Sima Azadqızı – Ana

MÖHTƏŞƏM MƏBƏDİM, PİRİM, AY ANA!

(Anam Firuzə xanım Ələsgərovaya ithaf edirəm)

Varlığımı varlığına borcluyam,
Mövlam verən dövlət-varım, ay ANA!
Varlığımda “o varlığın” özüsən,
Zəhmətkeş zənburum-arım, ay ANA!

Eləsgər nəfəsli “Göyçə gülü”msən,
Sonası oxlanmış “Göyçə gölü”msən,
Firuzəm, yaqutum, gövhər-ləlimsən,
Tükənməz sərvətim, varım, ay ANA!

Xudadan bağ-bağat, bar istəmirəm,
Dövlət istəmirəm, var istəmirəm,
Yayın ortasında qar istəmirəm,
Baharın yüz olsun, görüm, ay ANA!

Cənnət məkanımsan, Vətən bağımsan,
Sədəflə bəzənmiş ağ otağımsan,
Uca Çalmalımsan, Ağrı dağımsan,
Quzeydə xar tutan qarım, ay ANA!

Yaradanın töhfə verən payısan,
Nəim cənnətisən, Kövsər çayısan,
İlahəsən, mələklərin tayısan,
Müqəddəs varlığım, hurim, ay ANA!

Həcərül-Əsvədim, müşk-ənbərimsən,
Hər gün baş əydiyim iman yerimsən,
Qibləm, səcdəgahım, Kəbə evimsən,
Möhtəşəm məbədim, pirim, ay ANA!

Tanrı pak yaradır qız övladını,
Əmanət göndərir hər bir qadını.
Hər ana doğrultmur ana adını!
Analar anası – pərim, ay ANA!

Adınız çəkilir Vətənlə qoşa,
Sizə səcdə qılır ağa, bəy, paşa…
Allahdan diləyir Sima: “Yüz yaşa!”,
Susmayan kamanım, tarım, ay ANA!

Müəllif: Sima Azadqızı (Göyçəli)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sima Azadqızı (Göyçəli)

Sima Azadqızı (Göyçəli) haqqında

Sima Azadqızı (Göyçəli) 1974-cü ildə Ulu Göyçə mahalının Ağkilsə kəndində müəllim ailəsində dünyaya gəlib. 11-12 yaşında “Ələsgər nəvəsiyəm” adlı ilk şeirini qələmə alıb. 1988-ci ildə ata-baba yurdundan didərgin düşüb. İbtidai təhsilini doğma Agkilsə kəndində, orta təhsilini isə Daşkəsən rayonunun Bayan kənd orta məktəbində əla qiymətlərlə bitirən Sima xanım, ali təhsil almaq istəyinə nail ola bilməmişdir. 1992-ci ildən Moskva şəhərində yaşayır. Ailəlidir, üç övladı var. Dədə Ələsgərin kötücəsi, İslam Ələsgərin nəvəsi, Firuzə Bisavadın qızıdır.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ramiz Həsənli “Üç yarpaq”-da

Ramiz Həsənli “üç yarpaq” – da


Vətən

Alın yazısıdır ömürdə hər an,
Arzular ürəkdə qalmasın balam.
Dərd-qəmin üstündə dağ tək ucalan,
Ümidlər qalası Vətəndir, Vətən.

Dağlarda yüksəlir bu haray, bu ün,
Ümiddən, arzudan qalalar hörün.
Vaxtsız qışa dönən hər şəhid ömrün,
Baharı, həm yazı Vətəndir, Vətən.

Üstündə dərd yığıb dövrü-zamanın,
Ömrü pərişandı ötən hər anın.
Gözü yaşlı qalan neçə ananın,
Dilinin laylası Vətəndir, Vətən.

Yağsa da torpağa möhnətin qarı,
Heç zaman qırılmaz ümid yolları.
Şəhid oğulların son yadigarı,
Analar anası Vətəndir, Vətən.

<<<<rAMİZ —- HƏSƏNLi>>>>

Göyçə sızıltısı,Ələsgər dərdi

Qəlbimi isidir yaz havaları,
Aşiqə güc verir naz havaları,
Dədə Ələsgərin saz havaları
Yaman sümüyümə düşüb bu axşam.

Yuxum gözlərimdən nədən tək keçir?
Xəyallar,əlində tər çiçək,keçir…
İçimdən dəli bir titrəmək keçir,
Zaman sümüyümə düşüb bu axşam.

Torpaq sədd,elədi nə qədər mərdi,
Tale günahını üstümə sərdi.
Göyçə sızıltısı,Ələsgər dərdi
Aman,sümüyümə düşüb bu axşam!

<<<<RAMİZ —- HƏSƏNLİ>>>>

PİRDİ ƏLƏSGƏR

(Dədə Ələsgərin ulu ruhuna ithaf edirəm.)

O Şahi-Mərdanın durub yanında, 
Haqq nuru çağlayıb onun qanında.
Bil, Saz məclisində, söz meydanında,
Əzəldən bircədi, birdi Ələsgər.

Ariflər zövq aldı onun səsindən,
Zərgər tək ayırdı “əlif”i “sin”dən.
Heç zaman enmədi saz sinəsindən,
Sənət meydanında sirdi Ələsgər.

İrfan dünyasının əvəzsiz şahı,
Könüllər mülkünün oldu pənahı.
Daim zikr eylədi Kəlamullahı,
Əzəldən övliya, pirdi Ələsgər.

Hər vədə nəfsiylə çıxdı savaşa,
Tamahın yolunu çox basdı daşa.
Mərifət elmini yetirdi başa,
Haqqın qapısından girdi Ələsgər.

İlahi, dağılsın qəlbimin çəni
Incitmə Ramiz tək qəlbi incəni.
İnşallah, fürsət ver görüm Göyçəni,
Ruhumu isidən sirdi Ələsgər.

Müəllif: RAMİZ HƏSƏNLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TALIB TALE HAQQINDA

talıb tale haqqında

Talıb Tale haqqında bir-neçe söz demeyi özüme menevi borc bildim.
Talıb Elesger oğlu Elesgerov 16.02.1981-ci ilde Göyçe mahalının Ağkilse kendinde müellim ailesinde anadan olmuşdur. 
1988-bir ilde yüz minlerle soydaşlarımız kimi Qerib Azerbaycandan deportasiya olunmuşdur.
O, Klassik Azerbaycan Edebiyyatının en meşhur simalarından olan Dede Elesgerin kötücesidir. Folklorşünas İslam Elesgerin nevesidir. Aşıq Talıbın adını daşıyır. 
Onun “Elesger ocağı” nın nümayendesi olması haqqında melumat vermemesi, hesab edirem ki, tevazökarlıqdan ireli gelir.
Talıb çox istedadlı bir gencdi, istenilen sahede uğur qazana biler…Müğenni-bestekar kimi fealiyyet göstermesi görünür Tale-nin qismetidir…
Talıb 1998-ci il de Göygöl rayonunda orta mektebi bitirmiş ve hemin ilde de Bakı Dövlet Universitetinin Politologiya fakultesine daxil olmuşdur. 2002-ci il de Universiteti bitirmişdir. Sehv etmiremse 1998-ci ilde “Yeniyetmeler arasında keçirilen kiqboksik üzre respublika cempionatında” birinci yere laiq görülmüşdür. Talıbın gözel ressamlıq qabiliyyeti var, usta kimi çalışmağına da söz yoxdur. Eger istese gelecek de aktyor kimi de kino sahesinde özünü sınaya biler. Ümid edirem ki, Böyük Uğur qazana biler. Elimizde bir mesel var: “Qardaşını tanıyırsan?:-yoldaş olmamışam!”Men Talıbı yaxşı tanıdığım üçun deyirem. Hele telebeiken musiqiye meyl göstermiş ve nehayet ki, Milyonların sevimlisine çevrilmişdir. Biz Talıb Taleye bu “Maşınşou” da ve heyatda uğurlar arzu edirik! Allah qorusun! Amin.

Müəllif: GUNDUZ AZADOGLU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AŞIQ ƏLƏSGƏR

Çərşənbə günündə, çeşmə başında

Çərşənbə günündə, çeşmə başında
Gözüm bir alagöz xanıma düşdü.
Atdı müjgan oxun keçdi sinəmdən,
Nazu qəmzələri qanıma düşdü.

İşarət eylədim dərdimi bildi,
Gördüm həm gözəldi, həm əhli-dildi,
Başını buladı, gözündən güldü,
Güləndə qadası canıma düşdü.

Ələsgərəm hər elmdən halıyam,
Gözəl, sən təbibsən, mən yaralıyam,
Dedi nişanlıyam, özgə malıyam,
Sındı qol-qanadım, yanıma düşdü.

Müəllif: Aşıq Ələsgər

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

EL YERİDİ, YALQIZ QALDIN SƏHRADA…(Dədə Ələsgər)

Gəlimli-gedimli, ölümlü-itimli bu gidi dünyaya göz açmağından yüz yetmiş il keçir, Dədə Ələsgər!
Yüz yetmiş il əvvəl göz açdığın ulu Göyçə torpağı oğuz ərənlərinin yurduydu…
Yüz yetmiş il əvvəl piran olub ağır-ağır dolandığın axar-baxarlı yaylaqlar bizim bədöy atların ayaq səslərinə bel bağlayıb yaşıllana-yaşıllana süsənə-sünbülə bürünürdü…
Yeddi il əvvəl nurlu məzarına sərin mehiylə layla çalan göyçək gəlin bəzəkli Göyçə gölün ayna suları ruhumuzun dərmanıydı…
Dədə Ələsgər, necə ki beləydi, sənin telli saz bağrında yuvalandırdığın:

Bahar fəsli, yaz ayları gələndə
Süsənli, sünbüllü, laləli dağlar…

Misralarınla dağlarımızın könül telləndirən tamaşasına dururduq. Bax onda, aydan arı, sudan duru könlümüzü sənin yaylağımız-torpağımız qədər şirin sözlərinə kökləyirdik:

Gözəllər seyrəngahısan,
Görüm səni var ol, yaylaq
Açılsın gülün, nərgizin,
Təzə murğuzar ol, yaylaq!

Daha bu alyanaq sözlər dilimizə gələndə hərəmiz dolub-doluxsunmuş bir buluda dönürük. Dönüb da gözümüz-könlümüz boyu Göyçə həsrətli isti yağışlar yağdırırıq. 
…Neçə qərinədi ki, dünyanı dəyişibsən. Amma bizim bu ötəri, sərsəm dünyada bircə istəyin olub: ömrün qürubundan köç təbilini çalıb ana torpağına qovuşmaq! Hər birimizin beşikdən, bələkdən üzü bəri bağrımız başında gizlin-gizlin xəlvətcə əzizləyə-əzizləyə gəzdirdiyimiz bu müqəddəs umacağı sən ilahi bir qüdrətlə pıçıldamısan, Dədə Ələsgər:

Öldür Aşıq Ələsgəri
Özün günahkar ol, yaylaq.

Bu gülqanad sözlərinin sirri-hikməti neçə yüz il pərvazlana-pərvazlana yol gələndən sonra hələ indi-indi bizlərə əyan olur: yəni ki, a başına döndüyüm yaylaq, məni qərib-qürbətlərə düşməyə qoyma; öldür, sənə – vətənimə, ana torpağıma qarışım. Vətəndə ölmək səadətini ucalardan ucalara qaldıran bu mələk misralar niyə dilinə gəlib, ustad?! El-ulusunun başına gələcək sitəmli-zillətli qəhri-qəzanımı duymuşdun? Kim bilir…
Duyuq düşməsəydin telli sazı qarabağır eləyib yanıqlı-yanıqlı sözləri pərişan durna qatarı nisbətində könlündən pərvazlandırmazdın ki…

Köçər ellər, düşər səndən aralı, 
Firqətindən gül nərgizin saralı.
Ələsgər Məcnuntək yardan yaralı
Gəzər səndə dərdli, nanəli dağlar!

Eldən-yardan aralı dayanıb duruş gətirməyə tabın-tavanan hardanıydı, Dədə Ələsgər?! Havalanıb məcnun-misal güzəran keçirmək də ovutmayacaqdı səni. O səbəbdən də ayrılıq xiffətinə dözməyəcəyini görüncə dəli könlün bir başqa hökmün fərmanını da verib:

Arsız aşıq elsiz niyə yaşadı?
Ölsün Ələsgərtək qulların, dağlar!

Eh, heç nə demə, sən bu fani dünyadan köçünü çəkib gedəndən sonra bizim başımıza gələn olacaqlardan xəbərdar imişsən. Murdar Qara Keşiş törəmələrinin ulu Göyçənin el-camaatını yurd-yuvadan perikdirəcəyi ürəyinə dammışdı. O vaxtlar üzünü Murovun, Murğuzun, dəli Qoşqarın qarlı-qubarlı gədiklərinə tutub xəyalında dolanan qara qayğıları söz-söz, misra-misra çözələyirdin. Onda niyə eşitmirdik sənin səsini? Telli sazı bağrına basıb göyüm-göyüm, göynəyə-göynəyə torpaqlarımızın qaymağı olan Göyçədən göz olmağı vəsiyyət eləyəndə sənin könlündən çox uzaqdaymışıq, ustad. O qədər uzaqdaymışıq ki, qara niyyətini saxta təbəssümündə gizlədən qarı düşməni dost bilirikmiş. Nə sənin bağrıqan misralarının harayını eşidirdik, nə də namərd Qara Keşiş törəmələrinin üzümüzə gülə-gülə, çörəyimizi yeyə-yeyə ayağımızın altını qazdığından xəbər tuturduq. 
Bu neçə müddətdə bizi aldanan görüb gorunda rahat yata bilməyibsən. İncik, nisgilli ruhun qubarlı sözlərə sığınıb. O sözlər indi-indi gəlib bizlərə yetişir. Göyçəlilər Göyçəsiz qalandan sonra… Daha ulu Göyçədə bizim ellərdən bir nişana yoxdur. Yaylaqlarımız yad yağıların it-qurd səsindən bezib-usanır; nərgiz-bənövşələrin açıldığıynan solduğu bir olur. Durnagözlü bulaqların gəlin güzgüsü çoxdan sınıb. Könülsüz-könülsüz ləpələnən Göyçə gölün ayna suları nə müddətdi ki, saz səsinə, aşıq çal-çağırına tamarzı qalıb. Bu yoxluğun, yiyəsizliyin göynərtisi sənin onsuzda pərişan ruhunu bir də tel-tel eləyib. Dörd bir yanına boylanıb eldən-ulusdan hənir gəlmədiyini görüncə bağrından qara qanlar ələnən yaralı ruhunun sorğusuna kim cavab versin?

Hanı bu yaylaqda yaylayan ellər?
Görəndə gözümdən car olur sellər.
Seyr etmir köksündə türfə gözəllər,
Sancılmır buxağa güllərin, dağlar!

Güləndamlarını, tellilərini, güllülərini, müşkünazlarını öyüb tərifə tutduğun gül-gülzar yaylaqlarda daha özgə ellər yaylayır, Dədə Ələsgər! Dağlar o dağlar, yollar o yollar, sular o sulardı, amma ellə o ellər deyil. Çarx dönüb, qurğumuz pozulub. Göyçənin beçə balı, üzlü qoyun pendiri, qaymağı könül sızldadan nisgilə çevrilib. Güneylilərin damağa dad gətirən kəklikotusu, quzeylərin loğmanmisal yarpızı, talaların qantəpəri, sarıçiçəyi də eləcə…
Çal-çağırlı binələrimiz, oğuz bədöylərinin kişnərtisindən lərzə gələn ormanlarımız, qonaq-qaralı ocaqlarımız xəyal avazıdan əlçatmaz bir keçmişdir daha. Sənin pərişan ruhun da o xətirli-mehirli keçmişin dərvişə dönmüş soraqçısıdır:

Hanı mən gördüyüm qurğu-busatlar?
Dərdiməndlər görsə tez bağrı çatlar.
Mələşmir sürülər, kişnəmir atlar,
Onçun pərişandır halların, dağlar!

İndi sənin qəm-qubara bürünmüş əhvalın dağlarındakından da pərişandır, Dədə Ələsgər…

Dövranın acı rüzgarları yurd-yuvanı viran, el-obanı sərgərdan qoyandan bəri haqqı nahaqın pərsənginə keçirən müxənnət zamananın mizanı pozulmuş tərəzisindən də üzün dönüb:

Müxənnət zamana, böymürvət fələk,
Şamı sübhə, sübhü şama çəkirsən…
…Seyiddən, molladan dostdan xəcalət
Bu nə dağdı sən sinəmə çəkirsən?!
…Əzizliknən saxladığın aşığı
Zəlilliknən imtahana çəkirsən…

Belədə Göyçə oğullarını axtarıb əli boşda qalan yaralı ruhun yuvasından perikmiş kimsəsiz bir quşa dönməsin, neyləsin?!
Hanı mərd igidlər, boş qalıb yurdu?..
Niyə dikəlir ruhundan bu göynərtili sual? Köməyəmi çağırırsan mərd igidləri? Olmaya… Olmaya qəbrini…görürsənmi, dilim də gəlmir, ustad. Axı, sənin nurlu qəbrin sazın-sözün müqəddəs haqq ocağıdı. Ocağa əl qaldıranın Allahdan-Tanrıdan qorxusu yoxdumu? Tanrı üzünə ağ olanların bəlasını qadir Allah özü verər, inşallah. Amma bir məsələdə sazın-sözün qeyrətini çəkənlərin də günahı çoxdu. Gərək vaxtında duyuq düşüb ruhunun evini Bakıya köçürəydik.

Ulu Göyçə yiyəsizlikdən, arxasızlıqdan dağıldı, Dədə Ələsgər, elə sənin məzarın da… Bakıdan, Azərbaycandan haray gəlmədi, yaxın durub, əl tutan olmadı. Yağı da baxdı ki, asanca təkləmək olar Azərbaycanın yiyə durmadığı Göyçəni. Təklədi, dağıtdı da! Qarabağ ermənilərinə Ermənistan əzəlindən qahmar durdu. Min cür işləyə, fitnə-fırıldağa əl atıb Moskvanı da özlərinə tərəf çəkdilər. Bizim yelbeyin başbilənlərsə Göyçə, Ağbaba, Zəngəzur, Dərələyəz adı çəkən qeyrətli Azərbaycan oğullarını rus dəyənəkləri ilə yaxşıca əzişdirirdilər. Yadlar-yamanlar bizi bir döyəndə özümüzünkülər beş döydülər. Beş döydülər ki, düşmən baxıb ləzzət aparsın. Onda sənin incik ruhun da özünü döyülmüş bildi. Bilib də yana-yana haray qopartdı:

Təbib yoxdu, dərman etsin yaraya
Sızıldaşır yaram, a yana, yana!

Təbib yoxdu… Nə yaman düz tapmısan, ustad! Dərdlərimiz, yaralarımız indi həmişəkindən yüzqat artığıynan təbibə, məlhəmə möhtacdı. Təbibsə yoxdu… Necə ki, təbib yoxdu, zaman-zaman torpağımızın başı min cür bəlalar çəkəcək, göyçəlilər göyçə üzünə həsrət qalacaq, sənin müqəddəs qəbrini ziyarətə gedə bilməyəcəyik…

Yəqin xəbərin oldu, Dədə Ələsgər; göyçəlilər arxasız qalıb Göyçədən çıxanda birbaşa Qarabağa üz tutdular. O vaxtlar Azərbaycanın üzdəniraq başda duranları Qarabağ ermənilərini öz ərköyün balaları kimi püfhapüflə əzizləyirdilər. Döyə-döyə başıbəlalı binəva göyçəliləri Qarabağdan da çıxartdılar. Özü də sapı özümüzdən olan baltalar döyüb çıxartdılar. Oğuz eli nə zamandı ki, arada sərgərdandı. Belədən-beləyə, elədən-eləyə yollanan bu müsibətli camaatın başına gələn olub-olmuşlardan xəbər tutan pərişan ruhun dönüb-dönüb yaralanır:

Köhnə yaram qövr eylədi təzədən…

Eldən ayrı düşən gündən üzü bu yana pərişan ruhunun ən çox pıçıldadığı bu kövrək misra Tanrı dərgahına yüksələn bir dilim yanar ad nisbətindədi. Onun qəm yükünə tən duran bir ayrı nisgilli misran da sənin mübarək ruhundan nigaran olanların dilində əzbərdi:

El yeridi, yalqız qaldın səhrada…

Məhərrəm Qasımlı

İLKİN MƏNBƏ: Goyce. Az və “Vətən” qəzeti 1991-ci il.

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru


Qardaş şeiri – Firuzə Bisavad

QARDAŞ.

Yazın xoş ayında, gözəl çağında
Açmamış soldurdun gülümü qardaş.
Məni məhkum etdin qəm otağında,
Qoydun yas içində telimi qardaş!

Bəd xəbərin parçaladı ürəyim,
Sökdü imarətim, yıxdı dirəyim,
Od qaladı, atəşləndi kürəyim,
Bircə görə idin halımı qardaş!

Ələsgər nəvəsi qardaş Ələsgər,
Ələsgər vurğunu, sirdaş Ələsgər,
Getdin qayıtmadın birbaş, Ələsgər!
Boynuna götürdün ölümü qardaş!

Ruhun yetişdimi Göyçə elinə?
Həsrət idin cığırına, yoluna…
Əlin çatdırdımı “Dədə əlinə”?
Ziyarət etdinmi “ulumu” qardaş?!

Sevincimi, şadlığımı apardın,
Çəngəl salıb ciyərimi qopardın,
Oda saldın, kösöv etdin çıxardın,
Qırdın qanadımı, qolumu qardaş!

Könlümün açılan baharı idin,
Qələm dostu idin, həmkarı idin,
Hamıdan qiymətli-bahalı idin,
İtirdim zərimi, ləlimi qardaş!

Dinclik tapmayıram, ollam divana,
Həm qardaşdın, həm ataydın, həm ana…
Sanıram ki, bəd gəlibdi zamana,
Kəsdirdin hər yandan yolumu qardaş!

Oğul-qız ah çəkir, salır fəryadı,
Gedişin yandırdı qohumu, yadı,
Qaçırdın qalmadı ağzımın dadı,
Zəhərə döndərdin balımı qardaş!

Qəlbim qan ağlayır, gülə bilmirəm,
Dəryaya baş vurum, gölə, bilmirəm?
Bu nə sirillahdı, bilə bilmirəm,
Atəşim qovurur külümü qardaş!

Bacıların böyük qardaş payıydın,
Pakizər bacımın əkiz tayıydın, 
Ata-baba, əmi, həm də dayıydın,
Üzdürdün hər yerdən əlimi qardaş!

Yenilməz pəhləvan, ər oğlu ərdin,
“Pudluq”lar oynadar, maşın çəkərdin,
Kəli boyunlayar, yıxıb kəsərdin,
Heyrətdə qoyardın elimi qardaş!

Mahalın bəllidi, Göyçə ellisən,
Külüng barmaqlısan, Fərhad əllisən,
Ələsgər nəvəsi Ələsgərlisən,
Zülmətin sındırdı belimi qardaş!

Yerdə qalan qardaş-bacın sağ olsun,
Cəmi balaları min budaq olsun!
Nə ağır mərəkə, nə yığnaq olsun,
Nə də dara çəksin dilimi qardaş!

Sənin xiffətinə dağlar ağlayar,
Quşlar göydə qanad saxlar, ağlayar,
Coşar “Qumlubulaq”, çağlar, ağlayar,
Dərd dilə gətirər selimi qardaş!

Hər kəsi ağlatdın, elim ağlayır,
Ulusum ağlayır, ulum ağlayır,
Tapdaq qalan Göyçə gölüm ağlayır,
Qəm nəhri elədin gölümü qardaş!

Oba, yurd ağlayır, Ələsgər deyir,
Sinəsi doluydu bir dəftər deyir,
Hər kəsə həyandı, xilaskar deyir,
Dilə gətiribsən lalımı qardaş!

“Hayıf-hayıf” deyir, ellər ağlayır,
Müəllim çağıran dillər ağlayır,
Yaylaqlar yas tutub, yollar ağlayır,
Xəzana döndərdin çölümü qardaş!

Nə yaxşı ki, atam-anam görmədi,
“Dərd tüğyan elədi”, üzün gülmədi,
Nəzirim-niyazım qəbul olmadı,
Ha qurban dedimsə malımı qardaş!

Vədən tamam olur, hardan bilərdim,
Yalvarıb Allahdan nicat dilərdim,
Ömrümdən-günümdən kəsib verərdim,
Qibləyə çevirib yönümü qardaş!

Qənimi olaydın dərman-davanın,
Ahılı olaydın elin, obanın.
Yaşına çataydın ulu babanın,
Onda çıxarmazdım ünümü, qardaş!

Firuzəyəm, bitirirəm sözlərim,
Qapına gəlməyə tutmur dizlərim.
Kor olaydı, görməyəydi gözlərim,
Çəkdiyin zilləti, zülümü, qardaş!

Gəncə şəhəri.
21.05.2019

Qeyd:

Bu gün Göyçə Aşıq məktəbinin parlaq Günəşi-Haqq Aşığı Dədə Ələsgərin ürəyi Göyçə nisgilli, Vətən həsrətli şair nəticəsi, qələm dostum, söz sirdaşım, canımdan artıq istədiyim kövrək qəlbli, polad biləkli pəhləvan qardaşım ƏLƏSGƏR ƏLƏSGƏRLİnin HAQQın rəhmətinə qovuşmasının 40 günü tamam olur. Allah rəhmət eləsin.
Əbədi məkanın Cənnət, məzarın nurlu olsun, əziz qardaşım. Amin.

Müəllif: Firuze Elesgerova

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru