AZƏR İSAYEV ailəmizin sonbeşiyi idi. 1992-ci ilin bu günü, 6 oktyabrda Qarabağ uğrunda gedən ağır döyüşlərdə, Ağdərə rayonunun Çıldıran kəndində həlak olub. Sovet ordusu sıralarında tank alayında xidmət keçmişdi. İdmançı, şairlik və rəssamlıq istedadı var idi. Onun “Dağlar” şeirini Sizə təqdim edirəm:
DAĞLAR
(…şəhadətin şərhi…) Görünməyir ərənlərin, Hey baxırsan yola dağlar. Vətən boyda yaram dərin, Mən gedirəm, qala dağlar.
Əlim çatmır neynim sənə, Arxamca bax dönə-dönə. Qoynunda sən bir az mənə Saxla məlhəm, saxla dağlar.
Haqlayanda duman- çəni, Yatıb qalım qoy gecəni. Zirvələrdən endir məni Başına sən dola,dağlar.
2020-ci il yanvarın 1-14 aralığında bir şənbə -bazar Quba -Şahdağ
turu- Zaur Ustacla,
2020-ci il yanvarın 1-14
aralığında Bakı ş. Yasamal r-n, “DAŞ FIRIN” – da Zaur Ustacla yemək.(Xeyriyyəçi və
Mütaliəçi diplomlarının sahiblərin də dəvət etmək şərti ilə),
5 (beş) azn –lik kontur- istənilən operator,
“Tağıyev – Xeyriyyəçi”
Diplomu,
“Napaleon – Mütaliəçi”
Diplomu,
Siz Zaur Ustaca bir qonaqlıq
borclusuz (özünüz istədiyiniz yerdə – rayonlar, ev də ola bilər),
Növbəti “Ana şeirləri” layihəsindən 1 (bir) kitab hədiyyə.
Uduş komissiyasının sədri və uduş siyahısın elan edən
şəxs: Mövlud Ağamməd – Quba – Zərdabi.
Təşkilkatçı – katib: Zaur Ustac – Bakı.
Uduş siyahısı iki nüsxədə tərtib olundu. Elan olunana qədər biri Qubada (Mövlud A.), digəri Bakıda (Zaur U.) saxlandı.
Yazıldı: 27 iyul 2019 – cu il Bakı ş.
Elan olundu: 16 avqust 2019 – cu il Quba r-n, Zərdabi q.
Yazarlar j.
QEYD:
Əvvəlcədən məlumat verildiyi kimi satışda olan 9 (doqquz) ədəd “DAĞLAR” kitabının 49 – cu səhifəsində “1”-dən “9”-a kimi rəqəmlər yazılb, “Yazarlar”- ın möhürü ilə təsdiqlənmişdi. Bu siyahıda həmin rəqəmlərə müvafiq uduşlar öz əksini tapmışdır. Məsələn: Kimin aldığı kitabın 49 – cu səhifəsində “Yazarlar’ – ın möhürü ilə təsdiqli “5” rəqəmi yazılıbsa, o şəxs 5 AZN istənilən operator üçün balans-kontur qazanır.
Seçmə şeirlərdən ibarət “DAĞLAR” adlı yeni kitab – antologiya işıq üzü görüb. Bu kitab Dədə Ələsgərin (1821 – 1926) anadan olmasının 200 illik yubiley tədbirləri çərçivəsində nəşr olunub. Almanaxda bizə məlum olan ilk nümunələr də daxil olmaqla, əksər “Dağlar” adlı nəzm nümunələri toplanmışdır. Bu məqsədlə 21.03.2018 – ci ildən etibarən mütəmadi olaraq KİV (EKİV) və sosial şəbəkələr vasitəsi ilə müasir yazarlar da məlumatlandırılmış, (#daglar200 haştağından istifadə etməklə) “DAĞLAR – 200” layihəsi başladılmış, şeirlərin toplanma tarixinin son günü 29.04.2019 olması barədə dəqiq məlumat verilmişdir. Nümunələrin toplanmasında heç bir limit olmamışdır. Dədə Ələsgərin ruhu qarşısında baş əyir, bu “Dağlar” çələnginin yubiley münasibəti ilə gözəl hədiyyə olacağını düşünürük.
Kitabı əldə etmək istəyənlər, Bakı şəhəri, İnşaatçılar metro stansiyasının üstündə, “LİDER KİTAB EVİ”– nə müraciət edə bilərlər. Kitab – almanax sonadək bir pəncərə qaydasında bu ünvanda olacaq:
Kitab xeyriyyə məqsədi ilə nəşr olunur. Odur ki, heç bir kommersiya marağı yoxdur və gəlir əldə olunması nəzərdə tutulmamışdır. Satışından əldə olunacaq vəsait növbəti “Ana şeirləri” və “Hər məktəbə dörd kitab” layihələrinin icrasına yönəldiləcəkdir. Almanaxın müəlliflərin razılığı ilə elektron variantı da nəzərdə tutulmuşdur. E-kitab hazırlanıb elektron kitabxanalara yerləşdiriləcək.
TƏŞƏKKÜR
Bu işdə bizə təmənnasız dəstək olduqları üçün “Red N Line MMC” -nin rəhbəri Xaqani müəllimə və “LİDER KİTAB EVİ” – nin meneceri Elşad müəllimə bütün “DAĞLAR – 200” layihəsi iştirakçıları adından öz təşəkkürümüzü bildiririk.
Gəlimli-gedimli, ölümlü-itimli bu gidi dünyaya göz açmağından yüz yetmiş il keçir, Dədə Ələsgər! Yüz yetmiş il əvvəl göz açdığın ulu Göyçə torpağı oğuz ərənlərinin yurduydu… Yüz yetmiş il əvvəl piran olub ağır-ağır dolandığın axar-baxarlı yaylaqlar bizim bədöy atların ayaq səslərinə bel bağlayıb yaşıllana-yaşıllana süsənə-sünbülə bürünürdü… Yeddi il əvvəl nurlu məzarına sərin mehiylə layla çalan göyçək gəlin bəzəkli Göyçə gölün ayna suları ruhumuzun dərmanıydı… Dədə Ələsgər, necə ki beləydi, sənin telli saz bağrında yuvalandırdığın:
Bahar fəsli, yaz ayları gələndə Süsənli, sünbüllü, laləli dağlar…
Misralarınla dağlarımızın könül telləndirən tamaşasına dururduq. Bax onda, aydan arı, sudan duru könlümüzü sənin yaylağımız-torpağımız qədər şirin sözlərinə kökləyirdik:
Gözəllər seyrəngahısan, Görüm səni var ol, yaylaq Açılsın gülün, nərgizin, Təzə murğuzar ol, yaylaq!
Daha bu alyanaq sözlər dilimizə gələndə hərəmiz dolub-doluxsunmuş bir buluda dönürük. Dönüb da gözümüz-könlümüz boyu Göyçə həsrətli isti yağışlar yağdırırıq. …Neçə qərinədi ki, dünyanı dəyişibsən. Amma bizim bu ötəri, sərsəm dünyada bircə istəyin olub: ömrün qürubundan köç təbilini çalıb ana torpağına qovuşmaq! Hər birimizin beşikdən, bələkdən üzü bəri bağrımız başında gizlin-gizlin xəlvətcə əzizləyə-əzizləyə gəzdirdiyimiz bu müqəddəs umacağı sən ilahi bir qüdrətlə pıçıldamısan, Dədə Ələsgər:
Öldür Aşıq Ələsgəri Özün günahkar ol, yaylaq.
Bu gülqanad sözlərinin sirri-hikməti neçə yüz il pərvazlana-pərvazlana yol gələndən sonra hələ indi-indi bizlərə əyan olur: yəni ki, a başına döndüyüm yaylaq, məni qərib-qürbətlərə düşməyə qoyma; öldür, sənə – vətənimə, ana torpağıma qarışım. Vətəndə ölmək səadətini ucalardan ucalara qaldıran bu mələk misralar niyə dilinə gəlib, ustad?! El-ulusunun başına gələcək sitəmli-zillətli qəhri-qəzanımı duymuşdun? Kim bilir… Duyuq düşməsəydin telli sazı qarabağır eləyib yanıqlı-yanıqlı sözləri pərişan durna qatarı nisbətində könlündən pərvazlandırmazdın ki…
Eldən-yardan aralı dayanıb duruş gətirməyə tabın-tavanan hardanıydı, Dədə Ələsgər?! Havalanıb məcnun-misal güzəran keçirmək də ovutmayacaqdı səni. O səbəbdən də ayrılıq xiffətinə dözməyəcəyini görüncə dəli könlün bir başqa hökmün fərmanını da verib:
Arsız aşıq elsiz niyə yaşadı? Ölsün Ələsgərtək qulların, dağlar!
Eh, heç nə demə, sən bu fani dünyadan köçünü çəkib gedəndən sonra bizim başımıza gələn olacaqlardan xəbərdar imişsən. Murdar Qara Keşiş törəmələrinin ulu Göyçənin el-camaatını yurd-yuvadan perikdirəcəyi ürəyinə dammışdı. O vaxtlar üzünü Murovun, Murğuzun, dəli Qoşqarın qarlı-qubarlı gədiklərinə tutub xəyalında dolanan qara qayğıları söz-söz, misra-misra çözələyirdin. Onda niyə eşitmirdik sənin səsini? Telli sazı bağrına basıb göyüm-göyüm, göynəyə-göynəyə torpaqlarımızın qaymağı olan Göyçədən göz olmağı vəsiyyət eləyəndə sənin könlündən çox uzaqdaymışıq, ustad. O qədər uzaqdaymışıq ki, qara niyyətini saxta təbəssümündə gizlədən qarı düşməni dost bilirikmiş. Nə sənin bağrıqan misralarının harayını eşidirdik, nə də namərd Qara Keşiş törəmələrinin üzümüzə gülə-gülə, çörəyimizi yeyə-yeyə ayağımızın altını qazdığından xəbər tuturduq. Bu neçə müddətdə bizi aldanan görüb gorunda rahat yata bilməyibsən. İncik, nisgilli ruhun qubarlı sözlərə sığınıb. O sözlər indi-indi gəlib bizlərə yetişir. Göyçəlilər Göyçəsiz qalandan sonra… Daha ulu Göyçədə bizim ellərdən bir nişana yoxdur. Yaylaqlarımız yad yağıların it-qurd səsindən bezib-usanır; nərgiz-bənövşələrin açıldığıynan solduğu bir olur. Durnagözlü bulaqların gəlin güzgüsü çoxdan sınıb. Könülsüz-könülsüz ləpələnən Göyçə gölün ayna suları nə müddətdi ki, saz səsinə, aşıq çal-çağırına tamarzı qalıb. Bu yoxluğun, yiyəsizliyin göynərtisi sənin onsuzda pərişan ruhunu bir də tel-tel eləyib. Dörd bir yanına boylanıb eldən-ulusdan hənir gəlmədiyini görüncə bağrından qara qanlar ələnən yaralı ruhunun sorğusuna kim cavab versin?
Hanı bu yaylaqda yaylayan ellər? Görəndə gözümdən car olur sellər. Seyr etmir köksündə türfə gözəllər, Sancılmır buxağa güllərin, dağlar!
Güləndamlarını, tellilərini, güllülərini, müşkünazlarını öyüb tərifə tutduğun gül-gülzar yaylaqlarda daha özgə ellər yaylayır, Dədə Ələsgər! Dağlar o dağlar, yollar o yollar, sular o sulardı, amma ellə o ellər deyil. Çarx dönüb, qurğumuz pozulub. Göyçənin beçə balı, üzlü qoyun pendiri, qaymağı könül sızldadan nisgilə çevrilib. Güneylilərin damağa dad gətirən kəklikotusu, quzeylərin loğmanmisal yarpızı, talaların qantəpəri, sarıçiçəyi də eləcə… Çal-çağırlı binələrimiz, oğuz bədöylərinin kişnərtisindən lərzə gələn ormanlarımız, qonaq-qaralı ocaqlarımız xəyal avazıdan əlçatmaz bir keçmişdir daha. Sənin pərişan ruhun da o xətirli-mehirli keçmişin dərvişə dönmüş soraqçısıdır:
Hanı mən gördüyüm qurğu-busatlar? Dərdiməndlər görsə tez bağrı çatlar. Mələşmir sürülər, kişnəmir atlar, Onçun pərişandır halların, dağlar!
İndi sənin qəm-qubara bürünmüş əhvalın dağlarındakından da pərişandır, Dədə Ələsgər…
Dövranın acı rüzgarları yurd-yuvanı viran, el-obanı sərgərdan qoyandan bəri haqqı nahaqın pərsənginə keçirən müxənnət zamananın mizanı pozulmuş tərəzisindən də üzün dönüb:
Müxənnət zamana, böymürvət fələk, Şamı sübhə, sübhü şama çəkirsən… …Seyiddən, molladan dostdan xəcalət Bu nə dağdı sən sinəmə çəkirsən?! …Əzizliknən saxladığın aşığı Zəlilliknən imtahana çəkirsən…
Belədə Göyçə oğullarını axtarıb əli boşda qalan yaralı ruhun yuvasından perikmiş kimsəsiz bir quşa dönməsin, neyləsin?! Hanı mərd igidlər, boş qalıb yurdu?.. Niyə dikəlir ruhundan bu göynərtili sual? Köməyəmi çağırırsan mərd igidləri? Olmaya… Olmaya qəbrini…görürsənmi, dilim də gəlmir, ustad. Axı, sənin nurlu qəbrin sazın-sözün müqəddəs haqq ocağıdı. Ocağa əl qaldıranın Allahdan-Tanrıdan qorxusu yoxdumu? Tanrı üzünə ağ olanların bəlasını qadir Allah özü verər, inşallah. Amma bir məsələdə sazın-sözün qeyrətini çəkənlərin də günahı çoxdu. Gərək vaxtında duyuq düşüb ruhunun evini Bakıya köçürəydik.
Ulu Göyçə yiyəsizlikdən, arxasızlıqdan dağıldı, Dədə Ələsgər, elə sənin məzarın da… Bakıdan, Azərbaycandan haray gəlmədi, yaxın durub, əl tutan olmadı. Yağı da baxdı ki, asanca təkləmək olar Azərbaycanın yiyə durmadığı Göyçəni. Təklədi, dağıtdı da! Qarabağ ermənilərinə Ermənistan əzəlindən qahmar durdu. Min cür işləyə, fitnə-fırıldağa əl atıb Moskvanı da özlərinə tərəf çəkdilər. Bizim yelbeyin başbilənlərsə Göyçə, Ağbaba, Zəngəzur, Dərələyəz adı çəkən qeyrətli Azərbaycan oğullarını rus dəyənəkləri ilə yaxşıca əzişdirirdilər. Yadlar-yamanlar bizi bir döyəndə özümüzünkülər beş döydülər. Beş döydülər ki, düşmən baxıb ləzzət aparsın. Onda sənin incik ruhun da özünü döyülmüş bildi. Bilib də yana-yana haray qopartdı:
Təbib yoxdu, dərman etsin yaraya Sızıldaşır yaram, a yana, yana!
Təbib yoxdu… Nə yaman düz tapmısan, ustad! Dərdlərimiz, yaralarımız indi həmişəkindən yüzqat artığıynan təbibə, məlhəmə möhtacdı. Təbibsə yoxdu… Necə ki, təbib yoxdu, zaman-zaman torpağımızın başı min cür bəlalar çəkəcək, göyçəlilər göyçə üzünə həsrət qalacaq, sənin müqəddəs qəbrini ziyarətə gedə bilməyəcəyik…
Yəqin xəbərin oldu, Dədə Ələsgər; göyçəlilər arxasız qalıb Göyçədən çıxanda birbaşa Qarabağa üz tutdular. O vaxtlar Azərbaycanın üzdəniraq başda duranları Qarabağ ermənilərini öz ərköyün balaları kimi püfhapüflə əzizləyirdilər. Döyə-döyə başıbəlalı binəva göyçəliləri Qarabağdan da çıxartdılar. Özü də sapı özümüzdən olan baltalar döyüb çıxartdılar. Oğuz eli nə zamandı ki, arada sərgərdandı. Belədən-beləyə, elədən-eləyə yollanan bu müsibətli camaatın başına gələn olub-olmuşlardan xəbər tutan pərişan ruhun dönüb-dönüb yaralanır:
Köhnə yaram qövr eylədi təzədən…
Eldən ayrı düşən gündən üzü bu yana pərişan ruhunun ən çox pıçıldadığı bu kövrək misra Tanrı dərgahına yüksələn bir dilim yanar ad nisbətindədi. Onun qəm yükünə tən duran bir ayrı nisgilli misran da sənin mübarək ruhundan nigaran olanların dilində əzbərdi:
El yeridi, yalqız qaldın səhrada…
Məhərrəm Qasımlı
İLKİN MƏNBƏ:Goyce. Az və “Vətən” qəzeti 1991-ci il.
Uzun müddətdir ki, Dədə Ələsgərin anadan olmasının 200 illiyi münasibəti ilə həyata keçirilən “DAĞLAR – 200” yubiley tədbirləri çərçivəsində şeirlərin toplanması prosesi gedən “DAĞLAR” kitabı – almanax – “YAZARLAR”-ın xüsusi buraxılışı kimi bu gün çapa imzalanıb nəşriyyata təhvil verilmişdir. Respublika Günü ərəfəsində yeni kitabın kitabsevərlərin ixtiyarına veriləcəyi nəzərdə tutulur.
Gah çıxaram göy üzünə, seyr edərəm aləmi, Gah enərəm yer üzünə, seyr edər aləm məni… Qul Nəsimi.
Dədə
Ələsgər yaradıcılığının aşıq poeziyasının zirvə nöqtəsi, zirvə məqamı
olduğunun, onun tədqiqatı ilə məşğul olan bütün folklorşünaslarımız,
ələsgərşünaslarımız tərəfindən birmənalı olaraq etiraf, təsdiq və qəbul
edilməsi, bu yaradıcılığı sevən, başa düşən, xüsusilə onun sufi mahiyyətini
dərindən anlayan hər kəs üçün şübhə doğurmayan, danılmaz bir həqiqətdir!
Bütövlükdə,
Dədə Ələsgər SÖZÜ, poeziyası alnına Tanrının möhür qoyduğu kamil insan təxəyyülünün,
təfəkkürünün ifadə edə biləcəyi sirli, müəmmalı, sehirli bir gözəlliklə, nurla,
hikmətlə, müdrikliklə nəfəs alan möcüzəli şeir dünyasıdır.
Nəzərinizə
çatdırdığım bu kiçik yazımda məqsədim Dədə Ələsgərin “Getmə, amandı” qoşmasının
yalnız bircə “CAMALIN GÖYÇƏKDİ BAYRAM AYINDAN” misrası, onun
qadın camalının gözəlliyinin tərənnümünün ifadə tərzinin üzərində dayanaraq, bu
misranın dərin məna daşıyan mahiyyətini aşkarlamaq, açmaqdır. Bununla da Dahi
Ələsgər SÖZÜNÜN qüdrətinin yuxarıda vurğuladığım epitetlərini bir daha
təsdiqləmək, ələsgərsevərlərlə birgə bədii zövq almaq, xalqımızın bir çox başqa
millətlərdən fərqli olaraq belə bir fenomen şəxsiyyəti, şairi, aşığı olmaqdan
qürur duymaqdır.
İlk növbədə misrada işlədilmiş sözlərə nəzər
yetirək.
Camal
deyərkən gözümüz qarşısına gözəlliklə, nurla cilvələnmiş üz, sifət, sima gəlir.
Bundan öncə “camal” ifadəsı Tanrının doxsan doqquz adından biridir.
Bayram
deyərkən, əlbəttə, Dədə Ələsgər hər bir azərbaycanlı türkü üçün müqəddəs, əziz
olan Novruz bayramını nəzərdə tutur.
Ay sözü dilimizdə iki ismi məna daşıyır: 1. Yerin peyki, İlin müəyyən dövründə
gecələr səmada parlayan göy cismi kimi; 2. Təqvim ilinin on iki hissəsindən
biri kimi.
Göyçək
sözü, dilimizin Göyçə şivəsində adətən yaraşıqlı uşaqlara, qadına, xüsusən
cavan qız-gəlinə məxsus olan ən göz oxşayan, ürəyə yatan gözəlliyi ifadə etmək
üçün işlənən sözdür.
Bayram
ayı söz birləşməsi isə, misranın daxilində gizlənmiş sehirli, müəmmalı, nurlu
bir gözəlliyi özündə ehtiva edən həyat, təbiət reallıqlarının, Novruz
bayramıyla bağlı adət-ənənələrimizin gözəlliklərinin təcəssümüdür. Adətən Dədə
Ələsgər yaradıcılığını tədqiq edən ədəbiyyatşünaslarımız, Aşığın bu misrada
müraciət etdiyi qadının gözəlliyinin Novruz bayramına təsadüf edən, səmada
təzəcə doğmuş Ayın məsum gözəlliyindən də göyçək olduğuna işarə etdiyini
vurğulayırlar. Bu bənzətmə, bu mənada yalnız qadının camalında cəm olmuş fiziki
gözəlliyi tərənnüm edən olduqca bədii, obrazlı epitetdir.
Lakin,
zənnimcə Dədə Ələsgər, gözəlliyi daha iti, daha məzmunlu, Tanrının məhz ona
bəxş etdiyi “üçüncü gözüylə” daha dərindən GÖRÜR. O, eyni zamanda qadının
camalında bərq vuran, onun baxışlarından oxunan, ürək duyğularından,
hisslərindən süzülüb üz cizgilərində bərqərar olan, inikas edən mənəvi, daxili
gözəlliklərini də aydın görür. Dədə Ələsgər bu gözəlliyi ilahi bir yüksəkliyə
qaldıraraq, onun Novruz bayramıyla bağlı adət-ənənələrimizə xas olan çoxsaylı
gözəlliklərdən də göyçək olduğuna işarə edir. Söylədiklərimi Dədə Ələsgərin
anadan olduğu, yaşayıb yaratdığı qədim oğuz torpağı, oğuz yurdu Ulu Göyçənin
hər bucağında Novruzu qarşılama, keçirmə adət-ənənələri mühitindən kənarda
axtarmaq mümkün deyildir, mənasızdır, bunu məhz onlarda araşdırmaq gərəkdir.
Göyçə
mahalı, əsrlər boyu ona maraq göstərən hökmdarları, tədqiqatçıları, səyyahları,
aşıqları, şairləri ilk növbədə dağlar qoynunda qərar tutmuş öz coğrafi mövqeyi,
gözəlliyi ilə, namusu, qeyrəti, vüqarı hər şeydən uca tutan insanlarının mənəvi
saflığı, ülviliyi ilə özünə cəlb etmişdir. Bu insanlar hələ qədim dövrlərdən
Novruzu təbiətin canlanması ilə bağlamış, astronomik ilin başlangıcı olan
gecə-gündüz bərabərliyi günündə (miladi təqvimi ilə mart ayının müxtəlif
günlərində 20-22-sində, əsasən 21 martda), qışın, köhnə ilin qurtarması, yaz
fəslinin, yeni ilin gəlişi kimi bayram etmişlər. Göyçədə Novruzun gəlişini ilk
növbədə onun füsunkar təbiətinin özü insanlara çatdırardı. Təbiət öz gözəl
əhval-ruhiyyəsilə, “libasının” sehirli dəyişikliyi ilə bildirərdi ki, bahar
artıq astanadadır. Dağların döşündə, yurd torpaqlarında qarın əriməsiylə yerdən
qalxan buxarın isti nəfəsi, onun ətrafa yaydığı müəmmalı ab-hava insanların
qəlbində bir coşqunluq, ilham, təravət, canlanma yaradardı. Təbiətin
gözəlliklə, hikmətlə dolu bu halı Novruza bir neçə həftə qalmış vaxtda
başlayardı. Bayram ərəfəsi olan bu həftələrdə adət-ənənələrlmizə müvafiq olaraq
Novruz bayramına hazırlıq işləri görülər, mərasimlər keçirilərdi.
Göyçədə Novruz bayramı günündən qabaqkı dörd
çərşənbə axşamı, bu gün geniş yayılmış, Azərbaycanda qeyd edilən “su”,
“torpaq”, “yel”, “od” çərşənbələrindən fərqli olaraq “boş tək”, “zibil təki”,
“ölü təki”, “ilaxır təki” adı altında (Göyçədə çərşənbə axşamına “tək”
deyərdilər) xüsusi qeyd olunardı.
İlk
“boş tək”də insanlar təbiətin oyanışının, onun gətirdiyi bahar müjdəsinin müşayiəti
ilə qarşıda gələn həftələrə hazırlıqla məşğul olardılar. Uşaqlara, qız gəlinə
təzə paltar tikilərdi. Əvvəlcədən cürbəcür ərzaq məhsulları, şirniyyat,
qoz-fındıq, ədvalar alınıb ehtiyata qoyulardı.
“Zibil təki” adlanan
ikinci çərşənbə axşamı gününü insanlar evlərində təmizlik, səliqə-sahman,
gözəllik işlərinə sərf edərdilər (evlərin qurumu alınar, içindəki əşyaların
tozu silinər, xalça-palaz , yorğan-döşək çölə günəş qabağına tökülər,
çırpılıb-təmizlənər, palaz-paltar yuyulub qurudular, süzülüb əldən düşmüş köhnə
pal-paltar axırıncı çərşənbədə göyə atılacaq lopalar (məşəllər) üçün,
həyət-bacaya atılıb qalmış bəlim, ağac, odun parçaları, ilin axır gecəsində,
Novruz bayramı axşamı tonqal qalamaq üçün səliqəylə toplanıb həyətin bir
küncünə yığılardı). Nimçələrdə arpa və buğdadan səməni qoyulardı. Bütün bu
işlər qarşıdan gələn bayramın eşqi, havasıyla böyük bir ryh yüksəkliyi ilə
görülərdi. Bu işlərin hər biri eyni zamanda insanların ruhunun, daxilinin
təmizlənməsinə, təzələnməsinə xidmət edirdi. Təbiətdə baş verən qışdan yaza
keçmə dəyişiklikləri kimi böyükdən kiçiyə, ağsaqqaldan, ağbirçəkdən uşağa qədər
insanların daxilində, qəlbində gözəlliklə, xeyirxahlıqla dolu yeni bir
dəyişiklik, canlanma, coşqunluq yaranırdı.
Çox böyük məna daşıyan “Ölü təki” Göyçədə eyni
zamanda “qara bayram” və ya “ölü bayramı” adlanırdı.
Bu
çərşənbə axşamı günü kənd əhli səhər-səhər bir yerə yığışar, kənd mollasıyla
birlikdə böyük bir dəstəylə qəbiristanlığa yollanardılar. İlk növbədə hamılıqla
son bir ildə kəndin vəfat etmiş insanlarının qəbirləri ziyarət edilər, dualar
oxunardı. Bundan sonra kənd əhli ayrı-ayrılıqda öz dünyadan köçmüş doğma və
yaxınlarının qəbrinə baş çəkər, qəbirlər ətrafında təmizlik işləri aparar,
mollaya dua oxudardılar. Evlərdən qəbiristanlığa gətirilmiş şirniyyat camaata
paylanardı (adətən bu ritual, qadınlar tərəfindən icra edilərdi). Bu mərasimdən
sonra kəndə qayıdan camaat molla ilə bərabər son ildə dünyasını dəyişmiş
insanların evinə baş çəkər, dua oxunar, mərhumun ailəsini, doğma və yaxınlarını
yasdan çıxarardılar. Bu evlərdə bir qayda olaraq halva çalınar, ehsan qazanları
asılar, kənd əhli ehsan süfrəsinə dəvət olunardı. “Ölü təki”nin axşamı bir
qayda olaraq yekunda çox gözəl bir tədbirlə, kənd qəbiristanlığında tonqal
qalamaqla başa çatardı.
“Ölü
təki” bu çərşənbə axşamları içərisində xüsusi məna daşıyan, hikmət və
müdrikliklə dolu adətlər mərasimidir. Mən dəfələrlə Göyçənin anadan olduğum
Kəsəmən kəndində həmin günün axşamı insanların simasında, çöhrələrində necə
xeyirxah, necə məsum, necə saf, pak, təmiz hisslər, duyğularla, mənəvi
rahatlıqla dolu cizgilərin əmələ gəldiyinin, hökm sürdüyünün şahidi olmuşam. Bu
dəyişikliklər insanların dünyadan köçmüş əzizlərini dost-qohum-qonşularını yada
salıb xatirələrini yad etməkdən, müqəddəs Novruz bayramını onlarsız
keçirmədiklərini vurğulamaqdan qəlblərində yaranan rahatlığın, təmizliyin,
paklığın, daxili mənəvi gözəlliyin təcəssümüdür. Məgər bu hisslər, duyğular,
mənəvi gözəlliklər insan qəlbini riqqətə gətirən ali, uca, ilahi hisslər,
gözəlliklər deyilmi?
Ətrafda
baş verən hər bir olayı adi insanlardan iti GÖRƏN Dədə Ələsgər bu hissləri,
duyğuları, daxili mənəvi gözəllikləri hamıdan daha dərin başa düşür, hiss
edirdi.
Göyçədə
“İlaxıır təki” (ilin axır çərşənbəsi) çox maraq və təmtəraqla keçirilərdi. Hələ
gün batmazdan evlərdə qazanlar asılar, soğan qabığı ilə yumurtalar boyanar,
süfrələrə yeddilövün (yeddilöyün, yeddi növ) yeməklər düzülərdi. İlaxır
süfrəsini qazanlarda bişirilmiş yeməklərlə bərabər, qırmızı lentlə toqqalanmış
səməni, cürbəcür şirniyyat növləri, əvvəldən hazırlanmış əydək-fəsəlilər,
kətələr, qoz-fındıq, böyük məharətlə qışdan saxlanmış meyvələr, meyvə quruları,
kişmiş və s. təamlar bəzəyərdi. Süfrə boyu yandırılmış şamlar isə ona xüsusi
rövnəq verərdi. Gündüzdən qız-gəlinlər təzə tikdirdikləri tam qırmızı, ya da
qırmızı güllü paltarlarını, baş örtüklərini – kalağayılarını, ipək xamlarını,
örpəklərini, ayaqqabılarını səhmana salar, axşam isə bəzənib, hərə öz
məhəlləsində uyğun bir evə yığışar, saz-sözlə, çal-çağırla çillə şıxarmağa
toplaşardılar. Qaranlıq düşəndə kənd cavanları əllərində vedrə sulaşmağa çıxardılar.
Üstünə su atılmış heç kəs bundan inciməz, əksinə bunu gülüşlə, şən
əhval-ruhiyyə ilə saflıq, paklıq, təmizlik əlaməti kimi qarşılayar, qəbul
edərdilər. Sulaşma çox vaxt səhərə qədər davam edərdi. Eyni zamanda qaranlığın
düşməsiylə həyətlərdə tonqallar qalanar, göyə lopalar atılardı. Göyçənin dağ
döşündə, ətəyində və düzənində yerləşən kəndləri nura qərq olardı, alışıb
yanardı. Kənd cavanları, qızları, uşaqlar, bəzən coşqun, çılğın böyüklər də
tonqalların üstündən tullanar və deyərdilər: “Ağırlığım-ığırlığım
odda yansın”.
Bizim
kəndimiz dağın ətəyində yerləşirdi. Cavanlar və uşaqlar qaranlıq düşəndə dağın
sinəsinə qalxar, tonqallar qalayar, göyə lopalar tullayar, sanki orada bir
“məşəl, tonqal şəhərciyi” yaradardılar. Məşəllərin daha ucaya atılmasıyla,
tonqalların gurluğu və sayı ilə Göyçə kəndləri sanki bir-biriylə bəhsə, yarışa
girirdi. Bu anlarda Göyçədə olan 5-6 erməni kəndi sükuta, zülmətə qərq olardı.
Mənfur, xain, xəbis qonşularımızın nifrət, düşmənçilik hissləriylə münasibət
göstərdikləri biz türklər bu adət-ənənələrimizi daha şövqlə, canfəşanlıqla
həyata keçirərdik. Onlar zülmətə batmış kəndlərindən Göyçəli müsəlmanların,
türklərinin yaratdığı kəhkəşana, gözəlliyə paxıllıq və dərin həsədlə,
oğrun-oğrun tamaşa edərdilər. Bizlərlə nadir hallarda apardıqları bəzi
“səmimi”, açıq söhbətlərində ermənilər onlarda bizim qədim Novruz bayramıyla
müqayisə edilə biləcək bayramı, adət-ənənəsi olmadığını dərin həsəd hissiylə
etiraf edərdilər.
İlin
axır gecəsi eyni zamanda qulaq falına çıxmaq – “qapı pusma” gecəsi idi. Cavan
qızlar-oğlanlar ürəklərində niyyətlərini tutaraq gizlicə qonşu evlərin qapısını
pusub gedən söhbətlərə qulaq asardılar. Əgər qulaq asılan evdən xoş söz-söhbət
eşidilərdisə, bu arzunun yerinə yetəcəyinə işarə idi. Bununla bağlı böyüklər həm
özləri riayət edər, həm də uşaqlara bərk-bərk tapşırardılar ki, bu gecə çalışıb
ağızlarından yalnız xoş söz-söhbət çıxarsınlar. Bu gecə həm də üzük falına
baxmaq gecəsi idi. Qızlar üzüyü sapa, nazik pambığa bərkidib “lal su” (lal su
qızların bulaq başına gedib gələnə qədər, dinmədən bulaqdan gətirdiyi suya
deyərdilər) ilə dolu kasanın üstündə saxlayardılar. Üzük kasaya neçə dəfə
dəymiş olsa, bu həmin qızın o yaşda ərə gedəcəyinə işarə idi.
Səhər
tezdən bəzənmiş qız-gəlinlər bulaq başına toplaşardılar, kimin evində təzə
gəlin, nişanlı qız vardısa onlar ilk dəfə bulaq başına gətirilər və şirinlik
paylanardı.
Bayram
ərəfəsindəki dörd həftə ərzində cavanlar boyadılmış yumurta döyüşdürmək,
yumurta qatara qoymaq yarışları keçirərdilər. Yumurtalarının möhkəm olması üçün
bəzi cavanlar onları duza qoyardılar.
Novruz
bayramı günündən bir gün əvvəl uşaqlar üçün çox maraqlı olan “baca-baca” günü
keçirilərdi. Uşaqlar əvvəlcədən tikdirib hazır saxladıqları uzun saplı
torbaları kənd evlərinin bacalarından və ya qapılarından içəri salaraq bayram
payı aparardılar. Bu münasibətlə evlərdə baca-baca günü uşaqların torbalarına
qoymaq üçün xüsusi “bayram payı” ehtiyat olunardı.
Bizlərdə,
Göyçədə, xalq arasında belə bir rəvayət gəzirdi. Deyirdilər ki, bayram
axşamında, gecə yarısında, köhnə illə təzə ilin vida anında, söyüdlərin salxım
budaqları yerə dəyəcək, atlar dizini yerə qoyub torpağa baş əyəcək. Gecə
yarısına qədər bu rəvayətə nağıllarımız kimi dərindən inanan uşaqları
gözləməkdən şirin yuxu tutar, onlar o anı görə bilməzdilər… Dəqiq deyə
bilmərəm, bəlkə də bu rəvayətdə belə dərin bir hikmət var: Ola bilsin bu
rəvayət Tanrının yaratdığı bitkilər və ruh, can verdiyi varlıqlar köhnə ilin
təhvili, yeni ilin qədəmi, qışın gedişi, yazın gəlişi anında torpağa səcdə
etməklə ondan bol ruzi, bərəkət, xoş güzəran istəyini bildirmək işarəsidir…
Bayram
günü ocaqda bayram aşı dəmlənərdi. Səhər-səhər kəndin bütün kişiləri bir yerə
yığışar, qəbiristanlığa gedər, dünyasını dəyişmiş əzizlərini yad edər, dua
oxudardılar. Qayıdanda, hər ailə başçısı mütləq dükandan şirniyyat alar, ailə
üzvlərinə paylayar, onları bir-bir öpər, “bayramlaşar”dı. Bir gündən
sonra qohum-əqraba ilə bayramlaşmalar başlayardı… Qonşular, qohumlar, qonşu
kəndlərdən olan dostlar, pay-püşlə, bayram xonçası ilə bir-birinin evinə gedər,
bayramlarını təbrik edərdilər… Nişanlı qızların evinə oğlan evindən xüsusi
bağlanmış bayram xonçası gedərdi. Bu adət martın axırına qədər davam edərdi…
Novruzda qədim el adətiylə heç kim küsülü qalmamalı idi. Ağsaqqalların,
ağbirçəklərin, qohum-qonşunun vasitəsiylə bütün küsülülər barışdırılardı.
Hörmətli dostlar! Novruz bayramının mənsub olduğu mart ayında Göyçə mahalında qeyd edilən adət
və ənənələrimizin insanların qəlbində yaratdığı xoş ovqat, əhval-ruhiyyə,
mənəvi hisslər və duyğular gözəlliyini dərindən duyan Dədə Ələsgərə Tanrı nəsib
etmiş ki, belə bir ilahi misranı söyləmiş olsun: CAMALIN GÖYÇƏKDİ BAYRAM AYINDAN!
Zəngin
poeziyamızda gözəlliklə bağlı çoxsaylı inci nümunələrinin mövcudluğunu nəzərə
alaraq, bayram ayının gözəlliklərini görmüş və duyan bir insan kimi tam cəsarət
və məsuliyyətlə deyə bilərəm, nə Dədə Ələsgərə qədər, nə ondan sonra
poeziyamızda qadın gözəlliyini tərənnüm edən belə bir güclü bənzətmə
deyilməmişdir!
Dədə
Ələsgər şeirinin yalnız bircə misrasında hansı hikmətlər, duyğular, hisslər,
sirli gözəlliklər gizləndiyinin, o dühanın hansı möcüzəli gücə malik olduğunun
şahidi olduq!
Allah
DƏDƏ ƏLƏSGƏRƏ dönə-dönə rəhmət eləsin! O nurlu, möcüzəli dühanın o dünyası
nurla dolsun!
Yazımın sonunda “GETMƏ, AMANDI” şeirini bir daha nəzərinizə
çatdırmaq istədim.
Gözəllər sultanı, mələklər şahı, Alagöz cananım, getmə, amandı. Dərdindən xəstəyəm, çəkirəm ahı, Ölürəm, loğmanım, getmə, amandı. *** Camalın göyçəkdi bayram ayından, Görən doymaz qamətindən, boyundan. Layiq deyil qurban kəsim qoyundan, Sənə qurban canım, getmə, amandı. *** Sən mələkzadəsən, ay mina gərdən, Görənin ağlını alırsan sərdən. Kəsmə iltifatın qul Ələsgərdən, Kərəmli sultanım, getmə, amandı.
Ələddin Allahverdiyev, Professor Moskva şəhəri. 17.10.2017.