MÜBARİZ HÜSEYN (BORÇALI)

ÖMRÜNÜN PAYINI QIŞ YAZA VERƏ

Heyif, o bəyə ki, gəda əlində,
Ömrünü zay edib güdəza verə.
Heyif, O, gəncə ki, sevən qəlbını.
Əyləncə düşkünü bir qıza verə.

Bəxtin qaralığı çox tale didər,
Ömrü min sınağa çəkib incidər.
Dünya hey can atar, yeni bir kədər
Hamıdan atılmış yalqıza verə.

Qəriblər bənd alar, mərdin sərinə
İgidlər, can qıyar, özgə yerinə
Bahara tələsən el xatirinə
Kaş, yarı ömrünü qış yaza verə.

Nələr arzuladım, qaldı gözümdə,
Can üzən əzaba, dözmür dözüm də!
Hər zaman demirəm qüssədə, qəmdə
Omrünün payını çox aza verə.

<<<< MÜBARİZ HÜSEYN (BORÇALI) >>>>

EHTİYATLI OL

Kim yan ötür, kim ınciyir, kim küsür.
Onlar ilə ehtiyatlı dolan sən.
İşləriniz olsa əgər, kəm – kəsir,
Olacaqsan bil ki, tənha qalan sən.

Şirin dillə laf edənə inanma,
Etibarı ürəyindən gəlməsə.
Yalanını pərdələyir, çin anma,
Gen dur, olan yaxşılığı bilməsə.

Nə vaxtdan ki, görünmürdü gözünə,
Birisiylə incik düşsən, gəldisə,
Bil kı, güdüb qazanc gəzir özünə,
Silahıdır, səndən nəyi, bildisə.

Qürurlu kəs anla, heç vaxt sürünmür,
Yad sözüylə vurma mərdə yara sən.
Desələr ki, dostun pisdi, görünmür,
Bəlkə, xəstəhaldı onu ara sən.

<<<< MÜBARİZ HÜSEYN (BORÇALI) >>>>

FƏLAKƏT

Gurlayaraq, uca göydə cəng edib,
İldırımlı şimşək çaxır, fəlakət.
Zərbəsiylə ormanları incidib,
Yandıraraq oda yaxır, fəlakət.

Güc qüvvəsi hey bəşəri çaşdırıb,
Əsdirəndə, ümmanları daşdırıb,
Pak suyu da, əməliylə çoşdurub
Kükrəyərək, sel tək axır, fəlakət.

Güc toplayar, dünyanın bəd şərindən.
Məchul sirrdi, ha öyrənsək dərindən.
Silkələsə dağ oynadar yerindən,
Göydələni yerə yıxır, fəlakət.

Parçalayır ulduzu əlləriylə,
Gah yaranır insan əməlləriylə,
Ayrı salır xalqını elləriylə
Pusqu qurub hər an baxır, fəlakət.

<<<< MÜBARİZ HÜSEYN (BORÇALI) >>>>

BƏXT YOLU

Tələsdirmə heç vaxt, nail olmağa
Səadətin, qənşər gəlsə üzünə.
Səbr edən ol, istəkdən kam almağa
Çıxma yoldan düşübsənsə izinə.

Yanan nurun, ziyasına doğru get
Tez görərsən, ilişməyə nə varsa.
Məqsədini, taleyinə bəyan et,
Əqlə güvən inam razı olarsa.

Ay da düşər məhvərindən çıxarsa.
Bu dünyanın qanunu var, hər işdə.
Bəxt yolunda sağa, sola gedərsə
Büdrəyən kəs tez yıxılar gedişdə.

Demə, gələn vüsala güc göstərəm.
Qeyb edərsən, bəlkə çatım tez, deyə.
Halallığın, doğru yolun istərəm,
Nümunə tək tey çəkilsin özgəyə.

<<<< MÜBARİZ HÜSEYN (BORÇALI) >>>>

DÜNYAYA SUAL

Dünya, etdin insanı,
Yaş payından, kəsəni.
Aparır qəm nöqsanı,
Həyatından küsəni.

İncikliyi salmısan,
Tale, bəxt arasında.
Kama çatan olmusan
Ürəklər yarasında.

Təbiətdə gerçəklər,
Fəlakətə bürünür.
Yox olur gül, çiçəklər,
Hər yanda qan görünür.

Kəmənd atıb, durmadan,
Artırırsan dərd, ahı.
Qətl edirsən sormadan,
Nədir bəşər günahı.

Dağ ki, çəkirsən bizə,
De:- küsməzmi oğul, qız?
Üz tutsa başqa ərzə,
Darıxmazsanmı yalqız?

<<<< MÜBARİZ HÜSEYN (BORÇALI) >>>>

EY CAN!

Ədavət yarası, qaysaq bağlasa,
Kinayəli sözlə qaşıma, Ey can!
Gülmə, get düşmənin evində, yasa
Qoy hörmət qoyulsun yaşıma, Ey can!

Ağacı sev yenə, dərilibsə, o.
Qolunda güc artır gərilibsə, o.
Hansı ümid ilə verilibsə, o.
Qorunmayan adı daşıma, Ey can!

Anla, yolçususan qərq olan köçün.
Yanana, yanaraq hey için – için,
Özgəni ağ günə çatdırmaq üçün
Bəyazlıq gətirdin başıma, Ey can!

Demə ki, edərdim O, bilən olsa.
Əməlin gözlərdən yaş silən olsa
Qəmli görüşünə bir gələn olsa
Ah çəksin baxanda daşıma, Ey can!

Müəll: MÜBARİZ HÜSEYN (BORÇALI)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Gülnar İbrahimli

Nazım Çəkən Olmadı
Deyirəm ay ana, sən gedən gündən,
Sığal çəkən ,nazım çəkən olmadı:
Hərdən gizlənirəm,itirəm gözdən,
İstəyirəm desinlər ki, hardadı?

Niyə atdın məni ?sormaram heç vaxt,
Təki bircə anlıq sən gəl yanıma.
Sənsiz qəribədir xoş deyil həyat
Yerini verməyir heç kəs ,ay ana.

Şıltaqlıq edirəm bəzən, ara bir,
Nazımı çəkmədən etmə deyirlər.
Saçıma sığallar ,çəkilir amma,
Yetimə sığal çək səvab deyirlər.

==========================

Tanrı bəxşişidir
Niyə bəxş eylədi Tanrım bu qədər,
Ağrılı ,acılı dərdləri mənə?
Tanrı bəxşişidir çəkdiyim kədər,
Mənə nə qüsurlu,nə əlil denə.

Mənim də dünyamda günəşim parlar,
Niyə qaranlığa qərq olmalıyam?
Bu qədər sevənim əhatəmdə var,
Niyə əlillikdən mən qorxmalıyam?

Bilinməz dünyada kim nə olacaq?
Sağlamlar dərd tapır ,dərdlər sağalır.
Bu dünya sonunda kimə qalacaq?
İnsana fərq qoymur əcəl aparır.

============================

Xoşbəxtlik açarı

Xoşbəxtlik açarın versələr mənə
Görün bu dünyada nələr eylərəm.
Görərsiz dünənki qoca bir nənə
Bu gün güzgülərə deyir gözələm.

Ömrünü gileylə keçirənlərin
Taleyin yəqin ki mən dəyişərdim.
Gözlərə hökm edən dərin həsrətin
Kökünü kəsərdim,izin silərdim.

Silərdim mənfini müsbət qalardı,
Mənfisiz müsbətlər nəyə yarardı?
Xoşbəxtlik açarın versələr mənə
Mənfi də müsbət tək eşq qazanardı.

Kaş sözün silərdim bütün dillərdən
Olmazdı həyata keçməyən arzu.
Bir əsər qalmazdı müharbələrdən,
Qəlblərdə parlardı sevgi ulduzu.

Qorxular olardı canlardan uzaq,
Silahlar,atomlar məhv edilərdi.
Xoşbəxt böyüyərdi hər körpə uşaq
İnsanlarTanrıya təzim edərdi.

================================

Ayrılanlar yad deyilmi

Səni sevmək bir səhvmiş,
təkliyimlə ödəyirəm bədəlin.
Səni sevmək bir heçmiş,
yoxluğunla heç olubdur bədənim.
Əzab çəkən bir ruhum,
bir də sənin sevgin var
-yaşamaq yaratmaq uğrunda mübarizə edir onlar.
Unutmadan!bir söz də deyim sənə
Unudulan mən deyil,sən olacaqsan həyatda.
Məni unutmaq o qədər də asan deyil.
Bəs xatirələr…
Yaşanan sevgi qanadlı günlər nə olacaq?
Səni əvəz edən mənə o günləri sevgisiylə yaşadacaq.
Amma sən o günləri bir daha,
bir daha əsla yaşamayacaqsan.
Çünki, heç kim səni mənim qədər sevməyəcək.
Eşitdim məni xatirələrdə yaşatmağa çalışırsan.
Verdiyim ucuzlu hədiyyəni yanınca daşıyırsan.
Gərəkmidir bu bizə?
Yaraşırmı sevgimizə?
Faydasız peşmançılıq
lazım deyil nə sənə,nə də ki mənə.
Unut sevgim ,unut məni,
Ayrılanlar yad deyilmi?

===============================

Ata

Dünyada gör necə xoşbəxtəm ki mən
Canımda,qəlbimdə,ruhumda ata.
Sənin tək varlığım tacım var mənim
Sonsuz qüdrətinə heyranam, ata!

Atadır övladın şöhrəti,şanı
Damarda bərq vurar atanın qanı.
Ata bir tacdır ki anadır qaşı
Səndə səxavətə heyranam, ata!

Bu gün övladların sənin nurundur,
Nəvələr tükənməz ,bitməz soyundur,
Verdiyin tərbiyə mənə qürurdur
Qürurla mən səni izlərəm ,ata!
Ömrünə 100 illər istərəm, ata!

Müəllif: Gülnar İbrahimli

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Rahim Üçoğlanlı Rzayev

<<<<————–ŞEİRLƏR—————>>>>

CANIM

Məndən sənə bir əmanət,
Çox özünü sıxma, canım.
Kədər sənə əl eyləsə,
Dönüb geri baxma, canım.

Nadan yandan ötsə,görmə,
Salam alıb, salam vermə.
Geysə kətan, ipək, tirmə,
Hər gözəlçün axma, canım.

Bir axmaqla yoldaş olsan,
Suzsuz qalıb gül tək solsan.
Günlər ilə ac da qalsan,
Dadma onnan loxma,canım.

Dünya xaşıl tək qarışır,
İnsanlar cinnən yarışır.
Demə, şair səhv danışır,
Gəl,sözümdən çıxma, canım.
Ağdam-22.11.2019.

<<<<Rahim üçoğlanlı rzayev>>>>

SƏN MƏNİM İÇİMDƏ YANAN OCAQSAN

Mən, səndən uzaqda bir ocaq daşı,
Sən mənim içimdə yanan, ocaqsan.
Məni kədər sıxır, dərd qucaqlayır,
Sən sevinc tutursan yaman qoçaqsan..

Mən sənə gəldikcə gözdən itirsən,
Yeri tərk eyləyib göydə bitirsən.
Gülüm, elə gəlib elə gedirsən,
Üzün gömək olmur san ki qaçaqsan.

Bir qərib Bülbül tək dil-dil ötürəm,
Qəmdən minbər tikib təvab edirəm,
Məni, həsrət üzür, solub gedirəm,
Sən çiçək açırsan, saçaq-saçaqsan.!
Ağdam-20.11.2019.

<<<<RAHİM ÜÇOĞLANLI RZAYEV>>>>

ÇƏK GÖZÜNÜ ÇIXIM GEDİM

Məni yoldan eyləmə, Qız,
Çək gözünü çıxım, gedim.
Mən bir qərib ruh kimiyəm,
Çək gözünü çıxım gedim..

Gəl., bu hissi ağ, eyləmə,
Dərdlərimi dağ eyləmə.
Düyün vurub bağ eyləmə,
Çək gözünü, çıxım gedim.

Elə baxma., boşum dolar,
Qəlb hönkürüb saçın yolar.
Məni məndən alma, nolar.
Çək gözünü, çıxım gedim..

Rahim, daha eşqə yaddı,
Şairliyim quru addı..
Gecə düşdü,günəş, batdı.
Çək gözünü, çıxım gedim.!
Ağdam-18.11.2019.

<<<<RAHİM ÜÇOĞLANLI RZAYEV>>>>

GƏTİRMİŞƏM

Gülüm, görüşünə çiçək tapmadım,
Lalə tək qızaran üz, gətirmişəm.
Bükmüşəm qəlbimə, qoymaram sönə,
Dünyanı qızdıran köz, gətirmişəm.

Həsrət baxışlarla dəlib daş yaran,
Əksinə zillənib xoş xəyal quran.
Ötən Durnalardan yar deyib soran,
Bir cüt ağlar qalan göz, gətirmişəm.

Rahim, çox düşündü gecə yatmadı,
Sənli duyğulara haram qatmadı.
Bircə gül almağa pulum, çatmadı,
Sinəmdə bir çətən söz, gətirmişəm.!
Ağdam-17.11.2019.

<<<<RAHİM ÜÇOĞLANLI RZAYEV>>>>

ADAMI QOĞAL TƏK YEYİRLƏR ATAM

Qəsd edib, üstünə un çiləyirlər,
Ələkdən keçirib hey, ələyirlər.
Yoğurub xəmir tək kündələyirlər,
Adamı qoğal tək yeyirlər, Atam.

Nadanlar hər yerə dərdlər əkirlər,
Vurub gözəlliyi qırıb tökürlər.
İnsanlıq adına çəpər çəkirlər,
Adama özgə ad deyirlər, Atam..

Göz açıb eşq ilə baxırsan nəyə,
Alçaqlar hay salır mənimdir, deyə.
Çevirib ağ rəngin döndərib göyə,
Adamı tərsinə geyirlər, Atam.

Bir etsən, əvəzin min eyləyirlər,
Sevinci bizləyib kin eyləyirlər.
Şeytan eyləyirlər, Cin eyləyirlər,
Adamı qul edib əyirlər, Atam..

Rahimə qulaq ver, dinlə qardaşım,
Namərdlər içində ağarıb başım.
Hər adam görəndə çatılır, qaşım.
Elə bil alnımı düyürlər, Atam.!
Ağdam-16.11.2019.

Müəllif: RAHİM ÜÇOĞLANLI RZAYEV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əyyub Məmmədov – Söz

   (Jurnalist, şair)

Məzarlar da danışır

Məzarlar da zamanla, 

Dostlaşıb tanış olur.

Bəzi daşlar orda da, 

Fəhləyə məmur olur.

Məzar var ki, başında 

Bir abidə ucalır.

Məzar var ki, başında,

Adi bir daş dayanır.

Məzar var, il boyu 

Həmişə yada düşür. 

Məzar var, tarix boyu, 

Heç ora yolun düşmür.

Məzar var, yanı hasar

Bir qoruğa bənzəyir

Məzar var, kol-kos basır,

Kim olduğu bilinmir.

Adama elə gəlir, 

O daşlar da danışır 

Ona yaxın məzarla, 

Öz dərdini paylaşır.

<<<Əyyub Məmmədovun söz dünyası>>>

“Şəhriyar”

Bir dahi uyuyur qonşu torpaqda 

Adı Şəhriyardı, özü dəryadır. 

Sözü, kəlməsi dürri-yektadır 

Amalı türk olan bir bəxtiyardır.

Bir görmək istədi, öz millətini 

Çəkdi daxilində acı zilləti. 

Qəlbi bu eşqlə hey çırpınırdı, 

Gözündə qor kimi şimşək çaxırdı.

Yanıb odlanırdı, sözdə, sətirdə 

Bir xalq, dövlət, torpaq üstündə 

Vahid birliklə, ulu vəhdətlə,

Şamtək əriyirdi şeir, qəzəldə.

Azadlıq məlhəmin çəkib yaraya 

Vətən nisgilinə dərman edirdi 

O taylı-bu taylı doğma elinə, 

Ürəyi qubarlı salam deyirdi. 

Heydərbaba onsuz qalıb gileyli 

Öz elində olub indi yadelli 

Sarıbaba düşüb xeyli aralı, 

Səsi gəlmir qəlbi olub yaralı.

Neçə əsər yazılıbdır şəninə 

Mahnı qoşub, söz deyiblər şeirinə 

Adı düşmür cavan, qoca dilindən,

Öyrənirlər daim onu dərindən.

<<<Əyyub Məmmədovun söz dünyası>>>

Gecikirsən, ay ürək

Arzuları bir-bir gerçək etməyə
Vaxt azalıb, gecikirsən, ay ürək.
Bu həyatda əməl qoyub getməyə,
Gecikirsən, bir az tələs, ay ürək.

Çoxdandır heç yoxlamırsan özünü
Bəlkə sağlam, bəlkə xəstəsən bilək.
Deyirdin ki, qəm bağlayıb üzünü
Gecikirsən sil dərdini, ay ürək.


Hiss edirəm, içində bir boşluq var
Vaxt ötsə də, dola bilmir bu ürək.
Çox sakitsən, bilirəm ki, sözün var
Töküb, boşalt öz içini, ay ürək.


Pünhan tutmusan neçə sirrini,
Bilirəm vəfada tayın yox ürək.
Hərçənd bilməsələr bəzən qədrini,
Gecikirsən, üsyan elə, ay ürək.


Əvvəlkitək zövq almaqda acizsən
Əl-qolunu itirmiş bir əlilsən.
Son mənzilin uzaq deyil bilirsən
Gecikirsən, aman yoxdur, ay ürək.

<<<Əyyub Məmmədovun söz dünyası>>>

Alov kimi

Bu bahar da payız kimi,
Sarı, qırmızı keçdi..
Yaşıllığı görmədim
Ya da gördüm, hiss etmədim.

Çoxdandı fəsilləri,
Yaman qarışdırmışam
Bircə sən qarışmırsan.
Beynimə qoyduğum kimi,

Yerində dayanmısan.
Dünən küləklə qar,
Yaman çovğun yaratdı
Bütün cismim üşüdü.

Təkcə başımdan başqa
Orda elə qalmısan,
İsti daş kömür kimi
Məni yaman qızdırır,
Xəyalın alov kimi…

<<<Əyyub Məmmədovun söz dünyası>>>

Yarımçıq sevgilər

Məhəbbət yolunda yıxılmaq olar
Yetər ki, qalxmağa bir yolun olsun.
Ayrılıb, yenidən sevmək də olar
Yetər ki, sevməyə bir üzün olsun.

Bir ürək nə qədər sevgi daşıyar?
O olar, bu olar, o biri olar
Qəlb boxça deyil, kim gəldi tuta
Axırda cırılıb, partlayıb daşa

Demə sevənlərim günahkar idi
Yarı yolda qoyub, tərk etdi məni
De mən qəlbimi açıq qoymuşam,
Hər gələn atını oynadıb getdi.

Bir gün geriyə dönüb baxanda
Alnının qırışı çaşdırar səni
Yarımçıq sevgilər bir alov kimi
İçində qaynayıb, yandırar səni.

<<<Əyyub Məmmədovun söz dünyası>>>

Dəniz boyda sevgim…

Gəlmişəm yenə də dəniz seyrinə,
Qəmli fikirlərlə həsrət ötürüm.
Baxıram dənizin ucqar yerinə
Deyirəm təəssüf mənim sevgimə.

Bir vaxtlar dənizi birlikdə sevdik
Gəlib kənarında, qışı yay etdik.
İndi bu yerlərə yalnız gəlirəm
Çılğın dalğalarla köks ötürürəm.

Gələrdik dənizə görüşmək üçün
Qol-boyun olub, sarılmaq üçün.
İndi tək-tək gedirik, düşünmək üçün
Oturub kənarda ağlamaq üçün

Dəniz boyda sevgim, deyərdin mənə
Mən də can deyib, baxardım sənə
İndi bu sularda üzün görünür,
Böyük ləpələrdə səsin duyulur.

Müəllif: Əyyub Məmmədov

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şahin Həmidli – Söz

şahin Həmidlinin söz dünyası

Torpaqla saxlayır çöl pəhrizini

Xəyallar sıyırıb qılncı qından,
Haqq-hesab istəyir ötən çağından.
Ürək əzab çəkir söz qıtlığından
Məntiqlə saxlayır dil pəhrizini.

Əskik olmayıbdır başından bir tük,
İllərdir çiynindən düşməyir bu yük.
Uşaqla uşaqdır, böyüklə böyük,
Adətlə saxlayır el pəhrizni.

Günlər qısaldıqca zaman darıxır,
Təbiət günəşsiz yaman darıxır.
Külək fikir çəkir, duman darıxır,
Torpaqla saxlayır çöl pəhrizini.

<<<ŞAHİN HƏMİDLİNİN SÖZ DÜNYASI>>>

Sevinci gizlədə bilmir əllərim

İftar süfrəsinə tökür varını,
Ürəyim sığınır özü-özünə.
Açır qulaqlarım qapılarını
Məsciddən yayılan azan əsinə.

Dinləyib azanın xoş avazını,
Diz çöküb qibləyə otururam mən.
Həvəslə qılıram şam namazını,
Bir borcu üstümdən götürürəm mən.

Uymuram nəyinsə ucuzluğuna,
Boş-boş baxışlara gözüm son qoyur.
Mənim aclığıma, susuzluğuma
Səbrim rəvac verir, dözüm son qoyur.

Allahın adını gətirib dilə
Etdiyim dualar yerinə düşür.
Çiynimdə oturan mələklər belə
Qıldığım namazın sehrinə düşür.

Borcunu verirəm keçən illərin
Tuta biləmişəm haçan orucu.
Sevinci gizlədə bilmir əllərim
Süfrəyə uzanıb açır orucu.

<<<ŞAHİN HƏMİDLİNİN SÖZ DÜNYASI>>>

Bir qaya dibində bulaq başında

Daşdandır bu dağın yalı, yamacı,
Cığırı, izi də daşa bürünüb.
Zirvənin tərifə yox ehtiyacı
Axı, o, hər yerdən uca görünür.

Duman əlçimlənib ətəklərində,
Çopur qayaları sərtdi, bu dağın.
Özünə bənzəyir küləkləri də,
Daşları özünə dərddi, bu dağın.

Yerin kəramətli pirindəyəm mən,
Xəyala dalmışam bu dağ başında.
Dünyanın ən gözəl yerindəyəm mən
Bir qaya dibində, bulaq başında.

<<<ŞAHİN HƏMİDLİNİN SÖZ DÜNYASI>>>

Yol üstə qayadan süzülən bulaq

Qayanın içindən süzülüb gəlir,
Sonra damcı-damcı tökülür yerə.
Ahəngə çevrilir damcılar bir-bir,
Qarışır torpağa, bükülür yerə.

Özünü yandırıb,yaxan damcılar
O ötən çağların göz yaşlarıdır.
Daşın yanağından axan damcılar
Elə bil torpağın göz yaşlarıdır.

Ağla gələn deyil, bir bulaq ömür
Belə damcı-damcı edə dərdini.
Əl açıb kimsədən nə kömək umur,
Kiməsə danışır nə də dərdini.

Üzündən, gözündən nur tökülür, nur,
Dayanıb yol üstə igid ər kimi.
Qaya nə hıçqırır, nə də hönkürür
İçində ağlayır kişilər kimi.

<<<ŞAHİN HƏMİDLİNİN SÖZ DÜNYASI>>>

Ay Səid, ocağam, kəramətimsən

(Nəvəm Səid üçün)

Sən mənim arzumun, istəyiminsən,
Dərdim olmayacaq danışıb, dinsən.
Babayam, mənimçün imansan, dinsən,
Olum bu imana, bu dinə qurban.

Nəvəli gündüzüm, nəvəli gecəm,
Mən sənsiz olanda həyatda heçəm.
Bütün babaların qəlbindən keçən
Eşqin sərhədinə, səddinə qurban.

Sən mənim eşqimsən, məhəbbətimsən,
Baharam, tərimsən, təravətimsən.
Ay Səid, ocağam, kəramətimsən,
Sənin kəramətli cəddinə qurban

Müəllif: ŞAHİN HƏMİDLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əsmər Hüseyn Xan

GÜNƏŞ KİMİYDİ QADIN…

* * *

Bilsən necə ağırdı bilmək,

Bir daha olmayacağını

Döydüyüm qapının arxasında…

Zəngimə “alo” deyən o səsdə…

Doğum günümdəki təbrikdə…

“Hələlik görüşərik” kəliməsində…

Nə ağırdı bilmək olmayacağını,

Ayaqqabılarının qapının kəndarında…

Pencəyin asılı asılqanda…

Nə ağırdır bilmək olacağını

Tanımadığım, sənə bənzəyən üzlərdə…

Yarım qalmış gülüşlərdə…

Oyanmaq istəmədiyim yuxularda…

Nə ağırdır həmişə olacağını

və heç vaxt olmayacağını bilmək…

<<< Əsmər Hüseyn Xan >>

* * *

Bəs eləmir anlamağa, anlatmaq…

Çıxıb getsəm indi…

Ayaqyalın keçsəm arpa zəmilərindən,

Qızmar günəşin altında

Görsəm,

Necə olur başqa cür yanmaq…

Çıxıb getsəm indi…

Sonuncu izlərimi ləpələr udsa,

boğulsam mavi sularında dənizin

görsəm,

Necə olur başqa cür boğulmaq…

Çıxıb getsəm indi…

Bilmədiyim yollarla bilmədiyim şəhərə,

Ruhum köçsə yad bir bədənə

Görsəm,

Necə olur başqa cür doğulmaq…

Çıxıb getsəm indi…

Hopsam oxunmamış kitab səhifələrinə

Bəzən yetmir anlamağa, anlatmaq..

Görsəm,

Necə fərqli olur oxumaqla, yaşamaq…

<<< Əsmər Hüseyn Xan >>

* * *

Dalğalar kimiydi sevinclər

Şıltaq

Coşğun

Dalğalar izləri,

Sevinclər kədərləri

yuyurdu…

Qumsallar kimiydi kədərlər,

Saysız

Ağrılı

Qumsallar ayağımızı,

kədərlər sol yanımızı

yandırdı…

Sular kimiydi həyat,

Gah isti

Gah soyuq

Sular günahlarımızdan

Həyat savablarımızdan

qopardı…

Göy üzü kimiydi sevgi,

Qüsursuz

Əlçatmaz

Göy üzü dualarımızı,

Sevgi qanadlarımızı apardı…

Dəniz kimiydi qadın,

Dərin

Bənzərsiz

Dəniz onu boğurdu

Qadın, hər gün boğulduğu sahildə

yenidən doğulurdu

Günəş kimiydi qadın…

Müəllif: Əsmər Hüseyn Xan

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Təvəkkül Goruslu

Təvəkkül Goruslu (Məmmədov)

XURAFAT

Bir millətin, camaatın,
Döndər üzün dinə sarı.
Al ləzzətin hər saatın,
Nadanlığı dinə sırı!

Qoyma açsın gözlərini,
Qoyma desin sözlərini,
Gətir yerə dizlərini,
Söylə dindi yoxu- varı!

Təbəssümlə, gülə-gülə,
Şüurları iflic elə.
Qoyma dinə, gələ dilə,
Ayılmasın koru, karı.

Ye, iç , öldür şəhvətini,
Götür, dağıt sərvətini,
İnsanlığa nifrətini,
Dindən uzaq “din” lə sarı!

Götür üzdən ar, isməti,
Qalmasın heç əlaməti,
Xurafatdı nəhayəti,
Bilməyənlər bilsin barı!

11.09.2019.

<<<TƏVƏKKÜL GORUSLU (MƏMMƏDOV)>>>

NİYƏ

Quran yerə nazil olub gəldisə,
Niyə bəşər mövhumata qapıldı?
Haqq yolunu insan görüb bildisə,
Niyə bəşər xurafata qapıldı?

Baş üstündə tutub , bayraq eyləyib,
Məzmununu silib qıraq eyləyib,
Şüurlara silah- yaraq eyləyib,
Niyə bəşər cəhalətə qapıldı?

Nə çox oldu öz ağlıyla yozanlar,
Din söyləyib , dinin kökün qazanlar,
Əldə kitab yoldan çıxıb azanlar,
Niyə bəşər rəzalətə qapıldı?

Cavabını deyən yoxdu bu sirrin,
Qan içində hər qarışı bu yerin,
Nə zamandı vurur, qırır bir- birin,
Niyə bəşər şəhadətə qapıldı?

Qardaş deyir dildə insan insana,
Adəm oğlu asi olub cahana,
Qulaq verən yoxdu aha, amana,
Niyə bəşər fəlakətə qapıldı?

10.09.2019.

<<<TƏVƏKKÜL GORUSLU (MƏMMƏDOV)>>>

ÜRƏK VERMƏRƏM

Hədiyyə eylədim qəlbimi sənə,
Başqa ürəklərə meylini salma!
Götürüb qoysan da tozlu küncünə,
O axı ürəkdi , laqey(i) d olma!

Ürək göndərməyə ünvan axtaran,
Xırda ürəklərin sahibi çoxdu!
Ürəyin ürəkdə dəfn edib duran,
Mənim tək sədaqət göstərən yoxdu!

Mən sənə bir böyük ürək vermişəm,
Səadət taparsan qədrini bilsən!
Ürəklə önünə dünya sərmişəm,
Dünyamız məhv olar önündən silsən!

Təvəkkül sinəndə ürək kimidi,
Ruhumla, canımla səndə cəməm mən!
Eşqinlə su kimi, çörək kimidi,
Bir başqa dilbərə ürək vermərəm!

09.09.2019.

<<<TƏVƏKKÜL GORUSLU (MƏMMƏDOV)>>>

GƏL

Ruhuma dolduqca sevgi qoxusu,
Çəkilib qəlbimə bir başqa yol, gəl.
Nə vaxtdı ” canının ” yoxdu yuxusu,
Yuxu ol, röyam ol, könlümə dol, gəl!

Dirigöz açıram sübhü, sabahı,
Yandırır, dan sökür qəlbimin ahı,
Biçarə könlümün sənsən pənahı,
Yuxu ol, röyam ol, könlümə dol, gəl!

Gecənin qarası olsa da pərdə,
Bükülüb gözümdə olubdu girdə,
Geciksən sevdiyin düşəcək dərdə,
Yuxu ol, röyam ol, gözümə dol, gəl!

Bir dəli adamam, ruham elə bil,
Özümdən çıxmışam, yoxam elə bil,
Tikilib yaxana yaxam, elə bil,
Yuxu ol, röyam ol, özümə dol, gəl!

07. 09. 2019.

<<<TƏVƏKKÜL GORUSLU (MƏMMƏDOV)>>>

XALQIM

Torpaqdan uzaqdı, yurddan uzaqdı ,
Yad olub, yadlaşıb yurduna xalqım!
Sən demə quzudu, qurddan uzaqdı,
Naxələf çıxıbdı qurduna xalqım!

Çoxdandı bölünüb, para- paradı,
Dörd yanı qan verən dərin yaradı,
Nə torpaq aradı, nə yurd aradı,
Bürünüb, bükülüb dərdinə xalqım.

Namus əldən getdi, qeyrət yeyildi,
Namərdlər önündə düşdü, əyildi,
Üzünə hədələr, hədyan deyildi,
Bir kərə baxmadı ardına xalqım!

Bir yanda şəhidlik, bir yanda düyün,
Çal – çağır batırıb ağı səs- küyün,
Zatından igiddi, olub ərköyün,
İtaət eyləyir hər dinə xalqım!

Düzəlt qamətini, hələ gec deyil,
Hay torpaq qaytarmaz, dığa gic deyil,
Vallah, bu etdiyin, kişi, öc deyil,
Arxa ol, dayaq ol orduna xalqım!

Alınsın Qarabağ, gülsün Zəngəzur,
Həm Göyçə, İrəvan tapsınlar hüzur,
Təvəkkül hissinə qapılıb yazır,
Sadiq ol kökünə, irqinə xalqım!

06 09. 2019.

Müəllif: TƏVƏKKÜL GORUSLU (MƏMMƏDOV)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru