Ali Sovetinin deputatı (1990), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991). 1919-ju il martın 22-də Azərbayjanın Qazax rayonunun II Şıxlı kəndində anadan olmuşdur. APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1937-1941).

APİ-nin filologiya fakültəsində aspirant (1946-1949), müəllim, baş müəllim olmuş, xariji ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbayjan Yazıçılar İttifaqının katibi (1965-1968) kimi çalışmışdır. «Azərbayjan» curnalında baş redaktor (1976-1978), Azərbayjan Yazıçılar İttifaqının birinji katibi (1981-1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981-1987) olmuşdur. Azərbayjan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991). 

Xidmətlərinə görə «Qırmızı əmək bayrağı» (1979), II dərəjəli «İkinji Dünya müharibəsi» (1985) ordenləri və medallarla təltif edilmişdir. Azərbayjan SSR Ali Sovetinin Fəxri Fərmanını almışdır (1973).

«Ayrılan yollar» (1957), «Dəli Kür» (1968), «Xatirəyə dönmüş illər» (1980), «Məni itirməyin» (1984), «Daim axtarışda» (1988) və s. kitabların müəllifi olmuşdur. 
1995-ji il iyulun 26-da Bakıda vəfat etmişdir. 

Anar
1987 ildən bu vəzifəni icra edir
www.anar.az