Əfşan Yusifqızı

BIR GÜNƏŞ VAR və ya GÜNƏŞIN QÜRUBU

Dünyamın içində, bir yeni dünya,

Nə Günəşə bənzər, nə dəki Aya

Nə yerə sığmayır, nə də səmaya,

O, mənim bu kövrək ürəyimdədi.

BIR GÜNƏŞ VAR və ya GÜNƏŞIN QÜRUBU – Mənim bu kövrək ürəyimin sakininə çevrilən biri…. Günəşə bənzəmir desəm də, amma Günəş kimi özəl, özünəməxsus bir enerjiötürücü idi. Yerin taleyi Günəşdən asılı olduğu kimi, mənim də ruhən yaşama səbəbim olmuşdu, həyatıma gəlişi ilə. Elə bir zaman həyatıma daxil oldu ki, artıq tükənmək üzrə idim. Kimliyindən asılı olmayaraq mən, kiməsə sığınacaq qədər gücsüzləmişdim. Anlayışa, duyğuya, ruhumun sığınacağa ehtiyacı vardı. Və O, bu anda gəldi, gəlişi ilə Günəş kimi şəfəq saldı daxili dünyama. Heç özü də bilmədi ki, mənim kiçik, qaranlıq olan xəyal dünyamı necə işıqlandırdı. Gizlin-gizlin Günəşim dedim, ona. O hərarəti daima hiss etmək necə gözəl idi. Bu gözəl hissləri mənə O aşıladı. Onu tanıyana kimi mən öz xəyal aləmimdə idim. Içimdə bir boşluq, hər zaman bu boşluğun əzabı ilə baş başa qalmaq… Insanın içindəki boşluq həmişə acgözlüklə şirin bir duyğunun həsrətində olur, onu hiss edən kimi düşünmədən anidən əsrinə çevrilir. Mən də əsirə çevrildim.Amma içimdə elə bir hiss vardı ki, sanki bu böyük, böyüklüyü sözlə ifadə olunmayacaq bir rəğbəti nifrətə çevrilmək qorxusu. Ona hər gözəl,xoş söz deyənlər çox ola bilərdi, amma GÜNƏŞIM deyənlər olmazdı… Deyə bilməsi üçünsə bu hərarəti duymaq lazım idı. Yazdıqlarım xəyalımın bəhrəsi olub hər zaman. O isə hardan gəldi bu xəyal dünyama, necə gəldi, niyə gədi bilmirəm. Bəlkə gəlişi mənimçün yaxşı olmayan bir hal oldu (itirdiklərim daha çox oldu nəinki qazandıqlarım) Amma mən hər şeyə rəğmən “Bir Günəş Var” deyib də, Onun “YER”i oldum. Günəşə möhtac, yer və bu Günəş hərarətinin, nurunun necə önəmli olduğunu belə hiss etmədən üzərini qara bulud aldı. Günəşim buludlar arxasındanca qürub etdi. Günəşin qürubunu kədərlə seyr etmək necə də ağrılı olurmuş…

Müəllif: Əfşan Yusifqızı

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əfşan Yusifqızı

EY GÖZÜ KAFƏR, EŞQI MÜQƏDDƏS

Üzücü səssizlik, gecə sükutu,
Deyirlər ayrılıq elə bu imiş.
Gözümün önündə eşqin vücudu,
Eşq ki, ümid imiş, bir arzu imiş!
.
Gəl ey arzuların səbəbkar kəsi,
Gəl ey ümidimin qöncəsi, tez gəl.
Gəl ey ürəyimin kimi, kimsəsi,
Gəl ki, səndən əvvəl gəlməsin əcəl.
.
Bütün illərimin payız fəslisən,
Gətir apardığın bahar çağımı.
Sənin dözümünə, tabına əhsən,
Eşqin düşmənimi qəlbin, yağımı?
.
İçimi ağrıdır itən etibar,
Mənəm gülüşlərə həsrət olan kəs.
Yadından tez çıxıb o əhd, o ilqar,
Bil, ey özü kafər, eşqi müqəddəs…

Müəllif: Əfşan Yusifqızı

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏFŞAN YUSİFQIZI

Əfşan Yusifqızı “üç yarpaq” – da

Nəyimə gərəksən sən indən belə,
Gəldiyin yol ilə qayıt get, adam,
Qayıt, bir də geri boylanma belə,
Artıq sənin üçün ögeyəm, yadam.
.
Nəyimə gərəksən sən indən belə,
Sən ki, bir sevdanı ağlar qoymusan,
Məlhəm əvəzinə çəkib üst-üstə,
Dağımın üstünə dağlar qoymusan.
.
Nəyimə gərəksən sən indən belə,
Qəlbimdən sən adda daş asılıbdı,
Gözümə əbədi kədərin hopub,
Kipriyim ucunda yaş asılıbdı. 
.
Nəyimə gərəksən sən indən belə,
Sən mənim qədrimi bilə bilmədin,
Yetimtək boynunu bükən sevgimin,
Üzündən nisgili silə bilmədin.
.
Nəyimə gərəksən sən indən belə,
Daha gözlərimdən çəkil uzağa,
Biz ki, əvvəlindən “biz” olanmmadıq,
Nə sən Yusif oldun, nə mən Züleyxa.

= = = =

NEYLƏYIM?
Gecə keçib yarıdan,
Yatammıram neyləyim.
Mən özümü özümdə,
Tapammıram neyləyim.
Xəyalından doymaqçün,
Eşq dadını duymaqçün
Hicrana son qoymaqçün ,
Çatammıram neyləyim.
Inciyib acı sözdən,
Çəkilmirsən bu gözdən
Indi anla bu üzdən,
Mən səni sənsizliyə
Qatammiıram neyləyim,
Səni bu candan, ruhdan,
Atammıram neyləyim…

= = = =

NƏDƏN?
Gizli bir eşq yaşadım, aləmə car oldu nədən?
Elə qəm-qüssə yedim, ürək bezar oldu, nədən?
.
Nə günah eyləmişəm, fəsli-bahar içrə bilim-
Xəzan oldu gülşənim, de, gülüm xar oldu, nədən?
.
Çox ümid bəsləmiş idim güləcək gül bənizim.
Bəs sonda mükafatım dərdi-azar oldu nədən?
.
Mən ki, əflakidə cövlan eləyən bir günəşəm,
Mənə, küskünlərin həp gündüzü tar oldu, nədən?
.
Bir dəfə güldü mənim gül üzümə, fəsli-bahar,
Bircə yol taleyimə güllər açar oldu, nədən?
.
Soldu ol gül bənizim, qönçə üzüm getdi hədər 
Baği-baxçam yenə viranə diyar oldu, nədən?
.
Eşq ruzigarına saldıqda nəzər yandı canım,
Mənim canıma qənim bu ruzigar oldu, nədən?
.
Həsrətin eylədiyin bülbülə bax, gör nə çəkir,
Əfşan da, gül kimi bir xarə şikar oldu, nədən?

Müəllif: ƏFŞAN YUSİFQIZI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru